Blog

  • Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2019-cu ildə Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun (Əhməd bəy Mirzə Həsən oğlu Ağayevin) anadan olmasının 150 illiyi tamam olur.

    Əhməd bəy Ağaoğlu ötən əsrin əvvəllərindən etibarən Azərbaycanda və onun hüdudlarından kənarda cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərdə fəal iştirak etmiş və milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınmışdır. Ümumxalq mənafeyinin qorunması naminə çoxşaxəli, gərgin və məhsuldar fəaliyyəti ərzində o, parlaq bədii-publisistik və dolğun elmi-nəzəri irs yaratmış, Azərbaycanın ədəbi-mədəni və sosial-fəlsəfi fikir xəzinəsinin yeni ideya və konsepsiyalarla daha da zənginləşməsində diqqətəlayiq xidmətlər göstərmişdir. Əhməd bəy Ağaoğlunun ictimai problemləri mənəvi-əxlaqi aspektdə işıqlandıran, cəmiyyəti tərəqqiyə doğru yönəlməyə və qabaqcıl dünya mədəniyyətindən bəhrələnməklə yeniləşməyə çağıran geniş mövzu dairəsinə malik dərin məzmunlu əsərləri Azərbaycan maarifçiliyinə mühüm töhfədir.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan ictimai fikri tarixində dərin iz qoymuş mütəfəkkir Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

    1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə görkəmli ictimai xadim Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 10 aprel 2019-cu il.

    Mənbə: https://president.az

  • İradə AYTEL.”Şirin Xosrovun virtual sevgilisi idi”

    Olmuş hadisədir: evlərinin dəcəl, nazlı-duzlu, gözəl-göyçək qızı olan Almaz heç vaxt inanmazdı ki, gün gələcək könlünü üzünü görmədiyi, tanımadığı birisinə – Arifə verəcək. Bu sevgi həm də Almaz ali təhsilə yiyələnəndən sonra, işlədiyi müddətdə doğulacaq. Bəli, o sevirdi, yalnız səsini eşitdiyi bir nəfəri – Arifi.

    İş saatında işlədiyi idarə, evdə isə ev telefonu ilə əlaqə saxlayar, bir-birindən xəbərdar olardılar. Arif özünü Almaza belə tanıtmışdı: ali təhsillidi, işləyir, subaydı.

    Zaman keçir, Almaz evlərinə gələn bütün elçilərə “yox”, – deyərək, üzünü görmədiyi Arifin adamlarının yolunu gözləyirdi. Almazın Arifi görmək arzusu artanda isə Arif ona dəhşətli bir sirr açdı: “Mən yeriyə bilmirəm, ayağımın birini qəzada itirmişəm”. Almaz bu sözdən sarsılsa da, Arifi belə halda da sevəcəyinə və onun sevgisinə Arifin fiziki qüsurunun heç bir xələl gətirməyəcəyinə söz verdi. “Sənin mənəviyyatına bələdəm, təki mənəvi qüsurlu olma, fiziki qüsur qüsur deyil”, – söylədi.

    Almaz Arifin ev ünvanını bilirdi. Onu da bilirdi ki, Arif yaşlı bir xalası ilə yaşayır. Hətta Arifin xalası bayramlarda, Almazın ad günlərində Arifin adından qıza hədiyyələr gətirir, kəlmə belə etmədən geri dönürdü.

    Arifin şirin vədləri, Almazın gözüyolda sevdiyi adamın elçilərinin yolunu gözləməsi düz on bir il davam etdi. Artıq bütün şəhər bilirdi ki, Almazın gözlədiyi var.

    Son günlər Arifdən şübhələnən Almaz gizli yolla onun telefonunun paralel xəttini öz evlərinə çəkdirmişdi. Gələn və gedən zəngləri izləyərək dəhşətli bir hadisənin şahidi oldu: Arif Əslində Arifin xalası adlandırdığı qadın imiş…

    Keçirdiyi stressdən ağır xəstəliyə düşən Almaz gənc ikən vəfat etdi. Amma “Arif”i bağışladı. O, bilirdi ki “Arif” bu neçə illər ərzində ona bu qədər zərbə vursa da, özü də acı çəkib, çünki, “Arif” Almazı həqiqətən sevirdi…

    Almazın ölümünün bir ili tamamlanmamış, “Arif” də dünyasını dəyişdi….

    Bu hadisə mənim gözlərimin qarşısında baş verib – inanılası olmasa belə!

    Bir dostum var; altı il virtual olaraq bir qızla münasibətdə olub. Təbii ki, müasir zamanda sosial şəbəkələrdə yazılı görüşmələr, mobil telefonla danışıqlar, gecələr şirin pıçıltılar, virtual sevişmələr bunların hər ikisinin ürəyində böyük bir məhəbbətə çevrilib. Qızın müxtəlif uydurmaları – ürək xəstəsiyəm, atam rəhmətə getdi… və. s. bəhanələr dostumun onunla görüşmək arzusunu əngəlləyirdi. Və altı ildən sonra dostuma məlum oldu ki, bu, əslində gözəl bir qız şəkli altında onunla virtual sevgi yaşayan, fiziki qüsurlu yaxın tanışı imiş… Bu hadisə dostuma ağır zərbə oldu. Və suçunun üstu açılan qız müxtəlif yollarla dostumla əlaqə saxlamağa çalışsa da, dostum onunla münasibətə son qoydu. Bu isə qarşı tərəfin – qadının ciddi aqressiyasına səbəb oldu. Bu altı il müddətində onu gizli sevgi yaşamasına vadar edən isə, qadın kimi qadınlara qoşula bilməməsi (qüsurlar), lakin bu arzuyla yaşaması idi. Təbii ki, o da başadüşüləndir. Qadın bütöv olmayınca ətrafına çox aqressiv olur. Bu aqressiyanı isə yalnız güclü iradəyə malik olanlar içində boğa bilir.

    Bundan başqa, virtual tanışlıqların insanı hansı fəsadlarla qarşılaşdırdığının şahidi çox olmuşuq. Sevib ayrılanlar, aldadılanlar, pulunu itirənlər, real həyatdan uzaq düşənlər, intihar edənlər və s… Amma bütün bunlarla yanaşı, mən virtual tanışlığı dəstəkləyirəm. Bəzən üzünü görmədiyin bir insanla virtual olaraq münasibət qurursan, onun iç dünyasına bələd olursan, xasiyyəti, dünyaya baxışı səni o qədər qane edir ki, görüş zamanı onun xarici görünüşü heç bir önəm daşımır. Bu isə, münasibətlərin özülünün daha möhkəm qurulmasına gətirib çixarır. Surət dəyişkən olduğu kimi, ilk görüşdən – surətdən qurulan münasibətlər də dəyişkən olur, əbədi olmur. Əsas olan, hisslərin, duyğuların – Ürəyin bir-birini tamamlamasıdır. Bu barədə şair Elşən Əzimin söylədikləri də maraqlıdır: “Virtual sevgi mümkündür. Əslində bizim dastanlarımızda da, klassiklərimizin əsərlərində də indiki virtual sevgiyə bənzər məqamlar yer alıb. Məsələn: Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərində Xosrov Şirini görməmiş ona vurulur. Şapur Bərdədə olan Şirin haqqında danışır və Xosrovda bu gözəli görmək istəyi yaranır. Şirin də Xosrovun şəkillərini görüb vurulur. Fərhad isə Şirinin pərdə arxasından səsini eşidib vurulur. Və bu sevgilər dünyaca məşhur bir dastanın yaranmasına səbəb olur. Dastanlarımızdakı buta verilməsini də buna bənzətmək olar. Əslində sevgi bu cür yaranmalıdır”.

    Mənsə bu qənaətdəyəm ki, virtual münasibətlər, virtual sevgi alqışlanandır, o kəslərdə ki, psixologiyası pozulmuş olmasın, iradəli, məntiqli olsun, addım atanda düşünüb-daşına bilsin, nəhayət ağılla sevə bilsin. İradəli insana real aləm zərbə vura bilməyəcəyi kimi, virtuallıq da təsir etməyəcək!

  • Tanınmış yazıçı Əlisa Nicatın “Gəncəli müdrik” kitabı işıq üzü görüb

    “Pergament” Nəşriyyat-Poliqrafiya Mərkəzi tərəfindən Azərbaycanlı yazıçı, tərcüməçi və tarixçi Əlisa Nicatın “Gəncəli müdrik” adlı yeni kitabı 334 səhifə həcmində, 100 tirajla işıq üzü görüb.

    Kitab böyük mütəfəkkir, dahi Azərbaycan şairi və tarixi-mizin önəmli şəxsiyyətlərindən olan Mirzə Şəfi Vazehin həyatı və həyat mübarizəsi haqqındadır.

    Qeyd edək ki, bundan öncə tanınmış yazıçı Əlisa Nicatın “Qızılbaşlar”, “Tiranlar və kölələr”, “Sarsılmaz Mir Cəfər”, “Ehram” kitabları nəşr olunmuşdu.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  • Yazıçı-araşdırmaçı Dilqəm Əhmədin “Bir ildən yüz ilə” (fotolar və sənədlər) kitabı işıq üzü görüb

    “Teas Press” Nəşriyyat-Poliqrafiya Mərkəzi tərəfindən “Çapar” dərgisinin baş redaktoru, yazıçı-araşdırmaçı Dilqəm Əhmədin “Bir ildən yüz ilə” (fotolar və sənədlər) kitabı işıq üzü görüb.

    Qeyd edək ki, bundan öncə “Gənclik Mall”da istedadlı yazar Dilqəm Əhmədin “Milliyəti TÜRK” və “Mühacirlərin dönüşü” (fotolar və sənədlər) kitablarının imza törəni gerçəkləşmişdi.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  • Yazıçı-araşdırmaçı Dilqəm Əhmədin “Mühacirlərin dönüşü” (fotolar və sənədlər) kitabı işıq üzü görüb

    “Teas Press” Nəşriyyat-Poliqrafiya Mərkəzi tərəfindən “Çapar” dərgisinin baş redaktoru, yazıçı-araşdırmaçı Dilqəm Əhmədin “Mühacirlərin dönüşü” (fotolar və sənədlər) kitabı işıq üzü görüb.

    Qeyd edək ki, bundan öncə istedadlı yazar Dilqəm Əhmədin “Bir ildən yüz ilə” və “Milliyəti TÜRK” kitabları çap olunaraq, oxucuların ixtiyarına verilmişdi.
    Qeyd edək ki, bundan öncə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə “Gündəlik Teleqraf” xəbər portalının redaktoru, araşdırmaçı-yazıçı Dilqəm Əhmədin təşkilatçılığı ilə Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki sərgi-mühazirə keçirilmışdi.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  • Yazıçı-araşdırmaçı Dilqəm Əhmədin “Milliyəti TÜRK” kitabı işıq üzü görüb

    “Çapar Yayınları” tərəfindən “Çapar” dərgisinin baş redaktoru, “Mühacirlərin dönüşü” və “Bir ildən yüz ilə” (fotolar və sənədlər) kitablarının müəllifi Dilqəm Əhmədin “Milliyəti TÜRK” kitabı 220 səhifə həcmində, 500 tirajla işıq üzü görüb.

    Kitabda müəllifin müxtəlif internet portallarında, qəzet və jurnallarda yazdığı yazılar, məşhur şəxslərdən aldığı müsahibələr dərc edilib.

    Qeyd edək ki, bundan öncə Hədəf STEM Liseyində və Əli Kərim adına Sumqayıt Poeziya Evində istedadlı yazar Dilqəm Əhmədin “Milliyəti TÜRK” kitabının təqdimat mərasimi keçirilmişdi.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  • Tanınmış yazıçı-publisist Mehriban Vəzirin “Ağabəyim ağa Cavanşir” tarixi-sənədli romanı işıq üzü görüb

    “Pergament” Yayın Evi tərəfindən Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış yazıçı-publisist Mehriban Vəzirin Qarabağ hakimi İbrahim Xəlil Xan Sarıcalı-Cavanşirin qızı, İran şahı Fətəli şah Qacarın zövcəsinə həsr olunmuş “Ağabəyim ağa Cavanşir” tarixi-sənədli romanı 218 səhifə həcmində, 200 tirajla işıq üzü görüb.

    Əsər Azərbaycanın tarixi-milli faciəsindən, Qafqazın, Azərbaycan – Türk xanlıqlarının, eləcə də Qarabağın dövlət müstəqil-liyini itirməsindən, rus işğalına düşməsindən bəhs edir.

    Qeyd edək ki, bundan öncə 2017-ci ildə “Kitab Klubu” Nəşriyyatı tərəfindən yazıçı-publisist Mehriban Vəzirin xalqımızın ən görkəmli qadın şəxsiyyətlərindən biri, Qarabağlı İbrahim xanın qızı Gövhər ağaya həsr olunmuş “Gövhər ağa Cavanşir” tarixi romanı nəşr olunmuşdu.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  • Psixoloq-yazıçılar Cek Kenfild və Mark Viktor Hansen “Canlı əhvalatlar” (Seçmə hekayələr) kitabı işıq üzü görüb

    “Kitab Klubu” nəşriyyatı tərəfindən Amerika Birləşmiş Ştatlarında tanınmış mühazirəçi, psixoloq-yazıçılar Cek Kenfild və Mark Viktor Hansen “Canlı əhvalatlar” (Seçmə hekayələr) kitabı 336 səhifə həcmində, 100 tirajla işıq üzü görüb.
    Kitabda yer alan hekayələri İngilis dilindən Azərbaycan türkcəsinə A.Kazımova, M.Qarayev, M.Qaraxanlı, V.Əhmədova, S.İsrafilova, G.Allazova və J.İsmayılova uyğunlaşdırıblar.

    Adıçəkilən kitab bütün dünyada 500 milyondan çox tirajla satılan əsərlər siyahısına daxildir.

    Qeyd edək ki, bundan öncə “Kitab Klubu” nəşriyyatı tərəfindən “Cana məlhəm hekayələr” toplusu Azərbaycan dilində çap olunmuşdu.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  • Kənan AYDINOĞLU.Qadın haqqında şeirlər

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Qadının özünə minnətdaram mən

    “Mənim həyatımın nə mənası var,
    Sizin üzünüzdə gülüş olmasa”.
    Nəriman Həsənzadə.

    İnsanın özündən xəbərsiz, inan,
    Narahat duyğular bu gün də yatmır.
    Duyub yaşadıqca ömrün gününü,
    Bəzən görürsən ki, nəyinsə çatmır.

    Sonradan keçdikcə ömürdən günlər,
    İlk görüş, ilk gülüş yadına düşür.
    Sən demə, bu ömrün ən çətin günü,
    Gəlib bu dünyada qadına düşür.

    Duyulsa, uzaqdan nəfəsi yenə,
    Bu dünya qayğıya bürünəcəkdi.
    Könlünü almaqçün dağların özü,
    Qadın arxasınca sürünəcəkdi.

    Axı çox həssasdı bütün varlığı,
    Dünəni, bu günü qoruyur bütün.
    Qadının özünə minnətdaram mən,
    Belə həssas qəlbli olduğu üçün.

    Qadın ağlamaqçün yaranmayıbdı

    Soykökə bağlılıq, yurda bağlılıq,-
    Qəhrəman bir yurdun canında olmuş.
    At çapan Koroğlu dəlilərinin,
    Sapandı, qılıncı yanında olmuş.

    Əsrlər boyunca ər meydanında,
    Fərhad tək qayanı bir ana yarmış.
    Yaxşı ki, bir xalqa xidmət göstərən,
    Cəsur bir diyarda qadınlar varmış.

    Ömrün sınağından üzü ağ çıxmış,
    Min igid gözündə darda da belə.
    Yaşınıb, utanıb, çəkinməmişdi,
    Boranda, şaxtada, qarda da belə.

    Şairlər bir yurddan geri qayıtmaz,
    Qadının hüsnündən ilham almamış.
    Nigar da, Həcər də qəhrəmanlıqda,
    Koroğlu, Babəkdən geri qalmamış.

    Qəlbi ovsunlayan siyah telləri,
    Kim sənə dedi ki, daranmayıbdı?!
    Üzündə sevinci görəndə bildim,
    Qadın ağlamaqçün yaranmayıbdı.

  • Ç.A.Abdullayevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Ç.A.Abdullayevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan ədəbiyyatının inkişafı və təbliğində xidmətlərinə görə Çingiz Akif oğlu Abdullayev “Şərəf” ordeni ilə təltif edilsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 9 aprel 2019-cu il.

    Mənbə: https://president.az

  • Rafiq ODAY.Yeni şeirlər

    ÖLMƏDİM

    Nələr görmədim – tələdən
    qarmağa kimi – ölmədim.
    Başımdan basdılar, girdim
    torpağa kimi – ölmədim.

    Dedim, gendən az hür, tula,
    Pozulmasın hüzur, tula.
    İlan ağzından qurtulan
    qurbağa kimi – ölmədim.

    Atılsan çöptək səbətə,
    Çox olar qoşan şəbədə.
    Adam oldum mən təpədən
    dırnağa kimi – ölmədim!

    ARTIQ

    Yeni dünya düzəninin
    Təməli görünür artıq.
    Şeytanların, iblislərin
    Əməli görünür artıq.

    Bu sözə qul oldu bizlər:
    “Nəfsi toxlar əyilməzlər”.
    Min illərlə yeyilməzlər,
    Yeməli görünür artıq.

    Bir “Xəndək” var, bir “Xeybər” var,
    Gör nə qədər bixəbər var.
    Nə “xeyir”dən bir xəbər var,
    Nə “bəli” görünür artıq.

    Sonu varmış sabahların,
    Göyə bülənd bu ahların,
    Yerli, yersiz günahların,
    Bədəli görünür artıq.

  • “Gülün sözü”

    Hər sözünün üstündə duran, edə bilməyəcəyi sözü dilinə gətirməyən Gülnar Səmanın yeni kitabı işıq üzü görüb. “Sözümüz sözdür” adlı kitab Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 17 dekabr 2018-ci il 15 saylı qərarı ilə nəşr edilib. Kitabda “Ön söz yerinə” Elçin Əfəndiyevin “Söz azadlığı tənqidimizə nə verib?” adlı məqaləsindən bir hissə verilib. (III məqalə, “Ədəbiyyat qəzeti”. 4 noyabr 2017. № 39 (5110) səh. 8-9) Həmin hissədə Elçin Əfəndiyev yazır: “…mən Gülnar Səmanın “Ədəbi gəncliyimizin 2015-ci ildəki fəaliyyətinə bir baxış” (“525-ci qəzet” 4 iyun 2016) adlı xülasə tipli məqaləsini maraqla oxudum və bu məqalənin yaxşı cəhəti ondadır ki, oxuyursan və aşkar hiss edirsən: haqqında bəhs olunan, bax, bu gəncləri oxumaq lazımdır, onların yaradıcılığından daha ətraflı, daha artıq bir təfərrüatla, daha mütəmadi yazmaq lazımdır”.
    Mən 2016-cı ilin fevralını xatırlayıram bu sətirləri oxuduqca… Onda Gülnar Səma ilə eyni otaqda yaşayırdıq. Mən onun “Ədəbi gəncliyimizin 2015-ci ildəki fəaliyyətinə bir baxış” adlı yazısının yazılma prosesinin şahidiydim. Gülnar yazıda adını çəkdiyi bütün gənclərin kitabını başdan-başa oxuyur, kitabı olmayanların (məsələn; mənim) mətbuatda çap olunan qələm nümunələrini bircə-bircə toplayır, onları əsl ədəbiyyatşünas kimi incələyirdi. Və yazının kiçik bir abzası üçün bəzən ən az dörd mətbu orqan; jurnal, dərgi, qəzet, almanax, antologiya oxuyurdu. Sonra da keçirdi kompyuterin başına və yazmağa başlayırdı. Məni yuxu necə tuturdu, bilmirəm. Bir də səhər ayılırdım ki, masanın üstündə başqa kitablar, fərqli qəzet-jurnallardır. Və Gülnar növbəti gəncin yaradıcılığına “səyahətə çıxıb”…

    Belə yaranırdı Gülnarın ədəbiyyat tariximizin bütöv bir mərhələsinə bələdçi olacaq məqaləsi; onun yuxusuz saatlarından, yorulmazlığından, gərgin günün davamı olan soyuq fevral gecələrindən doğulurdu… Amma təəssüflə, həm də böyük bir təəssüflə qeyd etmək istəyirəm ki, məhz bu yazıdan sonra yazıda adları çəkilən gənclərdən bir çoxu öz iradlarını küskünlük şəklində göstərdilər. “Niyə mənim bir kitabım haqqında bir abzas yazmısan?”, “Niyə şeirimdəki səhvi yazında qeyd etmisən?” kimi cümlələri birbaşa Gülnarın üzünə deyirdilər. Düzdür, Gülnar bunlara səmimiyyətlə gülümsəyib keçirdi, “adi haldır” deyirdi, amma mən hələ də bu laqeydliyi qəbul edə bilməmişəm… Çünki ədəbiyyat tariximizin yaddaşına hopacaq bir məqalədə “Ağarmış gün” hekayəmdən və “Azərbaycan” jurnalında çap olunan şeirlərimdən bəhs olunması mənim üçün həqiqətən də, böyük sevinc idi. Üstəlik, regionlarda yaşayan, aylarla yolu Bakıya düşməyən gənclərin də yaradıcılığına işıq tutan yazı üçün Gülnara bu gün də minnətdaram…

    Gülnar Səma öz kitabında yüz il əvvələ qayıdır, tarixi qürurumuzun şanlı səhifəsi olan cümhuriyyət dövründəki ədəbi mühitdən bəhs edir. Həmçinin, “tanrı ərməğanı olmayan”, əksinə, “xalqımızın layiq olduğu halal haqqı olan” Azərbaycanın dövlət müstəqilliyindən köksü qabara-qabara yazır… Və müstəqillik illərində ədəbiyyata göstərilən dövlət qayğısına diqqət çəkir, keçirilən tədbirlər və dövlət nəzarəti ilə işıq üzü görən nəşrlər haqqında dolğun məlumat verir.

    Kitabı oxuduqca Gülnarın şair kimi xüsusiliyindən çox uzaqlaşdığımı etiraf etməliyəm. Şeirin doğuluşu bir neçə an çəkir… Amma bu kitabdakı hər bir yazının, ən azı, bir neçə həftə Gülnarın ruhuna sancı çəkdirdiyinin fərqindəyəm… Məsələn, “Elçinin “Kölgə” hekayəsində kölgələrin ardındakı işıqlı mətləblər” yazısını yazmaq üçün Gülnar “Kaşeyin taleyi” kitabını alıb, oxuyub, qeydlərini kiçik dəftərçəsinə yazıb, sonra bir neçə gün oxuduqlarını beynində, ürəyində evdən-işə, işdən-evə daşıyıb… Neçə yuxusuz gecə keçirdiyini isə bir özü, bir də kompyuteri bilib. Və budur, biz oxucu kimi uzağı on beş-iyirmi dəqiqəyə bu yazını oxuyub bitiririk…

    “Cavidanə uçurum” Gülnarın ən sevdiyim yazılarındandır. Və kiçik bir etiraf etməyi özümə borc bilirəm: mənim “Cavidanə təbəssüm” şeirim məhz bu yazıdan sonra dünyaya gəlib… Məncə, heç kimsə, Cavid yaradıcılığındakı uçurumlardan keçməyi, ruhunun hər qaya çıxıntısına dəyib sıyrılmağını, incinməyini, bir şairin yaradıcılığına bu cür-fəlsəfi və ruhi dərinliklə yanaşmağı özünə rəva görməzdi… Gülnar məhz bunu edib və bacarıb!

    Bir də “Əbülfət İslamı xatırlayarkən” adlı yazısı var Gülnarın… Yazı haqqında danışmaq istəmirəm, çünki Gülnara ünvanlayacaq bir cümləm var: “Gülnar, sən Əbülfət müəllimi xatırlamaq üçün ömür payında heç vaxt ayaq yeri qoymadın, axı, onu heç unutmadın ki, xatırlayasan…”

    Gülnar Səmanın 2016-cı ildə çap olunan “Gül” adlı şeirlər kitabının ön sözünü Vaqif Yusifli yazıb. O, yazısını “Gülnar Qasımlı mənim doktorantımdır” cümləsi ilə başlayır. Gülnar isə öz kitabında qürurla yazır: “Azərbaycan ədəbiyyatşünaslığının sanballı tənqid¬çi kimi qəbul etdiyi Vaqif Yusifli həm də Azər¬baycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiridir… Mən 2014-cü ildə Ədəbiyyat İnstitutuna doktoranturaya qəbul olu¬nan¬da həmin şöbə yeni yaradılmışdı. Həm şöbənin, həm də Vaqif müəllimin ilk doktorantı olmaq şərəfinə nail oldum”. Gülnarın müəllimlərinə olan ehtiramı bu gün hər gəncdə, hər “yazaram, şairəm” deyən qələm sahibində yoxdur…

    Gülnar üç dəfə də şair kimi Türkiyədə keçirilən ədəbi tədbirlərdə iştirak edib. Hər üçündən də bir qucaq kitabla qayıdıb və gətirdiyi kitabları Azərbaycan oxucusuna tanıtmaqda gecikməyib. Birinci səfərindən sonra “Ulduz” jurnalından “İnci Okumuşu oxuyuruq” adlı yazısını oxuduq. Burada Gülnarın Türkiyəli şairin “Aşkın elif hali” adlı kitabı haqda düşüncələri yer alıb.
    Gülnar 2017-ci il aprelində Uluslararası Trabzon Ədəbiyyat Festivalında da iştirak edib. Və “Necip Saraçoğlunun “Gülə həsrət” duyğuları” o səfərdən yadigardır… Yazıda Necip Saraçoğlunun çoxşaxəli yaradıcılığı ilə yanaşı, onun “gülün indiki, gələcək və keçmiş zamanlardakı halını vəsf edən” şeirlərindən də danışılır.
    “Çanaqqala zəfəri və ya 26 minanın türkanəliyi” yazısını kitabdan oxumuşdum. Ağlamışdım… Özü də Gülnardan gizlətmədən, elə onun yanındaca ağlamışdım… Yəqin ki, kitabı oxuyanlar da qəhərlərini gizlədə bilməyəcək…

    Bir də Məmməd İsmayılın yaradıcılığından bəhs edən yazıları var Gülnarın… “Məmmədəm, a kəndim, tanımadınmı?”, “Hardasa, hardasa bizi duyan var, Hələ yaşamağa dəyər bir az da…” deyən şairin Gülnarla ruhi doğmalığının da şahidi olmuşam. Bu misraları uşaqlıqdan anamdan eşitmişəm… Böyüdükcə Məmməd İsmayılın adını tanımışam. Sonra da Gülnarla birgə Məmməd İsmayılın ədəbi məsləhətlərini dinləmişəm… Və düşünürəm ki, Gülnar olmasaydı, heç vaxt Məmməd İsmayılın qarşısında bir şagird kimi otura bilməzdim… Gülnar Məmməd İsmayıldan “bəxtinə düşən günü şair taleyi kimi yaşayan” bir insan kimi bəhs edir. Eyni zamanda, məndən iyirmi yaş böyük olan şeirin zamana qalib gəlməyinin mistikasını da de-şifrə edir: “Yazarın ən məşhur əsərlərindən olan “Hələ yaşamağa dəyər bir az da…” şeiri 1968-ci ildə yazılsa da, bu şedevr əsərdə müdrik el ağsaqqalının simasını görür, ürək çırpıntı¬larını eşidirik”. “Məmməd İsmayılın vətənpərvərlik mövzulu şeirlə¬rinin kökündə bütün türk dünyasının xəritəsi dayandığını” da Gülnar kəşf edib… Və bu kəşfi onun ədəbiyyatşünas kimi fərqliliyinin sübutudur. Bu fərqlilik ümumi anlam daşıyan “oxucu” sözünə şamil edilə bilməz.
    “Rəşad Məcidin “Çiyələk qadın”ı”… Bu “çiyələk qadın” hamının sevimlisidir. Elə Rəşad Məcidin eyniadlı kitabı da. Bəlkə də, indiyədək oxuduğum yeganə şeirdir ki, oxucunun cinsi fərqliliyini aradan qaldırır. Hər bir qadın özülüyündə “çiyələk qadın” olduğunu hiss edir, yaxud məhz o cür olmağı arzulayır. Hər bir kişinin ömründən isə mütləq bir “çiyələk qadın” keçir… Doğrusu, bu şeiri və ətirlərdən bəhs edən şeiri oxuyana qədər inanmazdım ki, Rəşad Məcidin ruhunda bu qədər utancaqlıq var… Elə Gülnar da təəccübünü gizlətmir: “Bilsəydim, əvvəldən heç başlamazdım, Öldüm yaza-yaza bu şeirləri”. Bəlkə də, çoxumuz bu misraların Rəşad Məcidin olduğuna inanmazdıq. Elə mən özüm də haqqında söhbət açacağım “Çiyələk qadını” oxuyana qədər belə bir məsumluğun fərqinə varmamışdım”. Bəli, Rəşad Məcid bir şair kimi özünü gözəl “gizlədib”… Düşünürəm ki, bu gizli şeir xəzinəsinin kəşfi bütöv bir ədəbi nəsli gözləməkdədir…

    2016-cı il idi. “Köroğlu” dərgisi Müşfiqə həsr olunmuş xüsusi buraxılış hazırlayırdı. Yazıları gözlənilən imzalar içərisində Gülnarla mənim də adım var idi. Qarşı-qarşıya oturub düşünürdük ki, indiyədək Müşfiqi necə tanımışıq? Necə anlada bilərik onu? Yox, danışmırdıq biz, sadəcə, üz-üzə düşünürdük… Və sonra Gülnar kompyuterinin arxasına keçdi, mənsə telefonumu əlimə alıb məktub yerini açdım, ünvan kimi də Gülnarı seçdim… Yazmağa başladıq… Nə qədər zaman keçdiyini bilmirəm, amma ikimiz də eyni anda başımızı qaldırdıq və birimiz çay dəmləməyə, birimiz də fincanları yumağa getdik. (İzah edə bilməsəm də, bu cür bir-birimizlə danışmadan nə etmək lazım olduğunu anlamağımız da az olmayıb). Çay içə-içə yerimizi dəyişmişdik, mən kompyuterdən onun yazısını oxuyurdum, o da öz telefonuyla mənim göndərdiyim məktubu… Gülnar Müşfiqin “Çoban” poemasından yazmışdı. Sanballı bir yazı idi, hətta ədəbiyyatşünaslıq baxımından qüsursuz idi. Başımı razılıqla tərpətdim, üzümü döndərib Gülnara baxdım, qəhərlənmişdi… Və onun orada dediyi sözləri heç vaxt unuda bilmirəm: “Şəfa, Müşfiqin yaşamaq sevgisini hamıdan yaxşı sən anlatmısan…”
    Gülnar Səma müstəqillik dövrü poemalarını incələyir, onların məziyyətlərini, əhatə etdiyi dövrü və özündə ehtiva etdiyi mövzuları səlis bir şəkildə xronikalaşdırır, bəzən tapdığı cizgilərlə müəlliflərin özünü də heyrətə salır. “Nəriman Həsənzadənin “Nuru Paşa” poeması”, “Fikrət Qocanın çağdaş dövrdə yazdığı poemaları”, “Zəlimxan Yaqubun “Yunus Əmrə dastanı”, “Zəlimxan Yaqubun “Hüseyn Saraçlı dastanı”, “Yusif Nəğməkarın “Çanaqqala” poeması”, “Məmməd İlqarın “Qaratel” poemasının məziyyətləri”, “Elxan Zalın “Anıt məzar dastanı”, “Elçin İsgəndərzadənin poemaları”, “Barat Vüsalın “Aldədə” poeması”, “Musa Ələkbərlinin “Mübarizlik dərsi” kimi yazılarda oxucular dediyimin təsdiqini tapacaqlar.

    Kitabda Gülnarın öz müasirləri olan gənclərin yaradıcılığına bələdçi olacaq yazıları da yer alır. Bu yazılardan hər hansı birini oxumaq, həmin imza ilə artıq ilkin tanışlıq deməkdir. Həmçinin, onun nə yazdığı, nədən yazdığı, şeirlərindəki labirintlərin yolları Gülnarın təqdimatında mükəmməldir. “Arzu Hüseynin içində yaşayan məsumluq”, “Nuranə Nurun “Yoxluğuna və sağlığına”, “Şahanə nağıl”, “Emin Piri “Tanrının kölgəsi”ndə”, “Elməddin Nicata məktub”, “Faiq Hüseynbəyli yaradıcılığının çalarları”, “Ruslan Dostəlinin gənclik hesabatı” kimi təəssürat yazıları ədəbi gəncliyimizin portretinin ştrixləridir…

    Bir də kitabda Gülnarın “Ulduz” jurnalında apardığı müzakirələr var. Bu ədəbi müzakirəni dövrümüz üçün sevincli hadisə sayıram. Jurnalın redaktoru Qulu Ağsəs bu layihəni başlatmaqla gənclərin bir-birinə olan münasibətini, bir-birinin yaradıcılığını necə qiymətləndirmələrini aşkarlamamızda yeni cığır açdı…
    Utanaraq qeyd edirəm ki, kitabda mənim “Poçtalyona məktub”um haqqında da yazı var. Mənim uyğunsuz qafiyələrimə daim irad tutan Gülnar Səmaya həmişə cavabım bu olur: “Mən şeiri düzəltmirəm, şeir məni düzəldir”. Amma hərdən onun iradlarının qarşısında da utandığım olub…

    Hər uğurun uğurumuzdur, Gülnar Səma! Sənin zəhmətin çağdaş ədəbiyyatımızın gündəlik həyat tərzinə çevrilsin… Amin!

