Blog

  • “Kultur.az” internet dərgisinin təsisçisi və baş redaktoru Xanıməfəndi İradə Aytelə başsağlığı

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Rəhbərliyi və bütün kollektivi cənab Rafiq Oday başda olmaqla, Sizə, “Kultur.az” internet dərgisinin təsisçisi və baş redaktoru Xanıməfəndi İradə Aytelə, Anasının vəfatından kədərləndiklərini bildirir, dərin hüzn və kədərlə başsağlığı veririlər!!!
    ALLAH rəhmət etsin!!! Ruhu şad, Məkanı, yeri CƏNNƏT olsun!!!
    Uca Yaradandan səbir və dözüm diləyir!!! İnşAllah!

    Mətbuat xidməti

  • Görkəmli alim, akademik Rəfiqə xanım Əliyevanın əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaq

    Müasir dövrdə həyatımızın hər bir sahəsində kimya elmi çox böyük əhəmiyyətə malikdir. Digər elmlərlə müqayisədə ən dinamik inkişaf edən elmlərdən biri hesab olunur. Kimya elmi üzrə dünya alimləri içərisində Azərbaycan alimlərinin də xidmətləri olmuşdur və bu danılmazdır. Məhz bu mənada XX əsrdə Azərbaycanda kimya sənayesinin inkişafı mühim əhəmiyyət kəsb etmişdir. Neft-kimya və kimya sənayesinin inkişafı bir çox alimlərimizin apardığı tədqiqatların nəticələri üçün çəkilən fədakar əməyin hesabına başa gəlmişdir. Belə bir məsuliyyətli işi çiyinlərində daşıyan şəxsiyyətlərdən biri də dünya şöhrətli alim, akademik, pedoqoq və müəllim Rəfiqə xanım Əliyevadır.

    O, kimyaçı kimi əmək fəaliyyətinə AMEA-nın indiki “Kataliz və qeyri üzvi kimya” Elmi-tədqiqat İnstitunda çox mühim tədqiqat işləri apararaq kimya elmləri namizədi elmi dərəcəsi almışdır. Rəfiqə xanım elmi tədqiqat işləri ilə davamlı olaraq və yorulmadan məşğul olmuş, bütün həyatını kimya elminə həsr etməklə pedoqoji fəaliyyətini çox uğurla aparmışdır. Bu baxımdan da Bakı Dövlət Universitetində bölğü zamanı Rəfiqə xanımın tədris etdiyi qrupa düşən tələbələr bəxti gətirmiş tələbələr hesab olunurdular. Aspirantlar və doktorantlara da eyni fikirləri aid etmək olardı. Dünya şöhrətli alim, akademik Rəfiqə xanımın böyük ixtiraları və apardığı geniş tədqiqat işləri sayəsində əldə etdiyi yenilikləri, uğur və nailiyyətləri tələbələrinə aşılaması, tələbkarlığı, bir tərəfdən də bir ana kimi qayğıkeşliyi dediklərimin əyani sübutudur.

    Rəfiqə xanın Əliyeva kimya elminin ən vacib sahələrindən olan analitik kimya üzrə problemlərin araşdırılması və tədrisi ilə məşğul olmaqla yanaşı ekologiya elmi, ətraf mühitin çirklənməsinin qarşısının alınması və fəsadların aradan qaldırılması yolları ilə də ciddi məşğul olmuşdur.

    Görkəmli bir alim kimi hər bir elmi problemləri öncədən hiss edərək, əks tədbirlərin görulməsi üçün məsələlərin həlli istiqamətində işlərin aparılması ilə məşğul olan Rəfiqə xanım, müasir dövürdə neft, neft-kimya və kimya sənayelərində istifadə olunan analiz metodlarına həsr olunmuş üç hissədən ibarət kitabaın ərsiyə gəlməsində çox böyük əmək sərf etmişdir. Məhz bu baxımdan inşa edilən və istismara buraxılan yeni və müasir komplekslərdə onun rəhbərliyi ilə dərc olunmuş vəsaitlər öz bəhrəsini verir.
    Mənim üçün görkəmli alim barəsində söz demək biraz çətin və məsuliyyətlidir. Artıq iki ildir ki, cismən bizdən ayrı olmasına baxmayaraq, onun əziz xatirəsi daima anılır, ruhuna dualar oxunur. Rəfiqə xanımın yarımçıq qalmış elmi işləri – onun layiqli davamçısı, sevimli qızı, BDU-nun ekoloji kimya kafedrasının müdiri, professor Sevinc xanım Hacıyevanın rəhbərliyi ilə uğurla davam etdirilir.
    Mən yenə də Bakı Dövlət Universitetinə vaxtaşırı gedirəm. Kabinetinin önündəki baralyefin qarşısına gül-çiçək qoyaraq xatirəsini yad edir və ondan qalan xoş və unudulmaz xatirələri yada salıram.

    Rəfiqə xanımın tələbələri onun haqqında çox xoş xatirələr danışır, onun alim kimi yüksək ziyalılq keyfiyyətlərini dilə gətirərək, qayğıkeş müəllim, yüksək dəyərlərə malik müdrik insan kimi yaddaşlara həkk olunduğunu qeyd edirlər.

    Bizim müəllim – tələbə münasibətlərimiz düz 39 il davam etmişdir. Əlbəttə, insan ömrü üçün çox böyük hesab edilən belə bir uzunmüddətli münasibətim olduğu üçün özümü xoşbəxt hesab edirəm. Mənə öyrətdiyi bilikləri, həmçinin verdiyi dəyərli tövsiyələri uca tutaraq yeni elmi axtarışlar istiqamətində işlərimi, elmi fəaliyyətimi bundan sonra da davam etdirəcəyəm. Və əminliklə deyirəm ki, görkəmli alim, akademik Rəfiqə xanım Əliyevanın əziz və unudulmaz xatirəsi daima bizim qəlbimizdə yaşayacaqdır.

    Ruhuna hörmət və ehtiramla,

    Zakir MƏMMƏDOV,
    tələbəsi, kimya üzrə fəlsəfə doktru

  • Azərbaycanlı şair Əkbər Qoşalının şeiri Təbrizdə işıq üzü görüb

    Təbriz şəhərində fəaliyyət göstərən “Ədəbi Körpü” aylıq ədəbi dərgisinin 7-ci sayında Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanda ATATÜRK MƏRKƏZİnin ictimai-siyasi şöbəsinin müdiri, Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) Məsləhət Şurasının Başkanı, şair, publisist, yazıçı Əkbər Qoşalının “Bayatı sayağı” şeiri Azərbaycan və fars dillərində dərc olunub.
    Şeiri Azərbaycan türkcəsindən fars dilində “Ədəbi Körpü” dərgisinin təsisçisi və baş redaktoru, tanınmış şair-publisist Səxavət İzzəti uyğunlaşdırıb.

    Qeyd edək ki, bundan öncə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində şairə-publisist Əkbər Qoşalının bədii yaradıcılıq nümunələri, poeziya örnəkləri “Kardelen” (Bilcek şəhəri) dərgisində dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Şair-publisist Əkbər QOŞALI.”Torpağa taprşırrıq ölən olanda”

    Torpağa taprşırrıq ölən olanda,
    Baxmarıq, ürəyi daşdı
    yoxsa ki
    ürəyi dağlıdı zalımoğlunun…
    Və bir gün
    üzə çıxar o ürək:
    Ürəkdə dərd görünər,
    dərddəsə ömür…
    Bir də daş qoyarıq – adı: başdaşı…
    Dünyanın o –
    ən soyuq
    daşına
    isti sözlər yazarıq…
    Yazıya ürək,
    ürəyə dərd qoyarıq…
    Beləcə,
    dərd dolanar dünyada:
    torpaq-torpaq,
    daş-daş,
    yazı-yazı,
    ürək-ürək…
    Deyirəm,
    gedim torpaq dərdimi yazım,
    ürəklər daş olmamış…

  • Şəfa VƏLİYEVA.”Bütün arzuların saçımda qaldı”

    sxv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    bütün arzuların saçımda qaldı,
    daraq tanımağı günah bilirəm…
    mən səni dünyanın gözündən saldım,
    yolumu kəsəcək min “ah”, bilirəm…

    açıq pəncərəndə rəqs edən pərdə
    qovuşmaz əlimin qırışlarına…
    hədiyyə etmişəm səni bu dərdə,
    sükutun yuvadır qu quşlarına…

    bağışlama gedişimi, qadası,
    üzü sənə tərəf iz qoymamışam..
    sən olan şeirlər vicdan həyası;
    bu gün qələmimi düz qoymamışam…

  • Şəfa EYVAZ.Yeni şeirlər

    ***

    Səssiz bir sükutla bağırır gecə,
    Saat əqrəbləri çalır ömrümü.
    Çiy palçıq zənn edir məni bu dünya,
    Gündə bir qəlibə salır ömrümü.

    Alır verdiyini gözüm doymamış,
    Bükür göy əskiyə bəyaz günümü.
    Bəzən də aldadır saf uşaq kimi,
    Ovcunun içinə alır ömrümü.

    ***
    Allah,
    sevməyi bilməyənlərin
    əlinə bıçaq vermə.
    sonra necə gəldi vururlar
    kürəyindən adamı.

    ***
    Eşidin, ey insanlar,
    Şumlanmış ürəklərə
    Sevgi toxumu əkin!
    Əgər bacarmırsınız,
    Bir sevgi böyütməyi
    Ürəklərdən əl çəkin!
    Duzlu göz yaşlarından
    Parlaq sevgi cücərməz,
    Köçəri quş sevgilər,
    Uçdusa geri dönməz…
    Eşidin, ey insanlar,
    Siz ürək ovlamayin,
    Sizinçün bir kabablıq
    Ət deyilki ürəklər,
    İnsan ömrü qısadır,
    Qəm çəkməyə gün yetməz…
    Eşidin, ey insanlar,
    Əgər eşitmirsinizsə,
    O zaman dinməyin də,
    Barı sizi lal sansın
    Cövhəri saf ürəklər…

  • Gülnarə İSRAFİL.Yeni şeirlər

    13450803_1754969961387299_7396250293353329998_n

    Dünya Gənc Türk Yazarlar Birliyi və “Gənc Ədiblər Məktəbi3″ün üzvü

    Mən buralarda bir qərib qız
    boynumu bükmüşəm;
    adamları mənə Bakını xatırladır.
    mən buralarda
    dar küçələr keçirəm,
    salxaq duyğulara rast gəlirəm.
    Bir qoyunda
    isinmək varkən buzlamışam.
    İki, üç günlük “sevgi”-
    hamının düşüncəsinə hökm edir.

    Mən buralarda bir qız axtarıram:
    sərvi boylu,
    qönçə dodaqlı.

    Mən bir ürəkdən sevgi içmək istəyirəm
    burulğan xəyallarıma.

    Sızqa xatirələrdən
    qaynar ömrə yetişmək mənim haqqım…

    Bir yaşıl yarpağın
    Yaz ətri
    bətnimə girir
    bir gün qəhqəhəsinə ayrılıram yuxudan,
    bir gün inqəsinə.

    Bir əlin istisi çatmır mənə…

    Mən buralarda
    Sirddharthanın keçdiyi yolda
    suyun eyni yerdən axmasını
    dönüb dolanıb eyni yerə axmasını
    seyr edirəm.

    Bir az Sabir ömrüdür,
    bir az Vazeh ömrü…
    Və Cek London kimi hər gün bir az
    intihar edirəm.

    Səni öz halına buraxsam

    Allah görəsən məni daha necə cəzalandıracaq?

    Mən, hər kəsi halına buraxan yolcuyam
    Səni ruhuma çəkmişəm
    Fərqimdə deyilsən.
    Gün gələr bütün qadınlar
    Düşüncəndə bəlkə böyüyər
    Kiciklikdə böyüklük
    Təklikdə tənhalıqmış.
    Fərqimdə deyilsən
    Sən heç bu da deyilsən.
    Gözlərimdə işıqlanan nur kimisən
    Sabahları içimdə hiss etdiyim.

    Sən sən ol, mən də mən.
    Qoy gülsün bizə bütün aşiqlər
    Sevgi bir gecəlik
    Nə bir günlükdur.
    Sevgi boğaz körpüsünün üzərindən
    Keçən metrobüsdür.
    Sevgi gəminin su urəyinə iz salmasıdır.
    Sevgi o suyun damlalaridir.
    Sən bunu bir gün
    Mən olmadığında axtaracaqsan.
    Səni ruhuma çəkmişəm
    Təbiətimin yaşıllığısan
    Fərqimdə deyilsən!

    Bu gün ən təmiz gündür
    Səni ruhuma çəkdiyim…

  • Kənan AYDINOĞLU.”Bir qarış torpaq ola”

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Yəhərli atın üstə üzəngini basanda,
    “Allahu əkbər” sözlü əlimdə bayraq ola.
    Qoynunda övlad kimi kiçik şair oğlunu,
    Dərdi-sərdən qoruyan bir qarış torpaq ola.

    Bir damlaya çevrilib axıb çaya qarışan,
    Taleyin qismətiylə yenə-yenə barışan.
    Sevənlərin qəlbində təməl kimi alışan,
    Dünən, bu gün sabah da sönməyən ocaq ola.

    Leylinin həsrətindən qaçıb gözün qarası,
    Qələbə xəbərlərin kəsilməzdi arası.
    Çənlibeldən bu yana şerimin hər misrası,
    Misri qılınc igid tək dinməyən dodaq ola.

    Sübh çağı seyr edəndə üzə gülən səhəri,
    Dağıdandan gözlərdən qəm-qüssəni, kədəri.
    Gözəlləri görəndə şairlərin qəlbləri,
    Yenə coşub-daşmaqdan susmayan bayraq ola.

    Fəryad qopanda eldə titrəsin yurdun daşı,
    Bir döyünən iki qəlb yenə dursun yanaşı.
    Gözəllərin gözündən axan o ağ göz yaşı,
    Süzülüb bu torpağa xəfif bir yarpaq ola.

    İgildəri, ərləri qoynuna alan dünya,
    Süleymandan bizlərə yadigar qalan dünya.
    Yaranandan bu yana eh, fani olan dünya,
    Neçə kəlmədən ötrü küsməyən yanaq ola.

  • “Zərif kölgələr” layihəsinin iştirakçısı: Zeynəb İSAZADƏ

    Mənim üçün ədəbiyyat ruhumdakı obrazlar deməkdir, düşümcəmin məni yorduğu varlığın sirrində gizlidir. Ədəbiyyat insanı həm
    formalaşdırır, həm də şəxsiyyət kimi yetişdirir.

    AD GÜNÜM

    Səhər çağı idi səssizlik ətrafı bürümüşdü. Gözlərim birdən-birə açıldı və ətrafa boylanmağa başladım. Səssizlik davam edirdi. Yataqdan qalxıb addımlarımı asta-asta basaraq irəlilədim. Heç nədən ürəyimin tez-tez döyülməsinin səbəbini anlamırdım və anlamadığım bu qəribə qorxu məni yeyib bitirirdi. Haradasız? sualı beynimdə və irəlilədiyim səssizlikdə dolanıb dururdu. Niyə ətrafımda heç kəs yoxdu? Bu sual səssizliyə qarşı mübarizədə hələdə uduzurdu. Öz özümə bir ah çəkdim, anamın, atamın harada olduğunu bilmirdim. Küçəyə çıxdım evdəki vəziyyət burada dahada ağır idi. Orada da heç kəs yox idi, sonra birdən öz-özümə bəlkə mən hələ də yuxudayam deyib təssəlli verirdim. Dəli kimi ora- bura boylanıb kimi axtaracağımı bilmirdim. Başımı çevirdim vəqarşımda qoca bir qadın peyda oldu. Qəribə halda mənə baxaraq dilinin ucunda nəsə təkrarlayırdı. Qocanın gözlərinə baxanda sakitləşməyə başladım. Birdən səbəbsizcə qışqırmağa başladı. Qorxub qarının əllərindən tutaraq sakitləşdirməyə çalışdım, amma hələ də qışqırırdı. Sakitləş deyə bağırdım. Qarı susub ağlamağa başladı mən isə günahkaramış kimi ondan üzr istəməyə çalışırdım. Mənə elə gəlirdi ki, o məni nə eşidir, nə də görürdü, amma hiss edə bilirdi, onun əllərini hələ buraxmamışdım. Qadının bürüşmüş və yorulmuş əlləri mənəharadansa tanış gəlirdi. Onun əllərini buraxıb hara gedəcəyimibilməyərək yoluma davam etdim. Qadının qışqırıb ağlamağı gözlərimdən, səsi isə qulaqlarımdan getmirdi, özümdən asıllıolmayaraq çevrilib arxama baxdım. Bu dəfə qadının yanında bir başqası var idi. Yaşlı bir kişi qarıya “gəl-gəl gedək burada heç kəs yoxdu” – deyərək, aparmağa çalışırdı. Onların ardınca getdim. Görünüşə görə yaşlı kişi qadının həyat yoldaşı idi. Onanəsə deyərək aparırdı. Qarı isə gördüm deyərək ağlayır və ərinin yanı ilə irəliləyirdi. Kişi yolda dayanaraq qarıya nəsə dedi və dükana girdi. Bir neçə dəqiqədən sonra əlində iki gərənfil və bir gəlinciklə çıxdı. Həyat yoldaşının qoluna girərək gedək dedi. Onların arxasınca gedərək bir məzarlığa gəlib çıxdım. İçimdəki hiss bura ilk dəfə gəldiyimi deyirdi, amma bilirdim ki, bu belə deyil. Tanımadığım ölülərin məzarlarına baxaraq gedir və qorxu hissi hissi keçirirdim. Qarı ilə qoca kişi bir məzarın yanında dayanaraq dua oxumağa başladılar. Ölənin onların yaxınları, hətta uşaqları ola biləcəyini anladım. Bir az da irəli gedərək ölənin kim olduğunu bilmək istədim. Ola bilməz!.. Bu mənim məzarım idi. Məzarın üzərind eyni doğum və ölüm tarixi yazılmışdı. Hətta, o tarix bu günə aid idi. Qarı “qızım, qızım” – deyərək, göz yaşlarını silirdi. O an anladım ki, onlar mənim səhərdən axtardığım valideyinlərim idilər…

    Qoca kişi ilk öncə ölümümə əlindəki qərənfilləri qoydu və sonra əlindəki gəlinciyi qoyub doğum günümü təbrik etdi.

    Bəli, bu gün mənim doğum və ölüm günümdür. Əlindəkiləri qoyub qoca kişi qarıya “Bu qədər bəsdir gedək” –deyərək, addımlamağa başladı. Mən isə gedib məzarımın üzərində oturub onların arxasınca uzun-uzun baxdım.

  • “Zərif kölgələr” layihəsinin iştirakçısı: Bahar CAVADOVA

    Ədəbiyyat ərköyün uşaq kimidir, sevdikcə sevilmək istər, əzizlənmək istər. Obrazların içində yaşatdığımız dünyamız bizim öz dünyamızdır. Yalnız bizə məxsusdur. Və bizlər öz dünyamıza müsafir edirik sizlər, dəyərli oxucular!

    Niyə qorxum ki

    Gecələri göz yaşımdı bir də mən,
    Səni itirməkdən niyə qorxum ki?!
    Göz yaşımla bəstələnən nəgməyəm,
    Səni itirməkdən niyə qorxum ki?!

    Hara baxdım, baxdım sənin gözünlə,
    Kimi gördüm o sanırdım üzünlə.
    Mən ki, səni anacamsa hüzünlə,
    Səni itirməkdən niyə qorxum ki?!

    Allah verdi torpaq aldı əlimdən,
    Bacı qardaş oldum doğma elimdən.
    Mənim mayam yoğrulubsa zülümdən,
    Səni itirməkdən niyə qorxum ki?!

    Yanımdasan ruhun məndən aralı,
    Dərdli ürək neçə yerdən aralı?!
    Sən ki, çoxdan unudubsan Baharı,
    Səni itirməkdən niyə qorxum ki?!

    GƏZƏRSƏN MƏNİ

    Buludum yox gözləmə ki heç yağam,
    Divanəydim indi daha ayığam.
    Həsrətindən başı qarlı bir dağam,
    Ətəyimdən baxıb süzərsən məni.

    Qəlbdə qaldı gözlərindən nişanə,
    Orda vardı sevgi, eşqdən nişanə.
    Səyyad kimi aldın məni nişanə,
    Güllə yagışıyla əzərsən məni.

    Səni çox sevirdim tək əzizimsən,
    Bunu bildiyinçün üzürsən məni.
    İncit lap nə qədər incidə bilsən,
    İtirəndən sonra gəzərsən məni.

    QOCALMAYIM, NEYLƏYİM?

    Gözlərimdə min əzabın izi var,
    Bu əzabla qocalmayım, neylərim?
    Üzərimdə bir iblisin gözü var,
    Bu iblislə qocalmayım, neyləyim?

    Baş tacımdır iki oğlum, bir qızım,
    Nəvəm mənim göydəki dan ulduzum.
    Kürəkənim oğlum, gəlinlər qızım
    Qaynanayam, qocalmayım, neyləyim?

    Bahar, çatdın ömrün yarı yaşına,
    Nə aldatdın, nələr gəldi başına,
    Təkcə qardaşımın məzar daşına
    Hər baxanda qocalmayım, neyləyim?

    YA SƏBR

    Güclü çıxdı fələk durdu qəsdimə,
    Şükr etdikcə dərd çuğlatdı üstümə,
    Köz qarışdı od qarışdı tüstümə
    Təhamülüm yoxdu dözüm, ya səbr.

    Arzularım puça döndü kaş oldu,
    Əzizlərim nakam getdi daş oldu,
    Gözdən axan yaş mənə sirdaş oldu
    Nuru gedib görmür gözüm, ya səbr.

    Dolu düşdü, yermi qəbul etmədi,
    Xam torpaga nə əkdin ki bitmədi,
    Hansı dərdlər sıxıntılar keçmədi
    Bir az təmkin, bir az dözüm, ya səbr.

    İsti yayda duman gördüm, çən gördüm,
    Gənc yaşımda saça düşən dən gördüm,
    Nə dərd varsa yazıq Bahar sən gördün –
    Nələr gördü dərdli üzün, ya səbr.

    QADIN

    Cənnət ayayqların altındadırsa,
    Ürəyin bəs sənin hardadır, qadın?
    Namus şərəf sənin adındadırsa,
    Sınan ürəyini neyləyim, qadın.

    Həsrətli gözlərin, yorğun qolların,
    Ruhun buludların arasındadır.
    Yaşadıgın o nisgilli illərin
    Gizlənib gözünün qarasındadır.

    Sığala yaymayan zülfün pərişan,
    Susuz torpaq kimi əllər qabardı.
    Qəlbdə məhəbbətdən nağıl danışan
    Nakam sevgilinin nişanı vardır.

    Qəlbini kövrəldər bir soyuq baxış,
    Vüqarlı durmaga çalışan qadın.
    Bəxtinə yağsa da daim qar-yağış
    Yaşamaq eşqiylə yaşayan qadın.

    GƏL

    Yağış yağır, təzələnir xatirələr,
    Qaysaq tutmuş yaralarım olur hədər.
    Sənsiz keçən ömür deyil qüssə-kədər
    Sən gedəndən düyünlənmiş daşam, gəl.
    Qayıt atam, başım tacı, paşam, gəl.

    Həzin şeir, ağı, layla dilimdə,
    Qəribanam uzaq düşdüm elimdən,
    Çarpaz qalıb sinəm üstə əlim də
    Tükənmişəm, sənsiz olmur yaşam, gəl.

    Tənhalıqdan buz sallanır divardan,
    Buz tək kəsir sənsiz yay da, bahar da,
    Çoxdan ölüb o ərköyün Bahar da
    Gözlər görmür, qırıq qanad quşam, gəl.
    Qayıt atam, başım tacı, paşam, gəl.

    SÖZ YERİ

    Ay gecəni bəzər, günəş gündüzü,
    Günəşin öz yeri, ayın öz yeri.
    İnsanın hər vədə yaşarmaz gözü
    Olmasa qəlbində acı söz yeri.

    Eşq bir aləmdir, sevənlər bilir,
    Ayrılıq zülmdür, ölümdən betər,
    Halaldan bərk yapış, haram tez bitər
    Düz otur, düz danış, düz ol, düz yeri.

    Düz-əyrini yaxşı görür Yaradan,
    Vəfalıdır beş metr ağ xaradan.
    Əmanətlik canı verib Yaradan
    Elə yaşa, qalsın səndən iz yeri.

    İncidin bir anlıq, sıxma qəlbini,
    Söyləmə qohuma, yada dərdini.
    Bir bax, üzülməyə heç dəyərdimi?
    Qalmayıbsa onda bir üzr yeri.

    Ay Bahar özünü salma gözündən,
    İncimə nadanın qanmaz sözündən,
    O səni ağladan, feyən özündən
    Olmaz ayağında sənin toz yeri.

    PƏRİŞANAM

    Dərd əkib qəm götürmüşəm dünyada,
    Qazanmışam itirmişəm dünyada,
    Əzilmişəm itilmişəm dünyada,
    Yaşamaqçün nə səbəb var nə güman
    Pərişanam, pərişanam, pərişan.

    Açılmamış güllər soldu bağımda,
    Yalnızlıqla sirdaşam otağımda,
    Həmdəmimdi göz yaşım yatağımda,
    Xəyallarım ürəyimdə qaldı kam
    Pərişanam, pərişanam, pərişan.

    Baharam, çox sınamışam dünyanı,
    Hərdən-hərdən qınamışam dünyanı,
    İndi-indi tanımışam dünyanı,
    Füqarəya verməz naxış, ya aman
    Pərişanam, pərişanam, pərişan.

    ALLAHIN ADLARI
    Dost desən o sənə munisi yardır,
    Pərişan günündə tək havadardır.
    “Quran”, “İncil”, “Törat”, “Zabul”u vardır
    Bütün elimlər bilən “Əl Xəbir ALLAH”.

    Yaradan yaradıb küllü aləmi,
    Ulduzlu gecəni, yaşıl meşəni,
    Hər kəsin qəlbini içdən görəni
    Hər bir xəbər bilən “Əl Xəbir ALLAH”.

    Səndən istədiyi namaz ibadət,
    Yalvar tövbə eylə gələr səadət,
    Ürəkdən diləsən sən üzr əlbət
    Çox bağışlayandır “Əl Qafur ALLAH”.

    HARDASAN

    Yada düşər xatərələr ürəyimi yaralar,
    Həsrətindən ürəyimdə neçə yerdən yara var.
    Mən əcələ can vermərəm yar canını yar alar,
    Sevən canım sənə qurban, ömür keçir, hardasan?

    Ürəyimi aparmısan qalmayıb ağıl, şüur,
    Xəyalınla yaradıram, gah əfsanə, gah nağıl.
    Məcnun kimi dəlirməmiş həmdəmim ol, çarə qıl
    Sevən canım sənə qurban, ömür keçir, hardasan?

    Aşiq sənə dəli könlüm nə kiridi, nə dindi,
    Bu eşq ki, var, ay sevgilim, nə imandı nə dindi,
    Həyat qısa könlün varsa gəl məni az süründür
    Sevən canım sənə qurban, ömür keçir, hardasan?

    SƏN AĞLAMA

    Sən öyrətdin səbri əzmi, dözümü,
    Sən silərdin yaşlı olan gözümü,
    Sənə görə tanımışam özümü
    Qurban olum, sən ağlama amandı.

    Uca dağlar zirvəsini qar alar,
    Ağ bəxtimi fələk pozar qaralar,
    Demirlər ki: “yar qadasın yar alar”
    Qadan alım, sən ağlama amandı.

    Sən istə həsrətli gözümü verim,
    Alışan qəlbimin közünü verim,
    Qurbanlıq Baharın özünü verim
    Qurban olum, sən ağlama amandı.

    ***
    Mən səni unuda bilmədim axı,
    Eşqindən Fərhad tək qopardım qaya.
    Məcnun kimi məhkum oldum səhraya,
    Kərəm kimi yandım düşdüm səhraya.
    Mən səni unuda bilmədim axı…

    Ətrinin qoxusu ciyəyirimdədi,
    Eşqin tümənməyib ürəyimdədir.
    Baharı unutdun bəhanən nədi?
    Mən səni unuda bilmədim axı…

  • “Zərif kölgələr” layihəsinin iştirakçısı: Esmira GÜNƏŞ

    ESMİRA GÜNƏŞ
    Ədəbiyyat mənimçün nəfəsdir, havadır. Necə ki,
    dünyamız havasız qalsa məhv olar, mən də həyatımı ədəbiyyatsız
    təsəvvür edə bilmirəm. Hər gün mütaliə etmək, hər an
    ədəbiyyatımızdan yeni nəsə öyrənmək sanki məni həyata daha
    çox bağlayır. Mənim qəlbim oxumaq, öyrənmək, yazıb‐yaratmaq
    eşqiylə yaşayır.

    138
    İLK GÖRÜŞ
    Onların heç biri bu şəhəri yaxşı tanımırdı. Hara
    gedəcəklər, necə görüşəcəklər…. Əslində bu barədə heç
    təsəvvürləri belə yox idi. Hər ikisinin tək bir arzusu vardı, bu
    gün nə olursa, olsun görüşməli idilər. Tamamilə yad bir
    şəhərdə, bir-biri üçün çırpınan iki qəlb bir araya gələcəkdi bu
    gün. Əsmər əlində telefon həyəcandan qəlbinin səsini eşidirdi
    sanki. Artıq dəqiqələr keçmişdi. O isə Bakının bulvarında
    gözləri ilə gəlib keçən insanları izləyir, həyəcanla Eminin
    yolunu gözləyirdi. Telefona gələn zəng onu daha da
    həyəcanlandırdı.
    – Alo ! Harda qaldın? Gəlməyəcəksənsə mən gedim.
    – Yox, getmə!
    Eminin səsindəki təlaş aydın hiss olunurdu.
    – Bağışla, səni tapa bilmirəm. Axı mən Bakıya yadam. Səni
    necə tapım ?
    – Bilmirəm!
    Əsmər həyəcanlı halda dilləndi.
    – Gəl belə edək, dəniz qırağına gəl, gəmilər olan tərəfə.
    Orda gözləyəcəm səni.
    – Yaxşı.
    On dəqiqə keçdi. Və budur, onlar dəniz qırağında idilər.
    Bu gün ilk dəfə görüşəcəkdilər. Emin dənizi çox sevirdi, bir də
    ki, Əsməri. Maraqlıdır, bu gün o hər iki sevdiyini bir mənzərədə
    görəcəkdi. Emindən fərqli olaraq Əsmər dənizi sevmirdi. O
    düşünürdü ki, dəniz ayrılıq gətirir insanlara. Çoşqun ləpələri,
    şıltaq dalğaları apardığını geri qaytarmır. Bir də dəniz suyunu
    göz yaşına bənzədirdi hər zaman. Aralarında fikir ayrılıqları
    olmasına baxmayaraq hər ikisi bir-birini dəlicəsinə sevir,
    ayrılığı düşünmək belə istəmirdilər.
    Qırmızı qısaqol köynək, ağ şalvar və idman ayaqqabısı
    çox yaraşmışdı Eminə. Əsmərsə cins şalvar üzərinə ona
    yaraşan mavi köynək geyinmişdi. Ayağındakı ayaqqabılar
    hündür və çox narahat olsa da dözür bu görüşü səbirsizliklə
    gözləyirdi.
    Antologiya
    139
    Emin Əsmərə yaxınlaşıb …
    – Salam. – deyərək dilləndi.
    – Salam.
    Bu kəlməni dilinə gətirərkən həyəcandan utandığını və
    yanaqlarının qızardığını hiss etdi Əsmər.
    – Necəsən?
    – Yaxşı. Bəs sən?
    – Mən də. Onlar sahildən uzaqlaşıb parka tərəf getməyə
    başladılar.
    – Dəhşət istidir. İçməyə nəsə istəyirsən ? – Emin
    Əsmərdən soruşdu.
    – Xeyir, təşəkkür edirəm. Əsmərin bu cavabına məhəl
    qoymayan Emin sərin içkilər satılan köşkə yaxınlaşıb
    Əsmərdən bir daha soruşdu
    – Cola ya Fanta xoşlayırsan?
    – Mən heç nə istəmirəm doğurdan gələrkən Fanta
    içmişdim susamamışam.
    Onlar parkın içindən keçərkən Əsmər dincəlmək üçün
    oturmaq istədiyini bildirdi. Bir az gəzişdikdən sonra yaşıl
    ağacların əhatəsində qoyulmuş skamyada oturdular. Hava isti
    idi. Ətrafda isə əl-ələ gəzən sevgililər… romantik abu-havada
    şəkillər çəkdirirdilər. Əsmər marağına yenilib asta səslə
    soruşdu.
    – İlk təsüratın necədir? Özünü necə hiss edirsən ?
    Emin onun gözlərinə baxıb gülümsədi.
    – Çox gözəlsən! Mənsə çox xoşbəxtəm! Yanımda sevdiyim
    qadın var və az qalır ürəyim həyəcandan yerindən çıxa!
    Əsmər utanıb baxışlarını yerə dikdi.
    – Utanırsan? – deyə Emin soruşdu.
    – ….
    – Mən də …. Kaş belə tez getməyəydin, bir az daha çox
    yanımda qala biləydin…
    – Bəli, kaş ki, bu mümkün olardı… amma getməliyəm.
    Bilirsən az zamanım var.
    – Bilirəm. Emin təssüf hissi ilə dilləndi.
    140
    Bir neçə dəqiqə sükut höküm sürdü. Onların gözləri birbirinə elə sevgi dolu baxırdı ki, sanki zaman dayanmışdı. Emin
    astaca Əsmərin barmaqlarına toxundu. Bu an Əsmər qəlbinin
    döyüntüsünü eşidirdi. O elə bərk vururdu ki, ona elə gəldi,
    ətrafdakı insanlar da onun ürək döyüntüsünü eşidir. Bütün
    bədəni əsdi. Həyəcandan nə edəcəyini bilmirdi. Bəs Emin o da
    belə çox həyacanlanırdımı? Bəli, Emin də həyəcanlı idi.
    Əsmərin üç barmağını ovcunun içinə alan Emin sanki bütün
    dünyanı almışdı ovcunun içinə. Sevincinin, sevgisinin həddihüdudu yox idi. Qəlbində tək bir şey istəyirdi o – Zaman
    dayansın. Əsmər ömür boyu onun yanında qalsın. Bu görüş
    bitməsin. Emin bilirdi ki, Əsmər getsə onun gözlərinə yenə də
    həsrət qalacaq. Aylar öncə aralarında ölkələr olduğu halda indi
    qarşısında dayanmışdı Əsmər.
    Ona çox yaxın idi. Arada heç bir əngəl yox idi. Təkcə
    zamandan başqa. Vaxt keçir hava getdikcə qaralmağa, günəş
    batmağa başlayırdı. Əsmər həyacanını bir təhər boğaraq əlini
    Eminin əlindən çəkdi.
    – Bəlkə gedək, mən də gecikməyim. – deyə, o dilləndi.
    – Hara gedəcən?
    – Vağzala.
    – Necə gedəcən?
    – Bilmirəm, birindən soruşarıq yolu. – deyərək, Əsmər
    ətrafa boylandı.
    Onların qarşısında yaşlı bir kişi oturmuşdu. Emin qalxıb,
    kişiyə yaxınlaşdı.
    – Salam dayı, deyə bilərsinizmi buradan vağzala necə
    getmək olar?
    – Salam, bala buradan heç nə getmir. Ancaq biraz piyada
    yuxarı getsəz oradan 18 nömrəli avtobus ya da ki, merto ilə,
    hər ikisi birbaşa Vağzala gedir.
    – Çox sağ ol dayı. – deyərək, Emin Əsmərin yanına
    qayıtdı.
    Onlar birlikdə səki ilə yanaşı addımlayırdılar. Hərdən
    Emin bir iki addım qabağa gedir, bu zaman Əsmərin ona necə
    diqqətlə baxdığını hiss edirdi və Əsmərin bu hərəkəti o qədər
    Antologiya
    141
    xoşuna gəlirdi ki, dodaqaltdan gülümsəyirdi. Əslində Eminin
    bir-iki addım ondan öndə getməsi Əsmərin də xoşuna gəlirdi.
    Çünki belə olanda ona rahat baxa bilirdi. Göz-gözə gələndə isə
    utanıb baxışlarını yayındırırdı. Onlar yolu keçib keçidə
    yaxınlaşdılar.Keçidi düşərkən, Əsmər Eminin kefinin
    pozulduğunu görüb soruşdu.
    – Noldu, niyə qanın qaraldı?
    – Nə bilim e, sevdiyim qadın yanımdadır və mən onun
    əlindən tuta bilmirəm. İndi də çıxıb gedirsən. Kaş biraz
    vaxtımız olaydı ən azından hardasa oturardıq biraz rahat
    danışa bilərdik. Əsmər səhər həyəcandan heç nə yeməmişdi.
    Üstəlik də saatlarla yol gəlmişdi bu istidə, tədbirdən də yorğun
    çıxmışdı. Ayağındakı ayaqqabıları isə çox narahat idi. Acından
    təzyiqi düşmüş, baş ağrısı da bir tərəfdən ona əzab verirdi.
    Üstəlik telefonun da enerjisi tükənmək üzrə idi. Hər nə qədər
    möhkəm olmağa çalışsa da əslində onun da hardasa oturub
    nəsə yeməyə və bir az dincəlməyə ehtiyacı vardı. Həm də
    telefonu cərrəyana qoşa bilərdi. İndi isə Eminin köks ötürərək
    arzularını dilə gətirməsi ürəyini bir daha titrətmişdi.
    Nərdivanları hündür ayaqqabı ilə düşmək təhlükəli olur
    bəzən. O astaca Eminin qolundan tutdu. Bu zaman onlar bir
    daha gözgözə gəldilər. Emin sanki hər dəfə Əsmərin gözlərinə
    baxanda ona yenidən aşiq olurdu. Dodaqlarında şirin bir
    təbəssüm yarandı. Nərdivanları düşdükdən sonra Əsmər
    Eminin qolunu buraxdı Eminsə yenidən ondan biraz aralı
    getməyə başladı.
    – Sənin burada qohumların var? – deyərək, o soruşdu.
    – Hə, var. – Əsmər cavab verdi.
    – Qarşılaşma ehtimalımız nə qədərdi?
    – Bilmirəm, dua et ki, heç kəslə qarşılaşmayaq. Qanımı
    qaraltmaq istəmirəm. – deyə, Əsmər köks ötürdü.
    – Mən də sənə sıxıntı olmaq istəmirəm. Ona görə də bir az
    səndən uzaq dayanmağa çalışıram.
    Onlar keçiddən çıxaraq səki ilə yola davam etdilər. Bir
    anlıq Əsmər düşündü ki, indi geri qayıtsa ömür boyu peşman
    olacaq. Fürsəti varkən bir az daha çox qalıb Eminin gözlərinə
    142
    doya-doya baxa bilər. O dayanıb ətrafa boylandı. Yolun qarşı
    tərəfində balaca bir kafe var idi. Müştərilərlə dolu olan ailəvi
    kafedə boş yer tapmaq çətin olacaqdı diyəsən. Əsmər saatına
    baxdı və dilləndi:
    – Gəl bir yerdə oturaq, bu gün heç nə yeməmişəm başım
    da ağrıyır. Bir az oturaq nəsə yeyək sonra gedək vağzala.
    Bayaqdan bütün bu fikirləri dilə gətirməkdən çəkinən Emin bu
    sözləri Əsmərdən eşidəndə çox sevindi.
    – Sən gecikmərsən ki? – deyə, Emin soruşdu.
    – Tez qalxarıq, yarım saat bəs edər məncə.
    – Yaxşı buyur keç – deyərək, Emin Əsmər üçün kafenin
    qapısını açdı. Elə bu zaman 2 nəfərlik bir masa boşaldı. Onlar
    kafenin tinində qoyulmuş balaca stolun kənarında alcaq
    qırmızı divanda əyləşdilər.
    – Bəlkə yanımda oturasan? -deyə Emin dilləndi.
    – Belə yaxşıdır. – Əsmər Eminin qarşısında əyləşmişdi. O
    bu az zamandan istifadə edib Eminin gözlərinə doya-doya
    baxmaq istəyirdi. Eminsə ona daha da yaxın olmaq, heç olmasa
    bir dəfə əlindən tuta bilməyi arzulayırdı. Ofisant onlara
    yaxınlaşıb menyunu verdi. Menyuya nəzər saldıqdan sonra.
    Emin sadecə kola istədi. Əsmər isə bir ədəd püreli dönər və
    ayran sifariş etdi. Ofisant sifarişləri qeyd edib uzaqlaşdı. Emin
    siqaret çəkmək istəyirdi.
    – Sən yeməyini ye mən də siqaret çəkim gəlirəm. – dedi.
    – Getmə. Bilirsən ki , siqaretə nifrət edirəm. Axı nə
    məcburdu? Niyə çəkməlisən ?
    – Yaxşı də Əsmər başlama yenə dedim axı tərgidəcəm
    ancaq, bu gün heç çəkməmişəm ürəyim partlayır. Onsuz da çox
    həyəcanlıyam çölə çıxım biraz özümə gəlim gəlirəm.
    – Yaxşı get, o zaman mən də gedirəm. Burda qalmağımın
    mənası yoxdur daha. Emin Əsmərin necə tərs olduğunu bilirdi.
    Dedisə edəcəkdi. O isə Əsmərin getməyini heç istəmirdi. Ona
    görə də qayıdıb yerində əyləşdi. Əsmərin gözlərinə baxdı. Sanki
    gözləri sən getmə mən ömür boyu siqaret çəkmərəm deyirdi.
    Eminin bu hərəkəti əsmərin çox xoşuna gəlmişdi. Ona niyə aşiq
    olduğunu bir daha anlamışdı. Elə bu zaman ofisant onlara
    Antologiya
    143
    yaxınlaşıb sifarişləri masanın üzərinə qoydu və uzaqlaşdı. Emin
    bir daha Əsmərin gözlərinə baxaraq:
    – Ömrüm, sən yeməyini rahat ye, mən də bir siqaret
    çəkim gəlim nolar? – deyə, dilləndi.
    – Yaxşı get.
    – Tez gələcəm, sən rahat ye.
    Emin masanın yanından uzaqlaşaraq kafedən çıxdı.
    Əsmər həyəcandan tox olduğunu hiss etsə də baş ağrısına dözə
    bilmirdi. Özü də yaxşı bilirdi ki, əgər nəsə yeməsə baş ağrısı
    keçən deyil. Odur ki, yeməyə başladı. Çox çəkmədi ki, Emin
    yenidən qayıtdı. Əsməri yemək yeyərkən izləməkdən gözlərini
    yayındırmağa çalışsa da alınmırdı. Odur ki, söhbətə başladı.
    – Bibimin telefonunu götürmüşəm gələndə səni tapım
    deyə, dayım məni cırnadır. Deyir ki, buna bax bir, Azərbaycana
    çatan kimi tapdı birini.
    Bunu eşidəndə Əsməri gülmək tutdu.
    – Dayın hardan bilsin ki, sən elə mənə görə gəlmisən
    Azərbaycana.
    – Hə, sən olmasaydın bəlkədə heç vaxt gəlməzdim.
    – Diyəsən dayını çox istəyirsən.
    – Hə, dayı da məni çox istəyir. Sağ olsun yaxşılığını çox
    görmüşəm.
    – Allah köməyi olsun.
    – Çox sağ ol.
    – Bəs öz telefonun hanı?
    – Enerjisi bitib, yaxşı işləmir. – Əsmər gülümsədi.
    – Heç kəs inanmır də, Vallah telefonum yaxşı işləmir. –
    deyə, Emin biraz pərt oldu.
    – Niyə ki, sənə inanıram sadəcə sən özün problemsən
    deyə, səndə hər şey problem olur.-deyərək Əsmər
    gülümsəməyə davam etdi.
    Hava artıq qaralmışdı. Küçə lampalarının işığı küçəni
    aydınladırdı.
    – Artıq gecdir. Gedək. Yoxsa vağzala gecikəcəm. – Əsmər
    məyus halda dilləndi.
    144
    – Yaxşı. – deyə, eyni səs tonu ilə cavab verdi Emin. Əsmər
    çantasını əlinə alanda Eminin masadan qalxdığını gördü. Bir
    neçə dəqiqə sonra Emin masaya yaxınlaşıb “Gedə bilərik” dedi.
    Əsmərin qaşları çatıldı. Axı alışmışdı hər işinin
    öhtəsindən özü gəlməyə. Həm də heç kəsə yük olmamışdı bu
    günə qədər. Ödənişi Eminin etməsi xoşuna gəlməmişdi.
    İstəmirdi onu sıxıntıya salsın. Kafedən çıxarkən Emin dayanıb
    ona baxdı. Qarşısında qaşlarını çatıb, tərs-tərs Eminə baxan çox
    şirin bir xanım vardı. Bir anlıq Eminin könlündən bu gözəl
    xanımı qucaqlayıb bağrına basmaq keçsə də, o hisslərini içində
    boğdu. Dodaqlarında şirin təbəssümlə:
    – Ay, inadkar. Öz dediyindən dönmürsən də. – deyib
    gülümsədi.
    – Gərək belə etməzdin.
    – Bilirsən, anamda sənin kimi inadkardı.
    Eminin bu cümləsi Əsmərin gül qönçəsinə bənzəyən
    yanaqlarında təbəssümə səbəb oldu. Onlar bir neçə dəqiqə
    susub bir-birinin gözlərinə baxdılar. Emin “Kaş əllərindən tuta
    biləydim, sənə toxuna biləydim.” deyə düşünürdü. Əsmər sanki
    onun qəlbindən keçənləri oxuyurmuş kimi, ona yaxınlaşdı, əlini
    uzadıb Eminin əlini tutdu. Bu isə adi bir toxunuş deyildi. Sanki
    bir neçə ay öncə birlikdə qurduqları xəyal bu gün reallaşırdı.
    Bir neçə ay öncə Emin adəti üzrə işdən evə gələn kimi telefonu
    götürüb tez Əsmərə mesaj yazmışdı. O Əsmərlə tanış olandan
    artıq demək olar hər gün belə idi. Bütün gün onu düşünür. Vaxt
    etdikcə gün ərzində mesaj yazıb halını soruşur, işdən
    qayıdarkən isə yeməkdən öncə Əsmərlə əlaqə saxlayardı. Hətta
    çox zaman bütün gecəni oyaq qalıb mesajlaşardılar.
    Həmin gün də o Əsmərə mesaj yazmışdı.
    – Salam, necəsən canparçam?
    Əsmərin həmin gün qanıqara idi. Eminin varlığına hər
    zamankından daha çox ehtiyacı vardı. Sadəcə telefonda olsa
    belə Eminin sevgisini hiss etmək onu çox rahatlaşdırır,
    həyatına maraq qatırdı.
    – Salam, belə də. – deyərək Əsmər Cavab yazdı Eminə.
    – Nolub mənim mələyimə? Qanın niyə qaradı?
    Antologiya
    145
    – Heç səbəbini özüm də bilmirəm. Ancaq çox darıxıram.
    – Caaan. Mən də sənsiz çox darıxıram. Bütün gün
    xəyallarını qururam. Axşamı səbirsizliklə gözləyirəm ki, iş
    bitsin səninlə rahat yazışa bilim. Gəl birlikdə xəyal quraq.
    – Necə?
    – Düşün ki, yanındayam. Bizim gözdən uzaq yaşıllıqlarla
    göz oxşayan meşədə balaca bir evimiz var. Və bu gün mən səni
    dənizə aparacam.
    – Hmmm, qulağa xoş gəlir. Əsmər Eminin yazdıqlarını
    xəyalında canlandırmağa başladı.
    – Düşün ki, ikimiz dəniz kənarındayıq və mən sənin
    əlindən tutmuşam. Bilirsən necə ?
    – Necə?
    – İstəyirəm ki, barmaqlarımı, barmaqlarına keçirim bərkbərk tutum əllərindən. Bizi heç kəs ayıra bilməsin.
    Əsmər Eminə yaxınlaşıb əlindən tutarkən bu xəyalı
    canlanmışdı hər ikisinin gözündə. Eminin xəyalındakı kimi
    barmaqlarını onun barmağına keçirmişdi əlindən tutarkən.
    Sanki zaman dayanmışdı. Hər ikisi həyəcandan əsirdi. Onlar
    dayanacağa çatanda. Əsmər Eminin əlini buraxdı. Əsmərin
    gözlədiyi avtobus hələ gəlməmişdi. Onlar dayanacaqda
    oturarkən Emin dilləndi.
    – Mənə yaxın əyləş.
    Bu zaman xəfif külək əsdi. Əsmərin üzünə toxunub
    saçlarını havada dalğalandırmağa başladı. Əsmər gözlərini
    yumub küləyi üzündə hiss edirdi. Sanki külək belə bu gözəlin
    yanağından öpmək istəyirdi. Xəfif külək altında Əsmər elə
    gözəl görsənirdi ki, o gözlərini açanda Eminin onu necə sevgi
    dolu baxışlarla izlədiyini gördü.
    – Məni sevirsən? – deyərək dilləndi Emin.
    Bəlkə də bu suala cavab almaqla yaşadıqlarının yuxu
    olmadığına inanmaq istəyirdi sadecə. Ancaq Əsmər utanaraq
    baxışlarını yerə dikmiş cavab verə bilməmişdi.
    – Niyə susursan?
    – Xoşun gəlir məni utandırmaqdan? Ətrafdakılar bizə
    baxır.
    146
    Əsmərə elə gəldi ki o an Eminin sualına cavab verərək
    “Səni sevirəm” desə onu bütün dünya eşidəcək.
    – Şərt deyil “Səni sevirəm” deyəsən. “Bəli” və yaxud
    “Xeyir” də deyə bilərdin.
    Əsmər susurdu.
    – Anladım. Sən məni sevmirsən. Amma mən səni dünyalar
    qədər sevirəm.
    Əsmər Eminin gözlərinə baxdı. O bu kəlmələri elə
    əminliklə dilə gətirmişdi ki, bu sevgiyə zərrə qədər şübhəsi yox
    idi onun. Bu an Əsmərin gözlədiyi avtobus dayanacağa
    yaxınlaşdı. Ayrılıq anı idi. Onlar ayağa qalxıb avtobusa tərəf
    gəldilər. Əsmər Eminin boynuna sarıldı. Özündən ixtiyarsız
    dodaqlarının onun boynuna toxunduğunu hiss etdi. Astaca
    pıçıltı ilə dilləndi.
    – Səni çox sevirəm, bunu unutma.
    Əlləri Eminin əlindən qopmaq istəməsə də o artıq
    avtobusa qalxmalı idi. Hər ikisinin qəlbində duyğular bir-birinə
    qarışmışdı. Nə hiss etdiklərini özləri də anlaya bilmirdilər. Bu
    ilk görüşün yaşatdığı xoşbəxtlikmi, yoxsa ayrılığın gətirdiyi
    məyusluq hissi idimi?!
    QƏLBDƏN GƏLƏN BAXIŞ
    Bir baxış Tək bir baxış bəzən insanı xoşbəxt etməyə belə
    yetər. Bəzənsə bir baxışa bütün həyatın sönər. Bir baxış sənə
    yaşamağa güc verər. Bir baxış, həyatını bitirər. Bir baxışa aşiq
    olarsan. Qəlbin küləyin ağac budağında titrətdiyi yarpaq kimi
    titrəyər. Bəzən də bir baxışla insan bütün nifrətini göstərər.
    Baxış var ki, utanarsan, susarsan. Baxış var ki, nifrətini
    qusarsan. Bir baxışa sığar bəzən dünyalar. Bir baxışda dünya
    boyda məna var.

