Əsəd Cahangir – “Hər şey insan üçündür”

“Tanrı sizin kökünüzü kəsmək üçün bu tədbirə əl atıb. Unutmayın ki, tapdığınız qidaları belə sürətlə tükədib bitirsəz, müsibətlərə düçar olarsız. Sərhədlərsə mələklərin göstərişi ilə bağlıdır. Şəhərdən kənara çıxmağa cəhd edənlər həbs olunacaq. Həbsxanada 70 ildən çox gözləməkdənsə, açıq səma altında addımlayın”. Bu cümlələr Əziz Yazarın əlinizdə tutduğunuz “Qiyamət” romanındandır. Roman qiyamət mövzusuna həsr olunub. Lakin müəllifin məqsədi müqəddəs mətnləri təkrar etmək yox, çağdaş insanın böhran həddinə çatan mənəvi-əxlaqi tənəzzülünün arzuolunmaz sonuclarından danışmaqdır.

Ə.Yazar öz romanının janrını “gerçək fantastika” kimi səciyyələndirir. Yazıçıya görə, qiyamət hansısa məchul gələcək yox, indi, bu gün, çağımızda, gözlərimiz önündəcə  baş verir. Amma yazıqlar olsun ki, xudbinliyimiz üzündən bunun fərqində deyilik. Nə daxli gözümüz görür, nə də daxili qulağımız eşidir! Fərqində deyilik ki, qiyaməti törədən bizik. Cəza verən də, cəzalanan da insandır. Əsl “mən”ə gedən yol “biz”dən keçir. Beləliklə, özünüdərk  və bu dərk əsasında formalaşan vəhdət düşüncəsinə çağırış ideyası “Qiyamət”in başlıca ideya-fəlsəfi əsasında durur.

Bu ideyanı dərk etmək insandan mənəvi-ruhi  oyanış, idraki dirlimə tələb edir. Qiyamət elə bu daxili intibah, oyanış, dirilmə deməkdir.  O ilk öncə insanın içində, ruhunda, mənəvi-idraki dünyasında baş verir. Nə qədər ki, bu idraka varmamışıq, gələcəyə gedən yolumuz bağlıdır! Qiyamət məzh bu yolu açmaq naminə qopur.

Roman müəllifinin qiyamət anlayışı məkan-zaman göstəricilərinə görə konkretdir. O planet yox, bəlli bir ölkədə, mücərrəd gələcək yox, müəyyən bir zamanda  baş verır.  Xaotik səciyyəsi ilə sanki qiyaməti xatırladan 90-cı illər olaylarına sətiraltı işarələr romanın ilginc tərəflərindəndir.

Emosional intellektualizm “Qiyamət”in əsas məzmun, tragik gülüş isə başlıca  üslubi məziyyətidir. Bu, aləmin bir-birinə qarışdığı qiyamət üçün səciyyəvidir. Hadisələrin indiki zamanda nəqli isə qiyamətin doğurduğu “əbədi indi”  duyğusunu oyatmağa xidmət edir.  Ə.Yazar bu vəziənin də öhdəsindən uğurla gəlir. Romanın ilk cümlələrindəncə müəllifin nə yazdıqlarını həm dərindən dərk etməsi, həm də aydın duymasının şahidi oluruq.  Bir şəhərdə baş verən urbanistik qiyamət mənzərələrinin kino lentindəki kimi görümlü, vizual alınması, yəqin ki burdan doğur.  Bacarıqlı bir rejissor roman əsasında aktual ideya, kəskin problematika və maraqlı məzmuna malik, baxımlı bir film çəkə bilər.

“Qiyamət”  nəinki milli, hətta dünya  bədii fikrində bu mövzuya həsr edilən ilk romandır. Bu anlamda roman milli bədii nəsr düşüncəmizi əyalət çərçivələrindən  çıxarıb, dünya nəsr meridianlarına qovuşdurmaq iddiası və potensialına malikdir. Oxucuları bu yeni roman münasibətilə təbrik edir, müəllifə gələcək yaradıcılığında daha böyük başarılar arzu edirəm.

Dərin sayqılarla Əsəd Cahangir

5.04. 2020