Blog

  • Məhəmməd NƏRİMANOĞLU.”Ürəyim həsrətdən bişdi, nə bişdi”

    Ruhum qan ağladı, gözüm yaş tökdü,
    O dağlar yadıma düşdü, nə düşdü.
    Dərd elə sıxdı ki, qəddimi bükdü,
    Ürəyim həsrətdən bişdi, nə bişdi.

    Leysan olub eynim yaşı süzüldü,
    Muncuq kimi yanağımda düzüldü.
    Bulaq üçün dodaqlarım büzüldü,
    Xəyalım dağlara uşdu, nə uşdu.

    Sinəm atəşlidi, gözlərim yaşdı,
    İki əlim yumulub, başıma daşdı.
    Ah-naləm görəsən dağları aşdı?
    Bu həsrət sinəmi deşdi, nə deşdi…

    Qaçqınlıq-köçkünlük yamandı, yaman,
    Çəkirik bu dərdi, aman, əl-aman!
    Yamanca olmuşam yenə bəd-güman,
    Dedilər ürəkdə şişdi, ayə, nə şişdi?

    Yayılarmı, fikir-xəyal azıbdı,
    Bu taleni fələk belə yazıbdı?!
    Zalım düşmən növrağımı pozubdu,
    Qanım başa vurdu, coşdu, nə coşdu.

    Novruz tonqalını qalayım necə,
    Əldən gedib yurdum bahar gəlincə.
    Çəkirik bu dərdi bütün ellikcə,
    Çəkmirsə bu dərdi, başdı, nə başdı?

    Durna qatarında, xəyalım çaşdı,
    Kiprikdən nəm çəkdi, gözüm bulaşdı.
    Bayram süfrəsinin bəzəyi aşdı,
    Anam dəmləyib ki, aşdı, nə aşdı?

    Yaz gəlibdi, çəmən-çiçək gül açıb,
    Bülbül nəğməsiylə bağda dil açıb?
    Məhəmməd Tanrıya yenə əl açıb,
    Xəyalım yol aldı – köçdü, nə köşdü?

  • Əziz MUSA.”Dedim, Dedi”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Dedim, nə gözəlsən,necə qəşəngsən,
    Dedi, yaradıbdı yaradan belə.
    Dedim, a bəxtəvər gülsən, çiçəksən
    Dedi, gözəlliyim düşübdü dilə

    Dedim, mən heyranam o gül üzünə,
    Dedi, inanıram sənin sözünə,
    Dedim, qoy doyunca baxım gözünə,
    Dedi, qızılgüləm, qönçəyəm hələ.

    Dedim, insaf eylə ay nazlı ceyran,
    Dedi, hər aşiqə olmaram heyran,
    Dedim, hər kəlmənə söyləyərəm can,
    Dedi, aldanmaram mən bilə-bilə.

    Dedim, ürəyimsən, mənim canımsan,
    Dedi, bilirəm ki sən heyranımsan,
    Dedim, gülüm mənim mehribanımsan,
    Dedi, gül vurular şeyda bülbülə.

    Dedim, cənnətdəki nazlı mələksən,
    Dedi, sən özündə dünyada təksən,
    Dedim, sən hamıdan vallah qəşəngsən,
    Dedi, Aşik Kərəm* bir az səbr elə.

  • Əziz MUSA.”Köhnə kişilər”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Hər yanda açılıb təzə bir bazar,
    Təzə bazarlarda ömür, gün qumar,
    İtibdi insana inam, etibar,
    Düşbdü düyünə, halal, düz işlər,
    Hanı tanıdığım köhnə kişilər.

    İndi nırx qoyulub daşa torpağa,
    Hamı yaxasını çəkir qırağa,
    Bir kişi tapılmır çıxa qabağa,
    Pul üstə, var üstə gedir döyüşlər,
    Hanı tanıdığım köhnə kişilər.

    Kasıb bəndələrə əl tutmur heç kəs,
    Qurub yaratmağa yoxdu bir həvəs,
    Belə adamlarla hara gedək bəs,
    Qalıbdı dünəndə yaxşı vərdişlər,
    Hanı tanıdığım köhnə kişilər.

    Kişilər görmüşdüm,hünərli, mətin,
    Daha yaxşıları tapmaq çox çətin,
    Qeyrəti azalıb sanki millətin,
    Dəyişib baxışlar, ləngər yerişlər,
    Hanı tanıdığım köhnə kişilər.

    Ürək titrəməyir Vətən deyəndə,
    El-oba atlanmır”cəngi” dinəndə,
    Yurd itib- batıbdı dumanda, çəndə,
    Hər yanda baş alıb gedir söyüşlər,
    Hanı tanıdığım köhnə kişilər.

  • Hikmət MƏLİKZADƏ.”İnsan bir gövhərdir…”

    Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Nəsimi-650

    Böyük Azərbaycan şairi İmadəddin Nəsimi, bildiyimiz kimi, (bütün həyatı boyu) Allah eşqinə sadiq qalan ən səltənətli şairdir. O, çox gözəl bilirdi ki, «…Bir kimsə yenidən (Yuxarıdan) doğulmasa, Allahın səltənətini görə («Yəhya» 3, 3-cü ayə), bir kimsə sudan və Ruhdan doğulmasa, Allahın səltənətinə girə bilməz» («Yəhya» 3, 5-ci ayə). Dahi şairin Allaha sevgi ehtiramı kəsb edən qəzəllərində ovqat tapan İlahi surətlər onun iman və təqvada daha kamil olmasını şərtləndirir.
    Bilirik ki, əsrlər əvvəl imanda acizlik nümayiş etdirənlər Nəsimi şeirinin fəhmindən ehtiyat etdikləri üçün iştahlarını zülm acılarında itilədilər. Elə Zahidin (özünü imam donunda göstərən şeyxin) onu ələ verməsi də bu qorxunun göstəricisidir. Nəsimi edam ağacında soyularkən məhz bu ifrat aludəçiliyə eyham vurmuş, «Zahidin bir barmağın kəssən, dönüb həqdən qaçar» demişdi.
    Nəsimi tuş gəldiyi cəmiyyətlərin hamısında zülm, zillət, günah görmüşdü deyə «Ənə-əlhəqq» ifadəsini dilə gətirmişdi – yəni demək istəmişdi ki, «Ey, bəşər əhli, Allah Vahiddir, Təkdir, Onun Vücudundan qopan hər ruh (bədənlə birləşib) Onun Ucalığını alqışa bükməlidir, fəqət siz bədənin cismani arzularına uymusuz, dünya malı sizi öz ağuşunda məst edir, buna görə Tək Allahın yerdəki surətləri ola bilmirsiniz. Bəlli ki, siz aşağıdansınız (yəni Yerdən), çünki dünya qövmü kimi ah-vaydasız, mən isə Allahı dərk etdim, Onun bir surəti olmaq şərəfim var, buna görə mən yuxarıdanam (yəni Göydən).
    Əslində, Nəsimi «Ənə-əlhəqq» deyərkən Allahın Vahid olduğuna eyham vurmuşdu. Lakin bəşər onun nə dediyini dərk etmədi, dünya zülmünə aludəçilik Teymuru da onun ölümünə fərman vermək israrı ilə coşdurdu.
    Nəsimini «Ənə-əlhəqq» – guya (tərcümədə) «Allah mənəm» ifadəsinin üstündə soymaq əslində, cəmiyyətlərin Allahı dərk etməməsidir. Birincisi, «Ənə-əlhəqq» məntiqi tərcümədə ayrı bir mətləbi açır: Yəni Allah insanı Öz surətində yaradıb, insan Onun bir surəti ola bilər, Onun surəti olmaqla da Haqqı öz simasında göstərə bilər. İkincisi, Nəsimi, özünün hürufi məsləkində çırpınan sufi dəyərləri (tam mənada) qavramaqla Allahın bir surəti olduğunu, Allah eşqində təcəlla etdiyini bəşərə çatdırmaq istədi. O, Allahın insandan nə umduğunu poetik müraciətləri ilə açıb-ağartdı, hamının Allah eşqində kamil ola bilməsini dedi. Onun məhz «Ənə-əlhəqq» deməkdə əsl məqsədi də Allahın insanda cəm olması, Yerə-Göyə sığmayan Allahın insan ürəyinə sığa bilməsini qabartmaq idi. Onun həmçinin, «Məndə sığar iki cahan, mən bu cahanə sığmazam» (yəni Yer-Göy məndə sığır, lakin mənim iki cahan sığdıran vücudum günah dolu bir məkana sığmır, çünki iki cahanın sığdığı bu cana bir cahan hüdud vermir) fikri də eyni məntiqə sirayət edir.
    Nəsimi insanın bir gövhər olduğu qənaətində idi, ona görə laməkanlıq «iddiasını» israrla bəyan edirdi. Onun məkana sığmazlığı da gövhər ola bilmək fəhmindən irəli gəlirdi. Dahi şairin «Kövnü məkandır ayətim, zati dürür bidayətim, Sən bu nişanla bil məni, bil ki, nişanə sığmazam» fikri də onun Allahın bir surəti – Allahın bir dərki olmasına işarədir. Təbii ki, (Nəsiminin təbirincə desək) «hər kim ki, gümanü-zənn ilə haqqa ürək açır, o, haqqdan uzaqdır», çünki Allah gümanda deyil, mütləq iman və təqvada bərqərardır.
    Nəsimi «Surətə baxü mənini surət içində tanı kim, Cism ilə can mənəm… » deməklə də Allah dərkinin ən sadə yolunu açır – məni başqa surətlərlə qarışıq salmayın, mən ruhumu bədənimlə bir nöqtədə mütləq mənaya sövq etmişəm deyirdi. Onun «Gərçi mühiti əzəməm, adım adəmdir adəməm» eyhamının ən ali qatı da bu şüurla mənalanır.
    Nəsimi mühit və məkanın ən ali (ən ağıllı) surəti, ilk insan – Adəm ola bildiyi üçün, «mən Allah sevgisini münbit torpaq kimi əkib-becərirəm» demişdi. Onun «Surəti (yəni məni) gör, Allahı tanı» tələbi də bu məntiqə əsaslanır.
    Nəsiminin adındakı «İmadəddin» sözünün də zaman-zaman ciddi müzakirələrə yol açdığı diqqətimizdədir. Bu sözü hazırda «İmaməddin» kimi yozanlar da var. Əslində, bu söz ən doğru variantda elə «İmadəddin»dir; çünki Nəsimi, dini dünya malından yarınmaq üçün əllərində bir vasitə edən, onu iki qardaş arasına ayrılıq salan bir səbəb kimi təqdim edən, zülm acıları ilə qarın «doyduran» (Allahsız) adamların ifrat müdaxilələri üzündən Allaha tapınmaq gücü tapmışdı və sanki dinə edilən haqsızlıqları Allaha çatdırmaq yolu seçmiş, buna görə özünə «İmadəddin» (yəni dinin ah-vayını Allaha çatdıran, bəyan edən, dindən daha çox Allah sevgisinə dayaq olan) adını götürmüşdü. «İmad» («amad») «fəryad edən, haray salan», daha konkret, «dayaq» mənası verir. Görkəmli Azərbaycan şairi Mirzə Ələkbər Sabirin «Əkinçi» şeirindəki «amadə» («imadə») sözü də bu qəbildəndir.
    Nəsimi bir din təsiri altında qalmağı qəbul etmədiyi üçün özünü İmadəddin Nəsimi kimi təqdim etdi. Pis anlaşılmasın: Nəsimi dinə qarşı deyildi (heç olmadı da), lakin o, laməkan fəhmi ilə məkana sığmazlıq sevdası tapdı və dindən daha ucada dayanan Allaha tapındı. Burada sual oluna bilər: məgər dində olanlar Allaha tapınmayıb? Tapınıb, sadəcə, fərq necə tapınmaqdadır. Nəsimi Allahatapınma fəhmini hər kəsdən fərqli qavradı, Allaha da məhz hər kəsdən fərqli ucaldı. Digərləri bu fəhmə qısqanclıq etdikləri üçün Nəsimini «Allahsız» damğası ilə damğaladılar və onun qanına susadılar. Allahsız isə Nəsimi yox, bu gün də din pərdəsi altında xalqın namusuna susayan, dövlətə kəp (nömrə, fırıldaq) gələn yarıtmazlardır. Əbəs yerə deyil ki, bu yarıtmazların iki min il əvvəlki əshabələri İsa Məsihi də «Mən Allaham!» dediyi üçün ağaca (dar ağacına) mıxlatdırıb öldürdülər. Fəqət hələ də Allahsız zümrədə Allaha tapınmaq sevdası yoxdur… Nəsimi şeirinin əsas məntiqi də elə budur.
    Necə ki, Nəsimiyə görə, «İnsan bir gövhərdir…», biz də o şana-şöhrətə nail olmaq üçün bütün varlığımızı Allah sevgisinə bürüməliyik.

  • Hikmət MƏLİKZADƏ.”Xəstə baxışların”

    Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Xəstə baxışların
    qaba sızıltılara sürtür özünü,
    ürəyinin ritmi pozulur
    tez-tez kökdən düşən
    piano kimi.
    Gözlərin hələ də can verir
    yad baxış altda.
    Nə vaxtsa
    səni istəyənlərin sayı
    indi sənə köhnə palaz kimi
    baxanların sayı qədər olub
    yəqin ki…
    Sən də, bir az ayıq ol,
    Axsaq, lüt-üryan kölgələrə
    rəhm eləmə.
    Taleyin heç kimə
    yazığı gəlmir.
    …Bilirsən,
    səni,
    bir gün aldadacam deyə
    sevmədim…

  • Hikmət MƏLİKZADƏ.”Qarşıdakı küçələr qapı açır işığa”

    Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Qarşıdakı küçələr qapı açır işığa,
    Kölgəmin əllərinə sevda darağı keçib.
    Zülmətdən aralıda səs-küy artıb elə bil,
    İtin bir-iki ağız hürmək marağı keçib.

    Anamın duasına diksinir çöldəki nur,
    Pəncərə şüşəsində barmaq izləri qalıb.
    Sevgimin limanında lövbər salıb neçə qız,
    Ruhumun üst-başında qarmaq izləri qalıb.

    Ərk etdiyim uzaqlar buz bağlamır nə vaxtdır,
    Buludun çuxasında sazaq qoxusu yoxdu.
    Qarşıdakı təpələr ağ yaylığa bənzəyir,
    Gəl, bu yolun altını qazaq, qoxusu yoxdu.

    Çörəkdən, sudan keçib bu köçün adamları,
    Zibil qutularından çağa səsləri gəlir.
    Sən, ey fayton yiyəsi, dərə atlarla dolub,
    Arabanı döndərmə sağa, səsləri gəlir.

    Dağların çöhrəsinə duvaq salıb gecədən,
    Duman ayrı biçimdə, çən ayrı cür, əzizim.
    Dünya mənim deyilsə, sənin də deyil, onda
    Mən ayrı cür qəm edim, sən ayrı cür, əzizim.

  • Qafqaz ƏVƏZOĞLU.”Şuşam”

    Qafqaz Əvəzoğlu

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, ”Sözün Sehri” qəzetinin təsisçisi, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktoru, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Qubadlı bürosunun rəhbəri

    8 may 1992 – Şuşanın işğal günüdür

    Nadan gözlərində qiymətsiz oldun,
    Dönüb oyuncağa satılan Şuşam!
    Alışdın bir anda, yandın bir anda,
    Ocaqtək qalanıb çatılan Şuşam,
    Dönüb oyuncağa satılan Şuşam!

    Şuşa alınarsa bir paslı güllə,
    Vurmayıb başına söz verən hələ…
    Dönüb ümidlərim tamam müşkülə,
    Düşən yuvasından pərən bir quşam,
    Dönüb oyuncağa satılan Şuşam!

    Tər güllü qucağın, çiçəkli çölün,
    Qanına bələndi neçə oğulun –
    Didəmdə yurd salıb sovrulan külün,
    Qəlbindən gözünə süzülən yaşam,
    Dönüb oyuncağa satılan Şuşam!

    Hələ bir kimsəyə çatmayır ünün,
    Hələ bir zülmətdi hər gələn günün.
    Sinəsi gülləli neçə büstünün,
    Ümid qığılcımı sönür hər axşam,
    Dönüb oyuncağa satılan Şuşam!

    Olmasa bu qədər qeyrət çəkənin,
    Qoynuna qayıtmaq gümandı sənin!
    İnanıb vədinə yadın, özgənin,
    Hələ xəyallarla qucaqlaşmışam,
    Dönüb oyuncağa satılan Şuşam!

    1995.

  • Qafqaz ƏVƏZOĞLU.”Gedir”

    Qafqaz Əvəzoğlu

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, ”Sözün Sehri” qəzetinin təsisçisi, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktoru, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Qubadlı bürosunun rəhbəri

    Ey Gül, bil qədrini sən cavanlığın,
    Gün keçir, ay ötür, il əldən gedir.
    Özün bilə-bilə, göz görə-görə,
    Solur gülüstanın, gül əldən gedir!

    Piyalə gözlərin xumarlanıbdı,
    Qönçə dodaqların qaymaqlanıbdı,
    Saçların sığala möhtac qalıbdı,
    Zülfün pərişandı, tel əldən gedir!

    Dilin şəkərləşib dönübdü bala,
    Ləblərin öpüşə qalıb mübtəla,
    Gərdənin həsrətdir bir qulac qola,
    Titrəyir bədənin, bel əldən gedir!

    Gəl dola boynuma şümşad qolunu,
    Baş vurub dolanım cənnət qoynunu,
    Qoy sevib-oxşayım gözəl boyunu.
    Dözmür Əvəzoğlu, bil, əldən dedir!

  • Qafqaz ƏVƏZOĞLU.”Ana, qurban olum, dön evimizə!!!”

    Qafqaz Əvəzoğlu

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, ”Sözün Sehri” qəzetinin təsisçisi, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktoru, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Qubadlı bürosunun rəhbəri

    Sənsiz ocağımın ta istisi yox,
    Hay-küylü evimin hənirtisi yox,
    Vallah, ürəyinin bənzərtisi yox,
    Ana, qurban olum, dön evimizə!

    Səni oxşamadım öz ürəyimcən,
    Didər ürəyimi bu dərd ölüncən.
    Yolunu gözləyir nəvən-nəticən,
    Ana, qurban olum, dön evimizə!

    Hər qapı döyülcək bir-birin basıb,
    Sanırlar bu sənsən, qapıya qaçıb…
    Artıq fidanların qol-qanad açıb,
    Ana, qurban olum, dön evimizə!

    Dərk edə bilmirəm mən yoxluğunu,
    Gəl doldur qəlbimin oyuğluğunu,
    İsit ocağımın soyuğluğunu,
    Ana, qurban olum, dön evimizə!!!

  • Qafqaz ƏVƏZOĞLU.”Oyanmır, oyanmır, vallah, oyanmır”

    Qafqaz Əvəzoğlu

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, ”Sözün Sehri” qəzetinin təsisçisi, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktoru, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Qubadlı bürosunun rəhbəri

    Oyanmır, oyanmır, vallah, oyanmır,
    Nə qədər desən də, oyan, millətə!
    İllərdi Arazın harayı çatmır,
    Nə bu yan, nə də ki o yan millətə!