    Şəfa VƏLİ,

  • Mirzə Ələkbər Sabir

    Mirzə Ələkbər Sabir (doğum adı: Ələkbər Zeynalabdin oğlu Tahirzadə; 30 may 1862, Şamaxı – 12 iyul 1911, Şamaxı) — Azərbaycanlı şair,satiranın ustadı, ictimai xadim, filosof və müəllim olmuşdur.

    Həyatı
    Ələkbər Zeynalabdin oğlu Tahirzadə 1862-ci il mayın 30-da Şamaxıda anadan olmuşdur. Atası kiçik sahibkar idi və oğlu səkkiz yaşına çatanda onu mollaxanaya qoymuşdu. Sabir 10-11 yaşı olarkən “Tutdum orucu irəmazanda” şeirini yazır.

    ” “Tutdum orucu irəmazanda,
    Gözüm qaldı iki qazanda
    Molla da döyür yazı yazanda.” ”
    Sabir 12 yaşına qədər mədrəsədə oxumuş, sonra isə 1874-cü ildə Bakı quberniya məclisinin Şamaxıdakı ruhani məktəbində – maarifpərvər şair Seyid Əzim Şirvaninin yeni üsullu məktəbində oxumuşdur. Müəllimi Seyid Əzim, Ələkbərə fars dilindən şeirlər tərcümə etdirir və onu istiqamətləndirir, eləcə də onun tərcümələri ilə yanaşı orijinal şeirlərini də oxuyub redaktə edirdi. Sabirin ilk məlum tərcüməsi Sədinin Gülüstan əsərindən “Didəm güli-tazə çənd dəstə” 3 misrası ilə başlanan mənzum hekayənin bir parçasıdır. Ələkbərin həmin parçadan etdiyi tərcümə belə başlayırdı:[1]

    ” “Gördüm neçə dəstə tazə güllər,
    Bağlanmış idi giyah ilən tər.” ”
    Daha sonra atası Ələkbəri təhsildən ayırıb öz dükanında köməkçi işlədir. Bununla belə Ələkbər yenə də oxuyub yazmağında davam edir. Dostu Abbas Səhhətin yazdığına görə, Sabir alış-verişdən daha çox oxuyub-yazmağa həvəs göstərdiyi üçün atası hirslənib tez-tez onu məzəmmət edirmiş: hətta bir dəfə şeir dəftərini də cırıbmış.

    Sabir 23 yaşında ikən ziyarət adı ilə səyahətə çıxıb, Orta Asiyaya, oradan da İrana gedir. O, Səbzivar, Nişapur, Səmərqənd, Buxara, Məşhəd və başqa Xorasan şəhərlərini gəzir. Bu şəhərlərdə tərəqqipərvər alim və yazıçılarla görüşüb tanış olur.

    İlk səfərindən qayıdandan sonra 1887-ci ildə o, qohumlarından olan Büllurnisə adlı qızla evlənir . On beş il ərzində onun 8 qızı, bir oğlu dünyaya gəlmişdir. Amma ailəsi zəlzələ nəticəsində vəfat etmişdir.Bir müddət sabun bişirib satıb, bədii yaradıcılıqla da məşğul olurdu.

    1902-ci ildə baş vermiş dəhşətli Şamaxı zəlzələsi zamanı Sabirin evi də dağılmışdı.

    Sabir Bakı quberniyası Sünni məclisinin sədri, Bakı quberniyasının Müsəlman Məclisinin sədri, eyni zamanda Cümə məscidinin Baş imamı olmuş Hacı Məcid Əfəndi ilə dostluq münasibətində idi. Sabirin Hacı Məcid Əfəndinin ölümünə iki şeir yazması bu münasibətdən irəli gəlirdi.

    XIX əsrin sonu, XX əsrin ilk illərində ailə problemləri olan Sabir şeirdən bir qədər uzaqlaşsa da, tamam ayrılmamışdı. 1901-ci ildə Şamaxıya qayıdan Abbas Səhhətin o zaman Sabirə mənəvi cəhətdən böyük kömək etmişdi. Onlar Şamaxının o zamankı ziyalılarından Ağəli Bəy Nasəh və Məhəmməd Tərrahla kiçik ədəbi məclis düzəldib, axşamlar klassik şairlərin və ya özlərinin şeirlərini oxuyub təhlil və müzakirə edirdilər.

    XX əsrin əvvəllərindən başlayaraq Sabirin şeirləri mətbuat səhifələrində görünür. 1903-cü ildə Şərqi-Rus qəzetində onun şeiri çap olunur. Bir qədər sonra isə o, Həyat qəzetində şeir çap etdirir. 1906-cı ildə Molla Nəsrəddin jurnalının ən fəal müəlliflərindən biri oldu. Bu zamandan Cəlil Məmmədquluzadə ilə Sabir arasında dostluq münasibətləri yarandı.

    1907-ci ilin əvvəllərində Sabir sabun bişirib satmağı dayandıraraq, mətbuat və maarif sahəsində çalışmaq, şeir yaradıcılığını daha müntəzəm davam etdirmək qərarına gəlir. O, Bakıya gəlib bir müddət İrşad qəzetinin redaksiyasında korrektor işləyir və müəllimlik imtiyazı əldə etmək üçün imtahan verməyə hazırlaşır. Bu arada Qori Müəllimlər Seminariyasında işləyən müəllim dostlarından bir neçə məktub alır. Həmin məktublarda deyirdi ki, yaxın zamanlarda seminariyanın Azərbaycan şöbəsində müəllim yeri boşalacaq. Dostları şairə həmin yeri tutmaq üçün təşəbbüs etməyi məsləhət görür və bu işdə ona kömək edəcəklərini bildirir.

    1908-ci il aprelin 11-də Bakı quberniya ruhani idarəsində imtahan verən şair mayın 7-də Tiflisə gedib, Qafqaz Şeyxülislamı İdarəsindən ana dili və şəriət müəllimi diplomu alır. Lakin Qoridən aldığı bir məktubdan sonra o, bir müddət Şamaxı məktəblərindən birində köməkçi müəllim işləyir.

    Həmin ilin sentyabr ayında Sabir “Ümid” məktəbini açmağa müvəffəq olur.[2] Bu məktəbdə 60-a qədər şagird oxuyurdu. Yeni üsulda olan başqa məktəblərdəki kimi burada da şagirdlər skamyada oturur, əyani vəsaitlərdən istifadə edir, ekskursiyaya çıxırdılar. Məktəbdə ana dili, fars dili, hesab, coğrafiya və təbiətə dair məlumat verilir, Quran və şəriət dərsləri tədris edilirdi.

    1910-cu ilin əvvəllərində Sabir Bakıya işləməyə gəlir. Əvvəlcə Zənbur jurnalının redaksiyasında çalışır. Az sonra Balaxanıdakı “Nicat” məktəbində dərs deməyə başlayır. Müəllimliyi ilə bərabər, şair Balaxanı neft mədənlərində işləyən fəhlələrə, yerli inqilabçılara yaxınlaşaraq, onların açdıqları “Nur” kitabxanasının fəal üzvü olur. O ilin yazından Sabir Bakıda çıxan “Günəş” və “Həqiqət” qəzetlərinin redaksiyasında işləyir. “Günəş” qəzeti hər həftənin cümə günü “Palanduz” sərlövhəsi ilə gülüş səhifəsi buraxırdı. Sabir bu səhifədə “Nizədar” və “Çuvalduz” imzaları ilə müntəzəm surətdə ifşaçı əsərlər çap etdirir. Şair eyni zamanda “Molla Nəsrəddin”ə də yazmaqda davam edir.

    1910-cu ilin axırlarında ciyər xəstəliyinə tutulub, Şamaxıya qayıdır. 1911-ci ilin may ayında o, müalicə üçün Tiflisə gedib, dostu C. Məmmədquluzadənin evində yatır. “Molla Nəsrəddin”in əməkdaşları şairə böyük qayğıkeşlik göstərirlər. Xəstəliyinin getdikcə şiddətləndiyinə baxmayaraq, Sabir yenə şeir yazmağa davam edir, yeni-yeni taziyanələr üzərində işləyir, “Molla Nəsrəddin” jurnalının redaksiya işlərinə yaxından kömək edir.

    İyun ayında həkimlər şairə cərrahiyə əməliyyatı aparmağı təklif edirlər. Lakin xəstə buna razı olmur. O, Şamaxıya qayıdır.

    Mirzə Ələkbər Sabirin 100 illiyi münasibətilə buraxılmış SSRİ poçt markası (1958).
    “Molla Nəsrəddin” jurnalı 1911-ci il 14-cü sayında xəstə şairə maddi yardım etməyə çağıran bir elan dərc edir. Bu elandan sonra Rusiyanın və Şərqin bir çox şəhərlərindən onlarla oxucu böyük xalq şairinə məhəbbət və hörmət əlaməti olaraq “Molla Nəsrəddin”in ünvanına ianə göndərirlər.

    Xəstəliyinin çox şiddətləndiyini və ona başqa bir əlac olmayacağını görən şair cərrahiyə əməlliyatına razı olub, iyulun 8-də Bakıya gəlir. Lakin artıq həkimlər cərrahiyənin də heç bir fayda verməyəcəyini söyləyərək, ona Şamaxıya qayıtmağı məsləhət görürlər. Jurnalist H.İ.Qasımov xəstə şairlə Bakıda son görüşünü xatırlayaraq yazır: …Qəzetdə yazarsan, Sabir deyirdi ki, mən vücüdumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım.

    1911-ci il iyulun 12-də Sabir vəfat edir.Şairin Məzarı Şamaxıda ”Yeddi Güşə” də dir.

    .
    Haqqında olan əsərlər
    Mirzə İbrahimov, Böyük şairimiz Sabir, Bakı, Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı, 1962, 38 səh.
    Cəfər Xəndan, Sabir yaradıcılığının sənətkarlıq xüsusiyyətləri, Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1962, 436 səh.
    Abbas Zamanov, Müasirləri Sabir haqqında, Bakı, Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatı, 1962, 323 səh.
    Abbas Zamanov, Sabir gülür, Bakı, Gənclik, 1981, 260 səh.
    İstinadlar
    HƏYAT VƏ YARADICILIĞI
    Hüseyn Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. – səh. 294.
    Mənbə
    Kamal Camalov. Mollanəsrəddinçilərin maarifçilik ideyaları. Bakı: Elm və təhsil, 2015.
    Həmçinin bax
    Commons-logo.svg
    Vikianbarda Mirzə Ələkbər Sabir ilə əlaqəli mediafayllar var.

    Wikisource-logo.svg
    Vikimənbədə Mirzə Ələkbər Sabir ilə əlaqəli məlumatlar var.

    Hophopnamə
    Mirzə Ələkbər Sabirin ev-muzeyi
    Xarici keçidlər
    Mirzə Ələkbər Sabir haqqında ətrafı məlumat
    Youtube-da bax: Şamaxı mahnısı (02.03.2014)
    Youtube-da bax: Oxutmuram əl çəkin (07.05.2014)
    Youtube-da bax: Gəl-Gəl, a yaz günləri (11.05.2014)
    Səda – Mirzə Ələkbər Sabirin doğum günüdür (30.05.2016)
    Səda – “Sabir” tamaşası hazırlanır (03.06.2016)
    Sabirin Youtube Kanali

  • Cəlil Məmmədquluzadə

    Cəlil Məmmədquluzadə (tam adı: Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə; 10 fevral 1869[1], Naxçıvan, İrəvan quberniyası, Rusiya İmperiyası – 4 yanvar 1932, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ) — Azərbaycan yazıçısı, dramaturqu, jurnalisti, ictimai xadimi; “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi və ideya rəhbəri.[2][3][4][5]

    Cəlil Məmmədquluzadə həmçinin Azərbaycanda və Şərqdə ilk feminizm, qadınların və kişilərin hüquq bərabərliyi ideologiyasının əsasını qoymuş ictimai xadim hesab olunur.[6]

    Həyatı
    Cəlil Məmmədquluzadə 22 fevral 1869-cu ildə Naxçıvan şəhərində kiçik tacir ailəsində anadan olmuşdur.[3][4][5]Bəzi mənbələrdə ədibin doğum tarixi 1866-cı il olaraq göstərilmişdir.[7][8][9]Lakin son illərdə aparılmış tədqiqatlar Cəlil Məmmədquluzadənin 1869-cu ildə anadan olduğunu müəyyən etmişdir.[3][4][5] Ədibiin babası daşyonan, bənna Məşədi Hüseynqulu İran Azərbaycanın Xoy şəhərindən olub, sonralar Naxçıvana köçmüşdür. Atası Məmmədqulu Məşədi Hüseynqulu oğlu (1840-1905) ibtidai səviyyədə savadı olan dindar biri olmuşdur. O, ömrünü yoxsulluqla keçirmiş, elmə, maarifə rəğbət bəsləmişdir.[4][8][9][10]

    Məşədi Məmmədqulu XIX əsrin ikinci yarısında Naxçıvan şəhərində yerli sahibkarlardan olan Canpoladovların duz anbarlarında çalışmış, burada duz, ot və saman satmış, həmçinin ailəsini dolandırmaq üçün Şahab məhəlləsində baqqal dükanı işlətmişdi. 1877-ci il müharibəsi zamanı Naxçıvan duz mədənlərinin məşhur icarədarları olan Canpoladov qardaşları Məşədi Məmmədquluya podrat duz buraxmışlar. Bununla da onun maddi vəziyyəti bir qədər yaxşılaşmışdı.[4][8][9][10]

    Məşədi Məmmədqulu təxminən 1860-cı ildə öz həmyerlisi dirrikçi Məşədi Babanın qızı Sara Babayeva ilə evlənmiş, onların 4 oğlu və 1 qızı olmuşdu. M.Məmmədqulunun böyük oğlu Mirzə Yusif saatsaz idi, fars dilini mükəmməl bilirdi. O, cavan yaşlarında vəfat etmişdi. Kiçik oğlu Xəlil də çox erkən – 1904-cü ildə dünyasını dəyişmişdi. Məşədi Məmmədqulu yalnız iki oğlunu – Ələkbəri, Cəlili və qızı Səkinəni böyüdüb, onlara tərbiyə verə bilmişdi.[9][10]

    Onun üçüncü oğlu Mirzə Ələkbər (1872-1922) 1906-1911-ci illərdə İran Azərbaycanındakı milli-azadlıq hərəkatının fəal iştirakçılarından biri olmuşdur. O, Səttar xanın yaxın silahdaşlarından idi. Qızı Səkinə isə 1900-cü ildə Məmmədqulu bəy Kəngərliyə, sonra isə onun qohumu Əsgər ağa Kəngərliyə ərə getmiş, 1913-cü ildə vəfat etmişdi. Onun Teymur və Cəlal adlı iki oğlu, Pakizə adlı bir qızı qalmışdır. Onlar Mirzə Cəlilin himayəsində böyümüşdü. Ədibin valideynləri 1905-ci ilin əvvəllərində Naxçıvanda vəfat etmişlər.[9][10]

    Təhsil illəri
    Cəlil Məmmədquluzadə 1873-1876-cı illərdə Molla Əli Hüseynzadənin, 1877-1879-cu illərdə isə Hacı Molla Bağırın məktəbində oxumuşdur. O, bu barədə qeyd etmişdir:

    ” 7-8 yaşında molla yanına gedib çərəkə və Quran oxumağım da yadıma düşür. Naxçıvanda o vədə müdərrislikdə məşhur olan Hacı Bağır və Molla Əlinin də məktəblərində oxumuşam və Hacı Molla Bağırın falaqqasının çubuqlarının acısını, deyəsən, indi – bu saat yenə ayaqlarımda hiss edirəm. ”
    Ədib ərəb və fars dillərini də həmin vaxtda öyrənmişdir. Daha sonra Cəlil 1879-cu ildən Naxçıvan şəhər üçsinifli məktəbində təhsilini davam etdirir. Həmin məktəbdə dərslər rus dilində tədris olunurdu və Azərbaycan dilinin tədrisinə cuzi yer verilirdi. O, burada 3 il təhsil almışdı. Mirzə Cəlilin dünyagörüşünün inkişafına burada keçirilən dünyəvi fənlərin, həmçinin məktəbin müdiri, maarifçi Konstantin Nikitinin (1832-1894), qabaqcıl görüşlərinə görə mərkəzdən uzaqlaşdırılaraq Naxçıvanda müəllimliyə göndərilmiş gürcü xalqçı-demokrat, coğrafiya müəllimi Georgi Uturqaurinin, ana dili və şəriət müəllimi, teatr həvəskarı Mirzə Sadıq Qulubəyovun (1823- ?), Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini beş il əvəzinə iki ilə bitirərək doğma şəhərə təyinat almış, A.O. Çernyayevskinin yetirməsi olan Əliməmməd Xəlilovun (1862-1896) da mühüm təsiri olmuşdur. [3][4][7][8][9][10]

    Qori Müəllimlər Seminariyası
    Çar hökuməti 1879-cu ildə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyası nəzdində Azərbaycan şöbəsi yaradılması haqqında fərman vermişdi. Seminariya pansionlu qapalı təhsil ocağı olub, kənd məktəbləri üçün müəllim hazırlayırdı. Seminariyanın Azərbaycan şöbəsinin müfəttişi A.O.Çernyayevski ilk illərdə Azərbaycan rayonlarını gəzərək, seminariyada oxumaq üçün tələbələr seçirdi. O, 1882-ci ildə Naxçıvana gəlmiş və Cəlil Məmmədquluzadəni də başqa şagirdlərlə birlikdə təhsil alması üçün siyahıya almışdı.[9]

    Cəlilin bu məktəbdə oxumağa istiqamətləndirilməsində müəllimi Əliməmməd Xəlilovun xüsusi rolu olmuşdur. Əliməmməd Xəlilov C.Məmmədquluzadənin seminariyaya daxil olması barədə Məşədi Məmmədqulunun adından göndərilmiş kalleqrafik xətlə yazılmış 21 iyun 1882-ci il tarixli ərizəsini də öz xətti ilə köçürmüşdü. Həmin il qəbul imtahanlarını uğurla verən Cəlil seminariyanın aşağı hazırlıq sinfində dərslərə başlamışdır. Ədib aşağı və yuxarı hazırlıq siniflərində, habelə birinci əsas sinifdə yaxşı oxumuşdur. Professor Əziz Şərif bununla bağlı qeyd etmişdir:[8][11]

    ” Gələcək yazıçı hazırlıq siniflərini müsbət nəticələrlə başa vurmuş və seminariyanın birinci əsas sinfinə keçirilmişdir. ”
    Lakin əsas siniflərdə təhsil alarkən onun qiymətləri birdən-birə aşağı düşmüşdür. Buna səbəb isə sərt rejimin olmağı, həmçinin seminaristləri ana dilində danışmaqdan, ətraf mühitlə əlaqə saxlamaqdan məhrum edən qaydaların mövcudluğu idi. Cəlil Məmmədquluzadə seminariyanı 1887-ci ildə bitirir və müəllimlik attestatı alır. Attestatda qeyd edilmişdir: (Gürcüstan SSR Dövlət Xalq Maarif Muzeyinin arxivi, Zaqafqaziya (Qori) müəllimlər seminariyasının işi, № 1565) [3][7][8][9][10][12][13]

    ” Bu attestat Zaqafqaziya müəllimlər seminariyası şurası tərəfindən, müəllim seminariyaları haqqındakı qaydaya əsasən, verilir seminariyanın yetişdirməsi (müsəlman şiə məzhəbinə mənsub) meşşan oğlu, 21 yaşında olan Cəlil Məmmədquliyeva bundan ötrü ki, o, əla əxlaqla birlikdə son imtahanlarda aşağıdakı bilik səviyyəsini göstərmişdir:”şəriət- çox kafi, Pedaqogika- kafi, Rus dili – kafi, Azərb.dili- kafi, hesab- kafi, həndəsə və yerölçmə-çox kafi, tarix ,coğrafiya ,təbiətşünaslıq – kafi, hüsnxət, rəsmxət və rəsm – çox kafi, müəllimlik təcrübə dərsləri – çox kafi”. Bunlardan başqa sənət, bağçılıq, idman, mahnı, meteoroloji nəzarəti də öyrənmişdir. Bunlara görə də ibtidai xalq məktəblərində müəllimlik adına layiq görülmüşdür. ”
    Ədibin dünyagörüşünün, bədii zövqünün, yaradıcılıq vərdişlərinin formalaşmasında 5 il (1882-1887) oxuduğu Zaqafqaziya Müəllimlər Seminariyasındakı təhsil illəri mühüm mərhələ təşkil etmişdir. Cəlil burada Azərbaycan və Şərq ədəbiyyatı ilə yanaşı, Avropa, rus elmi, mədəniyyəti və demokratik fikri, mütərəqqi pedaqoji təlimi ilə də yaxından tanış olmuşdur.[8][9]

    Seminariyada başqa fənlərlə yanaşı, tərcümə dərslərinə xüsusi fikir verilirdi. Bu yolla həm dünya ədəbiyyatı ilə əsaslı tanışlıq başlanırdı, həm də tərcümə seminaristlərdə qələm vərdişləri yaradırdı. Ədib seminariyada tərcümə üçün Qoqolun və Krılovun əsərlərini seçmişdir. Burada o, müxtəlif millətlərdən olan A.O.Çernyayevski, D.D.Semyonov, N.N.Novospasski, N.O.Lomouri, habelə azərbaycanlı müəllimlər Mirzə Əbdülqasım Axundzadə, Səfərəlibəy Vəlibəyov kimi pedaqoqlardan dərs almışdır. [5][8]

    Gənc Cəlil seminariyada təşkil olunmuş tədbirlərdə fəal iştirak etmiş, teatr tamaşalarında həvəskar aktyor kimi səhnəyə çıxmışdır. Bununla yanaşı, ədəbi gecələr üçün ssenarilər, sınaq dərslər üçün icmallar yazmışdır. Qori seminariyası Cəlil Məmmədquluzadənin mənəvi aləmində, dünyaya baxışında, təbiət və cəmiyyət hadisələri anlayışında əsaslı dönüş yaratmışdı.[5][7][10][12]

    Buraxılış imtahanları qurtardıqdan sonra seminariya yoldaşı İsmayılbəy Şərifbəyovun dəvəti ilə Cəlil Şuşaya getmişdir. O, burada Xurşidbanu Natəvanla və yerli ziyalılarla tanış olmuşdur.[9][10]

    Pedaqoji fəaliyyəti
    Cəlil Məmmədquluzadə seminariyanı bitirib müəllimlik attestatı aldıqdan sonra pedaqoji fəaliyyətə başlamışdır. O, 1887-1897-ci illər arasında İrəvan quberniyasının Uluxanlı, Naxçıvan mahalının Baş Noraşen (indiki Şərur rayonunda Cəlilkənd) və Nehrəm kəndlərində müəllimlik etmişdir.[5]

    Mirzə Cəlil 1887-ci ilin avqustundan Uluxanlı kəndinə müəllim təyin olunmuşdu. Belə ki, Qafqaz tədris dairəsinin müdiri İrəvan və Yelizavetpolun xalq məktəbləri müdirinə göndərdiyi 7 avqust tarixli məktubunda Uluxanlı məktəbinin müəllimi Məmmədbəy Qazıyevin işdən azad edildiyini və onun əvəzinə Cəlil Məmmədqulizadənin təyin olunduğunu bildirmişdi. Gənc müəllim 1887-ci ilin sentyabrın 1-dən Uluxanlı qəsəbəsində 1-ci dərəcəli məktəbdə pedaqoji fəaliyyətə başlamışdır. Həmin vaxt Uluxanlıda əhalinin elmə, məktəbə həvəsi yox idi. Məktəbdə cəmisi 10-12 nəfər şagird oxuyurdu.

    Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında Mirzə Cəlilə dərs demiş, həmçinin Naxçıvan əyalətindəki Baş Noraşen ikisinifli zemstvo məktəbinin müdiri olan Əliməmməd Xəlilov xəstələndiyi üçün müalicəyə getmək zərurəti qarşısında qalaraq bir müddət pedaqoji fəaliyyətinə ara vermişdi. Həmin müddətdə müfəttiş U.Pasxalov müdiriyyətə belə bir məlumatla müraciət etmişdi:

    ” Cənab Xəlilovun getməsilə ilə məktəbin bağlanması lazım gəldiyi üçün bəlkə siz Xəlilov qayıdana qədər şagirdlərlə məşğul olmaqdan ötrü Uluxanlıdakı ikisinifli məktəbin müəllimi Məmmədquliyevin müvəqqəti olaraq, Baş Noraşen məktəbinə təyin olunmasını mümkün hesab edəsiniz? Belə ki, mən bu yaxınlarda Uluxanlı məktəbini təftiş edərkən məlum oldu ki, burada hər iki sinifdə cəmisi on iki şagird vardır və Uluxanlı məktəbinin nəzarətçisi özü müvəqqəti olaraq bu bir neçə şagirdlə məşğələ apara bilər. ”
    Beləliklə, Pasxalovun bu müraciətinə müsbət cavab verilmiş və 13 oktyabr 1887-ci ildə Cəlil Məmmədquluzadə Əliməmməd Xəlilovu müvəqqəti əvəz etmək məqsədilə həmin məktəbə təyin edilmişdir. Ə.Xəlilov sağalıb qayıdarkən Uluxanlı məktəbinin nəzarətçisi İ.N.Novruzov Mirzə Cəlil kimi bir müəllimi itirmək istəməmiş, buna görə də İrəvan xalq məktəblərinin müfəttişliyinə göndərdiyi 4 dekabr tarixli raportunda ədibin Uluxanlıya qayıtmasını xahiş etmişdir. Həmin ayın 18-də müfəttişlik Cəlil Məmmədquluzadənin Uluxanlıda saxlanılmasına icazə vermişdir. Lakin Baş Noraşenin Naxçıvana yaxın olduğunu və dərs şəraitinin də nisbətən yaxşı olmasını nəzərə alan Cəlil Məmmədquluzadə 1888-ci il yanvarın 16-da İrəvandan Gəncəyə, müdir Orlovun adına belə bir teleqram göndərmişdi:

    ” Acizanə xahiş edirəm ki, məni Uluxanlıya qaytarmayıb Baş Noraşendə saxlayasınız. ”
    Baş Noraşenin məktəb nəzarətçisi və müəllimi Xəlilov isə öz teleqramında yazmışdır:

    ” Xahiş edirəm ki, yeni təyin olunmuş Məmmədquliyevi mənim yanımda saxlayasınız, rədd etməyin, yalvarıram. ”
    Bu teleqramdan sonra Orlov müfəttiş U.Pasxalova məlumat verir ki, Cəlil Məmmədquluzadə Baş Noraşen məktəbində saxlanılsın. Cəlil Məmmədquluzadə Baş Noraşendə 1887-ci ildən 1890-cı il yanvarın 15-nə qədər müəllimlik etmişdir. Ədib hələ Baş Noraşendə işləyərkən xalq məktəbləri müdirinə teleqram vuraraq xahiş etmişdi ki, yer boşalanda onu Naxçıvan şəhərinə daha yaxın məsafdə yerləşən, keçmiş seminariya dostu Mirzə Əbülqasın Sultanovun müəllimlik etdiyi Şahtaxtı məktəbinə müəllim təyin etsinlər. Lakin bir ildən artıq keçməsinə baxmayaraq, o, müsbət cavab almamışdı.

    Cəlil Məmmədquluzadə 1890-cı il yanvarın 15-də valideynlərinin yaşadığı Naxçıvan şəhərinin cəmi 5 verstliyində olan ikisinifli Nehrəm məktəbinə təyinat almışdır. Gələcək yazıçı 10 iyul 1897-ci ilədək, təxminən 7 il burada çalışmışdır. Bu barədə Qafqaz tədris idarəsinin əmrində qeyd olunmuşdur:

    ” Baş Noraşen kəndindəki ikisinifli Zemski məktəbinin müəllimi Cəlil Məmmədquliyev Nehrəm kəndindəki ikisinifli Zemski məktəbinin nəzarətçisi vəzifəsinə və Eçmiədzin qəzasının Korxun birsinifli məktəbinin sabiq müəllimi Ələşrəf Qazıyev isə Baş Noraşen ikisinifli Zemski məktəbinin müəllimi vəzifəsinə təyin edilirlər. ”
    Cəlil Məmmədquluzadə burada da təlim-tərbiyə işlərinin yüksəldilməsinə xüsusi fikir vermiş, məktəbə səkkiz nəfər azərbaycanlı qız cəlb edərək xüsusi sinif təşkil etmiş və bu sinifdə məşğələləri özü aparmışdır. Ədiblə bir müddət birgə işləmiş müəllim T.S.Smbatyan bu barədə yazmışdır:

    ” Mirzə Cəlil bütün qəlbini və qüvvəsini gənc nəslin təlim-tərbiyəsi işinə sərf edir, uşaqları mədəni adamlar etməyə çalışırdı. Uşaqları məktəbə cəlb etmək məqsədilə Mirzə Cəlil öz pulu ilə kasıblara kitab, dərs vəsaiti, ayaqqabı və s. alardı. ”
    Lakin insanların təhsilə maraq göstərməməsi, mühitin yaratdığı çətinliklər, eyni zamanda ədibin kənddə qalmamaq, başqa xalqların həyatı və mədəniyyəti ilə də tanış olmaq arzusu onu 26 may 1895-ci ildə xalq məktəbləri müfəttişinə raport yazmağa vadar etmişdir. Raportda qeyd edilmişdir:

    ” Daşıdığım vəzifəni müvəffəqiyyətlə yerinə yetirməyə əks təsir göstərən və məni işləmək imkanından məhrum edən yerli şəraitə qarşı mübarizədə gücsüz olduğumu görüb, işləmək üçün özümə başqa bir yer tapmaq məqsədilə həmin il may ayının 11-də xalq məktəbləri müfəttişinə yazdığım raportda xahiş etmişdim ki, qarşıdakı tətil zamanı mənə üç aylıq məzuniyyət götürməyə icazə versin. ”
    Müdir həmin raportu xalq məktəbləri müfəttişinə göndərmiş və xeyli çətinlikdən sonra müfəttiş Cəlil Məmmədquluzadənin “Avropa Rusiyanın müxtəlif yerlərinə getmək üçün iyunun 10-dan avqustun 25-dək” məzuniyyətə izn vermişdi. Beləliklə, gənc müəllim 1895-ci ilin yayında Peterburq və Moskvada olmuş, “Novoye vremya” qəzetinin redaktoru Suvorinlə görüşərək ərəb əlifbasını latın əlifbası ilə dəyişdirmək məsələsini öz qəzetində qaldırmağı ondan xahiş etmişdi. Suvorin isə bu məsələnin vaxtının hələ çatmadığını bildirmişdir. Yazıçının “Eşşəyin itməkliyi” əsərini radlov əlifbası ilə yazması da onun köhnə əlifbanın dəyişdirilməsinə inamını və təşəbbüsünü göstərmişdir.

    Cəlil Məmmədquluzadə 1896-cı ildə Nehrəm məktəbində tarix muzeyi yaratmış, bu muzeydə Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair materialların toplanmasına nail olmuşdur. Bununla yanaşı, ipəkçilik peşəsini öyrətmək üçün xüsusi məşğələlər təşkil etmiş, kəndlilərin ağır iş şəraitini yüngülləşdirmək üçün Tiflisdən dəmir kotan gətirilməsinə nail olmuşdur. O, həmçinin yerli həvəskarlarla birlikdə Naxçıvanda teatr tamaşaları təşkil etmişdir. Bununla əslində mənsub olduğu xalqın maariflənməsi, milli oyanışı və mədəni tərəqqisi üçün çalışmışdır.

    Yaradıcılığı
    Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatı taixində görkəmli jurnalist və publisist olmaqla bərabər, həm də böyük bir dramaturq və nasir kimi tanınmışdır. Kəndlərdə müəllim işlədiyi illər ədibin gələcək yaradıcılığı üçün zəngin material vermişdir. Bir sıra kiçik hekayələrini, “Danabaş kəndinin əhvalatları” (1936 ildə nəşr olunmuşdur) povestini də bu dövrdə yazmışdır. 1895-ci ildə yayında Moskvaya və Peterburqa getmiş, bu şəhərin mədəni həyatı ilə tanış olmuşdur. Naxçıvanda və İrəvanda müxtəlif hüquq idarələrində çalışmışdır.

