Dedim: – Gəl, bir seyrə çıxaq.
Yox, gələ bilmərəm, – dedi.
Dedim: – Nazı bir yana qoy.
Yox, gələ bilmərəm, – dedi.

– Qapım açıq, baxtım açıq,
Sevmir mənim baxtım acıq,
İşıq kimi baxtıma çıx!
– Yox, gələ bilmərəm, – dedi.

– Dağları en, dərəyə gəl,
Ovçun mənəm, bərəyə gəl,
Yaşıl bir mənzərəyə gəl.
– Yox, gələ bilmərəm, – dedi.

– Budaqlardan dərim gülü,
Qədəminə sərim tülü,
Gəl, sevindir bir könülü.
– Yox, gələ bilmərəm, – dedi.

– Əcəl yatmır ipə-sapa,
Kim itirə, kimlər tapa,
Gözlərimi özün qapa.
– Yox, gələ bilmərəm, – dedi.

– Dözümüm, səbrim üstə gəl,
Zəhmətim, cəbrim üstə gəl,
Ölürəm, qəbrim üstə gəl,
– Yox, gələ bilmərəm, – dedi.