    Yatmışı oyatmaq olar bir təhər,
    Özün yuxuluğa vurandan həzər.
    Bir millət oyanıb qalxarsa əgər,
    Kimsə deyə bilməz,- dayan, millətə!

    Yadlar hey salacaq üstünə kölgə,
    O millət birləşib qalxmasa cəngə.
    Bu, bir həqiqətdir, özündən özgə,
    Kimsə ola bilməz hayan millətə!

    Ha qışqır, ha bağır, lap belə çatda,
    Bu millət bir şeyi saxlamır yadda:
    Quyular qazılıb ayağı altda,
    Başın naz balınca qoyan millətə!..

    … Hələ, Əvəzoğlu, başlar yastıqda,
    Heçdən düşüb bitmə bu ortalıqda.
    Abbasılıq nədir, heç şahılıq da,
    Verilməz qiymətin, ha yan millətə!

    noyabr 1993.

  • Qafqaz ƏVƏZOĞLU.”Sonradan oduma qalandın bəlkə!”

    Qafqaz Əvəzoğlu

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, ”Sözün Sehri” qəzetinin təsisçisi, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktoru, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Qubadlı bürosunun rəhbəri

    Dedim, günəşim ol, hərarətim ol,
    Ərit ürəyimdən həsrət buzunu.
    Dedim, taleyimdə bəxt Ulduzum ol,
    Parla yollarımda ömrüm uzunu!

    Özümü dağ sandım, səni vüqarım,
    Sandım, sarsılmayan bir qüdrətin var.
    Sənin hər sözünə uydum, inandım,
    Sandım, öz vədinə sədaqətin var!

    Qara bulud tutmuş aydın səmamı,
    Sayrışan Ulduzum, ayım bəs hanı?
    Demə dəyişmədim mən öz andımı,
    Sədaqət, etibar deyən kəs hanı?

    Qalan xatirədir səndən yadigar,
    Sən sönük bir ocaq – közün köz deyil.
    İndi gözlərində başqa aləm var,
    Məni soraqlayıb gəzən göz deyil!

    Gedirsən – saxlamaq səni çox çətin,
    Dönsəydin o yoldan – qalandın bəlkə…
    Get-get, qoy zülfünə yad sığal çəksin,
    Sonradan oduma qalandın bəlkə!

  • Sumqayıt şəhər Nizami Gəncəvi adına Kitabxana Klubda “Üç yazarla bir görüş” adlı tədbir keçirilib

    https://c.radikal.ru/c24/1909/bc/00991fcbe0a9.png

    Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıt şəhər Nizami Gəncəvi adına Kitabxana Klubda “Üç yazarla bir görüş” adlı tədbir keçirilib.

    Sumqayıtın 70 illik yubileyinə həsr olunmuş tədbiri giriş sözü ilə açan kitabxanaçı Səadət Allahverdiyeva sumqayıtlı yazarlar yazarlar Almaz Əliyeva, Gülnarə Cəmallədin, Mənsurə Eldarqızı haqqında oxuculara geniş məlumat verib.

    Sonra tədbirdə iştirak edən şairlər Sabir Yusifoğlu, Zirəddin Qafarlı, Rəfiqə Şəms, Məryəm Aslanqızı qələm dostları haqqında fikirlərini bölüşüb, yeni şeirlərindən nümunələr oxuyublar.

    Sonra yazarlar Almaz Əliyeva, Gülnarə Cəmallədin, Mənsurə Eldarqızı Sumqayıt haqqında xatirələrini bölüşüb, Sumqayıt ədəbi mühitindən danışıb, oxucuıların suallarını cavablandırıblar.

    Daha sonra ”Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək İçtimai Birliyinin sədri Yeganə Mirzəyeva çıxış edərək belə tədbirlərin əhəmiyyətindən danışıb və oxucuları kitabxanalardan səmərəli istifadə etməyə çağırıb.

    Kitabxananın oxucusu Rasim Soltanovun tarda ifası tədbirə xüsusi rəng qatıb.

    Sonda Sumqayıt MKS-in direktoru Yeganə Əhmədova və Nizami Gəncəvi adına Kitabxana Klubun müdiri Zərnigar Babayeva yazarlara və oxuculara təşəkkür edərək görüşlırin davamlı olcağını bildiriblər.

    Sumqayıt Regional Mədəniyyət İdarəsinin Mətbuat xidməti

    Mənbə: http://turkustan.info

  • Əziz MUSA.”Gələsiyəm”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Sən məni yad bilmə, sən məni özgə,
    Ömrünə, gününə gələsiyəm, mən.
    Məni canın kimi sevib, əzizlə,
    Qara gözlərinin giləsiyəm, mən.

    Yaşaya bilmərəm inan ki, sənsiz,
    Görüm gözlərini dumansız, çənsiz,
    Sən də darıxırsan, bilirəm mənsiz,
    Qönçə dodağında güləsiyəm, mən.

    Şükür bu qismətə, şükür bu paya,
    Vurğunam sənin tək günəşə, aya,
    Nə zaman çağırsan yetişib haya,
    Nəmli gözlərini siləsiyəm, mən.

    Gülüm naz olarmı söylə bu qədər,
    Daha bu ayrılıq, bu həsrət yetər,
    Ölmərəm sevirəm söyləsən əgər,
    Ölsəm qucağında öləsiyəm, mən.

  • Əziz MUSA.”Diri dağın bənövşəsi” dastanından ustadnamə

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    İstəsən ki, eldə olsun hörmətin,
    Öz elinin tənsibini saxla sən.
    Ürəyini, taleyini eşqini,
    Həmişəlik öz yurdunla bağla sən,

    Əkdiyini biçəcəksən dünyada,
    Çörək üçün əl uzatma sən yada,
    Heç kimsəyə arzulama qan-qada,
    Bulaq kimi məhəbbətlə çağla sən.

    Mərd adlanmaz tək özünü düşünən,
    Kişi gərək ad qazana işinən,
    Ağıl heç vaxt ölçülməyib yaşınan,
    Çətin gündə dostu sına, yoxla sən.

    Tək qalarsan çörəyini tək yemə,
    Olanını əsirgəmə, yox demə,
    Durub baxma, el batanda dərd, qəmə,
    El dərdinə ürəkdən yan, ağla sən.

    Əziz Musa hörmət eylə gülünə,
    Yalan, böhtan qoy gəlməsin dilinə,
    Namusuna, torpağına elinə,
    Kor baxanın gözlərini dağla sən.

  • Əziz MUSA.”Hardasan?”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Canım, gözüm yenə sənsiz qalmışam,
    Asta-asta əriyir şam, yanır şam,
    Sevən qəlbim səni anır bu axşam,
    Ürəyimdə yerin boşdu, hardasan?

    Qüssə yağır baxışımdan,sözümdən,
    Sənsiz vallah, mən bezirəm özümdən,
    Yuxularım çəkilibdi gözümdən,
    Yasdığıma axan yaşdı, hardasan?

    Ürəyimin naləsi sən, ahı sən,
    Bu qəlbimin sultanı sən, şahı sən,
    Niyə məni düşünmürsən axı, sən?
    Yoxsa gülüm, qəlbin daşdı, hardasan?

    Çoxdan solub güldandakı çiçəklər,
    Pəcərəmi döyür əsən küləklər,
    Niyə mənə zülm eyləyir fələklər,
    Xəyallarım dağlar aşdı, hardasan?

    Ulduzlarla danışmaqdan yoruldum,
    Dərd-kədərə yoldaş oldum, yar oldum,
    Ay da baxdı, mən üzüldüm, xar oldum,
    Daha səbrim aşdı, daşdı hardasan?

  • Eldar Nəsibli SİBİREL.”Bir yarpaq payız nəğməsi”

    12962488_1518521525123844_528584684_o

    Saralıb bənizi daşın, torpağın
    Dağların xəyala dalan vaxtıdır.
    Qızı gəlin köçən analar kimi,
    Göylərin gözünün dolan vaxtıdır.

    Dərələr yerini çəkir sellərin,
    Qışın havasına uçan yellərin,
    Bir ilıq nəfəsə möhtaç güllərin
    Ləçək tellərini yolan vaxtıdır.

    Yarpaqlar günəşin alıb rəngini,
    Yağır torpaq üstə qızıl dən kimi,
    Şimşəklər bir fəslin axır zəngini
    Odlana-odlana çalan vaxtıdır.

    Qaya sinələrə sığınıb mamır.
    Sanki buludlardan kövrəklik damır.
    Şehli xatirələr çəkir adamı,
    Heyif, xatirəmin talan vaxtıdır.

    Bu yerlər ömrümü isidən ocaq,
    Səyyah xəyalıma son sığınacaq,
    Burda dağa dönən qəlbimin, ancaq
    Dağlartək marala qalan vaxtıdır
    1983

  • Eldar Nəsibli SİBİREL.”Məni sən yanıltdın”

    12962488_1518521525123844_528584684_o

    Çevirdin üzünü, bu elə dərd ki,
    Məhəbbət gumandan asılı qaldı.
    Qat kəsmiş kağızda bir ürək sevgi,
    Mənim əllərimdə uzalı qaldı.

    Kim isə yumaqtək yığıb şübhəmi,
    Deyəsən, eşqimin izinə düşdü.
    Eh… qorxan gözlərə çöp düşən kimi
    Ayrılıq vüsalın gözünə düşdü.

    Çalındım həsrətin havalarıtək,
    Bir eşqin haraylı tütəyində mən.
    Torpağa çatmamış əriyən qartək,
    Əridim vüsalın ətəyində mən.

    Bir söylə, eşqini yazmı üşütdü
    Boranın yerinə, çənin yerinə?
    Ürəyin sinəndən itginmi düşdü?
    Səni düşünürəm sənin yerin.
    Mənə kim tanıtdı səni, bilmirəm?
    Məni sən yanıltdın, səni bilmirəm.

    1971

  • Eldar Nəsibli SİBİREL.”Dözülmür ki, dözülmür”

    12962488_1518521525123844_528584684_o

    Ürəyimdə daş bağlayan həsrətin
    Yaşa dönüb gözlərimdən süzülmür,
    Gülüm, üzür məni dərdin, möhnətin
    Ancaq əlim ətəyindən üzülmür.

    Ürəyimdə ilk sevginin harayı,
    Baxışlarım yollarını darayır,
    Durna kimi yaz ünvanı arayır,
    Ancaq səfə düzülmür ki, düzülmür.

    Yollarında yorulmayan eşqimin,
    Ümidləri qırılmayan eşqimin,
    Ürəyində durulmayan eşqimin,
    Əzabına dözülmür ki, dözülmür.

    23.06.1989

  • Eldar Nəsibli SİBİREL.”Sevirsəm, desən”

    12962488_1518521525123844_528584684_o

    Nə deyim bu bəxtə, bu taleyə mən,
    Bahar gözlərində eşqim oxunmaz.
    Bizlərə pay düşməz gözəlliyindən,
    Qaranquş əllərə əlim toxunmaz.

    Hardan urcah oldum bu eşqə, hardan?
    Özüm də bilmirəm neyləyim indi.
    Sən özgə ünvana gedən qatarsan,
    Mən səni bəs necə əyləyim indi?!

    Bir mənzil başında yol da gözləsəm,
    Bu yollar gözümə yığılan deyil.
    Eh… dilin yanılıb sevirəm desə,
    Vallah bu gen dünya dağılan deyil.

    1975

  • Şair-publisist Hikmət Məlikzadənin “Yanlışlıq xəyanət xofudur” adlı yeni kitabı işıq üzü görüb

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şair-tədqiqatçı Hikmət Məlikzadənin dahi Azərbaycan şairi Məhəmməd Füzulinin həyatından, Şirvan-Şamaxı-Bayat həqiqətlərindən, Dədə Qorqud örnəklərindən, Naxçıvan-“Əshabi-Kəhf” gerçəklərindən bəhs edən “Yanlışlıq xəyanət xofudur” adlı yeni kitabı işıq üzü görüb.

    Qeyd edək ki, bundan öncə şair-publsist Hikmət Məlikzadənin “Yada düşdü” jurnalının baş redaktoru, Respublika “Xatirə” Kitabı Redaksiyasının rəhbəri Nəzakət Məmmədlinin yaradıcılığına həsr olunmuş “Nəzakət Məmmədovanın yaradıcılığında Vətən kodları” adlı növbəti monoqrafiyası ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Hikmət MƏLİKZADƏ.”Qarşıdakı küçələr qapı açır işığa”

    Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Qarşıdakı küçələr qapı açır işığa,
    Kölgəmin əllərinə sevda darağı keçib.
    Zülmətdən aralıda səs-küy artıb elə bil,
    İtin bir-iki ağız hürmək marağı keçib.

    Anamın duasına diksinir çöldəki nur,
    Pəncərə şüşəsində barmaq izləri qalıb.
    Sevgimin limanında lövbər salıb neçə qız,
    Ruhumun üst-başında qarmaq izləri qalıb.

    Ərk etdiyim uzaqlar buz bağlamır nə vaxtdır,
    Buludun çuxasında sazaq qoxusu yoxdu.
    Qarşıdakı təpələr ağ yaylığa bənzəyir,
    Gəl, bu yolun altını qazaq, qoxusu yoxdu.

    Çörəkdən, sudan keçib bu köçün adamları,
    Zibil qutularından çağa səsləri gəlir.
    Sən, ey fayton yiyəsi, dərə atlarla dolub,
    Arabanı döndərmə sağa, səsləri gəlir.

    Dağların çöhrəsinə duvaq salıb gecədən,
    Duman ayrı biçimdə, çən ayrı cür, əzizim.
    Dünya mənim deyilsə, sənin də deyil, onda
    Mən ayrı cür qəm edim, sən ayrı cür, əzizim.

  • Hikmət MƏLİKZADƏ.”Xəyalı yox xəyala dalanın da, İlahi”

    Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Xəyalı yox xəyala dalanın da, İlahi,
    İlməsi qopub düşüb palanın da, İlahi.

    Bir qıza görə kəsdi Allah tanımayan şah
    Atanın da başını, balanın da, İlahi.

    Dirilik suyu içən Xızır İlyas kimiyəm…
    Məncə, bir sərhəddi var yalanın da, İlahi.

    Yusifi Misir udcaq niyyəti aşkar oldu,
    Satanın da, İlahi, alanın da, İlahi.

    Musanı “Beş-Barmağ”a gətirən nə idi ki?
    Bəti-bənizi solub qalanın da, İlahi.

    Hikmət o gün qopuzla nə ərz etdi bəşərə?
    Qopuzun da suçu var, çalanın da, İlahi.

  • NÖVBƏTİ MÜŞTƏRƏK TƏDBİR

    Sentyabrın 21-də Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının və “Möhtəşəm Azərbaycan” qəzetinin ofisində iki aylıq fasilədən sonra “Dəlidağ” və “Dan yeri” Ədəbi Birliklərinin, “Çeşmə” Ədəbi Məclisinin və Azərbaycan Aşıqlar Birliyi Sumqayıt Regional bölməsinin növbəti müştərək tədbiri keçirilmişdir.
    Tədqirəlayiq haldır ki, bu dəfəki tədbirə “Zərif” qadın Ədəbi Məclisi də qoşulmuşdur.
    Qarşıda duran tədbirlər planının müzakirəsinə həsr olunmuş tədbiri Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, Respublikanın Əməkdar jurnalisti Rafiq Oday açmış, tədbirin məqsəd və qayəsindən danışmışdır.
    Qeyd olunmuşdur ki, ilin əvvəlindən başlayaraq keçirilən müştərək tədbirlər artıq ənənə və davamlı xarakter almış, ötən dövr ərzində istər Sumqayıtda, istərsə də Sumqayıtdan kənarda 50-dən artıq bir-birindən maraqlı tədbir keçirilmişdir.
    Sonra tədbirlər planının müzakirəsinə başlanılmışdır. Bildirilmişdir ki, yaxın bir ay ərzində üç tədbirin keçirilməsi planlaşdırılır. Bunlardan biri Nisə xanım Heydərlinin oktyabrın 5-də “Poeziya evi”ndə keçirilməsi nəzərdə tutulan yeni işıq üzü görmüş “Bir taxt qurmuşam ölümə” şeirlər kitabının təqdimatı, ikincisi “Ədəbi körpülər” silsiləsindən Şabran şəhərində yaşayan ustad və veteran jurnalist Mürsəl Balayev, “Xaqani poeziya evi”nin direktoru, istedadlı şairə Ay Bəniz Əliyar və Quba ədəbi mühitinin yetirməsi istedadlı şairə Sevinc Məmmədova ilə Sumqayıt şəhər S.Vurğun adına mərkəzi kitabxanada oxucuların görüşünün təşkili (bu tədbirin tarixi MKS-nın direktoru, Əməkdar mədəniyyət işçisi Yeganə xanım Əhmədova ilə razılaşdırıldıqdan sonra bəlli olacaq), üçüncü tədbir isə M.Ə.Rəsulzadə adına kitabxana filialın tədbirlər planına uyğun olaraq oktyabr ayının 19-da Rafiq Odayla oxucuların görüşünün keçirilməsidir.
    Tədbirlər planı ətrafındakı müzakirələrdə “Dəlidağ” Ədəbi Birliyinin sədr müavini Sevinc Qərib, “Zərif” qadın Ədəbi Məclisinin sədri, AYB Sumqayıt bölməsinin məsləhətçisi Xatirə Fərəcli, “Dan yeri” Ədəbi Birliyinin sədr müavini Nisə Heydərli, “Çeşmə” Ədəbi Məclisinin sədri Lilpar Cəmşidqızı, Azərbaycan Aşıqlar Birliyi Sumqayıt Regional bölməsinin sədri Qənirə Mehdixanlı çıxış edərək öz fikir və mülahizələrini bölüşmüşlər.
    Müzakirələrdən sonra dəyərli qələm sahibləri Sabir Yusifoğlu, Süleyman Sərraf, Xatirə Fərəcli, Qənirə Mehdixanlı, Sevinc Qərib, Nisə Heydərli, Lilpar Cəmşidqızı, Qaratel Azəri, Rahilə Veysəlli, Aygün Hacıyeva son dövrlərdə qələmə aldıqları şeirlərini oxumuşlar. Oxunan şeirlərin “Möhtəşəm Azərbaycan” qəzetinin növbəti sayında dərc edilməsi qərara alınmışdır.
    Müzakirələrdə həmçinin veteran jurnalist Zümrüd Baloğlanova, “Bahar” jurnalının təsisçisi və baş redaktoru Ruhiyyə Bahar, teatrşünas, şair və tərcüməçi Vaqif Rəsuloğlu da yaxından iştirak etmişdir.
    Sonra redaksiyanın dihər toplantı otağında çay süfrəsi arxasında teatrşünas, şair və tərcüməçi Vaqif Rəsuloğlunun yenicə nəfis şəkildə tərtib edilərək nəşr olunmuş, kiçikyaşlı uşaqlar və məktəblilər üçün yazılmış şeirlərdən ibarət “Hərflər, rəqəmlər” kitabının ilkin təqdimatı keçirilmişdir.
    Təqdimatı giriş sözü ilə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, Respublikanın Əməkdar jurnalisti, kitabın redaktoru Rafiq Oday açaraq kitab haqqında geniş məlumat vermişdir.
    Təqdimat mərasimində çıxış edən qələm dostları Vaqif Rəsuloğlunu yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik etmiş, bu kitabın bağçayaşlı uşaqlar və ibtidai sinif şagirdləri üçün dəyərli bir hədiyyə olduğunu vurğulamışlar. Kitabın tədris müəssislərində yayılması məqsədəuyğun sayılmışdır.
    Sonda xatirə şəkilləri çəkilmişdir.

