Vətən həsrətini çəkən qardaşım,
Soruşma necədir halı vətənin.?
Qəriblik çəkirik doğma vətəndə,
Dönübdür zəhərə balı vətənin.

Əlimiz, qolumuz bağlı haldayıq.
Başımız dərddədir qalmaqaldayıq.
Bilmirik öndəyik, yoxsa daldayıq.?
Talanır sərvəti, malı vətənin.

Dəyənək görənin quruyur sözü,
Haqq deyən kəslərin oyulur gözü,
İtibdi qeyrəti, sırtılıb üzü,
Haramdır o kəsə yalı vətənin.

Haqsızlıq baş alıb gedir, dayanmır,
Bu millət qəflətdən vallah oyanmır.
Qan içən qanına niyə boyanmır.?
Dəyəsən dəyişib valı vətənin.

Bölünməz vətəni axır böldülər.
Millətlə əylənib sonda güldülər.
Vətəni a qardaş çapıb sürdülər.
Paslanıb yerimir nalı vətənin.
Soruşma necədir halı vətənin.