  • “Zərif kölgələr” layihəsinin iştirakçısı: Yeganə

    YEGANƏ
    Poeziya duyğuların dərinliklərinə nüfuz edən, ruhu gözə‐
    görünməz məqamlarını sözə çevirən, idrakən böyüklüyünə
    dəlalət edən təkrarsız və əvəzolunmaz vasitədir. Poeziya tanrının
    bəndələrinə lütf etdiyi ilahi ifadə qabiliyyətidir. Və təsadüfən
    deyilməyib ki, yer üzündə sonuncu insan qalana qədər poeziya
    yaranacaqdır.

    Antologiya
    133
    BURLAXATUN
    (Qızıma)
    Sən mənim canımdan deyil,
    ürəyimdən doğuldun.
    İşıq oldun gözlərimə yığıldın.
    Nə qədər ki, yoxdun –
    Mələklərin pıçıldadığı
    ən şirin nağıldın.
    Gəldin… gerçəyim oldun,
    bircəyim oldun.
    Çin olan tək arzum,
    Xanım ədalı qızım,
    Adına yaraşanım…
    Baxışların ruhumu isidən
    yeganə hərarətdir,
    Bilmirəm Sənmi dünya deməksən,
    Yoxsa…
    dünya səndən ibarətdir?..
    BU GECƏ
    Bu gecə
    ara-sıra sayrışan ulduzlar
    sevincim kimi kəm-kəsir.
    Donub düşüncələrim –
    Nə keçmişə qayıdır,
    nə gələcəyə tələsir.
    Hərdən soyuq külək əsir
    xatirələrin üzərindən.
    Gecə lampasına daraşan
    pərvanələrin
    ölüm şərqisi yağır şəhərə.
    Ağır bir səssizlik
    və sükut.
    Hələ milyon il qalıb səhərə.
    134
    HARA ÇƏKİR
    Duyğularımı parçalayır
    Xatirələrin qəlpələri.
    Yox, bitməyibmiş… illər sonra
    Ürəyimin sahillərini
    Döyür həsrətin ləpələri.
    Düşüncələrim dumanlanır,
    Baxışlarıma xiffət çökür.
    Qəlbim vurnuxur içərimdə,
    İllər tutub ətəyimdən,
    Görən indi məni hara çəkir.
    Eh, o zavallı xatirələr
    Yollarım üstə çözələnir.
    Nə çətinmiş həyat deyilən…
    Sevinci bitir, dərdi bitmir,
    Elə həmişə təzələnir.
    SUSDURUN O NƏĞMƏNİ
    Tərpəndikcə o tellər,
    Həsrətimə toxunur.
    Elə bil kəlmə-kəlmə
    İçərimdə oxunur.
    Susdurun o nəğməni.
    Səslənir həzin-həzin,
    Dədimə köklənirəm.
    Çölümdən üzülürəm,
    İçimdə təklənirəm,
    Susdurun o nəğməni.
    Antologiya
    135
    Uyuşub ahənginə,
    Pıçıldayır dodağım.
    Necə yatır dilimə,
    Göynəyir köhnə dağım,
    Susdurun o nəğməni.
    Xatirələr yol boyu,
    Sökülür ilmə-ilmə,
    Elə bil çəkib məni
    Aparırlar ölümə.
    Susdurun o nəğməni.
    DAŞ QATDIM
    Yamanca su apardı
    Bu taleyin xəmiri.
    Bəs etmədi, indi də
    Gözlərimdən yaş qatdım.
    Həyatımdan hər ötən
    Eh, ömrümdən qopardı.
    Axı mən də insanam…
    İnsaf-mürvət yerinə
    Ürəyimə daş qatdım.
    Heç bilmədim yelkənim
    Hansı dəryada batdı,
    Elə getdi dərinə.
    Çox da ki, tanrı gördü,
    Nə səsimə hay verdi,
    Nə əlini uzatdı.
    Həsrətimin üstündən
    Qara-qura xətt çəkib,
    Xatirəylə baş qatdım.
    136
    NƏSƏ
    Nəsə yarımçıq qalıb
    elə bil.
    Hardasa xatirələrin qapısı
    həsrətimin üzünə açıq qalıb
    deyəsən.
    Yoxsa…
    sabaha tələsən arzularımı
    geriyə çəkən nədir..?
    Ürəyimə çökən yorğunluq
    indi daha uzun sürür.
    Bəzən də nə beynim düşünür,
    nə gözlərim görür.
    Həyat deyilən bu çarxda
    talelər tərsinə dövr edir.
    Eh…
    çox da desinlər –
    «Olan olub, keçən keçib».
    Axı içimdə məni didir nəsə.
    Nəsə üşünür duyğularımda
    xatirə qismində
    hərdən.
    Bilirəm

  • “Zərif kölgələr” layihəsinin iştirakçısı: Şəfa VƏLİ

    ŞƏFA VƏLİ
    Bir zamanlar şeir Tanrıçası mənim ruhuma da sığal çəkirdi… Qapıları bağlana bilər, həyat sıxıntılarla dola bilər, amma… ürəyimdəki, ruhumdakı yazmaq yanğısına heç nə heç vaxt qalib gələ bilməz…
    VAMPİRİN ESSESİ

    …Susamışdım. İçimdəki bu susuzluğu yatırmaq mümkünsüzlüyünün ənginliyindəydim. Sanki bütün dünyanın yanğınları boğazıma tıxanmışdı, gözlərimin giləsindən cadar-cadar olmuş torpağın qoxusu havaya çıxmağa can atırdı. Gecənin zülməti yavaş-yavaş gözlərimdə çəhrayılaşırdı. Qaranlığın içindən qarşıma gələn kiçik oğlan uşağını tanımırdım. Ha baxsam da, kiməsə oxşada bilmirdim. Axı bu kiçik kənddə hamı bir-birini tanıyırdı. Necə ola bilərdi ki, tanımadığım bu uşaq gecə vaxtı qarşıma çıxmışdı? Dizimin dibində dayanıb altdanyuxarı mənə baxan uşağı bir də diqqətlə süzdüm. Heyrətedici idi… Bu kənddə heç kimi xatırlatmırdı. Mənim ona baxdığımı görüncə oğlan da gözlərini bərəltdi. Genişlənən bəbəklərin dərinliyində su vardı… Anladım ki, bu oğlan susuzluğumu duyub, bəbəklərinə yığdığı qırmızı suyu mənimçün gətirib. Əyilib onun gözlərindən öpdüm… Öpdüm… Öpdüm… Doymaq bilmədən…

    ***
    Səhərisi kənddə hamı danışırdı ki, traktorçu İzzətin altı yaşlı oğlunun gözlərini gecə yarasaları deşib. Anası uşağı pəyənin damına çıxarıbmış ki, quzuluğun bacasını örtüb üstünə daş qoysun. Yarım saat keçsə də, uşaqdan xəbər çıxmadığını görən ana özü dama çıxmış, uşağı yerdə, qan içində görərkən harayı kəndi başına almışdı. Qəribə bu idi ki, gözləri oyulan uşaqdan bir səs də çıxmamışdı. Yarımca saat içində qanaxmasından oğlan keçinmişdi. Bu, kənddə indiyədək görünməmiş hadisə idi. O gündən hamı axşamlar yarasa ovuna çıxır, tək-tük gözə dəyən ovucasığası yarasaları öldürürdülər. Lakin növbəti hadisə onları yarasaların “günahına girdiklərinə” peşman elədi…
    ***
    …Acmışdım. Minilliyin o tayından mənə baxan qaval daşı kimi döyünürdü ürəyim. Dişlərimin lap uclarında gizilti vardı. Uşaqkən anamın qaz ətindən bişirdiyi dolmanı çömçədə görəndə bu gizilti elə xoşuma gəlirdi ki… Ağzıma yığılan suyu birnəfəsə uddum. Dodaqlarım da turşumuş dadırdı. Elə bil mən də min il bundan qabaq elə qaval daşının səsinə qulaq asa-asa nəsə yemişdim… Bu aclığın əlində halsız olmalıykən get-gedə bədənimə güc gəldiyini, əzələlərimin gərildiyini hiss edirdim. Sanki ayağımın altından torpaq məni yuxarı – havaya itələyirdi. Bir tullanışda zülmətin qoynuna atılmışdım. Qaranlıq yenə məni nazlandırmışdı; yerini bu dəfə tünd göy rəngə vermişdi. Hardansa yanan işıq da sarılığını itirib göyə bürünmüşdü. Elə o işığın ucundan tutub mənə tərəf gələn balaca qızcığazın əynində gecə paltarı vardı. Yaxasında sarı cücə şəkli olan köynək və ayağı büzməli şalvarda necə də dadlı görünürdü… Üzümə baxıb gülümsəyəndə onun kimə oxşadığını heç düşünmədim də. Sadəcə, yanaqlarından dişləmək keçdi ürəyimdən…
    ***
    Bu, yarasaların əməli deyildi. Kənd sakinlərini mikroavtobusla rayon mərkəzinə aparan sürücü Fəxrəddinin beş yaşlı qızı Asiyanı sifəti parçalanmış vəziyyətdə yataq otağının yola baxan pəncərəsi önündə tapmışdılar. Yenə də uşağın səsi çıxmamışdı. Kənd mollası əlini uzun saqqalına aparıb salavat çəkmişdi, qaşlarını düyünləyib danışmağa başlamışdı: -Elə bil bu uşaqlar ölümə özləri gedir. Səsləri də çıxmır. Ayrı vaxt üstlərinə təpinsən qıyya çəkirlər amma. Şeytan əməlidir bu. Gərək kitab açam. Fəxrəddinin atası Vəlixan kişi onun sözlərinə fikir verməsə də, qeyri-ixtiyari salavat çevirdi, üzünü yuxarı tutdu: -Allaha təvəkkül! Hamı ürəyində onun bu sözləri niyə dediyini bilirdi. Həkimlər Fəxrəddinin arvadı Şəfəqin bir daha uşağı olmayacağını demişdilər. Asiya onların yeganə övladları idi…

    ***
    …Üşümüşdüm. Canımı qoymağa, sığınmağa heç nə tapmırdım. Kürəyimin hər iki tərəfində, çiyinlərimdən üzüaşağı bir zolaq kimi ağrılar dillənir, sonra yavaşıyır, yenidən sümüklərimi gərirdilər. Bu ağrılar ürəyimə çatmağa can atırdılar. Ürəyim də qorxmuşdu. Səsini çıxarsa, ağrılar eşidəcəkmiş kimi, getdikcə daha yavaş vururdu. Əllərimi bir-birinə qovuşdurmağa gücüm qalmamışdı. Hərəsi bir dizimin üstündəcə getdikcə tündləşən qırmızıya bürünürdülər. Əvvəllər üşüyəndə dərimin rəngi maviylə çəhrayının qarışığından boyanırdı. İndi niyə qızarırdı, bilmirdim. Üşüdükcə kirpiklərimə də gücüm çatmırdı. Necə açılmışdılarsa eləcə də qalmışdılar, yumulmurdular. Qarşımda göz işlədikcə uzanan qırmızı torpaq sahəsi vardı. Deyirdilər, qırmızı torpaqda dəmir çox olur axı. Yoxsa mənim əllərim də dəmirə dönürdü? Düşünməyi də bacarmırdım. Qəfil qırmızı torpaq dümağ dumanın arxasında qaldı. İndi dumandan başqa önümdə heç nə yoxdu. Yanaqlarıma çökən çiskini hiss etdiyimə sevindim. Yanaqlarım soyuqdan daşlaşmış, bərkimişdi. Dumanın içindən gələn adamı tanıyırdım. Üç il bundan qabaq xərçəngdən dünyasını dəyişmiş tarix müəllimim idi. Qızı ilə yaxın rəfiqə olmuşdum. Müəllimim yaxına gəlib başımı sığalladı: -Məktəbimizin ən yaxşı şagirdi!-gülümsəyirdi. Gülümsəmək istədim. Bacarmadım. Amma mənə elə gəldi ki, müəllimim gördü ürəyimdəki təbəssümü. Çünki ürəyimə baxırdı. Sonra əlini başımdan çəkib sol əlimin üstünə qoydu. Dedi: -Səni başa düşürəm. Susamaq, acmaq, üşümək pisdi… Saçlarımın dibindən çıxırdı ürəyimin səsi: -Susamışdım… Acmışdım… Üşümüşdüm… Müəllimim başıyla uzaqları göstərirdi. Mənsə dumanın içində elə dumanın özündən başqa heç nə görmürdüm.
    ***
    Kənd bu dəfə üçüncü məzarı qazırdı. Məktəbin ən yaxşı şagirdi, on altı yaşlı Gilan Mahmudqızı dünən gecə ölmüşdü. Həkimlərin dediklərinə görə, damarlarında qan donmuş, ürəyə çatmamışdı. İlk dəfədir ki, bu cür ölüm səbəbini eşidən kənd camaatı daha mollaya qulaq asanda dodaqlarının kənarındakı kinayəni qovurdular. Molla deyirdi ki: -Bu, üçüncüdür. Daha bu kənddə şeytani ölümlər olmayacaq. Şeytan cəmi üç ölü aparır. İki günahsız, bir günahkar. Kimsə cürət edib Gilanın hansı günahın sahibi olduğunu soruşmadı… Amma mollanın dediyi də doğru çıxdı; bir daha o kənddə şeytani ölümlər olmadı.
    ***
    -Vampirin essesini dinlədim! O, mənə elə beləcə də dedi. Təəccübləndim. Axı bu yuxudan özüm bərk qorxmuşdum. Çox qorxmuşdum. Və daha belə yuxu görməyim deyə dua da etmişdim.

  • “Zərif kölgələr” layihəsinin iştirakçısı: Gülnarə SADİQ

    GÜLNARƏ SADİQ
    Tanrının ən böyük uğuru onun yaratdığı İNSANdır. Insan
    ən böyük uğuru isə yazdığı kitabdır, kitabdakı həyatlardır. Hər
    kəs öz həyatını yaşayır, hər kəs özünü yaşayır – amma yazılmış
    əsərlər bizi yaşayırlar. Güldürərək, ağladaraq. Bu arada,
    ağlamağın da öz gözəlliyi var – demək, sən varsan ki, ağlamağı
    da bacarırsan. Varlıq elə biz özümüzük. Yaradanı görmək üçün
    sadəcə özünə baxmalısan. Biz, hər saniyə başlayanda doğuluruq,
    hər saniyə bitəndə isə ölürük.
    116

    (Qara dünyanın Ağ sakinləri)
    Zərif simlər üzərində qurulub dünya, hən sınacaq,
    zərbələrə davamsız, ümidsizcə… Bu qədər zərif və zəif dünyada
    güclü olmaq çox çətindir. Bəlkə də tam əksinə, bu dünyanı
    ayaqda saxlayan bizim gücümüzdür…
    Ən böyük dayaq isə sahiblənmək, mənimsəməkdir. Tək
    olmaq, tək olaraq yaşamaq, yaşam səccadəmizi qibləyə
    uzadaraq ölüm gözləməyə bərabərdir.
    Bu dünya o qədər günahsız günahlarla yüklənibdir ki,
    qorxuram ki, nə vaxtsa bir gün, hardasa zərif simlər tab
    gətirməyə və sınıb tökülə. Bax bu zaman əsl qiyamət qopacaq.
    Məhz həmin gün atalar balalardan qaçacaq, balalar atalardan
    üz çevirəcək. Analar bətnindəki “yük”ündən qurtulacaq. Məhz
    dünyanın zərif simləri sınıb dağılan gün…
    ***
    -Sara xala, ay Sara xala, aç qapını.
    Gecə saat üç olardı. Saranın qapısını az qala sındırılacaqdı. Sara yarı yuxulu tələsik qapını açdı. Taxta darvazanın
    cəftəsini çəkən kimi Emin özünü həyətə saldı. Tir – tir əsirdi.
    Üstü başı palçıq içində idi.
    -Ay bala, nə olub yenə? Bu nə haldır?
    -Sara xala, kömək elə mənə…
    Emin sözünü tamamlaya bilmədi, gücsüz düşüb elə
    həyətin ortasındaca huşunu itirdi.
    -Ay Allah, ay Emin, Sara sənə qurban, nolar aç gözünü
    mənim balam.
    Sara ah-nalə edə–edə Emini evə qədər bir təhər apardı.
    Həyət elə də böyük deyildi, evə qədər cəmi üç ya dörd metr
    məsafə vardı. Kiçik kasıb evində Sara tələsik sobaya odun atdı,
    elə sobanın üstündəcə çay qızdırdı. Günortadan bişirdiyi
    dolmadan da isitdi. Emin yarı huşsuz titrəyirdi. Acidi, gücsüz
    idi. Üstəlik bir də yaralı olduğunu görən kimi Sara yazıq dəliyə
    döndü. Tez köynəyini çıxardı. Çiynində, bir də qarnında bıçaq
    Antologiya
    117
    yaraları vardı, amma yarası dərin deyildi. Uşaqlıqdan qan
    azlığından əziyyət çəkirdi Emin ona görə də azacıq qan itirən
    kimi halsız düşürdü. Üst başından da bəlli idi ki, kimləsə
    əməllicə dava edib. Bir az çay-çörək yedikdən sonra özünə
    gəldi. Sara onun yaralarını təmizlədi, əyninə də təzə köynək
    geyindirdi. Bütün gecəni Eminin başı üstündə keşik çəkdi.
    -Eh mənim bəxtsizim, nə etsəm də səni qoruya bilmədim,
    bilmirəm də. Əvvəl axır öz-özünü məhv edəcən.
    Səhər Emin özünə gəldi, rəngi xeyli düzəlmişdi. Yaraları
    da bir az yaxşı idi. Sara qəşəng süfrə açdı, Eminin xoşladığı nə
    varsa düzdü süfrəyə. Soyutma yumurtadan tutmuş, yağ, bal,
    pendirə kimi. Emin bəlkə də həftələrdi, ya da bəlkə də elə
    sonuncu dəfə elə Sara xalasının süfrəsində rahat yemək yeyə
    bilmişdi. Nəfsindən çox vücudu doyana qədər yedi. Rəngi bir az
    da düzəldi.
    -Ay bala, yenə kimlə dalaşmısan? Allah qorusun bu
    yaralar dərin olsaydı nə olardı? Heçmi canına yazığın gəlmir?
    -Elə belə şeydi, sən narahat olma.
    -Necə narahat olmayım? Bu neçənci dəfədir bu halda
    gəlirsən üstümə?
    -Səndən başqa qapısını döyəcək kimsəm yoxdu. Onlar
    məni buraxanda təkcə sən mənim əlimdən tutdun.
    -Bala, keçmişlə yaşama qurban sənə, oldu bitdi, gül kimi
    oğlansan gəl səni evləndiək. Öz ocağın olsun.
    -Sara xala, bu mümkün deyil bilirsən.
    -Dünyada mümkün olmayan heç nə yoxdu. Yaxşı bir
    həkim də tapmışam, nolar mən deyənə qulaq ver.
    -İstəmirəm…
    -Emin…
    -Sara xala, bir də bu söhbəti açsan gəlməyəcəm bu evə.
    Emin qalxıb getmək istədi, lakin, ayağa qalxan kimi başı
    hərləndi, zəif bədəni onu saxlamadı, yıxıldı…
    -Ay bala, ay oğul, hara gedirsən? Az qala yıxılmışdın.
    Allah qorusun, başını falan harasa vurarsan, evim yıxılar…
    Onların yəni Saranın Eminlə tanışlığı iyirmi altı il əvvələ
    gedib çıxır. O vaxtlar Sara gənc idi, yeni işə düzəlmişdi.
    118
    Körpələr evində baxıcı işləyirdi. Körpələrlə işləmək ona sadəcə
    zövq verirdi. Saranın da arzuları var idi. Ən böyük arzusu isə
    dünyalar qədər çox sevdiyi ərinə bir körpə bəxş etmək idi…
    Bir gün təxminən onun yaşlarında bir qadın qucağında yeni
    doğulmuş bir körpə ilə onun işlədiyi müəssisəyə gəldi. Müdirlə
    görüşdü, imtina sənədini imzalayıb uşağı elə ordaca buraxıb
    getdi. Uşaq tamam kimsəsiz idi. Çox zəif, bapbalaca bir uşaq idi.
    Adam qucağına almağa belə qorxardı ki, harasısa bu saat
    sınacaq. Müdir Saranı yanına çağırdı:
    -Sara, yenə eyni tarixçə. Bunun anası öz nəfsinə qurban
    verir uşağı.
    -Tamam imtina etdi?
    -Bəli, qeyri-qanuni doğulmuş uşaqdı. Anası başqasına
    nişanlı, atası başqası ilə evli. Onların ailələrindən hər kəs bu
    uşağın varlığından xəbərsizdir. Həm də, üstəlik gör necə zəifdi.
    Allah bilir, bu sağlam böyüyə biləcəkmi? Gör necə çətin nəfəs
    alır?
    -Həkimə xəbər vermisiz?
    -Hə, bir azdan gələcək. Anası tədbirli davranıb, uşağın
    sağlamlıq kağızı belə var. Ciddi bir xəstəliyi yoxdu, lakin çəkisi
    və boyu normadan çox azdı. Dediyinə görə hamiləliyi boyu
    dəfələrlə onu düşürmək üçün dərmanlar qəbul edib, ağır yük
    qaldırıb. Bu da üzünə dayanıb, yaşamağı bacarıb.
    -Amma, necə də məsum siması var. Axı bu körpənin nə
    günahı var?
    -İndi bu günahsızdı. Amma, böyüyəndə necə olacaq bəlli
    deyil. Onun varlığı ana üçün də ata üçün də bir utancdı. Bir
    şəhvətin utancı.
    -Mən onun qayğısına qalaram. Bəs adı nədir?
    -Anası ad qoyma zəhmətini belə çəkməyib.
    -Dəhşət.
    -Adını sən qoy.
    Müdir Saranın həssas yerini bilirdi–bala həsrəti. O, altı il
    idi ki, evli idi…
    -Emin… Emin olsun o zaman.
    -Olsun Sara, olsun.
    Antologiya
    119
    O gün, bu gün Sara Eminə, Eminsə Saraya bağlandı.
    Evləndikdən bu yana ilk dəfə idi ki, ərinin hərbiçi olduğuna
    sevinirdi. Çünki, həmin günlər o, Eminlə qalırdı. Bəzən icazə
    alıb Emini evinə belə gətirirdi. Zaman Saranı Eminə daha çox
    bağlayırdı.
    Hətta Sara Emini övladlıq belə götürmək istədi. Lakin
    qaynanası buna mane oldu.
    -Kimdən əmələ gəlib xəbərimiz yoxdu. Beləsini balama
    arxa edə bilmərəm. Ya özün uşaq doğ, ya da boşan çıx oğlumun
    həyatından.
    Qaynanasının şərtinə əməl edən Sara qısa müddət sonra
    ərindən boşandı. Bütün ömrünü işinə, uşaq evindəki
    “balalarına”, bir də Eminə həsr elədi. Sonralar da nə qədər
    çalışsa da Emini övladlığa götürə bilmədi.
    Uşaq evinin daimi sakini Emin, məktəb yaşına çatdı.
    Dərslərinə böyük həvəslə başladı. Qeyri adi savadı, qabiliyyəti
    ilə Emin az bir zamanda bütün məktəbə səs saldı. Üstəlik
    mükəmməl natiqlik qabiliyyəti olduğu üçün demək olar ki, həm
    məktəbin, həm də Uşaq evinin bütün tədbirlərinin aparıcısı
    oldu. Sara ona çoxlu kitablar alır, onun təhsilinə xüsusi diqqət
    yetirirdi. Amma, Emin də nə qədər üzə vurmasa da qəlbinin
    dərinliyində nədən burda yaşadığı sualına cavab axtaranlardan
    idi. Cavabsız suallar onun ruhunu qəfəsləyirdi. Arada uşaqların
    tənəli sözləri onu dəliyə döndərirdi.
    Səkkizinci sinifdə oxuyanda sinif yoldaşı olan Ləman adlı
    bir qıza sevgi məktubu yazmışdı. Cavabında isə qızın anası
    məktəbə gəlmiş, elə tənəffüs zamanı korridordaca ona yaxşıca
    bir sillə çəkmişdi:
    -Bilməmişdim, qızım ortalıqda qalıb. Haranın yetimçəsi
    gəlib qızıma eşq elan edir. Ay yazıq, sən kimsən axı, həə,
    kimsən? Allah bilir hansı kişinin evini yıxıb anan. Səni doğub
    ondan ki, sonra da gətirib tullayıb.
    Emin üçün bu sözlər onun vurduğu sillədən daha çox
    ağrıdıcı oldu. Müəllimələr gəlib qadını sakitləşdirsələr də artıq
    Eminə dəyən dəymişdi. Həmin gündən sonra Emin başqa bir
    Emin oldu. Həmin gün ilk dəfə Emin Uşaq evindən qaçdı…
    120
    Iki ay bütün şəhər polisi Emini axtardı. Elə Sara da… O, bu
    iki ayı arıqlayıb çöpə dönmüşdü. Eminsiz keçən hər gün onun
    ümidini bir az da üzürdü. Iki ay sonra Emindən xəbər çıxdı. Sən
    demə Emin bu iki ayı kor-koranə küçəbəküçə düşüb anasını
    axtarırmış. Şəhərkənarı kəndlərə qədər gedib çıxıbmış. Iki ay
    sonra Emini Uşaq evinə geri gətirdilər.
    Dərsləri ciddi şəkildə zəiflədi. Artıq kitablara yaxın
    durmurdu. Bütün günü işçilərin hamısı Emini güdməklə
    məşğul idilər. Çünki o, ilk fürsətdə yenə qaçacaqdı və qaçdı da.
    Bu dəfə bir həftə sonra tapıldı. Küçədə, parkda gecələyirmiş.
    Bir ildə Emin düz altı dəfə qaçmağı bacardı.
    Və Emin ilk “cinayəti”ni törətdi. 15 yaşlı Emin oğurluq
    etdi. Iki gün küçələrdə ac qaldıqdan sonra çörək sexindən
    yarım çörək oğurladı. Ac və yuxusuz olduğu üçün qaça bilmədi
    və həbs olundu. Bir çörəyin cəzası il yarım oldu. Məhkəmə ona
    il yarımlıq həbs cəzası kəsdi.
    Sara bu günlərdə də Emini tək buraxmadı. Hər həftə
    yanına gəldi. Hətta Emin ona söz vermişdi ki, həbsdən çıxan
    kimi artıq onunla yaşayacaq. Ana bala olacaqlar. Amma,
    həbsxana həyatı Eminə öz sözünü dedi. Həbsdən çıxanda artıq
    nakotikin dadına baxmışdı, gözünün qabağında baş verənlər,
    döyülüb söyülən kişilər, qumarbazlar, qatillərlə bir yerdə
    həbsdə yaşamaq Emini “qara dünyaya” yuvarladı.
    Aydınlıqdan zülmətə yuvarlanan Emin qara dünyanın ağ
    sakini oldu. Əvvəl küçə oğrusu kimi başladı, daha sonra isə iri
    miqyaslı oğurluqlar dalınca düşdü. Daha sonra isə narkotik
    alverçisi oldu.
    Bu zaman ərzində Sara artıq yaşlaşmışdı. Uşaqlara baxa
    bilmirdi. Buna görə də işdən çıxdı. Eminin nə işlər gördüyünü
    tam bilməsə də qaranlıq işlər olduğunu hiss edirdi. Onu nə
    qədər yayındırmağa çalışsa da, nafilə…
    Hələ məktəb illərində Emin hər zaman atılmış uşaq
    olduğunu gizlədirdi. Oxuduğu kitablar ona əsl ata-ana necə
    olmalıdı onu öyrənmişdi. Saf uşaqlıq illərində hər il Yeni il
    bayramında Şaxta babaya kiçik bir məktub yazırdı: “Şaxta baba,
    mənə ana hədiyyəsi gətir.”
    Antologiya
    121
    Novruz bayramında da elə hey qapı pusardı. Vay o kəsin
    halına ki, kimsə nəs bəd bir söz danışa, Emin dərhal onunla
    davaya başlayardı…
    -Sara xala, anam məni niyə atıb?
    Bu sualı Saraya verəndə o, 5-ci sinifdə oxuyurdu.
    “Səfillər”əsərinin Sara ona hədiyyə etmişdi. Ixtisarla uşaqların
    başa düşəcəyi bir dildə kiçik hekayələrə bölünmüş əsərdəki
    Kozettanın yaşadıqları bir neçə ay Emini düşündürmüşdü.
    Bəlkə onun da anası ölüb? Ona görə heç kim ona heç bir
    açıqlama vermir… Amma, heç nəyə baxmayaraq Emin özünün
    yaşamadığı bir keçmişindən utanırdı. Həqiqəti bilənlər isə
    Emindən uzaq durmağa çalışırdılar. Məktəbdə çox uşaqlar
    ondan uzaq gəzərdi, bəzilərinin valideyinləri ümumiyyətcə
    onunla danışmağa belə icazə verməzdi.
    Hətta həbsdə belə kimsə Eminin atılmış uşaq olduğunu
    bilən kimi anasını təhqir edirdi. “Yalnız əxlaqsız bir qadın
    balasını atar” deyirdilər. Nəticədə, Emin bir neçə gününü
    işgəncə kameralarında keçirməli olurdu.
    Ikinci həbsdən çıxan kimi ilk anasının axtarmaq oldu.
    Artıq pensiyada olan keçmiş müdirəni tapdı. Qoca qadın son
    dəfə yaxşı nəsə etmək istədi. O, anasının kimliyini Eminə dedi…
    ****
    Müdirə ilə görüşdən iki saat sonra Emin artıq avtobusda
    idi. Anasının görüşünə gedirdi. Beynində min cür görüş səhnəsi
    uydururdu. Bəzən qəzəblənir, ona ürəyindəki bütün nifrətini
    püsgürəcəyinə and içirdi. Bir neçə dəqiqə sonra isə qeyriixtiyari anasının onu necə qucaqlayacağını, ondan bütün bu
    illər üçün üzr istəyəcəyini düşündü. Bunları düşünərkən
    Eminin üzünə zəif bir təbəssüm çökür, amma, bu təbəssüm tez
    də yol olurdu…
    -Sizin adınız İradədir?
    O, artıq ana babasının qapısında idi. Qapını açan isə onun
    xalası İlhamə oldu.
    -Yox siz kimsiz?
    -Mən Emin, İradənin oğluyam.
    Bu eşidən kimi evdən kimsə Eminin üstünə şuğudu.
    122
    -Rədd ol burdan, küçük! Bizim elə bir nəvəmiz yoxdu.
    -Mənə İradənin yerini deyin. Ən azı bu iyirmi ilin
    hesabını verməlidir mənə.
    -Sənə dedim axı ki, bizim sən adlı nəvəmiz yoxdu.
    Emin çığır-bağır salan kişinin onun babası olduğunu başa
    düşdü. Kişi başladı Eminə söyməyə, təhqir etməyə. Emin bir
    müddət sussa da sonunda özünü cilovlaya bilmədi. Kişinin
    yaxasından yapışıb onu həyətə saldı. İlhamə də onların ardınca
    içəri girdi. Emin evə girən kimi cibindəki tapancanı çıxarıb
    stolun üstünə qoydu. Qara dünyanın gənc sakini artıq sözünü
    bu cür demək qərarına gəldi. Evdəkiləri məcbur etdi ki, anasına
    zəng edib onu evə çağırsınlar.
    Yarım saat çəkməmişdi ki, İradə artıq atası evində idi.
    Emin anasını görən kimi qəlbinin dərinliyindəki ana nəfəsinə
    həsrət uşaqlıq saflığı onun ruhunu bürüdü. Iki dəfə anasına
    yaxınlaşmaq istəyəndə anası… Iradə oğluna nəinki sarılmaq,
    heç əlini belə tutmadı. Baxışlarından soyuqluq yağırdı. Emin
    üçün bu ölüm demək idi.
    -Sən kimsən mən bilmirəm, mənim ailəm də var oğlum
    da var, sən mənə lazım deyilsən.
    -Mən illərdir ki, səni görmək istəmişəm.
    -Mənsə illər öncə səni görməmək üçün aparıb vermişəm
    o dağılmışa.
    -Sən niyə belə qəddarsan?
    -Sənin varlğın belə utancdır mənim üçün, indi isə rədd ol
    get burdan, buraları, bu evi, bu kəndi unut. Rədd ol, dedim
    sənə!
    Emin evdən necə çıxdığını, nə vaxt avtobusa minib necə
    geri döndüyünü xatırlamır. Gecə saat üçü keçirdi, lakin Emin
    hələ də ruh kimi qaranlıq küçələrin arasında gəzirdi.
    -Sən kimsən? Buralarda nə işin var?
    Kimsə arxadan onu səslədi. Beş-altı nəfər olardılar. Hər
    şey aydın idi – Emin, gecə keçilməsi lazım olmayan küçədən
    keçmişdi. Kənddən gələndə beyni tutqun küçələrdə
    sərsəmləyirdi.
    -Ə, sənnənəm eee, de görüm burda nə işin var?
    Antologiya
    123
    Emin susur, gözləri parıldayırdı. Bütün hissiyyatı iflas
    etmiş vəziyyətdə idi. Qaçmaq, uzaqlaşmaq əvəzinə ayaq
    saxladı, geri çevrilib ona səslənənlərə baxdı. Acı–acı gülümsədi.
    Onun bu hərəkəti kifayət etdi ki, həmin oğlanların hamısı
    birdən cumdu Eminin üstünə. Təpik, yumruqların sayını itirdi.
    Emin müqavimət göstərmək bir yana, heç səsini belə
    çıxarmırdı. Sanki onların təpiklərinin vasitəsi ilə canındakı
    əzabları dindirmək istəyirdi. Qarnında, kürəyinə dəyən təpiklər
    ona ləzzət edirdi desək azdır bəlkə də. Sonra sifətində nəyinsə
    partladığını hiss etdi. Deyəsən ya təpik, ya da nəsə küt alətlə
    vurdular üzündən. Burnu qırıldı, gözünün altının dərisi cırıldı.
    Sifətini qan apardı. Bir ara necə oldusa qulağına bir səs gəldi:
    -“Fahişənin balası, küçük.”
    Bu sözlər Eminə bəs idi ki, dəliyə dönsün və… Bu dəfə
    məhkəmə Eminə üç illik həbs cəzası kəsdi – Qəsdən zərər
    vermə maddəsi ilə. Gecə davasında ağır yaralanan gənc ondan
    şikayətçi olmuşdu. Beləliklə Eminin üçüncü həbs həyatı
    başladı.
    ****
    -Oğul, Sara sənə qurban, bu qədər yaşadıqların bəsdir.
    Özünə belə zülm eləmə. Heçmi sənin gözündə dəyərim yoxdu?
    Bir az özünə gələn Emin körpə saflığı ilə Saraya sarıldı,
    hıçqırığını gizlətsə də o, ağlayırdı.
    -Sara xala, bircə sən məni buraxmadın bu illər uzunu. Nə
    etdimsə bağışladın. Sənin haqqını ödəmək mümkünsüzdür.
    Sara Eminin yumşalmasından istifadə edib söhbəti uzatmaq
    istədi.
    -Sənə bir toy edəcəm ki, gəl görəsən.
    -Sara xala, səncə mən düzələ bilərəmmi, çıxa bilərəmmi
    bu bataqlıqdan?
    -Çıxacaqsan mənim balam. Biz, ana-bala əl-ələ verib çıxacağıq.
    Emin bir neçə gün qaldı Sara gildə. Yaraları demək olar
    ki, sağalmışdı. Isti yemək yeyəndən, rahat yorğan-döşəkdə
    yatandan rəngi də düzəlmişdi, üzü də gülürdü. Emin də sakitik
    124
    istəyirdi. Onu atan ananın, atanın acığına yaxşı kişi olmalı idi.
    Mükəmməl ata olmalı idi. Lakin… dünya lakinlərlə doludur.
    -Sara xala, mən gedirəm.
    -Ay bala, hara gedirsən yenə? Yenə məni tək qoyacan?
    -Yox, gedirəm kirayədə qaldığım evin açarını təslim edib,
    bir iki pal-paltarımı da yığım gəlim… Artıq ayrılıq yoxdu Sara
    xanım. Ölənə qədər səninləyəm. Əlimdən bezsən də getdi
    yoxdu daha. Evlənəcəm, bax bu evi cıppılı uşaqlarla dolduracam.
    Emin sözü zarafata salıb qapıya tərəf gedirdi ki, birdən
    geri döndü, stolun üstündən Saranın bişirdiyi piroqdan bir
    dilim ağzına alıb qapını açdı. Çıxmazdan əvvəl başını içəri salıb,
    Saraya baxıb dilləndi:
    -Sara xala, olar sənə ana deyim?
    Saranın gözlərini sevinc yaşları bəzədi. “ana”, ona “ana”
    deyəcəkdi, üstəlik də Emin artıq onunla yaşayacaqdı. Evdən
    ailə sədası gələcək, körpələr bəzəyəcəkdi evi…
    -Bilirsən? Mən bunu heç kimə deməmişəm. Sən, hər
    zaman mənimlə oldun. Sən, elə mənim axtardığım anamsan.
    ANAM.
    Sara cavab verə bilmədi. Emini bağrına basdı. Kövrəldiyini ondan gizlətdi. Emin də nədənsə kövrəldi.
    -Ana, mən uzağı axşama evdəyəm. Mənə qəşəng bir
    xəngəl bişirərsən? Bilirsən, ürəyimə necə düşüb?
    Emini yola salan kimi, Saranın yaşlı vücuduna parlaqlıq
    gəldi. Evi, həyət – bacanı tər – təmiz elədi. Emin üçün qurutlu
    xəngəlin hazırlığını gördü. Hələ bir ara vaxt edib mağazaya da
    qaçdı, Emin üçün xüsusi hamam dəsti, təzə dəsmal, corab,
    köynəklər aldı onunçün. Keçmişi ona xatırladacaq heç nə olsun
    istəmirdi. Öz-özünə planlaşdırdı ki, sabah da onu mağazaya
    aparsın bütün əyin-başını dəyişsin.
    Emin Saranın evindən ayrılanda tam fərqli idi. Bir az
    piyada getdikdən sonra dayanacaqda dayandı-cibindəki bıçağı
    çıxarıb zibil qutusuna atdı. Üstəli siqaretini, hətta gizli
    cibindəki balaca kağıza bükülü tabletlərini (narkotikini) də atdı
    Antologiya
    125
    zibilə. Yolun kənarına keçdi. Qarşısında kiçik bir park kimi bir
    yer var idi. Başını qaldırıb səmaya baxdı. Gülümsədi:
    -Allahım, ana demək necə də gözəl bir duyğu imiş… eh,
    bunu Sara bacardı. Ana olmağı… Sən ey, məni doğan, məni atan
    qadın məni istəmirsən, heç istəmə də. Get evindəkiləri böyüt.
    Sən qocalanda onlar səni atanda mən Saramın ayağını suya
    qoyub onu gözümün üstündə saxlayacam. Evlənəcəm, müalicə
    olacam, o zəhrimarı da atacam. Sizin acığınıza düz beş uşağım
    olacaq. Qızlarım, oğlanlarım… Mən sizsiz belə xoşbəxt olmağı
    bacaracam…
    Kəndə necə, nə vaxt getdiyini tam olaraq xatırlamadı.
    Onu gözləyən yeni, tərtəmiz həyatda Emin keçmişi ilə
    vidalaşmaq istəyirdi. “Ana”sına içindəkiləri hayqıraraq deyib
    kənddən çıxdı. Özünü çox yüngül hiss edirdi. Ruhuna bir
    sakitlik çökmüşdü. Əmin idi, dəyişəcək, qara dünyasına əlvida
    deyib ağappaq bir səhifə açacaq.
    Bəzən araya çökən səssizlik insanı dəli bir qorxuya salır.
    Elə bir qorxu ki, ürəyinin döyüntüsündən qulaqların batır. Bir
    hənirti, bir nəfəs ya nəsə, nəsə bir şey gəzirsən amma…
    Ölümcüldür! Ölümcüldür!
    -Ay Sara, yaman əl ayağa düşmüsən. Xeyr ola?
    -Ay qonşu, Eminim artıq həmişəlik gəlir yanıma.
    -Gözün aydın, Allah sənin zəhmətini əlində qoymadı ay
    Sara. O uşağa sən çox əziyyət çəkmisən.
    -Onu evlənirəcəm, artıq ayrılıq yoxdur. Bu nəvələrlə
    dolacaq.
    -İnşallah Sara, inşallah!
    Sara sevincindən qanad alıb uçurdu. Axşam onun evində
    işıq yanacaqdı. Həyət bacasında ayaq səsləri eşidiləcəkdi…
    -Alo, can, gəlirəm ana, yoldayam.
    Saranın səbri qalmamışdı ki, yarım saatda bir Eminə
    zəng edirdi.
    Həmin gün axşam, məhz həmin gün axşam Saranın
    qonaqları çox oldu. Bütün qonşuları, Eminin dostları onlara
    gəlmişdi. Hətta… hətta polislər də. Saranın can parəsi Emin də…
    126
    Amma… Sara bu qədər tünlüyə alışmamışdı. Buz kimi yerində
    donub qalmışdı. Emini belə gözləmirdi.
    …Emin kirayə qaldığı evə getdi. Cəmi bir–iki əşya
    götürdü. Divarda çərçivəyə salınmış onun üçün ən əziz olan bir
    şəkli də çantasına qoydu. Hara gedərdisə bu şəkil mütləq
    onunla birlikdə olardı. Təkliyinin, bütün acılarının çarəsi tək o
    şəkil idi. Evdən çıxdı. Bir neçə dostuna dəydi, uşaq kimi
    sevincək başlamaq istədiyi həyat haqda onlarla danışdı. Bir iki
    nəfərə də olan borcunu aparıb verdi. Həbsxanadakı dostu üçün
    də azuqə aparıb təhvil verdi. Yolüstü Sara üçün də hədiyyə
    almağı unutmadı. Hədiyyəsini yaxşı bir bağlamaya bağlatdırıb
    yola düzəldi. Piyada keçidinin qarşısında dayanarkən kiminsə
    onu izlədiyini hiss etdi, lakin geriyə çevrilməyə imkan
    tapmamışdı ki, sağ böyrünə nəyinsə sancıldığını hiss etdi. Bir
    neçə saniyə sonra huşsuz halda yerə sərildi. Əlində bərk-bərk
    tutduğu çərçivəni və hədiyyəni köksünə sıxmışdı. Bu, onun
    Saraya oğul hədiyyəsi idi…
    …Olanları Sara dərk edə bilmirdi. Qapıdan girən hər
    kəsdən Emin soruşurdu. Saranı sakitləşdirəcək kimsəsi yox idi.
    Sara Emini axtarırdı…
    Polis nəfərləri gəldi. Qatil tutulmuşdu, öz etirafında
    anama iftira atdı, mən də intiqam aldım demişdi. Eminin qatili
    onun ögey qardaşı idi. O, anası ilə Eminin söhbətini eşidib,
    anası da ailəsi dağılmasın, əri onu boşamasın, adına söz
    gəlməsin deyə həmin gəncin yəni, Eminin ona böhtan atdığını,
    ondan külli miqdarda pul tələb etdiyini deyərək oğlunu
    inandırmışdı. Anasına inanan oğlan ona böhtan atan “küçə
    uşağı”ndan intiqam almaq qərarına gəlir. Evdən bıçaq götürüb
    şəhərə, Emini axtarmağa gəlir. Və…
    Sara Eminin əlindəki çərçivəni evin divarına asdı.
    Həmin şəkildə üç yaşlı Emin və gənc Sara var idi. Sevimli
    Sarasının qucağında oturub gələcəyə ümidlə baxırdı…

