Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü

Xəyalı yox xəyala dalanın da, İlahi,
İlməsi qopub düşüb palanın da, İlahi.

Bir qıza görə kəsdi Allah tanımayan şah
Atanın da başını, balanın da, İlahi.

Dirilik suyu içən Xızır İlyas kimiyəm…
Məncə, bir sərhəddi var yalanın da, İlahi.

Yusifi Misir udcaq niyyəti aşkar oldu,
Satanın da, İlahi, alanın da, İlahi.

Musanı “Beş-Barmağ”a gətirən nə idi ki?
Bəti-bənizi solub qalanın da, İlahi.

Hikmət o gün qopuzla nə ərz etdi bəşərə?
Qopuzun da suçu var, çalanın da, İlahi.