Qafqaz Əvəzoğlu

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, ”Sözün Sehri” qəzetinin təsisçisi, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktoru, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Qubadlı bürosunun rəhbəri

Ey Gül, bil qədrini sən cavanlığın,
Gün keçir, ay ötür, il əldən gedir.
Özün bilə-bilə, göz görə-görə,
Solur gülüstanın, gül əldən gedir!

Piyalə gözlərin xumarlanıbdı,
Qönçə dodaqların qaymaqlanıbdı,
Saçların sığala möhtac qalıbdı,
Zülfün pərişandı, tel əldən gedir!

Dilin şəkərləşib dönübdü bala,
Ləblərin öpüşə qalıb mübtəla,
Gərdənin həsrətdir bir qulac qola,
Titrəyir bədənin, bel əldən gedir!

Gəl dola boynuma şümşad qolunu,
Baş vurub dolanım cənnət qoynunu,
Qoy sevib-oxşayım gözəl boyunu.
Dözmür Əvəzoğlu, bil, əldən dedir!