    Bədii nəsri
    İlk nəsr əsərləri (1894-1904)
    Cəlil Məmmədquluzadənin ilk yaradıcılıq dövrü 1905-ci il inqilabına qədər davam etmişdir. Bu dövrdə “Çay dəstgahı” adlı alleqorik mənzum dramını, “Danabaş kəndinin əhvalatları” povestini, “Danabaş kəndinin məktəbi”, “Kişmiş oyunu”, “Poçt qutusu” hekayələrini yazmış, rus dilindən bəzi tərcümələr etmişdir. Ədibin yaradıcılığının birinci dövrünə aid olan bu ilk əsərlərində inqilabdan əvvəlki Azərbaycan kəndinin, kəndlisinin həyat və məişətinin müxtəlif cəhətləri əks olunmuşdur.[9][13][14]

    Mirzə Cəlilin ilk məlum nəsr əsəri 1894-cü ildə yazılmış “Danabaş kəndinin əhvalatları” povestidir. Povest ədibin Nemhrəmdə müəllimlik etdiyi illərdə qələmə alınmışdır. Müəllif “Danabaş kəndinin əhvalatları” adı altında silsilə, seriya əsərlər yazmağı nəzərdə tutmuşdur. Həmin seriyaya daxil olan “Eşşəyin itməkliyi” povestini tamamlamış, “Danabaş kəndinin məktəbi” hekayəsi isə yarımçıq qalmışdır. Ona görə də “Danabaş kəndinin əhvalatlari”dedikdə “Eşşəyin itməkliyi” povesti nəzərdə tutulur.[3][7][8][9][13][14][15][16]

    Kəndli məişətini dərindən öyrənən, kənddəki zülmü, yoxsulluq və avamlığın bilavasitə şahidi olan Cəlil Məmmədquluzadə “Danabaş kəndinin əhvalatları” povestinin mövzusunu məhz bu həyatdan götürmüşdür. Əsərin ideyası ilə əlaqədar olaraq, ədib Danabaş kəndində cərəyan edən bir əhvalat seçmiş və povestin sujet xəttini həmin əhvalat üzərində qurmuşdur. Povestin sujetini real həyat materialı üzərində quran müəllif kəndlilərin həyatını, məişətini, qadınların kölə vəziyyətini, zəhmətkeşlər üzərində hökm sürən zülm və ədalətsizliyi əks etdirmişdir. Əsərdə satira atəşinə tutulan hədəflərdən biri də bəylər, çarizm üsul-idarəsi, rüşvətxor çar çinovnikləridir.[3][9][13][14]

    Əsər o zaman çap olunmamışdır, ancaq əlyazması şəklində ədibin yaxın dostları arasında yayılıb oxunurdu. (C.Məmmədquluzadə “Əsəri”, II cild, Bakı, Azərnəşr, 1936, səh. 485).)[13]

    ” Yazmaq istəyirdim. Çox istəyirdim yazmaq. Amma bilmirdim niyə yazım və kimdən ötrü yazım. Çünki ümidvar deyildim ki, yazdıqlarımı çap etməyə və intişarə qoymağa hökumət icazə verəcək. ”
    (C.Məmmədquluzadə “Seçilmiş əsərləri”, Bakı, Azərnəşr, 1951, I cild, səh.430)

    1901-ci ildə İrəvandan Naxçıvana maarifpərvər M.T.Sidqiyə göndərdiyi 27 yanvar tarixli məktubunda Cəlil Məmmədquluzadə belə yazmışdır:[13]

    ” “Məhəmmədhəsən əminin eşşəyini” (“Danabaş kəndinin əhvalatları”) istəyirəm yazib göndərəm, senzor izn versin, İrəvanda çap elətdirəm. ”
    (C.Məmmədquluzadənin arxivi, Azərbaycan SSR EA Respublika Əlyazmaları fondu, Q-3(137)

    Mirzə Cəlil həmin dövrdə çap etdirə bilməsə də, gördüyü hadisələri müntəzəm qələmə almışdır. Ədib 1921-ci ildə Təbrizdən qayıtdıqdan sonra əsəri çap olunmaq üçün Bakıda Maarif Komissarlığına təqdim etmişdir. Ancaq povest Maarif Komissarlığında itdiyindən ədib öz sağlığında onu çap etdirə bilməmişdir. Beləliklə, povest ilk dəfə yazıçının ölümündən sonra 1936-cı ildə Azərnəşrdə ayrıca kitab şəklində çap olunmuş, sonra isə ədibin “Əsərləri” (1936), üçcildlik və altıcildlik “Əsərləri”nin I cildinə (1966, 1983) daxil edilmişdir.[3][7][13]

    Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” seriyasından yazılmış “Danabaş kəndinin məktəbi” adlı yarımçıq bir hekayəsi də vardır. Hekayədə milli maarifçiliyə çağırış motivləri əks olunmuşdur. Ədib sonralar yenidən həmin məsələyə qayıtmış, eyni mövzu və eyni adda bir pyes yazmışdır.[4][13]

    Mirzə Cəlilin ilk mətbu əsəri olan “Poçt qutusu” hekayəsi 1903-cü ilin noyabr ayında qələmə alınmışdır. Fikri istiqaməti etibarilə bu hekayə “Danabaş kəndinin əhvalatları” povestinin davamıdır. Mülkədar Vəlixan ilə avam kəndli Novruzəli arasındakı münasibət əsərin əsas məzmununu təşkil edir. “Poçt qutusu” hekayəsi gənc yazıçının ədəbi həyatında xüsusi əhəmiyyətə malik olmuş, onun gələcək yolunu müəyyənləşdirmişdir. [4][9][13][17] [14]

    Ədib sonralar bu barədə qeyd etmişdir:[9]

    ” … Mən “Poçt qutusu”nu ondan ötrü oxucuların nəzərinə gətirirəm ki, mənim bu hekayəm ədəbi həyatımda bir əhəmiyyətli rol oynayıbdır. Bu da odur ki, bəlkə bu hekayəmin səbəbindən mən bu müsafirətimdə Tiflisə azarlını apardıqda dəxi İrəvana qayıdıb gəlmədim və Tiflisdə qalıb sonra da həmişəlik tiflisli oldum. ”
    Əsər Tiflisdə Azərbaycan dilində çıxan “Şərqi-Rus” qəzetinin 1904-cü il 16 və 18 yanvar tarixli saylarında “Poçt qutusu” sərlövhəsi və “Cəlil Məmmədquluzadə” imzası ilə dərc edilmişdir. (“Şərqi-Rus” qəzeti, 16, 18 yanvar 1904-cü il, № 5, 6) Beləliklə də, ədibin “Şərqi-Rus” qəzetində çap olunan ilk hekayəsi “Poçt qutusu” olmuşdur. Müəllif onu ruscaya çevirərək, “Novoye obozreniye” qəzetində dərc etdirmişdir. 1905-ci ildə isə “Qeyrət” mətbəəsində ayrıca kitabça halında buraxılmışdır.[9][17]

    “Poçt qutusu” Mirzə Cəlilin əsərlərinin nəşrlərinin hamısına daxil edilmiş, xarici dillərə tərcümə olunmuş və orta məktəblərdə tədris olunur. Hekayə əsasında “Azərbaycantelefilm” kinostudiyasında qısametrajlı film çəkilmişdir.[17]

    1905-1920-ci illərdəki hekayələri
    XX əsrin əvvəllərindən etibarən Cəlil Məmmədquluzadə bədii yaradıcılıqla da ardıcıl məşğul olmuşdur. Qüdrətli yazıçının “Usta Zeynal” (1905), “Dəllək” (1906), “İranda hürriyyət” (1906), “Fatma xala” (1906), “Qurbanəli bəy”, “Quzu” (1914), “Nigarançılıq” (1916), “Konsulun arvadı” (1918), “Pirverdinin xoruzu” (1906) və b. hekayələri onu kiçik janrın böyük ustadı kimi tanıtmışdır.[3][4][15]

    İlk əsələrində əsasən kənd və kəndli həyatından, bəy-xan zülmündən yazan müəllif yeni dövrdə öz hekayələri üçün fəhlə həyatından da mövzu seçir. Fəhlə mövzusunun işlənməsi nöqteyi-nəzərindən Cəlil Məmmədquluzadə nəsrinin inkişafını göstərən əsərlər içərisində “Usta Zeynal” (1905) və və “İranda hürriyyət”(1906) hekayələri xüsusi yer tutur.[3][4][7][9][13]

    “Usta Zeynal” hekayəsinin ideyası dini mövhumatın, puç müsəlman etiqadının insanları tənbəl etdiyini, onları iş və fəaliyyətdən uzaqlaşdırdığını ifşa etməkdən ibarətdir. “Usta Zeynal” 1906- cı ildən başlayaraq, bu günə qədər dəfələrlə nəşr olunmuşdur. Həmçinin Təbrizdə çıxan “Vətən yolunda” qəzetində çap olunmuşdur. (“Vətən yolunda” qəzeti, 13, 15,17,23,25,27 və 29 dekabr 1944-cü il, № 107,108,109,111,112,113 və 114). Eyni zamanda 1945-1946-cı ildə illərdə Təbriz dövlət teatrı kollektivi “Usta Zeynal” hekayəsini səhnələşdirmişdir.(Cəfər Xəndanın “Cənubi Azərbaycan ədəbiyyatında milli azadlıq ideyaları (1906- 1946-cı illər)” adlı doktorluq dissertasiyası).[9][13] [18] [19]

    Cəlil Məmmədquluzadənin 1905-ci ildən sonrakı yaradıclığında, o cümlədən hekayələrində İranda və İran Azərbaycanında cərəyan edən ictimai-siyasi hadisələr mühüm yer tutmağa başlamışdır. Bu cəhətdən qələmə aldığı “İranda hürriyyət” hekayəsi çox xarakterikdir. “İranda hürriyyət” şah hökuməti tərəfindən 1906-cı ilin avqustunda verilmiş hürriyyətlə əlaqədar yazılmışdır. Əsər özünün bəzi xüsusiyyətlərilə, xüsusən zəhmətkeşlərin avamlığını tənqid cəhətdən “Usta Zeynal” hekayəsi ilə səsləşir. “İranda hürriyyət” hekayəsi yazıçının məqalələrində dəfələrlə təkrar etdiyi bu fikri təsdiq edir: edir:[3][9][12][13]

    ” Nə qədər ki, zəhmətkeş insan mövhumat azarından xilas olmamışdır, azadlığın nemətlərindən istifadə edə bilməz. ”
    Ədib əsərdə şah hökumətinin verdiyi hürriyyətin mahiyyətini ifşa etmiş, xalq kütlələrini aldanmamağa, əsaslı demokrtatik islahat keçirilməsi uğrunda fəal və ardıcıl mübarizəyə çağırmışdır. Mirzə Cəlil hekayəni İranda hürriyyət elan edilməsindən təxminən üç ay sonra qurtarmışdır. Əsərin sonundakı: “23 noyabr 1906, Tiflis” qeydi də onun tamamlandığı tarixi göstərir.[9][12]

    Buradan aydın olur ki, Mirzə Cəlil hürriyyət xəbərini eşidən kimi hekayəni yazmağa başlamış və günün zəruri məsələsinə dərhal öz münasibətini bildirmişdir. Hekayənin sentyabrın əvvəllərində, yəni İranda məşrutə elan edilməsindən bir neçə gün sonra yazılmağa başlandığına dair ədibin müəyyən işarələri vardır. Mövzusu siyasi məqsəd üçün seçilmiş, sujeti real həyat materialı üzərində qurulmuş “İranda hürriyyət” ilk dəfə 1906-cı ilin dekabr ayında Tiflisdə “Qeyrət” mətbəəsində ayrıca kitabça halında çap olunmuşdur. Kitabda rəssam O.l.Şmerlinqin üç illüstrasiyası yer almışdır. Hekayənin nəşri haqqında “Molla Nəsrəddin” jurnalının 1906-cı il 22 dekabr tarixli 38-ci nömrəsində dərc edilmiş “Elan” da yazılmışdır:

    ” 1906-cı ili müştərilərinə Ümidvarın yazdığı: “Bəsdir bu qədər zülm” kitabçasını hədiyyə edəcəyimizi vəd eləmişdik. Məzkur kitabın çapına ruxsət verilmədiyindən onun yerinə “İranda hürriyyət” kitabçası gələcək nömrə ilə hədiyyə göndəriləcəkdir. ”
    (“Molla Nəsrəddin” jurnalı, 22, 29 dekabr 1906-cı il, № 38,39). [9][12][13][20][21]

    Jurnalın həmin il 29 dekabr tarixli 39-cu nömrəsində isə deyilirdi:[12][13]

    ” Həmin nömrə ilə 9 aylıq müştərilərə “İranda hürriyyət” kitabı göndərilir. ”
    Cəlil Məmmədquluzadənin Cənubi Azərbaycan mövzusuna həsr olunmuş hekaəylərindən biri də “Xanın təsbehi”dir. Ədib İranda olduğu vaxt özünün bilavasitə şahidi olduğu hadisələri qələmə almışdır. Hekayınin mövzusu İran despotlarının həyatından götürülmüşdür. Əsərdə həmçinin xan və bəylərin rəiyyətə amansız münasibətini əks olunmuşdur.[9][13][14]

    “Usta Zeynal”da olduğu kimi, “Rus qızı” hekayəsində də iki ailə münasibəti, iki əxlaq və iki tərbiyə sistemi göstərilmişdir. “Usta Zeynal”da dini mövhumat, “Rus qızı”nda isə cəhalət, nadanlıq əks olunmuşdur. Hekayə ilk dəfə 1925-ci ildə “Yeni yol” qəzetinin 2 dekabr tarixli 275 və 6 dekabr tarixli 278-ci nömrələrində çap olunmuşdur. Hekayənin inqilabdan əvvəl yazıldığı qeyd olunmuşdur.[13] [22]

    Dramaturgiyası
    Cəlil Məmmədquluzadə bədii yaradıcılığa 23 yaşından, kənddə müəllim ikən başlamışdır. Ədibin ilk qələm təcrübəsi “Çay dəstgahı” alleqorik dramı olmuşdur. Bundan sonra ədib müntəzəm surətdə ədəbiyyatla məşğul olmuş, qəzetlərdə işləmiş, müəllimlik etmişdir. Əsər 1889-1894-cü illər arasında yazılmışdır. “Çay dəstgahı”nda müəllif nökər Əlinin simasında kəndin ən aşağı təbəqələrinin cəmiyyətdə yazıq və acınacaqlı halını əks etdirir. Nökər Əlilərin məişətdəki gülünc hərəkətlərində müəllif onların özlərini yox, Hacı Rəhim xanları günahlandırır.[3][7][8][9][15][23]

    Cəlil Məmmədquluzadənin ilk əsərləri alleqorik mənzum “Çay dəstgahı” dramı və birpərdəli “Kişmiş oyunu” pyesidir. Birpərdəli “Kişmiş oyunu”nu pyesi 1892-ci ildə yazılmışdır. Pyesdə müəllifin əsas tənqid hədəfi zəhmətkeşlərin malına zorla sahiblənməyə çalışan kobud, tamahkar kənd mülkədarı Vəlisoltan və quldurluğa adət etmiş dələduzlardır.[3][8][9]

    XX əsr Azərbaycan dramaturgiyasının inkişafında yeni bir mərhələni təşkil edən “Ölülər” komediyası 1909-cu ildə yazılmışdır. Əsərdə din, mövhumat və feodal həyat tərzi əleyhinə mübarizə öz əksini tapmışdır. “Ölülər”də cəhalət, gerilik, ikiüzlülük və yalan ifşa olunur. Avamlıq və nadanlığın nə kimi bəlalar yaratdığı göstərilir. Bu komediyanı yazmaqda böyük dramaturqun məqsədi müsəlman ölkələri xalqlarını uzun əsrlər cəhalətdə saxlayan, mövhumat içində çürüdən, dini, şəriəti soyğunçuluq vasitəsinə çevirən yalançı, fırıldaqçı ruhanilərin həqiqi simasını olduğu kimi xalqa tanıtmaq olmuşdur. Cəlil Məmmədquluzadənin tərcümeyi-halı ilə əlaqədar olan materiallar, arxiv sənədləri və xatirələr göstərir ki, Şeyx Nəsrullah surətinin yaradılmasında müəllifin şahidi olduğu konkret tarixi faktların və həqiqətlərin böyük təsiri olmuşdur. Şeyx Nəsrullah bütün Yaxın və Azərbaycan üçün səciyyəvi olan canlı, tipik və mürəkkəb bir ruhani obrazıdır. Ədib Şeyx Nəsrullahın əksi olaraq yaratdığı Kefli İskəndər obrazı vasitəsilə xalqı oyatmağa çalışmışdır.

    1916-cı ildə Bakıda səhnəyə qoylumuş “Ölülər” komediyası uzun müddət Azərbaycan və Şərq ölkələrinin teatrlarında oynamışdır. Əsər tez bir zamanda Dərbənd, Buxara, Səmərqənd, Orenburq, Kazan, Tiflis, Yerevan və bşaqa şəhərlərin səhnələrində uğurla göstərilmişdir. “Ölülər” haqqında Üzeyir Hacıbəyov demişdir:

    ” “Ölülər” “Molla Nəsrəddin” kimi baltanı dibindən vuran bir pyesdir”. ”
    Əsərin ilk tamaşası haqqında o zamanlar xüsusi nəşriyyat sahibi olan mühərrir Oruc Orucov yazmışdı:

    ” Yuxarıdan aşağı zikr edilən sözlərə diqqətlə baxılacaq olursa, bu cümlələr eylə silsiləvari irad olunur ki, əsla bir sərxoş nə qədər müqtədir olsa da, o dərəcədə aqilanə, mahiranə nəsihətlərdə buluna bilməz. ”
    (“Yeni İqbal” qəzeti, 1916, № 298).

    “Ölülər” Təbrizdə 1921-ci ildə tamaşa qoyulmuşdur. Həmin dövrdə Kefli İsgəndər obrazını Böyükxan Naxçıvanski, Hacı Baxşalı obrazını Səməd Mövləvi, Məşədi Oruc obrazını naxçıvanlı Cabar Əmirov, Hacı Həsənağa obrazını Mehdi, Cəlal obrazını Mirzə Cəlilin oğlu Midhət, Nazlı obrazını Mirzə Cəlilin qızı Münəvvər, müəllim obrazını qafqazlı Mehdi, Şeyx Nəsrullah obrazını Əli Azəri ifa etmişdir.

    “Anamın kitabı” komediyası Azərbaycanda Sovet hakimiyyətindən qabaq 1919-cu ildə yazılmışdır. Ədib əsərdə dil və mədəniyyət məsələsinə toxunmuş, müəyyən qrup ziyalıların canlı ana dilinə yabançı olmasını göstərmişdir. Dramaturq bir ananın övladları olan üç qardaşın simasında xalqdan uzaq belə ziyalıların tipik surətlərini yaratmışdır. Hələ 1906-cı ildə “Molla Nəsrəddin”in birinci nömrəsində ədib yazıçılara və oxuculara bu cür müraciət etmişdir:[4][8][9][14]

    ” Salınız yadınıza o günləri ki, ananız sizi beşikdə yırğalay-yırğalaya sizə türk dilində lay-lay deyirdi… Hərdənbir ana dilində danışmaq ilə keçmişdəki gözəl günlərini yad etməyin nə eybi var?. ”
    Əsərdə həmçinin Azərbaycan xalqının milli azadlığı, milli intibah və yüksəlişi məsələləri də öz əksini tapmışdır. Müəllif tipləri, hadisələri, komediyanın sujetini həyatdan götürmüşdü.[3]

    XX əsr Azərbaycan nəsri və dramaturgiyasının inkişafında yeni bir mərhələ olan birpərdəli “Kamança” pyesi 1920-ci ildə Şuşada yazılmışdır. Pyesdəki hadisələr Qarabağda cərəyan edir və həmin dövrdə Qarabağda yaşayan ədibin real həyati müşahidələri əsasında qələmə alınmışdır. Janrına görə faciə olan əsərdə 1918-1920-Cİ illərdə Qarabağda baş vermiş erməni- Azərbaycan münaqişəsi dövrünün hadisələrindən bəhs olunur.[2][3][7][24][25]

    Sovet hakimiyyəti illərində
    Cəlil Məmmədquluzadənin yaradıcılığının və ictimai fəaliyyətinin mühüm bir mərhələsini də onun həyatının Sovet hakimiyyəti illərində keçən 1921-ci ildən 1932-ci ilə qədərki dövrü təşkil edir. Sovet dövründə də ədib bədii yaradıcılığını davam etdirmişdir.[4][8]

    Sovet hakimiyyəti illərində qələmə alınmış “Lal”, “Oyunbazlar”, “Lənət” səhnəciklərində (1921) köhnəlik və gerilik, mövhumat və cəhalət tənqid olunmuşdu. Bu kiçik həcmli əsərlərdə elm, təhsil, məktəb kimi məsələlər ön plana çəkilmişdir.[4]

    Bu dövrdə “Danabaş kəndinin məktəbi” pyesini yazmışdır. Ədibin irihəcmli dramlarından olan, 1921-ci ildə qələmə alınan “Danabaş kəndinin məktəbi” pyesi əvvəlcə hekayə şəklində olmuş, sonralar müəllif tərəfindən səhnələşdirilmişdir. Pyesdə təsvir olunan həyat təxminən “Ölülər”in əhatə etdiyi tarixi dövrə yaxındır. Ədib özü də əsərin başlanğıcında əhvalatın 1895-ci ildə vaqe olduğunu qeyd edir. Əsərdə elm, maarif, məktəb təbliğ olunmuş, cəhalət və savadsızlıq tənqid olunmuşdur. Cəlil Məmmədquluzadə 1928-ci ildə əsəri tamaşaya qoyulmaq üçün Dövlət Türk Akademik Dram Teatrına “Danabaş kəndinin müəllimi” adı ilə təqdim etmişdir.[4][9][14]

    1926-ci ildə qələmə alınmış “Yığıncaq” pyesində sovet cəmiyyətinin ilk onilliyində Azərbaycan cəmiyyətində gedən mürəkkəb ictimai proseslər əks olunmuşdur.[4][7][8]

    “Dəli yığıncağı” tragikomik pyesi 1927-ci ildə Bakıda yazılmışdır. Əsərdə Cənubi Azərbaycan zəhmətkeşləri üzərində ağalıq edən müstəmləkəçilərin soyğunçuluğu, özbaşınalığı, xarici düşmənlərin mənafeyini müdafiə edən mühafizəkar ruhanilərin geniş kütlələri mövhumatda saxlamaqları kəskin tənqid olunmuşdur. “Dəli yığıncağı” mövzu etibarilə “Ölülər”ə daha yaxın əsərdir. Əsərdə “Ölülər”də əks olunan feodal həyatı və tipləri əks olunmuşdur.[3][4][9][14][26]

    Dörd pərdəli “Ər” pyesi 1930-cu ildə sovet hakimiyyəti illərində yazılmışdır. Əsərdə sovet hakimiyyətinin başlanğıc illərində Azərbaycanda gedən ictimai proseslər əks olunmuşdur.[4]

    Qadın azadlığı məsələsi
    Cəlil Məmmədquluzadənin hekayələrində qadın əsarətinə qarşı mübarizə mövzusu mühüm yer tutmuşdur. Ədib “Molla Nəsrəddin” jurnalı səhifələrində olduğu kimi, hekayələrində də həmişə qadınların ağır kölə vəziyyətinə qarşı çıxmış, onların azadlığı uğrunda ciddi mübarizə aparmışdır.[13] Mirzə Cəlilin 1905-1920-ci illərdə yazdığı hekayələrdə ən çox işlənən mövzulardan biri də məhz qadın azadlığı məsələsi ilə bağlı olmuşdur.[9][13]

    Ədib həmin illərdə qadın əsarətinə qarşı “İranda hürriyyət”, “Xanın təsbehi”, “Konsulun arvadı”, “Qəssab”, “Molla Fəzləli”, “Pirverdinin xoruzu” və s. hekayələri yazmışdır. “Molla Fəzləli” (1915) hekayəsində ədib qadın səadətini alt-üst edən köhnə əxlaq normalarından, siğə məsələsindən bəhs etmişdir. “Xanın təsbehi”, “Konsulun arvadı” hekayələrində isə qadına olan xüsusi mülkiyyətçilik əlaqəsinin başqa bir cəhəti, qadın alverinin başqa bir forması öz əksini tapmışdır.[9][13]

    Eyni zamanda ədib sovet dövründə qələmə aldığı “İki ər”, “Qiyamət”, “Eydi-rəməzan” hekayələrində də bu məsələyə toxunmuşdur. 1927-ci ildə yazılmış “İki ər” hekayəsi “Şərq qadını” jurnalının həmin il 10-11-ci nömrəsində dərc edilmişdir.[9][27]Həmçinin ədibin 1927-ci ildə Oktyabr inqilabının on illiyi münasibətilə yazdığı “Qiyamət”, “Eydi-rəməzan” hekayələrində qadının ictimai həyatdakı fəaliyyəti əks olunmuşdur.[9]

    Mirzə Cəlil qadın azadlığı məsələsinə həm hekayələrində, həm də dramaturji və publisist fəaliyyətində geniş yer vermişdir. Ədib uzun illər arzusunda olduğu “Şərq qadını” jurnalının nəşrini sevinclə qarşılamış, “Molla Nəsrəddin”də dərc etdiyi “Şərq qadını” məqaləsində onu təbrik etmişdir. Mirzə Cəlilin həmin jurnalda “Hünərli qadınlar”, “İki ər”, “Bir balaca yanlışlıq” hekayələri, həmçinin “Köhnə dərdim”, “Mirzə Fətəli Axundov dinlər haqqında”, “Mirzə Fətəli Axundov və qadm məsələsi” məqalələri dərc olunmuşdur. [28]

    Yazıçı 1924-cü ildə “Şərq qadını” jurnalının ildönümü münasibətilə yazdığı “Köhnə dərdim” adlı məqaləsində demişdi:[9][28]

    ” Bütün ömrümdə vurduğum qələmin çox hissəsi Şərq qadını məsələsi üstünə vurulub. Şərq qadınının dərdini mən hamıdan artıq anlaya bilərəm. O mənim köhnə dərdimdi… Nədir onların dərdi? Şərq qadınını azad etmək! Nədən? Şəriətin kəməndindən, müsəlmanlığın zəncirindən, hərəmxanələrin zindanından, qara çarşafın zülmündən. ”
    (Cəlil Məmmədquluzadə “Köhnə dərdim, “Şərq qadını” jurnalı, 1924, № 10, səh.25″).

    Ədib müsəlman aləmində dəbdə olan siğəni əxlaqa, ailə məsuliyyətinə zidd hesab etmiş və bu cür fikirlərinə görə ruhanilər tərəfindən təqib olunmuş, ölümlə hədələnmişdir. Bu barədə Həmidə xanım öz xatirələrində belə yazırdı:

    ” Faiq əfəndi Mirzə Cəlilə bildirdi ki, evdən kənara çıxmasın, onu öldürmək istəyirlər. Şəhərin müsəlman hissəsi böyük həyəcan keçirirdi. Camaat mollaların başçılığı ilə məscidə toplanıb Mirzə Cəlilə lənət oxuyur, islama rəxnə yetirən o dinsiziin qətlinə fərman verirdi. Başqa yerlərdən avamlar Mirzə Cəlilə söyüş və hədələrlə dolu məktublar göndərmişdilər. ”
    [29]

    Buna baxmayaraq, Şərq qadınının azadlığı uğrunda ədibin apardığı mübarizəyə yüksək qiymət verən dövrün mütərəqqi ziyalıları da az deyildi. Y.Vəzirov “Millət” qəzetində çap etdirdiyi məqaləsində yazırdı:

    ” İslam aləmində həlli üsyana səbəb olan bir çox dini məsələləri “Molla Nəsrəddin” zəmanə nöqteyi- nəzərini etibara alaraq, qolaylıqla həll yoluna saldı. Əski qanun və adətlər dairəsini pozub geniş bir vadiyə çıxdı. Qadın məsələsi kimi zəruri, həyati və bununla belə qarışıq məsələni həll etdi. Zəmanə yazılmlş qanunlardan qüvvətlidir,-dedi. Zəmanə tələbatına tabe olunuz! ”
    [30]

    Ailəsi
    1896-cı ildə ilk ailəsini qurmuşdur. 1897-ci ildə qızı Münəvvər anadan olmuş, həyat yoldaşı Həlimə xanım vəfat etmişdir. 1900-cü ildə dövrünün tanınmış hüquqşünaslarından olan Məhəmmədqulu bəy Kəngərli-nin bacısı Nazlı xanım Kəngərli ilə ailə həyatı qurur. Lakin sonradan Mirzə Cəlillə Nazlı xanımın münasibətləri korlanır. 1903-cü ildə Nazlı xanım vaxtından əvvəl ölü uşaq doğur və bununla da əsəb xəstəliyinə tutulur. Mirzə Cəlil Məhəmmədqulu bəylə birlikdə xəstəni Tiflisə aparır və həkimlərin tövsiyyəsi ilə əsəb xəstəlikləri üzrə Mixaylovski xəstəxanasına yerləşdirir. Buna baxmayaraq Nazlı xanımın xəstəliyi şiddətlənir, yeməkdən qəti imtina edir və tezliklə dünyasını dəyişir. Üçüncü dəfə 15 iyun 1907-ci ildə Həmidə xanım Əhmədbəy qızı Cavanşirlə ailə həyatı qurmuş, oğlanları Midhət və Ənvər dünyaya gəlmişdir.

    Elmi fəaliyyəti
    1903-cü ildən Tbilisidə nəşr edilən “Şərqi-Rus” qəzeti redaksiyasında işləmişdir. C. Məmmədquluzadənin yazıçı və jurnalist kimi formalaşmasında “Şərqi-Rus” qəzeti və onun redaktoru Məhəmməd ağa Şahtaxtinskinin mühüm rolu olmuşdur.[31] “Poçt qutusu” adlı ilk mətbu əsəri, “Kişmiş oyunu”, Lev Tolstoydan tərcümə etdiyi “Zəhmət, ölüm və naxoşluq” hekayələri ilk dəfə bu qəzetdə dərc edilmişdir. 1904-cü il noyabrında C. Məmmədquluzadənin “Şərqi-Rus” qəzetinin müvəqqəti redaktoru olmuşdur. 1905-ci ildə “Şərqi-Rus” bağlandığı zaman Məmmədquluzadə, jurnalist Ömər Faiq Nemanzadə və maarifpərvər tacir Məşədi Ələsgər Bağırzadə ilə şərikli bu qəzetin mətbəəsini alıb, ona ” Qeyrət” adı vermişdir. 1905-1907-ci illərdə C. Məmmədquluzadənin ilk kitabçaları, (“Poçt qutusu”, “Usta Zeynal”, “Qurbanəli bəy”, “İranda hüriyyət” ) “Qeyrət” mətbəəsində nəşr olunmuşdur. Həmin ildə C. Məmmədquluzadə Tiflisdə uşaqlar üçün məktəb və pansion açmışdı. 1905-ci ildə “Kavkazski raboçi listok” qəzetində Cənubi Azərbaycandan gəlmiş fəhlələrin ağır həyatını təsvir edən “Binəsiblər” və “Xeyirdua” məqalələri ilə çıxış etmişdi. C. Məmmədquluzadə həmin ildə “Novruz” adlı gündəlik qəzet çıxarmağa icazə alsa da, azadlıq hərakatının təsiri ilə mübariz satira orqanı nəşr etməyi daha münasib bildi.

    Cəlil Məmmədquluzadənin 100 illiyi münasibətilə buraxılmış SSRİ poçt markası (1966)
    İlk nömrəsi 1906-cı il aprelin 7-də (köhnə stil ilə 20 aprel) çıxan “Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla o, Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoydu. Həmin vaxtdan o, Molla Nəsrəddin adı ilə tanındı. Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Ömər Faiq Nemanzadə, Əli Nəzmi, Əliqulu Qəmküsar kimi yazıçı və jurnalistlərlə möhkəm ideya-yaradıcılıq əlaqəsi yarandı. C.Məmmədquluzadənin təbliğ etdiyi dərin demokratizm və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırdı. Mollanəsrəddinçilər Yaxın və Orta Şərqdə “Molla Nəsrəddin məktəbi” adlı qüdrətli mətbuat və ədəbiyyat məktəbi yaratdılar. “Molla Nəsrəddin” “Suri-İsrafil” (Azərbaycan), “Nəsimi-şimal” (İran), “Cəm” (Türkiyə), “Uklar” , “Yəşen” (Tatarıstan), “Tokmaq” (Türkmənistan), “Sinək” (Krım) və s. satirik jurnallar üçün örnək oldu. Ə. Lahuti, A. Turkay, M. Dehxuda, Ə. Gilani “Molla əmi”ni özlərinə müəllim və ustad seçmişdilər. Jurnalın Rusiyadan başqa Asiya, Avropa və Amerikanın bir sıra ölkəsində də abunəçiləri var idi. Başqa mollanəsrəddinçilər kimi, C.Məmmədquluzadə də irtica və qaraguruhçuların arakəsilməz təqib və təzyiqinə məruz qalırdı. Çar hökuməti onu tez-tez məhkəmə məsuliyyətinə cəlb edir, “Qeyrət” mətbəəsində axtarışlar aparır, bəzən də “Molla Nəsrəddin”in nəşrini dayandırırdı.”Molla Nəsrəddin” jurnalı yazıçının M.Ə.Sabirlə ayrılmaz dost olmasında da böyük rol oynamışdır.