  • “Zərif kölgələr” layihəsinin iştirakçısı: Vüsalə VƏTƏNXAN (MEHRİ)

    TORPAĞIN DA SƏSİ VAR

    Duy, ey vətən övladı,
    Vətən çəkən fəryadı,
    Səndən umur imdadı,
    Məgər özgə kəsi var?
    Torpağın da səsi var…

    Vətən görən gözümdür,
    Ən duyğulu sözümdür,
    Anamtək əzizimdir,
    Onun xoş nəfəsi var.
    Torpağın da səsi var.

    Göz yaşları tökülən,
    Bayrağına bükülən,
    Adı şəhid çəkilən,
    O daşın yiyəsi var.
    Torpağın da səsi var…

    Səni kim ana bilib,
    Səmalara yüksəlib,
    Sənin yolunda ölüb,
    Yaşamaq həvəsi var…
    Torpağın da səsi var!

    09.05.2018

    VƏTƏNİN

    Könlümə hökm eləyən sevgisidir tək vətənin,
    Aşiqəm hüsnünə ancaq bu mübarək vətənin.

    Bu fəna yerdə ölümsüzlüyə çatmaq diləsən,
    Tut müqəddəs adını eşq ilə yüksək vətənin.

    Qoyma bir dəm qoya düşmən qədəmin torpağına,
    Nə qədər var nəfəsin, qeyrətini çək vətənin.

    Vətən azadlığının naminə can ver, necə ki,
    Etdi uğrunda fəda canını Babək vətənin.

    Qəhrəmanlar yetirən ölkə yetirmiş səni də,
    Yaşamaqdır, ey oğul, uğruna ölmək vətənin.

    Çox müsibət gətirilmiş başına yurdumuzun,
    Eləmiş dərdi, qəmi qəlbimi kövrək vətənin.

    Sənə şəfqətlə, hərarətlə açıbdır qucağın,
    Bəsləmiş, Mehri, səni doğma anantək vətənin.

    02.06.2018

    ANALAR AĞLAYAN GECƏ

    Susur zülmət, susur hər yan,
    Zülmət qəlbimə nur boyan,
    Dayan biraz, ağrı, dayan,
    Analar ağlayan gecə.

    Qundaqdakı körpə susar,
    Hıçqırığın qəlbə basar,
    Gecə boynuna yük asar,
    Analar ağlayan gecə.

    Göylərin yoxdur bir əli,
    Deyən yox uzat, ver əli,
    Bükülüb mərhəmət beli,
    Analar ağalayan gecə.

    Kağız üstə nəm islanır,
    Gözümdəki qəm islanır,
    Yazdıqca qələm islanır,
    Analar ağlayan gecə.

    “Ayaq səsi” kitabından… / 2017

    ÇOX GEC ÇIXDIN QARŞIMA…

    Həsrətin özündən öncə yetişdi,
    Bir yanım qovuşdu, bir yanım ayrı…
    Nə gəl deyə bildim, nə də get dedim,
    Ruhum səndə qaldı, bir canım ayrı…

    Gözümdən bir yaşı silməyə gəldin,
    Bir yandan ağladıb sel kimi etdin.
    Əbədi var olmaq istədin, amma,
    Nə gələnim oldun, nə də ki getdin…

    Sökük ürəyimin yaralarından,
    Özümə məlhəmi tapa bilmədim.
    Sənə qovuşmağa üzüm gəlmədi,
    Nə də adam kimi qopa bilmədim…

    Elə bir zamanda gəldin ömrümə,
    Həsrəti özündən öncə gətirdin.
    Sevinc aləmindən alıb ruhumu,
    Xəyal dünyasında küncə gətirdin…

    Geri zamanlarım səni hayqırır,
    Gələcək yas tutub yoxluğun üçün.
    İndi əbədiyyət bağçasındakı,
    Hər mələk yas tutub yoxluğun üçün…

    21.07.2017

    İKİ YALANÇIYIQ…

    Yıxıq, sökük evimiz var sevgilim,
    Ürək yurdumuzda, bacasız, damsız…
    Nə sən sahibləndin bu evə, nə mən,
    Qurduğumuz yuva qalıb adamsız.

    Bir yalan evimiz vardı sevgilim,
    Mən orda anayam, sən isə ata.
    Xəyal beşiyində körpəmizə bax,
    İnsan qucaqlayıb bərabər yata…

    Sən də yalançısan, mən də yalançı,
    Biz ki yalanların dünyasındayıq.
    Nə gərçəyi bəlli, nə bir ümidi,
    Biz ki arzuların xülyasındayıq…

    Mən sənə xəyalam, sən isə mənə,
    Gəl bu xəyallara başlayaq yenə,
    Bir yeni mənzilə daşınaq, bəlkə,
    Ümidi bağlayaq xoşbəxt bir günə…

    22.07.2017

    QALMAZ ƏBƏDI EŞQIN…

    İnsan ona mehmansan, bağlanma bu dünyayə,
    Surətlərə meyl etmə, ver könlüvü mənayə,

    Bənzət bu fəna mülkü ilğım dolu səhrayə,
    Gər sevməsən Allahı, şövq etməsən Üqbayə,

    Qalmaz əbədi eşqin, fikrində nə bir qayə.
    Dünyayə görə, insan, salma ləkə vicdana,

    İzzətli ömür sürmək lazımdı hər insana,
    Acgözlük edib uysan hər zinəti dövrana,

    Əlbət də batar cismin, hüsnün vəli rüsvayə,
    Qalmaz əbədi eşqin, fikrində nə bir qayə.

    Qaç sən bu fəna mülkün hər cahu-cəlalından,
    Sərf etməyə səy eylə hər vaxtı halalından,

    Allah buyurub xüms et öz əldəki malından,
    Gərçi nəzər etməzsən Qur’anda gəlib ayə,

    Qalmaz əbədi eşqin, fikrində nə bir qayə.
    Cəhd eylə zəlil insan qurtulmağa zillətdən

    Gəl haqqa, təfəkkür et, əl çək daha qəflətdən,
    Bir ləhzə Vüsalə sən ayrılma həqiqətdən,

    Göz dikmə bu dünyayə, ömrün gedəcək zayə,
    Qalmaz əbədi eşqin, fikrində nə bir qayə.

    24.12.2016

    SEVGI NƏDİR?

    Sevgi mənim üçün çox şeydir, hətta hər şeydir. Ən dəyərli
    olan var-lıqdır sevgi. Həyatdan əbədiyyətə aparan bir yol, ya da
    duyğudur sevgi… Yağmurlu havada yağış torpağa döyərkən
    kiçik bir qarışqanın qaçıb bir daşın altına sığınması kimidir
    sevgi. Daşın istisinəsığınıb, onu qo-ruyacağına əmin və inamlı,
    etibarlı, güvənli bir duyğu kimidir sevgi…
    Ya da soyuq bir havada çırpınan kiçik bir quşun ağzında
    öz balasına yem daşıyarkən yuvasına çatdığında qonub sevinərək qanadlarını çırpa-çırpa yağmurdan qalan nəm damlacıqları ətrafa səpələyən o mi-nicik quşun şükür duyğusudur
    sevgi…
    Sevgi bahara tələsən qaranquşlardakı həsrətdir.
    Sevgi günəşin çıxmasını gözləyən torpaqdakı həsrətdir.
    Sevgi ümiddir insanı yaşatmağa çalışan.
    Sevgi mənim üçün çox şeydir, ən uzaq olan yerdə mənə
    hər kəsdən yaxın olandır sevgi, əlin çatmadıqda, toxunmadıqda
    belə varlığını hiss etməkdir…
    Sevgi, xəyalında canlandırdığın mümkünsüz olandır.
    Sevgi, hər şeye rəğmən sevməkdir, əzabına dözmək, çətinliyini
    hə-diyyə bilməkdir.
    Sevgi qışın bahara, baharın qışa tələsməsidir. Dilsiz, ağızsız
    danış-maqdır sevgi…
    Sevgi qarşılıq istəmədən ardınca getməkdir. Sevgi bir tək
    ürəkdədir ki, yalansız və ixtiyarsız.
    Sevgi ölçülməzdir, dəyəri axtarılmaz və qədərsizdir.
    Mənim üçün sevgi, uca Allahın Yaradıcı adı altında hər şeyi sevməkdir, sevə bilməkdir.

    “Ayaq səsi” kitabından. / 2017

    GETDİN

    Atdın məni ey dilbər, səssizcə çıxıb getdin,
    Öldürdüyün insanə fəxr ilə baxıb getdin.

    Arxanca gözüm yaşlı, görməzcə dönərkən sən,
    Rəftarın ilə qəlbi bir anda yaxıb getdin.

    Neyçün eləyib peşman qəlbimdəki sevdamı?,
    İllərcə olan eşqi bir gündə yıxıb getdin.

    Mən dağ kimi eşqimlə qarşında sipər oldum,
    Dəryasayağı məndən leysantək axıb getdin.

    Əfsus ki inanmışdım ömrüm sənə bağlanmış,
    Sənsə bu geniş ömrü dərd ilə sıxıb getdin.

    Qürrənlə baş aldın sən, divanəliyin tutdu,
    Bildim ki bu yol ilə əfsus karıxıb getdin.

    Ayrıldı Vüsaləndən həqqin üfürən ruhu,
    Dünyanı görüb tənha, sən də darıxıb getdin.

    07.06.2018

    QƏZƏL

    Ey fikrimi ram etmiş könlüm bürüyən kaşlar,
    Qopduqca qiyamətlər tənimdə, əcəl başlar.

    Hissimdən olar bariz gözlərdən axan yaşlar,
    Qəlb içrə fəğan eylər ruhum kimi qəllaşlar.

    Etmiş sinəmi zindan, eşqin acı həsrətdir,
    Sönmüş ürəyin nuru, gör bir necə zülmətdir.

    Yoxdur ürəyə çarəm, hər çəkdiyi zillətdir,
    Çün bitməz acı həsrət, bu ah necə illətdir?

    Onsuz qaralır dünyam, zülmət bürüyür aləm,
    Yox məndə dözüm əfsus, aləmdə bütün naləm.

    Qopsun xəyalım başdan, qalmış yuxusuz didəm,
    Tənha bu məhəbbətdən hər gün doğular bir qəm.

    Ey ömrü xəzan qılmış həsrət dolu dildarım,
    Hüsnümdən olan vaqif ruhumdakı əsrarım.

    Gəlməz baharım neyçün, açmaz gülü gülzarım,
    Donmuş əbədi əfsus qəlbimdəki ah-zarım.

    Ey Mehri, sığın qəlbən, eşqin evi azaddır,
    Çün dünyada hər zərrə eşq ünvanına yaddır.

    DÜŞÜN

    Düşün ey insan, əzəldən cahanı xəlq eləyən var,
    Gümana düşmə ki əsla, gümanı xəlq eləyən var.

    Bəsirətü-lədünü-eşq, kəramətü həmi hikmət,
    Ədalətü bütün aləm, mizanı xəlq eləyən var.

    Qılmışam səcdə o yüzdən fəxarətü icz ilə,
    Nə mübarək kərəm ilə imanı xəlq eləyən var.

    Kim verib əqlini zinhar şübhəvü-zənnü-gümana,
    Bilsin heçdən bəni-Adəm, İsanı xəlq eləyən var.

    Sınmaram dəhrdə heç vaxt, nə müsibət olur olsun,
    Müşgülüm varsa da, əlbət asanı xəlq eləyən var.

    Ömrə etibarı qılma, topla axirət ruzisin,
    Bunca saleh əməl üçün zamanı xəlq eləyən var.

    Vermərəm canımı qurban, cahanu zinətə çünki,
    Şahidəm, şövq ilə Mehri, bu canı xəlq eləyən var.

    21.10.2018

    MƏDFƏNİM OLMAZ

    Qəmi dünya çəkən könlüm xəzandır gülşənim olmaz,
    Ucalmış ərşə ruhum, çün bu yerdə məskənim olmaz.

    Bədəndən ayrılıb fikrim, nə dad bilməm, nə ehsas mən,
    Bu nə ölməkdir ey Pərvərdigara, mədfənim olmaz.

    Qəmin zülmündən ömrüm qarə zülmətdir, nə illətdir
    Ki doğmaz gün, bahartək qəlbə sübhi rövşənim olmaz.

    Mənə bəxş etdiyin ya Rəb, vəcahətdən, gözəllikdən,
    əna mülkündə bir zərrə özümçün məxzənim olmaz.

    Olan qafil həqiqətdən, deyil hali bəsirətdən,
    Vüsalə bil nəzər etsən günahdan cövşənim olmaz.

    09.04.2018

    BOYUN ƏY

    İnsan, o uca Xaliqi-Sübhanəboyun əy,
    Xəlq eyləyən aləmləri Rəhmanəboyun əy.

    Zillətdədir ol kəs ki edir nəfsinə taət,
    İzzət diləyirsənsəO Sultanə boyun əy.

    Əxz eylə ibadət yolunu həzrət Əlidən,
    Tək haqq ilə ol, Rəbbinə mərdanə boyun əy.

    Cəhd eylə rəzalətlə ömür sürmə, ey insan,
    Əxlaqu ədəb, ürf ilə ərkanə boyun əy.

    Əhkamına Qur’anın elə daim itaət,
    Haqqın sözüdür, sidq ilə Quranə boyun əy.

    Səccadəyə candərdi yaxınlaşma, ey insan,
    Könlünlə Xuda verdiyi fərmanə boyun əy.

    Eşq ilə Vüsalə, güzər et kuyi-nigarə,
    Ver könlüvü dildaruva, məstanə boyun əy.

    10.09.2015

    ƏHZANIM VAR

    Ey könül, sanma ki hər ləhzədə xoş anım var,
    Kimsə bilməz dili zarımda nə əhzanım var.

    Saralıb hicr xəzanıyla həyatım çəməni,
    Həsrəti vəsl ilə hər dəmdə min əfğanım var.

    Bülbüli-qüdsiyəm, etməm güli-dünyayə nəzər,
    Gülşəni qeybdə bir qönçeyi xəndanım var.

    Özgə varım yox ola vəsl günü qurbanın,
    O günün həsrəti ilə alışan canım var.

    Çarəsiz dərdə düçar etdi məni ayrılığın,
    Qalıb ümmid əcələ, qeyri nə dərmanım var?

    Ey Vüsalə, nə edim özgə behiştin fikrin?
    Kərbəlatək mənim öz rövzeyi rizvanım var.

    11.11.2017

  • “Zərif kölgələr” layihəsinin iştirakçısı: Həmidə YAQUBOVA

    «MƏN KİMƏM?» sualının cavabını zamanı gəldiyində öyrənə bilərik. Həl ki, mən, səyyaham. Həyatın anılarını yaxalamaq üçün yaşayan bir səyyah. Çünki bizləri var edən, yaşadan da bu anılardır. İzləyə bilsən o qədər möcüzəvi bir ahəng taparsan ki… təəssüf ki, səbrsizlikdən, bəzən həyatımızın qaça‐qaçından izləməyi unuduruq. Ruhumuz cismimizlə bərabər yaşananları işıq sürətində ötürür. Geriyə baxdıqda isəağıla gələn ilk sual bu olur: Bütün bunları mən nə zaman yaşadım?!.. Zaman nə tez keçdi?!.. Bəli əziz dost, sənə bu yazılarımda verə biləcəyim tək şey‐SƏN ÖZÜNSƏN.

    HƏ VƏ YOX

    Həyatımızda “HƏ”lər və “YOX”lar var. Bu tip insanlar hayatda nə istədiklərini yaxud da istəmədiklərini bilən insanlar olur. Vay o gündən ki, “Bilmirəm” deyənlərlə rastlaşasınız – o zaman, bütün həyat eşqiniz ölər. Zarafat bir yana, amma həqiqətən çox acınacaqlı bir haldır – İnsanın nə istədiyini bilməməsi.

    Sanki azmısan və hansı yolu seçəcəyini bilmirsən. Sadəcə durmusan, amma sən durdunsa həyat da durar. Bu səbəbdən mütləq və mütləq bir qərar verməlisən. Qarşında 2 yol var. Biri “HƏ”dir, digəri “YOX”. Bir çox hallarda “YOX” deyərək seçdiklərimiz bizi tupikə salar. Bu “YOX”dan daha bir seçim etmək imkanı olmaz. Bəzən geriyə dönüş də olmaz. Lakin “HƏ”lər hər zaman ən az iki qapı açar. Nəticə neqativ də olsa, pozitiv də olsa hər zaman bir yol, bir seçim daha olacaq. Çalışın səhvli də olsa, düzlü də olsa o qapıları özünüz üçün açın. Özünüzə hər zaman şans verin. Ən pis nə ola bilər ki?! Səhv etmiş olacaqsız, o halda belə o səhv sizi digər bir doğrunuza apara bilər. Zatən səhv deyilən bir şey də hər kəs üçün individualdır. Sizin doğru bildiyiniz ən azı bir nəfər üçün hər zaman səhv olacaq. Başınızı heç yormayın, ürəyinizin səsinə qulaq asın, sizi xoşbəxt edəcək qapıları açın. Gec və tez “HƏ” deyə seçdiyiniz yol sizi istədiyiniz hədəfinizə çatdıracaq. Yolunuz açıq olsun, dostlar!

    VAZ KEÇMƏ!

    Onu bilirəm ki, insan nəyisə çox istəyirsə heç vaz keçməz. Vaz keçirsə demək ki, heç istəməyib. Vaz keçilməz məqsədlərin və dəyərlərin olsun. Səni sən edən və 20-30-50 il sonra güzgüyə baxdıqda utanmayacağın “SƏN” ol.. Hər zaman demişəm və deyəcəm: İnsan Allahın yaratdığı ən ali möcüzədir. İçindəki möcüzəni qoru. Biriləri tapılacaq ki, desin:

    Onsuz da alınmayacaq. Boş ver getsin. Bu qədər çarpışdım məndə alınmadı, səndə nə alınasıdır ki?!.. Əsla dinləmə. Bu insanlar artıq öz möcüzələrini itirmiş və arzularını, xəyallarını, həyat amallarını qəlbinin dərinliklərində basdırmış insanlardır. “Cəhənnəmə gedən özünə yoldaş axtarır” deyirlər. Bu insanlar inamlarını itirmiş, ürəklərində cəhənnəmi yaratmış insanlardır, səni bataqlıq kimi dibə çəkəcək.

    Uzaq dur! Sənin möcüzəni məhv edən insanlardan uzaq dur. Əksinə sən özün öz möcüzən ol. Zaman gələcək sən o insanları bataqlıqdan çıxaracaq möcüzə olacaqsan. Tək vaz keçilməz SƏNSƏN!

    SƏNSƏN! QADIN VƏ KİŞİ MÜNASİBƏTLƏRİNİN SİRRİ

    Bir qız uşaqlıqdan bir qaydanı yadda saxlamışdı. “Səninlə necə rəftar edilməsini istəyirsənsə, başqaları ilə də elə davran. “O bütün həyatı boyu bu qaydaya riayət etməyə davam edirdi və nəticəni də istədiyi kimi alırdı. Zaman gəldi, o ailə qurdu. Bu qaydanı ailədə də tədbiq etməyə çalışdı, lakin nəticəni gözlədiyi kimi almadı. Yoldaşına qarşı qayğı və diqqət göstərdikcə qarşılığını ala bilmədi. Yoldaşı işdən gəldikdə gününün necə keçdiyini soruşardı, o da cavabında çox həvəslə hər şeyi danışardı. Amma qarşılığında onun günü ilə maraqlanmazdı. Qız qərara gəldi ki, məsləhət üçün nənəsinin yanına getsin. Nənəsi hər şeyi dinləyib cavab verdi.

    “Qızım, bu qayda hər yerdə işləyər, kişi-qadın münasibətləri istisna olmaqla. Çünki qadın və kişi təbiəti eyni deyil. Onların fərqli vəzifələri var. Kişinin vəzifəsi qadınının arzularını həyata keçirməkdir. Sən onun qayğısına qaldıqca düşünür ki, bu sənin istəyindir və istəyini həyata keçirmək üçün sənə hər şərait yaradır. Kişi heç vaxt sənin fikirlərini oxuya bilməz, o sadəcə sənin əməllərini görür və sözlərini eşidir. Məhz buna görə, əgər qayğı istəyirsənsə sadəcə ona bunu söylə. Əgər paylaşmaq istədiklərin varsa, sual verməsini gözləmə sadəcə danış. Bu qədər sadə.

    BƏHANƏLƏR

    Bəhanələr, bəhanələr, bəhanələr… Həyatımız bəhanələr gətirməklə keçir, sizə elə gəlmirmi? İdmana zamanım qalmadı, çünki səhər yatıb qaldım. Səhər dura bilmədim,çünki gec yatmışdım. İşə gecikdim, çünki tıxaca düşdüm. Uşaqlara zamanım və ya gücüm qalmır, çünki çox yoluluram. Yaxud ən aktual bəhanə, pulum yoxdur, zəmanə pisdir, şərait yoxdur… İlk öncə bəhanələrsiz yaşamağı öyrənək.. Düz deyiblər: Arzun varsa onu reallaşdırmaq üçün 1000 yol tapacaqsan, arzun yoxdursa 1000 bəhanə gətirəcəksən. Burdan nəticə: sizin sadəcə həyatda amalınız yoxdur. Həyatda bir amal olan insanı heç bir bəhanə saxlaya bilməz. Sizləri bəhanələrinizlə təkbətək qoyuram. Bir düşünün görün, həyatda sağ ikən ölü olma bəhanəniz nədir? P. S Cavabı tapsanız demək, sizə şad xəbərim var. Siz hələ yaşayırsınız!

    QORXU

    İnsanı mükəmməlliyə aparan hissdir qorxu. Səni güclü edəcək hissdir qorxu. “Qorxmaqdan qorxma” deyəcəm sənə. Səni, məni bu həyatda yaşadan hissdir qorxu.

    Ölümdən qorxmasan necə yaşaya bilərsən? Necə mükəmməlliyə can atarsan? Yaddaşlarda qalmamaqdan qorxmasan, insanlara necə sevgi bəxş edərsən? Necə ruhunu təslim edərsən? Uğursuzluqdan qorxmasan, uğurun dadını necə çıxararsan? Qorxu ən güclü katalizatordur həyatında. Həyatda qorxmaq üçün səbəbin varsa demək ki, yaşamağa da səbəbin var. Qorxan insana “qorxma!” demə. Sadəcə “Qorxundan düzgün qidalan” de. Düzgün qida, düzgün nəticəyə gətirər. Qorx, əziz insan, qorx! Həyatı yaşamamaqdan qorx! Yaddaşlarda qalmamaqdan qorx! Xeyirli işlər görmədən ölməkdən qorx! Ruhunu qidalandırmadan yaşamaqdan qorx! Özünü tapmamaqdan qorx!

    Qorxu səni ya iflic edər ya da hərəkətə gətirər. İflic olmadan qərar ver. Qalxacağın zirvəyə doğru hərəkət et.

    SADİQ OL

    Özünə sadiq ol! Arzularına sadiq ol! Hədəfini təyin et, ona da sadiq ol! Ən dəyərli xüsusiyyətdir sadiqlik. İnsanlarda axtardığımız, önəmsədiyimiz cəhətdir sadiqlik. Lakin hər zaman kimlərdənsə umuruq bunu. Unuduruq ki, hər şey özümüzdən başlayır. Sən özünə sadiq olmasan, kimsə sənə sadiq qalmaz. Kimlərəsə görə dönmə düşüncəndən, düşüncələrinə sadiq ol. Sevdiklərinə, sənə dəyərli olan bütün canlı və cansızlara sadiq ol. Ən əsası ruhuna və sözünə sadiq ol.

    NİFRƏT ETMƏ ÖZÜNƏ.

    “Kim özünə nifrət edər ki?” soruşacaqsan – insanlar adətən ona pisliyi dəyən insanlara nifrət edərlər. Amma bu nifrət belə qorxu hissindən yaranar. İçində boşluq yaradar daha sonra oranı qorxu ilə doldurar. Qorxduğundan da ona nifrət etdiyini sanarsan. Amma əsl qorxduğun fərqinə varmadığın özünsən. Öz gücsüzlüyünə nifrət edərsən, bacarıqsızlığına nifrət edərsən, özgüvənsizliyinə nifrət edərsən. Boğub bitirər bu nifrət səni. Etmə, nifrət etmə. Özünü sev ki, başqalarını da sevə biləsən. Qorxduğun insanların zəif tərəflərini gör, ruhlarını duy ki, onları anlaya biləsən. İnsanlar nifrətdən qidalandığını sanırlar, amma nifrət insanın daxili bataqlığıdır. Bu bataqlıqdan çıxmağın tək yolu SEVGİdır.
    Özünü sevəcək mütləq bir səbəbin var.

    SEVGİ DOLU, SƏRHƏDSİZ DÜNYAM.

    Səni fəqr etməyəni çox oldular. Hər kəs necə etsin də səndən çox qopartsın dedi, necə etsin sənə daha çox sahib olsun.. Amma səni necə qorusun deyə düşünmədilər. Kəşflər üçün sənin qoruyucu qatını qırdılar, havanı korladılar, yaşıllıqlarını qırdılar, bombaladılar, parçaladılar, dinc sakinlərini əzdilər, azmış kimi zorladılar.. nə körpəsinə, nə qocasına, nə cavanına baxmadılar.. Amma sən hədiyyəmiz olmaqdan vaz keçmədin. Yenə bizi seçdin, yenə şans verdin.

    Mükəmməl olduğumuzu unutdurmadın, hər şeyi tək insanın dəyişə biləcəyi bir yuva oldun. İmkanlarımızın sərhədsiz olduğu bir yuva oldun. Məsum baxışlı körpələri, yorğun baxışlı qocaları varlığınla doydurdun. Bizlər zaman çərçivələri yaratdıq, illərini, aylarnı, günlərini saymaqla özümüzü qocaltdıq, lakin səni günahkar bilib, nakam dünya adlandırdıq. Nakam sən deyilmişsən, biz imişiz.. Yetər ki, sən var ol. Sən var olduğun müddətdə pislər də olacaq, yaxşılar da. pislər səni dağıtmaqla, acğözlüklə bölüşdürməklə məşğul olduqca yaxşılar səni yaşayacaqlar. İçdən yaşayacaqlar. başqalarının dağıtdıqlarını təmir edəcəklər, səni yenidən gözəlləşdirəcəklər. Sən bizlərə yuva olduqca, biz də sənə ana olacağıq. Təbiətini, canlı və cansız hər şeyinə sahib çıxacağıq. Sevərək yaradacağıq, sevilərək də mükafatlanacağıq. Bizim möcüzəvi dünyamız, səni bizə bəxş edən Tanrımıza şükürlər olsun. Bizlər unuduruq ki, biz Möcüzəvi dünyanın möcüzəvi insanlarıyıq. Var olduğumuz və fərqimizə vardığımız müddətcə sən təhlükəsizlikdəsən. Sənə sahib olmaq deyil, səni yaşamaq, sevmək, yaratmaq üçün var olacağıq.

    BİR GÜN GƏLƏR

    Bir gün gələr özünə sual verərsən.. Niyə doğulmusan? Niyə seçilmisən? Bu həyatı niyə yaşayırsan? İndiyə kimi yaşadıqlarını niyə yaşamısan? Və sualların ilk vaxtlar cavabsız qalar. Bu suallara cavabı tapmaq zaman alar, lakin tapacağın cavablar buna dəyər. Mütləq özünə bu sualı ver. Bircə bu sual səni heç gözləmədiyin yerə gətirib çıxarar. Qıraqdan baxınca sıradan bir sual kimi gəlir. Amma bu belə deyil. İnsanın qaçaqaçda durub həyatına nəzər salması, özü ilə tanış olması çox önəmlidir. Belə düşünərsən ki, özünü tanıyırsan, lakin inan mənə ki, insan hər yaşadığı saniyə ilə dəyişir. Bunun fərqinə varmasan bir müddət sonra özünə yad gələcəksən. İnan mənə ki, özünlə tanışlıq həm çox əyləncəlidir, həm də möcüzəvi. Hansı yaşda olursansa ol, çox təəccüblənəcəksən.

    HƏRƏKƏT!

    Hər şeydir hərəkət! Hərəkət varsa dünya var. Hərəkət varsa həyat var. Hərəkət varsa sən varsan. Saat əqrəbindən tutmuş, canlılara kimi hər şey hərəkətdədir. Təbiət hərəkətdədir… Bəs insan necə? İnsanın qəlbi döyündükcə, ruhu bədənində olduğu müddətcə hərəkət edəcək.. Bu hərəkətdən uğur doğacaq. Uğur yeni bir uğuru doğuracaq. Yeni hərəkətlərə səbəb olacaq.. Yeni hərəkətlər isə öz növbəsində yeniliklər yaradacaq.. Beləcə bütün kainatı müvazinətdə saxlayacaq, ehtiyac olarsa onu titrədəcək. Möcüzələrə imza atacaq..
    Hərəkət. Hər şeyin səbəbidir, hərəkət.. Heç durma, hərəkətdə ol! Həyatının pauzalarla yaşanmasına icazə vermə… Özünə görə sən cavabdehsən! “Play” düyməsini basmağı unutma, dostum!

    UŞAQ OLMAĞIM GƏLİR

    Ruhu təmiz, sevgi dolu uşaq olmağım gəlir. Komplekslərdən uzaq, əylənən, oxuyan, rəqs edən uşaq olmağım gəlir. Səbəbsiz gülən, hər xırda şeyə sevinə bilən uşaq olmağım gəlir… Təmənnasız sevən, məsuliyyətdən uzaq uşaq olmağım gəlir… Hisslərimi rahatca anlada bilən uşaq olmağım gəlir… Cəsurca qorxuları ilə mübarizə apara bilən uşaq olmağım gəlir… Yaxşılıqları bir ömür yadda saxlayan, pislikləri bir anda unuda bilən uşaq olmağım gəlir… Nağıllara, sehrə inanan uşaq olmağım gəlir.. .
    Həyatı ağappaq vərəq olan uşaq olmağım gəlir.. .
    Ruhumu o uşağa təslim etməyim gəlir…

  • Şair-tərcüməçi İbrahim İlyaslı Türk dünyasına xidmətlərinə görə mükafata layiq görülüb

    1-4 may 2019-cu il tarixlərində Bakı şəhərində Türk dünyasının iki böyük unudulmaz şairinin-“İstiqlal marşı” yazarı, şair Mehmet Akif Ersoyun və Milli, istiqlal şairimiz Bəxtiyar Vahabzadəyə həsr olunan “Akiften Vahabzadeye İki Şair Bir Şei” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Mahmud Kaşqari Medalı” laureatı, Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubunun sədri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Portalının Sumqayıt bürosunun rəhbəri, şair İbrahim İlyaslı Qardaş Türkiyə Cümhuriyyətinin “İstiqlal marşı”nın müəllifi Mehmet Akif Ərsoyun yadigarı “SEBİLÜRREŞAD” Dərgisi Yönetim Kurulu Başkanı sayın Fatih Bayhan və EkoAvrasiya Yönetim Kurulu Başkanı sayın Hikmet Erenin müvafiq qərarıyla Türk dünyasına xidmətlərinə görə mükafata layiq görülüb.

    Qeyd edək ki, bundan öncə şair-publisist İbrahim İlyaslı Ümumtürk mədəniyyəti qarşısında göstərdiyi xidmətlərə görə “Mahmud Kaşqari Medalı”na və ədəbiyyat sahəsindəki fəaliyyətinə görə “Şahmar Ələkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı”na layiq görülmüşdü.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının Başkanı, şair, publisist, yazıçı Əkbər Qoşalı mükafata layiq görülüb

    Qardaş Türkiyə Cümhuriyyətinin “İstiqlal marşı”nın müəllifi Mehmet Akif Ərsoyun yadigarı “SEBİLÜRREŞAD” Dərgisi
    Yayın Kurulu başqanı, 22-ci dönəm Millət vəkili (Adana-TÜRKİYƏ) sayın Recep Garip Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanda ATATÜRK MƏRKƏZİnin ictimai-siyasi şöbəsinin müdiri, Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) Məsləhət Şurasının Başkanı, şair, publisist, yazıçı Əkbər Qoşalını mükafata layiq görüb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Günel EYVAZLI.”Muxtar” (Hekayə)

    Elə bilirəm dağ, daş, divar – hər şey mənimlə danışır bu gün. Cəfər Cabbarlının heykəli əlini qoynundan götürüb Rəşid Behbudov kimi qollarını yana açıb oxumaq istəyir. Təsəvvür edirsiz? “Nə gözəlsən, nə qəşəngsən, bu axşam sən əziz dost”. Hələ Ədəbiyyat Muzeyinin önündə sıralanan heykəlləri demirəm. Elə bil hamısı sıçrayıb yerə atlanmaq istəyir. Vahidin başına dırmanan xırda adamlar da yerə tökülmək istəyir. Lap elə Vahidin özü də, mənimtək bədənsiz baş kimi qalmaqdan bezib kimi görünürdü gözlərimə. Elə bilirəm, o da hamı kimi əli, ayağı, bədəni yerində olmasını xəyal edir. Yerimək istəyir, qaçmaq istəyir, danışmaq istəyir…
    Günel EYVAZLI

    – Söz başa düşmürsən? Mümkün deyil, vəssalam. Al qovluqlarını da, çıx otaqdan.

    – Axı…

    – Dərman kəşf eləyib kişinin oğlu… Sən hələ, oxu. Nə magistr təhsilin var, nə də elmi iş yazmısan. Bakalavriatla əlini vurub qoltuğuna gəlmisən.

    – Heç Eynşteyn də elmlər namizədi deyildi…

    – Hə də, balası, o, Eynşteyn idi. Sən isə Muxtarsan. Mümkün deyil. Götür bunları da, çıx otaqdan, dedim.

    – Peşman olacaqsız.

    – Allah, Allah. Qardaşım, mən artıq peşmanam. Mənə deyən lazımdır ki, niyə adam bilib hər ötüb-keçən üçün qapını açırsan. Sənə neçə dəfə dedim, gəlmə də, gəlmə. Bir aydır başımı xarab eləmisən.

    – Tomos Edisonu məktəbdən qovmuşdular. Müəllimləri ona kütbeyin deyirdi. Adam elə kəşflər etdi ki…

    – Aman Allah, bir aydır eyni şeyləri təkrarlıyırsan e! Muxtar, yaxşı yol. Belə, yolun açıq olsun. Kəşflərin sərhədləri aşıb xəbəri gəlsin qulağımıza. Nobel alasan. Olsun e, olsun. Amma, başına dönüm, bu, kəşf deyil. Yeni əsrin Şeyx Nəsrullahı olmaq istəyirsən? Bir də ki, sən Allahın işinə niyə qarışırsan axı. A balam, sənin nəyinə lazımdır ölənləri diriltmək?

    – Bu, Allah işinə qarışmaq deyil. Bu, sorğu-sualdı. Niyələri soruşmaqdır.

    – Ay adam, nəyinə lazımdır axı?

    – Məsələn, nakam getmiş insanları, bu dünyada missiyası yarımçıq kəsilən adamların geriyə dönməsini istərdim. Siz istəmirsiz?

    – Vallah, havalanmısan sən. Cəfəng-cəfəng fikirlərlə vaxtımı alırsan. İndi iclas olacaq, xoş getdin.

    – Boş-boşuna keçirilən müzakirələr, iclaslar. Doldurursuz bir zal adamı, ağzınıza gələni danışırsız. Nə elm var, nə də kəşf. Boş-boş sözlər var ortalıqda, vəssalam. Özünüz də bilirsiniz ki, boşboğazlıqdır, başqa heç nə. Guya iş görürlər. Simpozium, təşkilat, yığıncaq. Havalı sizsiniz, deyim, xəbəriniz olsun. Kimi aldadırsız axı? Bezmədiniz vaxt öldürməkdən?

    – Xoş getdin, dedim sənə! Ağzına gələni danışma! Kişi kimi bir işin qulpundan yapış! Qaz vur, qazan doldur! Başını boş-boş şeylərlə yorma. Sənin kəşf adlandırdığın bu qondarma dərmanlarını, bir qovluq kağız-kuğuzunu heç kim sınaqdan keçirməyəcək. Belə şey həyatında olmaz. Olsaydı avropalılar birinci kəşf edərdilər. Deyirsən sənin qədər ağılları yoxdur?

    – Çox heyif.

    – Deyirəm sənə, normal, yola yaxın, sanballı, həqiqətə uyğun nəsə ağlına gəlsə, bax, gələrsən yanıma. Dədəm Mehtinin oğlu deyiləm, əgər səni qapıdan içəri buraxmasam. Bax, söz verirəm, kişi kimi. Get, başına dönüm, get.

    – Siz!

    – Get, başına dönüm, get. Qapını bağla arxanca.

    Pilləkənləri aşağı necə düşməyim yadımda deyil. Bircə onu bilirəm ki, başım gicəllənirdi. Bura gəlməyimə it kimi peşman olmuşdum. Bütün dünya, baş verən hər şey, həyatım, arzularım elə bil dərədən aşmışdı. Mən Sizif gücündə deyildim. Ola bilməyəcəm. Daş olub hər şey başıma düşür. Əzilirəm, elə əzilirəm ki. Adamı yerə çırpmaq yəqin buna deyilir.