    Mərcan Sabirqızı,
    AJB üzvü, “Möhtəşəm Azərbaycan” qəzetinin baş redaktor müavini

  • “Dünyanın xoş günündə əzab verirsən mənə”

    https://b.radikal.ru/b09/1909/50/4acf9078014e.jpg

    (Mübariz Tağıyev haqqında düşündüklərim… Esse)
    Uzun illərdir yazı-pozu işindəyəm. Müxtəlif müsahibələr, resenziyalar, köşələr, nəzm, nəsr və s. yazıram. Qələmimi hər bir sahədə sınamışam sanırdım. Və bu gün anladım ki, əslində yazı müxtəlifliyim elə də zəngin deyil. Əlbəttə, qənaətimin səbəbini açıqlamayacağam, təkcə onu deyirəm ki, Azərbaycan ədəbiyyatı ilə yanaşı addımlayan, çox zaman ədəbiyyatı geridə qoyan Azərbaycan musiqisindən heç söz açmamışam. Musiqi sənətin – həyatın elə bir tərəfidir ki, din, dil, irq, millət, təbəqə, siyasət… hamısı arxa planda qalır. Necə ki, körpələrin dili dünyanın hər yerində eynidir, eləcə də musiqinin dili birdir, pirdir!
    Üzeyir Hacıbəyov, Şövkət Məmmədova, Cabbar Qaryağdıoğlu, Müslüm Maqomayev, Qurban Pirimov, Qəmbər Hüseynli, Flora Kərimova… Azərbaycanın musiqi fədailəri, Azərbaycanı dünyaya tanıdanlar, eyni zamanda milləti dəözünü tanımağa sövq edənlərdir. Onlar hər bir azərbaycanlıya necə böyük bir xalqın oğlu olduğunu dönə-dönə xatırladır. Bu dahi şəxsiyyətlərdən, Tanrının səsiylə danışanlardan, Tanrının gözü ilə dünyaya baxanlardan söz açmamaq qələm adamlarının qüsurudur məncə…
    Bu gün Azərbaycan estradasının canlı korifeyi, Azərbaycan Respublikasının Xalq artisti Mübariz Tağıyevdən söhbət açmaq istəyirəm. Azərbaycan musiqisini sevən hər bir kəs – notlu səsimizi yaşadan, sevdirən, Azərbaycan estradasını yaradanlardan biri və birincisi olan Mübariz Tağıyevi tanıyır, sevir. Zamanında səsi təkcə Sovet Azərbaycanında deyil, xarici ölkələrdə də könülləri riqqətə gətirən Mübariz Tağıyev bu gün az dinlənsə də (ədəbiyyatın, incəsənətin bütün sahələrində bayağılaşma, sənət üçün deyil, kütləüçün nəzərdə tutulmuşəsərlərin at oynatması, ruhdan çox göz oxşayan musiqiçilərəüstünlük vermək meylləri baş alıb gedir. Zövqlər o qədər korşalıb ki, böyük bir musiqi heyətinin ərsəyə gətirdiyi, əsrlərlə ayaqlaşan kompazisiyaları iki not üzərində yazılan musiqilər alt qatda qoyub), musiqimizin şah damarı olaraq qalır.mt3
    Böyük Vətən Müharibəsinin (1941-45)ağrı-acısında yuva quran, lakin o yuvanı musiqisi və ziyası ilə işıqlandırmağı bacaran (atası Hüseyn Tağıyev kamança ifaçısı, anası Rübabə Babayeva jurnalist olub) ailədə doğulub Mübariz Tağıyev. Sovet Ermənistanında yaşayan türk ailəsindəki çətinliklərin içərisində civil-civil quşlar kimi səsə, musiqiyə, nəğməyə qoşulub böyüyən Mübariz elə həyatın da keşməkeşlərində mübariz olub, istədiyini əldə edə bilib, o, həm də peşəkar idmanda (üzgüçülük) çoxlarını geridə qoyub. Lakin Tağıyev həyatını yalnız musiqiyə bağlayıb. Əvvəl Ermənistan Dövlət Orkestrində, 1985-ci ildən isə Azərbaycan Dövlət Teleradio Komitəsində Estrada Simfonik orkestrinin solisti olaraq fəaliyyət göstərib.
    m t 2
    2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar, 2006-cı ildə isə Xalq artisti adına layiq görülüb. 2012-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.
    Mübariz Tağıyev Azərbaycan kinofilm yaradıcılığında da öz izini qoyan sənət adamlarındandır. “Cin mikrarayonda”, “Bircəciyim”, Yay günlərinin xəzan yarpaqları” filmlərində bu böyük insanın möhtəşəm səsini eşidirik. Son zamanlar çəkilən çoxhissəli filmlərdə aktyor kimi dəöz məharətini göstərir.
    Bu fərqli səs tonuna malik müğənninin başqa bir fərdi xüsusiyyəti də zamandan, məkandan asılı olaraq daim şux, səliqəli geyinmək bacarığıdır. Onun ifa tərzi kimi geyimi də rəngarəng və müxtəlifdir. Ən əsası isə, geyiminin ab-havaya tam uyğun olması, tamaşaçı zövqünə verilən yüksək dəyərinin inikasıdır. Və bu uca qamətin, zövqlü geyimin sahibi ədəb-ərkanı, nitq qabiliyyəti, davranışı ilə dəəsil mədəniyyət fədaisi olduğunun göstəricisidir!
    Mübariz Tağıyev oxuduğu bütün mahnılara elə möhür vurub ki, bu möhürü açmaq, onu yeniləmək başqa sənətkara – musiqiçiyə qismət olmayıb. Onun ifa etdiyi əsərlərə ayrı-ayrılıqda diqqət edək: “Analara etibar edin”, “Arzular”, ”Axtarıram səni”, ”Ay aman”, ”Azərbaycan”, ”Azərbaycan”, ”Qalx”, ”Bir Sabah”, ”Bu axşam”, ”El oğlu”, ”Əlvida”, ”Getdiyin o yollar”, ”Han”, ”Hər yaşanan günlərin qədrini bilək”, ”Həsrət yağışı”, ”Heydər ata”, ”Heydər xatirəsinə”, ”İntiqam odu”, ”İşıq”, ”Məhəbbət yaşa baxmır”, ”Neftçilər”, ”Ömür keçir”, ”Polis Akademiyasinin Himni”, ”Prezidentimiz”, ”Qar yağır”, ”Saçlarına gül düzüm”, ”Şəhidler ölməz”, ”Sən oldun”, ”Səninlə gedəcəyik”, ”Sənsiz qalan sevgi”, ”Sevgilim”, ”Ulu torpaq”, ”Xatirə”, ”Xəyalım mənim”, ”Yan ürəyim”, ”Zefer Negmesi”, ”Zəfər zəngi”… bu mahnıların hansını dinləsək, yalnız Mübariz Tağıyevin səsini eşidəcəyik, bu möhtəşəm sənət əsərləri yalnız Mübariz Tağıyev səsinin ölçüsünə biçilib, yalnız o səsin rəngi ilə baharlanıb…
    mubariz T 1
    Mübariz Tağıyevin musiqi tərzi o qədər müxtəlif rənglidir ki, o rənglərdə fəsillərin dördünü də görmək olur, payızı, qışı, baharı, yayı… O, səsi ilə sevdirir, ayrılıq həsrəti çəkdirir, övlad, ana məhəbbətinin ululuğunu dinləyiciyə təlqin edir, Vətəni ucaldır, Vətən oğullarını cəngə səsləyir. Bütün bunlar məhz bir ürəyə necə sığışır, bax, bu Tanrının möcüzəsidir.
    Mübarız Tağıyevi dinlədikcə fikirləşirsən, necə olur ki, ”Saçlarına gül düzüm, mənim günüm-gündüzüm”, pıçıltılarıyla sevgini ucaldan, sevdiyini əbədiləşdirən bir səs ”Qalx, Qalx Ulu torpaq”, nərəsiylə igidləri, ərənləri cəngəçağırır, ”Məhəbbət yaşa baxmır” deyərək, yenidən həzin notlar üzərində sevgini əzizləyir…
    Gecə-gündüz, kədərimdə, sevincimdə, hüznümdə, çılğınlığımda dinlədiyim, könül yoldaşım “Xatirə” (musiqi və notları Abbas Soltanoğluya məxsus) adlıəsərin sözlərini yazıram bura. Bilirəm ki, bu sözləri oxuduqca siz o möhtəşəm səsin qanadlarında mənim hisslərimə köklənəcəksiniz. Bu səslə sevəcəksiniz, sevişəcəksiniz, kədərlənəcəksiniz, sevinəcəksiniz, ayrılacaqsınız…

    Gözlərimin önündə əksin canlanır yenə,
    Dünyanın xoş günündə əzab verirsən mənə.
    Əlim əlindən uzaq, səsim səsinə yetmir,
    Dərt çəkilib qurtarmır məndən.
    Bu zülmət nədir, nədir?

    Nəqərat:
    Nə qədər sərt olsa dalğalar,
    Qayalara çarpınıb geri dönər.
    Yolları kəsibdir intizar,
    Sənsiz qalan sevgim bir ümid dilər.

    Sən hardasan, mən harda, xəyal – qanadlı quşdur,
    Ruhuma dönməyin də mənim üçün uçuşdur.
    Bir daha görüşmərik, sevdanı apar-apar,
    Gedərsən, xəyalımda xatirən qalar.

    Sevənlərin taleyi amansız olar
    Məhəbbətin heykəli baxılmaz qalar.
    Aylar ötər, il keçər, zaman dəyişər
    Ürəklərin yarası sağalmaz qalar.

    Və buradaca yaşananların əslində ayrılıqla bitəcəyini bir daha düşünəcək…. bir daha dinləyəcəksiniz “Xatirə”ni… Həm də bilirsiniz axı “nə qədər sərt olsa dalğalar, qayalara çarpınıb geri dönər”. Bu sərt dalğaların geri dönməsi arzusu ilə deyirəm: musiqimizi sabaha aparan Mübariz Tağıyevlər yaşasın!.

    Mənbə: http://kultur.az

  • Aləm Kəngərlinin kitabı Təbrizdə dərc edildi

    https://c.radikal.ru/c16/1909/37/5a8834265efd.jpg

    Yazıçı Aləm Kəngərlinin “”Qatarda 18 macəra” adlı kitabı Cənubi Azərbaycanın Təbriz şəhərində işıq üzü görüb. Kitab Xosrov Barışan, Yaşar qələm Təbriz və üz qabığının müəllifi Zəhra Seymərinin əməyi ilə dərc edilib.
    Kitabda müəllifin ayrı-ayrı illərdə yazdığı hekayələri yer alıb.
    Xatırladaq ki, Aləm Kəngərlinin bundan əvvəl iki kitabı – “Naməlum adam” və “Qatarda 18 əhvalat” oxuculara təqdim olunmuş, böyük maraqla qarşılanmışdır.

    Mənbə: http://kultur.az

  • Şairə-publisist Nəcibə İlkinin Təbriz şəhərində əski əlifba ilə “Bir yorğun yolçuyam” adlı yeni şeirlər kitabı işıq üzü görüb

    https://d.radikal.ru/d28/1909/ac/5dc6e88094bc.jpg

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Baş məsləhətçisi, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru, şairə-publisist Nəcibə İlkinin İran İslam Respublikasının Təbriz şəhərində əski əlifba ilə “Bir yorğun yolçuyam” adlı yeni şeirlər kitabı işıq üzü görüb.

  • Eldar İSMAYIL.”YURD HƏSRƏTLİ, MİLLƏT QAYĞILI…”

    https://b.radikal.ru/b28/1909/2f/aee41c4ad439.jpg

    şair-yazıçı, Əməkdar jurnalist

    Dağlıq ərazidə doğulub boya-başa çatmış insanlar bir sıra keyfiyyətləri ilə seçilirlər. Bu da səbəbsiz deyildir. Bu insanlar dağdan dağ vüqarı, dağ əzəməti öyrənir, buludlardan göylərə qalxıb rəvan-rəvan uçmaq arzusunda olurlar. Dağda doğulan insanlar dərələrdən qı¬jov axan çayların səsini, qaynayıb qayadan süzülən bulaqların zümzüməsini özünün mənəvi dünyasının rəmzi hesab edirlər. Qışdan qış sərtliyi, yaydan yaylaq təravəti götürür, hər şeydə bir saflıq, təmizlik, qeyri-adi təbiilik görürlər. İlahinin qüdrətindən doğulmuş minbir çiçəkdən toxunan çəmən xalıları, dərələri xoş ətrinə qərq edən baldırğan, yarpız ətri bu insanların ilham mənbəyi, qürur dünyasıdı. Qartalların zirvə eşqini, qıyya çəkən uçuşunu seyr edə-edə özləri də bu cəsurluq simvollarına bənzəməyə çalışırlar. Ona görə də qeyri-ixtiyari olaraq poetik hissləri güclü, səmimi və ilhamlı olurlar.
    Belə gözəl məkanlarımızdan biri də bu gün düşmən əlində girov olan Kəlbəcərdir. Bəzən deyirlər ki, Kəlbəcərdə doğulan insanların hamısı şairdir. Əslində, bu fikirdə bir həqiqət var: coşqun ilham mənbəyi olan Kəlbəcər təbiəti bir çox istedadlı şairlər yetirmişdir. Əhsən bu tor¬pağın gücünə, qüdrətinə, insanlarının qətiyyətinə…
    Bu torpağın yetirmələrindən olan, Kəlbəcər dərdini sinəsində gəzdirən qələm sahiblərindən biri də Məhəmməd Nərimanoğludur. Mən əvvəllər publisist, jurnalist kimi tanıdığım və qələminə hörmətlə yanaşdığım Məhəmməd Nərimanoğlu bu gün sənət meydanına, söz dünyasına şeirləri ilə də çıxmışdır. Mən onu 25-26 il bundan əvvəl tanımışam. O, “Şişqaya faciələri” kitabını yazırdı. Yazdığı əsər daha mükəmməl olsun deyə ətraflı məlumat toplamağa çalışırdı. Həmin vaxtlar mənimlə də görüşür, bəzi məsələləri xəbər alırdı. Məhəmmədin yazdığı bu əsər geniş oxucu kütləsinin rəğbətini qazandı. Deyim ki, erməni faşist əxlaqının Xocalıdan əvvəl soyqırımına məruz qoyduğu yüzlərlə yaşayış məntəqəsindən biri də Basarkeçər rayonunun Şişqaya kəndi olmuşdur. Məhəmməd Nərimanoğlu Şişqayada törədilən faciəni öz dəyərli qələmi ilə kitab şəklində oxuculara təqdim edən ilk qələm sahibidir,- desəm yanılmaram. İllər ötdükcə Məhəmməd Nərimanoğlunun daha bir neçə publisistik əsəri ilə tanış oldum. Onun milli ruhda, vətənsevərlik zəminində yazdığı əsərlərin nə qədər gərəkli, dəyərli olduğunu gördüm.
    Bu gün Məhəmmədin növbəti dəfə çapa hazırladığı “Qala dərdim” kitabının bilgisayar variantı masamın üstündədir. Məhəmməd şeirlərini üç bölmə altında kitaba daxil etmişdir: qoşmalar, gəraylılar, sərbəst şeirlər. Öncə qoşmalarla tanışlığa qoşuluram. Milli poetik ənənəmizi özündə əks etdirən, bir-birindən gözəl qoşmalar diqqətimi çəkir. Göyçə və Kəlbəcər ədəbi mühitinə yaxından bələd olan Məhəmməd Nərimanoğlu klassik el ədəbiyyatından və aşıq yaradıcılığından bacarıqla bəhrələnərək, çağdaş milli poeziyanın yeni nümunələrini yarada bilmişdir.
    Məhəmməd yüz minlərlə soydaşımızdan biri kimi, yurd-yuvasını məcburi tərk etmiş yurd həsrətli didərginlərimizdən biridir. Mənə elə gəlir ki, publisist-jurnalist Məhəmməd öz dərdini, ürəyinin acısını poeziyanın dili ilə söyləməyə, aləmə car çəkməyə çalışmışdır. Məhəmmədin başlıca mövzusu vətən həsrəti, yurd yanğısı, millət sevgisi ilə bağlıdır. O, düşmən tapdağına düşmüş Kəlbəcərinin işğalına heç cür dözə, tab gətirə bilmir: alışıb yanır, necə deyərlər, tüstüsü başından çıxır. Gecə-gündüzü olmayan şair ana yurdun təbiətini təsvir edərək Murova, Qoşqara gedə bilmədiyini hayqıraraq aləmə bəyan edir. Nəyə görə, nədən o, öz vətəninin gülünə, çiçəyinə, qayasına, dərəsinə, təpəsinə həsrət qalmalıdı? Hanı ədalətdən, demokratiyadan dəm vuran böyük güclər? Onlar deyilmi haqdan danışıb, haqqı tapdalayanlar? Müəllif “Kəlbəcərə gedən yollar” şeirində yazır:

    Ot basıbdı, yoxdu izim,
    Qırılıb taqətim, dizim.
    Qurban olum sizə özüm,
    Kəlbəcərə gedən yollar.

