Bəzən uzaqlaşmaq lazım gəlir, yaxınlaşmaq üçün; bəzən
xatırlamaq lazım gəlir, xatırlanmaq üçün;bəzən ağlamaq lazım
gəlir, açılmaq üçün;bəzən anmaq lazım gəlir, anılmaq üçün;
bəzən de susmaq lazım gəlir, duymaq üçün. – bəli, mənim üçün
də söz Təbrizi demişkən – yaxınlaşmaq, xatırlanmaq, açılmaq,
anılmaq və duyulmaq üçündür.

ANAMIN ƏLLƏRİ

Anamın əlləri qocalır yaman,
Əllərinə cavan qırışlar düşür.
Aybaay, günbəgün ,saatbasaat
Cavanlığı barmağından sürüşür.

Anamın əlləri qocalır yaman,
Üstünə illərin ağrısı çökür.
Qocaman bir evin qayğı yükünü
İndi də qocalmış əlləri çəkir.

Bu qocalmış əllər cavan əllərin
Beşik yürgələyən xatirəsidi.
Anamın əlinə düşən qırışlar
Onun taleyinin xəritəsidi.

Anamın əlləri qocalır yaman,
Ömrümü bu qoca əllərə yazın.
Deyirlər torpağın altı soyuqdur,
Qəbrimi anamın əllində qazın.

ASARAM ÖZÜMÜ GÖYÜN ÜZÜNDƏN…

Buludların ac it kimi
Elə hürür ki, üstümə, ilahi,
Məni yağışın tutacaq.
Qapından qayıdır dualarım da,
Məni qarğışın tutacaq.
Ömrüm il – il tökülür,
Daşlayıblar ömrümü.
Bir ulduzsuz gecəyəm,
Bir kimsəsiz küçəyəm.
Bu dəlisov yağışlar
Xoşlayıblar ömrümü.
Eh! Daha əlimi açmaram sənə,
Eh! Daha əllərim qoynumda qalar.
Asaram özümü goyün üzündən,
İlahi, ölümüm boynunda qalar.

CƏZALIDI ÜRƏYİM

Cəzalıdı ürəyim,
Bədənimdə küncə qoydum.
Yorulan göz yaşımı,
Yanağımda dincə qoydum.

Bu da səndən qalan ömür,
Yarı sənsən, yarı sudu.
Həsrətini atdığım yer
Gözlərimin quyusudu.

Eh! Yolların yol yoldaşı,
Gedən yollara qarışdın.
Sən tək bədəndən ibarət
Sevgilərə alışdın

UZAQ BİR XƏYAL…

Daha nə oddan al,
Nə odlara yax.
Ən gözəl bahar da,
Payız oldu, bax.
Mən necə anladım
Sənə bu hissi?
– Məni tək buraxma…
– Məni tək burax!

Bu da bir istəkdir,
Bax! Elə bu cür.
Nə ağrı, nə arzu,
Nə nalə deyil.
O qız bir xəyaldır,
Uzaq bir xəyal…
Xəyalə deyil.

– Məni tək buraxma…
– Məni tək burax!
Nəyimə gərəkdir
Ucuz ehtiyat?
İtirdim
Aldığım dözümü səndən.
Daha islanmazsan yağışın altda,
Götürdüm
Ağlayan gözümü səndən.
Burax!
Yığışdırım özümü səndən,
Çevirmək öyrənim

***
Üzümü səndən.
– Məni tək buraxma…
– Məni tək burax!
Yox! Dərs almamışdım
Bu son dərs kimi.
Güclə ovuduram özümü,
Güclə.
Hər yerdə olursan
Sən də tərs kimi.
Ya elə indi get,
Ya yanımda qal,
Tükənib gedirəm
Son nəfəs kimi.
Adım
Qulağına gələn səs kimi
Uzaq olsun.
Qoy bu eşq ac – susuz
Yalquzaq olsun.
Məni tək burax…
Mənim əllərimin
Pis yaddaşı var.
Mənim gözlərimin
Pis yaddaşı var.
Amma, ürəyimin
Hiss yaddaşı var.
Gözümün üstündə
Həsrətə yerin…
Süzülür gözümdən xatirələrin.
Buraxma məni…
Buraxma!