    Cəlil Məmmədquluzadə ev muzeyi
    1920-ci ilin iyun ayında C.Məmmədquluzadə ailəsi ilə birlikdə Təbrizə köçmüş[32] və 1921-ci ildə orada Molla Nəsrəddinin 8 nömrəsini çap etmişdir. 1922-ci ildə “Molla Nəsrəddin”in nəşrinin burada davam etdirmişdir. “Yeni yol” qəzetinin redaktoru, Ümumittifaq Mərkəzi Yeni Əlifba Komitəsinin üzvü, Bakı Tənqid-Təbliğ Teatrının təşkilatçılarından olmuş, “Maarif və mədəniyyət”, “Yeni kənd”, “Şərq qadını” (indiki “Azərbaycan qadını”) və s. mətbuat orqanlarında fəaliyyət göstərmişdir. 20-ci illərin ikinci yarısından tibarən C. Məmmədquluzadənin həyatında ciddi sarsıntılar dövrü başlanmışdır. Onun baş redaktoru olduğu “Molla Nəsrəddin” jurnalına ciddi senzura nəzarəti qoyulmuş, jurnalın nəşri üçün ayrılan dövlət vəsaiti (dotasiya) azaldılmışdı. Hətta “Molla Nəsrəddin” jurnalının Mübariz Allahsızlar Cəmiyyətinin orqanı kimi fəaliyyət göstərməsi məqsədəuyğun hesab edilmişdi. Bir çox dövlət səviyyəli toplantılara, ədəbi-mədəni tədbirlərə dəvət edilməməsi, dövri mətbuatda haqqında çap olunan yersiz tənqidi məqalələr də böyük demokrat ədib üçün gözlənilməz mənəvi-zərbələrə çevrilmişdir. Bütün bunlar yazıçının sağlamlığını ciddi surətdə sarsıtmışdı. Cəlil Məmmədquluzadə 40 illik yaradıcılığı boyu müxtəlif janrlarda (dram, hekayə, povest, şeir, publisistika, ədəbi tənqid, xatirə və s.) yazdığı əsərləri ilə realist Azərbaycan ədəbiyatının yeni, yüksək pilləyə qalxmasında müstəsna rol oynamışdı. C. Məmmədquluzadə ədəbi və estetik görüşlərində realizmin ardıcıl tərəfdarı, mübariz təbliğatçısı və nəzəriyyəçısi idi. M. F. Axundov ənənələrinə əsaslanan C. Məmmədquluzadə sənətdə mücərrədliyə, formalizm təzahürlərinə, bitərəflik və ideyasızlıq meyllərinə qarşı kəskin mübarizə aparırdı. Ədəbiyyatı və mətbuatı bütün xalqın, hətta sadə, savadsız, avam adamların malı etmək onun əsas yaradıcılıq qayələrindən idi. O, “qələmlə təşəxxüs satan” məsləksiz yazıçıları – “şeir bülbülləri”ni hiddətlə tənqid edirdi. Hələ “Danabaş kəndinin əhvalatları” povesti və ilk hekayələri ilə C. Məmmədquluzadə tənqidi realizm yolunu tutmuşdu. Bu əsərlərdə o zamankı Azərbaycan kəndində hökm sürən feodal-patriarxal münasibətlər, çar məmurlarının və din xadimlərinin özbaşınalığı, şüurlarda və məişətdəki gerilik, mövhumat və xürafat, qadınların acınaclıq taleyi, tərəqqi və dirçəlişə çağıran böyük vətəndaş yanğısı ilə qələmə alınmışdı. C. Məmmədquluzadə öz qələm və məslək dostları ilə birgə Azərbaycan satirasını daha da inkişaf etdirərək, ona demokratik məzmun verdi. Onun ” Poçt qutusu” (1905), “Usta Zeynal”, “İranda hürriyyət” (1906), “Qurbanəli bəy” (1907) kimi hekayələri, məşhur “Ölülər” mühitinin rəzalətlərini nifrətlə damğalamış, işıqlı həyat haqqında arzuların tərcümanı olmuşdur. İlk dəfə 1916-cı ildə Bakıda tamaşaya qoyulan “Ölülər” komediyası “baltanı dibindən vuran” (Ü. Hacıbəyov), “İdeyası inqilabi” (N. Nərimanov) bir əsər kimi hərarətlə qarşılanmışdı. C. Məmmədquluzadənin yaradıcılığında milli şüur, mənsub olduğu xalqın müstəqilliyi və taleyi (“Anamın kitabı”,1919), ailə məktəb tərbiyəsi, ümumiyyətlə, marifçilik ideyaları (“Danabaş kəndinin məktəbi”, 1921) və s. problemlər də geniş yer almışdı. Erməni və Azərbaycan münaqişəsi mövzusunda yazılmış birpərdəli “Kamança” (1920) pyesində xalqımızın dərin humanizmini böyük sənətkarlıqla təcəssüm etdirmişdir. “Dəli yığıncağı” (nəşri 1936) komediyasında feodal-patriarxal münasibətləri, fantizm kəskin tənqid atəşinə tutulur. Bədii yaradıcılığda da olduğu kimi, publisistikasında da əsasən, satirik janrlardan istifadə etmişdir. O, çarizm, sosial ədalətsizlik, fantaizm, xurafat, cəhalət və nadanlıq, Qərb inperailzmi və Şərq istibdadı əleyhinə çevrilmiş yüzlərcə publisistik məqalə, fleyton və satirik miniatürün müəllifidir. Həmçinin, müxtəlif satirik təsvir üsulları ilə II Nikolay, Məmmədəli şah, Sultan Əbdülhəmid, Kayzer Vilhelm və b. “böyükləri ifşa edirdi. Digər dünya demokrat yazıçıları və M. F. Axundov məzlumlar ələ, “dəyənək” almağa, zalımlara qarşı qəti mübarizə aparmağa çağırırdı. “Cümhuriyyət” (1917) adlı əsərində xalq hakimiyəti, demokratik respublika tələbi irəli sürülürdü.

    Cəlil Məmmədquluzadənin büstü
    C. Məmmədquluzadənin publisit əsərlərində milli məsələdən, İran və Türkiyə inqilablarından, qadın azadlığı, maarif, ədəbiyyat, incəsənət, ana dili və s. ictimai-mədəni tərəqqi problemlərindən bəhs edilir, qabaqcıl fikirlər yürüdülürdü. Çoxcəhətli, dərin bilik sahibi olan ədib Datvin, Epikür, və Sokrat, Şekspir və Şiller, Kant və Spinoza, Holbax və Leybnits, Qlinka və Bethoven, Derjavin və Puşkin, Zərdüşt və Mani, müxtəlif siyasi, fəlsəfi, dini, sosioloji cərəyanlar haqqında yazmış, mürtəce ideyaları rədd etmiş, Bəşər dühasının mühüm nailiyyətlərini təbliğə çalışmışdır. 1922-1930-cu illərdə C. Məmmədquluzadə “Molla Nəsrəddin”i mübariz mətbua orqanlarından birinə çevirmək üçün səylə çalışmış, gənc yazıçı və rəssamların böyük bir nəslini satirik jurnalistika sahəsində işləməyə hazırlayırdı. Jurnalın bu illərdə çıxan nomrələrində C. Məmmədquluzadə satiraya yeni ictimai məzmun vermək məqsədi ilə ciddi yaradıcılıq axtarışları aparırdı. O, publisistikası, nəsr və dram əsərləri ilə Azərbaycan ədəbiyyatını janr və formaca da zənginləşdirmişdir. Xüsusilə də, kiçik hekayənin böyük ustadı hesab edilirdi. Hekayələri sosial mətləbləri son dərəcə yığcam formada, məharətlə əks etdirmək baxımından dünya ədəbiyyatının kamil nümunələri sırasında durur. C. Məmmədquluzadənin zəngin bədii irsi, “Molla Nəsrəddin” jurnalı təkcə Azərbaycanda deyil, Yaxın və Orta Şərqdə, xüsusilə İran və Türkiyədə ədəbi-ictimai fikrin, maarifçi-demokratik hərəkkatın inkişafına təsir göstərmişdir.

    Cəlil Məmmədquluzadənin Bakıdakı Ev Muzeyi
    Xatirəsi
    C.Məmmədquluzadənin əsərləri bir sıra dillərə tərcümə edilmişdir. Azərbaycan Respublikasında bir sıra küçə və mədəni-maarif müəssisəsinə (o cümlədən Naxçıvan Dövlət Musiqili Dram Teatrına və Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinə) C.Məmmədquluzadənin adı verilmişdir. Keçmiş Astraxan rayonu və şəhəri 1967-ci ildə onun şərəfinə Cəlilabad, vaxtilə müəllimlik etdiyi Baş Noraşen kəndi isə Cəlilkənd adlandırılmışdır. Naxçıvanda və Cəlilabadda heykəli qoyulmuşdur. Bakıda və Naxçıvanda ev-muzeyləri, Nehrəm və Cəlilkənd kəndlərində xatirə muzeyləri açılmışdır. Anadan olmasının 100 və 125 illik yubileyləri geniş qeyd olunmuşdur.[33]

    17 yanvar 2019-cu ildə Azərbaycan prezidenti Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır.[34]

    Cəlil Məmmədquluzadənin 25 il redaktoru olduğu “Molla Nəsrəddin” jurnalının üz qabığı (1906)
    Şəcərəsi
    Baba
    Hüseynqulu (1808-?)
    Məşədi Məmmədqulu (1836-1905)
    Cəlil Məmmədquluzadə (1869-1932)[35]
    Dini görüşləri
    Cəlil Məmmədquluzadənin dini görüşləri, ümumiyyətlə, mübahisə doğurur. Bəzi mənbələrə görə o ateist, bəzi mənbələrə görə isə sadəcə müsəlman demokratizminin tərəfdarı olmuşdur. Amma bu dəqiqdir ki, o öz əsərlərində dövrünün ekstremist düşüncələrinə, cahilliyə, savadsızlığa və dini xurafatlara qarşı kəskin tənqidi fikirlər səsləndirmişdir.[36][37]

    Əsərləri
    Cəlil Məmmədquluzadə. Əsərləri: 4 cilddə. I cild. Nəsr, dram əsərləri, satirik şeirlər, tərcümələr
    Cəlil Məmmədquluzadə. Əsərləri: 4 cilddə. II cild. Felyeton və məqalələr
    Cəlil Məmmədquluzadə. Əsərləri: 4 cilddə. III cild. Felyeton və məqalələr
    Cəlil Məmmədquluzadə. Əsərləri: 4 cilddə. IV cild. Memuarlar, məqalələr, məktublar
    Haqqında çəkilən film
    Cəlil Məmmədquluzadə (film, 1966)
    Əsərləri üzrə çəkilən filmlər
    Poçt qutusu (film, 1967)
    Quzu (film, 1967)
    Qəm pəncərəsi (film, 1986)
    Pirverdinin xoruzu (film, 1987)
    Qurbanəli bəy (film, 1989)
    O dünyadan salam (film, 1991)
    Lal (film, 1992)
    Anamın kitabı (film, 1994)
    Nigarançılıq (film, 1998)
    Lal (film, 2003)
    Oyun (film, 2003)
    Sirkə (film, 2003)
    Kefsiz (film, 2003 )
    Həmçinin bax
    Molla Nəsrəddin (jurnal)
    Ölülər (opera)
    Şərqi-Rus (qəzet)
    Kaspi (qəzet, 1881)
    Füyuzat (jurnal)
    Nehrəm məktəbi
    Cəlil Məmmədquluzadənin ev-muzeyi (Naxçıvan)
    Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı

  • Mirzə Fətəli Axundov

    Mirzə Fətəli Axundov (tam adı: Mirzə Fətəli Məhəmmədtağı oğlu Axundov; azərb-ərəb: میرزا فتحعلی آخوندزاده) və ya Mirzə Fətəli Axundov (Axundzadə) (12 iyul 1812, Nuxa, Şəki xanlığı – 9 mart 1878, Tiflis, Rusiya İmperiyası) — Azərbaycan yazıçısı, maarifçisi, şairi, materialist filosofu və ictimai xadimi; Azərbaycan dramaturgiyası və Azərbaycan ədəbiyyatında ədəbi tənqidinin banisi, “müsəlman Molyeri” titulunun sahibi.[2] Axundov həmçinin romantik və müasir iran millətçiliyinin sələflərindən biri idi.[3] Qafqaz Arxeologiya Komissiyasının sədri (1864-1878)[4]

    Həyatı
    Mirzə Fətəli Axundov 1812-ci ildə Nuxa şəhərində anadan olmuşdur. Atası Mirzə Məhəmmədtağı və anası Nanə xanım 1814-cü ildə Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köçmüşlər. O, 13 yaşınadək ailəsi ilə birlikdə Cənubi Azərbaycanın müxtəlif bölgələrində yaşamışdır. 1825-ci ildə anası ilə Şəkiyə qayıtmışdır. Fətəlinin ruhani olmasını istəyən anasının əmisi Axund Hacı Ələsgər 1832-ci ildə onu Gəncəyə aparır. Gənc Fətəli burada məntiq və fiqh elmlərini, habelə dahi Azərbaycan şair və filosofu Mirzə Şəfi Vazehdən xəttatlıq sənətini öyrənmişdir. Lakin Mirzə Şəfinin gənc Fətəliyə təsiri bununla bitmir. Bu göruş Mirzə Fətəlinin həyat və yaradıcılığına, ümumiyyətlə, onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərir.

    Dövrünün müasir elmləri ilə maraqlanan Fətəli 1833-cü ildə Şəkidə açılmış rus məktəbinə daxil olur və bir il burada təhsil alır. 1834-cü ildə o, Tiflisə getmiş, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. 1873-cü ildə ona polkovnik hərbi rütbəsi verilmişdir. [5]

    1851-ci ildə Rus Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinə üzv seçilən Axundov sonralar Qafqaz Arxeoqrafiya Komissiyasında tədqiqat işlərinə cəlb olunur. O, “Əkinçi” qəzetinin nəşrinə böyük əhəmiyyət vermiş, onun səhifələrində “Vəkili Milləti-Naməlum” imzası ilə məqalələr dərc etdirmişdir.

    Mirzə Fətəli Axundovun qızı Nisə xanım Xanbaba xanın həyat yoldaşı olmuşdur.

    Mirzə Fətəli Axundov 1878-ci ildə Tiflisdə vəfat etmiş və köhnə müsəlman qəbirstanlığında (indiki Tbilisi botanika bağının ərazisində yerləşən Görkəmli Azərbaycanlılar panteonu) dəfn olunmuşdur.

    Mirzə Fətəli Axundzadənın realist sənətkar, dramatur­giya­mı­zın banisi, şair və nasir kimi ədəbiyyatımızın inkişafında müstəsna xifmətləri vardır. Görkəmli ədibin 40 illik yaradıcılığı, ictimai-siyasi, maarifçilik fəaliyyəti zəngin və çoxcəhətlidir.

    Şəki şəhərində anadan olan Mirzə Fətəlinin atası xırda ticarətlə məşğul olan Mirzə Məhəmmədtağı, anası isə şəkili Nanə xanımdır. Cənubi Azərbaycanın Xamnə qəsəbəsindən olan Mirzə Məhəmmədtağı ticarətində çətinlik yarandığı üçün Nanə xanımı və iki yaşlı Fətəlini götürüb Xamnəyə qayıtmışdır. Burada ərinin birinci arvadı ilə daim münaqişədə olan Nanə xanım dörd il sonra ərindən ayrılıb Fətəli ilə Cənubi Azərbaycanın Qaracadağ mahalında yaşayan əmisi Axund Ələsgərin yanına gəlmiş, onun himayəsində yaşamışdır. Ədib öz tərcümeyi-haında yazır:” Mən bu tarixdən etibarən atamdan ayrılıb bir daha onu görmədim. .. Bir ildən sonra ­­axund Hacı Ələsgər mənim təlim və tərbiyəmə başladı…Bu axund Ələsgər fazil bir şəxs olub. Bütün islam elmlərindən, istər fars, istərsə ərəbcə olsun, kamil məlumatı var idi. Məni övladlığa qəbul etdi. Mən xalq arasında Hacı Ələsgərin oğlu kimi tanınmış oldum.”

    Məkkə ziyarərinə gedən Hacı Ələsgər onu məntiq və şəriət qanunlarını öyrənmək üçün Gəncəyə aparmış, Molla Hüseyn adlı axunda tapşırmışdır. Burada Mirzə Şəfi Vazehdən də dərs alan Mirzə Fətəli müəlliminin təsiri ilə ruhani olmaq fikrindən daşınıb dövlət qulluğuna girməyi qərara alır. Səfərdən qayıdan əmisi onun niyyətini bildikdə Tiflisə gətirib Qafqazın baş hakimi Baron Rozenin dəftərxanasında tərcüməçi şagirdi vəzifəsinə təyin etdirmişdir. Burada o, rus dilini də mükəmməl öyrənmiş, işində bacarıq və səy göstərərk tərcüməçi vəzifəsinə keçirilmişdir. Ömrünün sonanadək – 44 il həmin vəzifədə uğurla çalışan Mirzə Fətəli Rusiyanın orden və medalları ilə bərabər, Türkiyə və İran dövlətlərinin ordenlərinə layiq görülmüşdır.

    M.F.Axundzadə bir neçə il Tiflis qəza məktəbində dərs demiş, sonra öz xahişi ilə işdən azad olunaraq yerini müəllimi M.Ş. Vazehə vermişdir. O, bir müddət Tiflis ruhani seminariyasında da Azərbaycan dili müəllimi işləmişdir. Dövlət qulluğu ilə əlaqədar nümayəndə heyəti ilə İrana gedən Mirzə Fətəli Cənubi Azərbaycanın bəzi şəhərlərinə səfər zamanı xalqın güzəranı ilə yaxından tanış olmuş, gələcək əsərləri üçün material toplamışdır.

    Həmin dövrdə Qafqazın inzibati və mədəni mərkəzi olan Tiflis mühiti M.F.Axundzadənin ədəbi taleyində böyük rol oynayıb. Burada A.Bakıxanov, İ.Qutqaşınlı, M.Ş.Vazeh, Q. Zakir, A,Çavçavadze, A. Berje, A.A.Bestujev-Marlinski, A.Sereteli kimi görkəmli ədiblər, ictimai-siyasi xadimlərlə ünsiyyət, əməkdaşlıq onun dünyagörüşünün formalaşmasına, yaradıcılığına müsbət təsir göstərmişdir. O, bu mühitdə müntəzəm mütaliə ilə məşğul olmuş, klassik Şərq ədəbiyyatını, rus və Avropa ədəbiyyatını dərindən öyrənmişdir. Rus dram teatrında Avropa və rus dramaturqlarının əsərlərinin tamaşaları M.F.Axundzadədə dramaturgiyaya və teatra böyük maraq oyatmışdır. Dram sənətinin incəliklərini dərindən öyrənən ədib 1850-1855-ci illərdə altı komediya yazmaqla ədəbiyyatımızda dramaturgiyanın əsasını qoymuşdur. Həmin komediyalar müəllifin öz tərcüməsində rus dilində “Kafkaz” qəzetində çap olunub.

    Dramaturq kimi şöhrətlənən M.F.Axundovun “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası 1851-ci ildə Peterburqda ev teatrında , “Xırs quldurbasan” və “Vəzir-xani Lənkəran” komediyaları isə Tiflisdəki rus teatrında tamaşaya qoyulmuş, tamaşaçı rəğbəti qazanmışdır.

    M.F.Axundov axund Hacı Ələsgərin qızı Nanə xanımla evlənmiş, bu izdivacdan olan övladlarının körpə yaşlarında ölümü ailədə dərin kədərə səbəb olmuşdur. Övladlarından yalnız oğlu Rəşid bəy və qızı Nisə xanım uzun müddət yaşaya bilmişdir. Axund Hacı Ələsgərin vəfatından sonra onun ailəsini himayəyə götürən Mirzə Fətəlinin dövlət qulluğundan aldığı maaşdan başqa gəlir mənbəyi olmadığı üçün maddi vəziyyəti ağırlaşmışdır.

    M.F.Axundzadə Qafqaz canişininin yanındakı nüfuzundan istifadə edərək çar hakimləri tərəfindən sürgün edilmiş Q.Zakirin və övladlarının həbsdən, sürgündən azad olunmasına nail olmuşdur. O, həmçinin Qarabağın son hakimi Mehdiqulu xanın arvadının və qızı Natəvanın irslə bağlı hüquqlarını müdafiə etmişdir. Eləcə də Gəncə xanlığının hakimi Cavad xan Ziyadxan oğlunun çar qoşunları lə döyüşdə həlak olmasından sonra, onun mal-mülkünün bir hissəsinin varislərinə qaytarılmasına nail olmuşdur.

    M.F.Axundzadənin ən böyük arzularından biri ərəb əlifbasını dəyişdirmək idi. Bu arzusunu həyata keçirə bilməyən ədib yazırdı ki: “Əfsus, min əfsus ki, nə İranda, nə Osmanlıda islam xalqlarının başçıları xalqın tərəqqisi xatirinə islam əlifbasını dəyişməyə təşəbbüs göstərmədilər ki, bu vasitə ilə ölkənin əhalisi qadınlı-kişili bir neçə ayın içərisində başdan-başa savadlı olsunlar və bu vasitə ilə Avropanın hazırkı bütün elmləri bir neçə ilin ərzində islam xalqlarının dilinə tərcümə edilsin və elmlərin yayılması ilə islam xalqları xoşbəxtlik yoluna çıxsınlar.”

    Bütün həyatını xalqının tərəqqisinə həsr edən M.F. Axundzadə ağır xəstəlikdən sonra 1878-ci ildə vəfat etmiş, öz vəsiyyətinə görə müəllimi M.Ş. Vazehin qəbri yanında dəfn olunmuşdur.

    Ətraflı
    Mirzə Fətəli Axundzadənın realist sənətkar, dramatur­giya­mı­zın banisi, şair və nasir kimi ədəbiyyatımızın inkişafında müstəsna xifmətləri vardır. Görkəmli ədibin 40 illik yaradıcılığı, ictimai-siyasi, maarifçilik fəaliyyəti zəngin və çoxcəhətlidir.

    Şəki şəhərində anadan olan Mirzə Fətəlinin atası xırda ticarətlə məşğul olan Mirzə Məhəmmədtağı, anası isə şəkili Nanə xanımdır. Cənubi Azərbaycanın Xamnə qəsəbəsindən olan Mirzə Məhəmmədtağı ticarətində çətinlik yarandığı üçün Nanə xanımı və iki yaşlı Fətəlini götürüb Xamnəyə qayıtmışdır. Burada ərinin birinci arvadı ilə daim münaqişədə olan Nanə xanım dörd il sonra ərindən ayrılıb Fətəli ilə Cənubi Azərbaycanın Qaracadağ mahalında yaşayan əmisi Axund Ələsgərin yanına gəlmiş, onun himayəsində yaşamışdır. Ədib öz tərcümeyi-haında yazır:” Mən bu tarixdən etibarən atamdan ayrılıb bir daha onu görmədim. .. Bir ildən sonra ­­axund Hacı Ələsgər mənim təlim və tərbiyəmə başladı…Bu axund Ələsgər fazil bir şəxs olub. Bütün islam elmlərindən, istər fars, istərsə ərəbcə olsun, kamil məlumatı var idi. Məni övladlığa qəbul etdi. Mən xalq arasında Hacı Ələsgərin oğlu kimi tanınmış oldum.”

    Məkkə ziyarərinə gedən Hacı Ələsgər onu məntiq və şəriət qanunlarını öyrənmək üçün Gəncəyə aparmış, Molla Hüseyn adlı axunda tapşırmışdır. Burada Mirzə Şəfi Vazehdən də dərs alan Mirzə Fətəli müəlliminin təsiri ilə ruhani olmaq fikrindən daşınıb dövlət qulluğuna girməyi qərara alır. Səfərdən qayıdan əmisi onun niyyətini bildikdə Tiflisə gətirib Qafqazın baş hakimi Baron Rozenin dəftərxanasında tərcüməçi şagirdi vəzifəsinə təyin etdirmişdir. Burada o, rus dilini də mükəmməl öyrənmiş, işində bacarıq və səy göstərərk tərcüməçi vəzifəsinə keçirilmişdir. Ömrünün sonanadək – 44 il həmin vəzifədə uğurla çalışan Mirzə Fətəli Rusiyanın orden və medalları ilə bərabər, Türkiyə və İran dövlətlərinin ordenlərinə layiq görülmüşdır.

    M.F.Axundzadə bir neçə il Tiflis qəza məktəbində dərs demiş, sonra öz xahişi ilə işdən azad olunaraq yerini müəllimi M.Ş. Vazehə vermişdir. O, bir müddət Tiflis ruhani seminariyasında da Azərbaycan dili müəllimi işləmişdir. Dövlət qulluğu ilə əlaqədar nümayəndə heyəti ilə İrana gedən Mirzə Fətəli Cənubi Azərbaycanın bəzi şəhərlərinə səfər zamanı xalqın güzəranı ilə yaxından tanış olmuş, gələcək əsərləri üçün material toplamışdır.

    Həmin dövrdə Qafqazın inzibati və mədəni mərkəzi olan Tiflis mühiti M.F.Axundzadənin ədəbi taleyində böyük rol oynayıb. Burada A.Bakıxanov, İ.Qutqaşınlı, M.Ş.Vazeh, Q. Zakir, A,Çavçavadze, A. Berje, A.A.Bestujev-Marlinski, A.Sereteli kimi görkəmli ədiblər, ictimai-siyasi xadimlərlə ünsiyyət, əməkdaşlıq onun dünyagörüşünün formalaşmasına, yaradıcılığına müsbət təsir göstərmişdir. O, bu mühitdə müntəzəm mütaliə ilə məşğul olmuş, klassik Şərq ədəbiyyatını, rus və Avropa ədəbiyyatını dərindən öyrənmişdir. Rus dram teatrında Avropa və rus dramaturqlarının əsərlərinin tamaşaları M.F.Axundzadədə dramaturgiyaya və teatra böyük maraq oyatmışdır. Dram sənətinin incəliklərini dərindən öyrənən ədib 1850-1855-ci illərdə altı komediya yazmaqla ədəbiyyatımızda dramaturgiyanın əsasını qoymuşdur. Həmin komediyalar müəllifin öz tərcüməsində rus dilində “Kafkaz” qəzetində çap olunub.

    Dramaturq kimi şöhrətlənən M.F.Axundovun “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası 1851-ci ildə Peterburqda ev teatrında , “Xırs quldurbasan” və “Vəzir-xani Lənkəran” komediyaları isə Tiflisdəki rus teatrında tamaşaya qoyulmuş, tamaşaçı rəğbəti qazanmışdır.

    M.F.Axundov axund Hacı Ələsgərin qızı Nanə xanımla evlənmiş, bu izdivacdan olan övladlarının körpə yaşlarında ölümü ailədə dərin kədərə səbəb olmuşdur. Övladlarından yalnız oğlu Rəşid bəy və qızı Nisə xanım uzun müddət yaşaya bilmişdir. Axund Hacı Ələsgərin vəfatından sonra onun ailəsini himayəyə götürən Mirzə Fətəlinin dövlət qulluğundan aldığı maaşdan başqa gəlir mənbəyi olmadığı üçün maddi vəziyyəti ağırlaşmışdır.

    M.F.Axundzadə Qafqaz canişininin yanındakı nüfuzundan istifadə edərək çar hakimləri tərəfindən sürgün edilmiş Q.Zakirin və övladlarının həbsdən, sürgündən azad olunmasına nail olmuşdur. O, həmçinin Qarabağın son hakimi Mehdiqulu xanın arvadının və qızı Natəvanın irslə bağlı hüquqlarını müdafiə etmişdir. Eləcə də Gəncə xanlığının hakimi Cavad xan Ziyadxan oğlunun çar qoşunları lə döyüşdə həlak olmasından sonra, onun mal-mülkünün bir hissəsinin varislərinə qaytarılmasına nail olmuşdur.

    M.F.Axundzadənin ən böyük arzularından biri ərəb əlifbasını dəyişdirmək idi. Bu arzusunu həyata keçirə bilməyən ədib yazırdı ki: “Əfsus, min əfsus ki, nə İranda, nə Osmanlıda islam xalqlarının başçıları xalqın tərəqqisi xatirinə islam əlifbasını dəyişməyə təşəbbüs göstərmədilər ki, bu vasitə ilə ölkənin əhalisi qadınlı-kişili bir neçə ayın içərisində başdan-başa savadlı olsunlar və bu vasitə ilə Avropanın hazırkı bütün elmləri bir neçə ilin ərzində islam xalqlarının dilinə tərcümə edilsin və elmlərin yayılması ilə islam xalqları xoşbəxtlik yoluna çıxsınlar.”

    Bütün həyatını xalqının tərəqqisinə həsr edən M.F. Axundzadə ağır xəstəlikdən sonra 1878-ci ildə vəfat etmiş, öz vəsiyyətinə görə müəllimi M.Ş. Vazehin qəbri yanında dəfn olunmuşdur.

    Bədii yaradıcılığı
    Axundov bədii yaradıcılığına şeirlə başlamışdır (“Səbuhi” təxəllüsü ilə). O, Azərbaycan ədəbiyyatında azad düşüncə tərzinin ən böyük nümayəndəsidir. Mirzə Fətəli İslam dünyasının ictimai, sosial və siyasi sahələrində radikal islahatların lüzumluluğu fikrini müdafiə edirdi.

    Azərbaycanda teatr sənətinin inkişafında rolu

    Mirzə Fətəli Axundovun 150 illiyi münasibətilə buraxılmış SSRİ poçt markası (1958).
    M.F.Axundzadə 1850-1855-ci illərdə özünün məşhur altı komediyasını yaratmaqla nəinki Azərbaycan ədəbiyyatında, bütövlükdə Balkanlardan Hindistana qədərki türk-müsəlman dünyasında dramaturgiyanın əsasını qoymuşdur. Böyük ustad bu komediyalar ilə Şərq aləmində dram yazmağın nümunəsini göstərmişdir. Bunu hər kəs qəbul edir ki, türk-müsəlman dünyasında dramaturgiya Mirzə Fətəli Axundzadə dramaturgiyasının ənənələri işığında inkişaf etmişdir.[6]

    Azərbaycan teatrı Axundzadənin ölməz komediyaları zəminində yaranmışdır. 1873-cü ildə Həsənbəy Zərdabi Nəcəf bəy Vəzirovla birlikdə Bakı məktəblərinin birində məşhur «Hacı Qara» əsərinin tamaşasını göstərməklə Azərbaycanda, həm də ümumən türk-müsəlman aləmində teatr hərəkatının əsasını qoymuşdur. Mirzə Fətəli Axundovun komediyalarında Azərbaycan qadınlarının timsalında ilk dəfə Şərq qadınlarının səhnə obrazları yaradılıb. XIX əsrdə teatr səhnəsində Azərbaycan qadınının səhnədə kişilərlə birlikdə gülüb danışmasını göstərmək hünər tələb edirdi. Zamanına görə bu böyük işi də Mirzə Fətəli Axundzadənin əsərlərini səhnəyə çıxarmaqla Azərbaycan maarifçiləri həyata keçirməyi bacarmışlar.

    M.F.Axundovun yaradıcılığı Avropa ədəbiyyatşünaslarının və teatrşünaslarının diqqətini çox tez cəlb etdi. 1852-ci ilin avqustunda Alman jurnalı Magazin für die Literatur des Auslandes (Xarici ədəbiyyat jurnalı) yazırdı: “Fikirləşmək olardı ki, Transqafqazın müsəlman əhalisi İslam ruhuna uyğun olaraq belə yeniliklərə (teatra) hələ uzun zaman yad qalacaqlar, lakin onların arasından qəflətən dramatik dahi meydana çıxdı, Tatar Molyeri, hansının ki, adı onun ölkəsinin sərhədlərindən kənarda da diqqətə layiqdir. O Mirzə Fətəli Axundovdur”. [7]

    M.F.Axundzadə 1837-ci ildə – 25 yaşında ikən «Puşkinin ölümünə Şərq poeması»nı yazmış və dərhal da rus dilində «Moskovskiy nablyudatel» jurnalında çap etdirmişdir. O, Aleksandr Puşkinin faciəli ölümündə çarın əli olduğu üçün susmağa məcbur olmuş rus şairlərini xəcalətdən qurtarmış, Rusiya ədiblərinin vətəndaşlıq vəzifəsini yerinə yetirmişdir.

    2012-ci ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Mirzə Fətəli Axundovun haqqında bioqrafik bədii film çəkilmişdir. “Sübhün səfiri” adlanan filmin mütəfəkkirin 200 illik yubileyi münasibətilə ekranlara çıxmışdır. [8]

    Din haqqında düşüncələri və fəlsəfi baxışları

    Axundovun Tbilisi botanika bağında qəbirüstü abidəsi [9]
    Axundovun nəzəri-estetik fikirlərinin formalaşmasında aydındır ki, onun yaşadığı mühitin, tanış və ünsiyyətdə olduğu mütərəqqi ziyalıların, oxuduğu klassik və dünya ədəbiyyatı nümunələrinin çox böyük təsiri olmuşdur. Homer, Firdovsi, Nizami Gəncəvi, Sədi Şirazi, Uilyam Şekspir, Cami, Puşkin və s. kimi klassiklərin əsərlərini mükəmməl bilməsi onun sənət və sənətkar haqqında estetik zövqünün formalaşmasında çox böyük rol oynamışdır.

    M.F.Axundovun fəlsəfə, ədəbiyyat, sənət haqqında fikir və mülahizələri əsasən onun ”Kəmalüddövlə məktubları” adlı fəlsəfi traktatında, eləcə də “Föhristi-kitab”(1859), “Nəzm və nəsr haqqında”(1859), “Tənqid risaləsi”(1860), “İranın yüksək millət qəzetəsi haqqında kritika” (1866), “Mirzə Ağanın pyesləri haqqında kritika”(1871) və s. bu kimi məqalələrində böyük mütəfəkkirin sənətdə realizm, ənənə (tendensiya), bədiilik və onun meyarları, məzmun və forma vəhdəti, ideya və müasirlik, tənqid və onun əhəmiyyəti və s. bu kimi məsələlərlə bağlı fikir və mülahizələri öz əksini tapmışdır.