    Yolun sağı, solu, eni, uzunu – hər şey gözümdə bərabər görünürdü. Gah başımı qaşıyırdım, qulağımı dartırdım, yerli-yersiz, özümdən qeyri-ixtiyari öskürürdüm. İki dəfə yolu səhv gedib geri qayıtmışdım, eskalatora tərsinə minmişdim, sürtünə-sürtünə, itəliyə-itəliyə keçirdim adamların içindən.

    “Növbəti stansiya “Elmlər Akademiyası”.

    – Xahiş edirəm, mənə deyərdiniz, “Memar Əcəmi”yə necə gedə bilərəm? Aha, ordan, düz ordan. Çox sağ olun, çox təşəkkür edirəm.

    “Qapılar bağlanır növbəti stansiya “Elmlər Akademiyası”.

    – Xahiş edirəm, mənə deyərdiniz, “Memar Əcəmi” stansiyasına necə gedə bilərəm? O qatar səhv aparır. Bayaq da ona mindim. Eyni yerə gedir. Bu dəfə düz gedəcək? Çox sağ olun.

    “Qapılar bağlanır, növbəti stansiya “Elmlər Akademiyası”.

    – Xanım, siz deyin… “Əcəmi”yə necə gedə bilərəm? Hara aparır? Yalnız ora?

    “Qapılar bağlanır, növbəti stansiya “Elmlər Akademiyası”.

    – Bir dəqiqə, üzr istəyirəm, xala zəhmət olmasa çəkilərdiniz. Saxlayın… Çəkilin, zəhmət olmasa. Saxlayın, dedim. “Memar Əcəmi”yə getmək istəyirəm. Saxlayın!

    ***

    Bura “Bakı Soveti”dir. Tfu, lənətə gələsən, “İçəri Şəhər” metrostansiyasıdır. Bu da Mirzə Ələkbər Sabir.

    Salam, Sabir ağa. Elə bilirəm heykəl olmaqdan bezmisən axı. Ayağa dur, sür-sümüyünü şaqqıldat.

    Bəs sən, Füzuli… Üzr istəyirəm, siz. Necə düşünürsünüz? Hələ də , “Can vermə qəmi-eşqə ki, eşq afəti-candır, Eşq afəti-can olduğu məşhuri-cahandır!” fikrinin üzərində qalırsınız? Yox, daha sevgiləri də dəyişib bu dünyanın. Bir də, bağışlayın, müdaxilə edirəm. Əlinizi zəhmət olmasa çənənizdən çəkərdiniz. Belə yaxşı düşmürsünüz fotoya. Başınızı da qaldırın. Məzlum görünməyin, nə olar. Məncə illərdir yerə baxmağınız yetər.

    Bağışlayın məni. Hamınız bağışlayın. Bu gün əhvalım olduqca pisdir. Hirsliyəm, acıqlıyam…

    …Bəzi gənclərdən fərqli olaraq mən hələ də nələrinsə ümidindəydim, doğrusu. Heykəl kimi əli qoynunda oturmaqdan bir şey çıxmayacaq, hə? Dünyaya gəlmisənsə yaşamağın yollarını da tapmalısan, düşünürdüm. Və düşünürdüm ki, rəngarəngliyi yaradan insanın özüdür. Yəni içində olan boşluğu hara getsən belə, yenə də doldura bilməyəcəksən. Beynində yuva salmış hər şey səni harda olsan narahat edəcək. Neqativ fikirlərdən xilas olmaq üçün ya başını kəsməlisən, ya da baxışını dəyişməlisən. Başqa yolun yoxdur. Bütün əzaların yerində olduğu halda günlərini boşuna xərcləyirsənsə, get əlsiz-ayaqsız Nik Vuyçiçin kitablarını oxu, məsələn. Nə bilim, motivasiya üçün, həvəslənmək üçün əla enerji mənbəyi ola bilər. Ya da gücü kənarda deyil özündə tapmağı bacar, deyirdim. İndi isə özümü əlsiz, ayaqsız adam kimi hiss edirəm. Boynu bükülmüş, məzlum qozbel Kvazimodo kimiyəm.

    Elə bilirəm dağ, daş, divar – hər şey mənimlə danışır bu gün. Cəfər Cabbarlı əlini qoynundan götürüb Rəşid Behbudov kimi qollarını yana açıb oxumaq istəyir. Təsəvvür edirsiz? “Nə gözəlsən, nə qəşəngsən, bu axşam sən əziz dost”. Hələ Ədəbiyyat Muzeyinin önündə sıralanan heykəlləri demirəm. Elə bil hamısı sıçrayıb yerə atlanmaq istəyir. Vahidin başına dırmanan xırda adamlar da yerə tökülmək istəyir. Lap elə Vahidin özü də, mənimtək bədənsiz baş kimi qalmaqdan bezib kimi görünür gözlərimə. Elə bilirəm, o da hamı kimi əli, ayağı, bədəni yerində olmasını xəyal edir. Yerimək istəyir, qaçmaq istəyir, danışmaq istəyir. Mən isə ümidsizliyin acısından məhz indi çıxış yolu kimi gördüyüm intihara getmək istəyirdim. Amma yox, ən yaxşısı sükutdur. Bəlkə danışmağı tərgidim? Ölməyə nə var ki. Susum. Onsuz da sözün qiyməti gözdən elə düşüb ki, hamı necə istəyir elə də xərcləyir onu. Ah…

    Soyuq kəsdi məni. Belə baxanda yaydı. Bəs mənə niyə soyuqdu? Niyə üşüyürəm? Böyrəklərim sızıldayanda Almas İldırım düşür yadıma. Boğazına qədər suyun içində saxlamışdılar bədbəxti. Danışanı güllələmişdilər, sürgün etmişdilər danışanları. Onların alnında möhür izi qaralmırdı. Alınlarına şanlı əməlləri ləkə kimi yapışdırılmışdı. Kəs səsini, burjua şairi! Urvatsız-urvatsız yaşa.

    Neftinlə doydur Moskvanı, müharibədə qələbə qazan, amma qəhrəman şəhər statusuna yüksəlmə. Özümə bənzəyən Bakım. Bu xırçınlı Xəzərin qoynuna atacağam illərdir düzəltdiyim bu həbləri. Qoy sulara qarışsın. Balıqlar içib dirilik qazansınlar.

    ***

    – Muxtar müəllim, yaxşısız?

    – Nə olub?

    – Səhərdən bufetdəsiz. Birinci elə bildim başınız ağrayır.

    – Nə vaxtdan burdayam?

    – İki saat olar. Sizi axtarırlar. Direktor otağına çağırıb.

    – Məni? Niyə?

    – Xəbərim yoxdur.

    İlahi, bu nədi başıma gəldi? Duran yerdə niyə çağırsın ki? Allah bilir Akademiyadan zəng vurublar. Deyiblər başdanxarabı işdə niyə saxlamısız? Tfu, belə həyat olar? Alınmır da. Məndə heç nə alınmır.

    – Olar?

    – Keç-keç. Nə olub? Niyə həyəcanlısan?

    – Heç, olur məndə.

    – Əsədov, sənə vəzifə verirəm.

    – Məə. Nənə?.. Mənə?

    – Bəli-bəli sənə.

    – Nə vəzifəsidi elə?

    – Baş hidroloq?

    – Mən?

    – Qəşəng vəzifədir, eləmi? Ayın əvvəlində hava haqqında məlumat verəcəksən. Həftəlik məlumat verəcəksən. Səni televizora çıxaracam. Bütün ölkə üzünü tanıyacaq.

    – Çox sağ olun.

    – Hə, bir də. Ürəyin istəsə lap havanın, buludların istiqamətini də dəyiş

    – Yox, necə, niyə ki?

    – Necə yəni niyə? Ölünü diriltməyi bacaran, buludu da qova bilər. Lap belə ürəyi istəsə xoşu gəlməyən ölkələrə də göndərə bilər. Yerində olsam, təşkil edərəm bir dənə tornada, göndərərəm Ermənistana. Get qəbinetivə… Al, hədiyyəni də götür.

    – Nədi bu?

    – Qlobusdu. Fırlad özünçün.

    Hə, bu da sənə möcüzə. Get, Əsədov. Get, kef elə. Adam dirildən. Kabinetinin üstünə də yaz: “Adam dirildən Əsədovun kabineti”. Yaxşı reklam mətni də yazmaq olar: “Ölüm daha qorxulu deyil. Əbədi yaşamaq indi burnunuzun ucundadır. Əsədov həblərini alın. Alın, için və əbədi olun”. Lənət sənə kor şeytan. Allah bilir, bütün departament gülür mənə. Mənə deyən lazımdır axı, ağrımayan başına niyə yaylıq bağlayırsan ki? Yaşa hamı kimi, danış hamı kimi. Bu da olsun, həyat.

    – Yoldaş, Əsədov, xəbəriniz var. Dənizdə qəribə olaylar baş verir.

    – Nə olay? Nə olub?

    – Tələsin, bütün deliqasiya oraya yollanır.

    – Mən hələ təzə keçmişəm ki, vəzifəmə. Otağa gedib çıxmamışam.

    – Tez olun e, tez olun.

    Qlobusumu otağa qoyub aşağı düşdüm ki, gördüm köç gedib. Bir sözlə, bir Allah bəndəsi məni gözləməyib ki, maşınına mindirsin. Nə isə, onlar atlı olsun, mən də piyada. Düz getdim “İçəri Şəhər” metrostansiyasına. Baksovetdə düşüb Filarmoniyanın həyətindən qalxdım yuxarı. Yeraltı keçidlə keçib bulvar tərəfdən çıxdım. Uzaqdan camaat görünürdü. İynə atsaydın yerə düşməzdi. Dənizin üzərindəki burulğana bənzər bulud bulvarın üzərinə doğru hərəkət edirdi. Hava elə istiydi ki, qara bulud topası günəşin üstünü örtsəydi əməlli-başlı kölgə olacaqdı. Bir sözlə, iti addımlarla gəldim dənizin kənarına. Yoldaş Mərdanov da burdaydı.

    Mərdanov məni görən kimi tez yanına çağırdı. TV kanalların kameraları önündə, “bu, bizim baş hidroloqumuzdur”, təqdimatını verdi. İndi baş hidroloq nə lazımdırsa söyləyəcək, dedi.

    Aman Allah, mən nə etməliyəm ki? Bir tərəfdən də qorxudublar ki, yəqin bu bulud hansısa zavodda baş vermiş partlayışdan əmələ gəlmiş zəhərli buluddur ki, o da bir dəfə yağsa camaat zəhərlənib öləcək. Lənət şeytana, işə düşmədim. Balam, mən Allaham? Yoxsa İsa peyğəmbərəm? Nə deyim bunlara?

    Eləmədim tənbəllik buludun tərkibini öyrənmək üçün labarator ləvazümatları da götürüb yollandım helekopterin içinə. Elə təzəcə minmişdim ki, yadıma dünən dənizə atdığım həblər düşdü. İlahi, yəni bu bulud o həblərin buxarından yaranmış buluddur? Kül oldu mənim başıma. Olmaya nəyisə səhv eləmişəm. Mən neyləmişəm, ay Allah? Bəndənə yazığın gəlsin.

    Yenicə oturmuşdum ki, Mərdanov mənə əl edib, aşağı düşməyimi istədi. Heç nə anlamadım. Deyəsən tutacaqlar məni. Yüz faiz həbs edəcəklər. Yəqin dünənki hərəkətimi görən olub. Bir də axı dünyanın zibilini tökürlər dənizə. Düz-əməlli balıq da qalmayıb orda. İndi bir ovuc dərmanla nə olacaq axı? Nə isə, deyərəm ki, xəbərim yoxdur. Yalançı dərmanlardı. Əşşi nə dərman? Xəbərim yoxdur, vəssalam. Yaxşı ki, dünən bütün sənədləri yandırdım. Kəşfimin izi belə qalmayıb, çox şükür.

    Mərdanova yaxınlaşanda gözlərini yaş içində gördüm. Allahım, nə olub axı?

    Camaat dənizə baxırdı. Üzümü çevirəndə gözlərimə inanmadım. Dənizin içindən adamlar sahilə doğru irəliləyirdi. Mərdanovun üç il bundan öncə dənizdə batmış, cəsədi tapılmamış oğlu irəlidə gəlirdi. Ardıyca neftçilər, fəhlə geyimli adamlar, qızlar, oğlanlar gəlirdi.

    Bəs o kimdi? Nimdaş, boz pencəkdə, üzü tüklü, yorğun adam kimdir görəsən? Yaxasında rəqəmlər görürəm. Aha, apaydın sezilir. Bir. Hə, birdi. Yenə də bir, sonra sıfır. Doqquz. Bu nə rəqəmdir? Min yüz doqquz.

    – Yoldaş Əsədov, nə baş verir?

    – Xanım, gördüyünüz kimi adamlardı. Vaxtilə batmış, ya atılmış, izsiz-tozsuz qeyb olan, itkin düşən adamlar.

    – Yəni ölülər dirilib?

    – Gördüyünüz kimi, həyatda hər şey mümkündür.

    – Necə yəni?

    – Ola bilər Xəzərin sularına dirilik suyu qarışıb. Tarixi mənbələrdə belə suyun olması məlumatı var axı. Yadınızdadır, İsgəndərin axtardığı dirilik suyu?

    – İndi deyirsiniz, bu qara bulud dənizdən buxarlanmış buluddur?

    – Bəli, düppədüz. Dənizdən buxarlanmış buluddur. Ona görə belə qəribədir və fərqlidir.

    – Sizcə yağıntı hara düşəcək?

    – Məncə, bu bulud çox uzağa gedəcək. İstadacaq hamımızı. Yamyaş edəcək bizi. Təpədən-dırnağa yuyacaq. Bəlkə də ölüləri sonuncu dəfə qusullandırmağımız dirilik istəməyimizdəndir. Yoxsa torpağın altına gedəcək ruhsuz müqəvvanı niyə yuyaq ki? Qədimlərdən bizə gələn yaddaş kodudur bu. Dirilik sevdasıdır. İndi yaşamağın nə olduğunu nəhayət ki, anlayacayıq. Şüurumuz, düşüncəmiz, varlığımız diriləcək.

    – Muxtar bəy, sizinləyəm, Muxtar bəy.

    – Bəli

    – Televiziya müxbiri, Tofiqəm.

    – Lap yaxşı.

    – Bir sual verim. Güman edirsiniz ki, bu bulud dirilik bulududur.

    – Güman etmirəm, belədir.

    – Düşünək ki, belədir. Siz bu dirilik buludunun hara yan almasını istərdiniz? Bu yağışın harada yağmasını istərdiniz?

    – Əgər məndən olsaydı, əgər o buludlar getmək istəsəydi. Məni sızladan, içimi yeyən günahsız, müharibədə həyatını itirmiş adamların qəbrinə yağmasını istərdim. Məsələn, yağış Şəhidlər Xiyabanına yağsın. Yağsın. Qəhrəmanlar yenidən dirilsin, istəyirəm. Gedib qayıtmayanlar, “xalq düşməni” adıyla güllələnənlər dirilsin. Bilirsiz…

    – Bağışlayın, vaxtımız yoxdur… Mümkünsə hava haqqında məlumat verərdiniz…

    Mənbə: http://www.edebiyyatqazeti.az

  • Alnımda göynəyən güllə yeri…Müşfiqin ruhuna… – Günel EYVAZLI yazır

    Daşkəndə qastrol səfərinə yollanan Vaqif Mustafazadə pərdələr açılanda zalda heç kimi görmür. Zalda yalnız müxtəlif yerlərdə tək-tək əyləşmiş klub nümayəndələri olur. Konsertə şövqlə, həvəslə yollanan Vaqif dəhşətli sarsıntı keçirir. Onu aldatmışdılar, xəyanət etmişdilər. Konserti düzənləyənlər proqram haqqında heç yerdə elan verməmiş, hamı Vaqifin Daşkəndə gələcəyindən xəbərsiz olmuşdu. Təsəvvür edirsiniz?

    Vaqif piano arxasına keçir. Ürək ağrısı ilə zalda əyləşmiş beş-altı adam üçün “Əzizəmi gözləyirəm” kompozisiyasını ifa edir. Sonra musiqi sədaları altında, Daşkənddə, pianonun arxasında dünyasını dəyişir. Bir yerdə qeyd edin, Vaqifi paxıllıq, qısqanclıq öldürdü!

    Sonra dahini vətənə gətirdilər. Onu Fəxri Xiyabanda dəfn etmədilər. Mustafazadə Yasamal qəbiristanlığında torpağa tapşırıldı. 39 yaşında, bunu da bir yerə qeyd edin!

    Aramızda o qədər Aqqel var ki…

    Kim deyib ki, həqiqət ilə yalanın, doğru ilə səhvin, yaxşılıq ilə pisliyin savaşması nəticəsində mütləq xeyir, mütləq doğru, mütləq yaxşılıq qalib gələcək?

    Onlar aramızda yoxdur. Kim hökm çıxarıb, kimdir hakim? Bəlkə bu cür dahiləri dəfn etməyin ən gözəl yolu atəşpərəstlər kimi alov üzərində yandırmaq və küləklərdə dəfn etməkdir?

    Sən də öl mənim kimi,

    fəqət məzarın olsun ürəklər…

    İndi bütün mətbuatı bürüyən skelet fotolarını görüncə, içim didim-didim olur. Ay camaat, Müşfiq tapılıb… “Muxtar” hekayəsini qələmə alanda dənizdən sahilə doğru addımlayan, yaxasında rəqəmlər görünən personajımın Mikayıl Müşfiq olması çoxuna məlumdur. Axı o rəqəmləri necə unutmaq olar? 1109…

    Təsəvvürünüzə gətirirsiniz, kimsə sizə elə paxıllıq edir ki, içində partlayır. Durub danos yazır. Həyatın, kainatın gözəl olmasını qələmə alan, şövqlə onu dilə gətirən, həyat eşqilə aşıb-daşan bir gəncin cəlladına çevrilir.

    Ah, mən gündən-günə bu gözəlləşən

    İşıqlı dünyadan necə əl çəkim?

    İnsanlardan qurtulmağın “ən gözəl yolu” satqınlıqdı, xəyanətdir, eləmi?! Qoy rədd olsun, ölsün, gəbərsin, güllələnsin, sürgün olunsun, hə? Onlar isə əyinlərinə efod geyinib müqəddəs insan cildinə bürünəcəklər. Şeirlər yazacaqlar, tərifləyəcəklər, alqışlayacaqlar, seviləcəklər. İllər sonra isə kəllə sümüyündə iki güllə yeri olan sümüklər aşkarlanacaq və onun nakam şair Mikayıl Müşfiq olması ehtimal olunacaq, eləmi? Mətbuat bu xəbəri PR xatirinə tirajlayacaq, insanlar ah, nalə ilə, kaş o olardı, dəfn edərdik, onun cismi torpağa qarışardı, ruhu dinclik tapardı, söyləyəcək.

    Bəlkə, kim olursa-olsun, araşdırmadan, tədqiqat aparmadan dəfn edək? Onun yox, bu dünyadan getmiş Müşfiqin ruhu yox, bizim – bizim narahat ruhumuzun əvvəl-axır dinclik tapması üçün!

    Silahlar indi daha sərrastdır. Eyni anda ard-arda atəş açmaq mümkündür. Şəxs yerə yıxılmamış havadaca dəfələrlə güllələnə bilər. Sizcə, ikinci gülləni alnına vurana qədər Müşfiq ayaq üstə dayanmışdımı? Yoxsa əmrə müntəzir olan əslən azərbaycanlı əsgər şair yerə yıxıldıqdan sonra, şairin ölümünə əmin olmaq üçün ona yaxınlaşıb yenidən alnından atəş açmışdımı? Adam sağdır, ondan xəbər alın!

    Ötən il Xızıda Mikayıl Müşfiqin xatirə evində olarkən bu məlumatla tanış olmuşdum. Deyirdilər, cəllad söyləmişdi ki, mən əmr qulu idim. Əmr olunmuşdu, mən də icra etdim. Təsəvvür edirsiniz? Əli bu qədər insanın qanına bulaşmış adam gecələr görəsən hansı yuxuları görür? Ümumiyyətlə, yatırmı? Məncə, o, atəşi özünə açmalı idi. Bu iztirabı dəfələrlə yaşamamaq üçün. Əmr quluydu, eləmi?

    Onlar təklər idi. Tək, məğrur ağacları ildırım birinci vurur!

    XIX əsrin ikinci yarısında tam təsadüf nəticəsində, tikinti zamanı sümüklər aşkarlanır. Məlum olur ki, onlar dahi Dantenin qalıqlarıdır. Dantenin Florensiyada olan qəbrinin sırf simvolik qəbir olması çoxuna məlum idi. Elə o səbəbdən də yerli orqanlar daima dahinin qalıqlarının axtarışında idilər. Hələ o zamanlar Mikelancelonun papa X Levə etdiyi xahiş nəticəsində papa Dantenin nəşinin Florensiyaya gətirilməsini əmr etmişdi. Sarkovaq Florensiyaya gəlir… amma boş gəlir. Elə o vaxtdan boş qəbir üzərində qurulan abidə səcdəgaha çevrilir. Sadəcə, hamının pənah gətirdiyi bir ünvan olmalıdır, axı. Qəbir boş olsa belə. İndi də hər gün Florensiyadakı boş qəbir üzərində tər, qırmızı qızılgüllər qoyulur. Sevgi xatirinə, ehtiram xatirinə… Ruhlar narahat deyil, narahat olan yerdə qalan insanlardır. Əgər varsa, sızıldayan vicdandır. İlahi komediya…

    “Portare la propria croce” – Quran ayəsi kimi səslənir… “Hər kəs öz xaçını özü daşıyır”.

    Bizim kimi… Alnımıza yazılıb sanki. İmperiyalar aramızdan hansı zəka sahiblərini, Demiurqları qoparmadı ki…Öz əlimizlə. Biz düşünmək istəmirik, dedik. Bizə çörək verin, çörək. Kimi istəsəniz satarıq, xəyanət edərik. Nə fərqi – cavan, yaşlı. Sonra deyərik ki, filankəslər romantizm ədəbi cərəyanının nümayəndələri olublar. Bu boyda realizm içində romantika. “İblis” sizi güldürsün!

    Homer korluğu istəyirəm bəzi şeyləri görməmək üçün. Dərd orasındadır ki, həqiqət elə işıqlıdır ki, qaranlıqda da gözümü deşəcək. İndi “Olum, ya ölüm” arasında vurnuxan insan kimi, ekspertizanın keçirilməsini, bu sümüklərin Müşfiqin olmasının təsdiqini istəyirəmmi?

    Laqeydliyimizə, biganəliyimizə, əgər odursa da bu vaxta qədər onun tapılmasına cəhd etməməyimizə ağlamaq istəyirəm.

    Ey çılğın küləklər, nəşəniz daşarkən,

    Bağların şehindən mey sorub coşarkən,

    Nalqıran dağları atlayıb aşarkən,

    Məni də alınız, uçayım dağlara.

    Könlümdə nə varsa, açayım dağlara!

    Rerixin təsvir etdiyi dağlar kimi hər şey elə uzaq, elə sirli görünür ki. Yaxın, uzaq keçmişin tükürpədici aktları nə dəhşətli görünür, İlahi. Adamın ağlı çaşır. Pifaqorun eşitdiyi kainat musiqisi sədaları altında bu nabələd, oyunbaz dünyada doyunca rəqs eləyəsən. Ölüm xəbərini eşidən, havalanan analar kimi…

    Xəbər çıxar-çıxmaz Bakını tozlu, dumanlı külək bir-birinə qarışdırdı. Ağacların qolu, budağı sındı. Qopmağa cürət etməyən sarı yarpaqlar himə bənd olmuş kimi ağaclardan ayrıldılar. Sonra süpürgəçilər yollara axışdılar. Payızın rəsmini çəkdiyi təbiət yerə xalı kimi sərmiş yarpaqlara bir müddət baxa bildi. Sonra hər şeyi süpürdülər. Payızın izi-tozu da qalmadı. Bircə çılpaq ağaclar şahid kimi qaldılar. Onları da kimdir dindirən.

    Bəşər tarixində ilk dərin fikri dilə gətirən İov kimi mən də hamının dilə gətirdiyi eyni fikri təhrif etmədən təkrarlayacam. “Həyat ədalətsizdir”!

    Mənbə: http://www.edebiyyatqazeti.az

  • Tərcüməçilərə Əhməd bəy Ağaoğlu adına mükafat təqdim ediləcək

    Prezident İlham Əliyevin sərəncamı ilə bu il görkəmli ictimai xadim, siyasətçi, jurnalist, pedaqoq, yazıçı, türkoloq Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olunacaqdır. Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi Azərbaycan ədəbiyyatının xaricdə təbliği ilə məşğul olan, eləcə də dünya ədəbi nümunələrini dilimizə çevirmiş, həmçinin ədəbi əlaqələr sahəsində mühüm işlər görmüş bir qrup tərcüməçi, naşir və ədibə XX əsr Azərbaycan siyasi fikrində dərin iz qoymuş mütəfəkkir Əhməd bəy Ağaoğlunun adını daşıyan diplom və pul mükafat təqdim edəcəkdir.

    Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu açıqlamasında bildirib ki, mükafatçılar sırasında Söhrab Sipehrinin “Suyun ayaq səsi” şeirlər kitabının tərcüməsinə görə filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi, Tomas Sternz Eliotun “Bəhrəsiz torpaq” şeirlər və araşdırmalar toplusuna görə prof. Cavanşir Yusifli, “Dünya ədəbiyyatı” dərgisinin hazırlanmasına və nəşrinə görə ədəbiyyatşünas, tərcüməçi Seyfəddin Hüseynli, Azərbaycan ədəbiyyatı nümunələrinin polyak dilinə tərcüməsinə görə tərcüməçi İlahə Kərimova və Azərbaycan ədəbiyyatı nümunələrinin İranda təbliği və nəşri işinə görə naşir Səid Muğanlı da vardır.

    Mükafatlar may ayının sonuncu həftəsi təqdim ediləcəkdir.

    Mənbə: http://www.edebiyyatqazeti.az

  • Əhməd bəy Ağaoğlunun 150 illiyi münasibətilə elmi seminar keçirilib

    Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) mühacir ədəbiyyatımızın görkəmli nümayəndəsi Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyi münasibətilə “Əhməd bəy Ağaoğlu – 150 illik fikir dühamız və difamız” adlı elmi seminar keçirilib.

    ADPU-dan bildirilib ki, seminar universitetin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə reallaşıb.

    Seminarda gənc araşdırmaçı-jurnalist, “Çapar” dərgisinin baş redaktoru Dilqəm Əhməd görkəmli ədibin həyat və fəaliyyəti, bir alim, hüquqşünas, millət fədaisi, Cümhuriyyət, Osmanlı və Türkiyə parlamentinin deputatı kimi fərqli mühitlər çərçivəsində həmişə türk birliyi və müstəqilliyini müdafiə etməsi, siyasi-ideoloji fikir meydanındakı cəsarətli mövqeyindən söz açıb.

    Tədbir çərçivəsində ədibin 150 illiyi münasibətilə Dilqəm Əhməd tərəfindən tərtib edilən və içərisində Əhməd bəy Ağaoğlunun xatirələri, yazıları, eləcə də Ağaoğlular ailəsinə aid nadir fotoşəkillər və sənədlərin, həmçinin Mustafa Kamal Atatürkə yazdığı iki məktubun da yer aldığı “Şuşa, Peterburq və Paris xatirələri” kitabı haqqında məlumat verilib.

    Sonra tələbələrin sualları və fikirləri əsasında müzakirələr qarşılıqlı diskussiya formasında davam etdirilib.

    Mənbə: http://www.edebiyyatqazeti.az

  • İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən müsabiqənin qalibi gənc şair Emin Piri olub

    Anadilli fəlsəfi qəzəlin ilk nümayəndəsi Dahi Azərbaycan şairi və mütəfəkkiri Seyid Əli İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə Azərbaycan Yazıçılar Birliyində “Ulduz” jurnalı ilə “Vektor” Beynəlxalq Elmlər Akademiyasının keçirtdiyi şeir müsabiqəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan Gənc Ədiblər Məktəbinin Məsul katibi, Azərbaycan Yazıçılar Birliyinin və AYB Gənclər Şurasının (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, Gənclər mükafatçısı, gənc yazar Emin Piri birinci yerə layiq görülüb.

    Qedy edək ki, bundan öncə gənc şair Emin Piri Azərbaycan Yazıçılar Birliyi tərəfindən həyata keçirilən “Ən yaxşı şeir” və “Nəsimi” müsabiqələrinin qaliblərindəndir.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • “Zərif kölgələr” layihəsinin iştirakçısı: Zülfiyyə YAQUBQIZI

    Mənə görə nədir ”Ədəbiyyat”? ‐Bəzən bir körpənin qəlbində yara olan ana sevgisi, bəzən bir qocanın gözlərindəki
    həsrət, bəzən bir buludun dolub‐dolub boşaldığı hicran, bəzən də bir mahnı sözlərində deyildiyi kimi: ”Uzun incə bir yoldayam, Gedirəm gündüz‐gecə” Bəli, bir ömürə sığımayacaq qədər ”uzun” bir yoldur Ədəbiyyat. Qəlbimin ən məhrəm sirrlərini öz sehri ilə ovsunlayıb məndən alan ”incə” ruhlu gözəllik ki, nə ”gündüz”ü var, nə ”gecə”si. Bir də baxarsan ki, vaxtsız, vədəsiz gəlib ”Qələm” adlı sirr daşıyla tutub əllərindən aparar səni ruhunun dinclik tapdığı yerə. O qələm ki, əbasını çiyninə atmış, çarığını ayağına geyinmiş, dağınıq saçlarını küləyin daha daqarışdırdığı ”Söz Dərvişi”nin əlində ona yol yoldaşı çomağına bənzəyər…

    ZƏNCİROTU

    Yaz çəməni səhəri şirin qaz balalarının səsi ilə açaraq
    xumarlana-xumarlana sübh çağında şehlənən çiçəklərini qurulurdu. Birdən balaların ən kiçiyi olan sapsarı qaz balasının səsi
    aləmi bürüdü. Çəmən onun ağlamaq səbəbini öyrənmək üçün
    özünə qulaq olsun deyə bitirdiyi quzuqulağı otu ilə diqqətlə
    dinlədi. Deyəsən bizim bu dəcəl qaz balası göydə uçan quşları
    görüb özlərinin də qanadı olduğu halda uça bilmədikləri üçün
    hay həşir salmışdı. Anası sakitləşdirmək istəsə də xeyri olmadı.
    Küsərək onlardan uzaqlaşıb tənha bir tərəfdə ağlamağa başlamışdı ki, əsən meh küləyə dönüb çəməndəki zəncirotunu
    üfürdü. Qaz balası bu anda başının üstə rəqs edən zəncirotu
    hissələrini görüb heyranlıqla baxırdı. Onlar sanki küləyin asta
    asta ifa etdiyi musiqinin ahəngi ilə səmada fırlana fırlana qaz
    balasını daha da heyran edirdi. Çəmən onun sakitləşdiyinə
    sevinib küləkdən bir az da bərk əsməsini istədi.Beləcə yuvasından qanadlanıb uçan quşlar kimi zəncirotu da tək tək
    səmaya ucalırdı. Bunu görən qaz balası yenidən daha gur səslə
    ağlamağa başlayıb şikayət etdi: ”Qanadlarım olduğu halda uça
    bilmirəmsə heç olmasa zəncirotu olardım.Onlar kimi uçmaq
    üçün.”…
    Anidən göy üzünü bulud aldı və qəfildən yaz yağışı
    yağmağa başladı. Ana qaz balalarını qanadı altına yığıb yağışın
    kəsməsini gözlədi. Gün günortaya dönəndən sonra yağışın
    kəsməsi ilə al-əlvan göy qurşağı çəmənə baş tacı kimi bəzək
    verdi. Qaz balaları sevinclə yamyaşıl çəmənə qaçdılar. Uça
    bilmədiyi üçün həsədlə zəncirotuna belə baxan qaz balası isə
    çəməni bir az gəzmişdi ki, birdən gözünə yağışdan islanıb yerə
    səpilən və daha uça bilməyən zəncirotu sataşdı. O hələ yeniyeni tüklənən qumşaq və sarı qanadları ilə islanmış zəncirotunu sığalladı. Bu zaman ana qaz ilə digər qaz balalarının
    səsini eşitdi. Onlar çəməndə fərqində belə olmadan ayaqları
    altındakı zəncirotunu əzib keçirdilər.

    SƏSSİZ QƏLƏM..

    İlin son günləri yaşanırdı. Soyuq Dekabr ayının küləyi
    astadan pəncərənin önündən o yan bu yana keçdikcə uğultuya
    bənzər bir səs çıxarırdı. Bu səsinin duyulacağı qədər səssizliyi
    olan otağın qapısı açıldı. Ev sahibi qayğılı addımlarla masaya
    yaxınlaşıb əlindəki qələmi stolun üstünə qoydu və uzun-uzun
    kövrək baxışlarla onu seyr edib,sonra anidən cevrilərək
    otaqdan çıxdı.
    Elə həmin gün idi masanın üstünə qoyulan qələmlə, orda
    uzun zamandan bəri axşamlar öz titrək işıqlarını otağın ən
    qaranlıq küncünə belə az da olsa çatdıran çırağın tanış
    olduqları gün. O gün ki, məhz qələmi də sahibinə çox sevdiyi
    birisi ilk və son görüşündə hədiyyə etmişdi. Çıraq maraqla yeni
    gələn qonağa baxıb bir xeyli sonra nəhayət ki, gülümsəyib
    qələmə ”xoş gəldin”dedi…
    Beləcə uzun uzad söhbətə yol almışdı hər ikisi. Yol üstü axşam
    düşüncə dəqiqəbədəqiqə qaranlıqlaşan otağı işıqlandırmaq
    üçün yanan çırağın alov dili yeni dostunun gəlişi ilə daha
    şölələnirdi.Şöhbətin şirin yerində qələm yeni dostundan başına
    gələn ən dəyərli hadisəni danışmağını istədi. Çıraq fikirləşmədən keçmiş sahibindən sonra uzun illər paslı lampası ilə
    kimsəsiz otaqda unudulduğunu və illər sonra yeni sahibinin
    otağa ilk gəlişini xatırladı. Bununla belə o hadisəni olduğu kimi
    deyil, məhz həmin gün yeni sahibinin onun haqqında
    yazdıqlarını xatırlayıb, danışmaq istədi.Qələm də maraqla
    ”buyur” deyincə, çıxar böyük həvəslə və kövrək halda danışmağa başladı:
    ”Səsizlik və tənhalığın soyuqluğuna bürünmüş evin pəncərəsindən süzülən işıq günəşin qürub çağındakı halına bənzəyər. Qaranlığın zülmətində yox olan gün şüarları kimi
    otaqdakı çırağın alovları getdikcə zəifləyər. Sonda isə an gələr
    tamamilə ilə sönər. Ondan nişanə qalan lampa üzərindəki
    hislər kimi qalacaq xatirələrin yaddaşı da. Keçmişlə gələcəyin
    arasında gah irəli, gah geriyə boylanan baxışlar nə olduğunu
    anlamadan yadlaşacaq bütün doğma sandıqları ilə. Sadəcə
    saralmış vərəqlər üzərində küskün uşaq kimi boynunu bükən,
    mürəkkəblə yazılmış misralar onu hər an anmaqda olacaq. Və
    bir gün birisi yaxınlaşar unudulmuş qapının astanasına. Daxil
    olar tənhalığı ilə barışan otağın səssizliyinə. Asta addımları ilə
    toz basmış masaya doğru gedər. Masa üzərindəki dəftəri əlinə
    alıb yedidən vərəqləyincə,yenidə canlanar solmuş xatirələrin
    nəfəsi. Bax o zaman yoxluqla varlıq arasından süzülən işıq
    gücləndikcə çırağın hiss basmış yaddaşını silərək ona yenidən
    yaşama gücü verər. O çırağın adı ”Əbədiyyət”çırağıdır.!”
    Sözlər bitmişdi… Çıraq kövrək halda qələmə baxdı və
    ondan eyni xatirəsini bölüşməsini istədi. Qələm fikirli halda
    saata baxdı. Gecə yarısına az qalırdı. Bir azdan sahibi ilə tanış
    olduğu ilk gün bitəcəkdi. Bir az düşünüb bu gün haqqında nələr
    danışacağını keçirdi ağlından. Beləcə bir xeyli zaman keçdi.
    Saat artıq 12-ni çoxdan keçmişdi. Qələm isə sahibinə hədiyyə
    edildiyi o anların xəyalından ayrıla bilmirdi. Çırağın dəfələrlə
    sual etməsinə baxmayaraq qələm heç nə duymurmuş kimi
    olanları düşünüb susdu,susdu və susdu. …
    Artıq səhər açılmışdı. Səhərə qədər durmadan sual edib
    yorulan çıraq cavabsız suallardan yorulub dərin bir yuxuya
    gedərcəsinə sönmüşdü. Qələm isə hələ də susurdu…

    GECƏLƏR DOĞAN AY GÖZ BƏBƏYİNMİ?

    Ətrini soruşdum yovşan kolundan,
    ”Məndən bir tutamlıq dər, götür”-dedi.
    Kövrəldi payızın soyuq nəfəsi
    Sel gələn tərəfə üzün çevirdi.

    O səssiz çöllərdə suya dönmüşdün,
    Köksünü isladıb quruyan daşın.
    Yolunun səmtini ovcumda tapdım
    Göylər ağladığı sənin göz yaşın.

    Gecələr doğan ay göz bəbəyinmi?
    Bu necə naxışdı baxışa bənzər.
    Yerlə göy arası sorağındayam,
    Dərviş libasında xəyalım gəzər.

    BƏXTİMİ YAZIM GEDİM

    Bir sirrim var, daş sirdaşım,
    Deyim, sonra sirr daşım ol…
    Oyan zülmət yuxulardan
    Müqəddəs ol, pir daşım ol.

    Oyan, oyat yaddaşını
    Gücün çatsa dərdimi yen,
    Özünə dost tapdığına
    Daş qəlbinlə sən də sevin….

    Bu səssizlik nədir belə?
    Gözüm üzündə qalıbdır.
    Arzularım dil ucunda,
    Sirrim sözümdə qalıbdır.

    İlahi…
    İlahi, daşın dinmədi…
    Daşından haraymı çıxmaz?
    Bəlkə qismətim belədi?…
    Sözlərimi külüng elə,
    Ürəyimdə sirr saxlayan
    Kor quyular qazım gedim.
    Ya da bir yol göstər mənə,
    Daşın dağ olduğu yerdə
    Gün batandan gün doğana
    Azım gedim.

    İlahi, daşın dinmədi…
    Sularını mürəkkəb et,
    Ağaclardan qələm düzəlt,
    Dünyanın qaya alnına
    Ver, bəxtimi yazım gedim.

    SƏN DƏ UNUT

    Gəl yaramıza duz səpək,
    Olsun ayrılıq yarası.
    Gah sızladaq dərin-dərin,
    gah da göz yaşı tökdürək.
    Gözərindən od qoparıb
    canından elə bezdirək,
    Ölsün ayrılıq yarası.
    Heç yasını da tutmayaq
    Çıxıb getsin yadımızdan.
    Düşünək ki, kölgə kimi,
    Külək kimi, yuxu kimi,
    Bir qəzalı bölgə kimi
    darmadağın, külə dönmüş
    Ömür keçdi yanımızdan.
    Yum gözünü, aç ovcunu,
    Bu arzumu hədiyyə tək
    əlində tut, sonra gedim.
    Bilirsən ki, yaddaşım yox
    mən ki, çoxdan unutqanam…
    Duz səpilən yaraları
    Sən də unut, sonra gedim.

  • “Zərif kölgələr” layihəsinin iştirakçısı: Zeynəb SƏMA

    Mən, Zeynəb Səma oxucularını sevən biriyəm. Mənim üçün
    həyatın gözəl olması yazarlıq həyatımda daha da irəli addımlar
    atmağımla əlaqəlidir. Və oxucularımın, Zeynəb Səmanı kəşf
    etməsi olar ki, bu məni çox həm də çox xoşbəxt edəcək. Elə isə,
    Zeynəb Səma ilə ilk tanışlığa xoş gəldiz, əziz dostlar…Sevgi və
    Dua ilə…
    Zaman durdu…
    dünya durdu…
    mən də durdum…
    və özümə şeirdən bir dünya qurdum,
    sonuna qədər, sonsuza qədər…

    “ÜSTÜM‐BAŞIM SEVDA İÇİNDƏ…”

    Üstüm-başım sevda içində…
    Həsrət çəkirəm…
    Küçələrdə adından
    sərin küləklər əsir,
    Dənizin dalğası belə
    adından nəğmələr oxuyur,
    Düşən ulduzlar belə
    üzərimə düşür.
    Ulduzlar ki,
    gözlərinin minlərcəsi,
    Gecələrimi aydınladan,
    işıq bəxş edən.
    “Of” demək
    yaraşmaz ki dilimə,
    Sənsizliyə üsyan etmək
    nə həddimə?!
    Yazılmış qədərimə
    Yoxluğunun ağır imtahanı.
    Sənsizlik ki,
    həsrət-həsrət
    mənliyimi əridir.
    Doğru, heç olmaqdan
    keçmirmi ki həqiqi eşq?!
    Nə gözəl!
    Üstüm-başım sevda içində…

    “KİM SEVMƏNİ TƏRİF EDƏ BİLƏR Kİ?!…”

    Hər kəsin eyni məna
    yüklədiyi kəlmələr
    indi fərqli mənalarda.
    Darıxmaq deyirlər də,
    darıxmaq…
    “Darıxdım” deyəcək qədər
    bəsit bir sözcük yük idimi?
    Yoxsa “darıxdım” deməyə
    dərmanı olmayan
    bir Leyli ürəklinin
    halı idimi?
    Kim sevməni
    tərif edə bilər ki?!
    Uzaq diyarlara bir qapı açıb
    təbəssüm etdirirmi,
    Yoxsa bir addım sonra
    yüksəkliyə çıxarır?
    Sizdə də belə olurmu?
    Darıxdığınız zaman
    yüksəklikdən düşmüş kimi,
    Hər yer hava,
    amma havasızlıqdan
    nəfəssiz qalır,
    Ölür kimi olur insan.
    Sizdə də belə olurmu?
    Və anladığım kimsə
    sevməni tərif edə bilməz.
    Anlatsa da,nə qədərini
    anlada bilər ki?!
    Və bildiyim – sevmənin tərifi olmaz…

    “BİR ÖMÜR SUSMAĞA RAZI İDİM…”

    Səssizdim…
    Gözlərinə baxan
    bir kainat cümlə görəcəkdi sanki.
    Gözlərimə vurmuşdu
    sanki bütün söylədikləri.
    Tək kəlməsinə ömür boyu susmağa razı idim,
    Tək başına göz qapaqlarımı
    möhürləməyə razı idim.
    Yolumdu o mənim,
    Ruhumdu o mənim.
    Və bu yolda gedərkən qəlbimi
    verməyə razı idim.
    Yetərdi o an mənə,
    Onu görmüşdüm,
    Hazır kimi idim,
    Səssizdim amma
    Gözlərimə vurmuşdu eşq,
    Bir ömür susmağa razı idim…

    “SEVDİYİM…”

    Sevdiyim,
    Külək ətrini
    ilk dəfə gətirdiyində,
    Eşq aralandı…
    İçimin içindən
    bir şey idin sanki…
    Usanmadım yolunda,
    Yorulmadım yolunda,
    Tükənmədim yolunda.
    Nə varsa, eşqə
    Və eşqə aid etdim

    “ANA ŞƏFQƏTİNİN DİLİ NECƏDİR…”

    Unutdum, inan ki, unutdum daha,
    Ana şəfqətinin dili necədir.
    İndi axtarıram, olubdur baha,
    Halbuki “şəfqət” sə iki hecədir.

    Ürəyim dağ boyda acı altında,
    Sən varsan, mən niyə görmürəm səni?
    Nə yazım, bilmirəm şəfqət adında,
    Ana şəfqətiylə vurdular məni.

    Vurdular, indiysə qalxa bilmirəm,
    Bir əl axtarıram tutsun əlimdən.
    Şəfqət yoxluğundan heç də gülmürəm,
    Bir şey də gəlmir ki artıq əlimdən.