    Məhəmməd Nərimanoğluna görə, Kəlbəcərə gedən yollar Göyçədən, Qarabağdan keçir. Bu yollara çıxmaq üçün erməni faşist ünsürləri bu yollardan təmizlənməli, çəkilməlidir. İşğalçının təmizlənməsi üçün milli birlik, milli iradə, döyüşkən güclü ordu gərəkdir. Düşmən heç vaxt çıx deməklə zəbt etdiyi torpaqdan çıxmaz. Necə deyərlər, gərək burnunun qanını tökəsən ki, quduz quduzluğundan çəkinə. Məhəmməd öz poeziyasında bütün bu çağırışlara əməl etməkdədir:

    …Yuxun gələrmi sənin,
    Torpağı basılan kişi?…

    Şair çox dəyərli, lazımlı bir sual verir, deyir ki, vətənin gedibsə yuxun gələrmi? Gələr, Məhəmməd Nərimanoğlu, əgər milli təəssüb, namus, qeyrət yoxdursa, yuxusu da gələr, əşi… deyib ötüşə də bilər. Elə düşünmək lazım deyil ki, papaq qoyan hər kəs papaqlı olmaq üçün papaq qoyur. Qoyur ki, ona kişi desinlər…
    Amma saxtakarlıq tez üzə çıxır. Qəhrəmanlar savaş meydanında tanınır. Əgər torpaq basılıbsa, sən çəkilib evində mışıl-mışıl yatırsansa, bir gün düşmən sənin də başını tapdalayıb keçəcək, buna əmin olmalısan. Hər bir vətəndaş vətəninə, millətinə layiq övlad olmalıdır. Məhəmməd Nərimanoğluna görə hər kəs öz vicdanı qar-şısında vətənə hesabat verməlidi. Yeri gəldi-gəlmədi “vətən” deməklə vətən övladı olmaq çətindir. Vətən üçün ürəyin göynəyib sızlamırsa, didərginlərin ağır taleyi səni yan¬dırıb-yaxmırsa, “millət oğluyam”, deməyin də boğazdan yuxarı deyilən, “xala, xətrin qalmasın” kimi bir ifadədir. Şair belələrini ittiham edir. Özünü sınağa çəkir: mən Kəlbəcərdən ötrü kiməm deyir:

    …Övlad ola bilmədimsə,
    Yoxam Kəlbəcərdən ötrü…

    Ağıllı deyim, müdrik bir kəlam! Sözün bədii təsvir gücündən istifadə etməyə çalışan şair dəyərli şeir nümunələri yaratmağa nail olmuşdur. Ənənəvi folklor qaynaqlarından məharətlə bəhrələnən Məhəmməd Nərimanoğlu xalq danışıq dilinin zərifliyini, şirinliyini, mükəmməlliyini qoşma və gəraylılarında ustalıqla təcəssüm etdirir. Qaçqınlıq-köçkünlük taleyi yaşayan şair bu həsrəti demək olar ki, bir çox şeirlərində xatırlayır, oxucuları gözüaçıq olmağa səsləyir, dost-düşməni tanımağı məsləhət görür. Bu xalqın bəxtinə, taleyinə acıyır, itirdiyi torpaqlar, yaşayış məskənlərinin ağrı-acısı onu bir saat da rahat buraxmır. Bəzən insanların zülmünü, haqsızlığını, zalımlığını top atəşinə tutan Məhəmməd, bəzən də zamanı qınayır, tənqid edir. “Bilmirəm” başlıqlı şeirində yazır:

    …Elə dərd daşıyam doğulan gündən,
    Olmuşam imandan, olmuşam dindən.
    Zaman dəyirmandı, ömür-günüm dən,
    Üyünə bilmirəm niyə, bilmirəm…

    Məhəmmədin fikir-xəyalı vətənin səfalı təbiətindən, lacivard səmasından, ata-babasının at çapdığı yaşıl yaylaqlarından ayrılmır. Belə gözəl mənzərəli yurd da düşmənə təslim edilərmi? Biz ölüm-dirim mübarizəsinə qoşulub torpaqlarımızı erməni təcavüzündən qurtarmalıyıq. Məhəmməd bilir ki, ermənini bizim üstümüzə qışqırdan, onun arxasında dayanan super güclər var. Ona görə də erməni bu qədər qudurğanlıq edir. Qarabağ dərdi, Kəlbəcər həsrəti, Göyçə niskili M. Nərimanoğlunu rahat buraxmır. Şair gecə-gündüz yatmır, dincəlmir, necə deyərlər, sübhü dirigözlü açır. Öz dərd-sərini, çəkdiyi ağrı-acını “Gecələr” şeiri ilə aləmə car çəkir:

    …Köç sürürük karvanqıran batana,
    Daş atırıq bizə güllə atana.
    Qənim olar Tanrım sübhə yatana,
    Dərdləşirik, dərddaşımdı gecələr.

    Kəlbəcərlə həmişə qucaq-qucağa olan, xeyri-şəri bərabər keçən, şirin dostluq, şirin qohumluq münasibətində bulunan Göyçə mahalının fəlakəti də M. Nərimanoğlunu Kəlbəcər qədər ağrıdır, göynədir. Dədə Qorqud yadigarı Göyçənin füsunkar təbiəti, qonaqsevər camaatı, sazlı-sözlü dünyası şairin könül dünyasını titrədir, ilham pərisini oyadır. Göyçəni həsrətlə yad edərək ürəyindən keçənləri kağıza köçürür:

    Qış da orda, yaz da orda gözəldi,
    Ömrümüzün hər fəsliydi Göyçəmiz.
    Ulu kökü əzəldən də əzəldi,
    Qorqud yurdu, türksoyluydu Göyçəmiz…

    Sonra göyçəli günlərin bəxtəvərliyini dərin bir iztirab, təəssüf və gizilti ilə içindən keçirir:
    …Ay Məhəmməd, nə bəxtəvər çağ idi,
    Dar ayaqda təsəlliydi Göyçəmiz.

    Yurd həsrəti ilə yanaşı, Məhəmməd Nərimanoğlu Güney Azərbaycandakı qardaşlarımızı da unutmur, Təbriz məlalı, Şəhriyar dünyası onun dilinin əzbəri, başlıca mövzusudur. Məhəmmədin mövzu dairəsi geniş və əhatəlidir. O, ailəcanlı bir türk oğludur. Oğlu Sənan Vətənin zabit əsgəridir, onun mərdliyi, qoçaqlığı, vətənə sevgisi şairi sevindirir, məmnun edir. Hər bir Azərbaycan əsgəri yurdun keşiyində ayıq-sayıq olmalı, dost-düşməni tanımalı, yeri gəlsə, canını verməkdən belə çəkinməməlidir…
    M. Nərimanoğluna görə, tapdaqda qalan, inləyən torpaqlarımız Sənan kimi əsgər oğulların cəsarəti, mərdliyi sayəsində geri qaytarılacaqdır. Kitab boyu ata-anasını anan, həsrətlə yad edən şair “Anamın” başlıqlı şeirində yazır:
    Həsrətindən, hicranından toxunub,
    Xalçası-kilimi sözdü anamın.
    “Kərəmi” üstündə ağı oxuyub,
    Kəlməsi alovdu, közdü anamın…

    El-obası qaçqın-köçkün olan ananın göz yaşları, həsrəti, dərdi, qəmi toxuduğu xalçaların, kilimlərin naxışına, ilməsinə və misralarına hopmuşdur. Bu mənada şair sözün bədii təsir gücündən ustalıqla istifadə edərək xalqımızın çəkdiyi məşəqqətləri ana obrazında məharətlə canlandırmışdır. Azərbaycan qadınları, türk anaları namərd düşmənin başımıza yüz illər boyunca gətirdiyi müsibətləri çox görüb, çox şahidi olublar. Şairin gözü önündə baş verən bütün hadisələr onun ilham süzgəcindən keçərək poetik bir görüntü yaradır. Obrazlı deyimlər şirin xalq danışıq dilində daha səlist və yapışıqlı olur. Məhəmməd şeirini anasından öyrəndiyi dildə araya gətirməyi bacarır. Əllaməçilik, şeir yazmaq xatirinə əlinə qələm almaq kimi süniliyi qəbul etməyən şair saxta şöhrətdən uzaqdır. Dediyi hər kəlmə, hər bənd, hər şeir Kəlbəcər bulaqlarından su içir, o bulaqların suyu kimi şəffaf, saf və tər-təmizdir. Şeirin şeiriyyəti də onun təbiiliyində, anlaşıqlı olmasında və ideya bədii dəyərinin yüksək çalarlar üstündə qurulmasındadı. Bunlar da M. Nərimanoğlu yaradıcılığına güzgü tutan başlıca məziyyətlərdir. M. Nərimanoğlu həyatda cərəyan edən hadisələrə biganə qala bilmir. O, əliəyriləri, xalq malını yeyib quduranları, rüşvətxorları, yolsuzluğa tutulan haramxorları satirik bir dillə ifşa edir. Hər kəsi halal qazanc dalınca getməyə səsləyir. Məhəmmədin bu səpkidə qələmə aldığı şeirlər içərisində nazir oğluna yazdığı “Qadası” şeiri olduqca dəyərli və diqqəti çəkəndir:
    Aldıq məktubunu, ay nazir oğlu,
    Sən köhnə havanı çalma, qadası.
    Nəyinə lazımdı acın balası,
    Kasıbı yadına salma qadası.

    Pul da sizinkidi, var da sizinki,
    Bağlar da sizindi, bar da sizinki.
    Kafe, restoranda, barda sizinki,
    Kef elə, kefindən qalma, qadası…
    Cəmiyyətdəki eybəcərliklər, simasızlıqlar bu şeirdə sanki bir kino lenti kimi gözümüzün önündən keçir. Haram yolla pul qazananlar, dağ da, düz də, göl də, çay da, var-dövlət də hamısı sizindir. Siz yeyin-için… kasıb necə olur-olsun! Acları yadınıza salmayın, çünki sizin əldə etdiyiniz bu imkanlar kasıbların ağzından çıxardığınız tikələr hesabınadı…
    Kitabı bütünlüklə təhlil etmək məqsədim olmadığı üçün ön sözə olan qeydlərimi başa çatdırmaq istəyirəm. Məhəmməd bu kitabına heç də təsadüfi “Qala dərdim” verməyib. Elə bu sərlövhəli gəraylısı da var:

    Qalaq-qalaq qaldırmışam,
    Qalaqlanıb qala dərdim.
    Böyüyübdü, qocalıbdı,
    Mənim kimi bala dərdim.

    Məzmununa görə forma seçmək qabiliyyəti yüksək olan Məhəmməd Nərimanoğlu xalqın bədii təfəkkürünü var gücü ilə poeziyasında nümayiş etdirmişdir. Əlbəttə, kiçik bir məqalədə “Qala dərdim” kitabında toplanmış şeirlərin hamısının təhlilini vermək, bu gözəl şeir nümunələri ilə bağlı mükəmməl fikir söyləmək heç də asan iş deyil. Bu yolda Məhəmmədə uğurlar arzulayır və deyirəm: qardaşım, publisistlik də, jurnalistlik də bədii yaradıcılığın aparıcı janrlarıdı. Sən heç də publisistlikdən və jurnalistlikdən poeziyaya özxoşuna keçməmisən. Səni bu sahəyə gətirən içində at səyirdən poetik duyğuların, güclü təbii ilhamındır. Eşq olsun bu duyğuları, bu coşqun ilhamı özündə yaşadan Məhəmməd Nərimanoğlu ürəyinə!

  • N.Q.Cəfərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    N.Q.Cəfərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və elmin inkişafında xidmətlərinə görə Nizami Qulu oğlu Cəfərov “Şöhrət” ordeni ilə təltif edilsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 20 sentyabr 2019-cu il.

    Mənbə: https://president.az

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    QOYMA QOCALMAĞA

    Soruş aşiqinin hər gün halını,
    Qoru gözün kimi şanda balını,
    Kəs payız yolunu, kəs qış yolunu,
    Qoyma qocalmağa sən məni, gülüm.

    Şirin təbəssümlə, xoş nəvazişlə,
    Ömrümə nur çilə şirin gülüşlə,
    Odlu məhəbbətlə, odlu atəşlə,
    Qoyma qocalmağa sən məni, gülüm.

    Hər vaxt bəxtimizin taxtı, tacı ol.
    Dərdimin, qəmimin bir əlacı ol,
    Mənim tər çiçəyim, bar ağacım ol,
    Qoyma qocalmağa sən məni, gülüm,

    Adın ki, düşməyir heç vaxt dilimdən,
    Nəğmə oxuyuram hər gün gülümdən,
    Hər yerdə, hər zaman tut sən əlimdən,
    Qoyma qocalmağa sən məni, gülüm,

    Gecə yuxumda ol , gündüz yanımda,
    Ruhunla bəzənir vallah canım da,
    Mənə təsəli ver hər bir anımda,
    Qoyma qocalmağa sən məni, gülüm.

    Bezmərəm nə qədər eyləsən də naz,
    Hərdən könlümü al nə olar, bir az,
    Denən qarşıdadı hələ bahar, yaz,
    Qoyma qocalmağa sən məni, gülüm.

    HƏR ZAMAN

    Düzlük, etibar görərsən hər bir zaman düz əldən.
    Vəfa etibar gözləmə hər gördüyün gözəldən,
    Bu dünyada sevinc də var, göz yaşı da, kədər də,
    Belə olub, onu bil ki, fani dünya əzəldən.

    Təbiətin hər qarışı tamaşadı, tamaşa,
    Ayı, Günü nur çiləyir hər çiçəyə, hər daşa,
    Gözəlliyi bəxş eləyir gündə neçə göz, qaşa,
    Hər şeyi gözəl yaradır yeri, göyü düzəldən.

    Gecəsi aylı, ulduzludu, günəşlidi səhəri,
    Hər şeyin öz zamanı var, hər bir şeyin öz yeri,
    Hələ aça bilməmişik çox qıfılı, çox sirri,
    Yaranan torpağa dönür, gül göyərir xəzəldən,

    Hər sənəti biləndə də gərək kamil biləsən,
    El-obanın məclisinə alnı açıq gələsən,
    Əziz Musa ağır otur, çox da qalxma zilə sən,
    Şeir, sənət meydanında bir qala qur qəzəldən.

  • Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

    Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    * * *

    Dahi şair İmadəddin Nəsimiyə həsr olunur

    Qeyb olub ruhum öləndən, dərbədərdir ta məkan…
    Ya mənim üçün günah bir tövbəlikdir, ya məkan.

    Mən «Ənəlhəqq» kəlməsilə eh, demirdim Allaham,
    Zahidin bu fitnəsindən «be» car oldu, «ra» məkan…

    Hər tinin başında bir dərviş durub insansayaq,
    Çox yorursan sən bu canı, çün uzaqdır ha, məkan.

    Düz min ildi kölgəmin əynində bir surət gəzir,
    Sən mənim dünya evimsən, ya məzarım, a məkan?

    …Hikməti, sən çox nahaq, ey gül, Nəsimi sanmadın,
    Çün o da bir laməkandı, laməkandı, laməkan.

    Adəm dərd taxtası imiş…

    O dünya sirdi, bilinməz,
    bu dünya, vallah, dəbərir.
    başımın altında torpaq,
    üstündə Allah dəbərir.

    Şeytan hər tində tor qurub,
    Ovçular bərədən çıxır…
    Hamının yolu bir deyil,
    Hamı bir dərədən çıxır…

    Ruh ilmə, mələk butasa,
    Adəm dərd taxtası imiş…
    …Hərdən adama həzz verir,
    Həyat, nərd taxtası imiş…

    Olumdan ölümə yol çox,
    Kəfən də ağ bir fatadı…
    Həvvaya oxşama, nazlım,
    Günahdan gen dur, xatadı…

  • Eldar Nəsibli SİBİREL.Seçmə şeirlər

    12962488_1518521525123844_528584684_o

    BAĞIŞLA

    Dedim: – Bu dünyada həmdəmim ol, gəl,
    Mənim öz sevincim, öz qəmim ol, gəl,
    Bir səsəm, həm zilim, həm bəmim ol, gəl,
    Bilmədim, xətrinə dəydim, bağışla.

    Küsmə ətəyindən gəl tök daşını,
    Səpməyib arxanca mən göz yaşımı.
    Heç vaxt əyilməyən məğrur başımı.
    Mən sənin önündə əydim, bağışla,
    Bilmədim, xətrinə dəydim, bağışla.

    Mən sənin möhtacın, mən sənin xəstən,
    İnsaf et, yerimi sal sinən üstdən.
    Eşqindən, sevgindən öylə sərməstəm,
    O gün də sərxoşdum, nəydim, bağışla,
    Bilmədim, xətrinə dəydim, bağışla.

    Elə ki, səsləndi dilində adım,
    Çıxdı öz yadımdan yaddaşım, yadım.
    Sevgindən bu yerə, göyə sığmadım.
    Dünyanı əynimə geydim, bağışla,
    Bilmədim, xətrinə dəydim, bağışla.

    Əhdini öz əhdim, ilqarım bilib,
    Səni öz sevgilim, öz yarım bilib.
    Özümü mən sənin Eldarın bilib,
    Bir qədər yanında öydüm, bağışla,
    Bilmədim, xətrinə dəydim, bağışla.

    30.09.1995

    BİLSƏM SEVİRSƏN MƏNİ

    Boylanaram gözlərindən yaz kimi,
    Bilsəm sevirsən məni.
    Qədəminə yol tək sərrəm fikrimi,
    Bilsəm sevirsən məni.

    Günəş olub göylərində yanaram,
    Gülüş olub dodağına qonaram,
    Öz ömrümə səni zirvə sanaram.
    Bilsəm sevirsən məni.

    Səhrana su, yağışına çətirəm,
    Çiynimə dağ yükləsələr, götürrəm,
    Xoşbəxtliyi ayağına gətirrəm,
    Bilsəm sevirsən məni.

    Yazılmısan yaddaşıma, yadıma.
    Qanadlannam göyün yeddi qatına.
    Ulduzlardan çələng hörrəm adına,
    Bilsəm sevirsən məni.

    Səni görcək uçunaram, əsərəm,
    Sənsiz keçən günlərimdən bezərəm,
    Səhərləri kirpiyinə düzərəm,
    Bilsəm sevirsən məni.

    1982

  • Namiq HACIHEYDƏRLİ.Yeni şeirlər

    Ölümə gedirəm

    Nələr çəkdiyimi bir Tanrı bilir,
    Durmuş başımızın oyaq üstündə.
    Köksümdə bir qəlb var, qəlbimdə min dərd,
    Dayanıb bircə cüt dayaq üstündə.

    Mənliyi, qüruru qoru həyatda,
    Əfəli, acizi sevmir həyat da.
    Yad qızıl axtarır yurdumun altda,
    Biz də günümüzü sayaq üstündə.

    Ay Namiq, bu dünya gəlməz amana,
    Meydan vermə, meydan oxu yamana,
    Sürünə-sürünə gəldim cahana,
    Ölümə gedirəm ayaq üstündə.

    Tikəmizin duzu yox

    Tikəmizin duzu yox,
    Şitlikdən yorulmuruq.
    Çalxalandıq yüz kərə,
    Arınıb-durulmuruq.

    Ömür yolumuz ağ qar,
    Həyatımız lal axar.
    Döyməli başımız var,
    Başımıza vurmuruq.

    Namiq, söz demək artıq,
    Söz kara gəlmir artıq.
    Yatsaydıq, oyanardıq,
    Ölmüşük ki, durmuruq.

    Gedirəm

    Cənnətlə cəhənnəm fərqi bilmədən,
    Tanrı sevgisində uyub gedirəm.
    Dağ boyda yığılan günahlarımı,
    Dəryaca qəmimlə yuyub gedirəm.

    Acından ölənə çörək deyiləm,
    Cahanda heç kəsə dirək deyiləm.
    Daha bir kimsəyə gərək deyiləm.
    Bu acı dəhşəti duyub gedirəm.

    Cahana sığmayan bir susmaz ünəm,
    Elə yanmadım ki, mən bir də sönəm,
    Azadlıq eşqilə alışır sinəm,
    Dünyanı bir məhbəs sayıb gedirəm.

    Dərd-kədər alsa da dörd bir yanımı,
    Təslim eyləmədim şərə canımı,
    Vermədim yellərə bircə anımı,
    İzimi, sözümü qoyub gedirəm.

    Tanrıya düz oldum, sevgimə sadiq,
    Yaşadım ömrümü, yaşıma layiq,
    Deməyin dünyadan tez getdi Namiq,
    Dünyadan, insandan doyub gedirəm.