    Ədəbiyyat tariximizdə dramaturgiyanın, realist bədii nəsrin, ədəbi tənqidin ilk nümunələrini yaradan Axundov həmin janrların nəzəri-estetik prinsiplərini də hazırlamışdır. Böyük mütəfəkkirin bütün ədəbi və nəzəri irsində ən başlıca meyar sənətin, ədəbiyyatın real həyatı nə dərəcədə əks etdirməsi, idraki və tərbiyəvi əhəmiyyəti, xalq həyatı ilə birbaşa əlaqəsi ilə bağlıdır. Elm və təhsil vasitəsi ilə mədəniləşmək, xalqa məxsus elmi və ədəbi irsi mühafizə etməyi bacarmaq, tərəqqiyə mane olan hər şeyə qarşı amansız mübarizə aparmaq Mirzə Fətəlini daim düşündürən, qayğılandıran məsələlər olmuşdur. Elə buna görə də o, əlifbanı dəyişməyi bu yolda atılan ən vacib amillərdən biri sayırdı. [10]

    Mirzə Fətəli Axundov Azərbaycan tarixində ilk dəfə olaraq həm materializm həm də dini tənqid baxımıdan öz düşüncə və baxışlarını önəmli dərəcədə irəlilətmiş və inkişaf etdirmiş dahi şəxsdir. Onun düşüncələrində İslami Radikalizm, Şərqi despotizm (mütləq hakimiyyətlilik) və azad düşüncələrin sıxışdırılması, insanların haqqlarını tapdalayan ağır Şərq feodalizmi tənqid edilir. [11] Axundov Dinin elmlə birgə ola bilməyəcəyini, dinlə elmin qarşıdurmasını təsvir edir və Şərq ölkələrinin, Asiya xalqlarının həmin dövrə qədər olan cahilliyini, geriliyini onların dini görüşləri və lazımsız adət-ənənələri ilə bağdaşdırır : [11]

    ” İslam dini meydana çıxan gündən hazırkı əsrə qədər, Şərqdə elmlərin durğunluğunun, dəhşətli despotizmin (təkhakimiyyətlilik) əmələ gəlməsinin səbəblərini və ümumiyyətlə, Asiya xalqlarının mədəniyyət və tərəqqi işlərinə qarşı laqeydlik və etinasızlığının səbəblərini heç kəs başa düşməmişdi. Bu cəhətdən təkcə Firdovsi müstəsnalıq təşkil edir və o öz dühası ilə, həqiqətən də kəşf edə bilmişdi ki, Şərq xalqlarının bu qədər böyük bədbəxtliyinin səbəbi ərəblər və onların insan həyatına uyğunlaşmayan mənfur dinidir.[11][12] ”
    Axundovun materializmi müdafiə edən düşüncələrində də metafizikanın və təbiətüstü qüvvələrin varlığı inkar edilir :

    ” Dünyanın əsası maddidir, təbiətin müxtəlif predment və prosesləri vahid və hərşeyi əhatə edən əbədi və sonsuz maddi substansiyanın təzahürü, öz-özünün səbəbidir ; Mövcud olması üçün heç bir təbiətüstü, metafizik varlığa ehtiyacı yoxdur.[11] ”
    Onun materialist düşüncəsinə və substantiv fəlsəfi doktrinasına görə isə təbiətdə hərşeyin əsas səbəbi maddədir. Dünya maddidir və kainat da maddədən yaranmışdır.

    ” Hər şeyin əsas səbəbi maddədir. Maddə orjinaldır və onun yaranması üçün başqa səbəbə ehtiyac olduğunu görmürəm. Mən məkan və zamanın obyektivliyini qəbul edirəm. Zaman və məkan obyektivdir, maddə isə onun aksesuarlarıdır. Təbiətdəki hər bir hərəkətin və dəyişikliyin Allahın iradəsinə uyğun olaraq həyata keçirildiyi doktrinasını rədd edirəm. Təbiət öz qanunlarına uyğun olaraq inkişaf edir. Bunda şans üçün bir yer yoxdur, bu da, hər yerdə ciddi rifaha səbəb olur.[12] ”
    ” Bilinc və ruh maddənin məhsuludur, maddə müstəqil olaraq yaşaya bilməz. Ruh, nə olursa olsun, bədənsiz, yəni bədən olmadan özünü ifadə edə bilməz, necə ki ağlı da beyinsiz təsəvvür etmək olmaz. Ruhun və sonrakı həyatın ölümsüzlüyünün dini doktrinasına isə qarşıyam.[12] ”
    Əsərləri
    Poema:

    Şərq poeması (1837)
    Pyeslər:

    Hekayəti Molla İbrahim-Xəlil Kimyagər (1850)
    Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur (1850)
    Sərgüzəşti-vəziri-xani-Lənkəran (1850)
    Hekayəti Xırsi-Quldurbasan (1851)
    Sərgüzəşti Mərdi-Xəsis (Hacı Qara) (1852)
    Mürafiə vəkillərinin hekayəti (1855)
    Satirik povest:

    Aldanmış Kəvakib (Hekayəti-Yusif şah) (1857)
    Məqalələr:

    Fəhristi-kitab (1859)
    Nəzm və nəsr haqqında (1862)
    Tənqid risaləsi (1862)
    Kəmalüddövlə məktubları (1865)
    Əsər müəllifi kimi

    Hacı Qara (film, 1929) (tammetrajlı bədii film)
    Dərviş Parisi partladır (film, 1976) (tammetrajlı bədii film)
    Aldanmış ulduzlar (opera, 1977)
    Hacı Qara (film, 2002) (tammetrajlı bədii film)
    Mürafiə vəkillərinin hekayəti (film, 2011) (film-tamaşa)
    İksir (film, 2014) (“Hekayəti Molla İbrahim-Xəlil Kimyagər” əsəri əsasında)

    Haqqında çəkilən filmlər

    Böyük yazıçı-maarifçi (film, 1938)) (qısametrajlı sənədli film)
    Səbuhi (film, 1941) (tammetrajlı bədii film)[13]
    150 il. Mirzə Fətəli Axundov (film, 1962)) (qısametrajlı sənədli film)
    Mirzə Fətəli Axundov (film, 1972)) (qısametrajlı sənədli film)
    Mirzə Fətəli Axundov (film, 1982)) (qısametrajlı sənədli film)
    Sübhün səfiri (film, 2012) (tammetrajlı bədii film)
    Ədəbiyyat
    İbrahimov M. Niyəsiz, necəsiz, bir yazısan sən kitabında. Bakı: Yazıçı, 1985, 195 s.
    Qasımov M. M.F.Axundov və XIX əsrin inqilabi-demokratik estetikası. Bakı: 1954, 150 s.
    Qasımzadə F. M.F.Axundovun həyat və yaradıcılığı. Bakı: 1962, 150 s.
    Sadıqov M. Axundov Mirzə Fətəli. Bakı: 1987, 200 s.
    Kəngərli A. M.F.Axundov və Həsənbəy Zərdabi: Ümmətçilikdən millətçiliyə keçidin başlanması. “Yeni Azərbaycan”, 2003, 11 may.
    Qafarov N. M.F.Axundzadə komediyalarının dili və milli gülüş mədəniyyətinin ənənələri. “Mədəni-Maarif”, 2002, №8-9, s.40-41.
    Гусейнов Ч. Фатальный Фатали (роман). М.: Советский писатель, 1983, 463 стр.
    Тагизаде С. М.Ф.Ахундов и Европа. Баку: 1991, 50 стр.
    Şahbaz Şamıoğlu (Musayev). Mirzə Fətəli Axundzadənin gürcü müasirləri (monoqrafiya),B., Mütərcim, 2012, 116 s.
    www.anl.az/down/meqale/525/2012/iyun/73.htm
    İstinadlar
    Opera in Azerbaijan by Azer Rezayev , Winter 1997 (5.4) P. 70-71
    Aqafangel Krımski Тюркские литературы // Энциклопедический словарь Гранат. — М., 1927. — Т. 41, Ч.X. — С. 365. (rus)
    Tadeusz Swietochowski, Russia and Azerbaijan: A Borderland in Transition (New York: Columbia University Press), 1995, page 27-28 Orijinal mətn (ing.) [null [gizlət]] In his glorification of the pre-Islamic greatness of Iran, before it was destroyed at the hands of the “hungry, naked and savage Arabs, “Akhundzada was one of the forerunners of modern Iranian nationalism, and of its militant manifestations at that.
    [1]
    Azərbaycan Sovet Ensiklopediyası. I cild
    Xoş gördük, Mirzə Fətəli!
    Islam in Modern Drama and Theatre
    M.F.Axundova həsr olunan “Sübhün səfiri” filminin təqdimatı keçirilib

    Tiflisdə Axundov, Vazeh və Xoyskinin məzarı


    Rafiq Yusifoğlu, (proffessor, filologiya elmləri doktoru)525-ci qəzet.- 2012.- 5 iyun.- S.6.
    referat.ilkaddimlar.com/d_pdf_refe_felse_435.pdf, Mirzə Fətəli Axundovun fəlsəfi fikirləri, səh 1
    Философская и социологическая мысль народов СССР в XIX в. Краткий очерк истории философии. Под ред. М. Т. Иовчука, Т. И. Ойзермана, И. Я. Щипанова. М., изд-во «Мысль», 1971 г; OCR Biografia.Ru
    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası. Aydın Kazımzadə. Bizim “Azərbaycanfilm”. 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 64-66.
    Mənbə
    Mirzə Fətəli Axundov
    Mirzə Fətəli Axundzadə
    “Günə doğru”. Dahi dramaturq M.F.Axundovun vəfatından 138 il keçir

  • Əbdürrəhim bəy Haqverdiyev

    Əbdürrəhimbəy Əsədbəy oğlu Haqverdiyev(Ahverdoff) (азерб. عبدالرحیم بَی حق وئردیف, Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev[* 1]; 17 (28) may 1870 , Şuşa — 12 dekabr 1933, Bakı) — Azərbaycanın yazıçısı, dramaturq, pedaqoq, ədəbiyyatşünas, əməkdar incəsənət xadimi, Teatr və İctimai Xadim, Klassik Azərbaycan ədəbiyyatının Korifeyi. Azərbaycan SSR-nin əməkdar incəsənət xadimi (1928), Birinci Rus Dumasına Azərbaycandan birinci 5 Diplomatlardan biri seçilmişdir, Azərbaycanlıların Gürcüstan Parlamentda Deputatı seçilmişdir, “Leyli və Məcnun” Operasının Premyerasında birinci dirijor, Teatr Şurasının, təsisçisi və birinci sədri, Yazıçılar Birliyinin birinci sədri, Azərbaycanın birinci Təhsil naziri, məşhur “Molla Nəsrədiin” jurnalın Baş editorlarından biri

    Həyatı
    Əbdürrəhim bəy Haqverdiyev 1870-ci il mayın 17-də Azərbaycanın Şuşa şəhəri yaxınlığında olan Ağbulaq kəndində anadan olmuşdur. İbtidai təhsilini 1880-ci ildə Şuşada Yusif bəyin müvəqqəti yay məktəbində, sonra Şuşa real məktəbində almışdır (1881-1890). Tiflis real məktəbini bitirəndən sonra Peterburq Yol Mühəndisləri İnstitutunda təhsil almışdır (1891-1899). Tələbəlik dövri azad müdavim sifət ilə universitetin şərq fakültəsinin dinləyicisi olmuşdur. Onda ədəbiyyata güclü meyl oyanmışdır. “Yeyərsən qaz ətini, görərsən ləzzətini” (1892) və “Dağılan ittifaq” (1896) əsərlərini yazmışdır. “Dağılan ittifaq” (1899) Peterburqda nəşr edilmişdir.

    Ali təhsil alıb Şuşaya qayıtmış, burada tamaşalar təşkil etmişdir. Bakıda onun rəhbərliyi ilə Şərq konsertləri verilmişdir (1902-1903), Burada ilk hekayələrini (“Ata və oğul”, “Ayın şahidliyi”) yazıb “İki hekayət” adı ilə çap etdirmişdir. 1905-ci il inqilabından sonra Rusiya Dövlət Dumasına Gəncə quberniyasından nümayəndə seçilmiş, Peterburqa getmişdir (Azərbaycanın birinci diplomatlarından hesab olunur), burada dövlət kitabxanasında yeni əsərinə (Ağa Məhəmməd şah Qacar) materiallar toplamış, İrana – Mazandaran vilayətinə səyahət etmişdir (1907). “Leyli və Məcnun” operası 1908-ci il yanvarın 12-də tamaşaya qoyulduğu zaman ilk Azərbaycan dirijoru kimi xor və orkestri, tamaşanı idarə etmişdir. “Nicat” cəmiyyətində və Kür-Xəzər gəmiçiliyi idarəsində işlədiyi dövrdə Zaqafqaziyanı, Dağıstanı, Orta Asiyanı və Volqaboyunu səyahət etmiş, “Ceyranəli”, “Xortdan”. “Həkimi-nuni-səqir”, “Lağlağı”, “Mozalan”, “Süpürgəsaqqal” və s. imzalarla “Molla Nəsrəddin” jurnalında hekayə, felyeton çap etdirmişdir.

    Həştərxanda yaşadığı müddətdə şəhərin mədəni-ictimai həyatında ciddi çalışmışdır (1910). Sonra Ağdama köçüb orada yaşamışdır (1911-1915). Tiflisdə “Şəhərlər ittifaqının Qafqaz şöbəsi xəbərləri” adlı aylıq məcmuənin müdiri olmuş (1916-1917), fevral inqilabından sonra Tiflis İcraiyyə Komitəsinə və onun mərkəzi şurasına üzv seçilmişdir (1917). Həmin ilin martında Borçalı qəzasına müvəkkil təyin olunmuşdur (1918).

    Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonda dövlət teatrlarına müfəttiş təyin olunmuşdur. Azərbaycan milli teatrının yaranmasının 50 illiyi münasibəti ilə keçirilən yubileyə başçılıq etmişdir. Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühazirələr oxumuş, elmi kadrların hazırlanmasında iştirak etmişdir. Burada yerli komitənin sədri (1922), Azərbaycanı tədqiq və təbliğ cəmiyyətinin sədr müavini və sonra sədri (1923-1925) olmuşdur. Bu, ilk elmi-tədqiqat müəssisəsi idi. Bakıda çağırılan birinci Azərbaycan ölkəşünaslıq qurultayının nümayəndəsi kimi fəal çalışmışdır (1924).

    Bunlardan başqa ədib Şekspirin “Hamlet”, Şillerin “Qaçaqlar”,Volterin “Soltan Osman”, Zolyanın “Qazmaçılar”, Andersenin “Bülbül”,“Şahın təzə libası”, Lanskoyun “Qəzəvat”, Çirikovun “Yəhudilər”,Korolenkonun “Qoca zəng çalan” əsərlərini də tərcümə etmişdir.

    Azərbaycan poçt markası (2014)
    Rusiya Elmlər Akademiyasının nəzdində olan ölkəşünaslıq bürosunun beşinci elmi sessiyasında yekdilliklə akademiyanın ölkəşünaslıq bürosuna müxbir üzv seçilmişdir (1924). Şərq fakültəsinin katibi (1922-1925), Azərbaycan Yazıçılar İttifaqının məsul katibi (1931-1932) olmuşdur. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin Fəxri Fərmanına layiq görülmüşdür (1933). Onun əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.

    1933-cü il dekabrın 17-də Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.

    Adına Bakı şəhərinin Yasamal rayonunda küçə var.

    Yaradıcılığı
    Əbdürəhim bəy Haqverdiyev ədəbi fəaliyyətə Şuşa real məktəbində oxudugu zaman başlamış, M.F. Axundzadənin təsiri ilə “Hacı Daşdəmir” (1884) adlı kiçik bir pyes yazmışdı. Peterburqda təhsil alarkən onun bədii yaradıcılığa meyl və həvəsi daha da çoxalır. O, burada olarkən “Yeyərsən qaz ətini, görərsən ləzzətini” (1892) dramını və “Dağılan tifaq” (1896) faciəsini yazıb.

    1899-cu ildə Azərbaycana qayıdan Haqverdiyev bir müddət Bakıda yaşayıb. O, bir tərəfdən müəllimliklə məşğul olub, digər tərəfdən teatrlarda verilən tamaşalara rejissorluq edib. Eyni zamanda bədii yaradıcılığını da davam etdirib: “Bəxtsiz cavan” (1900) və “Pəri-cadu” (1901) faciələrini yazmaqla milli dramaturgiyanı ideya və poetik-sənətkarlıq baxımından daha da zənginləşdirib. 1906-cı ildə “Həyat” qəzetində hekayələr və “Molla Nəsrəddin” jurnalında gizli imzalarla felyetonlar, məzhəkələr çap etdirib. “Marallarım”, “Xortdanın cəhənnəm məktubları”, “Şeyx Şaban”, “Xəyalət”, “Ac həriflər” və sair əsərlərin müəllifidir.

    Ümumi 80-dən çox Hekəyasi var

    Filmoqrafiya
    Marallarım (film, 1963)
    Evlənmək istəyirəm (film, 1983)
    Ac həriflər (film, 1993) (tammetrajlı film-tamaşa) (AzTV) – əsərin müəllifi

  • Nəcəf bəy Vəzirov

    Nəcəf bəy Vəzirov — azərbaycanlı yazıçı və dramaturq. Dramaturgiyasının inkişafında, onun ideya–estetik məzmun bədii sənətkarlıq keyfiyyətlərinin zənginləşdirilməsində, milli teatrın yaradılmasında və inkişafında müstəsna rolu vardır. Bütün ictimai fəaliyyəti və ədəbi yaradıcılığı ilə milli azadlıq hərakatına yaxından kömək göstərən Nəcəf bəy Vəzirov Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoymuş, Azərbaycanda feodal–patriarxal quruluşa qarşı çevrilmiş maarifçilik hərəkatının genişlənməsində yaxından iştirak etmişdir.

    Həyatı
    Nəcəf bəy Vəzirov 1854–cü il aprel ayının 2-də Azərbaycanın Şuşa şəhərində anadan olmuşdur. Yazıçının uşaqlığı fərəhsiz keçmişdir. Atası Fətəli bəy xəstə olduğundan ailənin çətinliyi anası Mina xanımın üstünə düşmüşdür. Nəcəf özü də təbiətən sakit və qaradinməz, bədəncə zəif və xəstə olmuşdur. Anasının arzusu bu idi ki, yeganə oğlunu sağlam görsün və onu məktəbə göndərsin. Lakin Nəcəfin səhhəti buna imkan vermir, ananın arzusu hər il ürəyində qalırdı. Özünün yazdığına görə, Nəcəf bəy yalnız on iki yaşında olanda məktəbə gedə bilmiş, tez bir zamanda oxuyub–yazmağı öyrənmişdir.

    Vəzirov ilk təhsilini dini məktəbdə almışdır. O, burada bir il oxuduqdan sonra Şuşa şəhərindəki mülkiyyə məktəbinə gedir. Lakin yeniyetmə gənc həmin məktəbdə oxuya bilmir. Burada Erməni müəllimin amansız rəftarı, uşaqları yerli–yersiz döyüb işgəncə verməsi Nəcəfi məktəbdən uzaqlaşmağa məcbur edir. Yeniyetmə oğlanın məktəbdən qaçmasına bəzi qohumları başqa məna verirlər. Guya o tənbəl və bacarıqsızdır, öyrənə bilmir, çətinlikdən qorxur və s. Hətta qohumlarından biri istəyir ki, Nəcəfə rusca səthi sürətdə yazıb oxumağı öyrətsin ki, heç olmasa o, kənddə mirzəlik edib ata–anasını dolandırsın. Lakin Nəcəf heç kəsin qayğısını qəbul etmir. O, 1868-ci ildə Şuşadan ayrılıb Bakıya gəlir. Burada imtahan verib real gimnaziyanın ikinci sinifinə daxil olur. Öz bacarığı və biliyi ilə tezliklə müəllimlərin rəğbətini qazanır. Gimnaziyanın sonuncu sinifində oxuyarkən artıq əlaçı şagird kimi tanınır, hətta dövlətli uşaqlarına dərs deməklə məşğul olurdu.

    Gimnaziyada oxuyarkən N.Vəzirov böyük Azərbaycan alimi o zaman gimnaziyada dərs deyən Həsən bəy Zərdabi ilə tanışlığı onun fikri inkişafına qüvvətli təsir göstərir. H. Zərdabi şagirdlərdə təkcə elmə maraq oyatmaqla kifayətlənmirdi. O, çalışırdı ki, şagirdlər xalqın gələcək inkişaf yollarını düzgün anlasınlar, onun azadlığı və maariflənməsi uğrunda mətin mübarizlər kimi yetişsinlər. Məhz Zərdabinin məsləhəti ilə N. Vəzirov təbiət elmlərinə xüsusi maraq göstərir, rus klassik yazıçılarının əsərlərini mütaliə edərək mütərəqqı ideyalarla tanış olur. Yazıçının teatrla tanışlığı da bu zaman başlanır. O yazır: “1873–cü ildə altıncı klasda oxuduğum halda birinci dəfə rus teatrına getdim. Bu gecə mənə nəhayət dərəcədə təsir elədi. Onun necə bir şey olduğunu başa düşdüm”.

    1874–cü ildə N. Vəzirov real gimnaziyanı qurtarıb təhsilini davam etdirmək üçün Rusiyaya gedir. O əvvəlcə Moskvada olur, sonra dostu Ağa Gorani ilə birlikdə Peterburqa gedib Əkinçilik instituna qəbul olunmaq istəyir. Lakin atestatındakı qiymətlar həmin inistituta qəbul tələblərini ödəmədiyi üçün o, avqust ayının sonlarında yenidən Moskvaya qayıdır və sentyabrda Petrivski–Razumovski Meşə və Təbiətşunaslıq Akademiyasının Meşəçilik şöbəsinə daxil olur.

    N.Vəzirovun Moskvada təhsil aldığı illər Rusiyada azadlıq ideyalarının, zəhmətkeş kütlənin mənafeyini müdafiə edən xalqçılıq hərəkatının genişləndiyi bir dövrə təsadüf edir. Hələ Bakıda real gimnaziyada oxuyarkən H. Zərdabi kimi milli–azadlıq ideyaları ilə tərbiyələnən N. Vəzirov Moskvada daha qaynar bir inqilabi mühitə düşür. O tezliklə qabaqcıl fikirli gənclərlə dostlaşır, təhsil aldığı Akademiyanın daxilində baş verən tələbə çıxışlarında və gizli təşkilatlarında iştirak edir. Hətta 1878–ci ildə H. Zərdabinin təşəbbüsü ilə “İmdadiyyə” adlı dərnək təşkil edir.

    1878–ci ilin iyun ayında N. Vəzirov Petrovski–Razumovski Akademiyasının Meşəçilik şöbəsini bitirib təyinatla Qafqaza göndərilir. O, Yelizavetpol quberniyasının Tərtər nahiyyəsinə üçüncü dərəcəli meşəbəyi təyin olunur. 1880–ci ilin iyul ayına qədər burada çalışır. Sonra onun vəzifəsini böyüdürlər. Vəzirov ikinci dərəcəli meşəbəyi kimi İrəvan quberniyasının Dilican nahiyyəsinə meşəbəyi təyin olunur. 1887–ci ilə qədər burada çalışıb yenidən iş yerini Yelizavetpol quberniyasına dəyişir.

    1890–cı illərin əvvəllərindən başlayaraq Rusiyada inqilabi–azadlıq hərakatının yüksəlişi ilə əlaqədar Petrovski–Razumovski Akademiyasının məzunlarını təqib edirlər. Bununla əlaqədar olaraq N. Vəzirovu da siyasi etibarsızlıqda günahlandırıb meşəbəyi vəzifəsindən azad edirlər. Bundan sonra sənəti ilə əlaqəsi olmayan müxtəlif yerlərdə çalışır. Əvvəlcə İrəvan quberniya idarəsi tibb şöbəsinin katibi, sonra isə Qazaxda möbahisəli işlərə baxan şöbənin katibi vəzifəsində işləyir. Lakin bu işlərin heç biri N. Vəzirovun xoşuna gəlmir.

    Yaradıcılığı
    Nəcəf bəy Vəzirov 1895–ci ildə Bakıya köçür. Burada lazımi imtahanları verib vəkillik vəsiqəsi alır və məhkəmələrdə çalışır. O, burada uzun müddət ayrı düşdüyü bədii yaradıcılığını davam etdirir, “Yağışdan çıxdıq yağmura düşdük”, “Müsibəti–Fəxrəddin”, “Pəhləvanı–zəmanə” kimi klassik əsərlərini yaradır. N. Vəzirov 1903–cü ildə Bakı dumasına katib seçilir. Az sonra isə şəhər maarif şöbəsi rəisinin müavini təyin edilir və keçmiş müəllimi Həsən bəy Zərdabi ilə birlikdə doğma xalqının maariflənməsi üçün yeni məktəblərin, müxtəlif tərbiyyə ocaqlarının açılması işində yaxından iştirak edir.

    1905–ci il inqilabı N.Vəzirovun ədəbi–ictimai fəaliyyətinin genişlənməsi üçün münbit zəmin yaradır. Maarifpərvər ədib bir tərəfdən Bakıda çıxan “Həyat”, “İrşad”, “Təzə həyat”, “Açıq söz” və s. qəzetlərində “Dərviş” imzası ilə “Balaca mütəfərrəqələr” başlığı altında burjua–mülkədar cəmiyyətinin içtimai eyiblərini açan felyetonlar yazır, digər tərəfdən dram dərnəklərinə rəhbərlik edir, Azərbaycanda teatr sənətinin inkişafı, aktyor nəslinin yetişməsi üçün yorulmadan fəaliyyət göstərir. 1913–cü il noyabr ayının 15–də “Şəfa” maarif cəmiyyəti Nəcəf bəy Vəzirovun ədəbi fəaliyyətinin 40 illiyi münasibətilə Bakıda təntənəli yubiley gecəsi keçirir. Bu gecə böyük bir mədəni bayrama çevrilir. Qəzetlər yazıçının həyat və fəaliyyətindən bəhs edən məqalə-oçerk, məlumat dərc edirlər.

    Azərbaycanın görkəmli ziyalıları yubilyara məktub, teleqram göndərir, onu bu yubileyə layiq yazıçı, möhtərəm ədib, qüdrətli vətəndaş, müəllim və tərbiyəçi, xalqın fədəkar oğlu kimi qiymətləndirirdilər. Xalqın ehtiramı N. Vəzirovun yaradıcılıq ilhamını, işləmək həvəsini coşdurmuş, ədib həm içtimai həyatda, həm də bədii yaradıcılıq sahəsində daha fəal çalışmışdır. Bu illərdə o, “Pul düşkünü Hacı Fərəc” komediyasını, “Təzə əsrin ibtidası” dramını yazmış, böyük fransız yazıçısı Jan Batist Molyerin “Xəsis” komediyasını “Ağa Kərim xan Ərdəbili”, fransız məzhəkəsi “Vəkil Patelen” i isə “Dələduz” adı ilə təbdil etmişdir. Azərbaycanda Aprel istilasından sonra N. Vəzirov Bakıda Kənd təsərrüfatı texnikumunda müəllim işləmişdir. Yazıçı meşəçilik işi ilə bağlı tələbələri Azərbaycanın müxtəlif rayonlarına aparır, təcrübə məşğələlərinə rəhbərlik edirdi. Lakin qocaman yazıçının səhhəti pozulmuşdu, tez–tez ürək ağrısından şikayətlənirdi. Həkimlər ona işdən çıxıb istirahət etməyi məsləhət görürdülər.

    1926–cı ilin yayında Nəcəf bəy Vəzirov təcrübə məşğələləri aparmaq üçün tələbələrlə birlikdə Şamaxıya – Çuxuryurda getmiş və iyul ayının 13–də orada ürək çatışmamazlığından vəfat etmişdir. Yazıçının cənazəsi Bakıya gətirilmiş və iyulun 13–də dəfn olunmuşdur.

    Əsərləri
    Nəcəf bəy Vəzirov. Əsərləri. Bakı, 2005.

    Palıd (elmi əsər)
    Müsibəti-Fəxrəddin. Bakı, 1929.
    Əsərləri.(Tərtib edəni F.Qasımzadə) I cild. Bakı, 1953.
    Əsərləri.(Tərtib edəni F.Qasımzadə) II cild. Bakı, 1954.
    Əsərləri. (Mətnin tərtibi və izahlar Dilara Məmmədova).Bakı, 1977.
    Seçilmiş əsərləri. (Tərtib edəni: Xeyrulla Məmmədov). Bakı, 1991
    Mənbə
    Nəcəf bəy Vəzirov
    Azərbaycan ədəbiyyatı tarixi. 3 cilddə, II cild. Bakı, 1960.
    F.Qasımzadə. H.B.Vəzirov. Bakı, 1954.
    Kamran Məmmədov. XX əsr Azərbaycan gülüşü. Bakı, 1989.
    Kamran Məmmədov. Nəcəf bəy Vəzirov. (Əsəri çapa hazırlayan: filologiya elmləri namizədi Dilara Məmmədova). Bakı, 1995.
    H.Əfəndiyev. M.F.Axundov realist-satirik nəsrinin davamçıları. Bakı, 1974.
    Dilara Məmmədova. Bir balaca boyu var… Bakı, 1995.
    Əzizə Ələkbərova. “Nəcəf bəy Vəzirov (arxivinin təsviri)” kitab- Bakı 2012
    Əzizə Ələkbərova . “Nəcəf bəy Vəzirov. Biblioqrafiya” kitab- Bakı 2014
    Xarici keçidlər
    Commons-logo.svg
    Vikianbarda Nəcəf bəy Vəzirov ilə əlaqəli mediafayllar var.

    “Qarabağın görkəmli şəxsiyyətləri:Nəcəf bəy Vəzirov(1854-1926)” (az). “Virtual Qarabağ” İKT Mərkəzinin rəsmi portalı. virtualkarabakh.az. 2013. İstifadə tarixi: 2014-10-14.

  • İsmayıl bəy Qutqaşınlı

    Qutqaşınlı bəy İsmayıl Sultan Nəsrullah oğlu — Azərbaycan yazıçısı

    Həyatı
    İsmayıl bəy Qutqaşınlı 27 yanvar 1806-cı ildə Qurban bayramında, keçmiş Qutqaşın mahalında (indiki Qəbələ) anadan olmuşdur. Adı da bu bayrama görə verilmişdir.

    Atası Nəsrullah Sultan Qutqaşın mahalının son sultanı olmuş, Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra həmin mahalın başçısı təyin edilmişdir. Həmin dövrdə keçmiş xan və bəyləri daima itaətdə saxlamaq üçün çar Rusiyası onların uşaqlarını çar ordusunda zabit kimi əsir saxlayırdı.Nəsrulla sultan Çar Rusiyasın etibar etmirdi. Bu inamsızlıq qarşılıqlı idi. Belə təklif Nəsrullah sultana da gəlmişdir. Qutqaşınşünaslığın banisi Salman Mümtaz “Rəşid bəy və Səadət xanım” hekayəsi mühərriri Qutqaşınlı İsmayıl bəyin həyatı” məqləsində yazırdı: “Özünün böyük və görkəmli oğullarını dürlü-dürlü bəhanələrlə evdə saxlayıb aciz və fərsiz zənn etdiyi kiçik yaşlı İsmayıldan çarnaçaq əl-çəkməyə məcbur oldu.Fərsiz nəzərə gələn İsmayıl təhsilini ikmal etdikdən sonra elə bir kamallı, qabiliyyətli igid oldu ki,əqill və bacarıqlı sayılan qohum və qardaşları onun yanında hər bir cəhətdən heç mənziləsində qaldılar” (1)

    O, 1822-ci ildə rus ordusunda xidmətə başlamışdır.Peterburqda dörd il orada kadet məktəbində oxumuşdur.1822-ci ildə bu məktəbi bitirib, Əlahiddə Qafqaz Korpusu tərkibindəki Gürcüstan qrenadyor alayında sıravi əsgər kimi hərbi xidmətə başlamışdır.

    İsmayıl bəy Rusiya-İran (1826-1828) və Rusiya-Türkiyə (1827-1829) müharibələrdən iştirak etmiş, döyüşlərdə fərqləndiyinə görə ordenlərə layiq görülmüşdür.Müharibələr qurtardıqdan sonra o, hərbi xidmətini davam etdirmiş, vəzifəsi ilə əlaqədar bir müddət Varşavada yaşamışdır. O hərbi işi dərindən öyrənmiş, sıravi əsgərlikdən general-mayor rütbəsinə qədər yüksəlmişdir[1]. 1841-ci ildə İ.Qutqaşınlı istefaya çıxmış və öz vətənə qayıdaraq, Qutqaşın və Şamaxıda yaşamış, dərs demişdir.Rus ordusunda 25 illik xidmətdən sonra İsmayıl bəy 1847-ci ildən Şamaxıda “Bəy kommissiyası”nda işləmişdir.

    İ.Qutqaşınlı 1852-ci ildə Məkkəyə-Həcc ziyarətinə getmiş, qayıdandan sonra Şamaxıda və Qutqaşında yaşamışdır. Elə him ildə general-mayor rütbəsinə yüksəlmişdir. O, 1861-ci ildə Ağdaş mahalında karvansarada yemək yeyərkən Rusiyanin əli ilə ermənilər tərəfindən suyuna zəhər qatılmaqla həyat yoldaşı Tutu xanım Bikə ilə birgə həyatına son qoyulmuşdur. Belə ehtima olunur ki, 1854-cü ildə o Anadolu ordusunun baş komandanı Mustafa Zərif Paşadan Azərbaycan və Dağıstanda üsyanlar təşkil etməyə çağıran məktub erməni M.T.Loris-Məlikovun əlinə düşdü. Nəticədə İ.Qutqaşınlı 1855-ci ildən nəzarət altında düşdü. İsmayıl bəy Qutqaşınlı Tutu xanım Bikə ilə birgə Qəbələdəki Soltanbaba qəbiristanlığında dəfn edilmişdir.

    Böyük maarifçi
    İsmayıl bəy Qutqaşınlı uşaqlıq və gənclik illərində dini təhsil almış, ərəb, fars dillərini öyrənmiş, klassik Azərbaycan və Şərq ədəbiyyatı ilə yaxından tanış olmuşdur. Xidmət illərində İ. Qutqaşınlı bir sıra mütərəqqi rus ziyalıları ilə dostluq əlaqəsi yaratmış, rus və Qərbi Avropa mədəniyyətlərinin nailiyyətlərinə yiyələnmiş, dövrünün ən savadlı Azərbaycan ziyalılarından biri olmuşdur. Eyni zamanda o, Azərbaycanın böyük marifçi alimləri – Mirzə Fətəli Axundzadə, Qasım bəy Zakir, Abbasqulu ağa Bakıxanov və başqaları ilə yaxından dostluq etmişdir. Bu şəxslər Azərbaycan ədəbiyyatında “Paqonlu maarifçilər” adı ilə məşhurdurlar. İsmayıl bəy Qutqaşınlı 1852-ci ildə arvadı ilə Yaxın Şərq ölkələrinə səyahətə getmişdir.