    “VƏ QƏLƏM SƏNİ MƏNƏ YAZMAĞA BAŞLADI…”

    Hər gecəm bir roman,
    Hər gecəm bir şeir,
    Hər gecəm
    başqa bir hekayə,
    Hər gecəmdə
    başqa bir dünya
    baş rollara
    Səninlə məni yazardım.
    Görürdüm səni,
    baxdırırdım səni mənə.
    Səni məndən
    ayıran kimsəni
    yazmazdım kağıza.
    Nə gözəl yaşardıq?!
    Bir rəngdə yazardım
    gözlərinə baxarkən,
    Və qələm səni mənə
    yazmağa başladı…

    “GÖZƏL QADIN…”

    Gözəl qadın,
    Bütün yanlışları sabahına
    yox edəcək qadın.
    Bəli,doğru eşitdin,
    Xəyallarımızı yox etdilər.
    Görməsəm də,
    bənzədərdim səni
    dərin incəliklərə.
    Sevdiyimizi əlimizdən aldılar.
    Bir xəyalımız var idi,
    Bir bazar,
    payız vurmuş küçələrə
    pəncərəmizin buxarını
    silib baxacaqdıq,
    səssiz xəyallar quracaqdıq.
    Bir qəribin xəyalı
    bu qədər olar sadəcə.
    Mənim könlüm
    yara baxarkən əriyər.
    Bəlkə tam bu sırada
    yalan-dolan
    dünyası da durar.
    Gözəl qadın,
    Bütün yanlışları
    sabahına yox edəcək qadın.
    Mən səni sadəcə
    çox sevdim.
    Beləcə bir qəribin
    xəyallarını dinlədin,
    Gözəl qadın…

    “ONLARIN QAPILARINA QƏDƏR GEDƏCƏK BU KİTABLAR…”

    Bizi ayıranlar var ha,
    onların qapılarına qədər
    gedəcək bu kitablar.
    Ağacların üzərində
    səni sevdiyim yazılacaq.
    Evinə çörək almağa
    gedən bir uşaq
    döndüyündə səni necə
    sevdiyimi anladacaq,
    Bir qarışqa
    torpağın altında açdığı tunelin
    divarına sevdamızı yazacaq,
    Dünyanın bir gün
    durası gəlsə,bəlkə bir gün
    səni görərəm deyə
    təkrar dönəsi gələcək.
    Bir pişiyin oyun istəməsində
    görəcəklər səni sevdiyimi,
    Və ən mənalı
    mahnıda duyacaqlar səni sevdiyimi.
    Eşitdiyim son şeirdə,
    ayaq barmaqlarımın
    uclarına torpaq sızacaq,
    Möhkəmcə bir bəyazın içinə
    Saxlayacaqlar bu Zeynəbi.
    Hər yağışda
    Əlbət bir gün sənə toxunmuş
    sular sızacaq torpaqdan,
    Bu səfər toxunacam, sevdiyim,
    torpaqdan sızan sulara
    nəfəs almayan
    bəyazlar içindəki ruhumla…
    Və beləcə onların
    qapılarına qədər gedəcək
    bu kitablar,
    Və hər kəs anlayacaq səni sevdiyimi…

    “TƏNHADIR DƏRD SAHİBLƏRİ…”

    İnsanın bir dərdi olacaq,
    Bir qürbət hissi olacaq
    içində bir yerlərdə.
    Gedəsi olacaq bir yerlərə,
    Keçməyəcəyini bilə-bilə,
    gedişdə tapa bilməyəcəyini
    bilə-bilə gedəsi olacaq.
    Üzünə baxdığında
    bir yaşanmışlıq görəcəksən,
    Anladacaq,
    bir şeylərin olduğunu
    hiss edəcəksən.
    İnsanın uğruna
    başını verəcəyi
    bir dərdi olacaq.
    O dərdin arxasına
    yorğun düşmüş bir də ürəyi.
    Ürəyindən daşıb
    yorğunlaşdırdığı
    baxışları olacaq.
    Tənhadır dərd sahibləri,
    çünki dərd çox da
    anladıla bilinəcək
    bir şey deyildir.
    Sən də anlaşılmadıqca
    tənhalaşarsan sadəcə.
    Daha da böyüyərsə dərdin,
    Silinər dünya gözündən,
    Gedəcəyin yerə,
    Həqiqət diyarına
    saxlarsan anladacaqlarını.
    Bildiyin,insanın
    bir dərdi olacaq.
    Bir qürbət hissi olacaq
    içində bir yerlərdə.
    Sadəcə gedəsi olacaq bir yerlərə…

    “EY YAR…”

    İndi kəlmələri tökürəm kağıza.
    Bəzən kağızın bir başqa tərəfinə keçir
    hisslərim.
    Yazdığım andan duyğuları qaçıb
    səninlə yaşamağım gəlir,
    Qısa bir ömür.
    Ey yar, yaxınkən
    Uzaq olmaq yoxdur bizdə.
    Yaxından da yaxın vardır.
    Ey yar, üzün,
    Nəfəsin olsa bir ömür
    Mən səndən doyaram heç?!
    Artıq gözlətmə
    Bu sevda da, ey yar.
    Hər gün yenidən
    darıxmağa başlamaq çox çətin, çox acı.
    Ən gözəli bir düşüncə,
    Bir həqiqət ol,
    Gəl ürəyimə…

    “BİR QUŞ OLSAM…”

    Bir quş olsam
    Boğazıma dolan…
    Arzuma yol alsam,
    Sevgini qanad,
    Eşqi cəsarət,
    Yarı nəfəs bilsəm,
    Dərdim məhəbbət olsa,
    Kədərim yerin alsa,
    Gecə yarısı
    bir vüsal çıxsa gəlsə,
    Arzu olsa…
    Bir quş olsam
    Ürəyimə dolan…
    Doğrularıma yol alsam,
    Qələmimi qanad,
    Kağızımı ümid,
    Şeirlərimi sevgi bilsəm,
    Düşüncəm sadəcə
    məhəbbət olsa,
    Acılarım yerin alsa,
    Gecə yarısı
    bir vüsal çıxsa gəlsə,
    Həqiqət olsa…
    Deyirəm,
    Hər şey yol olsa…
    “SƏNİ YAZIRAM DÜŞÜNURLƏR…”
    Səni yazıram düşünürlər.
    Səni yazsam, başqa qələmlər
    kağıza küsər –
    Kağızları incitməkdən qorxuram.
    O heç görə bilmədiyim
    baxışını yazsam,
    O kəlmələr neçə insan nəfəsi kəsər?!
    Fikrimi,
    Qəlbimi,
    Düşüncəmi,
    Kədərimi yazsam,
    Neçə insan bu dərdi qaldırar?!
    Və oxumağı bacarsa yağış,
    Bir tək mənim üzərimə yağar.
    Yağar da,
    Yanan kağızı
    Söndürməz,
    Söndürə bilməz…

  • “Zərif kölgələr” layihəsinin iştirakçısı: Aynurə İNCİ

    Baxışlar fərqlidir duyğular eyni. Fərqli baxışlarla yaşarlar
    duyğuları. Hər kəsin fərqli baxışı olduğu kimi,fərqli dünyası var.
    Öz balaca dünyası… Amma, bu balaca dünyaya nə qədər hislər,
    duyğular sığdırarsan. Hər dəfəsində fərqli. Mənim də öz dünyam
    var. Dünya içində balaca bir dünyam, ŞEİR DÜNYAM, SÖZ
    DÜNYAM…
    Ən gözəl anları sənə bağlayan,
    Sənsiz ürəyini deşib‐dağlayan,
    Sənin sevgin ilə coşub çağlayan,
    Şairin qəlbində söz dünyası var.

    SEVGİ PAYIM

    Sən mənim tərtəmiz pak mələyimsən,
    Günəşim, ayımsan, həm ürəyimsən,
    Sonsuz kainatda tək diləyimsən,
    Günüm bir gün deyil sənsiz, ey insan!
    Sən mənə Allahdan sevgi payımsan.

    Sənsiz bu ürəyim yaman haldadır,
    Gözlərim hər zaman sənsiz yoldadır,
    Niyə, bu xəyallar məni aldadır?
    Hər ötən günümsən, həftəm ayımsan
    Sən mənə Allahdan sevgi payımsan!

    Məni yaman üzür həsrət, intizar
    Qara saçlarıma sanki yağıb qar,
    Ürək həsrətindən buz kimi olar,
    Sən mənim həm qışım həm də yayımsan,
    Sən mənə Allahdan sevgi payımsan!

    OLMASIN

    Gəl dəymə kamana, toxunma tara,
    Çaldığı bəstəsi qəlbimdə yara,
    Ağlamaq olmadı bu qəlbə çara,
    Axan göz yaşımı silən olmasın.

    Bu eşq dəyişdirdi mənim halımı,
    Əzdi qanadımı, aldı canımı,
    Saldı səhralara mənim ahımı
    Qaçdım uzaqlara bilən olmasın.

    Eşqinin Leylitək yanma oduna,
    Çağırsan bir kimsə gəlməz dadına,
    Salma ötənləri, daha yadına,
    Bir də xəyalına gələn olmasın!

    YAMAN DOLMUŞAM

    Sən qırdın qəlbimi acı sözünlə,
    İllərdi dözmüşəm səbr, dözümlə,
    Artıq bacarmıram özüm özümlə,
    Payız buludutək yaman dolmuşam.

    Sən sevə bilmədin məni mən kimi,
    Heyf, bacarmadım olam sən kimi,
    Özümü göstərdim xoşbəxt-şən kimi,
    Yalnız xəyallarda xoşbəxt olmuşam.

    Vaxtında dünyaya gəlməmişik biz,
    Sevgi yollarında qoymadıq bir iz,
    Sanki yerə düşdü məhəbbətimiz,
    Ömür bağçasında vaxtsız solmuşam…

    BU GÜN

    Məndən qaçdığını anladım bu gün,
    Nə idi məqsədin, nə idi qəsdin!
    Bizi bağlı tutan sevgi bağını,
    Tələsib əlinlə sən özün kəsdin.

    Məndən qaçdığını anladım bu gün,
    Silib göz yaşımla sevgimi, məni,
    Bir dərin iz qoyub hara qaçırsan?
    Qaçmaqla unudar sevən-sevəni?

    Məndən qaçdığını anladım bu gün
    Vüsal çiçəyini necə qoxlaram?
    Qayalar qoynunda tənha çiçəktək
    Ayrılıq selini çətin saxlaram.

    Məndən qaçdığını anladım bu gün
    Küsdürüb könlümü ala bilmədin
    Kimsəsiz adaya düşən insantək
    Qəlbimdə bir məskən sala bilmədin.

    SƏNİ

    Mən hara baxıram səni görürəm,
    Hər yerdə axtarır gözlərim səni,
    Məni həsrətinin odu yandırır
    Yəqin ki, isidir közlərim səni.

    Əlçatmaz arzusan, sonsuz səmasan,
    Qəlbimə nur saçan bitməz duasan,
    Yoxluğunla varlığıma qidasan
    Gözləyir yollarım, izlərim səni.

    Daha bu sevgidə gözütoxam mən,
    Həsrətə sancılan odlu oxam mən,
    Sən gedəndən bil ki artıq yoxam mən,
    Şeirlə vəsf edir sözlərim səni.

    …AMMA…

    Bu ürək ən ağır yükü daşıyır,
    Qəlbim yaralıdır həsrət qaşıyır,
    Mənim ürəyimdə gizli yaşayır
    Bu qədər yaxınkən uzaqdır, amma
    Sevirəm, bu sevgi yasaqdır, amma.

    Qaranlıq gecəm də ay olub mənə,
    Sonsuz sevgisi də pay olub mənə,
    İkinci özümtək tay olub mənə,
    Bu qədər yaxınkən uzaqdır, amma
    Sevirəm,bu sevgi yasaqdır amma.

    Ömrümü isidən sönməz ocaqdır,
    Ruha işıq saçan nurlu çıraqdır,
    Ötən gəncliyimdə ən gözəl çağdır,
    Bu qədər yaxınkən uzaqdır, amma
    Sevirəm, bu sevgi yasaqdır, amma…

    DƏRDİ BİLİNMƏZ

    Həyat bəzən olur zalım-amansız,
    Gözün əvəzinə qaş qoya-qoya.
    Sevənləri ayrı salır zamansız,
    Hər dəfə gözlərdə yaş qoya-qoya.
    Həyatın oyunu, nərdi bilinməz,
    Qurduğu oyunda şərti bilinməz,
    Fələyin bizimlə dərdi bilənməz,
    Götürər gəncliyi çaş qoya-qoya.
    Əzaba yorğantək bizlər büründük,
    Saxta gülüşlərlə xoşbəxt göründük,
    Yeridik, yıxıldıq, gah da süründük,
    Seyr etdi, yollara daş qoya-qoya.
    Uşaqkən böyümək edirsən niyyət,
    Böyüdün başlayır əzab-əziyyət,
    Elə ki yaşlanıb oldun şəxsiyyət,
    Aparır yerləri boş qoya-qoya.

    MƏNİM DƏNİZ ARZULARIM

    Dedi: “dərdlə-qəmlə yaşa”
    Sevincimi vurdu başa,
    Yelkənimi çırpdı daşa
    Mənim dəniz arzularım.

    Hərdən oldu coşdu-daşdı,
    Nə dedimsə razılaşdı,
    Sonda məndən uzaqlaşdı
    Mənim dəniz arzularım.

    Əvvəl məni məndən aldı,
    Ümidimi daşa çaldı,
    Heyf, xəyal kimi qaldı
    Mənim dəniz arzularım.

    Qəm-kədərlə çox qalandı,
    Gerçəyə dönməz yalandı,
    Ləpə kimi xırdalandı
    Məim dəniz arzularım.

    Dedim Aynur, bu nə həyat ?
    Dedi: “səbr et məqsədə çat”
    Məndən uzaq düşdü rahat
    Mənim dəniz arzularım…

    ŞEİRLƏRİM

    Ən gözəl anları sənə bağlayan,
    Sənsiz ürəyini deşib-dağlayan,
    Sənin sevgin ilə coşub çağlayan
    Şairin qəlbində söz dünyası var.
    Mənə fani dünya yaman gəlir dar,
    Mən “ayrı dünyada” tapmışam qərar,
    Könül gözəlliyi sevgidə axtar
    Səndə ki duyğu var, göz dünyası var.
    Eşq elə dünyadı dəyərli, baha,
    Təməli bağlıdır uca Allaha,
    İnci, bu dünyadan uzaqlaş daha
    Sevən insanların öz dünyası var.

    BU SEVDA

    Tərtəmiz səmatək aydınlığı var,
    Bəzən gecə kimi qaranlıq olar,
    Deyirdim, qəlbimə nur kimi dolar
    Gözümə yaş olub doldu bu sevda.

    Sevəni “həsrətlə” sınağa çəkdi,
    Sevgisiz yaşamaq nəyə gərəkdi?
    Çoxunun qəlbinə toxumun əkdi
    Hələ açılmamış soldu bu sevda.

    Xəyanət şimşəktək vuranda onu,
    Geyindi ayrılıq,intizar donu,
    Artıq,bununla da yetişdi sonu
    Yalanın qurbanı oldu bu sevda!

    İNSANI İNSAN ALDADIR

    Salam, uşaqlığım, bir az dərdləşək,
    Qarışıq həyatda axtardım səni,
    Xeyli uzaq düşdük, uzun zamandı
    Çoxmu dəyişmişəm?! Unutdun məni.

    Bu tərəf qaranlıq çox qarışıqdı,
    Hamı soyuqlaşır ölür insanlıq,
    Məzarlıq salınır “insanlıq” adda,
    Bilirsən, başdaşı olub “nadanlıq”.

    Öndə gedənlərin önünə keçib,
    Getdiyi yollara quyu qazırlar,
    Burda insanları edib oyuncaq,
    Harama əl atıb yolu azırlar.

    Nə hörmət qalıbdı, nə də məhəbbət,
    Zəmanə dəyişdi gör nə haldadır,
    Yalanı yalanla alqışlayırlar,
    Şeytan yox insanı insan aldadır.

    Belə bir zamanda gənclik yaşadım,
    Ruhumu dərdi-qəm narahat edir,
    Aynurə,bilmirəm necə qaytarım
    Ömür qatarıyla gənclik də gedir!

    ÖMÜR QATARI

    Hara tələsirsən belə sürətlə,
    Ey ömür qatarı, kimi gəzirsən?!
    Ömür sarayından daş sala-sala
    Hər doğum günümdə məni üzürsən.

    Məndən alıb getdin saf uşaqlığı,
    İndi də gəncliyi çox gördün mənə,
    Qarışıq həyatda ömür sürərkən,
    İlləri almağa qayıtdın yenə.

    Sənə sığınmışdım sənə gəncliyim,
    Məndən əlaqəni niyə kəsirsən?
    Uşaqlıq illəri minən qatara
    Sən də minmək üçün çox tələsirsən?

    Ayları illərə calaq edərək,
    Ömürdən fəsillər bir-bir ötüşdü,
    Alıb bir ilimi yenə bu qatar,
    Gedən illərimin yoluna düşdü.

  • “Zərif kölgələr” layihəsinin iştirakçısı: Gülnarə İSRAFİL

    Ədəbiyyat, ruhumun içinə dərinləşən söz, büsbütün
    yaşamımın özəlidir. Sətirlərdə illərin tuta bildiyin anı cücərib boy
    verir.

    GÖYLƏR SAÇLARIMIN DUVAĞI

    Hər dəfə yağışdan sonra gün çıxır,
    Gətir, göy üzünün rəngini mənə.
    Bir göy qurşağıyla yallı oynayaq,
    Çal, sakit havada cəngini mənə.

    Rənglərdən azacıq otağa düşsün,
    İsitsin yastığı gün qırıqları.
    Qəmli baxışlara bir nur yapışsın,
    Məst etsin özündə qaranlıqları.

    Göylər saçlarımın duvağı, örtüm,
    Gəlib yer üzündə yanağıma çən.
    Bu qədər çiskini neynirəm axı?
    Yığıb qucaq-qucaq qucağıma mən.

    Götür gözlərimə göy qurşağı çək,
    Görməsin yerdəki uzaqlıqları.
    Əl atım hər dəfə tuta bilim, Yar!
    Buludun rəngindən ən ağlıqları.

    GEDƏN PAYIZ GƏLƏN İLƏ EYNİDİR

    Bu payızın küləyinə qarışdım,
    Yağışı da, küləyi də sərindir.
    Bu həyatın yolu, dərdi ayrıdır,
    Bu həyatın ələyi də dərindir.

    Qarsaladı, təndirində bişdi can,
    Yağış yağdı, qaysağını qopardı.
    İşlərindən başım çıxmır, qardaşım,
    Xəstə qaldı, sağlamını apardı.

    Aləmində, aləm sirli, gün sirli,
    Cəld taleyin maymağından yapışdım.
    Hamı getdi öz işinin dalınca,
    Yerimdəcə saymağıma çalışdım.

    Qara saça ağ rəng verib süslədim,
    Ürəyimdə dərd böyüdüb, ev etdim.
    Sevinəndə kiçik şeyə sevindim,
    Qəmlənəndə qarışqanı div etdim.

    Gedən payız gələn ilə eynidir,
    Gecələrin gündüzüdür qaranlıq.
    Bu həyatın bəlkə, özü bir yuxu?!
    Bu həyatın könlü, gözü o yanlıq.
    Səs çıxarma, yat, bala

    ***

    Anasını, atasını
    itirən uşaq!
    Üzünü soyuq daşa qoyub…
    İsti qucaq əvəzinə,
    iki məzar arasında
    yatan uşaq,
    əllərini başı altda qoşa qoyub.
    Anasının, atasının nəfəsini,
    duymaq üçün,
    gecə-gündüz yatır orda.
    Göz yaşını, ahına qatır orda.
    Bu uşağın taleyini düşünəcək,
    bir kimsə yox.
    Mərmi yağır göy üzündən,
    yağış kimi.
    Səs çıxarır zülmlərə
    əl çalınan alqış kimi.
    Şak, şak, şak…
    Bu cənnətmi, cəhənnəmmi,
    qiyamətmi..?
    Yoxsa bütün insanların
    göz yumduğu cinayətmi…
    Sadə bir ad qoyublar,
    vətəndaş müharibəsi.
    Yaxşı addır,
    yatımlıdır qulağa.
    Yat iki məzar arasında,
    səs çıxarma, yat, bala.
    TƏK GECƏ
    ..Və hər gün
    ümid qapısında əl açmaq,
    bir dünya hənirtisi.
    Sənin könül dünyana
    bənövşə əkər.
    O tək axşam
    tək gecə…
    Sənə açılan tək səhər,
    tək toxunuş.
    Dualara yetəcək sirr adamım
    Yel,
    Od,
    Su,
    Torpaq,
    Səs adamım,
    İz adamım,
    Öz adamım.
    Öndən gəl, məndən gəl.
    Əlini,
    İzini,
    Sözünü öpüm, tək nəfəsə,
    tək səsə.

  • “Zərif kölgələr” layihəsinin iştirakçısı: Xalidə ABDULLAYEVA

    Mənim şeirlərim yazılmır doğulur. mənim şeirlərim duyğularimin azadligidir. ürəyimin döyüntüsüdur, qəlbimin piciltisidir
    ruhumun çırpıntisrdır.

    FƏXR EDİRƏM

    Anam, atam darıxmasın,
    Bacım ürəyini sıxmasın,
    Qardaşım dönük çıxmasın
    Bu vətənə borcumdur, fəxr edirəm!

    Əsgər gedirəm mən,
    At, sevgilim, dərdi, qəmi,
    Torpaq qədər sevdim səni,
    Vətənim cağırır məni
    Bu, vətənə borcumdur.
    Fəxr edirəm!
    Əsgər gedirəm mən.

    Elimə göz dikib yağı,
    Sinəmizə çəkir dağı,
    Gedim, qoruyum torpağı
    Bu, vətənə borcumdur.
    Fəxr edirəm!
    Əsgər gedirəm mən.

    Gedirəm boranda, qarda.
    Qayıdacam ilk baharda.
    Vətən mənsiz qalar darda!
    Bu vətənə borcumdur.
    Fəxr edirəm!
    Əsgər gedirəm mən.

    Vətən mənə arxalansın,
    Dost gülsün , düşmən tamansın,
    Qoy, bayrağım dalğalansın
    Bu vətənə borcumdur.
    Fəxr edirəm!
    Əsgər gedirəm mən.

    SƏNLƏ OLSUN

    Yenə qaranıq gecə,
    Yenə soyuq yatağım,
    Xatirələrlə dolub
    Bomboş qalmış otağım.

    Yaman yorubdur məni,
    Bu həsrət bu intizar,
    Gəl öpüm gözlərindən
    Ayrılıq var, ölüm var.

    Yenə oxşa telimi
    Bir payız küləyi tək
    Unudaq olanlari
    Gəl tərsliyindən əl çək.

    Yenə əvvəlki kimi
    Məni gözünə et nur.
    Ay ürəyim bilirsən
    Sevgidə olmur gürur.

    Yenə gözlər danışsın,
    Biz isə sakit duraq.
    Xəyallarda səninlə
    Birlikdə yuva quraq.

    Yene çəkib nazımı,
    Deyəsən, “QARAGÖZÜM”
    Sənsiz keçməyir günüm
    Qalmayib taqət dözüm

    Üşüyəm baxışımla,
    Əlim əlini tutsun,
    Bəlkə bu son şeirim
    Qoy sonum sənlə olsun.

    BƏLKƏ BİR GÜN QOVUŞDUM

    Bilirəm, yol uzaqdı,
    Araya bir çay düşüb,
    Mənim də qismətimə,
    Ayrılıqdan pay düşüb.

    Mən alışa bilmirəm,
    Qürbətin ocağına,
    Həsrətəm mən anamın,
    Sığınam qucağına…

    Mən ayrılıq, həsrəti,
    Uşaq ikən duymuşam,
    Bu həsrətlə yaşayıb
    Qürbətdən yorulmuşam.

    Bəlkə bir gün qovuşduq,
    Deyib-deyib durmuşuq.
    Boş yerə nə ümidlər,
    Nə xəyallar qurmuşuq.

    Heç bildin ki, nə çəkdim,
    Mən bu gürbət ocaqda
    Sıxılıb oturmuşam
    Yetim tək bir bucaqda

    Cavan ömrüm beləcə,
    Qürbətdə keçir hədər.
    Mən kədərdan doymuşam
    Məndən doymayır kədər.

    Bir həsrət yolçusuyam,
    Qismətimlə barışdım,
    Mən vətənə, anama
    Bəlkə bir gün qovuşdum.

    ƏN ŞİRİN GÜNAHIM İDİN

    Bu gecə Tanrıdan səni istədim,
    Açdım əllərimi, etdim bir dilək.
    Həyatda qovuşa bilməyəcəyik
    Barı yuxudasa sənlə görüşək.

    Yenə tut əlimi, oxşa telimi,
    Yenə sənlə birgə göz gözə baxaq.
    Yenə də dalaşaq, küsək, inciyək
    Sonra bu sevgidən bir şeir yazaq.

    Unuda bilmərik ilk görüş yerin,
    Sanki hər küçədə izlərimiz var.
    Yollar ayrı saldı bizi əzəldən
    Gör bizi nə hala saldı intizar.

    Bilmirik neyimiz artıq düşübdür,
    Elə hey davalar, yersiz qınaqlar.
    Bilirsən bunların səbəbi nədir?!
    Qovuşa bilmirik, budur səbəbkar.

    Bir zaman and içib, peyman bağladıq,
    Bizi ayıracaq tək ölüm dedin.
    Ikimiz də bu eşqdə batdıq günaha
    Amma sən ən şirin günahım idin.

    NƏ ÜÇÜN GƏLMİŞƏM DÜNYAYA

    Sən demə nə vaxtsa günün birində,
    Insan da özündən küsər inciyər.
    Bitər xəyalları qırılar qəlbi
    Nə üçün dünyaya gəlmişəm deyər.

    Sevdiyi insandan görər zərəri,
    Acılar içində açar səhəri.
    Yar onu özgəyə satandan bəri
    Nə üçün dünyaya gəlmişəm deyər.

    Get-gedə ürəyi olacaq kövrək,
    Sındırar qəddini amansız fələk.
    Zəhərə dönərsə yediyi çörək
    Nə üçün dünyaya gəlmişəm deyər.

    Hərdən yazığım da gəlir özümə
    Neyleyim ureyim baxmir sözümə.
    Sanki gözlərim də baxıb özüme
    Nə üçün dünyaya gəlmişəm deyər.
    Nə üçün dünyaya gəlmişəm deyər.

    KAŞ Kİ, UŞAQ OLAYDIM

    Kaş ki, qayıdıb yenidən,
    Körpə, uşaq olaydım.
    Ulduzlara boylanıb,
    Xəyallara dalaydım.

    Kaş şirin arzularım,
    Hərdən gələndə cana
    Yenə sənin köksünə
    Sığınaydım, ay ana.

    Kaş ki, uşaq olaydım,
    Qaçaydım yıxılaydım.
    Həzin laylalarını,
    Yenə eşidim deyə

    Təzədən doğulaydım.
    Dəcəl bir qız olaydım.
    Mənə acıqlananda,
    Danlayaydın sən məni.
    Geriyə qaytaraydın,
    Nağıllara bələnən
    Gecəmi gündüzümü.
    Kas ki usaq olaydim

    Indikitək qovrulub
    Yanmayaydi ureyim
    Baltek sirin olaydi
    Havam suyum coreyim.
    Kaş ki, uşaq olaydım,

    Gəlinciyim əlimdən,
    Düşərək qırılaydı.
    Gündə yüz yol əhvalım,
    Bulanıb, durulaydı.
    Gözlərimə həsrət yox,

    Sevinc yaşı dolaydı.
    Həyat eşqim qəlbimdə,
    Təptəzəcə qalaydı.
    Eh, o, ötən günlərə,
    Geri qayıtmaq çətin.
    Gərək dalınca qaçam,
    Indən belə qismətin.
    Kaş ki, uşaq olaydım,
    Həyatın mənasını,
    Anlayıb, duymayaydım.
    Yaşamaqdan hələ də,
    Uşaq tək qorxmayaydım…
    Kaş ki, uşaq olaydım,

    ALIŞMIŞAM YOXLUĞUNA

    Istədiyin belə idi,
    Taleyin də belə etdi.
    Sevgin də istəyin kimi,
    Gizli gəldi, gizli getdi.
    Get yoluna daha bəsdi,
    Alışmışam yoxluğuna…

    Həyat məni çox sınadı,
    Çətinliklə keçdi zaman.
    Bir çox arzum puça çixdi,
    Fələk də vermədi aman.
    Get yoluna daha bəsdi,
    Alışmışam yoxluğuna…

    Axı niyə belə etdin?
    Yollarda qalıbdır gözüm.
    Daha səbrim tükənibdi,
    Qalmayıbdı məndə dözüm.
    Get yoluna daha bəsdi,
    Alışmışam yoxluğuna…

    Düşündükcə göynər qəlbim,
    Yadıma düşər sözlərin.
    Keçdiyimiz cığırlardan
    Çoxdan silinib izlərin.
    Get yoluna daha bəsdi,
    Alışmışam yoxluğuna…

    Heç bilmirəm nədən belə,
    Üzün məndən niyə döndü?
    Göz yaşlarım gilə-gilə
    Olan ümidlərim soldu.
    Get yoluna daha bəsdi,
    Alışmışam yoxluğuna…

    AY ÜRƏK..

    Nolub sənə, ay Ürəyim,
    Nədən belə tələsirsən?
    Xatirələr düşüb yada
    Yarpaq tək tir-tir əsirsən.

    Bir az sakit bir az aram,
    Gəl oturaq, gəl dərdləşək…
    Çox üzülmə çox sıxılma
    Bu həsrət bir gün bitəcək.

    Əlimdə qələmim, ürək,
    Bax namə yazıram yara.
    Bir gün bitər acı həsrət

    Son qoyarıq intizara.
    Gəl danlama məni ürək,
    Həsrətdir eşqin sarayı.
    Sevib-sevib qovuşmayan

    İnsanların azmi sayı?
    Bax görürsən çox insanın,
    Eşqdən qəlbi yaralıdı.
    Çox qınama sən də məni
    Bu sevgi Allah payıdı.

    PAYIZ

    Yenə payız fəsili.
    Yənə qəmli sətirlər
    Yenə yada düşəcək
    O sənli xatirələr.

    Göy üzündə bulud var
    Yenə yağacaq yağış
    Mənim ağ göyərçinim
    Yarıma məndən danış.

    Deki bu həsrət məni
    Hali pərişan edib
    Gözlərimin sevinci
    Gözlərimi tərk edib.

    Deki mən heç dönmədim
    Əhdimdən, ilqarımdan
    O şirin xatirələr
    Heç çıxmayıb yadımdan.

    Sözümü birər birər
    Yetir ona göyərçin
    Deki yaralı qəlbi
    Tək döyünür səninçin.

    Deki heç qorxutmasın
    Bu həsrət, Hicran onu
    Əlbət bir gün olacaq
    Bu həsrətin bir sonu.

    GƏLDİ

    Gəldim kağıza vəsv eləyəm dərdi, gubarı
    Yazdıqca qələm ağladı, dəftər dilə gəldi.
    Sevdim birini görmədim əhdində vəfasın,
    Bilməm nə günah eylədim bəxtim belə gəldi.
    Zalım fələyinçərxi dönük oldu əzəldən
    Ey yar, nə füğan eylədin könlüm dilə gəldi.
    Yar eylədi kor, gözlərimin nurunu aldı
    Yıxdı evimi, ömrümə bir zəlzələ gəldi.
    Ey yar, özünü çəkmə bu sevdadə kənarə,
    Bəlki bu qələm sahibi bir gün elə gəldi.

    CARƏSİZ XƏSTƏLİK

    Bu necə məhəbbət, necə sevgidir?
    Varlığı, yoxluğu mənə şirindir.
    Dağıdaq həsrətin buz körpüsünü,
    Gəl mənə həmdəm ol, məni sevindir.

    Yaman nigaranam səndən əzizim,
    Gözlərim yollarda, halım pərişan.
    Bir zaman səninlə qoşa gəzərdik,
    İndi o yerlərdə görünmür insan.

    Ayrılıq yamanca yorubdur səni,
    Hicran saçlarına salıb vaxtsız dən.
    Nə qədər olsa da yorğun ürəyin,
    Bilirəm, yorulmaz bizim sevgidən.

    Deyərdin, kişilər ağlamaz, canım,
    Bəs nədən gözlərin beləcə dolub?
    Mənim tanıdığım daşqəlbli insan,
    İndi qəlbisınıq, çox kövrək olub.

    Aylar, illər keçsə belə unutma,
    Dönmərəm əhdimdən, düz ilqarımdan.
    Çarəsiz xəstəlik kimi bu eşqin
    Şəfasın dilərəm uca Tanrıdan.

  • “Zərif kölgələr” layihəsinin iştirakçısı: Manya SƏXAVƏTQIZI

    Mən niyə şeir yazıram? Cavabı ruhumu sakitləşdirən bir
    sualdır. Əslində bilmədiyim tək cavablardan biri… Ata itgisi, ata
    həsrəti, ruhumu titrədən ata ölümü – təsəllim misralar… Həyat
    çox qəribədir. Bəzən düşünürəm ruhum şeirlərlə “dillənməsəydi”
    mən nə edərdim? Mənim bütün hisslərim şeirlərdə əks olunur.
    Bəzən yazarkən ağlayıram, bəzən ağlarkən yazıram, bəzən
    xoşbəxt olarkən yazıram, bəzən yazarkən xoşbəxt oluram –
    maraqlı hislərdir. Həm sevincdən, həm kədərdən yazıram. Şeir‐
    lərimlə daha çox yaralı ürəklərə məlhəm olmağa çalışıram.

    ANAM

    Ömürdən hədiyyə olsaydı əgər,
    Ömrümü anama bağışlayardım.
    Anasız həyatın dadı var məgər?
    Arzumdur anamla mən yaşlanaydım.

    Anamdır həyatda ürək sirdaşım,
    Dərdimi onun tək anlayanım yox.
    İstəməz gözümdən axsın göz yaşım
    Üzülər həmin an anam məndən çox.

    Onun “qızım” sözü dünyaya dəyər,
    O sözü qoymuşam qəlb xəzinəmə.
    Kim “qızım” sözünü ana tək deyər?
    Səsi məlhəm olur dərdli sinəmə.

    Körpə tək baş qoyub dizləri üstə,
    Uşaqlıq anımı xatırlayıram.
    Arzumdur anamı görməyim xəstə,
    O, acı çəkəndə mən sızlayıram.

    Allahdan istəyim budur ki, ana,
    Məndən əvvəl sənə ölüm verməsin.
    Mən şahid olmayım kaş ki, o ana,
    Gözümün işığı sənlə sönməsin.

    TORPAĞA ŞƏHİD QAN QATIB

    Var havada qan qoxusu,
    Qəlbdə intiqam duyğusu.
    Yenə bir şəhid yuxusu,
    Hıçqırığımla bölünür
    özümə şəhid görünür.

    Nə yatmışam,nə oyağam,
    Deyirəm mən niyə sağam?
    Öz sinəmdə özüm dağam,
    Şəhidim var yaxılıram
    Şimşək kimi çaxılıram.

    Qəlbimə kin toxum atıb,
    Düşmən torpağımda yatıb,
    Torpağa şəhid qan qatıb,
    O qanla qarışan torpaq
    Qəbul etməz yad bir ayaq.

    Sındıraq düşmən ayağın,
    Ucaldaq vətən bayrağın.
    Həfiflədək ürək dağın,
    Təsəlli olsun qələbə
    Buna ümid var hələ də.

    ATASIZLIQ YAMANDIR

    Dağlarda çən gözəldir,
    Payızda nəm gözəldir.
    Ata deyib yananın,
    Gözündə qəm gözəldir.

    Sevinc yaraşmaz daha,
    Qəmlə çıxar sabaha.
    Ata dərdi çəkənin,
    Qəlbi beşikdir aha.

    Dağ qoyub dağ üstünə,
    Düşərlər yetim günə.
    Bir sevinc keçə bilməz,
    Ata dərdi önünə.

    Atasızlıq yamandır,
    Mənim köksüm al qandır.
    Atam getdiyi o gün,
    Xəyallarım talandı.

    Yandı bağrımın başı,
    Axdı gözümün yaşı.
    Ata kimi görmədim,
    Nə ana,nə qardaşı.

    Qardaş qardaş tək gözəl,
    Anamdan yazım qəzəl.
    Ancaq atamın yeri,
    Qəlbimdə ayrı,özəl.

    AYNADAKI RUHSUZ SİMA

    Aynadakı ruhsuz sima,
    Baxışların niyə donub?
    Sanki nəsə edir ima,
    Baxışına bir sirr qonub.

    Ruhun gedib, cismin qalıb,
    Boş çuvala bənzəyirsən.
    Sən aynaya nəzər salıb,
    Əksindən nə istəyirsən?

    Nə verəcək ayna sənə?
    Yoxsa ölən ruhunumu?
    Xəyallara dalıb yenə,
    Ölən ruhu unutdunmu?

    Ayna səni dəyişdirməz,
    Sən necəsən əksin odur.
    O sənə ruh verə bilməz,
    Adın ruhsuz sima oldu.

    ZÜLMƏTİN TƏK YOLÇUSUYAM

    Tellərimə sığal çəkmə,
    Əllərini yandırar.
    Ürəyim buz parçası…
    Girmə səni dondurar.

    Olma mənim yol yoldaşım,
    Birdən yolda azarsan.
    Mən zülmətdə yol gedirəm,
    Yolum bir az uzarsa,
    Ürəyinə qorxu düşər
    Səni xilas etmək üçün,
    Mənə quyu qazarsan.

    Sözlərimdən nə incimə,
    Nə də məni qınama.
    İnsanların nankorluğu
    Qorxu salıb canıma.

    Həyat yolum uzun deyil,
    Yolda səni tanıyam.
    Səhvlərini,düzlərini
    Yolda bir-bir sanayam.

    Səni yalnış gördüyümçün
    Ya özümü qınayam,
    Ya da yenə məyus olub
    Bir insançün ağlayam.

    İstəmirəm qadan alım,
    Yeni həyat sınağı.
    Sonra yenə tənə olur,
    Ürəyimin qınağı…

    QƏLBİMİ DƏLİR

    Hərdən xatirələr cumur üstümə,
    Yalquzaq ruh kimi ruhumu didir.
    Qəlbimi batırıb al rəngli qana
    Sonra üz çevirir məni tərk edir.

    Gör necə zalımdır necə vicdansız,
    Bilir ki, gedəcək yenə də gəlir.
    Vəhşidir xatirəm həm də amansız
    Ox olub bir anda qəlbimi dəlir.

    Acımır nə mənim göz yaşlarıma,
    Nədə ki, çəkdiyim bu acılara.
    Çıxmayıb bir təbib mənim qarşıma
    Bir əlac eyləsin bu sancılara.

    DƏRDİNİ SUSAN QADIN

    Gözəl qadın, yalvarıram,
    Gözlərinin yaşın sil.
    Dərdini aç mənə söylə,
    Məni dərd sirdaşın bil.

    Gözdən axan göz yaşını,
    Axıt mənim dizimə.
    Sənin qəmin əksin salır,
    Bil mənim bənizimə.

    Ağlayıram için-için,
    Bilmədiyim dərdinə.
    Yalvarıram Allahıma,
    Kaş ki,bu qadın dinə.

    Açıb tökə dərdlərini,
    Bir gizlini qalmaya.
    Yas tutduğu bu dərdləri,
    Onu məndə n almaya.

    Mən qorxuram sənsizlikdən,
    Dərdini susan qadın.
    Heç olmasa de mən bilim,
    Bəs nədir sənin adın?

    Bir gün səni alıb getsə,
    Bu göz yaşı əlimdən.
    Heç olmasa adın qalsın,
    Bir yadigar dilimdə.

    Susma qadın incimərəm,
    Lap kin “qus”san üstümə.
    Onsuz da mən boğuluram,
    Məni saran tüstünə.

    İçimdə min şüphə didir,
    Rahatlıq vermir mənə.
    Bölüş mənlə dərdlərini,
    Birgə bataq matəmə.

    ÇİÇƏK TƏK SOLDU

    Bilmirəm hayandan əsdi bu külək,
    Bağrımın başını kəsdi bu külək.
    Ruhumu bədəndən alandan sonra
    Niyə sakitləşib, susdu bu külək?

    Elə bil qəsdimə durmuşdu mənim,
    Sevinci əlimdən almışdı mənim.
    Susdura bilmədim mən bu küləyi
    Elə bil tək-tənha görmüşdü məni.

    Bu külək qoymadı nə hicran, nə qəm,
    Yüklədi çiynimə, söylədi çək qəm.
    Sürüyüb özümlə çəkə bilmirəm,
    Yüküm çox ağırdır, içindəki qəm.

    Əsdi viran etdi, saldı dərin iz,
    Silinməz heç zaman yaddaşdan bu iz.
    Qəlbimi incidir hər xatirəsi,
    Bu külək qəlbimdə qoydu acı iz.

    Külək əsib-coşub sonra da susdu,
    Bu qədər dərd verib bəs niyə susdu?
    Məndən aldıqları çətin ki, dönə,
    Mənim neçə arzum çiçək tək soldu.

    SEVİNCİMİN İNTİHARI

    Dedim yazım –
    Olanlardan,
    keçənlərdən,
    Haqqın yolu
    dura-dura
    Haqsızlığı seçənlərdən.
    Yaza-yaza
    göz önümdən –
    neçə səhnə gəlib keçdi.
    Düşüncələr
    diri-diri ürəyimə kəfən biçdi.
    Duyğularım daxilimdə
    savaş açdı bir – birinə,
    Sevincimə hücüm çəkib,
    kədərim keçdi yerinə.
    Göz yaşına döndü sevinc
    kirpiyimdən asdı özün,
    Sevincimin “intiharın” kor olub
    görməzdi gözüm.
    Yanağımda “məzar qazdım”
    İntihar edənlərimə,
    Əlimi qoynumda qoyub,
    Tərk edib gedənlərimə.

    SEVGİN SEVGİMİN SEVGİSİ

    Sevgin ilə qanad açan
    kəpənəyə bənzəyirəm,
    O çiçəkdən bu çiçəyə
    qonan həmin kəpənək tək,
    Eşq bağımı bəzəyirəm.
    Toxunmursan qanadımaqanadım sınar mənim,
    Sevinci qəlbimə salıb,
    Yan tutursan ürəyimdən
    bu həyatın kədər qəmin.
    İncə-incə oxşayırsan
    günəş rəngli tellərimi,
    Məhəbbətlə sən tutursan
    səni saran əllərimi.
    Sən dünyamın işığısan,
    Olmazsan aləm zülmətdir.
    Sevgin sevgimin sevgisi,
    Mənim üçün səltənətdir.

    XATİRƏLƏR RUHUMU DİDİR

    Mən sırt üstə yata bilmirəm,
    Kürəyimə batırılan xəncərlərin yeriağrıyır.
    Mən hər gecə ölürəm,
    “Dost” kəlməsi ürəyimdə qanayır.
    Ağ tənzifə dəyən qan ləkəsinin görüntüsü tək,
    Bir mənzərə canlanır gözlərimdə.
    Gözüm ruhuma dikilib
    Əlimsə qalıb dizlərimdə.
    Köksünü titrədən sərt fırtına
    Xatirələrimi yerlə yeksan edir.
    Quzğunun cəsədi diddiyi kimi
    O xatirələr ruhumu didir.
    Yaşadıqlarımın günahkarı mənəm,
    Qəlbimi açmamalıydım ki, qəlbimdən
    yaralanmayın.
    Mən artıq mən olmaq belə istəmirəm,
    Çünki mən özümü mən olduğum üçün ittiham
    edirəm.

    GÖZ YAŞIM İNTİHAR EDİR

    Gözlərimdə bir gilə yaş,
    Süzülür intihar edir.
    Daş asılıb qəlbimdən, daş,
    Ruhumu qəm-kədər didir.

    İtib gözümün işığı,
    Gecənin zülmət çağında.
    Əridi gözümün yağı,
    Xoş günlərin sorağında.