    Sizi

    Verin dərdi dərd üstündən,
    Gülüb yandıracam sizi.
    Qanlı yaşı gözlərimdən,
    Silib yandıracam sizi.

    Həm savab, həm suçum ilə,
    Gedirəm qəm köçüm ilə,
    Dərdimi öz içim ilə,
    Bölüb yandıracam sizi.

    Şər işləri nə danmadız,
    Nə pislikdən usanmadız.
    Yaşadım, mənə yanmadız,
    Ölüb yandıracam sizi.

  • Kənan AYDINOĞLU.Seçmə şeirlər

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    ŞAİR OLMAĞIMA BİR ÖMÜR QALIB

    Bilmirəm,nə üçün doğulmuşam mən,
    Əldə kündə olub yoğrulmuşam mən.
    Çox çətin günlərdən yorulmuşam mən,
    Şair olmağıma bir ömür qalıb.

    Kədəri sevinclə görəndə birgə,
    Bəxtimin üstünə düşəndə kölgə,
    Gülüb şadlananda böyük bir ölkə,
    Şair olmağıma bir ömür qalıb

    Dünyanın sirrini aça bilmədim,
    Dərdlərin əlindən qaça bilmədim.
    Nə qol-qanad açıb uça bilmədim,
    Şair olmağıma bir ömür qalıb.

    VURĞUN

    Xalq şairi Səməd Vurğuna

    Başın ağrısa da, durmadı əlin,
    Yazdığın hər sözün qalandı, Vurğun.
    Vətənə sən dedin həmişə ana,
    Vətənin şairi balandı, Vurğun.

    Xalqına həmişə hörmət bəslədin,
    Hamını sənətə, şerə səslədin.
    Bu elə-obaya sən nur çilədin,
    Sənsiz hər bir vətən yalandı, Vurğun.

    Dirçəltdin şeiri torpağın kimi,
    Qoruyub saxladın ocağın kimi.
    Qədrini bilimisən bayrağın kimi,
    Adına tonqallar qalandı, Vurğun.

  • Milli musiqi günü münasibətilə Sumqayıtın uşaq musiqi və incəsənət məktəblərində bir sıra tədbirlər keçirilib

    https://a.radikal.ru/a09/1909/20/b10af7fe3d88.png

    Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Milli musiqi günü münasibətilə uşaq musiqi və incəsənət məktəblərində bir sıra tədbirlər keçirilib.

    Sumqayıt şəhər Q.Qarayev adına uşaq musiqi məktəbində keçirilən tədbirdə milli musiqimizin banisi Üzeyir Hacıbəyovun yaradıcılığı haqqında geniş məlumat verilib. Sonra məktəbin şagird və müəllim kollektivinin ifasında dahi bəstəkarın əsərləri dinlənilib. Konsertdə həmçinin, görkəmli bəstəkar Soltan Hacıbəyovun əsərləri də ifa edilib.

    Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbində keçirilən tədbirdə məktəbin tar, qarmon, klarnet, skripka şöbələrinin şagirdlərinin ifasında dahi bəstəkarın əsərləri dinlənilib. Tədbirdə həmçinin, “Ümüd” rəqs kollektivin ifasında milli rəqs nömrələri təqdim edilib.

    Sumqayıt şəhər F.Əmirov adına uşaq musiqi məktəbində də bayram tədbiri keçirilib. Belə ki, məktəbin “Xalq Çalğı Alətləri” orkestrinin ifasında dahi bəstəkarın “Koroğlu” operasından uvertura, “Arşın mal alan” operettasından müqəddimə, “Sənsiz” romansı, “Qaragöz” mahnısı və s. əsərləri ifa olunub.

    Sumqayıt Regional Mədəniyyət idarəsinin Mətbuat xidməti

    Mənbə: http://turkustan.info

  • Eldar Nəsibli SİBİREL.Seçmə şeirlər

    12962488_1518521525123844_528584684_o

    Nəyinə gərəkdir bu qəm, bu qəhər,

    Nəyinə gərəkdir bu qəm, bu qəhər,
    Ömrünə sevinctək gələ bilmədim.
    Gülüm, məni unut, unut birtəhər,
    Nəmli gözlərini silə bilmədim.

    Alışma od olmuş əzablarıma,
    Çıxar adımı da yadından belə.
    Mərhəmət hissini çəkib tarıma,
    Yox, yanma halıma, yanma bir gilə.

    Sinəmdə yüyürər, çapar ürəyim,
    Dağınıq fikrimtək yolu bilinməz.
    Buluda qoşulub uçar ürəyim,
    Yağdırar o yağış, dolu bilinməz.

    Külək ol, dağılsın külüm göylərə,
    Silinsin izim də, tozum da yerdən.
    Başını qaldırıb, gülüm, göylərə
    Baxma ki gözünə görünnəm birdən.

    Gözünə görünnəm, xəyalın çaşar,
    Səni ovutmağa gələ bilmərəm.
    Yerimə xatirəm dinər, danışar,
    Gəlib yaddaşından silə bilmərəm.

    1980

    HEÇ KƏS BU DÜNYANI
    TUTUB QALMAYIR

    Heç kəs bu dünyanı tutub qalmayıb,
    Hamının ömrünə gələndi ölüm.
    Zorla yaddaşlara yazılanları,
    Gəlib yaddaşlardan siləndi ölüm.

    Birinə evinin içi – Vətəndi,
    Birinə bu amal dərddi, sitəmdi.
    Dərdlinin – gözündə ağlayan qəmdi,
    Dərdsizin – gözündə güləndi ölüm.

    Yiyəsi tarixdir qızıl anların,
    Tarixi torpaqdır axan qanların,
    Xalqın ürəyində yaşayanların,
    Heykəli önündə öləndi ölüm.

    1977

  • İradə AYTEL.“Darıxmaqdan ölər adam!”

    Bilirsənmi, darıxmağın yöntəmini,
    İçin boyda çöl olarsan.
    Qaldırırsan saatları başın üstə
    Bir gecəni nuş etməyə yad gəzərsən,
    Çölündəki özgələrdə od gəzərsən,
    Çölündəki özgələrdən əl umarsan.

    Bilirsənmi,
    Darıxanda
    Bir baxışda min ah olar,
    Bir ümiddə neçə-neçə günah olar.
    Bilirsənmi, darıxanda cığır düşər
    yanağından bir işığa,
    o işıqda güzgülənər xəyal-xəyal sevişmələr,
    puçurlanar saçlarında bir gecənin min günahı,
    puçurlanar buxağında bir öpüşün
    bir ah boyda min tamahı.
    “Ah” səsinə bədən-bədən uçunarsan,
    bir ah boyda
    savab edən günahkarsan!

    Bilirsənmi,
    Darıxınca bir gecədən bir səhərə kölgə düşər,
    O kölgədən pəncərənə
    Neçə-neçə dalan düşər,
    şəhər düşər,
    ölkə düşər…
    Adam-adam, əlsiz-əlsiz
    qol açılar, əl uzanar,
    uzun-uzun yol yeriyən
    baxışların yerə düşər,
    bir ürəkdən,
    bir bədəndən,
    bir torpağa
    yol salınar.

    Bilirsənmi,
    darıxınca için-için sökülər,
    Göz yaşında gülər adam
    Bilirsənmi,
    Qara gecə bəyaz olar
    O bəyaza bükülər,
    Bir gecədə ölər adam!

    Bilirsənmi,
    darıxmaqdan ölər adam!
    Bilirsənmi,
    darıxmaqdan ölər adam!

    Mənbə: http://kultur.az

  • Azərbaycanın el şairəsi Güllər MƏMMƏDQIZI

    GüllərMƏMMƏDQIZI
    (Sadıqova)

    1928-ci ildə doğulduğu Kəlbəcərin Otaqlı kəndini itirdikdən sonra bədii yaradıcılığı ədəbi ictimaiyyətə daha çox məlum olan Güllər Məmmədqızının ürəyini kəlbəcərsizlik paralamışdı. Həkimlərinə, ona müvəqqəti sağlamlıq verənlərə şirin-şirin kəlmələr deyər, özünü onlara sevdirərdi. Dərdini punhan çəkməyi sevərdi. Çox gec bilmişdilər onun yaradıcılığı barədə. Əslində, qələmə aldığı nəğmə deyil, haray idi, fəryad idi. Nəvəsi Sənana gizlicə demişdi: «Bu yazıları məndən sonra bildirərsən atana». Amma onun «sirri» pünhan qalmayıb. Bu yazılarından hiss olunurdu ki, o, şeirin müxtəlif formalarına yaxından bələddir. Axı, o, uzun müddət, gənclik illərində rayonda kitabxanaçı vəzifəsində işləmişdi. Ona görə də klassik Azərbaycan ədəbiyyatına dərindən bələd idi. Kəlbəcərdən didərgin düşdükdn sonra Gəncənin Hacıkənd qəsəbəsində məskunlaşmışdı. Onu yazmağa vadar edən amillər təkcə həyatının amansız dönəmlərinin çox olması deyildi. O, gənclik illərindən şeirə-sənətə vurğunluğunu ailə sadətinə qurban vermişdir. Amma, bu, ötəri bir gənclik həvəsi və hissi olmadığından, yetmiş beş illik bir ömür yolunda ona dostluq və sirdaşlıq etmişdir.
    Güllər Məmmədqızı Kəlbəcərdə şeir yazan ilk qadın deyildi. Hələ ötən əsrin ortalarında Kəlbəcərin Ayrım bölgəsində, Lev kəndində anadan olmuş nakam taleli Aşıq Bəstidən bu yana neçə-neçə ağzıyaşmaqlı nənələr öz dövrünün mənzərəsini poetik dildə, xalq yaradıcılığı və klassik aşıq şeiri üslubunda yazıb-yaradıblar. Lakin o yerlərdə tərbiyə, əxlaq dərsləri imkan verməyib ki, hamısı da üzə çıxsın.
    Güllər Məmmmədqızının yaradıcılıq nümunələrinin əksəriyyəti Kəlbəcərdə qalıb. Toplanıb nəşr edilən şeirləri şairə xanımın son illər qələmə aldığı və şifahi söylədiklərindəndir.
    2001-ci ildə «Qəriblər ağısın oxuyan durna» adlı ilk şeirlər kitabı «Təfəkkür» nəşriyyatında nəşr edilib.
    Kəlbəcərli yüz şairin şeir nümunələrindən ibarət «Kəlbəcər dünyası: yüz şairin bir kitabı» antologiyasında onun da yaradıcılıq nümunələri verilmişdir. 2005-ci il may aının 03-də ürək çatışmazlığından vəfat etmiş Güllər Məmmədqızının ikinci kitabı («Orda açıb, burda solan bir güləm») 2006-cı ildə «Adiloğlu» nəşriyyatı tərəfindən çapdan buraxılmışdır.

    OĞUL

    Ömrün çoxu-azı olmaz,
    İnsan kimi yaşa, oğul.
    Hər doğulan yurdda qalmaz,
    Dön yurdunda daşa, oğul.

    Dolansan sən yurdda, eldə,
    Nəğməyə dönərsən dildə.
    Kişi kimi beş-on ildə
    Ucalarsan başa, oğul.

    Bir cüt gözüm, həm qolumsuz,
    Həm sağımsız, həm solumsuz.
    Qardaşım, həm cüt oğlumsuz,
    Daim olun qoşa, oğul.

    MƏNİM

    Gözlərimin qalmayıbdı qarası,
    Kəlbəcər əlimdən gedəndən mənim.
    Sızıldayır, qan ağlayır yarası,
    Kəlbəcər əlimdən gedəndən mənim.

    Duman-çiskin dağlarımı bürüyür,
    Dərd üstümə dəstə-dəstə yeriyir.
    Günü-gündən can-cəsədim əriyir,
    Kəlbəcər əlimdən gedəndən mənim.

    Güllərəm mən, dərd bəsləyir, əkirəm,
    Belə yükü görün necə çəkirəm?!
    Yaş nədir k, gözümədən qan tökürəm,
    Kəlbəcər əlimdən gedəndən mənim.

    MƏNİ DƏ YAZ

    Köçürüb gözünə Vətən yanğısın,
    Yaz, ay oğul, o kitaba məni də yaz.
    Dinlə bayatısın, bir də ağısın,
    Yaz, ay oğul, o kitaba məni də yaz.

    Yandırdılar imanımı, dinimi,
    Qaldırdılar asimana ünümü.
    Özün gördün Murovdakı zülmümü,
    Yaz, ay oğul, o kitaba məni də yaz.

    Kəlbəcərin tarixini soraqla,
    Taleyini səhifələ, varaqla,-
    Öyrənmisən, ya şam ilə, çıraqla,
    Yaz, ay oğul, o kitaba məni də yaz.

    Kim deyir ki, yurdu qoyub qaçmışam,
    Murovdağı sürünərək aşmışam.
    Tərtər olub, qışda da mən coşmuşam,
    Yaz, ay oğul, o kitaba məni də yaz.

    Gəlini olmuşam ulu ocağın,
    Xeyir-bərəkətli, dolu bucağın.
    Yamanca bağlanan yolu qucağın,
    Yaz, ay oğul, o kitaba məni də yaz.

    Yeddi ildir, qan tökürəm gözümdən,
    Tabım gedib, taqət düşüb dizimdən.
    Kəlbəcərin dərdi keçir üzümdən,
    Yaz, ay oğul, o kitaba məni də yaz.

    Güllərin dərdini qoşa yaz orda,
    Kəlbəcərdən öncə, başa yaz orda.
    Qayıtsan, adımı daşa yaz orda,
    Yaz, ay oğul, o kitaba məni də yaz.

    DURNA

    Dərdimi nəğmənlə çatdır dağlara,
    Qəriblər ağısın oxuyan durna.
    Çatarmı harayım ötən çağlara,
    Həsrətdən bir yuva oxuyan durna,
    Qəriblər ağısın oxuyan durna?!

    Söylə, qəriblərdən küsmüsənmi sən?!
    Onunçün aranı kəsmisənmi sən?!
    Kəlbəcərin üstündə əsmisənmi sən,
    Bu hicran nəğməsin oxu, yan, durna,
    Qəriblər ağısın oxuyan durna.

    Çəmənim, çiçəyim, gülüm-gülzarım,
    Güllərəm, çətin ki, düşə güzarım.
    Yetir Kəlbəcərə bu ahu-zarım,
    Daha düşüb o da məndən yan, durna,
    Qəriblər ağısın oxuyan durna.

    GÖR NEÇƏ İLDİ?!

    Oğlum Məhəmməd Nərimanoğluya

    Elə tamarzıyam dağ havasına,
    Uduram zəhəri gör neçə ildi?!
    Hamı çəkiləndə öz yuvasına,
    Açmıram səhəri gör neçə ildi?!

    Kəlbəcərsiz dözümə bax, yaşa bax,
    Min bir dərdə tab eləyən başa bax.
    Ömrə gələn çox vədəsiz qışa bax,
    Dolandıq sərsəri gör neçə ildi?!

    Yetimxana, yardım payı, təsaddıq,
    Tanımazdıq, tanıtdılar, biz «daddıq».
    Qəriblikdə ömrü yaman uzatdıq,
    Görmürük Tərtəri gör neçə ildi?!

    Oğul-uşaq bir-birindən aralı,
    Hamısı da sinəsindən yaralı.
    Gül rəngimiz xəzan kimi saralı,
    İtirdik təpəri gör neçə ildi?!

    Güllər kimi xəstəhallar az deyil,
    Kəlbəcərsiz ömrə gələn yaz deyil.
    Sızıldayan kaman deyil, saz deyil,
    Köklənmir telləri gör neçə ildi?!

    Hacıkənd, 2003.

  • Görkəmli Azərbaycan şairi İbrahim SƏFƏRLİ.

    İbrahim SƏFƏRLİ (Sadıqlı İbrahim Nəriman oğlu) 1961-ci ildə Kəlbəcər rayonunun Otaqlı kəndində anadan olub. Kəlbəcər şəhər 1 saylı orta məktəbini bitirdikdən sonra Rusiyanın Penza şəhərində Penza İnşaat Mühəndisləri İnstitutunun mülkü tikinti fakültəsini bitirib.
    Uzun müddət Kəlbəcər rayon Aşıq Şəmşir adına mədəniyyət evində ədəbi işçi, bədii qqiraətçi vəzifəsində çalışıb. Bədii qiraət ustası kimi tanınan İbrahim Səfərli o zamanlardan dövri mətbuatda şeir və yazıları ilə çıxış edib. «Yenilik Press» və «Yeni bəşər» qəzetlərinin Gəncəbasar üzrə bölgə müxbiri vəzifələrində çalışıb. Hazırda Kəlbəcər rayon Dövlət Arxivinin müdiri, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
    Şeirləri 2005-ci ildə çapdan buraxılmış «Kəlbəcər dünyası: yüz şairin bir kitabı» antologiyasında dərc edilib. 1998-ci ildə «Gənclik» nəşriyyatında çapdan buraxılmış «Qanlı köynəklər» adlı şəhidlər kitabının və 2009-cu ildə «Adiloğlu» nəşriyyatının buraxdığı «Məhəmməd Nərimanoğlu: Ömrüm kitab ömrü» toplusunun tərtibçi həmmüəllifidir.
    Evlidir, üç uşağı (Samirə, Güllər və Ələkbər), bir nəvəsi var.

    KƏLBƏCƏR

    Ayrılığın bir dərd olub sinəmə,
    Bu niskili necə yazım, Kəlbəcər?!
    Düşüb boranına, çovğununa mən,
    Murovda, Keytidə azım, Kəlbəcər.

    Bağlanıb yolların, ellər aralı,
    Həsrətdən çəməndə güllər saralı.
    Oxumur bülbüllər, dillər yaralı,
    Girovdu sədəfli sazım – Kəlbəcər.

    Əlim ətəyindən üzülü qalıb,
    Sinəmdə dağ-düyün düzülü qalıb.
    Qönçəsi açılmır, büzülü qalıb,
    Şirin ləhcəm, xoş avazım – Kəlbəcər.

    Nazını çəkmədik çiçəyin, gülün,
    Bir ağır mahalın, bir ağır elin.
    Düşdük girdabına biz daşqın selin,
    Gəlməyəydi bax o yazın, Kəlbəcər.

    GÖRƏSƏN

    Yazdığım misralar qəm-kədər yükü,
    Sonu puç sevdanın boş, hədər yükü.
    Budur tale yükü – bu qədər yükü…
    Ümidli bir şeirim varmı görəsən?

    Sualı verən kim, cavab verən kim,
    Mənim dərdlərimi axı, görən kim?
    Bir ümid əkdim ki, ümid dərəm ki,
    Ümidli bir şeirim varmı görəsən?

    Baxma dən düşməyib hələ başıma,\
    Cavan sayma məni, baxıb yaşıma.
    Demə ki, daşürək çıxıb qarşıma,
    Ümidli bir şeirim varmı görəsən?

    İbrahim Səfərlinin sual-cavabı,
    Almasın ürəkdən dözümü, tabı.
    Yazıram, dadılsın sevincin dadı,
    Ümidili bir şeirim varmı görəsən?

