Məhəmməd NƏRİMANOĞLU.”Ürəyim həsrətdən bişdi, nə bişdi”

Ruhum qan ağladı, gözüm yaş tökdü,
O dağlar yadıma düşdü, nə düşdü.
Dərd elə sıxdı ki, qəddimi bükdü,
Ürəyim həsrətdən bişdi, nə bişdi.

Leysan olub eynim yaşı süzüldü,
Muncuq kimi yanağımda düzüldü.
Bulaq üçün dodaqlarım büzüldü,
Xəyalım dağlara uşdu, nə uşdu.

Sinəm atəşlidi, gözlərim yaşdı,
İki əlim yumulub, başıma daşdı.
Ah-naləm görəsən dağları aşdı?
Bu həsrət sinəmi deşdi, nə deşdi…

Qaçqınlıq-köçkünlük yamandı, yaman,
Çəkirik bu dərdi, aman, əl-aman!
Yamanca olmuşam yenə bəd-güman,
Dedilər ürəkdə şişdi, ayə, nə şişdi?

Yayılarmı, fikir-xəyal azıbdı,
Bu taleni fələk belə yazıbdı?!
Zalım düşmən növrağımı pozubdu,
Qanım başa vurdu, coşdu, nə coşdu.

Novruz tonqalını qalayım necə,
Əldən gedib yurdum bahar gəlincə.
Çəkirik bu dərdi bütün ellikcə,
Çəkmirsə bu dərdi, başdı, nə başdı?

Durna qatarında, xəyalım çaşdı,
Kiprikdən nəm çəkdi, gözüm bulaşdı.
Bayram süfrəsinin bəzəyi aşdı,
Anam dəmləyib ki, aşdı, nə aşdı?

Yaz gəlibdi, çəmən-çiçək gül açıb,
Bülbül nəğməsiylə bağda dil açıb?
Məhəmməd Tanrıya yenə əl açıb,
Xəyalım yol aldı – köçdü, nə köşdü?