    Fırtınaya düşmüş kəsəm,
    Yol tapmıram çıxam qaçam.
    Mən sükutda qəmli səsəm,
    Sükuta niskin qatacam.

  • “Zərif kölgələr” layihəsinin iştirakçısı: Xəyal SEVİL

    Bəzən uzaqlaşmaq lazım gəlir, yaxınlaşmaq üçün; bəzən
    xatırlamaq lazım gəlir, xatırlanmaq üçün;bəzən ağlamaq lazım
    gəlir, açılmaq üçün;bəzən anmaq lazım gəlir, anılmaq üçün;
    bəzən de susmaq lazım gəlir, duymaq üçün. – bəli, mənim üçün
    də söz Təbrizi demişkən – yaxınlaşmaq, xatırlanmaq, açılmaq,
    anılmaq və duyulmaq üçündür.

    ANAMIN ƏLLƏRİ

    Anamın əlləri qocalır yaman,
    Əllərinə cavan qırışlar düşür.
    Aybaay, günbəgün ,saatbasaat
    Cavanlığı barmağından sürüşür.

    Anamın əlləri qocalır yaman,
    Üstünə illərin ağrısı çökür.
    Qocaman bir evin qayğı yükünü
    İndi də qocalmış əlləri çəkir.

    Bu qocalmış əllər cavan əllərin
    Beşik yürgələyən xatirəsidi.
    Anamın əlinə düşən qırışlar
    Onun taleyinin xəritəsidi.

    Anamın əlləri qocalır yaman,
    Ömrümü bu qoca əllərə yazın.
    Deyirlər torpağın altı soyuqdur,
    Qəbrimi anamın əllində qazın.

    ASARAM ÖZÜMÜ GÖYÜN ÜZÜNDƏN…

    Buludların ac it kimi
    Elə hürür ki, üstümə, ilahi,
    Məni yağışın tutacaq.
    Qapından qayıdır dualarım da,
    Məni qarğışın tutacaq.
    Ömrüm il – il tökülür,
    Daşlayıblar ömrümü.
    Bir ulduzsuz gecəyəm,
    Bir kimsəsiz küçəyəm.
    Bu dəlisov yağışlar
    Xoşlayıblar ömrümü.
    Eh! Daha əlimi açmaram sənə,
    Eh! Daha əllərim qoynumda qalar.
    Asaram özümü goyün üzündən,
    İlahi, ölümüm boynunda qalar.

    CƏZALIDI ÜRƏYİM

    Cəzalıdı ürəyim,
    Bədənimdə küncə qoydum.
    Yorulan göz yaşımı,
    Yanağımda dincə qoydum.

    Bu da səndən qalan ömür,
    Yarı sənsən, yarı sudu.
    Həsrətini atdığım yer
    Gözlərimin quyusudu.

    Eh! Yolların yol yoldaşı,
    Gedən yollara qarışdın.
    Sən tək bədəndən ibarət
    Sevgilərə alışdın

    UZAQ BİR XƏYAL…

    Daha nə oddan al,
    Nə odlara yax.
    Ən gözəl bahar da,
    Payız oldu, bax.
    Mən necə anladım
    Sənə bu hissi?
    – Məni tək buraxma…
    – Məni tək burax!

    Bu da bir istəkdir,
    Bax! Elə bu cür.
    Nə ağrı, nə arzu,
    Nə nalə deyil.
    O qız bir xəyaldır,
    Uzaq bir xəyal…
    Xəyalə deyil.

    – Məni tək buraxma…
    – Məni tək burax!
    Nəyimə gərəkdir
    Ucuz ehtiyat?
    İtirdim
    Aldığım dözümü səndən.
    Daha islanmazsan yağışın altda,
    Götürdüm
    Ağlayan gözümü səndən.
    Burax!
    Yığışdırım özümü səndən,
    Çevirmək öyrənim

    ***
    Üzümü səndən.
    – Məni tək buraxma…
    – Məni tək burax!
    Yox! Dərs almamışdım
    Bu son dərs kimi.
    Güclə ovuduram özümü,
    Güclə.
    Hər yerdə olursan
    Sən də tərs kimi.
    Ya elə indi get,
    Ya yanımda qal,
    Tükənib gedirəm
    Son nəfəs kimi.
    Adım
    Qulağına gələn səs kimi
    Uzaq olsun.
    Qoy bu eşq ac – susuz
    Yalquzaq olsun.
    Məni tək burax…
    Mənim əllərimin
    Pis yaddaşı var.
    Mənim gözlərimin
    Pis yaddaşı var.
    Amma, ürəyimin
    Hiss yaddaşı var.
    Gözümün üstündə
    Həsrətə yerin…
    Süzülür gözümdən xatirələrin.
    Buraxma məni…
    Buraxma!

  • “Zərif kölgələr” layihəsinin iştirakçısı: Günayd ƏLƏKBƏRZADƏ

    Şeir yazarın dünyaya baxışıdır, ürək sözüdür. Mənim
    üçün ən yaxın dostdur… Şeir dünyaya gələcək körpə kimidir…
    Dünyaya gətirəndən sonra mənəvi rahatlığa qovuşuram. Mən
    şair olmaq üçün və ya kütlənin alqışını almaq məqsədilə şeir
    yazmamışam heç bir zaman. Şeir yazmaq mənə görə rahatlıq
    tapmaq üçün, özümü özümə anlatmaq üçündür…

    ÖLMÜŞ RUH

    Mən sənsiz ölmüşəm, ölüyəm daha,
    Bu boş küçələrdə gəzər bədənim.
    Mən fərqli ölüyəm, qəbrim də yoxdur,
    Olmaz ziyarətim, gəlib-gedənim.

    Baxmayın siz mənə, ölüyəm daha,
    Ruhum ürəyimdən imtina edib.
    Ruhlar ölməz olur, mənimsə ruhum
    Cismimin içində intihar edib…

    KÖÇ

    Sənsiz yaşlanmağa yoxdur həvəsim,
    Daş olub bir küncdə durmağım gəlir.
    Köç edib bəxtimdən özgələşərək
    Özümü yoxluğa qurmağım gəlir.

    Taleyim hardasa dolaşıq düşdü,
    Kim vurdu düyünü, aça bilmədim.
    Göz rəngim bəxtimlə qarışıq düşdü,
    Yol tapıb arzuma çata bilmədim.

    Gecələr içimdə var-gəl eyləyən,
    Özümlə danışan səs-küyüm imiş.
    Şəhərlər dəyişdim, mənim qürbətim
    Sənsizlikdə bitən bir düyün imiş.

    Dolayı yollarda dolanıb qaldım,
    Bir ayrıc olmadı yolumu seçim.
    Ömrümdən uzun yol tutub getdiyim
    Zamana, ölçüyə sığmadı köçüm.

    OLMADIN

    Yağışlar qoxuyar həsrətin sənin,
    Elə hey döyəclər tənha ömrümə.
    Damır bu sevgidən, damır üstümə,
    Məni tənhalığa belə bürümə.

    Sel olan yoxluğun qərq edər məni,
    Bilinməz yerlərə çəkib sürüklər.
    Əvvəl sözlərindən soyuyb getdin,
    Sükutun uzanıb gedən hörüklər.

    Varmı sonsuzluğun sonda bir sonu,
    Gözüm yolun çəkdi, gələn olmadın.
    Ucsuz-bucaqsız bu çöllər kimi
    Sənin də könlümdə sonun olmadı.

    ÖGEY BƏNDƏ

    Səni vətən bilən kimsəsiszliyim,
    Varlığının qürbətində səfildir.
    Kimə sahib çıxdın məndən keçərək
    Soyuqluğun iqlimimdə qəfildir…

    Daha ürəyinə özgə, ögeyəm,
    Çəkdin əllərini, gözünü məndən.
    Mən yurdsuz olaram, səfil olaram,
    Saxlaya bilmərəm özümü səndə…

    Daha gözlərin də qürbətdir mənə,
    Küt getdin çörəyin kündəsi kimi.
    Mən sənsiz yaşadım, sənsiz öləcəm
    Tanrının tək ögey bəndəsi kimi…

    YENƏ

    Yenə bir gözəli çıxar qarşına,
    Mənə qıymadığın əlindən tutar.
    Toplaram özümü yad gözlərindən,
    Bu eşq də başını beləcə qatar.

    Nəyim var ki, səndə, nəyim var mənim?
    Bir sevgi yükümdür, alıb gedərəm.
    Uzağı həsrətin üstümə uçar,
    Sən ovut könlüünü, gözdən itərəm.

    Bir ayrıc olmadın qarşımda duran,
    Mənsizlik yolunu tutub gedirsən.
    Bir ayrıc olmadın, yolumu seçim
    Bir qızın qəlbinə köçüb gedirsən.

    Sən əsir ruhumun inqilabıydın,
    Sənsiz nəyə yarar etirazlarım?
    Mənim ömrüm keçər sürgünlərində,
    Məni də sənimdən böldü Arazım.

    O taylı, bu taylı oldu sevgimiz,
    Sən təslim eylədin özünü niyə?
    Bir qızın hər kəsi oldu itkimiz,
    Nəyim qaldı səndə, məndən de, nəyim?

    GƏL

    Gəl səpil yaxama bir ətir kimi,
    Nimdaş sənsizliyi soyunum daha.
    Min ildir getmisən, əyni nazikəm,
    Gəl ki, nəfəsini geyinim daha.

    Sənsiz ev olmadım, yuva olmadım,
    Özgə komasına girən sərçəyəm.
    Gəl, uçur bu evi, yenidən tikək
    Sənsiz uçuq-sökük, tənha küçəyəm.

    Yüz ildir əllərim açılıb sənə,
    Tanrı görən yeri tapa bilmirəm.
    Gəl, birgə axtaraq göyün üstünü,
    Allahsız mən sənə çata bilmirəm.

    Soluna başqası köçün salarsa,
    Mənim bir ovucluq yerimi saxla.
    Saçımda ağarsa sənsiz illərim,
    Səndən o tərəfi ölümə bağla.

    Duamın bu üzü elə qaranlıq
    Günəş o üzündən doğurmu, Tanrım?
    Mən elə sevmişdim, lap bir Quranlıq
    Günahı savabdan çoxdurmu, Tanrım?

    GEDƏK

    Tut əlimi, çıxaq gedək,
    Yalnızlığın o tayına.
    Bu kənd, şəhər sevda bilməz,
    Fəsil-fəsil qaçaq gedək
    Bizsizliyin son ayına…

    Sən onda uzaq idin,
    Yolumuzu kimsə kəsdi.
    Yalan-gerçək sevdaların
    Aramıza sədlər çəkdi.

    Əllərinin boyu yox ki,
    Uzanıb sığal çəkə.
    Dünyanın bir ucuna
    Əllərimiz qoşa köçə.

    Əllərini kimsə dartıb
    Saçlarımdan qopardı.
    Adını özgə çəkdi
    Başqa səmtə apardı.

    YOXUNDAN SONRA

    Elə öyrətdin ki, gedişlərinə
    Cəhənnəm dünya, mən bu üzündədir.
    Mən belə sevmədim heç bir adamı,
    Tanrı da sevməzdi onu atanı.
    Gedənlər diridir, qalanlar ölü,
    Sevən gedəniylə ölürmüş, demək.
    Solumdan başladı bu sevda mənim,
    Yastığım buz kəsmiş göz yaşı gölü.
    Mənim ağrılarım sol gözümdədir.
    Niyə ürəyimi köçürdüm sənə?
    Yuvam olmasan da, yurdum olardın…
    Niyə əllərimi açmışdım sənə?
    Sən Tanrı deyildin, bilmədim axı,
    Bilsəydim, dönərdim, əlsiz qalardım…
    Yoxsan, misra-misra ağrıyır yerin,
    Doğmandım, gedəndə niyə yadınam?
    Ardından şeir-şeir ağlayıb susan,
    Sənə “dön” deməyən, küsən qadınam…
    Yoxundan o yana qalmadım mən də,
    Get, sənə “yaxşı yol”, mənə “əlvida”.
    Daha səndən sonra ölü torpağam,
    Əvvəlim üç nöqtə, sonum son nida!

    ARZULAR… XƏYALLAR…

    Arzularım gəlin köçür
    Səssiz-səssiz evinizə,
    Körpələrin səsi gəlir
    Eşidirsən?
    Arzuların o tayından
    Qarışaraq sevgimizə…
    Sən –
    Oğlumuza yaz budağın
    Necə pöhrə atdığını,
    Qış gələndə ağacların
    Mışıl-mışıl yatdığını
    Şeir kimi danışarkən,
    Mən –
    Ala gözlü qızımızın
    Saçlarını hörürəm…
    Gözlərimə baxaraq
    Gözlərindən gülürsən…
    Dinləyirlər baba nağılı
    Oğlumuz da, qızımız da
    Diz üstündə oturub,
    Əllərində nənə yayıb
    Sac üstündə bişirdiyi
    Fətirləri dişləyərək…
    Gecələri yar başını
    Qucaqlayır dizlərim,
    Saçlarına düşən dəni
    Bircə-bircə əzizləyir
    Barmaqlarım, gözlərim…
    Sən varsan, mən varam,
    Bir dam altda
    Ata-analı böyüyür
    Komamız da.
    Bacasından sevgi çıxır
    Əllərimi isitdiyim,
    Biz qoxulu sobamızdan…
    Xoşbəxtliyi hasarlayıb
    Söz-söz sevib böyüdürəm…
    Böyüdürəm… Fəqət…
    Evimizin hasarını
    Yıxır
    Taleyimin yazıları…
    Ayrı-ayrı dam altında
    Böyüdürük –
    Gözü yollu arzuları…
    Gəlin köçür arzularım
    “Ana” deyir eşitməyən,
    Varlığımdan xəbərsiz,
    Bir qadının şəklinə…

    BƏLKƏ

    Ağrıdan bütləşirəm
    Daş yağır ürəyimə.
    Soyundum göz yaşımı,
    Ruhumun baş daşına
    Keçən mart yağışında.
    Özümü əsir etdim
    Köksünə qucaq-qucaq.
    Köçürəm durnalarla
    Sənsizlik göylərimə,
    Ölərəm uzaq-uzaq…
    Sən isti avqust kimi
    Soyuyan ocaq yeri.
    Ölümsüz məhəbbətin
    Boş qalan qucaq yeri.
    Mən indi köksü dolu,
    Dilbilməz uşaq kimi.
    Nə zaman çatdı səsim?
    Sən uzaq qaçaq kimi…
    Torpaq da sənin kimi
    Ölümü seçdi mənim.
    Göylərə verin, ölsəm
    Bəlkə Tanrı sevdi məni…

    BİRİSİ…

    Daşı daş üstünə qoya bilmədin
    Əllərim qoynumdan asılı qaldı.
    Heç sən də ruhumu duya bilmədin
    Yoxluğun alnıma yazılı qaldı.

    Sənsizlik saçımla uzanıb getdi
    Kəssəm də ucundan çatmadım sənə.
    Buluddan yuxarı sevdiyim adam,
    Buluddan aşağı baxmadın mənə.

    Kötüyü altında külləndi sevdam,
    Çəkib siqaretlə öldürdün məni.
    Bir azcıq illərə, bir az ellərə
    Qıydığın yerlərə böldürdün məni.

    Birisi gecələr göz bəbəyində
    Mənim gecələrim tavandan düşür.
    Araram sevdanı söz bələyində
    Görəsən günəşin hayandan düşür.

    GƏLMƏSƏN DƏ…

    Saçlarımda bir sığalın yeri boş
    Əllərimdə bir nəfərlik əl yeri…
    Sevdamı da bir kənara soyunub
    Gözləyəcəm, gəlməsən də yerin boş.

    Gələnməsən, biləcəyəm yetiməm
    Sən adında hər kəsimi itirdim.
    Ən başından ayrılığı düşünüb
    Bilə-bilə öz başıma gətirdim.

    Gəlmədin ki, şəhər-şəhər itirim
    Sonra səni küçə-küçə axtarım…
    Tapım səni, bir özgənin qolunda
    Tanış olum, bu da sənin bəxt yarın…

    Gəlmədin ki, şairlikdən əl çəkim
    Dönüşündən gedişinə sədd çəkim.
    Gəlmədin ki, boyun qucum qapında
    Biş-düş edim, yaxşı-pis yemək çəkim…

  • “Zərif kölgələr” layihəsinin iştirakçısı: Aysel NƏSİRZADƏ

    Şeir yazmaq eşqə aşiq olmaqdır. Hər hansı insana
    vurulmadan belə eşqi tərənnüm etmək özünü aşiq roluna salıb,
    Xəyalən həsrətini, ayrılığın cəfasını, qovuşmağın sevincini yaşa‐
    maqdır. Şeir yazma ruhun dilə gəlməsidir. Empati qurmaqdır ‐
    başqasının dərdini öz dərdin bilmək, ağlayanla ağlamaq, gülənlə
    gülməkdir. Bir də şeir olmaq var‐ən təmiz qəlbli adamın ən
    sevilən şeiri olmaq.

    TƏNHALIQ

    Ölümün səssizliyidir Tənhalıq. Duyğuların, nifrətin, sevginin ürəkdəki ən sərbəst halıdı. Yaradılışın çılğınlığı, hay
    küyündən əsər qalmayışı, sevgi məhrumiyyətidir. İçinə dəyən
    zərbələrin həyata əks sədasıdı. Çəkdiklərimizin, içimizə basdırdığımız acıların gün işığına çıxışıdı. Həyatın bir köşəsində
    bir damcı sevinc üçün tutulan göz qamaşdıran işıqlara, qaranlıqda gizlətdiyimiz böyük acılarımızın qıcqanclığıdır. Dörd bir
    yanını saran, ancaq özünü tapmadığın insanların arasında qeyb
    oluşundu. Ölümlə həyat arasında ki, yeganə bərabərlikdi
    tənhalıq…
    Bürüyür varlığımı kədər, uzandıqca uzanır, susduqca
    susur gecə. Batırır qulağımı gecənin sükutu… Yuxusuzluq gecə
    insana verilən ən böyük cəzadır və ya düşünmək üçün ən
    böyük fürsət. Düşün… düşün… Min fikir bir dərdə dərman
    olurmu əsla. Nə qəribə duyğular yaşayır insan İlahi… Ölüm və
    həyat – hər ikisi qorxudur insanı. Həm adam kimi yaşamalısan,
    həm ölməlisən adam kimi. Həyat daima insanı məngənədə
    saxlayır. Kiçik-kiçik dadımlıq sevincləri, doyumluq kədərləriylə
    bitiririk zamanı. Başqasının arzusuyla doğulur, yaşaya bilmədiymiz arzuların acısıyla təslim verib ruhumuzu gömülürük
    torpağa.

    ƏLLƏRIM OVCUNDAN SÜRÜŞDÜ

    Əllərim ovcundan sürüşdü
    Tuta bilməzsən daha.
    Geri sayım başladı
    Yol görünmür sabaha.

    Xəyanət damğaladı,
    Gözün gözümdən düşdü.
    Ey çox sevdiyim adam,
    Özüm gözümdən düşdü.

    Ehh… nələr qurban getdi,
    Nələr nəfsinin badına.
    Sən necə qıydın söylə?
    Necə, sevdiyin qadına?!

    GET YAVAŞ‐YAVAŞ

    Buludun gözündən yağış damlayır,
    Çilənir yoluna, get, yavaş- yavaş.
    Boş qalan ürəyim qubar bağlayır,
    Vida et soluma, get, yavaş-yavaş.

    Bizi birləşdirən körpüləri yıx,
    Uzatma zamanı, qapını ört, çıx.
    Az zülm elə sən, yalvarıram çox,

    Bu Allah quluna get, yavaş-yavaş.
    Verdiyin vədədən, sözündən cayıb,
    Deyirsən, qismətdi, bir yazılmayıb.
    Alçaltma özünü, eşqindən ayıb,
    Gir özgə qoluna, get, yavaş-yavaş.

    GECƏ LAYLA ÇALIR MƏNƏ

    Xatirələr odlu çıraq,
    Yanır qəlbim varaq-varaq,
    Sükutuma sığınaraq
    Gecə laylay çalır mənə.

    Açılıb dünyamın üzü,
    Bəllidi əyrisi-düzü,
    İstəmirəm heç gündüzü
    Gecə laylay çalır mənə.

    Ortaq olub kədərimə,
    Hey boğulur qəhərimə,
    Çatmaq üçün səhərimə
    Gecə laylay çalır mənə.

    Oyandı yadlaşmış yadım,
    Odlandı küllənmiş odum,
    Nəqarətdə mənim adım
    Gecə laylay çalır mənə.

    ***
    Kağız üşüyər
    Üstünə səpilən soyuq sözlərdən.
    Nöqtə qoyulduqca
    ümid doğar isinməyə.
    Səbəb olar günəşin doğuşu,
    Ən kədərli insanda
    Səbəbsiz gülməyə…

    YAŞLI ADAM

    Hər səhər pişikləri yemləyən,
    yaşlı adam,
    Burda tək sən idin,
    ağıllı başlı adam.
    Hər səhər pəncərəm açılanda,
    ilk sənin səsin gəlirdi…
    Piş… Piş…piş…
    Ya da kış…kış…
    Göydələnlər insanları insanlardan ayrır,
    bəlkə də insanlıqdan.
    Bu qədər yad içində,
    Tək sən idin doğma olan
    Ötüb keçən günlərimi xatırladan.
    Təmiz ürəkli adam,
    Hər səni görəndə
    Xəyalım uçardı taxta qapılı həyətimizə.
    Heç orda qapımız da bağlı qalmırdı
    Qonşuların bir açırdı,
    biri örtürdü…
    Səssiz qalmazdı küçəmiz
    Uşaqların qəhqəhəsi,
    Həyətlərdən yüksələn
    “bayağı”mahnıların səsi.
    Bilirdin ki, yaşayırsan.
    Ağlasan səsini duyan olacaq,
    Kimsə gəlib ayan olacaq.
    Burda qapı qonşumu belə tanımıram,
    Hərdən, kiməsə salam verirəm,
    Kimdənsə Salam alıram.
    Bu səhər pəncərəmi acdım
    Ac pişiklərin miyoltusu,
    Qurulan çadırın xışıltısı vardı.
    Bir də hıçqırıb ağlayan uşaq səsi…
    Babasına ağlayanYaşlı adamın son beşik nəvəsi.

    ÜRƏYİM DƏNİZ DEYİL

    Ürəyim dəniz deyil,
    Dərdi sahilə vura.
    Qocaldır ürəyimi
    Dərdlərim yora-yora.

    Bəzən məlhəm ürəyə,
    Bir narin insan səsi.
    Hər vaxt çatır köməyə,
    Dostun varam kəlməsi.

    Ağıl çəkdiyi fikrin,
    Yükün ürəyə salır.
    Ürəyi tərk edənin,
    İzi ürəkdə qalır.

    Ürəyin qidasıdır,
    Sevgi, xoş söz, xoş dilək.
    Ürəyin tək çarəsi,
    Ürəyi sevən ürək.

    ŞƏHİDLƏR UNUDULMAZ

    Torpaq üstə isti qan,
    Tapılar qisas alan!
    Gənc ömrü nakam qalan,
    Şəhidim unudulmaz,
    Şəhidlər unudulmaz.

    Səsləndikcə hər adı,
    Dinməz ana fəryadı.
    Hələ gözü yoldadı,
    Şəhidim unudulmaz,
    Şəhidlər unudulmaz.

    Gözləyin qisas günün,
    Mərd oğlu çox bu elin.
    Qırar düşmənin belin,
    Şəhidim unudulmaz,
    Şəhidlər unudulmaz.

    Sahibsiz deyil vətən,
    Sarsılmaz hər zərbədən.
    Vətənə canın verən,
    Şəhidim unudulmaz,
    Şəhidlər unudulmaz.

    ÜRƏYİM BARLI TORPAQ

    Ürəyim barlı torpaq,
    Bir dərddən min bitirər.
    Sevinclə qalxan duam,
    Geriyə qəm gətirər.

    Kimin toyuğuna kış
    Kimə qarğış etmişəm?
    Dərdliyə həmdərd olub,
    Hər dadına yetmişəm.

    Düzünü, Allah bilir,
    Bəlkə də günahım var.
    Dar günün aydınlığı,
    Deyiblər geniş olar.

    Günəşdən parça qopub,
    Düşəcək bəxtimizə.
    Bəlkə hardasa gizli,
    Mükafat var səbrimizə.

    ***

    İlahi, sən bilirsən,
    Yaşadığım hər nə var
    Yük oldu ürəyimə.
    Verilən o qədər vəd,
    Yetmədi köməyimə.
    İçimdə dəli fırtına
    Gözlərim qara bulud
    İlahi, min arzumdan
    Birinin yolunu aç…

    HƏYATA YARI YAMAĞAM

    Elə tutubdu tərsliyim,
    Ağlamağa ərinirəm.
    Mən yetimin fağır qızı,
    Bəxti yavər görünürəm.

    Ruhumda bir yorğunluq var,
    Yükü ürəyimi əzib.
    Deyingənəm bu aralar,
    Öz anam da məndən bezib.

    Dua etdim duyulmadı,
    Əlim ətəyimə düşdü.
    Günahlarım yuyulmadı,
    Ölüm gəlib, son görüşdü.

    Neçə ildi öyrəşməmiş,
    Həyata yarı yamağam.
    Hamı ev sahibi gəlmiş,
    Bu dünyaya mən qonağam.

    ***

    Başıma nə yaxşı şey gəldisə,
    Burnumdan gəldi.
    Yaxama yapışdı
    pis olan hər kəs,
    Gözümü dəldi…
    Haqsızlıqlar yordu məni,
    Haqq görür dedim, durdum.
    -Günahkarsan!
    dedikləri hər şeydə dupduruydum.
    Ahlarla yandı qəlbim,
    İçimdən yıxıldım, içimdən çökdüm.
    Allah yazmayan dərdi,
    İnsanlar verdi çəkdim.

    YUXUDAN DURDU ÇOXU

    Yenə elə bu gecə
    içimə ağlamışam,
    Hıçkırtım öz içimdə,
    Göz yaşıma boğulub.

    Səsləşib sükutumla,
    Gecənin kor sükutu.
    Zülmətin qucağına
    Yeni bir “mən”doğulub.

    Fikirlər tikan kimi
    Dəlir-deşir ruhumu,
    Çəkilmək bilmir bir an,
    Gözümün yorğunluğu.

    Səhər Azan səsilə
    Gözümə gələn yuxu,
    Bu nə vaxtın gəlişi?!
    Sən də gecikdin mənə,
    Yuxudan durdu çoxu.

    ***
    Saçını yola tökən söyüd ağacı,
    Qovuşmayan yolS
    onu cığır.
    Sevincdən doğan acı
    Qanadı qırıq arzular.
    Yüklənmiş beyin
    Beyindən didərgin ağıl.
    Gerçək həyat,
    Gerisi nağıl.

    QÜRBƏTƏ DAŞ KİMİ DÜŞDÜK

    Qürbətə daş kimi düşdük,
    Yerimiz çox ağır oldu.
    Vətənsiz dilimiz gödək,
    Bəxtimiz də fağır oldu.

    Vurdular düz sinəmizdən,
    Vətənsizlik adlı dağı.
    Bir otağa sığışdıq biz,
    Yurdu talan etdi yağı.

    Balalar qaçqın doğuldu,
    Babalar da qaçqın öldü.
    Neçə evsiz cavanların,
    Eşqi qəlbinə gömüldü.

    Hər kim çəkir həsrətini,
    Dilində kəlməsi ahdır.
    Bu qədər ağrı acıya,
    Dözüb-dözüb axırda.
    Vətənsiz ölmək günahdır.

  • “Zərif kölgələr” kitabına yazılmış önsöz

    ÖN SÖZ

    Hardan başlayım, əslində bilmirəm. Hədəflərimiz böyükdür – arzularımızın, ümidlərimizin üstündə. Bəlkə də hələ ən kiçikdir bizim hədəflər. Amma bu da bir başlanğıcdır. Dünya “qadın ağrıları” altında çırpınır. Hər gün xəbərlər hansısa bir qadının dəhşətindən danışır, içimiz göynəyir, ruhumuz sızıldayır. Bəşəriyyəti səadətə bürüyən qadınlığımıza küsürük. Amma unutmamalıyıq – biz güclüyük, biz güclüyük ki, dünyanın ən ağır məsuliyyətini Tanrı bizə verdi. Qadını “ana” etdi. Ona bir dünya dolusu eşq verdi. Bu eşq bütün bəşəriyyəti öz çəmbərinə aldı, qorudu, ucaltdı. Biz qadın dəhşətinə “YOX!”
    deyirik! Qadının müqəddəsliyi, əvəz olunmaz eşqi hər zaman bəşəriyyətə hakim olacaq!

    Qadın cəsarət deməkrdir! Qadın ana deməkdir! Qadın ümid deməkdir! Və ən əsası qadın eşq deməkdir, eşq üçün çırpınan qəlb deməkdir.

    Üzü “Dədə Qorqud”dan gəlir biz azərilərin qadın cəsarəti. Məhsəti Gəncəvinin cəhalət dövründəki eşqindən gəlir cəsarət.
    Qadın olmaq cənnət olmaq deməkdir. Cənnətimizə xoş gəldiz, əziz oxucularımız!

    Aysel Nəsirzadə‐Söyüd ağacının saçlarına sığal çəkən şairə xanımımız. Bu qız gecənin laylasına dalıb, duyğu selinə qapılır. Ədəbiyyat da elə bunu istəyir. Yükünü ürəyində gizləyən, qəlbini misralarla bölüşən bir dünya istəyir ədəbiyyat.
    Aysel bir kitab müəllifidi, duyğu selinin kitab səhifələrinə köçürərkən hansı hisslər yaşanır yaxşı bələddir. Düşünürəm ki,
    vətən mərd oğulları ilə yox, mərd oğulları dünyaya gətirən analarla fəxr etməlidir. Çünki məhz “ana tərbiyyəsi” bu cür
    oğulları yetişdirir. Məhz buna görə də Aysel Nəsirzadə şeirlərində Şəhidlər heç vaxt unudulmur deyir.

    Günay Ələkbərzadə ‐Müasir Azərbaycan Ədəbiyyatında hələ tanımadığımız, bilmədiyimiz gözəlliklər çoxdur. Günay
    Ələkbərzadə şeirləri kimi. Duyğularını öz qəlibində, öz düşüncə sərhədlərində çatdırır oxucuya. Onun şeirlərində hərətlər yağış
    qoxuyur, ümidlər nəfəs qoxuyur. Tənhalığın burulğanına qapılıb qəlbini Tanrının ögeyliyinə məhkum edir. Bütünlüklə poeziya ilə dopdolu bir səhifələrdir Günay şeirləri.

    Xəyalə Sevil – Xəyalə mənim tələbəlik şairimdi. Ədəbiyyata birlikdə addım atdığımız “Gəncliyin səsi” ədəbi dərnəyinin
    üzvlərindəndir. Uzun illərdir ki, oxuyuram və uzun illərdir ki, zövq alıram onun şeirlərindən. Xəyalə Sevil şeiriyyatı zövqlərlə zəngin bir ədəbi dünyadır. Bu qız ruhunu göy üzündən asır, anasının əllərinin qırışının qayğısını çəkir, ürəyinə cəza verir,
    xəyallarını uzaqlıqlarda axtarır. Bir sözlə bir duyğudur Xəyalə Sevil.

    Manya Səxavətqızı – “On üç yarpaq”la möhkəmlədi dostluğumuz. Içindəki kədərləri misralara tökərək ruhuna təsəlli verən gözəl qəlbli bir xanım – Əsl Azərbaycan xanımı. Özünün etirafıdı – “Məni kədər şair etdi!” – bəli, ağır itgilərin acısını yaşamaq üçün ruhun verdiyi mücadələ bəzən misralarla sakitləşir. Manya da bu cür başladı şeirlərə. Tək özünün yox, eləcə də ətrafınınacısını belə ruhunda hiss edən zərif bir qəlbə malikdir.
    Xalidə Abdullayeva – O taylı, bu taylı Azərbaycan! Kədərinə canım qurban. Iran tabeliyində olan Azərbaycanımızın qızı. Şeirlərinin içindəki kədər hissi ruhuna hopan hayqırışları göstərir.

    Bilirəm, yol uzaqdı,
    Araya bir çay düşüb,
    Mənim də qismətimə,
    Ayrılıqdan pay düşüb.

    Arazın ürəyinə elə dağ çəkilib ki, sanki iki qardaşı biribirindən ayırıb zorla ayrılığı qəbul etdirməyə çalışırlar. Xalidənin şeirlərində Araz boyda kədər yükü gizlənib.

    Gülnarə İsrafil – Şeir ilk baxışda oxucunu düşündürmürsə, asanlıqla oxunub keçilirsə bu hardasa həmin şeirin
    zəif duyğular əsasında qələmə alındığının göstəricisidir. Gülnarədə isə dərin duyğular, fəlsəfi görüşlər sözün əsl mənasında öz
    əksini tapır. Onun şeirləri fərqli dünyasının göstəricisidir. Iki kitab müəllifi olan Gülnarə özünü tənqidi, hər şeirində bir
    addım da irəli getməyi bacaran bir şairdi. Və bu addımlar Gülnarədə çox uğurla alınır.

    Aynurə İnci – Dəniz hər bir şairin, nasirin, rəssamın, bəstəkarın könül ortağıdır. Harda dəniz varsa, çay varsa – orda şeir var, duyğu var, eşq var deməkdir. Elə Aynurənin “Dəniz arzuları kimi”, bəli yanılmadınız – onun dəniz arzularım, ümid arzuları. Özünü sevgi, eşq şairliyi yolunda sınayır Aynurə və görünür ki, bunu yaxşı bacarır.

    Zeynəb Səma – Qəlbini ilahi eşqlə zənginləşdirən daha bir azəri qızı. Ruhuna hopan eşqlə qidalanır, qəlblə sevir, könül
    gözü ilə baxır aşiqinə. Əgər bir qəlbə ki, ilahi eşq hakim kəsilir, o qəlbdən yalnız mükəmməl duyğular qopar. Nəzmlə bacardıqlarını nərslə də bacaracağına çox əminəm. Qəlbinin gözəlliyi hər misrada öz əksini tapan gəncimizdir Zeynəb.

    Zülfiyyə Yaqubqızı – Daha bir qəlb gözəli, ruh təmizi, nur çöhrəsi hər sətrinə, hər misrasına sirayət edən xanım. Zülfiyyənin iç dünyasına gəzintiyə çıxan zaman orda gözəlikdən başqa heç nə görmək mümkün deyil. Zülfiyyə əsl ruh şairidir. Onun ruhunu bürüyən nur hər kəlməsində oxucusunun ruhuna hopur. Zülfiyyə yaradıcılığında elmi, fəlsəfi, İslami düşüncələrə – zəngin ədəbi irsimizin izlərinə rast gəlmək olur.

    Həmidə Yaqubova – Özünü səyyah adlandırır Həmidə fikirlərində, fikirlərin səyyahı. Bu dünyada hər bir insanın ehtiyacı olan tək şey onun özünü güvəndə hiss etməsidir, ona dayaq, dəstək olan bir qüvvənin daim onunla olmasıdır. Həmidə öz fikirlərində bu hissləri insanlara aşılayır. Hər kəs tək olmadığı hiss edə biləcək sətirləri qələmə alaraq oxucusunun
    duyğularına hakim olmağı bacarır.

    Vüsalə Vətənxan – Klassik ədəbiyyatımızın müasir zamanda layiqli davamçısıdır Vüsalə. Yaradıcılığını bütünlüklə mənəvi eşqə hərs edən, hər misrasında, hər sətirində yalnız ilahi eşqə köklənən bu incə ruhlu qız, başdan-ayağa mənəvi saflıq
    mücəssəməsidir. Içində tuğyan edən bütün müqəddəs duyğuları qəlbindən qoparıb oxucularına təqdim edir.

    Şəfa Vəli – Dost deyərkən, sirdaş deyərkən ilk ağlıma gələn bir ad Şəfa. Ətrafında olan hər kəsə anadır, bacıdır, dostdur. Öz əsərlərinin isə ruhudur. Şəfanın çox şaxəli bir yaradıcılığı var. Bu qız demək olar ki, hər janra müraciət edir. Hər janrdan bir araşdırma aparır. Onun əsərləri həm savadlı, həm də təsvirləri olduqca zəngindir. Nəsri isə xüsusi diqqət çəkir.
    Fərqli dünyasının, fərqli sakinidir Şəfa. Onun dünyası zəngin əsərləridir.

    Yeganə‐Daha bir tələbəlik şairim. Illərin sınağına söykənmiş bir dostluq, gözəl müəllim, mükəmməl ədəbiyyatçı. Nəzəri baxışları ilə, duyğu köklü bir dünyası ilə fərqlənən şair. Yeganə həm də gözəl publisisdir. Fərqli zamanlarda fərqli mövzulara toxunaraq rəngarəng əsərlər yaradır, rəngarəng qəlbləri bəzəyir. Onun yaradıcılığı içindəki dünyanın güzgüsüdür.

    Esmira Günəş–Enerjisi, öz üzərində daim çalışması, ruhundakı burulğanı sətirlərə tökən bir xanım. Esmira daim öyrənmək, yeni nələrsə bilmək axtarşındadır. Bu kitabda hər kəs Esmiranı fərqli bir prizmada görəcək – öz qələmini nəsrdə
    sınayan bir Esmira ilə tanış olacaqsız.

    Bahar Cavadova–Yenə də qəlb zənginliyi, ilahi eşqin təzahürü olan bir duyğu seli. Bahar Cavadova şeirlərində o qədər səmimilik var ki, oxuduqca insanın ruhu körpələşir, saflaşır. Saf hisslər hakimdir onun şeirlərində. Maraqlı təzahürlər öz əksini tapıb. Qadına uca baxır, kədərini misralarında gizlədir. Onun duyğuları oxucuya həzin hisslər bəxş edir.

    Zeynəb İsazadə‐İstedad yaşa baxmır, hər yaşın öz zənginliyi var. Zeynəb də öz yaşıdları arasında içində gizlətdiyi
    duyğuları ilə seçilir. Onun üçün ədəbiyyat içndə gizlətdiyi obrazların dünyasından ibarətdir.

    Ümumilikdə isə, onu deyə bilərəm ki, Azərbaycan yetişdirdiyi hər bir vətən oğlu, vətən qızı ilə fəxr etməlidir. Çünki bu gün bir xalq kimi formalaşmağımızda əsl vətən balarının əməyi danışmazdır. Çünki bu günki Azərbaycan üçün biz Xalq Cümhuriyyətimizin qurucalarına, onları dünyaya gətirib vətən qeyrəti ilə tərbiyyə edən analarımıza borcluyuq. Bu gün evimizdə rahat, qorxusuz yaşamağımız üçün canında keçən minlərlə şəhidlərimizə borcluyuq. Unutmayaq ki, hər şəhidimizi, hər qazimizi, hər müəllimimizi, hər həkimimizi dünyaya gətirən bir ana var. Və biz anaların qarşısında baş əyirik.

    Gülnarə Sadiq
    AYB, AJB, DGTYB‐nin üzvü.
    (Gəncə)

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.Yeni şeirlər

    İnciyir

    İşə düzəldə bilmirəm,
    dost-tanış məndən inciyir.
    Dünən gəlib salam verən
    gen gedir, gendən… inciyir.

    Utanıram həyalıdan,
    dili-ağzı dualıdan.
    Ziyalısı – ziyalıdan,
    dindarı dindən inciyir.

    Özüm zəng vurub deyirəm,
    bəzən qaralar geyirəm.
    Mən məmurdan inciyirəm,
    o da vətəndən inciyir.

    Yaşat məni

    Təkəm,
    evdə qoyub getmə –
    ruhlarla baş-başa məni.
    Gəlib yenə salacaqlar
    dağa məni, daşa məni.

    Gah gözüm yuxusuz qalır,
    gah dodağım susuz qalır.
    Gah İskəndər xəbər alır,
    gah da Nuru Paşa məni.

    Bu dünya mənə yad deyil,
    həyatım bir həyat deyil,
    bir ömür, bir saat deyil,
    yaşat məni, yaşa məni…

    Qazax süfrəsi

    Qazaxdan gəlibdi, Daşsalahlıdan,
    bacım töhfəsini göndərib mənə.
    Novruz bayramında mən olmamışam,
    onun əvəzini göndərib mənə.

    İlhamın, Həsrətin yurdu, beşiyi,
    bir qadın bəzəyib evi-eşiyi.
    Həyətdə-bacada əli üşüyüb,
    isti nəfəsini göndərib mənə.

    Lay-lay düzüb, yerin qatı burdadı,
    təndir orda sönüb, odu burdadı.
    Ağzımızın itən dadı burdadı,
    seçib, siftəsini göndərib mənə.

    Nə deyim, bu, bəlkə şirin yuxuydu,
    heç kəsin payında gözüm yoxuydu.
    Kəhrəba heyvanı, sulu armudu, –
    nübar meyvəsini göndərib mənə.

    Anam yada düşdü, anam hardadı?
    Sızlayır, bilmirəm yaram hardadı.
    Mənə layla çalın, laylam hardadı? –
    “Can!” – deyən səsini göndərib mənə.

    Göndərdiyi nə almazdı, nə zərdi,
    şair görsə, geyindirib-bəzərdi.
    Bir nemət də süfrədə şah əsərdi,
    Qazax süfrəsini göndərib mənə.

    2019

    Bu gündən sonra

    Sənə istəyirəm “qardaşım” deyim,
    kişi qeyrətini, görəndən sonra.
    Mən bu səxavəti, bu sədaqəti
    nə əvvəl görmüşəm, nə səndən sonra.

    Erkəklər yanında dişi bəbirsən,
    bir fağır börəndə üstə əsirsən.
    Yer qızı olsan da, ilahi sirsən,
    yüz il keçsə belə bu gündən sonra.

    Sənə ürək verib ulu Yaradan,
    səni nəğmə kimi mənəm oxuyan.
    Mənə bir can deyən, ya canıyanan
    bir də gəlməyəcək özündən sonra.

    19.02.2019

    Danışırdı

    Bir qızıl gül gətirmişdi,
    gül dilində danışırdı.
    Tellər yana tökülmüşdü,
    tel dilində danışırdı.

    O bağ gözəl, bağat gözəl,
    bağ içində həyat gözəl.
    ləhcə şirin, ovqat gözəl,
    el dilində danışırdı.

    Tanrım onun bağbanıydı,
    xəstə canın loğmanıydı,
    Duyğuların tüğyanıydı,
    sel dilində danışırdı.

    Ovsunuydu, səsin, dərdiş,
    sənə göz dəyməsin, dərdiş,
    Nəriman neyləsin, dərdiş,
    qul dilində danışırdı.

    07.09.2018

    Neyləsin

    Dünya köhnə yurd yeridi
    qoca, ya cavan neyləsin?
    Gələn qalmır, gedən dönmür,
    həkim, ya loğman neyləsin.

    Hakimin hökmü oxunur,
    yerdə məhkuma toxunur.
    Budağa bülbül də qonur,
    bayquş da,
    bağban neyləsin?

    Üşüdübsən, üşümüşəm,
    qırılıbdı könül şüşəm.
    Yanında daşa dönmüşəm,
    buna, Nəriman neyləsin?

