12962488_1518521525123844_528584684_o

Nəyinə gərəkdir bu qəm, bu qəhər,

Nəyinə gərəkdir bu qəm, bu qəhər,
Ömrünə sevinctək gələ bilmədim.
Gülüm, məni unut, unut birtəhər,
Nəmli gözlərini silə bilmədim.

Alışma od olmuş əzablarıma,
Çıxar adımı da yadından belə.
Mərhəmət hissini çəkib tarıma,
Yox, yanma halıma, yanma bir gilə.

Sinəmdə yüyürər, çapar ürəyim,
Dağınıq fikrimtək yolu bilinməz.
Buluda qoşulub uçar ürəyim,
Yağdırar o yağış, dolu bilinməz.

Külək ol, dağılsın külüm göylərə,
Silinsin izim də, tozum da yerdən.
Başını qaldırıb, gülüm, göylərə
Baxma ki gözünə görünnəm birdən.

Gözünə görünnəm, xəyalın çaşar,
Səni ovutmağa gələ bilmərəm.
Yerimə xatirəm dinər, danışar,
Gəlib yaddaşından silə bilmərəm.

1980

HEÇ KƏS BU DÜNYANI
TUTUB QALMAYIR

Heç kəs bu dünyanı tutub qalmayıb,
Hamının ömrünə gələndi ölüm.
Zorla yaddaşlara yazılanları,
Gəlib yaddaşlardan siləndi ölüm.

Birinə evinin içi – Vətəndi,
Birinə bu amal dərddi, sitəmdi.
Dərdlinin – gözündə ağlayan qəmdi,
Dərdsizin – gözündə güləndi ölüm.

Yiyəsi tarixdir qızıl anların,
Tarixi torpaqdır axan qanların,
Xalqın ürəyində yaşayanların,
Heykəli önündə öləndi ölüm.

1977