Əziz MUSA.”Dedim, Dedi”

em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Dedim, nə gözəlsən,necə qəşəngsən,
Dedi, yaradıbdı yaradan belə.
Dedim, a bəxtəvər gülsən, çiçəksən
Dedi, gözəlliyim düşübdü dilə

Dedim, mən heyranam o gül üzünə,
Dedi, inanıram sənin sözünə,
Dedim, qoy doyunca baxım gözünə,
Dedi, qızılgüləm, qönçəyəm hələ.

Dedim, insaf eylə ay nazlı ceyran,
Dedi, hər aşiqə olmaram heyran,
Dedim, hər kəlmənə söyləyərəm can,
Dedi, aldanmaram mən bilə-bilə.

Dedim, ürəyimsən, mənim canımsan,
Dedi, bilirəm ki sən heyranımsan,
Dedim, gülüm mənim mehribanımsan,
Dedi, gül vurular şeyda bülbülə.

Dedim, cənnətdəki nazlı mələksən,
Dedi, sən özündə dünyada təksən,
Dedim, sən hamıdan vallah qəşəngsən,
Dedi, Aşik Kərəm* bir az səbr elə.