Əziz MUSA.”Köhnə kişilər”

em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Hər yanda açılıb təzə bir bazar,
Təzə bazarlarda ömür, gün qumar,
İtibdi insana inam, etibar,
Düşbdü düyünə, halal, düz işlər,
Hanı tanıdığım köhnə kişilər.

İndi nırx qoyulub daşa torpağa,
Hamı yaxasını çəkir qırağa,
Bir kişi tapılmır çıxa qabağa,
Pul üstə, var üstə gedir döyüşlər,
Hanı tanıdığım köhnə kişilər.

Kasıb bəndələrə əl tutmur heç kəs,
Qurub yaratmağa yoxdu bir həvəs,
Belə adamlarla hara gedək bəs,
Qalıbdı dünəndə yaxşı vərdişlər,
Hanı tanıdığım köhnə kişilər.

Kişilər görmüşdüm,hünərli, mətin,
Daha yaxşıları tapmaq çox çətin,
Qeyrəti azalıb sanki millətin,
Dəyişib baxışlar, ləngər yerişlər,
Hanı tanıdığım köhnə kişilər.

Ürək titrəməyir Vətən deyəndə,
El-oba atlanmır”cəngi” dinəndə,
Yurd itib- batıbdı dumanda, çəndə,
Hər yanda baş alıb gedir söyüşlər,
Hanı tanıdığım köhnə kişilər.