    Yaradıçılığı
    Böyük ədib iki dəfə müqəddəs Həcc ziyarətində olmuşdur. Bu səyahəti ilə əlaqədar 1967-ci ildə çap olunmuş “Səfərnamə” adlı yol qeydlərini yazmışdır. Əsər Qutqaşınlının getdiyi yolun coğrafiyasının öyrənilməsində böyük əhəmiyyət daşıyır. Hazırda bu əsərin cəmi 126 səhifəsi tapılmışdır. İsmayıl bəy istefaya çıxdıqdan sonra Azərbaycan xalqının maariflənməsində və oyanmasında aktiv fəalliyyətə başlamışdır. Sözsüz ki, bu da çar hökumətinin maraqlarına cavab vermirdi. Ona görə də Qutqaşınlını tezliklə aradan götürmək üçün planlar cızılırdı.

    İsmayıl bəy Qutqaşınlı Azərbaycan ədəbiyyatına müasir nəsr, hekayə janrını gətirən yazıçıdır. Qutqaşınlı yaradıcılığının şah əsəri “Rəşid bəy və Səadət xanım” əsəridir. Bu əsərdə iki zadəgan ailəyə məxsus olan gənclərin məhəbbətindən bəhs edilir. Bundan başqa bəzi mənbələrə görə Qutqaşınlının “Tutu” adlı əsəri də olmuşdur. Ancaq bu əsər itirilmiş və günümüzə gəlib çatmamışdır.

    Bundan başqa İ.Qutqaşınlı “Miskin” təxəllüsü ilə şeirlər də yazmışdır. Təəssüf ki, onun əlyazmaları 1930-cu illərdə repressiya dövründə məhv edildiyindən bizə gəlib çatmayıb. Ancaq ona aid olması iddia edilən və 1973-cü ildə aşkarlanan, 1999-cu ilin aprelin 22-də Qəbələdə “Qəbələ” qəzetində nəşr edilən “İki quşun söhbəti” adlı şeir də var. Bu məsələ hələ ki mübahisə mövzusudur.

    Xatirəsinin əbədiləşdirilməsi
    İsmayıl bəy Qutqaşınlının adı Azərbaycan xalqının qəlbində daim yaşayır. Qəbələ şəhərinin mərkəzi küçələrindən birinə İsmayıl bəy Qutqaşınlının adı verilmişdir. Eyni zamanda Qəbələdə ədibin heykəli ucaldılmış, xatirə-ev muzeyi yaradılmışdır[2]. Bakının Yasamal rayonundakı mərkəzi küçələrindən birinə də Qutqaşınlının adı verilmişdir.

    İstinadlar
    İsmayıl Bəy Qutqaşınlı
    Məhəmməd NƏRİMANOĞLU,Qəbələnin «yaddaş kitabı» “Azərbaycan” qəzeti
    Mənbə
    “Odlar yurdunun övladları Rusiya tarixində” kitabı (rus dilində)
    İsmayıl bəy Qutqaşınlı (1806 – 1869)
    İsmayıl bəy Qutqaşınlı.Əsərləri.Bakı,2005.səh.142

  • Abbasqulu ağa Bakıxanov

    Abbasqulu ağa Bakıxanov (tam adı: Bakıxanov Abbasqulu Mirzə Məhəmməd oğlu, Qüdsi

    d. 21 iyun 1794, Əmircan, Bakı xanlığı – ö. 31 may 1847, Məkkə) — Azərbaycan şairi, yazıçısı, alimi, mütəfəkkiri və tərcüməçisi.[1]

    XIX əsr Azərbaycan maarifçilərindən biri olan Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm” əsəri ilə Azərbaycan tarixşünaslıq elminin əsasını qoymuşdur. “Qüdsi” təxəllüsü ilə Azərbaycan, ərəb və fars dillərində şeirlərin müəllifidir. Qubada “Gülüstan” adlı elmi-ədəbi məclisin (1835) təşkilatçılarından biri olmuşdur.

    1820-1830-cu illərdə Çar Rusiyası ordusunda qulluq etdiyi zaman Gülüstan (1813) və Türkmənçay müqavilələrinin (1828) imzalanmasında tərcüməçi kimi iştirak etmişdir.

    Həyatı
    Abbasqulu ağa Bakıxanov 1794-cü il 21 iyun Bakının Əmircan (Əmirhacıyan) (köhnə adı ilə) kəndində varlı bir ailədə anadan olmuşdur. Onun atası II Yusif xan Bakı xanları nəslindən, anası Sofiya xanım isə müsəlmanlığı qəbul etmiş gürcü qızı idi. Bakıxanov səkkiz yaşına qədər Bakıda yaşamış, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa, Balaxanı kəndlərində keçirmişdir. 1802-ci ildə atası xanlıq taxtı uğrunda vuruşmalarda öz əmisi oğlu Hüseynqulu xana məğlub olduğuna görə məcburiyyət qarşısında qalaraq Qubaya, vaxtı ilə dayısı Fətəli xanın ona bağışladığı Əmsar kəndinə köçməli olmuşdur. Abbasqulu ağa 1819-cu ilədək Qubada, Əmsar kəndində yaşamış, yarımçıq qalan təhsilini davam etdirmişdir. Burada o ərəb və fars dillərini mükəmməl öyrənmiş, bu dillərdə yazılmış xeyli ədəbiyyat oxumuşdur. Şərq dilləri ilə yanaşı ədəbiyyat, ilahiyyat və fəlsəfəni mükəmməl öyrənməyə səy göstərmişdir.[2]

    General İ.F.Paskeviçin İran şahzadəsi Abbas Mirzə ilə görüşü.Deh-Harreqan, 1827-ci il. A.Bakıxanov bu görüşdə tərcüməçi kimi iştirak etmişdir.
    1819-cu ildə Bakıxanov o zamankı Qafqazın baş hakimi general A.Yermolovun dəvəti ilə Tiflisə gəlib Qafqaz Baş Hərbi İdarəsində şərq dilləri üzrə tərcüməçi vəzifəsinə qəbul olunmuş və 26 il bu vəzifədə çalışmışdır.[2] Tiflis mühiti, Avropa və rus şair və ziyalıları ilə görüş onun dünyagörüşündə dərin iz buraxmışdır. Həmçinin, burada o A.S.Qriboyedovla tanış olmuşdur; hətta sonuncu öz əsərlərinin ilkin variantını A.Bakıxanova oxumuşdur. Həmin dövrdə Tifilsdə yaşamış alman şairi Fridrix Bodenştedt özünün “Şərqdə min bir gün” adlı əsərində A.Bakıxanov yaradıcılığına yüksək qiymət verir.

    A.Bakıxanov A.S.Qriboyedov, F.Bodenştedt, Fazil xan Şeyda, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə və başqaları ilə dostluq etmişdir. O, 1827-ci ildə Cənubi Azərbaycanda olmuş[2], 1833-1834-cü illərdə Varşavada və Peterburqda yaşamış, rus şairi A.S.Puşkinin ailəsi ilə tanış olmuşdur.[3] 1835-ci ildə Qubaya qayıdaraq elmi və ədəbi yaradıcılığını davam etdirməklə yanaşı “Gülüstan” adlı ədəbi məclis yaratmışdır.

    Bir jurnalist kimi o, “Tiflisskiye vedomosti”, “Zakavkazskiy vestnik”, “Kavkaz” qəzetlərinin fəaliyyətində iştirak etmişdi. 1847-ci ildə Abbasqulu ağa Bakıxanov Məkkədən Mədinəyə gedərkən Vadiyi-Fatma adlanan yerdə vəba xəstəliyinə tutulub vəfat etmiş və həmin yerdə dəfn olunmuşdur.

    General-leytenant Cəfərqulu ağa Bakıxanovun və general Abdulla ağa Bakıxanovun qardaşıdır.
    General-mayor Həsən ağa Bakıxanovun, polkovnik Əhməd ağa Bakıxanovun əmisidir.[4]
    Tarzən Əhməd Bakıxanovun babasıdır.
    Bəstəkar Tofiq Bakıxanovun, kamançaçı Tələt Bakıxanovun ulu babasıdır.
    Bədii yaradıcılığı
    Abbasqulu ağa Bakıxanov çoxcəhətli bədii və elmi yaradıcılığa malikdir. Bədii əsərləri arasında “Riyazül-Qüds”, “Mişkatül-ənvar”adlı poeması, “Qüdsi” təxəllüsü ilə yazdığı qəsidə, qitə, qəzəl, rübai, məsnəviləri, avtobiorafik şeirləri, mənzum hekayələri, təmsilləri öz əksini tapmışdır.

    Poemaları
    A.Bakıxanovun Varşavada olarkən yazdığı “Merace-xəyal” (“Xəyalın uçuşu”),”Məclisi-firəng” (“Firəng məclisi”) poemaları xüsusi əhəmiyyət kəsb edir. Fars dilində yazılmış bu poemalar avtobioqrafik səciyyə daşıyır. Onlar öz məzmununa, bədii strukturuna, dil və üslub xüsusiyyətlərinə görə klassik Şərq ədəbiyyatında geniş yayılmış “Şikayətnamə”ləri, “Ərzi-hal”ları xatırladır. Qüdsi bu poemalarında Varşavadakı həyat tərzini, məşğuliyyətini, mənəvi-əxlaqi düşüncə, axtarış və iztirablarını və nəhayət, Şərq və Qərb dünyası barədə görüşlərini təqdim etmişdir.[5]

    Yaradıcılığının ilk illərində onun dünyagörüşü üçün dini sxolastika və mistika səciyyəvi idisə, bu əsərlərinə dini mistikadan çox uzaqlaşır.

    A.Bakıxanov “Firəng məclisi” poemasında həyat təcrübəsi çox məhdud olan bir gənc zadəganın günlərini əyan məclislərində, eyş-işrətlə keçirən, sərbəst, mənasız həyat sürən ərli gözəl bir xanıma aşiq olması, onun uğursuz məhəbbət macəraları, keçirdiyi hiss və həyəcanları, mənəvi iztirabları romantik üslubda əks olunub. Poemalarından aydın görünür ki, o, Avropa zadəgan təbəqələrində hökm sürən sevgi, ailə münasibətlərini, əxlaq normalarını bəyənməmişdir. Lakin o, Avropa zadəgan təbəqələrinin məişətini və adət-ənənələrini təsvir edərkən tünd satirik boyalara müraciət etməmişdir. O, belə hesab edirdi ki, hər bir xalqın özünəməxsus həyat tərzi, adət-ənənələri, əxlaq normaları vardır və onlar həmin xalq üçün xoşdur, əzizdir.[5]

    Şair “Firəng məclisi” poemasını mənalı, ibrətamiz bir sonluqla bitirir:

    Həqiqət axtarana lazımdır möhkəm dəlil,
    Haqqı rədd ya qəbulla anlamaq mümkün deyil.

    Yaxşıya da pisədə bir pərdə çəkilmişdir
    Özgəyə ayıb tutmaq özü də ayıb işdir.

    Təsəvvürdə, təftişdə zənn etmə düz yoldasan,
    Təkcə sən öz əqlinə arxalanma heç zaman.

    Ağılla dərk edirik nöqsan cəhətləri biz,
    Nöqsanını dərk edən ağıllıdır şübhəsiz.

    — “Firəng məclisi”

    “Xəyalın uçuşu” poemasında isə şair Rusiyanı səyahət edərək Lehistana (Polşaya) getməsindən və bir neçə ay Varşavada yaşayaraq şəhərin ağıllı, savadlı, mötəbər dövlət nümayəndələri və alimləri ilə tanış olmasından, yüksək zadəgan məclislərində iştirak etməsindən bəhs edir. Polşanın baş hakimi vəzifəsində çalışan Paskeviçi yüksək ləyaqətə malik olan dövlət xadimi kimi tərifləyir, polyak zadəgan xanımlarının gözəlliyinə məftun olduğunu bildirir.[5]

    Şair Varşavada maraqlı, mədəni bir mühitə düşməsinə baxmayaraq buradakı həyatından, taleyindən razı deyildir. O, burada mənəvi rahatlıq tapa bilməyib, ağır mənəvi iztirablar keçirir. A.Bakıxanov Varşavada keçirdiyi bu daxili mənəvi təlatümü, ruhi sıxıntıları əsərdə maraqlı bir şəkildə əks etdirmişdir.[6]

    Poemada öz doğma diyarının, kəndinin parlaq, əlvan, romantik boyalarla təsvir və tərifini verən şair bu əsərini vətənpərvər misralarla bitirir:

    Bir əhd etdim xəyalıma bu axşam,
    Bu səfərdən əgər mən sağ qayıtsam,
    O guşədə sakit qərar tutaraq,
    Yaşayaram qovğalardan mən uzaq.
    Qalan ömrü keçirərəm firavan
    Şükr edərəm Allahıma hər zaman.
    Qüdsi, xoşdur Əmsar adlı məskənin,
    Şəhərlərdən çox üstündür öz kəndin.

    Təmsilləri
    “Tülkü və qoyun”, “Qurd və ilbiz”, “Yersiz iftixar” kimi təmsillərin müəllifidir. A.Krılovun “Eşşək və bülbül” təmsilini tərcümə etmişdir.

    Onun “Tatar nəğməsi” adlı şeiri polyak şairi Lado Zablotski tərəfindən polyak dilinə çevrilmişdir.

    Elmi əsərləri
    Abbasqulu ağa Bakıxanov Azərbaycan elmi tarixində mühüm rolu olan böyük alimdir. “Qanuni-Qüdsi”, “Əsrarül-mələküt”, “Təhzibül-əxlaq”, “Eynül-mizan”, “Gülüstani-İrəm” kimi əsərləri ilə böyük şöhrət qazanmışdır. Abbasqulu ağa Bakıxanovun dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya və sair elmlərə aid əsərləri onun ensiklopedik biliyə malik bir alim olduğunu göstərməkdədir.

    “Qanuni-Qüdsi” əsəri
    Onun birinci elmi əsəri fars dilinin qrammatikasına aid yazdığı “Qanuni-Qüdsi” əsəridir. Əsər [1828]-ci ildə yazılmışdır. Fars dilinin qanunlarını öyrədən bu əsər müəllifin kiçik, lakin dərin məzmunlu girişindən, “Hərflər” (fonetika), “Kəlmələr” (sintaksis) və “Cümlə” (morfologiya) adları altında ayrı-ayrı üç fəsildən ibarətdir. Girişdə müəllif dilin yığcam elmi tərifini verdikdən sonra, bu əsəri nə münasibətlə, nə kimi şəraitdə və hansı prinsiplər əsasında yazdığı haqqında qısa və aydın elmi izahat verir. Həmin girişdən yenə aydın görünür ki, müasir dilçilik elminin tələbləri nöqteyi-nəzərindən çıxış edən alim bu əsərini yazarkən fars dilinin qanunlarını kitablardan deyil, canlı danışıq dilindən öyrənmişdir.

    1826-1828-ci il Rusiya – İran müharibələri zamanı o tez-tez İrana gedərək bu dil üzərində müşahidə aparmış və zəngin material toplamışdır. “Qanuni-Qüdsi”də fars dilinin qanunları haqqında çıxardığı hökm və nəticələrini həmin materialdan istifadə edərək, bu dilin təbiətinə uyğun şəkildə vermişdir.

    “Qanuni-Qüdsi” əsərini özü rus dilinə (“Краткая грамматика персидского языка”) tərcümə etmişdir.

    “Kəşfül-Qəraib” əsəri

    Bakıxanovun Bakıdakı heykəli
    Coğrafiya elminə aid onun iki əsəri var. Bunlardan biri “Kəşfül-qəraib”, digəri “Ümumi coğrafiya”dır. Hər iki əsər fars dilində yazılmışdır.

    İki fəsildən ibarət olan “Kəşfül qəraib” Amerikanın Xristofor Kolumb (1451-1506) tərəfindən kəşf olunmsından və Yer kürəsinin qərb hissəsini təşkil edən bu qitənin vəziyyətindən bəhs edir.

    Amerikanın kəşfinə dair olan bu əsəri Abbasqulu ağa Bakıxanov “Məriz” təxəllüslü şair-alim Mirzə Məhərrəm ilə birlikdə fars dilində yazmışdır: Əsər təkcə Amerikanın kəşfi hadisəsi ilə bitmir. Burada Xristofor Kolumbun (1451-1506) başına gələn əhvalatlar, o zamankı Amerika ərazisində yaşayan qəbilələrin ənənə və mərasimlərindən, əxlaq normalarından, coğrafi və iqlim şəraitindən geniş bəhs edilir. Əsər sadə xalq dilində qələmə alındığından maraqla oxunur və tarixi oçerk təsiri bağışlayır.

    “Ümumi coğrafiya” – fars dilində yazdığı bu qiymətli əsəri əlimizdə yoxdur. “Gülüstani-İrəm”də verilən məlumatdan aydın olur ki, alim bu əsərində dünyanın təbii və siyasi əhvalından, cəmiyyət quruluşundan, qitə və sərhədlərdən, maddələrin tərkib və vəziyyətindən. bəhs etmişdir.

    Yarımçıq qalan “Ümumi coğrafiya” əsəri haqqında müəllif özü belə məlumat verir: “Bu əsər farsca olub, dünyanın riyazi, təbii və siyasi əhvalından, əcramın vəziyyətlərindən, ünsürlərin xassələrindən, məvalidin məhsulatından, iqlimlərin hüdüdunu təyin etmək və Yer kürəsi əhalisinin siniflərini müəyyən etməkdən və hər bir ölkənin yaşayış tərzindən bəhs edir”.

    Bakıxanovun yaradıcılığı ciddi tədqiq edildikdə aydın oldur ki, müəllif ərəb dilində “Əsrarül-Mələkut”u yazarkən özünün “Ümumi coğrafiya” əsərindən müəyyən qədər istifadə etmişdir.

    “Əsrarül-mələküt” əsəri
    Əsərinin müqəddiməsində həmin əsərin “Ümumi coğrafiya” kitabının “riyazi hissəsindən” götürüldüyü qeyd olunur. Bu əsər ərəb dilində qələmə alınmışdır. Əsərdə müəllif islamın ehkamlarının əksinə olaraq heliosentrik nəzəriyyəyə tərəfdar çıxmışdır. 30-cu illərdə Abbasqulu ağa Bakıxanov kainatın quruluşu və vəziyyətindən bəhs edən əsərlərlə maraqlanır, qədim yunan və ərəb alimlərinin bu sahədə yazdıqları əsərləri mütaliə edir. Yeni inqilabi kəşfləri ilə məşhur olan Nyuton, Qaliley, Kopernik, Kepler və s. məşhur alimlərin əsərləri ilə tanış olur. Maraqlıdır ki, o bu əsəri 1832-ci ildə yazmış və özü ilə 1846-cı ildə Türkiyəyə aparmış və Osmanlı sultanı Sultan Əbdülməcidə təqdim etmişdir. Əsər 1848-ci ildə Türkiyədə “Əfkarül-cəbarut fi əsrarül-məlakut” adı ilə İstanbulda nəşr olunmuşdur. O bu çapı görə bilməmişdir. Müəllifin qeyd etdiyinə görə əsərin farsca da variantı olmuşdur. Lakin həmin variant əlimizdə yoxdur.

    Onun ərəb dilində yazılmış digər elmi əsəri “Eynəl-mizan” adlanır. Əsər məntiq elminə həsr olunub.

    Abbasqulu ağa Bakıxanov pedaqoji məsələlərlə bir alim kimi məşğul olmuş, uşaqların və gənclərin tərbiyəsi ilə əlaqədar olan iki əsər yazmışdır ki, bunlardan biri “Təhzibül-əxlaq”, digəri isə “Kitabi-nəsihət”dir.

    “Təhzibül-əxlaq” əsəri
    1831-ci ildə yazılmışdır və onu Abbasqulu ağa Bakıxanovun əsas əxlaqi-fəlsəfi əsəri hesab etmək olar. Bu əsərdə o, cəmiyyət haqqındakı fikirlərini bir sistem şəklində şərh edərək, gənclər arasında nəcib əxlaq normalarını, onun gözəl cəhətlərini təbliğ edir. Əsər müqəddimə və xülasədən başqa 12 fəsildən ibarətdir.

    Müqəddimədə kitabın yazılma səbəbləri və hikmət qanunları, xülasədə isə bilik əldə etməyin sirləri haqqında danışılır.

    Fəsillərin adlarından aydın olur ki, A.Bakıxanov bu əsəri yazarkən klassik Şərq ədəbiyyatında bu səpkidə yazılmış bir çox kitabları araşdırmışdır. O, əsərdə bir əxlaq müəllimi kimi faydalı məsləhət və nəsihətləri ilə oxucunu düz yola dəvət edir, onu əməyə rəğbət, dostluğa sədaqət, böyüklərə hörmət, təvaze və ədalətə çağırır. İnsan qəlbini ləkələyən, onu cəmiyyət içərisində xar edən tənbəllik, riya, paxıllıq, nankorluq, yalançılıq kimi alçaq sifətlərdən çəkindirməyə çalışır və öz fikirlərini elmi surətdə, dərin fəlsəfi izah və sübutlarla möhkəmləndirir, bir çox məsələlərdə dünyəvi əxlaq cəbhəsində duraraq ümumbəşəri əxlaq normalarını təbliğ edir. Əsərdə yeri gəldikcə Şərqin Sənai, Əttar, Rumi, Sədi, Hafiz kimi məşhur şairlərinin şeirlərindən istifadə edir və əxlaq gözəlliyi ifadə olunmuş bu şeir parçaları ilə oxucunun qəlbinə daha çox təsir göstərməyə çalışır.

    “Təhzibül-əxlaq” müəllifin pedaqogika və psixoogiyaya aid elmi və nəzəri məsələləri əhatə edən fəlsəfi əsəridir. Əsər fars dilində yazılmış müqəddimə, on iki fəsil və nəticədən ibarətdir. “Təhzibül-əxlaq” əsərinin əsas məqsədi gəncləri pis əməllərdən çəkindirmək, onlarda nəcib və gözəl əxlaqi normaları tərbiyələndirməkdir. Şəxsiyyətin bütövlüyü, vicdan təmizliyi, doğruluq, ədalət, mərdlik, yoxsul və məzlumlara hamilik, insanlarla yaxşı rəftar, düşkün ehtiraslardan özünü saxlamaq, dünya malına tamah salmamaq, şöhrətpərəstlikdən çəkinmək, təvazökarlıq, zəhməti sevmək, elm və maarifin bayrağını hər şeydən uca tutmaq, vətənə və xalqa məhəbbət və s. bu əsərin irəli sürdüyü əsas əxlaqi məsələlərdəndir.

    “Təhzibül-əxlaq” əsərində müqəddimədən sonra gələn “E`tidala riayət”, “Yaxşı işlərin fəziləti”, “Can sağlığının qazanılması”, “Şöhrətin bəyanı” fəsilləri əxlaq nəzəriyyəsi onun insanlığa, vətənə və xalqa olan məhəbbəti, maarifi və demokratik dünyagörüşü ilə bağlıdır. O bu nəzəriyyəsi ilə gənclərdə elə gözəl əxlaqi sifətlər tərbiyə etmək istəyir ki, onlar müasir cəmiyyətin faydalı və xeyirxah üzvləri olsunlar, onlardan xalqa zərə yetişməsin.

    Bu əsərdə Abbasqulu ağa Bakıxanov nəzəriyyə ilə təcrübənin qarşılıqlı əlaqə və münasibətini təyin etməyə çalışır. Elmlə əməlin bir-birindən asılı olduğunu izah edərkən, elmə üstünlük verir. Kainat və ilahiyyat məsələlərinin qısa fəlsəfi şərhindən ibarət olan “Xatimə”də müəllif kainatın maddi bir varlıqdan ibarət olduğunu, əşya və maddənin haldan-hala keçərək dəyişməsini, varlıqda yoxluğun olmamasını təsdiq edir. Burada Abbasqulu ağa Bakıxanovun qədim yunan materialist filosofları Demokrit və Empedoklun əsərləri ilə tanış olduğu aydın hiss olunmaqdadır. Lakin bu materialist dünyagörüşü onda müntəzəm və ardıcıl surətdə axıra qədər davam etmir, idealist dünyagörüşü ona qalib gəlir.

    “Təhzibül-əxlaq”dan sonra Abbasqulu ağa Bakıxanovun ikinci pedaqoji əsəri “Nəsayeh”, “Kitabi-nəsihət” və ya “Nəsihətnamə”dir. Bu əsəri “Təhzibi-əxlaq”dan çıxarış da hesab etmək olar. “Kitabi-nəsihət”də 103 nəsihət vardır. Əsər müəllifin kiçik müqəddiməsindən sonra dini nəsihətlərlə başlanır. Dini nəsihətlərdən sonra dövlət başçısına, ata-anaya, böyüklərə itaət və ehtiramın vacibliyinə aid, daha sonra isə həyat və məişət məsələləri ilə əlaqədar olan əxlaqi nəsihətlər verilir. Əxlaqi nəsihətlərin əksəriyyəti “Təhzibül-əxlaq”dakı əxlaqi nəzəriyyə ilə sıx bağlıdır. “Kitabi-nəsihət”in girişində müəllifin əsərinin izlədiyi əsas məqsəddən danışarkən tərbiyə və təlimə dair yazılan kitabların uyğunsuzluğundan, çətin dildə yazılmasından şikayət edir.

    Uşaqların əxlaqını yaxşılaşdıran və onlarda nəcib xasiyyətlərin yaranmasını təmin edən belə nəsihətlər bu gün də öz əhəmiyyətini itirməmişdir.

    “Gülüstani-İrəm” əsəri
    Əsas məqalə: Gülüstani-İrəm

    “Gülüstani-İrəm” əsərinin əlyazmasından bir fraqment
    Azərbaycan və Dağıstan xalqlarının tarixinə aid olan “Gülüstani-İrəm” Abbasqulu ağa Bakıxanovun ən böyük elmi əsəridir. Əsər ilk məxəzlər əsasında, müəllifin uzun illər bu sahədə apardığı ciddi tədqiqatın nəticəsində yazılmışdır. Müəllif özü dövlət başçısına və müasirlərinə yazdığı müraciətnamələrində əsər haqqında “mənim uzun illər zəhmətimin məhsuludur” – deyə qeyd edirdi. Müəllif bu əsərini yazarkən bir neçə dəfə arxeoloji tədqiqat işləri aparmış, tarixi abidələrdən, köhnə binaların qalıqlarından, sikkələrdən, padşahların və xanların fərmanlarından, milli əfsanələrdən, dini kitablardan, “Avesta”dan, qoca kişilərin nağıl və rəvayətlərindən, səyyahların verdiyi xəbərlərdən, gürcü və ləzgi salnamələrindən, çoxlu şərq mənbələrindən, qədim yunan, Roma, Azərbaycan, erməni və rus alimlərinin əsərlərindən istifadə etmişdir.[7]

    Bu əsəri də Abbasqulu ağa Bakıxanov müqəddimə ilə başlayır. Müəllif yığcam, lakin dolğun məzmunlu bu müqəddimədə tarix elminə qısa bir tərif verir, onu cəmiyyət və xalq üçün ən faydalı elmlərdən sayır. Tarixə müasir elmin tələbləri nöqteyi-nəzəri ilə yanaşan müəllif bəşəriyyətin keçmiş həyatını təcrübə adlandırır. Hazırkı və gələcək həyatı yaxşı qurmaq üçün, bu təcrübədən istifadə etməyi lazım bilir.

    “Gülüstani-İrəm”in müqəddiməsində Azərbaycanın və Dağıstanın qısa coğrafi təsviri, qədim yunan, erməni, ərəb və rus mənbələrinə istinad edilərək bu ölkələrin xalqlarının mənşəyi, dili və dinləri haqqında maraqlı məlumat verilir. Azərbaycan və Dağıstan xalqlarını tarixini Abbasqulu ağa Bakıxanov bu xalqların öz daxili həyatlarına və tarixin ümumi inkişafına görə deyil, mühüm tarixi hadisələrə görə 5 dövrə ayırmış və buna əsasən də əsərini 5 fəslə bölmüşdür:

    İslam dövlətinin zühurundan ərəb qoşunlarının gəlməsinə qədər Şirvan və Dağıstan ölkələrində baş verən qədim hadisələr.
    Ərəb qoşunlarının Azərbaycana gəlməsindən başlayaraq monqolların istilasına qədər.
    Monqol istilasından Səfəvilərin zühuruna qədər. Şirvanşahlar sülaləsi və onların səltənətinə aid hadisələr.
    Səfəvilər dövlətinin zühurundan Nadir şahın vəfatına qədər.
    Nadir şahın vəfatından “Gülüstan” adlı yerdə Rusiya və İran dövlətləri arasında bağlanan sülh müahidəsinə qədər.
    Əsərin birinci fəslində “Tarixi-Təbəri”, “Tarixi-güzidə”, “Nizamüt-təvarix”, “Kitabi-məsalikül-məmalik”, “Xəritətül-əcaib” kimi qədim Şərq mənbələrinə istinadən Nuhun tufanı, onun övladları, Yasəf, Ham və Sam nəsilləri, Yəcuc və Məcuc, skiflər, massagetlər, xəzərlər, Sasani hökmdarlarının Azərbaycandakı hakimiyyəti və s. haqqında yarımelmi, yarıməfsanəvi məlumat verilir. Bu fəsil müqəddiməyə və əsərin sonrakı fəsillərinə nisbətən zəif işləmişdir.

    Əsərin ikinci fəsli Azərbaycan və Dağıstan ölkələrinin ərəb işğalçıları tərəfindən istila olunması, ümumiyyətlə, ərəblərin bu ölkələrdəki hakimiyyəti dövrünün tarixinə həsr olunmuşdur. Həmin fəsildə ərəb xəlifələrinin buraya göndərdiyi hakimlər, ərəblərin xəzərlərlə vuruşmaları, xarici işğalçıların istilasına qarşı Babəkin mübarizəsi, onun Bağdadda əziyyətlə öldürülməsi və s. haqqında məlumat vardır. Lakin məşhur Babək üsyanı haqqında verilən məlumat həm müxtəsər, həm də çox ruhsuz və sönükdür. Bu məlumat uzun illər ərəb işğalçılarına qarşı qarşı amasızcasına vuruşan və ərəb xəlifəsinin əmri ilə zülm və işgəncələrlə öldürülən bu cəsur xalq qəhrəmanının fəaliyyəti tarixini qətiyyən işıqlandıra bilmir. Bunun səbəbi müəllifin tarixi hadisələrə xalq azadlıq hərəkatı nöqteyi-nəzərindən yanaşa bilməməsidir.

    Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm”də məşhur Azərbaycan coğrafiyaşünası Zeynalabdın Şirvaninin “Riyazüs-səyahə” əsərinə əsaslanaraq, Azərbaycan sözünü Babəkin adı ilə əlaqələndirir. Üçüncü fəsil hülakülərin və teymurilərin hakimiyyəti dövrünü işıqlandırır və Şirvanşahların səltənət və nəsibinə dair tarixi məlumat verir. Bu fəsildə Ağqoyunlular və Qaraqoyunluların mənşəyi və məşhur alim Xacə Nəsirəddin Tusi haqqında da məlumat vardır. Əsərin ən böyük bir hissəsini təşkil edən dördüncü fəsil Səfəvi padşahlarının və onların süqutundan sonra İran taxtına oturan Nair şah Əfşarın hakimiyyəti tarixinə həsr olunur.

    “Fütuhati-Əmini”, “Tarixi-aləm-arayi-Abbasi”, qolikovun “Böyük Pyotrun fəaliyyəti”, Ustryalovun “I Pyotrun səltənət tarixi” və s. rus, fars və osmanlı mənbələrindən istifadə edilərək, fəsildə I Şah İsmayıl, I Şah Abbas və Nadir şahın hərbi səfərləri, Rusiya və Türkiyə qoşunlarının Dağıstan və Azərbaycan ölkələrinə hücumları, Sultan Səlim Yavuzun qoşunları ilə I Şah İsmayılın qoşunları arasında Təbrizin yaxınlığında gedən məşhur “Çaldıran” döyüşü, bəhs olunan dövrdə yerli əmir və hakimlərin fəaliyyəti haqqında zəngin məlumat toplanılmışdır.

    “Gülüstani-İrəm”in beşinci və son fəsli Nadir şahın ölümündən (1747) ta 1813-cü ildə Rusiya və İran dövlətləri arasında bağlanan “Gülüstan” sülh müqaviləsinə qədər 60 ildən artıq bir dövrü əhatə edir. Beşinci fəsil “Gülüstani-İrəm”in ən orijinal hissəsidir. Xanlıqlar dövrünün işıqlandırılması nöqtəyi-nəzərindən beşinci fəslin böyük elmi əhəmiyyəti vardır. “Gülüstani-İrəm” “Nəticə” adı ilə gedən sonluqla bitir. Lakin bu “Nəticə” əsərdə verilən məlumatın yekunu və ya xülasəsindən ibarət deyildir. Bu əsərdə sadəcə bir əlavədir. əlavədə Azərbaycanın məşhur alimi, yazıçı və şairləri haqqında qısa məlumat verilir.