    Mənbə: http://edebiyyatqazeti.az

  • Nizami Gəncəvinin daha bir əsəri Daşkənddə özbək dilində çap edildi

    Edebiyyatqazeti.az xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Daşkənddəki “Bilim və intellektual salohiyyat” nəşriyyatında özbək dilində çap edilib.
    Qeyd edək ki, “Xosrov və Şirin” poemasını Özbəkistanın xalq şairi Camal Kamal özbək dilinə tərcümə edib.
    Kitabın layihə rəhbəri Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, rəyçi akademik, Özbəkistanın tanınmış alimi Bəxtiyar Nəzərov, “Ön söz”ünün müəllifi akademik, AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli, redaktoru dossent Gülbahar Aşurovadır.
    Artıq Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə Camal Kamalın tərcüməsində “Sirlər xəzinəsi”, “Leyli və Məcnun”, “İskəndərnamə” əsərinin “İqbalnamə”, “Şərəfnamə” əsərləri özbək dilində Daşkənddə çap olunub.
    Əldə etdiyimiz məlumata görə Camal Kamal tərəfindən artıq Nizami Gəncəvinin son əsəri “Yeddi gözəl” əsəri də özbək dilinə tərcümə edilərək, çap olunması məqsədi ilə Mədəniyyət Mərkəzinə təqdim olunub.
    Ənənəyə əsasən Nizami Gəncəvinin Özbəkistanda özbəkcə nəşr olunan kitablarının üz qabığının arxa səhifəsində dahi Nizami Gəncəvinin dünyanın müxtəlif ölkələrindəki heykəllərinin şəkilləri öz əksini tapır. “Xosrov və Şirin” kitabının üz qabığında isə şairin doğulduğu Gəncə şəhərində ucaldılan heykəli öz əksini tapıb.
    “Ön söz”də vurğulanır ki, məhəbbət və insanliq dastanı olan “Xosrov və Şirin” poeması Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məşhur “Xəmsə” – “Beşlik”inin ikinci böyük əsəridir və şairin əsərlərinin mirvarisi sayılan bu poema üzərində iş 1180-ci ildə işə başlayıb. Akademik Teymur Kərimli qeyd edir ki, Nizaminin “Xosrov və Şirin” poemasında məhəbbət konsepsiyasının qoyuluşu və ideya-estetik həlli maraqlıdır və böyük şairin novator üslubunun başlıca göstəricilərindən birinə çevrilərək, onun sənətinin gücü qarşısında oxucu heyrətini daha da artırır. ““Kainatda hər şey cəzbə bağlıdır!” deyən Nizami ümumdünya cazibə qanununu Nyutondan 500 il əvvəl irəli sürmüş olur və bu cazibəni “eşq” adlandıran Azərbaycan şairi təbiət hadisələri ilə insan münasibətləri arasında qırılmaz bir bağın olduğunu təsdiq etmiş olur.”
    Özbək dilində çap olunan “Xosrov və Şirin” kitabında dünyanın müxtəlif muzey, kitabxanalarında əsərə aid saxlanılan unikal miniaturların rəsmləri də yer alır. Bunların arasında AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda, Britaniya Muzeyində, Rusiya Federasiyasının Sankt-Peterburq Saltıkov-Şedrin adına Dövlət Kütləvi Kitabxanasında, Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Sankt-Peterburq şöbəsində, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılan əlyazmalardan verilmiş miniaturlar vardır.
    Mədəniyyət Mərkəzinin çap etdirdiyi kitablar, o cümlədən “Xəmsə”yə daxil olan əsərlər Özbəkistanın və Azərbaycanın aparıcı kitabxanalarına, elm, təhsil, tədqiqat müəssisələrinə göndərilir.
    Qeyd edək ki, Nizami irsinin Özbəkistanda tanıdılması və geniş təbliği məqsədilə 2015-ci ildən Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzi xüsusi layihəyə start vermişdir. Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində Mədəniyyət Mərkəzi ilə Özbəkistanın xalq şairi Camal Kamal arasında Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan beş əsərin bütövlükdə özbək dilinə tərcümə olunması ilə bağlı müqavilə imzalanıb və bu layihəyə start verilib.
    Mədəniyyət Mərkəzindən verilən məlumata görə 2019-cu ildə layihəyə bütövlükdə yekun vurulacaq və dahi şairin bütün əsərləri Özbək dilində oxucuların istifadəsinə veriləcəkdir.

    Mənbə: http://www.edebiyyatqazeti.az

  • AYB bir qrup şair və yazıçını mükafatlandırdı

    Azərbaycan Yazıçılar Birliyinin Katibliyi Prezident İlham Əliyevin təşkilatımıza ayırdığı məbləğdən bir sıra müəllifi mükafatlandırmağı qərara almışdır.

    Bu il yubileyləri Dövlət tərəfindən geniş qeyd olunan dörd klassikimizin – İmadəddin Nəsimi, Mirzə Cəlil Məmədquluzadə, Cəfər Cabbarlı və İsmayıl Şıxlının adlarına – hərəsi 2000 (iki min) manat məbləğiində 12 mükafat nəzərdə tutulur.

    İmadəddin Nəsimi adına şeir mükafatları:

    Musa Yaqub
    Vaqif Bayatlı
    Firuzə Məmmədli

    Mirzə Cəlil Məmmədquluzadə adına nəsr mükafaları:

    Elçin Əfəndiyev
    Kamal Abdulla
    Sabir Rüstəmxanlı

    Cəfər Cabbarlı adına dramaturgiya mükafatları:

    Firuz Mustafa
    Vaqif Əlixanlı
    Əjdər Ol

    İsmayıl Şıxlı adına tənqid, ədəbiyyatşünaslıq və publisistika üzrə mükafatlar:

    Nizaməddin Şəmsizadə
    İntiqam Qasımzadə
    Gülxanə Pənah

    1000 (min) manat məbləğində beş gənc yazıçıya “Uğur” mükafatı.

    Abbaszadə Ümüd Namiq oğlu, 1993 (Ümüd Abbas Nihani)
    Həsənəliyev Rəvan Vüqar oğlu, 1998 (Rəvan Cavid)
    Cavanşir İntiqam Yaşar oğlu, 1990 (İntiqam Yaşar)
    Tağıyev Sərdar İmaməddin oğlu, 1988 (Sərdar Amin)
    Əhmədov Əliəsgər Tərlan oğlu, 1997 (Əliəsgər Əhməd)

    ANAR
    Azərbaycan Yazıçılar Birliyinin sədri
    1 may 2019-cu il.

    Mənbə: http://www.edebiyyatqazeti.az

  • Azərbaycan Yazıçılar Birliyi katibliyinin geniş iclası keçirildi

    Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətindən Edebiyyatqazeti.az-a verilən məlumata görə xəbər verdiyimiz kimi aprelin 3-də ədəbi orqanların redaktorlarının iştirakıyla Yazıçılar Birliyi katibliyinin geniş iclası keçirildi. İclasda Hörmətli Prezidentimizin Yazıçılar Birliyinə ayırdığı 800 min manatın istifadə olunması barədə bir çox təkliflər səsləndi. Sonra redaktorlar təkliflərini yazılı şəkildə də Katibliyə təqdim etdilər.

    Mayın 1-də katibiliyin iclasında bu təkliflər bir daha müzakirə olundu və bu məsələdə Rəssamlar və Bəstəkarlar İttifaqlarının təcrübəsi də nəzərə alınaraq müvafiq qərarlar qəbul olundu.

    Qeyd olundu ki, məhz bu vəsait ayrılandan sonra Katibliyə müalicə və maddi yardım üçün onlarla ərizə daxil olub. Ayrılan vəsait on qat artıq olsaydı belə bütün bu xahişlərə əməl etmək qeyri-mümkündür. Həm də bu dövlət yardımının əsas məqsədi ədəbiyyatımızın ümumi inkişafı və təbliği işinə xidmət üçün ayrılmışdır. Odur ki, Katiblik bu vəsatin müəyyən hissəsini yaşlı və gənc müəlliflərin 50 kitabının nəşrinə sərf edəcəkdir.

    Son illərdə poeziya, nəsr, dramturqiyada dəyərli əsərlər yaratmış, elm və publisitika sahəsində səmərəli fəaliyyət göstərmiş müəlliflərə hərəsi iki min manat məbləğində 12 mükafat, beş gənc müəllifə hərəsi bir min manat məbləğində mükafat verilməsi nəzərdə tutulur. Yazıçılar Birliyinin aparatında, ədəbi orqanlarında uzun illər boyu ardıcıl və fəal çalışan, işinə məsulliyyətlə yanaşan əməkdaşlar da redaksiyaların təqdimatıyla mükafatlandırılacaqlar.

    Naxçıvan Yazıçılar Birliyinə, Gəncə, Sumqayıt və bütün başqa bölmələrimizə vəsait ayrılır. Yazıçılar Birliyinin Tərcümə və Ədəbi əlaqələr Mərkəzinə də müəyyən vəsait ayrılacaqdır.

    Müəyyən məbləğdə vəsait xaricdən gələcək qonaqlarımızın qəbuluna və xaricə ezamiyyətə gedən yazıçılarımıza sərf olunacağı nəzərdə tutulur.

    Yazıçılar Birliyinin və onun ədəbi orqanlarının, Tərcümə Mərkəzininin texniki ehtiyacları – komputer, kseroks aparatları, printerlər üçün vəsait ayrılır.

    Saytlarımızın birləşdirilməsi, aktivləşdirilməsi, buna lazımı vəsaitin ayrılması nəzərdə tutulur.

    Maddi durumu xüsusi ağır olan və müalicəyə ehtiyacı olan bir neçə yazıçıya yardım ediləcək.

    Bütün xərclənən vəsait Birliyin katibliyi tərəfindən təsdiq ediləcək və Katibliyin bilavasitə nəzarəti altında olacaqdır.

    Mənbə: http://www.edebiyyatqazeti.az

  • Braxmanın ayaqları… – Günel EYVAZLI yazır

    Dünyada cinsi, milli, dini, irqi diskriminasiyalar mövcuddur. Əslində, dünya kasta qanunlarına əsasən idarə olunmasa belə, insanlar mənsubiyyətlərinə görə rahatlıqla sortlara ayrılır. Yəni “aşağı sort” hesab olunan irqin nümayəndəsi müəyyən dərəcədə elmi, karyera, dünya baxışı bucağından öz toplumundan nisbətən fərqlənərsə, ağlar tərəfindən qəbul edilərsə haradasa sıralara daxil oluna bilər. Amma cüzi bir situasiya, mübahisə bəs edər ki, şəxsin hansı klana, hansı sorta aid olması rahatlıqla onun üzünə deyiləcək. Yadımdadır, futbol sahəsində uğura imza atan Zinəddin Zidan baxmayaraq ki, uzun illərdir Fransa qalibiyyətinin qorunub saxlanılmasında əmək sərf edirdi, onun dini mənsubiyyəti qonşu komandanın oyunçusu tərəfindən “terrorçu” adlandırılaraq qiymətləndirilmişdi. O vaxt Zidan susmuşdu. Çoxu kimi…

    Ağlar…

    Bəyaz əlbisələr geyinərdilər Braxmanın dodaqlarından yaranan şəxslər. Onlar ən ali təbəqə hesab olunardılar. Danışmaq, fikir yürütmək hüququ onlara verilmişdi. Braxmanın qollarına (əsgərlərə, orduya) əmri də onlar verə bilərdilər. Gücü yalnız dodaqlar idarə edirdi.

    Sözün arxasında əməl dayanmayanda Braxmanın hərəkətverici qüvvəsi olan ayaqlar – qaralar, qara camaat, kütlə dediklərimiz, lallar bəzən danışmaq istəyirdi. Amma əbədi kasta qanunları ayaqların hərəkətini tezliklə məhdudlaşdırırdı. Yalnız tək dodaqla, sözlərlə heç nə etmək mümkün deyil. Kasta qanunları indi də Hindistan sosiumunu idarə edir. Sadəcə, ayaqlar (aşağı kasta) hərəkət edən orqan olduqlarını unudublar.

    Tanrı çox həssascasına yanaşıb bu məqama. İndinin özündə də cinsi diskriminasiya, ayrı-seçkilik olsa belə, hətta səmavi kitablarda qadına yanaşmanın formasını dəyişmək istəsələr də alt məna dəyişmədən qalır. Həvva Adəmin ayaqlarından yox, qabırğasından yaranmışdı. Yəni dodaqlarından da yaranmayıb. Amma ürəyə yaxın olan və onu zərbələrdən qorumağı bacaran sümük olaraq yaxşı zireh kimi yaradılıb. Baxır o zirehdən kim necə istifadə edir. Belə ki, müasir dünyanın qadınının cinsi istismara cəlb edilməsi və qadınların özünə şəxsiyyət olaraq yox, əşya olaraq davranması və özünə əmtəə məhsulu olaraq baxması, bunun üçün bütün əzalarını bəyzadələrin xoşuna gəlmək üçün böyütməsi, şişirtməsi əşya qadın anlayışını formalaşdırmaqdadır. Anlayış yox, əşya qadınların sayı dayanmadan artmaqdadır.

    Bəli, indi qadın olaraq doğulanda daha diri-diri torpağa gömmürlər. İndi onu zorla ərə vermək də mümkün deyil. Yəni Kefli İsgəndərə haradasa ehtiyacımız yoxdur daha. Təbliğat, deyəsən, “şok effekt” verib. Sevmədiyi kişiyə zorla ərə gedən qadınlar indi rahatlıqla evlərini (uşaqlarını belə) tərk edirlər. Gec də olsa “seçim” hüquqlarını bərpa etməyə çalışırlar. Və bu, sosium tərəfindən gurultu, səs-küylə qarşılansa belə, yaxın illərdə xanımların istəmədiyi adamlara ərə getməsi, eləcə də eyni zorakılıqla bəylərin sevmədiyi xanımı alması problem olaraq aradan qalxacaq. Amma indi başqa bir bəla qadınların öz əlləri ilə gerçəkləşməkdədir. Əşya, əmtəə qadın psixozu!

    Və hamı vara, dövlətə görə özlərini rahatlıqla satışa, hərraca çıxarmağa hazırdılar. Onları buna heç kim məcbur etmir. Onlar, sadəcə, özlərinə şəxsiyyət olaraq baxmırlar. Bu isə olduqca acınacaqlıdır. Yəni Z.Tağıyevin anaları savadlandırmaqla cəmiyyəti xilas etmək üçün maarifləndirmə çabası qalır bir kənarda, indi iki qüvvə tərəfindən cəmiyyətin qadınına qarşı səlib yürüşü edilir. Bir qüvvə qadını idioloji, fanatik dinə gətirməklə, cənnət xülyaları ilə başını bulandırıb, üzünə-gözünə örtük örtməklə işığı zülmətə çevirir, digər azadlıq carçıları isə əmtəə, əşya qadın çıxış yolunu onlara bəlli edərək yenə də cəmiyyətin anasını ağladır.

    Hər şey “Qattaka” filminə baxdıqdan sonra başladı həm də. Hiss etdim ki, beynimdə nə zamandır tıxanıb qalmış düşüncələrim azadlığa çıxmaq istəyir. Məişət mövzuları yox, bazar, dükan yox, çox aşağı klanın, düşüncənin insanları ilə fikir mübadiləsinin aparılması beynimi tormozlamışdı. Cəmiyyətin ziyalısı, müəllimi bir parça diplomla universitet bitirib, illərdir əzbərlənmiş materialları tədris edir. Hətta onların əzbərlənmiş stereotipləri də mövcuddur, eyni çərçivə ilə şagirdlər tərbiyə olunur və belə adamlarla kontakta girmək üçün gərək onların səviyyəsindən onlarla danışasan. Yox, onları aşağılamıram. Sadəcə, yorucudur.

    “Qattaka” məni özümə qaytardı. Filmin ab-havasından oyanıb “Postinsan” yazımı təkrarən oxudum. Və bir zamanların ruhsal təlimlərinin yerini cinsəl təlimlərə verməsinin dəhşətini anladım. Və bu tendensiya bütün dünyada getməkdədir. Toplumlar onların öz əlləri ilə məhv olur. Mənə elə gəlir Üçüncü Dünya müharibəsi artıq başlayıb. Top-tüfəng səsi eşidilmir? Axı bu, top-tüfəng deyil, sükut müharibəsidir. Axı bu müharibə qida terroru, iqlim, cins dəyişməsi, dəyər aşınması yolu ilə gerçəkləşir.

    Onlara qızıl milyard lazımdır. Yalnız düşüncəlilərdən ibarət toplum. Qalanı isə elm və texnikanın köməyi ilə gerçəkləşəcək. İstədiyin gen kordinatlarını verərək rahat şəkildə laborator şəraitdə övlad sifariş verəcəksən. Və belələri ən ali insan olaraq qəbullanacaq. Bu insanlar təbii yolla dünyaya gəlmiş insanlara yuxarıdan aşağı baxacaqlar. Və sən nə qədər mücadilə etsən belə, dünyanın yeni bir diskriminasiya mərhələsinə keçid etdiyinin fərqinə varacaqsan. Bunun üçün sənin ağ, qara olmağının heç bir fərqi yoxdur. Əsas olan süni şəkildə laborator şəraitdə yaranmağındır. Süni dodaqlar kimi onda daha çox cazibədar görünəcəksən.

    Rahatlıqla energetik içkilərdən içib sərxoş ola bilərsiniz. Mədənizə zibil vedrəsi kimi baxdığınız təqdirdə elə içdikləriniz də sizi mədənizdəkilərə döndərəcək. Bəli, genefondunuz, kişilik kodu məhv olacaq. Buyurun, məst olmaqda davam edin. Qanadlandırır…

    “Qattaka” ekranlaşdırılandan çox sonra genetika sahəsində süni yolla uşaqların, daha doğrusu, genin tərkibindən ona gələcəkdə mane ola biləcəyi bütün xəstəlikləri çıxarmaqla (bəlkə də nəsli, genetik kodlar da silinəcək. Milli mənsubiyyət anlayışı yox olacaq) uşaqların yaradılması üsulu kəşf edilir. Dünya ölkələrindən yalnız Çin və ABŞ bu elmi nəticəni dəstəkləyərək insan üzərində təcrübədən keçirməyə icazə verir və Çində iki qız uşağı bu yolla artıq dünyaya gəlib.

    Boy, gözün, dərinin, saçın rəngi, sanki kətan üzərində işləyən rəssam kimi valideynlərin istəyinə uyğun olaraq gerçəkləşir. Fantastik görünsə belə, dünya elmi olduqca sürətlə irəliləməkdədir. Yəni biz TV önündə dünya mənzərəsini pop-kornla tənbəl-tənbəl izləyincə dünyanın nəhəng ölkələri sözün həqiqi mənasında nəinki göyə, birbaşa genetikamıza balonlarla səyahət etməkdədir. Onlar öncə sonsuzluq bəlasına kontingentləri mübtəla edərək, sonra rahatlıqla pul qarşılığında toxum satışı ilə məşğul olacaqlar. Ya da aşağı kastanın insanları sonuncu damla gücünə qədər artacaq, həm də öz əlləri ilə məhv olunaraq yox olacaqlar. Vəssalam.

    Bütün fantastik əsərlərdə dünya sonu demək olar ki, eyni xətt üzrə təsvir edilir. Fantastik əsərlərə nəzər salsanız bəlli olmayan bir epidemiyanın bəşəriyyətin sonuna gətirəcəyi deyilir. İstəyir bu janrda yetərində roman yazan Stiven Kinq olsun, istərsə də Joze Saramaqo. Yəni fantastik düşüncə yalnız epidemiya olduğu təqdirdə dünyanın sonunun gələcəyinə öncəgörlük edir. Amma istənilən əsərdə həm də gerçək sosioloji durum rahatlıqla göz deşir. Bunun üçün, sadəcə, düşüncə adamı olmağın yetər. Əsərin verdiyi mətnaltı mənanı asanlıqla aydınlaşdırmaq mümkündür.

    S.Kinqin “Qarşıdurma” romanında hakimiyyətə keçmiş naməlum, sirli qara adam zəif insanların cismini, ruhunu idarə etmək qüvvəsinə malikdir. Əslində, Stinq burada qeyri-adi heç nə söyləmir. Yəni iradəsi zəif olan istənilən insanı rahatlıqla idarə etmək mümkündür. Bunun üçün sirli, naməlum, mistik olmağa ehtiyac yoxdur. Düşüncəsi mədəsindən o tərəfə getməyən, yalnız “yedim”, “doydum”, “kef məclisində oldum”, “xəz”, “bahalı avtomobillər”, “imarətlər”, “eşqbazlıq” yox, əyyaşlıq səviyyəsindən (səviyyəsizliyindən) uzağa getməyənlər, buna ömür deyib yaşayanlar var ətrafımızda. Onları idarə etməyə nə var ki? “Həyat” dediyi nəsnələrin qarşısına bir balaca sədd çək olsunlar Ələddinin cini. İstədiyin vaxt tozunu al, əmrinə müntəzir olsun.

    Və yaxud portuqal yazıçısı Joze Saramaqonun “Korluq” romanı da eyni epidemiya daşıyıcısıdır. Naməlum şəhərin adamları korluq epidemiyasından əziyyət çəkirlər. Bunun üçün kor olmağa lüzum yoxdur. Görərək də kor kimi yaşamaq ağır dərdlərdəndir. Dərd orasındadır ki, bu dərddən xilas olmaq üçün hz. İsanın gözə kül üfürməsi də çarə olmayacaq. Saramaqonun görən obrazları isə romanda korlar cəmiyyətində onlardan şübhələnməsinlər deyə, korluğu imitasiya etməyə başlayırlar. Dəhşətli sözdür, imitasiya. Yaşamağı, xoşbəxtliyi, komfortu imitasiya etmək…

    Heç bir elmi inkişafın qarşısını almaq mümkün deyil. Yəni Qalileo Qaliley kimi od üzərinə alimlər atılsa belə, dünya dövr etməyinə davam edəcək. Məqsəd bu dönmələr zamanı başı itirməməkdir. Çünki ən böyük epidemiya düşüncəsizlik, dərksizlikdir. O isə həm də olduqca yolxucudur. Dayazlar arasında dərin olanlar boğula bilir.

    Həmin vaxt çığırtın da hamıya imitasiya effekti kimi görünəcək. Sonra əmtəəyə çevrilmək qorxusu içində baş qaldıracaq. Belə dünyada, belə cəmiyyətdə Rene Maqritin “Adəm övladı” tablosundakı obraz kimi simamızı alma arxasında gizlətməkdən başqa çarəmiz olmayacaq. Çünki dərd təkcə Adəm və Həvva çılpaqlığı olmayacaq. Onu birtəhər yarpaqla örtmək mümkün olar. Şəxsiyyət faktorunun ölməsi simamızı gizlətməyə və ömürlük görünməz olmağa məhkum edə bilər. Şəxsiyyəti yox olmuş analar gələcəyin şəxsiyyətsizlərini doğurar. Belə olduğu halda “qızıl milyardın” içində olmamaq ehtimalımız artmış olur.

    Dünyada isə hələ ki, şudraların mübarizəsi gedir…

    Mənbə: http://www.edebiyyatqazeti.az

  • Nitqimizi zəbt edən əlahəzrət pafos – Günel Eyvazlı

    Çoxumuz bu haqda dəfələrlə danışmışıq. Adı da gözəl səslənir, deyilmi? Pafos. Hətta bütün hərfləri eyni boyda, eyni biçimdə də yaza bilərik. Baş hərf kimi.

    Bəli, yaza bilərik. Amma pafosa ehtiyac varmı?

    Gurultulu, təntənəli nitq daha çox öncəki dövrlərdə mövcud idi. Sürəkli alqışlar, tribuna qarşısında auditoriyanı hipnoz edən ilahi nitq silkələnmələri, jestlər, qəzəb doğuran mimika və s… Davamını gətirmək mümkündür, sadəcə, nitqimdə dozalanma həddini aşmaq istəmirəm.

    Bəlkə də ədəbiyyatda pafos şeiriyyətə, poeziyaya müəyyən rəng qata bilir. Bəzən insanın qulağına da xoş gəlir. Bəzən… Amma zaman keçdikcə intellekt bazası möhkəmlənən insanlar üçün bayağı bir oyunbazlıq kimi görünməyə başlayır. Əslində bu tip yaradıcılıq nümunələrini dinlədikcə zövq deyil, ətinin ürpənməsini hiss edirsən. Müasir bayağı pafos bədii zövqü olan insanları çox yorur. Ümumiyyətlə, gərəksiz görünür.

    Ədəbiyyatımıza nəzər salsaq, son dövrlərdə bədii mətnin əynindən pafosun yavaş-yavaş sıyrılıb çıxdığını müşahidə edə bilərik. Bu, təqdirəlayiqdir. Poeziyanın özündə də sadə hisslərin tərənnümü daha çox özünü büruzə verir. Amma ədəbiyyat cəbhəsində mövcud olan fərqli qütblər var ki, onlar hələ də köhnələrin qulaq yaddaşına sadiq qalaraq öz quruluşlarını dəyişmir, əksinə, mətnlərini pafos zər-zibasıyla bəzəməyə çalışırlar. Nitqlərini də elə bu cür kökləyirlər. Doğrusunu söyləyim, dözülməzdir.

    Əslində aristokratik, intellektual cəmiyyətlərdə əlavə parıltı gərəksiz görünür. Şəxslər üçün mahiyyət maraq doğurur, nəinki parıltı. Həm də Yanus kimi göy qübbəsinin qapısını açıb bizləri pafos yağışı ilə islatmaq istəyən şəxsləri başa düşmək bir az çətinlik yaradır. Memarlığından tutmuş geyim tərzinə qədər sadəliyin önə çıxdığı bir zamanda nitqin bu dərəcədə yersizliyə istiqamətlənməsi gurultudan başqa bir effekt yaratmır. Nitqin indiki pafos emosionallığı artistizm libasına bürünmüş olur. Hətta dindarların belə, rəvayətləri artistizm müstəvisındə təqdim etməsi bir az gülünc görünür. Və yaxud mikrofonu əlinə alan qiraətçilərin “dağ şəlaləsi” musiqisi fonunda şeirə köklənməsi lazımsız, yersiz jestikulyasiyalar insanda qıcıq yaradır. Belə bir tədbirə “əlvida” deyib çıxıb getmək istəyi insanın könlündən keçir.

    Terminin inkişaf xronologiyasına diqqət ayırsaq, görərik ki, ilkin çağlarda “pafos”, mətnin emosional durumunu ifadə edən termin olaraq işlədilirdi. Hegel ehtirasların, hisslərin cəm mənası kimi pafosu xarakterizə edir. V.Q.Belinski bir az da irəli gedərək bu fikri insan faktorundan uzaqlaşdıraraq mətnə doğru yönəldir: “Pafos yazıçı və ya onun yaratdığı qəhrəman üçün xarakterik deyil, şəxsin yaradıcılığına və əsərlərinə bütünlükdə şamil olunur” kimi şərh edir. İndi isə “pafos” termin olaraq həddindən ziyadə emosional hal olaraq diqqətə çatdırılır.

    Əslində bu cür nitq cəmiyyətlərin xarakterinə uyğun olaraq inkişaf edir. Ümumiyyətlə, pofostik ovqat dövrlərə görə də fərqlənir. Əlbəttə, Sovetlərin beynimizdə buraxdığı cığırlar hələ də bəzilərimizin yaddaşından getmir. Və yaxud Sovet lüğət fondunu təşkil edən “vətən”, “ana” anlayışlarını indi də sadə insani hiss müstəvisinə gətirib çıxara bilmirik. Hələ də “Vətən”, “Bayraq”, “Birlik” və s. kimi kəlmələri gurultulu sözlərlə bəzəyərək əslində hər şeyin mahiyyətində “vicdanlı vətəndaş” olmaq məsuliyyətinin dayanmasını, vicdanlı vətəndaş olmaqla həm də böyük vətənə çevrilməyin konstruksiyasını beynimizdə quraşdıra bilmirik. Və anlamırıq ki, vətən – atributların mövcudluğu ilə çərçivələnmir. Vətəndaş məsuliyyətinin beynimizdə kök salması, vətəndaşlığın dərki, şəxslərin bir-birinə dərin ehtiramı, mədəni münasibətlər Vətəni yaradır. İşğal altında olan yurd-yuva yerlərimizin adlarının şeirlərimizdə ard-arda sıralanması da vətən sevgisi deyil. Bununla vətən sevgisini aşılamaq mümkün deyil. Milyon qat pafos kəlməsinə bürünsə belə XXI əsrin Vətən şeiri Azərbaycan adlı məmləkətdə öz formasını mütləq dəyişməlidir. Nə yazıq ki, iştirak etdiyim tədbirlərdə şagirdlərə əzbərlədilən, ağlamsınaraq dilə gətirilən şeirləri dinlədikcə bu “axının qarşısını necə almaq mümkündür” fikri beynimi çək-çevir edir. Haradan başlayaq? Müəllimlərdənmi? Dərkdənmi? Axı vətəni sevmək şair və ədiblərin doğum, ölüm tarixini əzbərləmək, summativlər yazmaq deyil. Axı haradan başlayaq ki, bığıburma şair tribuna önünə çıxaraq şeirinin son bəndini daha da gurultulu söyləyərək bayağı şair obrazı ilə göz zövqümüzü darmadağın edir. Amma dəstəkləyənlər var. Və bu səs-küyün, bu bayağılığın adını şeir qoyanlar var. Dözülməzdir.

    Pafos haqqında bir çox insanlar müxtəlif fikirlər sərgiləyiblər. Məsələn, Hegel pafosu insan qəlbinin hərəkətverici qüvvəsi adlandırırdı. Hegelə görə incəsənət əsərlərində oxucunu, tamaşaçını həyəcana gətirmə baxımından pafos qüdrətli vasitədir.

    Hegel ailəni, vətəni, şərəf və ləyaqəti, dostluğu, məhəbbəti və s. pafosun başlıca qida mənbəyi hesab edirdi. Onun fikrincə insan qəlbində müqəddəs hissləri, yaşayıb-yaratmaq eşqini, mübarizə əzmini, sevib-sevilmək istəyini yalnız pafosla coşdurmaq mümkündür. Doğrudur, bəzi məqamlarda Hegellə razılaşmamaq olmur. Paradoksal bir durum yaranır. Əlbəttə, Şekspir Romeonun hisslərini sadə danışıq tərzi ilə canlandırsaydı, oxucu üçün təsirli olmazdı. Romeo mütləq “Məhəbbət ağıllı bir dəlilikdir. Acıdır zəhərdən, şirindir baldan” deməklə məhəbbətin qüdrət fəlsəfəsini bizə çatdırmalıydı. Ümumiyyətlə, şəxsin ruh halı ilə eşitdiyi ifadələr eynilik təşkil etdiyi zaman qəlbdə coşqu yarana bilir. Məsələn, ən qaynar müharibə ocağına yollanan əsgər pafosa bürünmüş vətənpərvər ifadələrdən vəcdə gələ bilər. Hətta bu ifadələr onu qəhrəmana da çevirə bilər. Bəli, bu, faktdır. Hər halda, bu yazıda ədəbiyyatın pafos cığırından deyil, şəxslərin pafostik danışıq tərzindən söhbət açmağa çalışıram.

    Əslində, qədim zamanlarda pafos özünü heykəltəraşlıqda, nəhəng abidələrin yaradılmasında göstərirdisə, sonradan dil faktoruna nüfuz edərək ədəbiyyatı öz cənginə almağa başlayır. Doğrudur, nəhəng Misir heykəllərinin, abidələrin yaradılmasının əsas məqsədi sadə xalqın gözündə İlahi bir durum, heyranlıq yaratmaq istəyi idi. Və bu istək həyata keçirdi. İlahiləşdirilən fironlar bu yolla öz manipulyativ mexanizmlərini hərəkətə gətirirdilər.

    Sonralar günbəzşəkilli məscidlər, nəhəng kilsələr, naxışlar, sütunlar ilahi, böyük, əzəmətli bir ab-hava fonunu yaratmaq üçün inşa edilirdi. İnsan əli ilə yaradılan möhtəşəmlik İlahi inamın cücərməsi üçün şərait yaradırdı. Qüdrət anlayışı beyinlərə sırınırdı. Pafos o dövrün sadə təfəkkürlü insanı üçün həzm edilə bilərdi. Müasir cəmiyyətdə isə yersiz, bayağı, boz rəngdə görünür. Hətta deyərdim ki, teatrların quruluşu belə tamaşaçı ilə eyni müstəviyə köçməlidir. Aktyor baxışları ilə aşağıda əyləşmiş tamaşaçını yuxarıdan sezməməlidir. Çünki bütün bu, aşağı yuxarılar, tribunalar əlahəzrət “qüdrət”, “üstünlük” manerasının yaranmasına xidmət edir.

    Amerika psixoloqu Erik Berninin maraqlı bir fikri var. O, “Qüdrətli, pafoslu kəlmələri öz nitqinizdən uzaqlaşdırmağa qorxmayın. Əlbəttə, onları götürdükdən sonra mütləq yerdə nə isə qalmalıdır” fikrini dilə gətirir. Bəlkə sözlərimizi parıltı libasına bürüməyimizin məqsədi mənasızlığımızı, boş sözlərimizi gizlətməkdir? Boşluğu vizual parıltı ilə doldurmaq istəyi, doğrumu? Bəlkə ona görə şəxslər pafos hasarının arxasında gizlənməyə çalışırlar? Axı onların nitqindən bu kəlmələri kənarlaşdırsaq yerdə heç nə qalmayacaq. Necə ki, Edqar Allan Po da gözəl söyləyir: “Əgər biz nitqimizə xüsusi güc qatmaq fikrinə düşəriksə, nitqimiz mənasız olar”. Əslində nitqin mahiyyətdə mənasızlıqdan qaçmaq fikri dayanmalıdır.

    Mənbə: http://www.edebiyyatqazeti.az

  • Rafiq ODAY.”Dəyişim getsin”

    Çarpışmada çoxum, azım,
    Nə yol getdim, nə də azım?!
    Arxaya bəzək nə lazım? –
    Önünü dəyişim getsin.

    Bu səs –
    bu səmirin deyil,
    Bu baş –
    bu dəmirin deyil,
    Bu su –
    bu xəmirin deyil,
    Yönünü dəyişim getsin.

    Bu çayın suyu lildimi?
    Baxdım – əksimi sildimi?
    Bu yaşda necə cildimi,
    Donumu dəyişim getsin?!

    Toy oldu – şənlik olmadı,
    Dən oldu – dənlik olmadı,
    Bu ömür mənlik olmadı,
    Sonunu dəyişim getsin.

  • Qafqaz ƏVƏZOĞLU.Yeni şeirlər

    Qafqaz Əvəzoğlu

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, ”Sözün Sehri” qəzetinin təsisçisi, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı

    SƏNİN NƏYİN QALACAQ

    = Bir varlı kimisi mənə lağ edib, – bu qədər
    yaşadın, yığdığın var hanı, e?- dedi

    Mənə gülmə varınla,
    Quru səyin qalacaq.
    Elə bilmə həmişə,
    Bəxtin yeyin qalacaq!

    Gəl güvənmə nəfinə,
    Soğan doğrar kefinə.
    Büküləndə kəfənə,
    Üryan əyin qalacaq!

    Bir bəd şişdi xislətin,
    Sağkən olsun hörmətin.
    Yığdığın var-dövlətin –
    Hər bir şeyin qalacaq!

    Bilmirsən şeir nədi,
    Dərd yüklü şair nədi…
    Sənin nə vecinədi,
    Kim ləlöyün qalacaq!

    Demə olar xeyirim,
    Qafqazla söz cevirim…
    Mənim üç-dörd şeirim,
    Sənin nəyin qalacaq?!

    * * *

    Xəyal qanadına alaraq məni,
    Qaytardı keçdiyim ömür yoluna.
    Gördüm ki, dağ aşıb, düzlər keçmişəm,
    Gördüm ki, az qalım yolun sonuna.

    Gördüm ki, bu yolda sevincim, qəmim,
    Qoşa addımlayıb, qoşa iz salıb.
    Gördüm ki, bu yolun dolaylarında,
    Günəş də ucalıb, çən də əl çalıb.

    Gördüm ki, tutduğum əməllərimə,
    Yaxşılıq həmdəmdi, yamanlıq uzaq.
    Gördüm ki, həyatın keşməkeşində,
    Büdrəyən çox kəsə olmuşam dayaq.

    Gördüm ki, kimsəyə üz verib kədər,
    Ürəkdən dərdinə şərik olmuşam.
    Kimin dodağında gülüb təbəssüm,
    Bütün sevincimlə qəlbə dolmuşam.

    Gördüm ki, kimsənin donubsa qəlbi,
    Od olub qəlbini qızındırmışam.
    Gördüm ki, kimsənin müşkülsə işi,
    Əlim çatmayıbsa – qəlbən yanmışam.

    Gördüm ki, bu ömür yollarında mən,
    Müqəddəs arzulu bir yol seçmişəm.
    Gördüm ki, nadürüst, nakəs önündə,
    Başım əyilməyib – məğrur keçmişəm…

    Gördüm ki, yetməyə məkana – sona,
    Ölçə bilmədiyim yolum var mənim.
    Onu da gördüm ki, ömür payımın,
    Düz altmış beşinə olmuşam qənim.

    İndi düşünürəm yol gedə-gedə,
    O ərən ili ki, qarşıma çıxa.
    Basdığım illərin alıb qisasın,
    Öz zəfər bayrağın sinəmə taxa!..

    OLMASIN

    Ay qadınlar, bayramınız mübarək,
    Biz kişilər heç vaxt sizsiz olmasın!
    Kaş həmişə sizi belə şad görək,
    Hər gününüz al səhərsiz olmasın;
    Biz kişilər heç vaxt sizsiz olmasın!

    Qadın gülsə gözəlləşər bu dünya,
    Gözəlliklə əməlləşər bu dünya,
    Lap yenidən təməlləşər bu dünya,
    Dodağınız təbəssümsüz olmasın;
    Biz kişilər heç vaxt sizsiz olmasın!

    Qoy Yaradan bəxtinizə yar olsun,
    Hər arzunuz, diləyiniz var olsun,
    Zülfünüzə sığal çəkən yar olsun,
    Daş ürəklər məhəbbətsiz olmasın;
    Biz kişilər heç vaxt sizsiz olmasın!

    Çox gəzmişəm, görməmişəm bir qəşəng,
    Yurdumuzun gözəlləri olantək…
    Hər biriniz bir açılmış tər çiçək –
    Bülbül olan qızılgülsüz olmasın;
    Biz kişilər heç vaxt sizsiz olmasın!

    – Ta görünmürsən, hardasan?- deyən “dostlara”

    İlahi, nə yaxşı tanıtdın mənə,
    Dövrəmdə su kimi axan dostları.
    Elə hey şənimə badə qaldırıb,
    Özünü gözümə soxan dostları.

    Çoxunun yolunda olsam da bir şam,
    Şükür ki, qaz kimi yolunmamışam.
    Demə müşk sanmışam, ənbər sanmışam,
    Sarımsaq dostları, soğan dostları.

    Özümü dəhləyib daşa çəkmişəm,
    Miniblər belimə qoşa – çəkmişəm.
    Özüm də bilmədən başa çəkmişəm,
    Yalandan gurlayıb çaxan dostları.

    Hər dosta qəlbimdə bir yuva qurdum,
    Dərdlərin dərdimə qatıb qovurdum…
    Yüküm əyiləndə gen duran dördüm,
    Cibimdə böyüyüb çıxan dostları.

    Qafqaz Əvəzoğlu, mən yazıq, fağır,
    Qonaqlıq verməkdən olmuşdum yağır.
    Çox şükür, yaxşı ki, tanıdım axır,
    “Sağılan” dostları, “sağan” dostları…

  • Anadilli fəlsəfə qəzəlin ilk nümayəndəsi İmadəddin Nəsimiyə həsr olunan yeni kitab gün üzü görüb

    Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə gerçəkləşdirilən layihə çərçivəsində Orta dövr Azərbaycan ədəbiyyatının ən qüdrətli nümayəndələrindən biri, Anadilli fəlsəfi şeirin-qəzəlin müəllifi, Hürufizmin mücahidlərindən klassik Azərbaycan şairi Seyid Əli İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə “İmadəddin Nəsimi 650” (metodik vəsait) kitabı 57 səhifə həcmində, 100 tirajla işıq üzü görüb.

    Kitbın tərtibçisi L.Əhmədova, elmi redaktor Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov, redaktoru tarix üzrə fəlsəfə doktoru A.Abdullayevadır.

    Respublikanın kütləvi və ixtisaslaşdırılmış kitabxanaları, Mərkəzləşdirilmiş Kitabxana Sistemləri üçün metodik vəsaitdən hər kəs yararlana bilər.

    Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin 15 noyabr 2018-ci il tarixli sərəncamına əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirir.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  • Böyük yazıçı-dramaturq “Cəlil Məmmədquluzadə 150” (metodik vəsait) kitabı işıq üzü görüb

    Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə gerçəkləşdirilən layihə çərçivəsində Azərbaycan ədəbiyyatı tarixində özündən sonra ilk dəfə olaraq, ədəbi məktəb yaratmış “Molla Nəsrəddin” jurnalının naşiri və redaktoru, tanınmış yazıçı və dramaturq Cəlil Məmmədquluzadə anadan olmasının 150 illik yubileyi münasibətilə “Cəlil Məmmədquluzadə 150” (metodik vəsait) kitabı 39 səhifə həcmində, 100 tirajla işıq üzü görüb.

    Kitbın tərtibçisi tarix üzrə fəlsəfə doktoru A.Abdullayeva, elmi redaktor Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov, redaktor Əməkdar mədəniyyət işçisi Gülbəniz Səfərəliyevadır.

    Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin 17 yanvar 2019-cu il tarixli sərəncamına əsasən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli 4 Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, böyük demokrat ədib Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə dair tədbirlər planını hazırlayıb, həyata keçirir.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  • Xalq yazıçısı İsmayıl Şıxlının həyat və yaradıcılığına həsr olunan yeni kitab işıq üzü görüb

    Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə gerçəkləşdirilən layihə çərçivəsində “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq yazıçısı, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim İsmayıl Şıxlının həyat və yaradıcılığına həsr olunan “İsmayıl Şıxlı. Biblioqrafiya” kitabı Bakı şəhərində 288 səhifə həcmində, 300 tirajla işıq üzü görüb.

    Tərtib edənlər Mətanət İbrahimova Gülbahar Misirova, elmi redaktor Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov, redaktor Əməkdar mədəniyyət işçisi Gülbəniz Səfərəliyeva, ön sözün müəllifi filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilovdur.

    Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi “İsmayıl Şıxlı” biblioqrafik vəsaiti Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ədəbiyyatşünas, publisist, yazıçı, pedaqoq, ssenarist İsmayıl Şıxlının (Şıxlinski İsmayıl Qəhrəman oğlu) anadan olmasının 100 illiyinə həsr edilmişdir. Biblioqrafiyada yazıçının həyat və yaradıcılığına aid zəngin material toplanmışdır. Kitab ədəbiyyatşünaslar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

    Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin 28 yanvar 2019-cu il tarixli sərəncamına əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər həyata keçirilir.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  • Nuryüzlü Gülten ERTÜRK ANNEMİZİN Doğum Gününü Kutluyoruz! (1 mayıs 1970 yıl)

    Azerbaycan Gazeteçiler Birliği Sumqayıt şehir teşkilatının Günlük Analitik Haber Ajansı (gundelik.info) ve Azerbaycanın Kültür ve Edebiyat Portalının (edebiyyat-azşcom) Türkiye temsilcisi Gülten ERTÜRK (Gülten SULTAN) ANNEMİZİN DOĞUM GÜNÜNÜ KUTLUYORUZ! DUDAKLARINDAN GÜLÜŞ, YANAKLARINDAN TEBESSÜM ESKİK OLMASIN! BAŞARILAR DİLİYORUZ! YÜCE ALLAH SİZİ KORUSUN! İnşAllah! AMİN!

