Bu öy mənim öyüm deyil,
Özünsən öyün sahibi.
Tikən də sən, yıxan da sən,
Bu kəndin, köyün sahibi.

Oddan eşqin, nurdan üzün,
Tərəfisən haqqın, düzün.
Quranın, kitabın, sözün,
Əlifin, beyin sahibi.

Sümüyə bürüdün əti,
Özün yazdın hər qisməti.
Dizimdən alma qüvvəti,
Dizimdə heyin sahibi.

Qara bəxtim, qaraçuxam,
Sənin əlin, mənim yaxam.
Mən kiməm ki, şərik çıxam?
Sənsən hər şeyin sahibi.

Gecə-gündüz çəkər ahı,
Zəlimxandır dərdin şahı.
Bağışla, varsa günahı,
Ey yerin-göyün sahibi!

30 iyul 2004