    DEYİM

    Qardaşım Məhəmməd Nərimanoğluya

    Əziz qardaş, qönçə gülüm,
    Qismət oldu xara, deyim?!
    Yad olubdu qohum-qardaş,
    Yox dərdimə çara, deyim?!

    Xoş günü yox qürbət elin,
    Doğma yurdun qədrin bilin.
    Səsi yox Sarı bülbülün,
    Bəlkə dərdin sara deyim?!

    Ömrün yetkin çağlarında,
    Soldu bağça, balarım da,
    Bir ehtiyac dağlarında
    Yaman düşdüm dara deyim.

    İbrahimi əzəl gündən
    Fələk salıbdı nəzərdən?!
    Bəlkə Allah qəzbindən
    Olub bəxtim qara, deyim?!

    Penza, 1990

    YAMAN YAŞADIM

    Qaçqınam, köçkünəm, bilmirəm kiməm,
    Bilirəm yamandan yaman yaşadım.
    Nə vardı çiynimə şələ yükləyim,
    Qəlbimdə dərd-qəmi haman daşıdım.

    Elim vardı – urvatlıydı əzəldən,
    Yaylaqlarda yatağımız xəzəldən.
    Perik düşdü cavanları gözəldən,
    Baba olub indi mənim yaşıdım.

    Nə çəmən var, nə çiçəyi, nə gülü,
    Ömür keçir hey yuxulu, mürgülü.
    Bir daşım da qalmayıbdı hörgülü,
    Öz əlimlə taxt-tacımı aşıdım.

    Çiçəklərdən ətrini alırmı arı,
    Getməmiş Qarnağın xarramış qarı?!
    Ömrümüz olubdu günbəgün yarı,
    Qalmayıbdı nə sevincim, nə şadım.

    İbrahimi yesir saydı gədələr,
    Dözəmmədi, dözəmməzdi dədələr.
    Saralarmı nadan vuran zədələr?!
    Pak ruhumu bədənimdən boşadım.

    AĞLAMA

    Yaman günün ömrü azdır, ay ana,
    Belə qalmaz, ötüb-keçər, ağlama.
    Kəlbəcər elinə zülm eyləyən
    Əcəl şərbətini içər, ağlama.

    Altun sarayların şamın söndürən,
    Neçə zülmkarı dilə gətirən,
    Fironu taxtından vaxtsız endirən
    Yaxşını yamandan seçər, ağlama.

    Bir elin varına göz dikənləri,
    Nahaqdan torpağa qan tökənləri,
    Saxta var-dövlətlə ev tikənləri
    Zaman dəryazıyla biçər, ağlama.

    İbrahim, Fələyin budur gərdişi,
    Düşməsin heç kimin tərsinə işi.
    «Günü günortadan qaytaran kişi»,
    Bir qapı bizə də açar, ağlama.

    Hacıkənd, 1994

    GECƏLƏR

    Tənhalığın şəkilini mən necə,
    Qalmasaydım, çəkərdimmi gecələr?!
    Ömürdən tək bircə xatirə qalar,
    Qovuşsa həsrətlə vüsal gecələr.

    Lal duyğular dil də açar, dillənər,
    Dərdlər cövlan edər, zilə zillənər.
    Kədər hücum çəkər elə, sellənər,
    Həsrət donlu, baxışı lal gecələr.

    Ay qaranlıq, çay da axır aramla,
    Çarpışıram, vuruşuram yaramla.
    İbrahiməm, Xan Çoban tək Saramla,
    Üzür bizi belə bihal gecələr…

    ALA GÖZLƏRİN

    Bir xəyal çeşməsi durulub orda,
    Könlümdən süzülə ala gözlərin.
    Necə qıyım, sınıq könlüm dözərmi,
    Ömürlük yollarda qala gözlərin?!

    Yarın həsrəti də yara yaradı,
    Düşməz dildən yar sevdası, yar adı.
    Bu məhəbbət, yarım, bil ki, yaradı,
    Uzanmasın çox da yola gözlərin.

    Həyatımı verdim sən gözələ, sən,
    Sağalar yaralar, sən gözələsən.
    Vüsal leysanını sən döz, ələ, sən,
    İbrahimi salar belə hala gözlərin.

    AYRILIQ

    Vətənə eşq dedim, ürəyə möhnət,
    Kəsildi ömrümə yağı ayrılıq.
    Nə gözdə nur qaldı, nə dizdə taqət,
    Çəkibdi sinəmə dağı ayrılıq.

    Çəmənə şeh düşmür, dağlara qırov,
    Hürküb bərəsindən, görünmür bir ov.
    Kəkliklər qayada, daşlarda girov,
    Meyvədən salıbdı bağı ayrılıq.

    Millət qara gündə, yas içindədi,
    Zamana uğursuz tas içindədi.
    Bənövşə gizlənib, kol-kos içindədi,
    Qorxur ki, tapdaya yağı, ayrılıq.

    Lalə, nərgiz, lilpar, maralçiçəyi,
    Olublar həmişə dağlar göyçəyi.
    Saralıb çəməndə gülün ləçəyi,
    Unudulub ötən çağı, ayrılıq.

    Ətək-ətək qırxbuğumu, yarpızı,
    Toplayardı Kəlbəcərin hər qızı.
    İbrahimə loğman olub qar-buzu,
    Tapdanmamış bir də tağı, ayrılıq.

    Hacıkənd, 1994

    ANA

    Ömür boyu qəmli gördüm üzünü,
    Bircə yolsa üzün gülmədi, ana.
    Qəm-qüssəli, məşəqqətli günlərin
    Fələk taleyindən silmədi, ana.\

    Sənsiz açılmayır gecəm sabaha,
    Qalmadı ümidim, pənahım daha.
    Çox yalvardım, çox yaxardım Allaha,
    Dərdini mənimlə bölmədi, ana!

    Pərinin dərdini çəkirdin elə,
    Öz halın düşmədi bəs niyə dilə?!
    Açıldı gül üzün, sevindin hələ,
    Dağlara hay-haray gəlmədi, ana!

    Minayəni düşünürdün, anırdın,
    Sən Zöhrənin taleyinə yanırdın.
    Mahirəni hey kimsəsiz sanırdın,
    Sənin yoxluğunu bilmədi, ana!

    Yurdsuzluq qəlbində yuva bağladı,
    Dağ çəkib sinəmə dağın dağladı.
    İbrahim sənin tək – dilsiz ağladı,
    Ölmədi, ölmədi, ölmədi, ana!

    Hacıkənd 3 may 2005-ci il.

    AĞLADI

    Dərddən qala qurdu anam, bir qala,-
    Kimsəyə açmadı, pünhan ağladı.
    İtkin qardaş, xəstə ata dərdinə
    Cahanda tapmadı dərman, ağladı.

    Cismini didirdi keçmişin dərdi,
    Həsrət becərəndən dərd əkdi, dərdi.
    Daldada sızladı, üzdə kiridi,
    Etdi könülləri viran, ağladı.

    Bir yandan yandırdı yurdun həsrəti,
    Getmədi üzündən abır, isməti.
    Bu imiş yəqin ki, köçkün qisməti,
    Qürbət məzar oldu, üryan ağladı.

    Yaş tökürdü, el eşitsə sözünü,
    Görən dedi: «keçirmisən yüzünü?»
    Qəm-qüssəli, nəmli görən gözünü\
    İtirib dözümün hər an ağladı.

    İbrahimin çox çəkmişdi arzusun,
    İstəmişdi Tanrısından ruzusun.
    Qismət imiş qərib məzar qazılsın,
    Kənddə qalan bağlı Quran ağladı,
    Can, ay ana, tufan, boran ağladı..

    03 may 2005-ci il.

    AĞILAR-BAYATILAR

    Bir qara yel əsdi, hey,
    Ümidimi kəsdi, hey!
    Samirəsiz gəlmişəm,
    Anam məndən küsdü, heyy!

    Eləmi hər ayı,
    Sızıldaram hər ayı.
    Sənə yetmir, ay ana
    Gülbənizin harayı…

    Anamı anan ağlar,
    Həm Sənan, Kənan ağlar.
    Ələkbəri, Gülüsü,-
    Canından yanan ağlar.

    Qətibən qalıbdı yetim,
    Olmaz belə ölüm-itim.
    Sən gedəli, ay ana,
    Küskünləşib sənətim.

    Qara bulud gəldi hey,
    Səmaları dəldi, hey!
    Qan ağlayan, yaş tökən,
    Tək gəzdiyin çöldü, heyy!

    Yardıma əl açmadın,
    Qızılgül tək saçmadın.
    Sinən dolu getmisən,
    Neçə ağı qoşmadın.

    Eləmi qara yaz,
    Al qələmi, qara yaz.
    Çoxuna güllü bahar,
    Bizə gəldi qara yaz.

    Ana – Vətən qoşadı,
    Ömürlük baş-başadı.
    Hər ikisin itirdik,
    Ümidlər göz yaşadı.

  • Görkəmli Azərbaycan şairi Məhəmməd NƏRİMANOĞLU

    1957-ci il fevral ayının 18-də Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Otaqlı kəndində anadan olub. 1974-cü ildə Kəlbəcər şəhər 2 saylı orta məktəbini, 1982-ci ildə Gəncə Politexnik Texnikumunu, 1990-cı ildə M.A. Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini, 1993-cü ildə Jurnalist Peşəkarlığı İnstitutunu bitirmiş, ixtisaca rejissor-jurnalistdir.
    Hal-hazırda Azərbaycan MEA-nın Ədəbiyyat İnstitutunun dissertantıdır. 1987-ci ildən 1993-cü ilədək Kəlbəcərdə çıxan «Yenilik» qəzetində ədəbi işçi, müxbir, şöbə müdiri, məsul katib, 1993-95-ci illərdə «Respublika», 1995-2000-ci illərdə «Yeni Azərbaycan» qəzetlərində məsul katib, 2000-2003-cü illərdə «Gələcək», «7-ci qitə», «Yeni bəşər» və «Ozan» qəzetlərində redaktor və baş redaktor vəzifələrində çalışmış, 2003-cü ildən 2010-cu ilin aprel ayınadək Dövlətqaçqınkomun orqanı olan «Vətən səsi» qəzetinin şöbə müdiri vəzifələrində, həmin vaxtdan Azərbaycan Respublikasının Milli Məclisinin orqanı olan, rəsmi dövlət qəzeti – «Azərbaycan»da çalışır.
    Ədəbi yaradıcılığa orta məktəb illərindən başlayıb, dövri mətbuatda məqalələrlə müntəzəm çıxış edib.
    1994-cü ildə ilk kitabı («Dağların sinə dağı», «Azərbaycan» nəşriyyatı), 1995-ci ildə «Yurd göynərtisi» («Azərbaycan» nəşriyyatı), 1996-cı ildə «Ümid işığı» («Səda» nəşriyyatı), 1998-ci ildə «Dədə ocağı», «Qanlı köynəklər», «Qiyamətə qalan qisas» («Gənclik» nəşriyyatı) 2001-ci ildə «Kəlbəcər- Azərbaycanın qala qapısı», «Şərəfli ömürlərin işıqlı yolları» («Təfəkkür» nəşriyyatı), 2005-ci ildə «Kəlbəcər dünyası: yüz şairin bir kitabı», 2006-cı ildə «Kəlbəcər: sazın-sözün harayı», 2008-ci ildə «Heydər Əliyev: Astara – Azərbaycanın cənub mirvarisi», 2009-cu ildə «Türklərə qarşı törədilmiş erməni terrorunun qısa xronikası», 2010-cu ildə «Kəlbəcər dünyası: folklor nümunələri», beş dildə (Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində) «Ağdaban faciələri» və «Kəlbəcər – təbii sərvətlər və möcüzələr diyarı», «Kəbədə möcüzə» (Bakı, «Adiloğlu», 2010) kitabları kütləvi tirajla nəşr edilmişdir.
    Yüzlərlə kitabın naşiri və redaktorudur. Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Mətbuat Şurasının üzvüdür.
    Ailəlidir, həyat yoldaşı Sadıqova Gülbəniz Vəli qızı xeyli müddət müxtəlif redaksiyalarda çalışmışdır, hazırda evdar qadındır.
    İki oğlu (Sənan Sadıqzadə Azərbaycan Texniki Universitetini bu il bitirib, hazırda hərbi xidmətdə zabit kimi xidmət edir, Kənan Sadıqzadə isə Azərbaycan Texnologiya Universitetinin III kurs tələbəsidir) var.
    Ailəsi Kəlbəcərin Ermənistan tərəfindən işğal olunduqdan sonra Bakı şəhərinin Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində müvəqqəti məskunlaşmışdır.

    KƏLBƏCƏRİMİN

    Əzəldən yaranıb hüsnü-tamaşa,
    Vurğunam qışına Kəlbəcərimin.
    Sübhün işığından axşam çağına
    Dolanam başına Kəlbəcərimin.

    Heyranam, vurğunam bulağa, çaya,
    Aran haraylayır, tələsir haya.
    G/öylərə ucalan min-min sal qaya,
    Yaşıddı yaşına Kəlbəcərimin.

    Baldı dodağımda şirin ləhcəsi,
    Tarixdir, muzeydir hər bir guşəsi.
    Məhəmməd, dövranın, zamanın səsi
    Yazılıb daşına Kəlbəcərimin.

    DAĞLARI

    Dədə Şəmşir, bilirsənmi gül açmır,
    Xəzan vurub bahar çağı dağları?!
    Balaları şirin-şəkər dil açmır,
    Bürüyübdü fəryad, ağı dağları.

    Köç eyləyib, ellər səndən aralı,
    Sinəsindən çalın-çarpaz yaralı.
    Alıbdı nişana körpə maralı,
    Salıbdı kəməndə yağı dağları.

    Məhəmmədəm, ocağım yox bu yanda,
    Qılınclar yamanca pas atır qında.
    Hər «Novruz» günündə, bayram ayında
    Dağlayır sinəmin dağı dağları.

    HAYANA

    Kəlbəcərdən özgə diyar görmədim,
    Nəzər saldım nə zamandı ha yana.
    Odu qalmaz hər doğulan övladın,
    Yad ocaqda ha alışa, ha yana.

    Çox dözmüşəm, əzab verib and içə,
    Oğulsansa, bu torpağa and iç, ə!
    Oğul odu el başına and içə,
    Qeyrətindən kömək uma, hay ana.

    Bu sinəmdə bir düyün var – yarandı,
    Həsrətimi andısa da, yar andı.
    Dərd köksümdə yara üstə yarandı,
    Məhəmmədəm, verəmmədim hay, ana!

    DÜZ ON ÜÇ İLDİ

    Xəyalıyla qovrulduğum yurdum
    Açılmır səhəri düz on üç ildi.
    Yəhərsiz-yüyənsiz, həm də ki, nalsız
    Minilir kəhəri, düz on üç ildi.

    İzim düşmür cığırına, yoluna,
    Meşəsinə, talasına, koluna.
    Tamarzıyıq pətəyində balına,
    Dadırıq zəhəri düz on üç ildi.

    Zəngilan, Qubadlı, xan Şuşam hanı?!
    Batdımı Ağdamın, Laçının qanı?!
    Cəbrayıl, Füzuli… neçədi sanı?!
    Dağılıb məhvəri düz on üç ildi.

    Məhəmmədə hücum çəkir dərd-qada,
    Həsrətdi bir isti ocağa, oda.
    Qalıbdı yağıya, quldura, yada,
    Neçə ləl-kövhəri düz on üç ildi.

    Bakı, 2006

    YAVAŞ-YAVAŞ

    Ömür-gün yoldaşım Gülbəniz xanım Vəli qızına

    Siz gedəli könlüm gülü saralır,
    Alır bağça-bağı qış yavaş-yavaş.
    Ağıl çaşıb, hövsələ də daralır,
    Süzülür eynimdən yaş yavaş-yavaş.

    Vədəni uzatdın həftədən aya,
    Ötən hər anları düzürəm saya.
    Ürək tablaşarmı bu ahı-vaya?!
    Bağladın bağrına daş yavaş-yavaş?!

    Könlümün gülüsən – güllü bənizim,
    Ayrılıqdan istəyirsən mən bezim?
    Həsrətin üzübdü canı, əzizim,
    Gəl, uca dağları aş yavaş-yavaş.

    Ocağımın odu sönüb havaxdan,
    Bərəkəti yoxa çıxıb tavaxdan.
    Məhəmmədin gözü yolda savaxdan,
    Deyəsən, oluram çaş yavaş-yavaş.

    ÖMRÜMÜN KÖÇKÜN İLLƏRİ

    Gözlərimin yaşındadı,
    Ürəyimin başındadı.
    Erkən gələn qışındadı,
    Ömrümün köçkün illəri.

    Yaşdandı,
    Gözüm yaşla yaşdandı.
    Qəmnən cığırlandı üzüm,
    Dedilər ki, yaşdandı.

    Nə yaman ağrılı imiş,
    Yarama naşımı dəymiş?!
    Yardımlardan libas geymiş
    Ömrümün köçkün illəri.

    Odu söndü,
    Ocağın odu söndü.
    Bacarırsan sinəmdən
    Sən qalxan odu söndü.

    Odu sönən ocaqdı ki,
    Bir körpəsiz qucaqdı ki,
    Bərəkətsiz bucaqdı ki,
    Ömrümün köçkün illəri.

    Sındı əyilmdə piyalə,
    Eşidilməz bu ah-nalə.
    Çoxmu uzanacaq hələ
    Ömrümün köçkün illəri?!

    Dərdə məni,
    Tuş etdin dərdə məni.
    Dərdindənmi, ay ana,
    Bükürdün dərdə məni?!
    Məhəmmədə verib dərdi,
    Bircə-bircə uddu mərdi.
    Başdan-başa dərddi-sərdi,
    Ömrümün köçkün illəri.

    Dərd əməni,
    Üzübdü dərd, ə, məni.
    Baxışından tanıram
    Qəm içib, dərd əməni.

  • Görkəmli Azərbaycan şairi Oqtay RZA

    Rzalı Oqtay Məhərrəm oğlu (Oqtay Rza) — azərbaycanlı şair, 1981-ci ildan Azərbaycan Yazıçılar Birliyinin üzvü, Mikayıl Müşfiq və “Qızıl qələm” mükafatları laureatı.

    Həyatı
    Oqtay Rza 1934-cü il noyabrın 2-də Azərbaycanın Salyan rayonunun Qalalı kəndində anadan olmuşdur. Arbatan kənd yeddiillik məktəbini bitirib Salyan şəhərindəki Nizami adına orta məktəbdə təhsilini davam etdirmişdir (1948-1951). Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfıyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib geoloq ixtisası almışdır (1951-1956). Əmək fəaliyyətinə Bayıldakı Neft və Qazçıxarma İdarəsinin 5 saylı mədənində başlamışdır: operator, baş operator, neftçıxarma ustası olmuşdur (1956-1961). Elmi-tədqiqat işi müdafıə edib geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Azərbaycan KP MK yanında ikiillik marksizm-leninizm universitetini fərqlənmə diplomu ilə bitirmişdir (1980). N.Tusi adına APİ-nin ümumi coğrafıya kafedrasında müəllim, baş müəllim (1966-1969), hazırda isə dosent işləyir (1971-cı ildən). Bakı Sovetinin deputatı seçilmişdir (1959-1960).

