Rahilə xanım DÖVRAN.Seçmə şeirlər

Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı

N AX Ç I V A N I M
/”Vətənimdir” – silsiləsindən/

Əfsanəmdir, tariximdir, həm varlığım,
Yenilməyən, od bayraqlı sərdarlığım.
Əshabül-kəhf, Nuh yaddaşlı, daş yarlığım,
Nəqşicahan, Nuhçıxanım, Naxçıvanım!

Daş dövründən bu günümə iz salmısan,
Hünərinlə, qeyrətinlə, ucalmısan.
Zəmanənin tufanından ad almısan,
Nəqşicahan, Nuhçıxanım, Naxçıvanım!

Hər qarışı savaşlardan söhbət açan,
Zirvəsində şahinləri yüksək uçan.
Ata-Ana Odlar Yurdu,-Azərbaycan,
Nəqşicahan, Nuhçıxanım, Naxçıvanım!

Bir kimsənin torpağında tamahı yox,
Tarix boyu gözü, könlü olubdur tox.
Bol sərvəti yad gözlərə tuşlanmış ox,
Nəqşicahan, Nuhçıxanım, Naxçıvanım!

Dağlarında bənd olubdur göyün tağı,
Sipəridir,səngəridir hər bir dağı.
Kəmki, Darı, Əlincəsi, Haçadağı,
Nəqşicahan, Nuhçıxanım, Naxçıvanım!

Döyüşlərdə oğulları öndə gedər,
Alimləri, dahiləri,-bax nə qədər.
Məmməd Səid, Cəlil, Cavid- xalqa öndər,
Nəqşicahan, Nuhçıxanım, Naxçıvanım!

MUĞAM
/”Düşüncələrim” – silsiləsindən/

Muğam- türkün haqq səsi,
Təmiz ruhu, nəfəsi.
Oğuz, Qorqud töhfəsi,
Qaval, kaman, həm tarım,
Milli sərvətim, varım.

Muğam-ana laylası,
“Muğam-ruhun qidası”.
Muğam-qəlbin sədası,
Segah, şüştər, qatarım,
Milli sərvətim, varım.

Muğam-xalqın güzgüsü,
Sevinci, üzüntüsü.
Ocağımın tüstüsü,
Muğam-bülbülüm, xarım,
Milli sərvətim, varım.

Muğam- xalqın varlığı,
Özünə oxşarlığı.
Dövranın cənnət bağı,
Sevincim, intizarım,
Milli sərvətim, varım.