    HOCALI ŞEHİTLERİNE

    Karabağ karalar bağladı bu gece
    Analar, babalar, evlatlar
    Bir başka ağladı bu gece
    Kör kurşunlarla gelinlik kızların
    Feryat, figanları yürekleri dağladı bu gece

    Uyan Türk’üm uyan!
    Hocalıda katliam var
    Tüm dünya sağır ve dilsiz
    Yok ki Türk’ümün Türk’ten başka sesini duyan

    Körpe kuzularım ana rahminde
    Dünya yüzünü görmeden
    Semaya yükseldiler
    Kefensiz mezarsız idiler
    Uykuda uyanık rüya gibi
    Yüzlerce can şehitlik mertebesine erdiler
    Bir Türk’ün canı dünyaya değerdi
    Dağlık Karabağ şu an nasıl bir yerdi?
    Buz kesti dağ, taş
    Yürekler buna dayanmaz
    Vicdansız ermeni soyu
    İnsanlıktan çıkmış anlamaz

    Uyan Türk’üm uyan!
    Hocalıda katliam var
    Tüm dünya sağır ve dilsiz
    Yok ki Türkümün Türk’ten başka sesini duyan

    Altı yüz on üç Türk’üme kıydılar bu gece
    Gözleri dönmüş soysuzlar
    Yüzlerce canı diri diri yaktılar bu gece
    Onlar ki İbrahim misali atılırken ateşe
    Cennetteki ebedi evlerine baktılar bu gece

    Uyan Türk’üm uyan!
    Hocalıda katliam var
    Tüm dünya sağır ve dilsiz
    Yok ki Türkümün Türk’ten başka sesini duyan

    Vahşetin bu kadarı da olmaz
    Türk’üm ahın hiçbir zaman yerde kalmaz
    Daha dün gibi içimizde sızın
    Anan, bacın, kardeşin, gelinlik kızın
    Unutmadık, unutmayacağız, unutturmayacağız
    Katliamı yapan soysuzları nefretle
    Hocalı şehitlerimizi milletçe her daim rahmetle anacağız

    Göz Yaşartanım

    Efkarlandı deli gönül daraldı
    Sana daldım yine göz yaşartanım…
    Aşkın kanununda bu bir kuraldı
    Sende kaldım yine göz yaşartanım…

    Neler geldi neler geçti gözümden
    Pek çok yaşlar döktüm bu can özümden
    Ne olursa olsun dönmem sözümden
    Sende kaldım yine göz yaşartanım…

    Sensiz dolaşmıyor damarda kanım
    Dinmiyor nedense acır sol yanım
    Göğüs kafesimde sen benim canımmm
    Sende kaldım yine göz yaşartanım…

    Sensizlik duygusu beni kemirir
    Hüznün bile bana mutluluk verir
    Buzlu dağım seni görünce erir
    Sende kaldım yine göz yaşartanım…

    Azrail geldi de gelemem dedim
    Ben yari görmeden ölemem dedim
    Onsuz hiç bir zaman gülemem dedim
    Sende kaldım yine göz yaşartanım…

    03 02 2007

    Gözüm Dalıyor

    Özlemler büyüdü kocaman oldu
    Sevgi şelalemse hâlâ çağlıyor
    Sensiz geçen günler hasretle doldu
    Yoldamısın yoksa gözüm dalıyor

    Beni hatıralar sana bağlıyor
    Güldüğüme bakma özüm çağlıyor
    Bıraktığın izlerse yürek dağlıyor
    Yoldamısın yoksa gözüm dalıyor

    Sordun mu kendine sebep neydi?
    Düğümlenen kalbim çözüm ariyor
    Gururun seni de beni de yendi.
    Yoldamısın yoksa gözüm dalıyor

    Bir sürpriz yapıp ta gel ne olursun
    Yalnızlık ağ misali beni sarıyor
    Boş bekleyen gölüm seninle dolsun
    Yoldamısın yoksa gözüm dalıyor

    Geçmişe döneriz elbet dilersen
    Her kimle konuşsam seni soruyor
    Gül yerine diken getir istersen
    Yoldamısın yoksa gözüm dalıyor

    Gülten ERTÜRK(GÜLTENSULTAN)

  • Bakıda Gənc Qırğız şeiri antologiyası işıq üzü görüb

    Edebiyyatqazeti.az xəbər verir ki, Bakıda Gənc Qırğız şeiri antologiyası işıq üzü görüb.
    35 gənc qırğız şairinin müxtəlif mövzuda yaradıcılıq örnəkləri toplanmış nəşrə daxil edilən şeirləri dilimizə İbrahim İlyaslı, dos.dr. Rəsmiyyə Sabir, dos.dr. Təranə Turan (Rəhimli), dos.dr. Pərvanə Məmmədli, Günel Eyvazlı, Gülnar Səma (Qasımlı), Xan Rəsuloğlu, Akəm Xaqan, Faiq Balabəyli, Elşən Əzim, Elməddin Nicat, Taleh Mansur, İntiqam Yaşar, Tural Turan, Aysel Xanlarqızı (Səfərli), Sona Əli, Ümid Nəccari, Əkbər Qoşalı tərəfindən (ruscadan, Türkiyə və Qırğız türk-cələrindən) çevrilib.
    Layihə rəhbəri Millət vəkili Dr. Cavanşir Feyziyev, məsləhətçiləri Millət vəkili, akademik Nizami Cəfərov, Əməkdar jurnalist, “Kaspi” qəzetinin təsisçisi Dr. Sona Vəliyeva, nəşrə məsul, baş redaktoru Atatürk Mərkə¬zinin şöbə müdiri Əkbər Qoşalı olan anto¬lo¬giyaya AYB-nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və “Olaylar” qəzetinin baş redaktoru, yazıçı-publisist Dr. Yunus Oğuz rəy verib.“Gənc Qırğız şeiri antologiyası”nı qardaş ölkənin istedadlı gənc yazarları, DGTYB üzvləri Altınbek İsmail, Kaliça Yaqub və Bekbolat Sarıbay tərtib edib. Kitaba Azərbaycan Respublikasının Qırğız Res¬publikasında Fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov “Təqdim” Millət vəkili Dr. Cavanşir Feyziyev “Önsöz”, Qırğız Respublikasının Mədəniyyət, infor¬masiya və turizm naziri Azamat Jamankulov isə “Biş¬kekdən Bakıya poeziya buketi” adlı ürək sözü yazıb.
    DGTYB bundan öncə “Çağdaş Azərbaycan şeiri” (2cilddə, Ankara), “Gənc tatar şeiri” (Bakı), “Yeni qazax şeiri” (Bakı), “Fəzanın cazibəsi ( -Arxangelsk şairlərinin şeirləri)” (Bakı), “Özbək şeir çələngi” (Daşkənd), “Yeni zaman Azərbaycan şeiri” (Astana) kimi anto¬logiyalar hazır¬layıb, nəşr etdirib.
    Qeyd edək ki, “Gənc Qırğız şeiri antologiyası”nın Ba¬kıda və Bişkekdə təqdimat törənlərinin keçirilməsi nə¬zərdə tutulub. Antologiya hər iki ölkənin aparıcı ki¬tab-xanalarına, mədəniyyət müəssisələrinə, o cüm¬lə¬dən ədəbi qurum¬larına paylanacaq.

    Mənbə: http://www.edebiyyatqazeti.az

  • Vüsalə Vətənxan MEHRİ.Yeni şeirlər

    “İçmişəm”

    Yoxdu çarəm ey könül, əlbət bu gündən içmişəm,
    Aşiqəm, meyxanədən xəlvət bu gündən içmişəm.

    Çün nigarım yox, könül gülşəndə bülbül binəva,
    Hali rüsvayəm, edib işrət bu gündən içmişəm.

    Saqiya, meydir bu badəm içrə, ya şərbətmidir?
    Süzdügün dəmdən dilim şərbət bu gündən içmişəm.

    “Mərifətdən qıl həzər” söylər Nəsimi adəta,
    Əl-həzər ondan, edib adət bu gündən içmişəm.

    Olmuşam nəfsə məlaib, ey cəmaət, siz məni,
    Nola zəhm ilə edin töhmət bu gündən içmişəm.

    Gərçi bu söhbətlə iman əhlini mən çaş edib,
    Söylərəm bunca yalan söhbət “bu gündən içmişəm.”

    Mehriyəm, yox xanədanımda şərabxor kəs olan,
    İçdigim eşqdir, olun rahət bu gündən içmişəm.

    21.04.2019.

    İmam Zaman ağamızın mövludu münasibəti ilə keçirilən “İntizar” qəzəl müsabiqəsinin qaliblərindən oldum! Ustadımız şeyx hacı Gülbala Fənaiyə xüsusi təşəkkür!

    *Qəzəl*

    Gəl, hardasan? (İmam Zaman)

    Müntəzirdir gözlərim, ey məhliqa gəl, hardasan,
    Bu qaranlıq aləmə bəxş et ziya, gəl hardasan.

    Ey Əlinin yadigarı, ey ədalət mənbəyi,
    Ey pənahı cümlə məzlumun, ağa, gəl hardasan.

    Yoxdu vəslindən səva biçarə könlümçün dəva,
    Etmək üçün ta bu bimarə şifa gəl, hardasan.

    Ey dili qüdrətli şahım, ey həqiqi rəhbərim,
    Hicrdən bu binəva eylər nəva gəl, hardasan.

    Ey könüllər həmdəmi, gəl ey müsəffai-bəşər,
    Ey nicatı aləmin, ey müctəba, gəl, hardasan?

    Eylərəm bir ömrdür ki daği-firqətdən fəğan,
    Gəl yolunda bu canım olsun fəda, gəl, hardasan.

    Mən cəmalü hüsnünə daim münacat eylərəm,
    Mehrin ilə aləmə eylə nida, gəl hardasan.

    27.03.2019.

    Bahariyyə

    Əyyami-bahar gəldi, yenə fəsli-xəzan getdi,
    Çıx seyrə könül, bağu gülüstanda çiçək bitdi.

    Bülbül sevinib şura gəlib ney kimi dilləndi,
    Solmuş bu bağın guşəsi min şövq ilə gülləndi.

    Don geydi çəmən rəngi yaşıl, nəqşi al-əlvan gül,
    Verməkdə nigarın da sənə şadlığı əylən, gül.

    Bundan belə tut könlünü xoş, eyləmə dərdü qəm,
    Eşq əhli yetib vəslə, bahar çağı olar xürrəm.

    Topraq oyanıb, çöldə xəfif yaz küləyi vardır,
    Canlanmış ağaclarda da növbər diləyi vardır.

    Novruz bəzəmiş süfrəmizi, zövqü səfa vermiş,
    Şükr eylə bu naz-neməti ey can ki, Xuda vermiş.

    Ey Mehri, sevin, ki yenə bayramdır, üzün gülsün.
    Könlün çiçək açsın, həyat eşqiylə gözün gülsün.

    Qalmaz əbədi eşqin …

    İnsan ona mehmansan, bağlanma bu dünyayə,
    Surətlərə meyl etmə, ver könlüvü mənayə,
    Bənzət bu fəna mülkü ilğım dolu səhrayə,
    Gər sevməsən Allahı, şövq etməsən Üqbayə,
    Qalmaz əbədi eşqin, fikrində nə bir qayə.

    Dünyayə görə, insan, salma ləkə vicdana,
    İzzətli ömür sürmək lazımdı hər insana,
    Acgözlük edib uysan hər zinəti dövrana,
    Əlbət də batar cismin, hüsnün vəli rüsvayə,
    Qalmaz əbədi eşqin, fikrində nə bir qayə.

    Qaç sən bu fəna mülkün hər cahu-cəlalından,
    Sərf etməyə səy eylə hər vaxtı halalından,
    Allah buyurub xüms et öz əldəki malından,
    Gərçi nəzər etməzsən Qur’anda gəlib ayə,
    Qalmaz əbədi eşqin, fikrində nə bir qayə.

    Cəhd eylə zəlil insan qurtulmağa zillətdən
    Gəl haqqa, təfəkkür et, əl çək daha qəflətdən,
    Bir ləhzə Vüsalə sən ayrılma həqiqətdən,
    Göz dikmə bu dünyayə, ömrün gedəcək zayə,
    Qalmaz əbədi eşqin, fikrində nə bir qayə.

    24.12.2016.

    Mənbə: http://www.edebiyyat-az.com

  • Dilarə SÜLEYMAN.Yeni şeirlər

    İNSANOĞLU

    Dizinə daş dəyər,yoldan bilərsən,
    Saçına dən düşər,ildən bilərsən,
    Adın dilə düşər eldən bilərsən,
    Eybini özündə gəz, insan oğlu.

    Haqqın tapdalanar,dilin tutular,
    Mənasız şənliklə başın qatılar,
    Göz aç ,oyan desəm qaşın çatılar,
    Onda məzlum yaşa döz, insan oğlu!

    Şiri nər olarsan söz arxasında,
    Pərdələr asılır göz arxasında,
    Neçə üz var hələ üz arxasında,
    Dərdin çox, çarəsi az, insan oğlu!

    Yalan şüar olub,tərifsə adət,
    Içində qəfəsi qırıb cihad et,
    Haqqını dilənib tapma səadət,
    Hayqır ədaləti yaz, insan oğlu!

    Dilini kəssələr əlin susmasın,
    Canını yaxsalar,külün susmasın,
    inamın yolunda dizin əsməsin
    Qılıncdan kəskindir söz, insan oğlu!

    YOXLUQ

    Qəlbim məzarlıqdır, ıssız, qaranlıq,
    Hərə bir cür düşüb, qalır gözümdə,
    Ümidlə baxdığım üzlər bir anlıq,
    Bircə kəlmə sözlə ölür gözümdə.

    Həyat bir müdrikin son vəsiyyəti,
    Həyat bir aşiqin ahı kimidir.
    Sənin o şikayət etdiyin kədər
    Bəlkə birisiyçün yuxu kimidir.

    Həyat sənə başqa, mənə başqadır,
    Nolar sən də getmə gedərgəlməzə,
    Gözümə görünmə, günəşi söndür,
    Sən əziz qalarsan, gözüm görməsə.

    ƏZİZİM

    Qəlbimin qapısı açıq qalıbdır
    Yel vurub yengələr oynar içimdə
    Ruhumun vədəsi tamam olubdu,
    Yaxşı-pis nə varsa qaynar içimdə.

    Cismim torpağının borcun gəzdirir,
    Qorxuram da deyəm, canı gəl götür,
    Ürək dərd yığmağa xurcun gəzdirir,
    Nəfsim, bu dünyadan, nolar, əl götür!

    Hər gün ağacımdan bir yarpaq düşür,
    Mən nə ağacıydım hələ bilmirəm,
    Başım göylə, köküm yerlə əlləşir,
    Həm burda,həm orda ola bilmirəm.

    Şikayət etməyə öyrəşməmişəm,
    Odur birtəhər dözürəm, əzizim!
    Mən olmaqdan hələ vaz keçməmişəm,
    Kipriyimlə gor qazıram, əzizim!

    BU DÜNYADA QALANMIRAM

    Halım yaman dönüb haldan,
    Söz içində dinənmirəm,
    Əsər yoxdu oddan, küldən,
    Tüstüləyir, yananmıram.

    Sovurub illər tozumu,
    Peşə eylədim dözümü,
    Kimə çevirsəm üzümü
    Xain çıxır, inanmıram.

    Dünya bezmiş qonağından,
    Ruh çıxmış can sınağından,
    Süzülürsən yanağımdan,
    Sənə qıyıb silənmirəm.

    Həyat tapmaz daş yağışla,
    Alınmadı tale, boşla,
    Halallaşaq, sən bağışla,
    Bu dünyada qalanmıram.

    Mənbə: http://www.kultur.az

  • Təsvirin təkamül prosesi və ya boğazdan yuxarı yazılan Vətən şeirləri… – Günel EYVAZLI yazır

    Leonardo da Vinçi “Mono Liza”nı kətan üzərində rəsm edəndə çoxları portret çəkimi ilə məşğul olurdu. Burada qeyri-adi heç nə yoxdur. Yəni rəssam üçün bir qadının portretini yaratmaq iki vur iki kimi bir şeydir. Elə təbiəti rəsm etmək də. İstənilən əşyanın, şəxsin, canlının rəsmini…
    Bəs nədən cənab da Vinçi bu qədər populyarlıq qazandı? Başqaları unuduldu. Və yaxud Rafaellərin, Mikelanceloların, Velaskeslərin yaratdıqları sənət nümunələri nədən indiyənə qədər müzakirə mövzusudur ki? Niyə görə “Mona Liza” mistikası ətrafında düşüncələr, araşdırmalar səngimək bilmir? Cavab sadədir. Rəsm edilən obyekt yalnız formadan ibarət deyil. Rəssamın oraya əlavə etdiyi fəlsəfə, tablonu düşüncə labirintinə çevirir. Necə ki, Nizami Gəncəvi yaradıcılığında “Xəmsə”yə daxil olan istənilən əsərə müxtəlif rakurslardan baxa bilərik. Çünki o, almazdır. Hər tildə işıq özünü göstərəcək. Yəni biz həm astronomik, həm fəlsəfi, dini, mifik, həm də adi düşüncə qatında Nizami əsərlərinin ətrafında istədiyimiz kimi dartışa bilərik.
    Nizami Gəncəvi asanlıqla Kərpickəsən qocası vasitəsilə didaktik dillə çılğın gənci tərbiyə edə bilir. Hətta təsvir olunan fəhləbaba filosof kimi danışır. Bir sözlə, Nizami, sadəcə, qocanın qiyafəsinə bürünərək, müasir dillə söyləsək, gəncə ağıl verməyə, öyüd verməyə çalışır. Onun əsərlərində dəyişən yalnız obrazlardır. İstər Bayquş olsun, istərsə qarı – onlar hamısı cənab Gəncəvinin səsiylə danışır, ağlı ilə idarə olunurlar. Bu nüanslar indi üçün keçərli olmasa da, fəlsəfi qat həmişə aktualdır. Elə bu səbəbdən “Xəmsə” ehram sirrini bətnində qoruyub saxlaya bilir.
    Bu yaxınlarda TV kanalların birinə dəvət olundum. Mövzu baharın ədəbiyyatda tərənnümü idi. Doğrusu, fikirlərimi dilimdən uçurunca çox əcaib şeylər ağlıma gəldi. Şah İsmayıl Xətainin “Dəhnamə”sində Bahariyyəni dilə gətirincə fotoqrafik təsviri (belə anlayış yoxdur. Hər şeyi olduğu kimi əks etdirmək nöqteyi-nəzərindən belə demək olar, məncə. – G.) müşahidə etdim. “Qış getdi, yenə bahar gəldi… Gül bitdi laləzar gəldi”. Bəli, bu, hamımıza məlum bir şeydir. Məntiqlə və təbiət hadisəsinə uyğun olaraq qışdan sonra bahar gəlir, gülün bitməsi isə baharın gəlişindən xəbər verir. Bunu oxucu təbiətdə müşahidə edirsə, nədən əsərdə də oxuyub keyf alsın ki? Yəni müasir texnoavadanlıq vasitəsilə təbiət hadisəsini kameranın yaddaşına köçürə bilərik. Sonra eyni təəssüratı təkrarən yaşamaq üçün dəfələrlə videoya baxıb kef ala bilərik. Əslində, o dövrlərin insanı da baharı hiss edirdi, görürdü. Onun başı müasir insan kimi sosial şəbəkələrə qarışmamışdı. Bəs nədən bildiyinin obrazlı, qafiyəli təkrarı ona ləzzət verirdi? Maraqlıdır. Çünki o dövrün öz estetikası var idi. Ədəbiyyat gördüyümüz hadisələri eynilə nəzmə çəkməklə əlavə ritm verirdi mətnə, dinləyən isə feyziyab olurdu.
    Bir sözlə, Azərbaycandilli poeziya nümunəsi olaraq “Dəhnamə” fundamentaldır. Amma təsvir nöqteyi-nəzərindən, dinamika qıtlığı nəzərindən olduqca qocadır.
    İndi həm ədəbiyyat, həm də digər sənət nümayəndələri üçün XXI əsrin insanını təəccübləndirmək çətindir. Biz qeyri-adiliyin yox, primitivliyin içindəyik və bu adiliyə rəng qatmaq olduqca böyük məharət tələb edir. Çünki istənilən xanımın fotosunu çəkməklə elə “Mono Liza” kimi, otağımızın ən gözəl guşəsindən asa bilərik. Madam ki, belədir, daha rəssamlıq nəyə lazımdır ki?
    Elə bu texnoinkişaflar rəssamları mat qoyduğundan janrlar meydana gəlməyə başlamışdı. Absurdizm, sürrealizm, kubizm, fovizm və s. kimi janrlar, mürəkkəb manevrlər fotoaparatın kəşfindən sonra rəssamlığa qədəm qoydu. İndi adi “Qara kvadrat”la da nə isə demək, sürreal təsvirlərlə beyinlərə yol tapmaq mümkün idi. Cəmiyyət öncə bizim cəmiyyət kimi bu estetikanı bəyənməyib qışqır-bağır salsa da, sonra qordi düyünündən baş çıxarmaq, tabloları özlərinəməxsus şəkildə yozmaq onlara ləzzət verməyə başladı. Və bu ləzzət fərqli düşüncə tərzini insanlarda formalaşdıra bilirdi.
    İnsanlar anladılar ki, fovizmin qışqıran rənglərilə də dünyaya baxmaq mümkündür. Və yaxud çıxılmaz hadisələr bizi “Qara kvadrat”ın içinə sala bilər. Sufizmin “gözlərini yum ki, görəsən” fəlsəfi estetikası özünü büruzə verməyə başlayırdı. İndi sənət insanın düşüncələrində, fantaziyasında olanları kətana köçürürdü.
    Müasir dünyanın rəssamı adi qəhvə rəngiylə seyircini təəccübləndirə bilir. Hamımız bilirik ağac baharda yaşıl yarpaqlara bürünür. Sən bu qədər rəngi təsəvvüründə də canlandıra bilərsən. Peyzaj rəsmi bir rəngdən ibarət olsa belə, sadəcə, təsəvvür elə. Demək ki, fotoqrafik təsvir indi keçərli deyil. Hadisəyə başqa baxış sərgiləmək lazımdır.
    Dünya memarları tərsinə evlər modeli qurub hazırlayırlar. Kim deyir ki, ev konstruksiyası məhz biz alışdığımız şəkildə olmalıdır. Sən onun doğru variantını bilirsən. İndi tərs variantını gör, avandını təsəvvür elə. Fərqli fikir rakurslarından hadisələrə bax.
    Təsviretmə təkamül nəticəsində çox dəyişilib. İndi Homer kimi bir-bir qəhrəmanların nəsil xəttini sadalamağa, qəhrəmanlığını öyməyə ehtiyac yoxdur. Fəlsəfi, dərinlik qatından primitivliyin astanasına qədər gəlib çıxmışıq. Bəs nədən bizdə Azərbaycanda əldən gedən, bizə “sağ ol” deyən ənənəçilikdən qopa bilmirik? Niyə hadisələrə baxışımızı dəyişmək istəmirik? Niyə şeirlərimiz “Təki vətənimiz düşməsin dara… Baxmayıb soyuğa, borana, qara… Cavab vermək üçün o azğınlara… (burada “yara”, “dara”, “hara”, “qara” və s. əlavə etmək olar. Qafiyə yığını) Hər bir çətinliyə dözdü Şəhidlər” (paradoks) primitivliyindən niyə çıxa bilmirik? “Qarabağtək gözəlin aqibəti bu imiş… Qədrini bilməz isən, alçalar qızıl, gümüş… (imiş, ümüş…) O nisgilli sinənə çalın-çarpaz çəkilmiş… Sağalmaz yara vuran közü, dağı unutma… Sən, ey vətən övladı, Qarabağı unutma!”.
    Belə şeirlərin və tirajlanan belə şairlərin utancından şəxsən mən xəcalət çəkirəm. Hətta şairəm deməyə də utanıram. Hal-hazırda nəsr daha aristokratik görünür. Əlçatan şeir isə qafiyəbazların əlində məhv olmaqdadır.
    Niyə bu primitivlikdən qopa bilmirik?
    Nəzərə alsaq ki, cəmiyyətimizin çox az hissəsi kitab oxusuna maraqlıdır. Çoxunun da bilgisi orta məktəbdə oxuduqları ilə çərçivələnir. Və o adamların dünyaya baxışı və şeir anlayışı yalnız öyrəndiklərindən ibarətdir. Və bu kəsim insanlar həmin çərçivədən başqa bir bilgiyə malik olmadıqlarından daha artığını da istəmirlər. Gördüyünü eynilə qafiyəyə düzüb özünə qaytarırsan, pəh-pəhlə nuş edirlər.
    Primitiv vətən şeirləri insanı haldan çıxarır. İtirilmiş torpaqların adını sadalamaq, gözəlliyindən ağızdolusu danışmaq paradoksal durum yaradır. Vətəni var-dövləti, yerinin altının-üstünün zənginliyi ilə öyməzlər. Bol bəhrəli Muğan düzlərini tərənnüm etməklə təmənnalı sevməzlər vətəni. Bu, vətən anlayışı deyil. O zaman, görəsən, bir bədəvi üçün susuz, qısır səhra nədən belə doğmadır ki?
    Düşüncə yeniliyi istəmirik? Madam ki, belədir o zaman nədən texnoyenilikləri evinizə alırsınız? Paltarınızı köhnə dədə-baba ütüsü ilə ütüləyin. Alınmır? Düşüncə də həmin daş ütü kimidir. Köhnəlib, sadəcə, yenisini qəbullanmağa çoxluğun bilgi gücü yoxdur. Ona görə də ən asanı “Palaza bürün, el ilə sürün” misalıdır.
    Dərd orasındadır ki, düşünürsən, ənənəçi yaşlı təbəqə qələmini yerə qoyub bir gün “yazmıram” deyəcək və bu sicilləmələrin sonu yetişəcək, nəhayət ki. Amma, yox. Köhnə düşüncə çərçivəsində, əski estetikalarla tərbiyələnən sicilləmə şairlər çoxalmağa başlayır. Bizim onlara “Yazma” demək hüququmuz yoxdur, bəli. Amma dışlamaq, çap etməmək hüququmuz mövcuddur. Tənbəlliyindən kitab üzü açmayan, vəhy anlayışına kilidlənənlər Hz.İsmayıl kimi dabanlarını torpağa sürtsələr də, istedadları “Zəm-zəm” kimi fontan vurmayacaq. Çünki bilgisi olmayan başda eşələnmək primitiv mətnlər ortaya qoyacaq. Biz isə ömrümüz boyu onlara dərs keçmək zorunda qalacayıq. Özümüzü tükədəcəyik.
    Uzun dövrlər ərzində Azərbaycanın zinət xurcunu olan əsl ziyalılar – Əli bəy Hüseynzadələr, Hüseyn Cavidlər, Hadilər, Əhməd Cavadlar və başqaları “qəlizdir” damğasıyla dışlandığından tamamən ayrı cəbhənin poetik nümayəndələri təbliğ olunmağa başlayıb. Çarx üzərində fırlanan siçovul misalı kimi situasiyadan qurtula bilmirik. Əksinə, istedadsıza yol verməməklə, çap etməməklə ədəbiyyatımızı xilas edə bilərik.
    Hal-hazırda yaxşı poetik mətnlər yoxdursa, ən yaxşılarını klassikaya, zinətə çevrilmiş ədəbi nümunələri gündəmə gətirərək ustad dərsi verə bilərik.
    Şeir yazmaq yalnız forma deyil. Sənin vətən şeirin gülünc təkrirlərdən, epitetlərdən ibarət olacaqsa, ürəyindən gəlməyəcəksə, “vətən” mövzusu naminə yazılacaqsa, adlar sadalanacaqsa, heç bir dərinliyi olmayan “Üçrəngli bayrağım”, “Azərbaycan bayrağı” adlı şeirləriniz günü-gündən çoxalacaqsa – yazmayın.
    “Salam, Xocalıda əsir ağacım! Ey qazi qardaşım, ey şəhid bacım! Gözü yolda qalan dağım, yamacım! Allaha əmanət, əmanət qalın! Salamat qalın!”. Vəssalam, şair artıq bizi gözləmək ümidindən də kəsir. Geriyə yol yoxdur, deyir. Taleyilə barışır. Bəlkə də, məqsədi bu deyil idi. Sadəcə, kontekst unudulub, mahiyyət anlayışı itib. Şair burada “ağacım”, “bacım”, “yamacım” qafiyələrini muncuq kimi düzməyə fokuslanıb. Formanı mahircəsinə işləyib, qafiyələrin biri digərindən uzun, qısa deyil. Tam düzgün işlənib. Sadəcə, mahiyyət unudulub. Mənim şairin şəxsiyyəti ilə heç bir işim yoxdur. Günah ondadır ki, çoxu mahiyyət anlayışına fokuslanmaq istəmir. Forma, zahir o qədər önə çıxır ki, batini məna qatı unudulmağa başlayır. Boş qafiyə yığını isə boşluqdan cingildəyir. Belə şeirlər saxsı qab effektinə malik olur. Bir toxunuşla sına bilir.
    Bəli, fotoqrafik təsvir indi əsl düşüncə sahibləri üçün cazibədar deyil. Digər cəbhədə yetişən şairlər ordusu anlayışlara fərqli rakurslardan baxa bilir. Onlar fikir dərinliyinə üstünlük verdikləri üçün tez və çox sayda şeir, mətn yaza bilmirlər. Yəni yuxarıdakı “şeirlərdən” günə yüzünü yazmaq mümkündür. Əgər Vətən dediyimiz anlayışda həqiqi ağrı yatmırsa, təsvirimiz bayağıdırsa, bu, timsahın göz yaşını xatırladacaq. Anlayışlara baxış bucağımızı dəyişməliyik. İlə bir kitab buraxıb, şeirlərimizi balaca fidanlara əzbərlətməməliyik. Elə özümüz də mahiyyətin nə olduğunu əvvəl-axır dərk etməliyik. İstedad yoxdursa, qələmi kənara qoyub çəkilmək ən böyük alicənablıqdır.

    Mənbə: http://www.edebiyyatqazeti.az

  • Buludlar göy üzünü gizləyib… – Romantizm – Günel EYVAZLI yazır

    Buludlar göy üzünü gizləyib. Səmanın aydınlığını müşahidə etmək indi nadir hallarda baş verəcək. Ağaclar aynada sonuncu dəfə öz cavanlıq təravətinə tamaşa edən insanlar kimi əl sallayacaq gəncliyinə. Uzaqlaşan günəş yaşıllığını oğurlayıb aparacaq yarpaqların. Bir müddət öncə sərinlik istəyən bizlər indi günəş həsrəti ilə qovrulacayıq.

    Yəqin ki, Bethoven “Ay sonatası”nı not dəftərinə qeyd edərkən hava eynilə belə idi. Yağışlı, sazaqlı, rütubətli, küləkli… Bir də torpaq qoxusu gəlirdi küçələrdən, xiyabanlardan. Müharibəyə, inqilaba, fırtınaya bənzəyən dəlisov simfoniyaların ardından həzin “Ay sonatası”nı bəstələməyə çalışırdı bəstəkar. Adəti üzrə elə küçədə gedərkən əlinə nə vərəq keçərdisə daxilində çalınan musiqini oraya yazardı. Həm də dünya küylərini yavaş-yavaş unudaraq sükut dönəminə keçidə hazırlaşırdı. İndi yol gedəndə belə ayaq səsləri onu səksəndirməyəcək. Heç kimi eşitməyəcək. Öz dünyasında, sükuta dalmış qulaqları ilə 5-ci simfoniyasını, 3-cü sonatasını dünyaya gətirəcək.

    Çox güman Müşfiq bəxtəvər “Küləklər”ni qələmə alanda da eyni ab-hava hökm sürürdü. Uğultulu külək şairin taxta pəncərəsindən içəri soxulmağa çalışırdı. Baş verən olaylar, real dünyanın acı mənzərəsi əzab verirdi şair qəlbinə. O isə xülyalarına qapılaraq soyuq Xəzri küləyini öz daxili mədəniyyəti ilə bəstəkar adlandırırdı. Ümidlərindən var gücü ilə yapışırdı.

    Azadlıq eşqi ilə döyünən ürək kimi fəlsəfəyə, klassisizmə əks olaraq Avropada təşəkkül tapan Romantizm öz daxili çırpıntıları, etirazları, inkarları ilə inqilab edirdi. Reallığın qorxunc, utancverici mənzərəsini yer üzündən yırtıb atmağa çalışırdı. Kəşf olunan, fəlsəfə ilə yüklənən müddəaların fonunda yaranan fərqli dünya mənzərəsi ümidsizlik, çarəsizlik depresiyasına çevrilirdi. Gerçəklik keçmiş ilə müqayisə tərəzisinin üzərinə qoyulurdu. Olimp zirvəsini ələ keçirən “İblis” dəhşətli qəhqəhələri ilə yaradıcılıq dünyasını lərzəyə gətirirdi.

    Romantizm…

    Pessimist, semtimental notlara köklənən cərəyan olaraq 18-ci əsrin sonu, 19-cu əsrin əvvəllərində bütün Avropa incəsənətini öz hakimiyyəti altına almışdı. Yazıçı, şair, rəssam, musiqiçi taleyini özünə bənzədən depressiv nəsnə yaradıcı insanların ağlına, hisslərinə, xəyal aləminə nüfuz etmişdi. O, “Qabil”in lal baxışlarının dərinliyində dayanan məna ya da mənasızlıq kimi çıxış yolu axtarmağa çalışırdı. Məhv olan, yox olan ləzzətin, qulaqlarda cingildəyən sualların fonunda yaradıcılıq estetikasına qarmaq atırdı.

    Hamı dua etdiyi halda susan Qabil o dövrün lal sükutunu özündə əks etdirirdi. Habilin “Tanrını qəzəbləndirmə, qəmginlik nəticə verməz” sözlərinə rəğmən fikrindən dönməyən yeni insan obrazı fərqli etiraz formasını əlində bayraq etmişdi. Daxilində yaranan çarəsizlik, inamsızlığın öhtəsindən Tanrının belə gəlməyəcəyini düşünən, heç kimin qarşısında əyilmək istəməyən, İblisdən belə qorxunc, dəhşətli azadlıq carçısı olan bu obraz keçmişdən gələn şəxs kimi yeni biçimdə insanlara təqdim olunurdu. Bəlkə də Qabil elə Adəm dövrünün ilk etirazçısı kimi həm də Tanrının sevimlisi idi?

    Yerin, göyün sirlərinə bələd olan tanrı daxilində fırtınalar qövr etdirən və sonunda öz qardaşının canına qıyan bəndəsinin bəd əməlini nədən hiss etməmişdi? Bəlkə dünyaya Habil qədər saf deyil, Qabil qədər təzadlarla zəngin bəndələr lazım idi? Elə o səbəbdən də Qabil obraz olaraq Bayron üçün maraqlı tapıntı idi. Qərinələr öncəsi yaranan qəhrəmanın ədəbiyyatın Romantizm erasına qədəmi də təsadüfi deyildi. Hər halda, Bayron üzünə keçirdiyi dəlisov qəhrəmanının maskası ilə azadlıq, asudəlik, sərbəstlik, inqilab bağırırdı.

    Kaspar Qari Fridrix

    Romantizm ruhsal uçuş, uydurmalar dünyası, keçmiş dövrün xiffəti idi. Darıxqanlıq idi. Nəğmələrə, nağıllara, keçmiş adətlərə, ayinlərə qayıdış idi. Əslində müəyyən dövrlərdə müxtəlif adlarla zühur etməyi bacarmış bir cərəyan idi. Futurizm, Simvolizminin bətnində öz estetikası ilə yenidən yaranmağı, növbəti doğuluşu bacarmışdı.

    Romantizm “İblis”in qəhqəhələri eşidilən bir dövrdə Kaspar Qari Fridrixin qaya üzərində dayanıb aristokratik cəmiyyətə arxa çevirən qəhrəmanı kimi yeni dövrün fəlsəfəsini yaşayırdı. Yazıçılar sadə insan həyatını yazıya gətirirdi. Yüksək zümrənin sifarişləri, istəkləri ilə daha ədəbiyyat, musiqi yaranmırdı. Bu janr mütaliə çəkisi zənginləşən orta təbəqənin sevimlisinə çevrilməyi bacarırdı. Həyat ümid, illüziya, utopiya olaraq dərk edilməyə başlayırdı. Dəbdəbəli, ağayana klassika müasir insanın təfəkkür çərçivəsində gülməli, ironik görkəm alırdı. İndi olmuşların fonunda dünyanı klassik düşüncə ilə dərk etmək mümkün deyildi. O səbəbdən də yeni dünya carçıları insan hissini oyatmağı, insana dönməyi, keçmişi yaddaşlara ötürməyi öhdəsinə götürmüşdü. “İnan, haradasa bir köy var, o köy bizim köyümüzdür” misalı kimi…

    Aysberqə çırpılan nəhəng gəmidən fərqli olaraq Romantizm, zamanın vərəm küləklərinə rəğmən özünəməxsus şəkildə etirazını bildirməyi bacarırdı. Bəli, sadə incəsənət dilində. Azadlıq, özügürlük rəmzinə çevrilən janr öz ardıyca yazıçı, şair, rəssam ordusu aparırdı. Alov işiğı ilə müjdə gətirən Prometey kimi insanların qaranlıq gələcəyini keçmişə boylanmaqla aydınlatmağa çalışırdı.

    Teodor Jerikonun yaratdığı “Meduzanın salı” rəsm əsərinə diqqət yetirərkən zəhlə tökən sentimentalizmim yenə yaxamdan yapışmışdı. Rəsm əsərində ölülər və dirilər dörd tərəfi su ilə əhatələnən dənizdə sal üzərində birgə hərəkət edirdi. Rəssamın yartdığı obrazların üzündən çarəsizlik sezilirdi. Klassikanın möhtəşəmliyi, kübarlığı, aristokratların kübar əlbisələrdə oturaraq portretlərə köçməsi zamanı artıq çox geridə qalmışdı. Daha dəbdəbəli insan portretləri gözə dəymirdi. Ortada insan faciəsi, insan hissləri, çırpıntıları var idi. Etiraz var idi.

    İndi çağdaş dünyanın yeni qayda-qanunları, müharibə, göz yaşı fonunda XXI əsr ixtiraları sevinc gətirə bilmir. “Meduzanın salı”na bənzər rezin qayıqlarda canını qurtarmağa çalışan kütlə yeni dünyanın köç fəlsəfəsini dünya tarixi səhifələrinə yazmaqdadır. Yəqin ki, bir zamanlar baş vermiş real hadisəni ürək ağrısı ilə kətan üzərinə köçürən Jeriko indi salamat olsaydı kətan üzərinə gözlərindən süzülən göz yaşlarını həkk edərək “Dünyanın yeni köç seli” adlandırardı yeni yaranan rəsm əsərini.

    Elə o dövrlərin yaradıcı insanları kimi bu dünyanın vəhşətinə göz yumub keçmiş əyyamların səfası ilə ürək ovundurmaq keçir insan könlündən. Nə gözəl olardı xəyal etmək. Yeni zamanın dəhşətini, müharibələrini, xəstəliklərini görməmək ya da görməzlikdən gəlmək. Nəğmələrə, nağıllara, keçmiş ayinlərə qayıtmaq.

    Romantizm XX əsrdə Qərb estetikası ilə birgə Azərbaycan arealına daxil olmuşdu. Yenicə pöhrə verən janr yetəri sayda ardıcıllarını yetişdirə bilmişdi.

    Yaranan bəzi mətbu orqanları sadə xalq anlaya bilmirdi. Yenilikçi orqanlar hər vəchlə qamçılanırdı. Utopik mənzərə isə ümumiyyətlə qəbul olunmurdu. Dırnaqarası xoşbəxtlik saçan sovet insanı qəhrəmanları Romantizmin qəhrəmanları ilə müqayisədə daha işıqlı, lazım olunan, sovet zəhmətkeşi isə ədəbi əsərlər daxilində daha cazibədar hesab edilirdi. Bu qədər real obraz, hazır material olduğu halda fantaziyalar aləminə dalıb, utopik qəhrəmanları əsərlərə dəvət etmək nəyə lazım idi axı…

    Hər şeyə rəğmən Hüseyn Cavid sürgün aqibəti ilə üz-üzə dayansa belə “İblis”i yarada bilir. İstəkləri, daxilində çığıran, üsyan edən hissləri ilə onu dilləndirməyi bacarır. Əsl sənət də elə budur, elə deyilmi? “Ölmək ölməkdir, xırıldamaq nə deməkdir”…

    Pəncəmdə dəmadəm əzilib qıvrılacaqsın,
    Daim ayaq altında sönüb məhv olacaqsın.
    Bənsiz də, əmin ol, sizə rəhbərlik edən var:
    Qan püskürən, atəş savuran kinli krallar,
    Şahlar, ulu xaqanlar, o çılğın dərəbəklər,
    Altın və qadın düşgünü divanə bəbəklər.
    Bin hiylə quran tilki siyasilər, o hər an
    Məzhəb çıqaran, yol ayıran xadimi-ədyan;
    Onlarda bütün fitnəvü şər, zülmü xəyanət,
    Onlar duruyorkən bəni təhqirə nə hacət?!
    Onlar, əvət onlar sizi çignətməyə kafi,
    Kafi, sizi qəhr etməyə, məhv etməyə kafi…

    Mənbə: http://www.edebiyyatqazeti.az

  • Xalq şairi Mirvarid DİLBAZİ.”Məhəmməd Əmin Rəsulzadənin Əksi Qarşısında”

    Üzündə xalqının böyük kədəri,
    Xəyalında Vətən xatirələri.
    Öldü yurdumuzun igidi, əri,
    Qəbri qazılmadı öz torpağında.

    Azərbaycan!-dedi o son nəfəsdə,
    Bir xalqın həsrəti vardə bu səsdə.
    Üçrəngli bayrağı başının üstə,
    Öldü, o müqəddəs söz dodağında.

    Ruhuna min rəhmət, Məhəmməd Əmin!
    Yurdu qurtarmağa etmişdin əmin.
    Apardın könlündə bu elin qəmin,
    Yurdun dar günündə, yaman çağında.

    Zamanın nə qanlı hökümləri var!
    Könlümün inləyən çox simləri var…
    Adını çəkməyə yoxdu ixtiyar.
    Türksən, rahat yat Sən Türk torpağında,
    Ruhun pərvaz etsin cənnət bağında.

    1990

  • Xalq şairi Hüseyn ARİF.”Mənimiydi”

    Bir saat bir yerdə tutmazdı qərar,
    Araz mənimiydi, Kür mənimiydi.
    Ömrümün, günümün gəlhagəlində,
    İnci mənimiydi, dür mənimiydi.

    Səsim gah Qazaxda, gah Qarabağda,
    Meşədə, çəməndə, çayda, bulaqda,
    Meyvəli aran da, çiçəkli dağ da,
    Elə bilirdim ki, bir mənimiydi.

    Hüseyn Arifin bağrını deşdin,
    Harda qərar tutub, haraya köçdün?
    Ay oğul, sən niyə qabağa düşdün,
    Səfər mənimiydi, yer mənimiydi.

  • Xalq şairi Osman SARIVƏLLİ.”Qara torpaq”

    Bu yaxşı cənnətdir, unutmayasan-
    Görürəm gəlirsən hərdən bağa da.
    Bircə meyvələrə baxrısan, ey dost,
    Sən göz qoy arabir bu torpağa da.

    Torpağa qulluq et, yoxsa nə çıxar,
    Min dəfə budağa, gülə baxmaqdan?
    Budaqlar gövdədən, gövdə köklərdən,
    Köklər də can alır qara torpaqdan.

    Məni kim tanımır, görməyən kimdir?
    Öyünmək bilmirəm, demirəm ağam.
    Özüm kağız kimi ağ olmasam da,
    Üzləri ağardan qara torpağam.

  • Xalq şairi Vaqif SƏMƏDOĞLU.”Dayan, sonra ağlayarsan”

    Dayan, sonra ağlayarsan,
    Hələ sənə bir şerim var.
    Otaq kiçik, amma isti,
    Eşikdəsə beşgünlük qar.

    İndi qayıt yalvar mənə,
    Oxumayım şeri sənə.
    Şerlə layla deyirəm,
    Qarda qalan izlərinə.

    Yuxu görür getdiyin yol,
    Yatır qar üstə izlərin.
    Baharda çaılsın, gülüm,
    Qışda yumulan gözlərin…

    1982

  • Xalq şairi Səməd VURĞUN.”Ana”

    Pək cocuğdum, yerə gömdülər səni,
    Həyata qanadsız atdılar məni.
    Bax, necə pozulub ömür gülşəni,
    Həyat sənsiz mənə zindandır, ana!

    Qoynunda bəslənir gözəl diləklər,
    Layiqdir səcdəyə sənə mələklər,
    Nerdəsən, gözlərim həp səni bəklər,
    Bax evladın nasıl giryandır, ana!

    Sən bir günəş idin, doğdum da, batdın,
    Yazıq evladını qəmlərə atdın.
    Bir cavab ver, hanki murada çatdın
    Torpaqlarda neçə zamandır, ana!

    Bir ah çəksəm sənsiz, qopmazmı tufan?
    Əzizim anacan, gözüm anacan!
    Yumuq gözlərini aç da bir oyan,
    Şimdi zaman başqa zamandır, ana!

    Yıxılıb payinə öpmək istərəm,
    Analıq mehrini görmək istərəm,
    Səni görmək üçün ölmək istərəm,
    Təsəlim ah ilə fəğandır, ana!