    1961-ci ilin noyabr-dekabr aylarında Ümumdünya Həmkarlar İttifaqları Təşkilatının Moskvada keçirilən 5-ci konqresində sovet nümayəndə heyətinin tərkibində iştirak etmişdir.

    “Bir may” adlı ilk şerini yeddiillik məktəbdə oxuyarkən yazıb “Sosializm yolu” rayon qəzetində dərc etdirmişdir. Həmin vaxtdan poetik yaradıcılıqla müntəzəm məşğul olur, bədii tərcümələr də edir. Dünya xalqlarının ədəbiyyatından tərcümələri dövri mətbuatda müntəzəm çap olunur.

    Əsərləri xarici mətbuatda dərc edilmişdir. “Kamennıy Svetilnik” şerlər toplusu 1987-ci ildə Moskvada kütləvi tirajla buraxılmışdır.

    18 avqust 2019-cu ildə vəfat etmişdir.

    Əsərləri

    Torpağı dinləyirəm. Bakı: Gənclik, 1970, 24 səh.
    Ürəyimi oxuyun. Bakı: Gənclik, 1975, 80 səh.
    Hara gedirəmsə. Bakı: Gənclik, 1980, 66 səh.
    Yasəmən çiçəkləyəndə. Bakı: Yazıçı, 1981, 90 səh.
    Daş çırağın işığında. Bakı: Gənclik, 1983, 168 səh.
    Fəsil dəyişəndə. Bakı: Yazıçı, 1986, 112 səh.
    Günəşin adından. Bakı: Yazıçı, 1991, 140 səh.
    Vətən, yas saxlama. Bakı: Şur, 1993, 32 səh.
    Adlı, ünvanlı misralar. Bakı: Azərnəşr, 1999, 334 səh.
    Seçilmiş sətirlərim. Bakı: Azərnəşr, 2001, 264 səh.
    Dördlüklər. Bakı: Gənclik, 2004, 200 səh.
    “Rübai karvanı – dördlük çələngi”. Bakı: Yazıçı, 2011. 188 səh.

  • Namiq HACIHEYDƏRLİ.”Xalq yazıçısı Anarın “istiqamətverici” sözü və ya Oqtay Rzanın son zəngi”

    Oqtay Rza ilə tanışlığımız 1993-cü ildən başladı. O zaman Oqtay Rzanın da çalışdığı Azərbaycan Dövlət Pedaqoji Universitetində 1-ci kursda oxuyurdum. Amma bizim qrupda yox, Coğrafiya fakültəsində dərs deyirdi. Mənimlə eyni kursda Coğrafiya fakültəsində oxuyan xeyli tanışlarım və dostlarım vardı. Oqtay Rzanın dərslərindən, dərs zamanı söylədiyi poeziya nümunələrindən ağızdolusu və həvəslə danışırdılar. Dərslərində ayrı-ayrı çaylar, dənizlər, dağlar, ölkələr haqqında şeir deyə-deyə, əslində, tələbələrdə poeziyaya böyük sevgi hissinin yaranmasına rəvac verirdi. Odur ki, onun tələbələri arasında poeziyasevərlərin sayı daha çox olardı. Tədris ilinin başladığı günlərdən tələbələri ondan o qədər böyük həvəslə söz açdılar ki, ən qısa zamanda Oqtay müəllimlə yaxından tanış olmaq, söhbətləşmək istədim. İlk fürsətdə yaxınlaşdım, tanış olduq, söhbətləşdik. Sonralar tez-tez həmsöhbət olurduq. Əlyazma şəklində təqdim etdiyim şeirlərimi oxuyub fikrini deyər, düzəlişlər edərdi. Bu bizi doğmalaşdıran məqamlardan biri idi. Nə danım, bizi doğmalaşdıran digər amil isə eyni torpaqda doğulub boya-başa çatmağımız idi.

    Oqtay Rzanı yaxından tanıyanlar bilir ki, onun yaradıcılığında ithaf şeirləri xüsusi yer tutur. Belə ithaflardan birini də tanış olduğumuz ilk vaxtlarda – 1993-cü ildə mənə yazmışdı. Cəmi 2 misra olan həmin şeir belə idi:

    Namiq! Xoş, mənalı ömür sürəsən!

    Mənim vətənpərvər eloğlum, əhsən!

    Sonralar birlikdə dəfələrlə səfərlərdə və eyni məclislərdə olduq. İllər keçdikcə bir-birimizə daha da doğmalaşdıq. 1999-cu ildə Azərbaycan Yazıçılar Birliyinə üzvlük üçün sənədlərimi hazırlayanda haqqımda zəmanət yazan 3 ədəbiyyat adamından biri də Oqtay müəllim oldu (digərləri İmamverdi Əbilov və Əjdər Ol idi).

    Oqtay Rza iştirak etdiyi bütün məclislərdə xoş ovqat yaratmağı bacarırdı. O bunu süni şəkildə etmirdi. Hazırcavablıq, baməzəlik, nikbin ovqat və ən əsası səmimiyyət onun təbiətində idi. Onunla birlikdə keçirdiyim səfərlər, görüşlər mütləq hansısa xoş bir əhvalatla yadda qalırdı. Elə bu yazımda da Oqtay Rza ilə bağlı uzun-uzadı danışıb oxucunu yormaq fikrində deyiləm, onunla bağlı yaddaşıma həkk olan çoxsaylı əhvalatlardan üçünü yazmaq istəyirəm;

    Birinci əhvalat 2008-ci ildə Salyanda olmuşdu.

    2008-ci il iyulun 11-də Salyanda Azərbaycan Yazıçılar Birliyi Muğan bölməsinin təsis konfransı oldu. AYB-nin sədri, xalq yazıçısı Anar, xalq şairi Fikrət Qoca, AYB Mətbuat Xidmətinin rəhbəri, şair Ədalət Əsgəroğlu, yazıçı Elçin Hüseynbəyli və digərləri ilə bərabər Oqtay Rza da Salyana konfransa gəlmişdi. Təvazökarlıqdan uzaq çıxmasın, AYB Muğan bölməsi şəxsən mənim təşəbbüsüm və bu yöndə ciddi çalışmalarım sonucunda meydana gəldiyi üçün konfransda Anar müəllim sədrliyə mənim namizədliyimi irəli sürdü. 2015-ci ilə qədər bölmənin rəhbəri oldum. Konfransdan qayıdanda Salyanda yol kənarındakı restoranlardan birində oturub çörək yedik. “Yerli xalqın nümayəndəsi” kimi ilk badəni Oqtay Rza qaldırdı, qonaqlara “xoş gəldin” elədi, ilk sözü Anar müəllimə verdi və masa ətrafında əyləşənlərə birinci badəni xalq yazıçısı Anarın sağlığına içməyi təklif elədi. Ümumiyyətlə, demək olar ki, məclisi sona qədər Oqtay Rza idarə edir, növbə ilə qonaqlara söz verirdi. Maraqlı məqam isə məclisin sonuna yaxın yaşandı. Artıq xeyli içmiş, kefi daha da kökəlmiş Oqtay Rza içkini sonuncu badəyə süzüb, ucadan, bir qədər də pafosla, “Həzərat! Təklif edirəm ki, axırıncı sağlığı da Anar müəllim söyləsin. Qoy, o bizə istiqamətverici bir söz desin”, – dedi.

    Anar müəllim təmkinlə badəni qaldırıb, həmin “istiqamətverici” sözü dedi:

    – İstiqamətverici söz kimi onu deyə bilərəm ki, burdan durandan sönra istiqamətimiz Bakıya tərəf olacaq!

    İkinci əhvalat bundan 10 il sonra, 2018-ci ildə baş verdi. AYB-nin Natəvan klubunun giriş qapısında tədbirdən çıxan qocaman şairimiz Oqtay Rza ilə rastlaşıram. Qısa hal-əhvaldan sonra xeyli müddətdi işsiz olduğumu bildiyi üçün soruşur:

    – Hacıheydərli! İşləyirsənmi?

    – Yox, Oqtay müəllim! Hələ ki işsizəm – deyincə, 85 yaşın içində olan şairin yarızarafat, yarıciddi cavabı çox maraqlı oldu:

    – Eybi yoxdu, ürəyinə salma, elə mən də işləmirəm…

    Üçüncü əhvalat isə 1-2 ay əvvəl olmuşdu. Zəng eləmişdi. Xeyli danışdıq, dərdləşdik. Bəzi doğma bildiyi, umduğu insanlardan incikliyini ifadə etdi. Eşidibmiş ki, artıq Qaradağ rayonunda işləyirəm. Söhbət əsnasında bu mövzuya toxundu:

    – Ustad! (Bu onun tez-tez işlətdiyi müraciət formalarından biri idi). Eşitdim Qaradağ rayonunda işləyirsən.

    – Düzdü, Oqtay müəllim – dedim.

    Hər 3 adda Qara sözünü xüsusi vurğulayaraq:

    – Maraqlıdı ee – dedi – Qaraçalada doğuldun, Qaraçuxurda yaşayırsan, Qaradağda işləyirsən…

    – Tanrının izni ilə növbəti hədəfim Qarabağdır! – dedim.

    – Pəh! Əla! Nə gözəl dedin! Ustad! Vaxt eliyək görüşək! Sağ ol! – dedi.

    …Amma bir daha görüşə bilmədik. Bu, Oqtay Rza ilə aramızda olan son söhbət, son zəngləşmə və son dərdləşmə oldu.

    Ruhun şad olsun, Oqtay müəllim!

    27 avqust 2019-cu il

    Mənbə: http://edebiyyatqazeti.az

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    BU GECƏ

    Gəl eyləmə aşiqini, gülüm pərişan, bu gecə.
    Gəl eyləyim bu canımı, mən sənə qurban, bu gecə.

    Sən olmasan neyləyərəm, qəlbim od tutub alışar,
    Məni dərdə, qəmə salır ayrılıq, hicran, bu gecə.

    Gəl könlümü şad eylə sən, nura boya yeri-göyü,
    Qoyma gülüm aşiqini, qoyma nigaran, bu gecə,

    Sən günəşim, sən ayımsan, sənsiz dünya nəyə lazım,
    Gəl evimi, otağımı eylə çıraqban, bu gecə,

    Güldən ötrü nalə çəkir, sübhə qədər şeyda bülbül,
    Bülbül belə ağlayırsa, neyləsin insan bu gücə.

    Əziz Musa sevir səni, pərvanə şam sevən kimi,
    Gəl başına dönüm sənin, ol mənə mehman bu gecə.

    DÜZ ADAM

    Düz elə düzdə də qalar,
    Dərd-qəmdən saralıb, solar
    Gözü bulud kimi dolar,
    Dərisi soyulan düzün.

    Bu dünyanın gözü kordu,
    Zalımların işi zordu,
    Fələklər ümidin qırdı,
    Gözləri ovulan düzün.

    Əyrilər düzlərdən çoxdu,
    Yalan sinə deşən oxdu,
    Əlindən tutanı yoxdu,
    Dizləri əyilən düzün.

    Gecələr bir yuxu yatmaz,
    Səsi yatanı oyatmaz,
    Bir kimsə hayına çatmaz,
    Elə hey döyülən düzün,

    Danışmaqdan batar səsi,
    Gözündə qalar həvəsi,
    Eşidilməz ah-naləsi,
    Hər zaman söyülən düzün.

  • Kənan AYDINOĞLU.Seçmə şeirlər

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    TARİXİN ÖZÜ DƏ ŞAHİD OLUBDU

    Halaldan danışan yalançı molla,
    Eşitdim məclisdə yaman qusubdu.
    “İstiqlal”, “Azadlıq” söyləyən millət,
    Danışmır, dinməyir, niyə susubdu?!

    Olmaya onun da gödək dilini,
    Kəsib doğrayıblar ölülər kimi.
    Dərdini özgəyə deməsin deyə,
    Damğa vurubdular dəlilər kimi.

    Halbuki, əslində döyüşən millət,
    Can verib, qan töküb bu Ana yurdda.
    Deyərdim, onlarda olan cəsarət,
    Bəlkə tapılmazdı şahində, qurdda?!

    Tarixin özü də şahid olubdu ,-
    Axan göz yaşına, tökülən qana.
    Döyüşə-döyüşə vahid olubdu,
    Kədəri qoyduqca hərə bir yana.

    Bölüblər millətin gözü önündə,
    İkiyə bölünməz Azərbaycanı.
    Şükür, sağ-salamat gördük, ay Allah,
    Yenə də silinməz Azərbaycanı.

    Nələr söyələrdik özüm də bilməm,
    Cavanşir, Babəkin ruhu yanında.
    “Koroğlu nərəsi”, “Çoban hünəri”,-
    Əgər olmasaydı xalqın canında.

    RÜBAİLƏR

    Gözlədik, gəlmədin yolunu, qardaş,
    Yoxla gəl, sağını-solunu, qardaş!
    Şükür ki, tanıya bilmisən indi,
    Tək olan Allahın qulunu, qardaş!

    “Böyük türk xalqından sənə qorx!”-dedim,
    Güllə atsanız da “eybi yox”- dedim.
    Fəqət toxunmayın gülümə mənim,-
    Mən ki bu kəlməni indi çox dedim.

    Həftələr tarixə şahid olubdu,
    Döyüşən bir millət vahid olubdu.
    Nizami şahlara ibrət verəndən,
    Şahlardan irəli zahid olubdu.

    Cana can söylədim, qana qan dedim,
    Hər şirin kəlməyə yenə can dedim.
    Üst-üstə yığılan dərdi görəndə,-
    Roma papasına mən də yan deidm.

    Dağ dağa söykənib bir də dağ olubdu,
    Millətin üzünə millət ağ oldu.
    Yenə də gözünün yaşın tökməyən,
    Qəm-kədər içində bağça-bağ oldu.

  • Əziz MUSA.”Qısqanıram”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Öpür saçlarını əsən küləklər,
    Səni küləklərə qısqanıram mən.
    Sıxırsan köksünə bənövşələri,
    Səni çiçəklərə qısqanıram mən.

    Öldür qaşla, gözlə ay ceyran məni,
    Qoyma bu dünyada peşiman məni,
    Qoyma ki, öldürsün bu hicran məni,
    Səni mələklərə qısqanıram mən.

    Kaş ki, yar yarına həsrət qalmasın,
    Dərddən, ayrılıqdan gözlər dolmasın,
    Hər isti ürəkdə yerin olmasın,
    Səni ürəklərə qısqanıram mən.

    Sənin həsrətindən ürəyim yanır,
    Ruhum gecə-gündüz hey səni anır,
    Qəlbimdə min arzu, istək oyanır,
    Səni diləklərə qısqanıram mən.

    Gözəl yaradıbdı səni yaradan,
    Gözəl doğulmusan vallah anadan,
    Əlimi üzmürəm heç zaman haqdan,
    Səni fələklərə qısqanıram mən.

  • Təhminə VƏLİYEVA.”Cıdır düzü sənsiz qaldı…”

    AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi,
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) “Publisistika” şöbəsinin redaktoru. valiyevatahmina@gmail.com

    Hələ məktəb illərindən çox eşitmişdim səhərlər Cıdır düzündə at çapan oğlan barəsində… Ürəyi oğul dərdi ilə paralanmış anaya – Mənzər müəlliməyə hər dəfə baş çəkəndə Şuşadan və Rövşəndən söhbət salırdıq.

    Danışa-danışa bitmir bu acılı-şirinli xatirələr …Bu söhbətlərdə onun həsrəti daha çox sezilir. Bəzən özünü saxlaya bilməyib gözdən yaş axıdır və elə tez də silib “Qarabağ” deyə ah çəkir. Qarabağ müharibəsi barədə televiziya və mətbuat sayəsində xeyli məlumat alsam da, bu ağrının mahiyyətini hələ dərindən dərk edə bilmirdim. Ta ki, bir xalq olaraq nələr itirdiyimizin fərqinə varanadək… Bəli, o zamanlar mən də fərqində idim, Azərbaycan adlı Ananın canından bir can ayrılıb. Onun əziz övladı düşmən əlindədir, xalqın namusu tapdaq altında qalıb. İçdən-içə mən də yanırdım, izlədiyim kadrların təsiri günlərcə keçmir, canlı şahidlərin danışdıqları isə ağladırdı. Bəli, mən də fərqində idim, oğul itirmək faciədir ailə üçün, ana, bacı, dost-qardaş, qohum-əqrəba üçün… Ancaq ana torpaq uğrunda qəhrəmancasına döyüşən, vətən yolunda canından keçən bir oğul itirmək el üçün böyük dərddir.

    Şuşa uğrunda döyüşlər bitsə də, qayıtmayan, illərcə barəsində heç bir xəbər alınmayan Rövşən Həsənov da, sözsüz ki, belə oğullardan idi. Bu cəsur vətən oğlunu daha yaxından tanımaq və yenə Şuşadan danışmaq üçün 39 nömrəli marşruta minib Yeni Yasamala yollandım. Hələ iki gün öncə Mənzər müəllimə ilə telefonla əlaqə saxlayıb gün təyin etmişdik. “Nə vaxt istəyirsən, gəl, arxivi qoyacağam qabağına. Nə istəyirsən, götür” demişdi. Mən isə “Mənzər müəllimə, iki günə bütün arxivi hazır qoyun, bir-bir baxarıq. Mən mütləq gələcəyəm” dedim və sağollaşdıq. Yolu gedə-gedə hey düşünürəm nə soruşacağam, birdən oğlunu xatırlayıb qəlbi incinsə, nə edəcəyəm? Ən yaxşısı, mən həmişəki təbəssümümü işə salım. Bununla, mən həm düşüncələrimi, həm də duyğularımı ustalıqla gizlədə bilərəm. Bir də mən söhbəti optimist xətdə aparsam, elə də gedəcək. Ancaq bir an özüm-özümdən şübhə duyuram: ya birdən bunu bacarmasam?

    Digər tərəfdən içimdən bir səs: Həssaslığa qapılmağın yeri yoxdur. Cəsur olmalısan! Bacarmalısan! – deyə üstümə çığırır. Səbrim daralır. Məsafələrin qısalmağını və bir an öncə mənzilə çatmaq istəyirəm. Axı igid oğul anası məni gözləyirdi.

    Qapının zəngini vurur və qıraqda dayanıram. Əminəm ki, Mənzər müəllimə açacaq. Elə də olur. Qapını da Mənzər müəllimə açır. Hər qapı çalınanda mənim gələcəyimi güman edib və bəlkə neçə dəfə yanılıb. Eynilə Rövşəni gözlədiyi kimi, bəlkə bu dəfə məni də eyni həyəcanla gözləyib… Dik baxışlarla üzünə baxır və gözlərindən anlayıram yanılmadığımı. Ürəyimdə öz-özümə “Gör indi bu qapıdan Rövşən içəri girsə, o, nə edər, necə sevinərdi!” deyirəm. Kimsənin bu sözləri eşitmədiyini dəqiqləşdirmək üçün ətrafa boylanıram. Məni bu dəqiqə ancaq özümün eşitdiyimdən əmin olub rahatlıq tapıram.