    Azərbaycan və rus dillərində nəşr edilmiş bu əsər sonrakı dövrdə yaşayan tarixçilərimizin stolüstü kitablarından olub, əsasən islamın meydana gəlməsindən tutmuş 1813-cü ildə Rusiya ilə İran arasında bağlanan sülh müahidənaməsinə qədərki dövrdə xalqımızın tarixini tədqiq və təhlil etmək işində mühüm mənbələrdən biridir.O bu əsəri Lado Zablotski ilə birlikdə rus dilinə tərcümə etmişdir.[8][9][10][11]

    Abbasqulu ağa Bakıxanov kitabşünas kimi
    A.Bakıxanov dövrünün ən yaxşı bibliofillərindən idi. Onun zəngin kitabxanası olmuşdur. XIX əsrin 40-cı illərində bir neçə gün A.Bakıxanovun qonağı olmuş prof. İ.Berezin onun çap kitablarından və əlyazmalarından ibarət kitabxanası ilə tanış olmuş və özünün “Dağıstana və Zaqafqaziyaya səyahət” əsərində həmin kitabların siyahısını vermişdir. 270 nüsxədən ibarət qiymətli əlyazmalarını əhatə edən bu kitabxanada Ənvəri, Cami, Savəci, Dövlətşah Səmərqəndi və başqa Şərq klassikləri ilə birlikdə Nizami, Saib Təbrizi, İsgəndər bəy Münşi kimi azərbaycanlı müəlliflərin də əsərləri olmuşdur.[12]

    iran-Rusiya müharibələri zamanı A.Bakıxanov İranda diplomatik xidmətdə olmuş, 1828-ci ildə Ərdəbildə məşhur Şeyx Səfi kitabxanasında tədqiqat aparmışdı. Bu kitabxana sonralar məşhur “Ağıldan bəla” komediyasının müəllifi A.S.Qriboyedovun “təşəbbüsü” ilə Tiflisə köçürülmüş, burada Bakıxanov onunla birlikdə həmin əlyazmalar üzərində böyük iş aparmış və onların kataloqunu tərtib etmişdi. Tədqiqatçılar A.Bakıxanovun Axalsix kitabxanasının əlyazmaları üzərində işlədiyini yazırlar (bax: Axalsıx kitabxanası əlyazmalarının siyahısı, Saltıkov-Şedrin adına Dövlət kitabxanası, Əlyazmaları şöbəsi, siyahı I, qovqul 4, vər. 3-4[13]). Ədibin bu qiymətli elmi işi o zaman “Tiflisskiye vedomosti”də işıqlandırılmışdı.[12]

    Mükafatları

    II dərəcəli Müqəddəs Anna ordeni
    III dərəcəli Müqəddəs Anna ordeni (1828)
    IV dərəcəli Müqəddəs Vladimir ordeni (1828)
    İmperator taclı II Müqəddəs Anna ordeni (1829)
    III dərəcəli Müqəddəs Stanislav ordeni
    Almaz və briliantla bəzədilmiş I dərəcəli “Günəş və Şir” ordeni [14] (1829)
    Filmoqrafiya
    Səbuhi (film, 1941)

    Sonuncu orden (film, 2002)

    Əhməd Bakıxanov (film, 2003)

    Qüdsi (film, 2007)

    Daşdan tikilmiş şəhər (film, 2008)

    Sübhün səfiri (film, 2012)

  • Seyid Əzim Şirvani

    Seyid Əzim Şirvani (9 iyul 1835 — 20 may 1888) — XIX əsr Azərbaycan şairi və maarifçisi.[1]

    Həyatı
    Seyid Əzim Şirvani 1835-ci il iyul ayının 10-da Şamaxıda ruhani ailəsində anadan olmuşdur. Seyid Əzim kiçik yaşlarında ikən Şamaxının tanınmış, mötəbər şəxslərindən olan atası Seyid Məhəmməd vəfat etmişdir. Seyid Əzim ana babası molla Hüseynin himayəsi altında yaşamışdır. Molla Hüseyn Dağıstanda Yaqsay kəndində ruhanilik edirdi. Babasından ərəb və fars dillərini öyrənən Seyid Əzim təxminən 10 il sonra Şamaxıya qayıdır və burada mədrəsədə oxuyub orta ruhani təhsilini tamamlayır.[2]

    1856-cı ildə ali ruhani təhsili almaq həvəsi 21 yaşlı gənc Seyid Əzimi İraqa, əvvəl Nəcəf və Bağdada, sonra isə Suriyanın Şam şəhərinə aparır. Gənc şair İraqda oxuyarkən dünyəvi elmlərə də böyük maraq göstərir. Şamaxıya qayıtdıqdan sonra 1869-cu ildə orada yeni üsul üzrə məktəb açaraq ömrünün axırına qədər burada müəllimlik edir. Köhnə mollaxanalardan fərqli olaraq o, bu məktəbdə uşaqlara dini elmlərlə yanaşı, Azərbaycan və fars dillərini təlim edir, tarix, coğrafiya, hesab və s. fənlərdən ibtidai məlumat da verirdi. Təsadüfi deyil ki, Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabir, məşhur yazıçı və pedaqoq Sultan Məcid Qənizadə və bir sıra başqa yazıçılar məhz onun məktəbində oxumuşlar.

    Yaradıcılığı
    Zəngin ədəbi yaradıcılığa malik olan Seyid Əzim Şirvaninin bədii irsi biri azərbaycanca, digəri isə farsca iki böyük külliyyatdan ibarətdir. Azərbaycanca bədii irsinin əsasını qəzəl janrı təşkil edir.

    Şairin əsərləri içərisində müxtəlif Şərq mənbələrindən etdiyi tərcümələr, Sədi, Hafiz və Məhəmməd Füzuli şeirlərinə yazdığı nəzirələr də vardır. Lakin bunlar şairin zəngin bədii irsi içərisində az yer tutur. Seyid Əzim Şirvani yaradıcılığının çox hissəsi lirik janrda yazılmış orijinal əsərlərdən ibarətdir ki, bunların da çoxu qəzəllərdir. Şairin qəzəllərində həyat sevgisi, nikbin əhval-ruhiyyə, dini etiqad xüsusi yer tutur. Onun aşiqanə qəzəlləri daha çoxdur. Müəllifin şeirə hərarət və can verən dərin lirikasını məhz bu qəzəllərdə görmək olur.

    Gecə gördüm səni, ey afəti dövran, yuxuda,
    Ki, elərdin mənə yüz lütfi-firavan yuxuda.

    Seyid Əzim Şirvani yaradıcılığının ikinci mərhələsi onun maarifçi və tənqidi-satirik şeirlərilə başlayır ki, artıq bu zamandan etibarən onun yaradıcılığında realizm üstünlük təşkil edir. Onun realist şeir yaradıcılığı sahəsinə keçməsində “Əkinçi” qəzetinin mühüm rolu olmuşdur. Çünki, məhz “Əkinçi”nin təsirilə şair günün bir çox zəruri məsələləri ilə maraqlanır və yaradıcılığında yeni mövzulara keçir, müasir həyatın tələblərinə uyğun şeirlər yazır, Azərbaycanın ilk mətbu orqanında nəşr etdirir. Maarifçi şair üçün “Əkinçi” xalqa müraciət yeri idi. O, xalqı qəflət və cəhalət yuxusundan oyanmağa çağırır, Həsən bəy Zərdabinin xeyirxah, maarifçi təşəbbüslərini alqışlayır, onu bilikli bir müəllim və xeyirxah bir insan kimi qiymətləndirirdi. O, “Əkinçi”də çap etdirdiyi şeirlərilə müasirlərini bu qəzeti oxumağa, ona kömək etməyə çağırırdı:

    Bəs “Əkinçi” cəlalımızdır bizim,
    Nasehi xoşməqalımızdır bizim.
    Səy edək, ey guruhi-niksifat,
    Etməsin ta bizim “Əkinçi” vəfat.

    Şairin əsərləri içərisində öyüd, təmsil və didaktik mahiyyət daşıyan mənzum hekayələr vardır ki, bunların da müəyyən bir hissəsi öz ideyaları etibarilə onun maarifçi şeirləri ilə birləşir. Doğruçuluq, mərdlik, dostluq, yoldaşlıqda mətanət, çalışqanlıq, əzilənlərə kömək, insanlarla yaxşı rəftar və s. gözəl və nəcib sifətlərin tərbiyələndirilməsi həmin öyüdlərin əsas məzmununu təşkil edir.

    Seyid Əzim Şirvaninin ictimai mahiyyət daşıyan satiraları onun ümumi yaradıcılığında müstəsna mövqe tutur. Onu öz dövrünün böyük realist şairi kimi tanıdan “Yerdəkilərin göyə şikayət etmələri”, “Dəli şeytan”, “Məkri-zənan”, “Bəlx qazisi və xarrat”, “Müctəhidin təhsildən qayıtması”, “Elmsiz alim”, “Alim oğul ilə avam ata” ,”Qafqaz müsəlmanlarına xitab” və s. satiralarıdır.

    Öz zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə qızıl səhifələr əlavə edən Seyid Əzim Şirvani 1888-ci il iyunun 1-də Şamaxıda vəfat etmişdir.

    Mətbuatla əlaqələri
    Seyid Əzim ġirvaninin yaradıcılığında “Əkinçi”nin müstəsna rolu var. Bu mətbu orqanın səhifələrində şairin 10-dan çox şeiri işıq üzü görmüşdü. Azərbaycan xalqının həyatında “Əkinçi”nin böyük rolu olduğunu şeirlərində vurğulayan Şirvaninin nəzərində qəzetin xeyli üstünlükləri vardı. Dünyanın müxtəlif yerlərindən informasiyaları toplayıb oxucuya çatdırması, maarifçilik işi aparması, elm toxumu səpməsi, ana dilinin saflaşması uğrunda aparılan mübarizə Şirvani tərəfindən mətbuatın üstünlüyü hesab edilirdi. Qəzet onun əlində maarifçilik ideyalarının yayıldığı xitabət kürsüsünə çevrilmişdi. “Əkinçi”nin imkanlarından yararlanmaq üçün oxuculara üz tutan Şirvani yazırdı:[3]

    Neçə müddətdir ki, Həsən bəyi zar,
    Hüsnü-tədbir ilə o fəxri-kibar,
    Öz qədimi misalımızda haman,
    Qəzetə çapını edib ünvan.

    İzn hasil qılıbdır dövlətdən,
    Biz gərək dəm vuraq səadətdən
    Özünə gərçi yoxdur faidəsi,
    Leyk var, xəlqə feyzi-zaidəsi.

    “Əkinçi”nin nəşri ilə bağlı göndərdiyi təbrik məktubunda Seyid Əzim bu mətbu orqanı və Zərdabinin “əhli-islamı”, “xaki-məzəllətdən” qaldırdığı, xalqı öz ana dilində günün aktual problemləri ilə tanış etdiyini alqışlayırdı.[3] O, “Əkinçi”nin gəlişini ruh təzələyən səhərə bənzədir. Səhər mehi insanda xoş duyğular oyatdığı kimi “Əkinçi” də müsəlman aləmini qəflət yuxusundan oyadır. Qəzetin müsəlman aləminə gətirdiyi bu yeniliyi duyan şair “Əkinçi”nin davamlı nəşrini arzulayırdı.

    “Əkinçi”yə həsr etdiyi şeir nümunələrindən aydın görünür ki, Şirvani dövrünün bir çox ziyalıları kimi mətbuatın imkanlarını çox gözəl dəyərləndirir, xalqın tərəqqisi və inkişafında mühüm vasitə olduğunu duyurdu. O, “Qəzet nədir” şeirində “Əkinçi”nin məramı, məqsəd və vəzifələrini nəzmlə oxuculara çatdırırdı. Həsən bəyin özünün təbirincə desək, Şirvani “Əkinçi”nin səsinə səs verərək maarifi təbliğ etməklə kifayətlənmir, yeni tipli məktəblərin açılmasını alqışlayırdı. Aqilin cahildən yüksək tutulmasını maarifçiliyin əsas prinsipi hesab edən Şirvani öz oğlunu Şamaxıda açılan yeni tipli məktəbə qoymuşdu. Oğluna nəsihət məzmununda yazdığı şeiri “Əkinçi”yə göndərən Şirvaninin bu əsəri redaksiya qeydi ilə çap olunmuşdu. Redaksiya qeydində deyilirdi:[3]

    ” Şamaxıda bir camaat uçqolası bina olub ruhani okrujioy məclisinin nəzarətində Şamaxı sakini Seyid Əzim Məliküşşüəra öz oğlu Mir Cəfər namı haman uçqolaya elm təhsil etmək üçün qoymadan xalqın məzəmmətin görüb öz oğluna nəzm ilə nəsihət verdiyinin bəyanıdır. ”
    İstinadlar
    Seyid Əzim Şirvani
    АЗЕРБАЙДЖАНСКАЯ ЛИТЕРАТУРА
    Akif Aşırlı, Azərbaycan mətbuat tarixi, (1875-1920), Bakı.

  • Xurşidbanu Natəvan

    Xurşidbanu Natəvan — XIX əsr Azərbaycanın görkəmli şairəsi. Qarabağın sonuncu xanımı (hakimə) Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi.

    Həyatı
    Mehdiqulu xan qızı Xurşidbanu Natəvan 15 avqust 1832-ci ildə Şuşada anadan оlmuşdur. Mehdiqulu xan qızına öz anası Xurşudbanunun adını vermişdir. Xurşudbanu ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sоnuncu vərəsəsi оlduğu üçün, оnu sarayda «Dürrü yeкta» (Təк inci), el arasında isə «Xan qızı» çağırmışlar.[1].

    Balaca Xurşudbanunun ilk tərbiyəçiləri sarayın təcrübəli dayə və mürəbbiyələri оlmuşdular. Məktəb yaşına çatdıqda isə evdə dövrün alim və sənətkarlarından dərs almağa başlamışdır. Məşğələ zamanı Xurşudbanu “Quran” ayələrini və dini ehkamları əzbərləməklə yanaşı, dünyəvi elmlərlə də tanış оlmuşdur. XIX əsrdə kübar ailələrin uşaqlarına bir qayda оlaraq dоğma dili ilə bərabər, ərəb və fars dili, оnun sərfi-nəvi təlim edildiyindən, Xan qızı da bu dilləri öyrənmiş, оnların vasitəsilə klassik şeirin qayda-qanunlarını mənimsəmişdir. О, lazımi dərəcədə bilik əldə etdiкdən sоnra müntəzəm surətdə mütaliə ilə məşğul оlmuşdur. Dahi şərq şairlərin ələ düşən nadir kitabları, qiymətli əlyazmaları Xurşudbanunu klassik ədəbiyyata bağlamışdır.

    Natəvanın dünyagörüşünün, bədii zövqünün fоrmalaşmasında yaxın və uzaq qоhumlarının əməyi az оlmamışdır. Qasım bəy Zakir, Mirzə Camal Cavanşir-Qarabaği, Mirzə Adıgözəl bəy Qarabaği, Əhməd bəy Cavanşir kimi hörmətli və tanınmış şəxsiyyətlər öz yaradıcılıqları, ədəbi söhbət və mübahisələri, eləcə də ağıllı məsləhətləri ilə Xurşudbanuda şeirə və sənətə оlan şövq və həvəsi qüvvətləndirmişlər.

    Tarixçilərin ehtimalına görə, bu dövrdə xarici və daxili vəziyyətin ciddi surətdə gərginləşməsi ilə əlaqədar xan ailələri üzərində nəzarət gücləndirilmiş və Xurşudbanu Xasay xan Usmiyevlə izdivaca məcbur edilmişdi. Belə bir ehtimal da vardır ki, Vоrоntsоvun şəxsi yavəri Xasay bəy Tiflisdə оnlara mülk iddialarında kömək göstərmiş və bunun müqabilində Xurşudbanuya evlənməyi təklif etmişdir. 1850-ci ilin payızında Xasay bəy Şuşaya gəlib tоy etmiş və Xurşudbanunu Dağıstana – öz doğma кəndinə, оradan da Tiflisə aparmışdır.[2].

    Həyatının çiçək açdığı bir dövrdə Xurşudbanu Tiflisdə yaşamalı olmuşdur. Şəhərin səfalı yerləri, təbii mənzərələri ona xoş gəlsə də, burada yaşamağa məcbur olduğu və çox vaxtları tək qaldığı üçün sıxılmış, qəriblik çəkmişdir. Na­tə­van bu şə­hər­də rus, gür­cü mə­də­ni cə­miy­yət­lə­ri­nə qo­şul­muş, özü də mil­li ənə­nə­si, kü­bar­la­ra məx­sus dav­ra­nı­şı və üç dil­də sər­bəst da­nış­ma­sı ilə cə­miy­yət­lər­də ma­raq oyat­mış­dır. Bir sı­ra vi­la­yət və şə­hər­lə­rə sə­ya­hə­tə çıx­ma­sı Xur­şid­ba­nu­nun tə­fək­kür dai­rə­si­nin ge­niş­lən­mə­si­nə, dün­ya­gö­rü­şü­nün artmasına tə­kan ver­miş­dir. Vla­di­qaf­qa­za, Da­ğıs­ta­na, Şir­va­na, Ba­kı­ya, Gən­cə­yə və Nax­çı­va­na sə­fə­ri za­ma­nı o, yük­sək rüt­bə­li döv­lət qul­luq­çu­la­rı, ya­zı­çı, alim və səy­yah­lar­la görüşmüşdür.

    1855-ci ildə Xurşudbanunun oğlu, 1856-cı ildə qızı dünyaya gəlmişdir. Oğlunun adını Mehdiqulu, qızın adını isə Xanbikə qoyurlar.

    Xurşidbanu Natəvan parlaq istedada və qabaqcıl ideallara malik olan şəxsiyyət olmuşdur. O, Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoymuşdur. Bu fenomenin meydana gəlməsinin bir neçə əsas səbəbi vardır. Bunlardan birisi şairənin soy köküdür. Yəni, Natəvanda iki böyük nəslin – Cavanşirlərin və Ziyadoğlu Qacarların qanı vardır. Adlarını çəkdiyimiz bu iki böyük və şərəfli nəslin hər birisi dünyaya bir sıra şair gətirmişdir (məsələn, Cavanşir nəslindən Əbülfət xan Tutinin, Qasım bəy Zakirin, Ziyad-oğlu Qacar nəslindən isə Ziyadi Qarabaği, Müsahib Gəncəvi və bir sıra başqa şairlərin adlarını çəkmək olar). Maraqlıdır, ki, Ziyadi Qarabaği və Musahib Gəncəvi vaxtilə Qarabağ bəylərbəyisi olmuşdurlar. Natəvan yaradıcılığının böyük tədqiqatçısı Bəylər Məmmədov “Natəvanın şair qohumları” kitabında (B., 1989) bu məsələni geniş açıqlayır. Eyni zamanda, Ziyadoğlu Qacar nəslindən çıxan şairlərdən söz başqa kitablarda da açılır [3] Füzuli adına Respublika əlyazmalar institutunun fondunda Müsahib Gəncəvinin şeir divanı saxlanılır və bu əsərin üzərində institutun əməkdaşları elmi tədqiqatlar aparırlar.

    Natəvanın nəvəsi Xasay Usmiyev və onun əcnəbi həyat yoldaşı
    Natəvanın qızı Xanbikə xanım da anasının yolunu davam etdirərək, qəzəllər və rübailər yazmışdır. Onun bir-neçə qəzəli Vasif Quliyevin “Dünənə uzanan cığır” (B., 2000) kitabında çap olunmuşdur. Bu kitabda göstərilir ki, Xanbikə xanım “Məclisi-üns”ün üzvlərindən biri olub.

    Xurşidbanu Natəvan zəmanəsinin görkəmli şəxsiyyətlərindən olmuş, təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada xeyirxahlığı və mesenatlığı ilə tanınmışdır. O, kasıblara əl tutmuş, Şuşaya su kəməri çəkdirmişdir.

    Natəvan ikinci dəfə 1869-cu ildə rəiyyət içərisindən çıxmış Seyid Hüseyn adlı bir şuşalıya ərə getmiş, bu hərəkəti ilə bəy və mülkədarları qəzəbləndirmişdir. Onlar Natəvanın ailə üzvləri arasına təfriqə salaraq, oğlu Mehdiqulu xanın evdən baş götürüb getməsinə müvəffəq olmuşlar. Şairə ömru boyu qınaq və töhmətlərdən yaxa qurtara bilməmişdir.[4][5]

    Şəxsi münasibətlərin, dövranın haqsızlığı, zalımların sitəmi şairi vaxtsız qocaltmış, onu həyat işığına həsrət qoymuşdur. Ağlamaqdan gözlərinin nuru getmiş, bədəni taqətdən düşmüşdür. Xurşidbanu Natəvan 1897-ci il, 1 oktyabrda vəfat etmişdir və Ağdamın “İmarət” qəbiristanlığında dəfn olunmuşdur.[6] Adına küçə, klub, kitabxana və məktəb vardır. Xan qızının əlyazmaları, şəxsi geyim və əşyaları nadir eksponat kimi arxiv və müzeylərimizdə saxlanılır.

    Xurşidbanu Natəvanın heykəli, Bakı şəhəri

    Xurşidbanu Natəvanın qəbirüstü abidəsi, Ağdam şəhəri
    Bakıda heykəli, Şuşada büstü, Ağdamda qəbirüstü abidəsi qoyulmuşdur.

    2016-cı il fevralın 18-də Heydər Əliyev Fondunun dəstəyi ilə Belçika Krallığının Vaterlo şəhərində Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimi keçirilib. Abidənin müəllifi heykəltəraş İmran Mehdiyevdir.[7][8][9]

    Soyağacı

    Pənahəli xanın nəticəsidir.
    İbrahimxəlil xanın nəvəsidir.
    Ana tərəfdən Gəncə hakimi Cavad xanın nəslindəndir: anası Bədircahan bəyim Cavad xanın nəvəsi, Uğurlu bəyin qızıdır.
    Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızıdır.
    Kumık Xasay xanın həyat yoldaşıdır.
    Mehdiqulu xan Vəfanın anasıdır.
    Xanbikə xanımın anasıdır.
    Mir Həsən Ağa Mirin anasıdır.
    Mir Abbasin anasidir.
    Bəhram xan Naxçıvanskinin nənəsidir.
    Əkbər xan Naxçıvanskinin nənəsidir.
    Xaqan xan Naxçıvanskinin nənəsidir.

    Kamran xan Naxçıvanskinin nənəsidir.
    Ənvər xanım Naxçıvanskayanın nənəsidir.
    Sənubər xanım Naxçıvanskayanın nənəsidir.
    Nəticələri: Xanımcan xanım, Nuşerim xanım, Məhmə xanım, Zibəndə xanım, Seymur xan, İzzət xan, Sürəyya xanım, Həbib xan, Əxtər xanım, Reyhanat xanım, Tərlan xanım, Aman xan, İsgəndər xan, Leyla xanım Usmiyeva [10] Nahidə-Leyla Məmmədova[11]
    Yaradıcılığı

    Azərbaycan poçt markası (2014)
    Na­tə­van ya­ra­dı­cı­lı­ğa təx­mi­nən XIX əs­rin 50-ci il­lə­rin­dən baş­la­mış­dır. İlk vaxtlar onun “Xur­şid” im­za­sı ilə yaz­dı­ğı şeir­lə­rin ək­sə­riy­yə­ti itib-bat­mış, yal­nız cü­zi bir his­sə­si bi­zə gə­lib çat­mış­dır. 1870-ci il­dən eti­ba­rən şai­rə özü­nə “Na­tə­van” (kö­mək­siz, zəif, xəs­tə) tə­xəl­lü­sü gö­tü­rə­rək, də­rin məz­mun­lu qə­zəl­lə­ri­ni ya­rat­mış­dır. Onun şeir­lə­ri hə­lə sağ­lı­ğın­da dil­dən-di­lə düş­müş, əl­yaz­ma şək­lin­də ya­yıl­mış­dır. Xur­şid­ba­nu­nun şeir­lə­ri­ni məz­mun cə­hət­dən şər­ti ola­raq dörd qis­mə ayır­maq müm­kün­dür: aşi­qa­nə şeir­lər, tə­biət gö­zəl­lik­lə­ri­nə həsr edil­miş şeir­lər, müa­sir­lə­ri­nə yaz­dı­ğı mən­zu­mə­lər, hüznlü şeir­lər.[12]

    XIX əsrdə Azərbaycan ədəbi mühiti bir sıra qüdrətli sənətkarlar, o cümlədən şairə qadınlar yetişdirmişdir: Xurşidbanu Natəvan, Fatma xanım Kəminə, Aşıq Pəri və s. Natəvanın fitri istedadının üzə çıxması və çiçəklənməsinin səbəblərindən birii, Şuşanın təkraredilməz yaradıcı ab-havası və mühiti də olmuşdur. Bəylər Məmmədov “Xurşidbanu Natəvan” kitabında yazır: “Hətta xatirələrdə Natəvanın “Xanlıq Şükür” adı ilə tanınan xidmətçisinə musiqi təlimi verməklə onu məşhur xanəndə etməsindən də danışılır” (səh. 60). Özü də müəllif qeyd edir ki, bu haqda material Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin fondunda saxlanılır (inv. 481, səh. 7). Hal-hazırda bu materialın Füzuli adına Respublika Əlyazmalar institutuna verildiyi barədə gümanlar var, lakin həmin materiallar hələlik tapılıb tədqiqata cəlb edilməmişdir.

    Natəvanın poeziyası Azərbaycan xanəndələrini də ruhlandırır. Böyük sənətkarımız Seyid Şuşinskinin Natəvan haqqında xatirəsində qeyd olunur ki, o şairənin qəzəllərini “Segah” üstündə oxuyarmış [13] Və ondan bəri, demək olar ki, bu günə kimi tanınmış Azərbaycan xanəndələri şairənin qəzəllərini oxuyub, ilham alırlar.

    Natəvan poeziyası peşəkar Azərbaycan bəstəkarların əsərlərində də öz əksini tapır. Bunun parlaq misalı tanınmış bəstəkar Xalq artisti, professor Vasif Adıgözəlovun Natəvanın sözlərinə yazılmış məşhur “Qərənfil” mahnı-romansı ola bilər. Bəstəkar “Xan qızı Natəvan” operasını da yazmışdir.[14]

    Natəvanın yaradıcılıq fəaliyyəti təkcə şeirlə bitmir. O rəssamlıqla da məşğul olurdu, həmçinin, onun nəfis əl işləri, müxtəlif janrda tikmələr bacarığı da olmuşdur.

    Yaradıcılıqla bərabər Xan qızının ictimai və idarəetmə fəaliyyətini qeyd etmək olar (təsadüfi deyil ki, qohumlar arasında Xurşidbanuya “Dürrü yekta”, yəni, tək inci-xanlıqın yeganə varisi deyərmişlər).

    Natəvanın xeyirxahlığı və xeyriyyəçiliyi də gözə çarpır. Bəylər Məmmədov “Xurşidbanu Natəvan” əsərində göstərir ki, Şuşanın bir qrup şairləri bədii məclisi təşkil edilməsinin zəruriyyətini dərk edirdilər. Lakin, məclis düzəltmək üçün şərait və imkan yox idi. Ziyalılar yalnız Xan qızının köməyinə ümid edirdilər. Xan qızı bu şairlərin təklifini məmnuniyyətlə qəbul etmiş və nəticədə qısa bir müddətdə Şuşada “Məclisi-üns” (yəni, dostluq, ülfət məclisi) yarandı. Bu məclisə rəhbərliyi və onun bütün xərclərini Xan qızı öz üzərinə götürmüşdür. Təsadüfi deyil ki, Bəylər Məmmədov öz əsərlərin birində Natəvanı “Məclisi-üns”ün ürəyi adlandırırdı. Şuşada Mir Möhsün Nəvvab Qarabağinin rəhbərliyi ilə “Məclisi-fəramuşan” adlı daha bir poetik məclis də fəaliyyət göstərirdi.

    Məhz bu zaman Xurşidbanu (şairə öz nənəsinin adını daşıyırdı, o da Gəncəli Cavad-xan Ziyad oğlu Qacarın doğma bacısı idi) “Natəvan”, yəni, “kimsəsiz”, “köməksiz” təxəllüsünü özünə gotürmüşdür.

    “Məclisi-üns”də tanınmış Qarabağ şairləri ilə yanaşı məşhur xanəndə və sazandələr də iştirak etmişlər Bunlardan Hacı Hüsü, Meşədi Isi, Molla Vəli, Molla Abbasqulu, Meşədi Dadaş, Əbdülqəni və Sadıqcanın (Sadıq Əsəd oğlunun) adlarını çəkə bilərik. Məşhur tarzən Qurban Pirimov yazırdı: “Xurşidbanu nəinki şeir, eləcə də musiqini çox sevirdi. Xanəndələrdən Hacı Hüsü və Meşədi Isi onun məclisində oxuyardılar. Bu xanəndə oxuyarkən Natəvanın qəzəllərindən tez-tez istifadə edərdilər. Son vaxtlara qədər Cabbar onun qəzəllərini öz repertuarında saxlardı” [15]. Füzuli adına Respublika Əlyazmalar Instiututun fondunda saxlanılan Mir-Həsən Ağamirovun “Natəvan haqqında xatirələrdə” (inv. 1788) qeyd olunur ki, Natəvanın hər bir məclisində musiqiçilər iştirak edirdilər, Natəvanın bəzi məclisləri isə sırf musiqi məclisi hesab olunurdu və burada Natəvanın qəzəlləri də oxunurdu.

    Xurşidbanu Natəvan yaradıcılığa 50-ci illərdən ənənəvi şərq mövzusu və şerlərlə başlamışdır. Qəzəllərində məhəbbət, təbiət gözəllikləri (“Gülün”, “Qərənfil” və s.) tərənnüm olunmuşdur. 16 yaşlı oğlunun ölümündən sonra Natəvan bədbin ruhlu şerlər yazmışdır.

    (“Ağlaram”, “Olaydı”, “Getdi”, “Sənsiz”, “Ölürəm” və s.) Əsərləri dərin səmimiyyəti, incə lirizmi ilə seçilir. Yüksək sənətkarlıq nümunəsi olan şerlərində təkrir, qoşma, rədif, məcaz və s. bədii vasitələr məharətlə işlənmişdir. M.N.Nəvvab, S.Ə.Şirvani və başqaları ona şer həsr etmişlər.

    Xurşidbanu Natəvan
    Natəvan həm də istedadlı rəssam olmuşdur. Onun bədii tikmələri “Gül dəftəri” (1886) adlı albomundakı rəsmlər buna sübutdur.

    Fəaliyyətləri
    Natəvanın şəxsiyyət kimi özünü təsdiqləməsində, vətənə, doğulduğu torpağa bağlı olmasında həm də mənsub olduğu soyun, kökün, nəslin böyük təsiri vardır. Xeyriyyəçi, messenant və fəal ictimai xadim kimi də xalqın yaddaşına həkk olmuşdur.[16] Xurşidbanu Natəvan Gənc şairə Şuşada “Məclisi üns” ədəbi məclisini təşkil etmişdir. 1873-cü ildə Şuşaya su kəmərini çəkdirmişdir: bu su kəməri indi də “Xan qızı bulağı” adı ilə məşhurdur. Natəvan Araz çayından Mil düzünə də su kəməri çəkməyə təşəbbüs etmişdir.

    1858-ci il­də xoş­bəxt bir tə­sa­düf Ba­kı­da məş­hur fran­sız ya­zı­çı­sı Aleksandr Dü­ma ilə Xur­şid­ba­nu­nu rastlaşdırmışdır. Na­tə­va­nın hə­yat yol­da­şı Xa­say xa­nın fran­sız di­lin­i yaxşı bilməsi onlar ara­la­rın­da dostluq tel­lə­ri ya­rat­mış­dır. On­lar Ab­şe­ron­da bir­gə gə­zin­ti­yə çıx­mış, ay­rı­lar­kən bir-bi­ri­nə qiy­mət­li hə­diy­yə­lər təq­dim et­miş­lər. Na­tə­va­nın Ba­kı­dan Şıx kən­di­nə daş yol çək­dir­mə­si haq­qın­da ilk mə­lu­mat da A.Dü­ma­nın “Qaf­qa­za sə­ya­hət” ki­ta­bın­da öz ək­si­ni tap­mış­dır.

    Əsərləri
    Seçilmiş əsərləri. Təbriz: -1991.-112 s.
    Əsərləri.-Bakı: Lider nəşriyyatı, 2004.-87 s.
    Əsərləri.-Bakı: Yazıçı, 1984.-100 s.
    33 qəzəl.-Bakı:: Gənclik, 1981.-36 s.
    Şerlər.-Bakı:: Azərnəşr, 1965.-80 s.
    Xurşudbanu Natəvana ithaf incəsənət əsərləri
    Məmməd Rahim – «Natəvan» poeması
    İlyas Əfəndiyev – “Xurşudbanu Natəvan” pyesi
    Vasif Adıgözəlov – Natəvan (opera)
    Rauf Adıgözəlov – “Qərənfil” romansı – sözləri: Natəvan, musiqi: Vasif Adıgözəlov
    Natəvan – “Qərənfil” şeiri – səsləndirən: Laləzar Mehdixanlı
    Haqqında olan ədəbiyyat
    Cəfərzadə Ə. Natəvan haqqında hekayələr. Bakı: Azərnəşr, 1963, 60 səh.
    Xurşud Banu Natəvan. Azərbaycan yazıçılarının həyatından dəqiqələr. Bakı: 1979, səh. 44-48.
    Məmmədov B. Xurşudbanu Natəvan. Bakı: Yazıçı, 1983, 158 səh.
    Natəvanın şair qohumları. Bakı: Azərnəşr, 1989, 84 səh.
    Əliyeva H. Natəvanın tikmələri. “Qobustan”. 1970, N1, səh. 42-46.
    Əfəndiyev İ. Xurşudbanu Natəvan. “Azərbaycan”, 1985, N11, səh. 22-65.
    Məmmədov B. Xurşudbanuya. “Ulduz”, 1995, N1, səh. 36.
    Filmoqrafiya
    Qarabağa səyahət (film, 1968)
    Dağlarda işıq (film, 1973)
    Üzeyir ömrü (film, 1981)
    Natəvan (film, 1982)
    Mahur-hindi (film, 2001)
    Düma ömrünün qırx günü (film, 2002)
    Güllələnmiş heykəllər (film, 2002)
    Məclisi üns (veriliş, 2006)
    Papaq (film, 2007)
    Xurşidbanu Natəvan (film, 2012)

  • Qasım bəy Zakir

    Qasım bəy Əli bəy oğlu Zakir (1784[1], Şuşa, Qarabağ xanlığı – 1857[1], Şuşa, Şamaxı quberniyası, Rusiya İmperiyası) — Azərbaycan şairi.