    Söhbətə Şuşadan başlayıb o illərə və Rövşənə keçid alırıq. Şuşanı bir də təsvir edir – İsa bulağını, Şuşa qalasını, Topxana meşəsini, Cıdır düzünü… Gah Qarabağın tarixinə baş vurur, gah musiqisi, ədəbiyyatından bəhs edir, gah da müharibədən söz açırıq. Mənzər müəllimə dediyi kimi, arxivi qoyur qabağıma. Şəkillərlə danışırıq… Hər şeydən – Qarabağdan, Şuşadan, Xocalıdan, Ağdamdan … olanlardan … bitənlərdən. Rövşən sayəsində Şuşanın hər şeyinə daha yaxından bələd oluram, o dövrü, mühiti ilə, Şuşanın qəhrəman oğulları və Şuşa müdafiəsinə Azərbaycanın hər bölgəsindən gələn igidlərlə!
    Şəkillər danışır… Rövşəni də ilk dəfə bu şəkillərdə görürəm. Şuşa, Qarabağ idmanını yüksəltmək uğrunda böyük əmək sərf edən insanın hər şəkli onun barəsində hamıdan əvvəl danışır. Sanki, bax, bura Moskvadır. Təcrübə keçdiyim dostlarla birgəyəm. Yaxud bura o məşhur gözoxşayan Topxanadır. Hələ bir buna bax, bura Natəvan bağıdır, Xan qızının əmanəti. Hələ bir də bu şəklə bax – bura müharibədə minarələri dağıdılmış Qoşaminarə məscididir. Özümdən asılı olmadan gülümsünür və hər dəfə onun şəkillərinə toxunanda məni qəribə bir həyəcan bürüyür. Ən ciddi baxışlarla baxdığı şəklində belə mehribanlıq duyulur. Əlbəttə, şuşalı olmayan, Şuşanı heç görməyən biri kimi bu yerlərin adını Mənzər müəllimədən soruşuram. Özü barədə hamıdan əvvəl özü danışır dedim, yox, səsi eşitmirəm. Ancaq pıçıltı aydın eşidilir. Hər şəkli ilə danışıram…

    Şəkillərə baxdıqca qəribə bir yaxınlıq da duyuram. Mənzər müəllimə danışdıqca bu duyğunun haradan qaynaqlandığını daha yaxşı ayırd edə bilirəm. Xasiyyətdə xeyli oxşarlıq varmış. Mənim xoş təbəssümlə baxdığımı görüb Mənzər müəllimə onun xarakterindən söz açır:

    – Elə dostcanlı, zarafatcıl idi ki… Hər səhər Cıdıra gedib məşq edir, at çapırdı. Bir də çox sevirdi səliqəli geyinib şəkil çəkdirməyi.

    Mənzər müəllimə əlinə keçən şəkillərdən birini göstərib: “Bura Meydan bulağıdır, Rövşən bunun yanında İdman festivalı keçirmişdi” – deyir.

    – Rövşən hey çalışırdı vətəni üçün, xalqı üçün nəsə etsin. Bir dəqiqə dayanmırdı. İdman məktəbi açdırır, sağlamlıq korpusu tikdirdi. Respublikanın bütün pəhləvanlarını bir araya gətirib idman festivalı, tədbirlər keçirirdi. Küçədə veyil-veyil gəzən uşaqları o, idmana cəlb edirdi. Tələbələri onun canı idi.

    Hamının hər səhər Cıdır düzündə at çapan oğlan kimi tanıdığı Rövşənin o məşhur fotoları ilə qarşılaşıram. Sözsüz, kəlməsiz susuram. Qaraqaş, qaragöz, 1.70 boyunda məğrur baxışlı, cüssəli bir oğlan işıq saçan gözləri ilə baxır, mehriban təbəssümlə gülümsəyir. İçdən-içə buruluram – “biz belə oğlanları itirdik hə?!” Bu gözləri bir də yəqin ki, çətin unudam. Cəsarət, mübarizə, güc, əzm yağır bu gözlərdən. Vətən uğrunda min can fəda olsun deyərdim, amma əldə təsəlli üçün Vətən də yox!

    Söhbət müharibədən düşəndə onun ağrısını hiss etməmək, acı həsrətini duymamaq olmur. Kərkicahanda və Daşaltı əməliyyatından sonra çəkilən şəkillərlə Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan, yandırılan, cəsədi ələ gəlməyən, itkin düşən neçə-neçə igidlə tanış oluram. Qəhər insanı elə boğur ki, nəfəs almağa cürətin çatmır. Gözündən bir damla yaş axmır, ancaq ağrını ürəyinin tam ortasında hiss edirsən.

    Mənzər müəllimə bu məqamda Rövşənə, o illərə aid qələmə aldığı şeirlərini də oxuyur. Yazmaqla azaldığını düşündüyü ağrısı bu şeirlərdə bir də dil açır.

    Hər şeyi soruşuram onun barəsində. Ancaq hiss edirəm ki, yetmir. Bu səbəbdən Rövşən Həsənovdan da bəhs edilən Təranə Muxtarovanın “Şuşa harayı” kitabını, Heydər Əliyev Fondu tərəfindən çap olunan Şuşaya dair kitabları bir də nəzərdən keçirirəm. Əlavə olaraq, Mənzər Məhərrəmovanın və oğlu İlham Həsənovun da qonaq olduğu Azərbaycan radiosunda baş tutan “Əsgər istəyi” verilişinin səs yazısını götürürəm. Bu materiallar onun barəsində məlumatları dəqiqləşdirməyə kömək etsə də, etiraf edim ki, o şəkillərin mənə dediyini onlar çatdıra bilmir. Öyrənirəm ki, hər səhər Cıdır düzündə at çapan oğlan Rövşən Əjdər oğlu Həsənov ailənin üçüncü övladıdır. O, 1963-cü ilin dekabrın 1-də Şuşada dünyaya gəlib. Məktəb illərində dərs əlaçısı olan Rövşən fənn müəllimi Namiq Babayevin sayəsində ədəbiyyata dərindən bələd olur. Ondan buraxılış imtahanı götürən müəllim təkid edir ki, sənədlərini Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə versin. Ancaq Rövşən meylini idmana salır. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunda təhsil alıb yenidən Şuşaya qayıdır. Burada 2 saylı internat məktəbində idman müəllimi işləyir. Onun yenilikçi ideya və təşəbbüsləri rayon rəhbərliyinin diqqətindən kənar qalmır. Belə ki, Rövşən əvvəlcə Şuşa Rayon Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri, müharibə illərində isə Yuxarı Qarabağ Ərazi Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri vəzifələrində çalışır. O, fəaliyyəti dövründə Şuşada ilk dəfə şahmat, cüdo məktəbləri açdırır. Məşq üçün idman salonları, stadion, sağlamlıq korpusunun tikilməsi üçün böyük işlər görür. İlk dəfə Şuşada “İdman bayramı” da məhz onun təşəbbüsü və təşkilatçılığı ilə keçirilir və Respublikanın pəhləvanları buraya təşrif buyurur. R.Həsənov Rusiyada, İranda, keçirilən tədbirlərə, yarışlara gəncləri cəlb edir. Əbəs yerə onun barəsində veteran döyüşçü Əşrəf Əşrəfov “Rövşənə qədər Şuşa idmanını bu qədər yüksəkliyə qaldıran olmamışdı” demir.

    Özlüyümdə düşünürəm: hər səhər Rövşəni Cıdıra aparan səbəb nə idi? Dərhal gözlərimin önündə Cıdır obrazı canlanır. Qarabağ uğrunda gedən tarixi savaşlara şahid olan, əzəmətli Şuşa dağları, gözoxşayan Topxana meşəsi ilə əhatələnən Cıdır düzü. O, Şuşanın tarixini, gözəlliyini, əzəmətini özündə cəmləmiş, bəlkə də neçə-neçə igid oğula qəhrəmanlıq ruhu, mübarizə əzmi və işıqlı gələcəyə inam aşılamışdı. Bəlkə Rövşən də arzularına çatmaq üçün misilsiz gücü Cıdırdan almış, inamla, əzmlə xalqı üçün çalışmışdı. İndi isə əldə nə Qarabağ var, nə Cıdır var, nə də rövşənlər…! Biz Şuşasız, Qarabağsız, Cıdır isə rövşənlərsiz qaldı.

    Mənzər müəllimə “Yadlar bizim torpağımıza yiyə dura bilməz” deyərək xalqı mübarizəyə və öz haqqımızı geri almağa səsləyir. Mübarizə isə yeri gələndə sözün, elmin və yeri gələndə isə qol gücü ilə aparılmalı, mütləq Qələbə qazanılmalıdır. Əlbəttə, el və güc birliyi ilə!

    Mənbə: 525.az

  • Afət VİLƏŞSOY.”Kənd balası”

    Ömür elə macəradı bildiyin,
    Macəradan macəraya can atma.
    Siftələrin dadı-tamı qaçıbsa,
    İkiləri,altıları sanatma.

    Ömür elə macəradı bildiyin,
    Macəradan macəraya can atma.
    Siftələrin dadı-tamı qaçıbsa,
    İkiləri,altıları sanatma.

    Sevdiyin də kədərinə gülürsə,
    Göz yaşını yadın yadı silirsə,
    Yaşadığın yuxu kimi gəlirsə,
    Yaraların üz bağlayır, qanatma.

    Kənd balası,şəhər sənə qənimmi?
    Təmizliyin taleyinə zaminmi?
    Bu nə güvən, atandımı, əminmi?
    Kənd balasın bu şəhərə tanıtma.

    Qapı-qapı, baca-baca gəzməmiş,
    Betərin də betərinə dözməmiş,
    Bəndələrdən əllərini üzməmiş,
    Yoluna dön, Allahını unutma.

  • Afət VİLƏŞSOY.”Sil”

    Ovsunla həsrəti, dizlərində yat,
    Bu nə yolçuluqdu,bu necə mənzil?!
    Məni bu dağılmış ürəyindən at,
    Səni bu dağılmış ürəyimdən sil.

    Düşmə gözlərimdən,öz-özünü yıx,
    Ömrümdən mərd oğlu,kişi kimi çıx,
    Məni həsrətinin sinəsinə sıx,
    Səni bu dağılmış ürəyimdən sil.

    Gözümdə bir damcı yaş saxlamadın,
    Ağlımın üstündə baş saxlamadın,
    Qəlbimdə daş üstə daş saxlamadın,
    Səni bu dağılmış ürəyimdən sil.

  • Afət VİLƏŞSOY.”Anamdan incimə”

    Hara getsəm,yanımdadı,
    Mənə yanandan incimə.
    Dərdim məni bir də doğub,
    Ana, anamdan incimə.

    Saçımdakı dəndi dərdim,
    Alnımdakı qırışdadı,
    Məndə izi olmaq üçün
    Anam ilə yarışdadı.

    Boğazımda qəhər boğub,
    Sovurmayıb yelə,doğub,
    Düz otuz dörd ilə doğub,
    Ana,anamdan incimə.

  • Afət VİLƏŞSOY.”Sevgi dedim”

    Səndən başqa hər kəslərə
    Kor gözümə sevgi dedim.
    Baxışlarım külə döndü,
    Düz üzümə sevgi dedim.

    Birdəfəlik duyğulara,
    Kabus dolu uyğulara,
    Ağzı açıq yaralara,
    Kəc yazıma sevgi dedim.

    Nifrətin bir addımıykən
    Çox azıma sevgi dedim.
    Allah bəlamı verməsin,
    Mən özümə sevgi dedim.

  • Sumqayıtda kitab yarmarkası keçirilib – FOTOLAR

    https://b.radikal.ru/b30/1909/29/8b83ffb0bced.jpg

    https://b.radikal.ru/b29/1909/8f/06c23ae0f1e7.jpg

    https://b.radikal.ru/b03/1909/0c/8a528e48d51a.jpg

    Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıtın şəhər statusu almasının 70 illiyinə həsr olunmuş I kitab yarmarkası keçirilib.

    “Kimyaçı” Mədəniyyət Sarayının qarşısında keçirilən yarmarkada Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, tanınmış yazıçılar, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri və minlərlə şəhər sakini iştirak edib.

    Sumqayıt şəhəri ilə yanaşı, Bakıda fəaliyyət göstərən nəşriyyatlar, kitabxanalar, çap işi ilə məşğul olan qurumların təmsilçiləri, tanınmış yazıçılar yarmarkada ümumilikdə 30 mindən çox kitab təqdim edib.
    Açıq səma altında keçirilən kitab yarmarkasında müəlliflər oxucuları ilə görüşlər keçirib və onlar öz imzalı əsərlərini təqdim ediblər.

    Tədbir incəsənət ustalarının konsert proqramı ilə davam edib, ədəbi-bədii kompozisiya təqdim olunub.

    Sumqayıt Regional Mədəniyyət idarəsinin Mətbuat xidməti

    Mənbə: http://turkustan.info

  • Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

    “Xalq artisti”

    Allahverdiyev Vasif Kərim oğlu
    Fərəcov Sərdar Fərəculla oğlu

    “Əməkdar incəsənət xadimi”

    Xalıqzadə Fəttah Xalıq oğlu
    Rəcəbov Oqtay Məmmədağa oğlu

    “Əməkdar artist”

    Butenko İqor Leonidoviç
    Pyatkin Nikolay Aleksandroviç

    “Əməkdar müəllim”

    Göyçayskaya Səidə Oqtay qızı
    Hüseynova Rüxsarə Hüseyn qızı
    Yaqubova Nazilə Mir Teymur qızı.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 17 sentyabr 2019-cu il.

    Mənbə: https://president.az

  • Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:

    Dadaşova Natalya Konstantinovna
    Hüseynova Sevda Əli qızı
    Məmmədov Nüsrət Cəfər oğlu
    Məmmədova Aliyə Tariyel qızı
    Zahid Azad Vasif oğlu.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 17 sentyabr 2019-cu il.

    Mənbə: https://president.az

  • Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

    1. Azərbaycanda musiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

    Dadaşov Ağa Dadaş Hacı Bala oğlu
    Əfəndiyeva İmruz Məmməd Sadıx qızı.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 17 sentyabr 2019-cu il.

    Mənbə: https://president.az

  • Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan musiqisinin inkişafı və təbliğində xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsinlər:

    Babayev Mobil Rəşid oğlu
    Qasımova Ruhəngiz Nağı qızı.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 17 sentyabr 2019-cu il.

    Mənbə: https://president.az

  • Əziz MUSA.”Dünyadı”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Vurulma dünyanın gəlhagəlinə,
    İnsanı tələyə salan, dünyadı,
    Bəzəyir gah qıza, gah da gəlinə,
    Vəfasız dünyadı, yalan, dünyadı.

    Ay ötür, il ötür, dolanır fəsil,
    Bir təzə nəgmədi, hər gələn nəsil,
    Hamının olsa da, heç kəsin deyil,
    Bulud tək boşalıb, dolan, dünyadı.

    Gah bizi aldadır işvə, nazıyla,
    Gülür üzümüzə, güllü yazıyla,
    Gah bizi oynadır telli sazıyla,
    Verdiyin geriyə alan, dünyadı,

    Qoşa yaranıbdı xeyiri, şəri,
    Ha at, qoşa düşmür həmizə zəri,
    Bizim qəlbimizi əzəldən bəri,
    Kaman tək inlədib, çalan, dünyadı.

    Gah bizi ağladır, gah da güldürür,
    Çox sirrin gizlədir, azın bildirir,
    Bir gün yaratdığın, bir gün öldürür,
    Bizi yola salıb, qalan dünyadı.

  • Əziz MUSA.”Müəllim”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Ürəyini verirsən,
    Uşaqlara hər zaman,
    Gələcəyi görürsən,
    Sənsən tale, bəxt yazan.

    Günəş kimi nur saçır,
    Sevgi dolu gözlərin,
    Bizə həyat öyrədir,
    Nəğmə dolu sözlərin.

    Zirvələrə uzanan,
    Yollar qəlbindən keçir,
    Dərs dediyin hər uşaq,
    Ağı, qaradan seçir.

    Səndən bilik öyrənir,
    Körpə, fidan balalar,
    Başına hey dolanır,
    Səndən bilik umanlar,

    Halallıq var səsində,
    Haqqa, sülhə dayaqsan,
    Sən zülmət könüllərə,
    İşıq saçan mayaqsan.

  • Əziz MUSA.”Can desin”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Canını ver o gözələ, can deyəndə can desin,
    Hər sözünə, hər kəlmənə, can sənə qurban desin,

    Dərdə düşsən yar əlindən, bir loğmana ağız aç,
    Qoy dərdinə məlhəm kimi o, yarı dərman desin.

    Könlün yansa dərdən qəmdən,dönmə bu sevdadan sən,
    Dərdini qoy fələklərə bir nazlı ceyran desin,

    Eşq əlindən Məcnun kimi düşsən əgər səhraya,
    Bax onda vüsal yolunu, qoy sənə sarvan desin,

    Əziz Musa eşq yolunda alış yan pərvanə tək
    Qoy el-oba bu sevgidən bir nağl, dastan desin.

  • Əziz MUSA.”Gözlərin öldürür məni”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Gözlərində şimşək çaxır,
    Qəlbimi yaxdırıb yaxır,
    Elə odlu-odlu baxır,
    Gözlərin öldürür məni.

    Könlümü əsir eyləyib,
    Yerə-göyə nur ələyib,
    Məni sevgiyə bələyib,
    Gözlərin öldürür məni.

    Alovuyla alışıram,
    Bu sevdayla barışıram,
    Sənə nəğmələr qoşuram,
    Gözlərin öldürür məni.

    Daha sənə yoxdu sözüm,
    Günahkaram vallah özüm,
    Od-alova necə dözüm,
    Gözlərin öldürür məni.

    Xoşdu mənə belə ölüm,
    Sənsiz necə deyim, gülüm,
    Xəbərin varmı ay gülüm,
    Gözlərin öldürür məni.

  • Əziz MUSA.”Ömrümün bəzəyi”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Ətirli çiçəyim, nazlı çiçəyim,
    Mənim qızılgülüm, mənim göyçəyim,
    Sənsiz qoy üzümə gülməsin bahar,
    Sənsiz bu dünyanın nə ləzəti var.
    Sənsən sevincim də, səadətim də.
    Eşqim də,sözüm də, məhəbbətim də.
    Gəl mənim könlümü nurlandır gülüm,
    Gəl , gəl səni görüb, sevinib, gülüm.
    İnan görməyəndə bircə an səni,
    Həsrətin alovu yandırır məni,
    Mən qurban demişəm sənə canımı,
    Görüb duymursanmı həyacanımı?
    Daha sən olmudan gecəm, gündüzüm,
    Sənsiz neyləyərəm ay canım, gözüm,
    Qoyma arzularım gözümdə qalsın,
    Könlümü, gözümü duman , çən alsın.
    Sevirəm mən səni dünyalar qədər,
    Sənsiz üzər məni, üzər qəm, kədər.
    Eşqinlə döyünür, vurur ürəyim,
    Adınla bağlıdır hər bir istəyim,
    Başımın tacısan,sevimli yarım,
    Ömrümə bəzəksən dövlətim, varım,
    Gözəl yaradıbdı səni yaradan,
    Sənin vüsalındı dərdimə dərman.