    Həyatı
    Qasım bəy Zakir 1784-cü ildə Şuşa şəhərində doğulmuşdur. Onun əsli Qarabağda məşhur olan Cavanşirlər nəslindəndir. Ulu babası Kazım ağa Şuşa şəhərinin əsasını qoyan Pənah xanın doğma qardaşıdır. Zakir ilk təhsilini Şuşada mollaxanada almış, ərəb, fars, dillərini öyrənmişdir. Bu dilləri bilməsi ona Yaxın Şərqin Firdovsi, Nizami, Sədi, Hafiz kimi məşhur söz ustadlarinin əsərləri ilə tanış olmaq imkanı vermişdir. Zakir mollaxanada oxuduğu illərdə adları çəkilən sənətkarların bədii irsini oxuyub öyrənmişdir. Şairin yeniyetməliyi və gəncliyi Qarabağda baş vermiş siyasi-hərbi hadisələr dövrünə təsadüf edir. 1795-ci ildə Qacarın Qarabağa hücum edib Şuşanı mühasirədə saxlaması, əhalinin şəhəri mərdliklə müdafiə etməsi, bundan iki il sonra Qacarın Şuşada qətli, şair Molla Pənah Vaqifin öz oğlu ilə birlikdə Cıdır düzündə öldürülməsi, XIX əsrin əvvəllərində İbrahim xanın Qarabağda vəhşicəsinə güllələnməsi və s. onun yeniyetməlik və ilk gənclik illərində gördüyü hadisələr, eşitdiyi əhvalatlar idi. Bu hadisələr onun dünyagörüşünün formalaşmasına öz təsirini göstərmişdir. Qarabağ xanlığı Rusiyanın idarəçiliyinə keçdikdən sonra Zakir çar ordusunun Qafqaz müsəlman könüllü atlı dəstəsinə qoşulmuş, 1806-1813, 1826-1828-ci illərin Rusiya-İran müharibələrində iştirak etmişdir. O, Abbas Mirzənin başçılıq etdiyi İran qoşununa qarşı vuruşan dəstənin tərkibində olmuş, döyüşlərdə fərqləndiyinə görə 1828-ci ildə gümüş medalla təltif edilmişdir.

    Qasım bəyi görənlər, o cümlədən Əhməd bəy Köçərlinin rəvayətinə görə, o zati-şərif xoşsurət və xoşsima, ağ bədənli,qartal burunlu,uca qamətli,rəngli dişli,zəifülbünyə bir vücud imiş. Göyçək, ağıllı və göy rəngli gözləri var imiş. Simasından, hərəkət və süknasından asari-nəcabət və rəşadət görünərmiş. Danışığı fəsih və sövtü dilkəş olmağa görə, çoxlarını heyran edərmiş. O danışanda ona qulaq asmamaq olmazmış. Bir az tündməcazmış. İnsaf və mürüvvətdən xaric sözlər və işlər şairi təbii halından çıxarıb, onun qeyzü hiddətinə səbəb olarmış. Amma acığı tez sönüb tövbə və istiğfar edərmiş. Adəti halında ziyadə həlim, rəhimli və mürüvvətli bir adam imiş.

    1829-cu ildə Zakirin oğlu xəstələnib vəfat edir. Bu hadisə şairi dərindən kədərləndirir. Bu münasibətlə yazdığı bir şerində Zakir oğlunun ölümündən doğan iztirablarını təsvir edir.

    Zakir 1830-cu ildə könüllü polis dəstələrinin tərkibində Balakənə getmiş, Cardakı üsyanların yatırılmasında iştirak etmişdir. O, dostu Baba bəy Şakirə göndərdiyi “Car müqəddiməsi” adlı mənzum məktubunda Qarabağ atlılarının döyüşdə göstərdiyi igidlikləri tərifləmiş, özünün şücaəti haqqında yazmışdır.

    Gənclik illərini at belində, müxtəlif müharibələrdə və döyüşlərdə keçirən Qasım bəy Zakir 30-cu illərin sonlarında tamam təsərrüfatçılıqla məşğul olmağa başlayır. O, ilin yay fəslini Şuşada, qalan fəsillərini isə Xurşidbanu Natəvanın atası Mehdiqulu xanın ona bağışladığı Xındırıstan kəndində keçirirdi. Cəmisi 20 evdən ibarət olan bu kəndin illik gəliri 450 manata yaxın idi. O kənddə kəndlilərlə birlikdə işləyər, onlarla bir süfrəyə oturmaqdan çəkinməzmiş.

    Zakir müasirləri arasında da dərin hörmət və böyük nüfuz qazanmışdır. Azərbaycanın Mirzə Fətəli Axundzadə, İsmayıl bəy Qurtqaşılı, Baba bəy Şakir, Xurşidbanu Natəvan kimi tanınmış ziyalıları, habelə gürcü knyazı İliko Orbeliani, Bakı general-qubernatoru Mixail Kolyubakin onun məktublaşdığı, əlaqə saxladığı məşhur şəxsiyyətlər idi. Lakin Zakiri sevməyənlər, onun paxıllığını çəkənlər də var idi. Qarabağda öz fitnə-fəsadları ilə ad çıxarmış Cəfərqulu xan Nəva (Raqub Kərimovun yeni çapdan çıxmış “Qasım bəy Zakir və müasirləri” adlı monoqrafiyasında Cəfərqulu xanın heç də sovet dönəmində təqdim olunduğu kimi qəddar biri olmadığı, onun mütərəqqi, maarifpərvər biri olması ilə yanaşı onunla Zakir arasında münasibətlərin çar məmurları tərəfindən bilərəkdən pozulması barədə yeni iddialar yer alıb), Şuşa qazisi Mirzə Əbülqasim, yerli çar hakimi Konstantin Tarxan-Mouravov onun qəddar düşmənləri idilər. Zakirin satirik tənqidinə hədəf olmuş bu adamlar şairi dövlət yanında etibardan salıb tutdurmaq üçün müəyyən bəhanə axtarır, uyğun məqam gözləyirdilər. Nəhayət belə bir bəhanə tapıldı: K. Tarxan-Mouravov Zakiri hökumətdən qaçaq düşmüş qardaşı oğlu Behbud bəy Cavanşiri evində saxladığına görə günahlandıraraq təqib etməyə başladı. Behbud bəyin qardaşı Rüstəm bəy gecə işdən qayıdarkən qaçaqçı adı ilə tutulur və həbsxanada edam edilir. Çar hakimiyyət orqanları qardaşının intiqamını alacağından qorxduqlarından onu da həbs etmək qərarına gəlirlər. Bəhanə kimi isə onun Orlov familyalı bir rus əsgərini qarət etməsi göstərilir. 1849-cu ilin oktyabr ayında o, böyük bir atlı-yaraqlı dəstə ilə Zakirin yaşadığı Xındırıstan kəndinə hücum etdi. Şair bu dəstənin Behbud bəyi axtarmaq üçün gəldiyini güman edirdi. Ona görə oğlu Nəcəfqulu bəylə qardaşı oğlu İskəndər bəyi həmin dəstəni qarşılamağa göndərdi. Lakin Tarxan-Mouravov onları öz düşüncəsi ilə qarşıladı: onları Behbud bəyə köməkçi olmaqla ittihamlandırıb hər ikisini həbs etdi və Şuşa qalasındakı həbsxanaya göndərdi. Həmin gün Zakirin özünü də ailə üzvləri və yaxın qohumları ilə birlikdə həbs edib Şuşa həbsxanasına gətirdilər. Bununla da ürəyi soyumayan Tarxan-Mouravov Xındırıstan kəndini öz atlılarına qarət etdirdi və kənd camaatını tamamilə yoxsul vəziyyətə saldı. Bu arada Behbud bəy həbsxanada güllələnir. Şairin qızı Nənəş xanım onun meyidini yaxın adamları vasitəsilə qaladan oğurlayaraq dəfn edir. Həbsxanada olarkən şair bir neçə dəfə yuxarı hökumət dairələrinə məktubla qanunsuz tutulduğunu yazıb bildirsə də onun şikayətlərinə ədalətli cavab verilmədi. Şair bir ilə qədər Şuşa həbsxanasında qaldıqdan sonra mühakimə olunmadan Bakıya sürgün edildi. Nəcəfqulu bəylə qardaşı oğlu İskəndər bəyi isə Tiflisə gətirib, oradan əvvəlcə Voronejə, Voronejdən isə Kaluqaya sürgün etdilər. Şairin ailəsi isə Şuşada qaldı. Bakıya gəldikdən sonra Zakir dövlət idarələrində çalışan dostlarına məktub yazıb qanunsuz həbs edildiyini bildirdi. O zaman Tiflisdə Canişinlik idarəsində işləyən Mirzə Fətəli Axundzadə, İsmayıl bəy Qurtqaşınlı (yazılanlara görə o İ.Qutqaşınlı ilə Car hərbi ekspediyasında olarkən tanış olmuşdular), Bakı qubernatoru Mixail Kolyubakin, Gürcü knyazı İliko Orbeliani Zakirin şikayətlərini dinləyib, sürgündən azad olmasına çalışdılar. Bundan başqa Zakir “Səndən” rədifli şeirində bir neçə şəxsin- “gürcü nücəba”larının adını xatırlayır:

    Olan dəmdə mənə mənzil Şadno
    Hər tərəfə eylər idim təkü do
    İvano bəy, Kolyubakin, İliqo
    Çalışırdı. əlhəq, bərabər səndən

    İvano bəy deyə Zakirin müraciət etdiyi şəxs İvan Silvitiskidir (1820-1874). O, 1850-54-cü illərdə Tiflisdə nəşr edilən “Kavkaz” qəzetinin baş redoktoru olmuş, M.F.Axundovun pyeslərini tamaşaya qoymuşdur. Şeirdə “İliqo” deyə müraciət olunan şəxs knyaz Orbelianidir. Məhz onun sayəsində şairin övladları sürgündən azad olunmuş və şair “Knyaz” şeirində bunu vəsf etmişdir.

    Şair bir neçə ay Bakıda sürgün həyatı keçirəndən sonra bu şəxslərin səyi nəticəsində Şuşaya qayıtdı. Lakin o, ömrünün axırınadək polis nəzarəti altında yaşadı. Oğlu və qardaşı oğlu isə 3 il Rusiyada sürgündə qaldılar.

    Qasım bəy Zakir ömrünün sonlarını maddi ehtiyac və çətinliklər içərisində başa vurmuşdur. O, 1857-ci ildə Şuşada vəfat etmiş və şəhərin Mirzə Həsən qəbirstanlığında dəfn edilmişdir.

    Əsərləri haqqında
    Zakirin satiraları əsas etibarı ilə çar hakimləri və çarizmin müstəmləkəçi qanun və qaydaları əleyhinə çevrilmişdir. Zakirin satirasında ən amansız tənqid olunanlar gücsüzlərin və acizlərin hüquqlarını tapdalayanlardır. İfşaçılıq, kəskin tənqid və kinayəli gülüş Zakir satiralarının əsas xüsusiyyətlərindəndir. O, ictimai nöqsanları sadəcə təsvir etməklə kifayətlənmir, eyni zamanda onlara qarşı özünün kəskin tənqidi münasibətini, nifrət və qəzəbini də bildirir.

    Zakirin yaradıcılığında onun mənzum hekayə və təmsilləri də mühüm yer tutur. Nizami, Xaqani, Füzuli və başqa Azərbaycan klassikləri öz mənzum hekayələrinin çoxunu müasir həyatın tələblərinə uyğun olaraq yazmışlar. Klassiklərin mənzum hekayələrində müəyyən hadisələrin, real insan surətlərinin, qabaqcıl ideyaların təsvir və tərənnümü verilir. Eyni xüsusiyyətlər Zakirin mənzum hekayələrində də var. Onun müxtəlif mövzularda yazılan “Məlikzadə və Şahsənəm”, “Əmirzadə, məşuq və cavan aşiq”, “Aşiqin təam bişirməyi”, “Aşiq və məşuq haqqında”, “Zövci-axər”, “Tərlan və elçi”, “Dəvəsi itən kəs”, “Dərviş ilə qız”, “Həyasız dərviş”, “Əxlaqsız qazı”, “Xalqa vəz deyən, özü fisqü fücurdan çıxan biəməl alim” kimi mənzum hekayələri vardır.

    Zakirin mənzum hekayələrində məhəbbət insanın ülvi və nəcib hissi kimi təsvir olunur. Məhəbbətdə sədaqət, mətanət və dözümlülük, vəfada möhkəmlik bu hekayələrin bir qismində əsas məzmunu təşkil edir.

    Zakirin realist yaradıcılığında təmsillərinin əhəmiyyəti müstəsnadır. Onun nəşr olunmuş “Əsərləri”ndə: “Aslan, Qurd və Çaqqal”, “Dəvə və Eşşək”, “Tülkü və Qurd”, “Xain yoldaşlar haqqında” (“İlan, Dəvə, Tısbağa”), “Tülkü və Şir”, “Sədaqətli dostlar haqqında” (“Tısbağa, Qarğa, Kəsəyən, Ahu”) adları ilə altı təmsili çap olunmuşdur.

    Zakir təmsillərini yazarkən birinci növbədə şifahi xalq yaradıcılığında geniş yayılan təmsillərdən və məşhur hind abidəsi “Kəlilə və Dimnə” əsərindən, həmçinin klassik poeziyadakı təmsillərdən, Nizami, Cəlaləddin Rumi, Füzuli təmsillərindən də istifadə etmişdir.

    Zakir təmsillərini yeni tarixi şəraitə, müasir həyatın tələblərinə uyğun olaraq yazmışdır. Bu əsərlərdə təbliğ olunan ideya şairin dövrü ilə həmahəng idi. O, bir tərəfdən dövrünün ictimai və siyasi hadisələrinə özünün eyhamları ilə işarələr edir, zülmün əleyhinə çıxır, o biri tərəfdən zəmanə gənclərinə vəfa, sədaqət, mərdlik və s. kimi nəcib tərbiyəvi məsləhətlər verirdi.

    Həmçinin bax
    İbrahimxəlil xan Cavanşir
    İstinadlar
    Faceted Application of Subject Terminology
    Mənbə
    Azərbaycan ədəbiyyatı tarixi. 3 cilddə. II cild. Bakı: 1960.
    Feyzulla Qasımzadə. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı: 1974.
    Kamran Məmmədov. Qasımbəy Zakir. Bakı: 1957.
    Kamran Məmmədov. Qasım bəy Zakir. Bakı: 1984.
    Kamran Məmmədov. XIX əsr Azərbaycan şeirində satira. Bakı: 1975.
    Qasım bəy Zakir (məqalələr məcmuəsi). (tərtib, müqəddimə və izahlar filologiya elmləri namizədi Dilarə Məmmədovanındır). Bakı: 1985.
    Süleyman Hüseynov. Qasım bəy Zakir. Bakı: 2010.
    Raqub Kərimov. Qasım bəy Zakir və müasirləri. Bakı: 2013.

  • Molla Vəli Vidadi

    Molla Vəli Vidadi (1709-cu il, Şəmkir, ‒ 1809-cu il, İkinci Şıxlı) — XVIII əsr azərbaycan şairi.

    Həyatı
    Molla Vəli Vidadi 1709-cu ildə Şəmkirdə anadan olmuşdur. Şairin uşaqlığı və ilk gəncliyi də orda keçmişdir. Atası Məhəmməd ağa zəmanəsinin qabaqcıl və savadlı adamlarından biri idi. Məhəmməd ağa Səfəvilər dövründə İranda yaşayan Həmzə sultanın nəslindəndir. Belə bir ailədə böyüyən Vidadi də uşaqlıqdan mükəmməl təlim-tərbiyə almışdır. Atasının ölümündən sonra Şəmkiri tərk edib, Qazağa köçmüşdür. O, ilk təhsilini Şəmkirdə almış, oxumağı davam etdirmək üçün Poyluya gəlmişdir. O, ərəb, fars dillərini mükəmməl öyrənmişdir. Şair Poyludan vətəninə qayıtmayıb Şıxlı kəndinə gəlmiş, burada Əhmədağanın yanında mirzəlik, katiblik və məktəbdarlıqla məşğul olmuşdur. Məhz buna görə də o, Mola Vəli adı ilə tanınmışdır. Qıraq Salahlıda yaşayan Molla Cəbrayıl adlı bir nəfərin qızı ilə evlənərək, Şıxlı kəndində məskən salmışdır.

    Şairin əsərlərindən aydın olur ki, o, bütün həyatını Şıxlıda keçirməmişdir. Müəyyən müddət Qarabağ xanlığında yaşamış, Tiflisdə İraklinin sarayında xidmət etmiş, lakin bizə məlum olmayan səbəbə görə həbs edilmiş və həbsdən qurtardıqdan sonra Şıxlıya qayıdıb ömrünün sonuna qədər orada yaşamışdır.

    M.V.Vidadinin irsinin az qismi məlumdur. Feodal zülmündən, xanlıqlar dövrünün hərc-mərcliyindən doğan kədər və ümidsizlik, mənəvi tənhalıqdan şikayət Molla Vəli Vidadinin yaradıcılığının əsas motivləridir.

    Humanist sənətkar olan Vidadinin yaradıclığında vətənə, zəhmətkeşlərə məhəbbət güclüdür Şairin “Dəli könül, gəl əylənmə qürbətdə”, “Ey həmdəmim, səni qana qəra eylər”, “Xəstə düşdüm, gələn yoxdur üstümə” kimi şeirlərində vətən həsrəti, qəriblik iztirabı səmimi və təsirlidir.

    Vidadinin aşiqanə şeirləri də var. Vidadi lirikası yüksək bədii sənətkarlıq nümunəsidir. Vidadi realist təsvirə meyl edən şairlərdən olmuşdur. Bir sıra əsərləri rus dilinə və digər dillərə tərcümə olunmuşdur.

    Molla Vəli Vidadi 13 may 1809-cu ildə Qazaxda, Şıxlı kəndində vəfat etmiş və Gəmiqaya adlı yerdə dəfn olunmuşdur.

    Molla Vəli Vidadi və Molla Pənah Vaqif münasibətləri
    Molla Vəli Vidadi Molla Pənah Vaqifin müasiri, dostu, bəzi mənbələrə görə isə qohumu imiş.

    Molla Vəlinin yaxşı elm və savadı və rəvan təbi var imiş və özü də zöhdü təqva əhli olub, vaxtının çoxunu ibadətdə keçirərmiş. Haqq söyləyən və haqqı dost tutan bir vücud imiş ki, hər kəsin eybini açıq söyləməkdən bak və ictinab etməz imiş. Ona binaən şairdən dilgir və rəncidə olanların ədədi az deyil imiş. Amma bununla belə hamı onu sayarmış, xatirini əziz və möhtərəm tutarmış. Müasiri vəkil Əhmədağa ilə aralarında dostluq və zarafat var imiş və çox vaxtı şair ona kinayə və istehza təriqincə acı sözlər deyər imiş, amma Əhmədağa onun sözlərindən inciməz imiş. Belə ki, bir vaxtı bunlar yaylaqda olan zamanı evlərindən çıxıb gözəl və çiçəkli dağlarda seyr edirlər. Bu əsnada duman gəlib onları əhatə edir. Molla Vəli xovfa düşür ki, onlar azacaqlar. Amma Əhmədağa ona ürək-dirək verib deyir: “Qorxma, mən səni salamat yurdumuza apararam” və doğrudan da Vidadini salamat gətirib şenliyin içinə çıxarır.

    Bu barədə qeyrilərin yanında Əhmədağa özünü öyüb, zehn və fərasətini zikr etdikdə Molla Vəli təngə gəlib deyir: -Ağa, bu qədər özünü öymə, bu bir böyük hünər deyil, qara mal da (sığır) heç azmaz.

    Bəzi rəvayətə görə, Molla Vəli Vidadi Qazax mahalında ən mötəbər, tədbirli və nüfuzlu bir adam hesab olunduğuna binaən, Gürcüstan valisi İrakli xan onu özünə müqərrəb edib və onun ağıl və kamalını görüb, bəzi ittifaqlarda Qazax mahalına dair məsələlər vüqua gəldikdə onun tədbir və səlahdidilə iş görərmiş. Bu əhvalı onun dostu Molla Pənah Vaqif eşidib Qarabağdan Vidadinin hal və şəninə münasib bu şerləri yazıb göndərmişdir:

    Ey Vidadi, yenə xan qulluğunda
    Qaim olub, nə qiyamət eylərsən?
    Yaman gözdən Allah özü saxlasın,
    İxlas ilə, kişi, xidmət eylərsən.

    Belə dursan o qapıda qış və yaz,
    Yetişərsən bir çörəyə sərəfraz,
    Bu doğru yolundan əyilsən bir az,
    Yəqin bil ki, çox xəyanət eylərsən…

    Amma Vidadinin İrakli xana müqərrəb və məsləhətçi olduğunu nə gürcü və nə rus və nə də bizim tarixlərdə görmədik. Özgə bir qövlə görə, əzancümlə mərhum Əhməd bəy Cavanşirin yazmağına binaən ki, – onun Qarabağ tarixinə dair artıq bələdiyyəti var idi, – Molla Pənah mərhum İbrahim xanın müqərrəbi-hüzuru olan zamanı öz dostu Molla Vəlini yazıb Qazaxdan Qarabağa gətirdibdir və burada onun xana yavuq olmağına səbəb düşübdür və xan Molla Vəlinin ağıl və kamalını dərk edib və xüsusən onun mömin və müttəqi bir şəxs olduğunu görüb, ona lütf və mərhəmət göstərərmiş və hər qisim röya görsə imiş Molla Vəliyə söylər imiş. Molla dəxi onları xeyli münasib təbir edərmiş. Amma bu rəvayəti dəxi təsdiq etməyə əldə bir dəstavizimiz yoxdur. Bunun doğruluğuna şəhadət verici “Qarabağ tarixi”ndə bir işarə görmədik.

    Doğrudur Mirzə Cəmalın yazdığı tarixdə Mirzə Vəli adlı bir şəxsin ismi zikr olunubdur, vəli haman Mirzə Vəli Qarabağda Şuşa uyezdində Baharlı qəryəsindən bir şirinzəban və kardan və zirək bir adam imiş ki, İbrahim xan onu öz əmizadəsi Əbdüssəməd bəy ilə Ağa Məhəmməd şah əvvəl dəfədə Azərbaycanın cənub səmtində vaqe olan vilayətləri hiyteyi-təsərrüfünə götürdükdə zəval rəsmi ilə şaha göndərmişdir. Məzkur Mirzə Vəlinin nəsli bu halda Qarabağda və Bakıda mövcud və Vəliyev familiyası ilə məşhurdurlar.

    Bəs, Baharlı Mirzə Vəli ilə Şıxlı Mirzə Vəlini qarşıdırmaq böyük səhvdir. Təəccüb budur ki, Qarabağın əhval və tarixinə bələd olanlar və onların cümləsindən şair Mirmöhsün ağa Ağamirzadə Şıxlı Molla Vəlinin vücudunu bilmərrə inkar edib, Molla Vəli Vidadi ancaq Mirzə Vəli Baharlıdan ibarət olmasını təkid edirlər və Mirmöhsün ağanın qövl və iddiasının qüvvəsincə bunu dəxi əlavə edə bilərik ki, neçə sənə bundan müqəddəm Baharlı qəryəsindən Həmid bəy Vəliyev ismində bir şəxs ilə tanış olduq. Bu cənabın ziyadə xoşsöhbət və dilavər olduğunu təhsin etdikdə bizə cavab verib dedi ki, filankəs bizim babamız çox dilavər və fəsih bir adam imiş, özünün də təbi-şeriyyəsi var imiş. Babasının adını soruşduqda bizə cavab verdi ki, babamızın adı Molla Vəlidir, “Vidadi” təxəllüs.

    Səhihi budur ki, Molla Vəli Vidadini onun dostu Vaqif çağırıb Qarabağa gətirdibdir. Və burada Cavanşir uyezdində məşhur “Gülüstan” adlanan yerdə—ki, sabiqdə xırdaca bir xanlıqdan ibarət imiş,–Molla Vəli Vaqifin vasitəsilə ora xanının hüzurunda müqərrəb və möhtərəm şəxslərdən birisi olubdur. Bu əhvalın doğruluğuna Vaqif ilə onun arasında vüqua gələn müşairə dəlalət eləyir. Vaqif yazır:

    Belə dursan o qapıda qış və yaz,
    Yetişərsən bir çörəyə sərfəraz.
    Bu doğru yolunda əyilsən bir az,
    Yəqin bil ki, çox xəyanət eylərsən.

    Xanın məhəbbətin könlündə yatır,
    Bit yeyər ətini, olarsan qotur,
    Tərpənmə yerindən, əlbət, bərk otur,
    Vay halına bir hərəkət eylərsən.

    Evini, malını yadına salma,
    Xan izin versə də, boynuna alma,
    Ömərin, Osmanın qaydına qalma,
    Sözlərini bidəyanət eylərsən.

    Cavanşir xəlqilə ol qohum-qardaş,
    Qazaxın sözünü heç eyləmə faş,
    Demənəm dinini eylə qızılbaş,
    Əqlin olsa, özün, əlbət, eylərsən.

    Xanı qoyub əgər evə getməsən,
    Qarğa mənə mətləbinə yetməsən,
    Ülüləmrin itaətin etməsən,
    Tərki-sünnət vəl-cəmaət eylərsən.

    Vidadi Vaqifə yazdığı cavabın bir bəndində deyibdir:

    Dovtələb oluban gedibsən xandan,
    Ölüncə çıxmanam ta Gülüstandan,
    Sən hərgah çalışsan habelə candan,
    Hər nə desən, bil, aqibət eylərsən.

    Molla Vəlinin oğlu Məhəmməd ağa—ki, babasının adı ona qoyulmuşdur,–sonralardan haman Gülüstanda, Qazi Səidəddin əfəndinin qövlünə görə, xanlıq edibdir. Vidadinin bir oğlu dəxi məşhur Osman əfəndi imiş ki, Tiflisdə ikinci müfti olubdur ki, elm və kəmalı ilə məşhur imiş. Osman əfəndinin fərzəndlərindən birisi üçüncü müfti Məhəmməd əfəndi olub və o birisi dəxi Qazi Səidəddin əfəndidir ki, sabiqdə Qarabağda qazilik edərmiş və bəd müddəti-mədidə Qazax mahalında məsnədi-qəzavətdə ikən həştad sinnində dari-üqbayə rehlət eləyibdir.

    Vidadi yüz ilə kimi, bəlkə bir az da artıq zindəganlıq edibdir. Sinndə Vaqifdən böyük imiş. Odur ki, Vaqif ona yazdığı bir qəzəlində demişdir:

    Eşqə düşmək sənə düşməz, qocalıbsan, belə dur,
    Belə işlər yenə Vaqif kimi oğlanə düşər.

    Vidadi bunun cavabında yazdığı qəzəldə demişdir:

    Nə qədər olsa qoca gərçi Vidadi xəstə,
    Yenə Vaqif kimi, əlbəttə, yüz oğlanə dəyər.

    Molla Vəlinin müsini çağında fərzəndi-giramisi Osman əfəndi ona xidmət və riayət göstərərmiş və şairin gözləri yaxşı görmədiyindən onun əlindən tutub gəzdirərmiş və hər növ ehtiyacatını rəf qılmağı özünə borc hesab edərmiş və Vidadi dəxi onu canü dildən sevib, əziz tutarmış və onun haqqında belə xeyir-dua etmişdi:

    Ey həlimü əlimi-rəbbani,
    Elm ilə möhtərəm qıl Osmani.

    Filhəqiqə Osman əfəndi atasının duası bərəkətindən elmü helm ilə fəridül-əsər bir vücud olub. Onun namü şöhrəti nəinki tək Qafqazda, hətta Osmanlı məmləkətində dəxi intişar tapmışdır.

    Molla Vəli Vidadi vəfat edibdir tarixi-hicriyyənin 1224-cü ilində ki, miladın 1809-cu sənəsinə mütabiqdir. Dəfn olunubdur Şıxlı qəbristanlığında ki, “Gəmiqayası” adlanan yerdə vaqedir. Qəbir daşının üstündə bu beyt həkk olunubdur:

    Kim Vidadi xəstənin qəbrin görüb etsə dua,
    Edə həq rəhmət, şəfi ola Məhəmməd Mustafa.

    Ailəsi
    Molla Vəli Qayıbovlar nəslindən olan Molla Cəbrayılın qızı Tükazban xanımla evlənmişdir. Sonralar Molla Vəli Vidadinin qızı Cəvahiri Mirzə Məhəmməd Qayıbova ərə vermişdir.

    Məşhur sərkərdəmiz Əliağa Şıxlinski (1865-1943) “Xatirələrim” əsərində yazır ki, anam Şahyəmən xanım Qayıbova Azərbaycanın məşhur şairi Molla Vəli Vidadinin qız nəvəsidir, yəni Mirzə Məhəmmədin qızıdır. Oğlu Qafqazın müftüsü Müfti Osman Əfəndi Vəlizadədir

    Yəhya bəy Qazaği – Molla Vəli Vidadinin oğul nəvəsi
    Şah Yəmən xanım Qayıbova – Molla Vəli Vidadinin qız nəvəsi
    Abbas ağa Nazir – Molla Vəli Vidadinin oğul nəvəsi
    Mirzə Hüseyn Qayıbzadə – Molla Vəli Vidadinin oğul nəvəsi
    Əsərləri
    Əsərləri /Tərt.: Həmid Araslı; Ön sözün müəllifi və redaktiru Ə. Səfərli.- B.: “Öndər Nəşriyyat”, 2004.- 126 s.
    Əsərləri /Tərt. və ön sözün müəllifi: Həmid Araslı.- B.: “Şərq-Qərb”, 2004.- 261 s.
    Haqqında
    Əhmədov F. XVIII əsr Azərbaycan ədəbi dilinin inkişafında Vidadinin rolu /Elmi red.: Filologiya elmləri doktoru, professor R. Məhərrəmova.- B.: “Nurlan”, 2005.- 115 (1) s. – S.109-115.
    “Molla Vəli Vidadi”. H.Araslı. “Azərbaycan Universiteti”, “Bakı”, 1957. Səh.102.
    “Molla Vəli Vidadi”. Ə.Səfərli. “Azərnəşr”, “Bakı”, 1977. Səh.108
    “Molla Vəli Vidadi”. T.Dünyamalıyeva. “Yazıçı”, Bakı, 1987. Səh.157.
    Molla Vəli Vidadi. Əsərləri. “Öndər”, Bakı, 2004. Səh.128.
    Qaraxanlı M. Vaqiflə Vidadinin “Deyişməsi”ndə həyatilik //Şəfəq.- 2005.- № 1-2.- S. 65-68.
    Rus dilində ədəbiyyat
    [1]
    Журавли:Стихотворения/Пер.с азерб. C.Мамедгулузаде. Б., Гянджлик, 1990. 12 с.
    Дунямалиева Т.А. Жизнь и творчество М.В.Видади. Б., Элм, 1970, 21 с.

  • Molla Pənah Vaqif

    mpv

    Molla Pənah Vaqif (ilk adı: Pənah Mehdi ağa oğlu; 1717[7][8], Yuxarı Salahlı, Qarabağ bəylərbəyliyi, Səfəvilər imperiyası – 1797[7][8], Şuşa, Qarabağ xanlığı) — XVIII əsr Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim, Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri.

    Vaqif təxminən 1717-ci ilin Qazax mahalının Yuxarı Salahlı kəndində doğulmuşdur. Əsl adı Pənah, atasının adı Mehdi ağa, təxəllüsü Vaqifdir. Ziyalı bir şəxs olduğuna görə ona xalq arasında “Molla” titulu verilmiş və o, “Molla Pənah” ad ünvanı ilə tanınmışdır. Vaqif yüksək təhsil görmüş, doğma dilindən əlavə ərəb-fars dillərini, bir sıra dini və dünyəvi elmləri kifayət qədər mənimsəmişdir. Onun dərs aldığı müəllimlərdən dövrünün tanınmış alimlərindən olan Şəfi Əfəndinin adı məlumdur. Şairin həyatı təxminən 42 yaşına qədər Qazaxla bağlı olmuşdur.[9]

    Vaqifin bədii irsi tam şəkildə indiki dövrə gəlib çatmamışdır. Lakin əldə olunanlar şairin əsərlərinin mövzusu, ideya-məzmunu, bədii xüsusiyyətləri və s. barədə fikir söyləməyə imkan verir. Molla Pənah Vaqif Azərbaycan xalqının orta əsrlər ənənələri ruhunda və yeni tipli, realist, şifahi xalq poeziyasına yaxın şeirlər yazmış şairlərdəndir. Onun yaradıcılığı Azərbaycan poeziyasının gələcək inkişafına böyük təsir göstərmişdir.[9]

    1797-ci ildə Ağa Məhəmməd şah Qacarın Şuşaya hücumu zamanı İbrahimxəlil xan Car-Balakənə üz tutur. Şəhəri ələ keçirən Qacar bir gün sonra orada sui-qəsd nəticəsində öldürülür. Hakimiyyətə İbrahimxəlil xanın qardaşı oğlu Məhəmməd bəy yiyələnir. Məhəmməd bəy Vaqifi oğlu Əli bəylə birlikdə edam etdirir. Vaqifin evi talan olunur, əlyazmaları yandırılır. Molla Pənah Vaqif 1797-ci ildə vəfat edir.[10]

    Vaqif Azərbaycan şairi Səməd Vurğunun sevimli şairi idi. Səməd Vurğun yazırdı ki, “Erkən uşaqlıqdan mən Vaqifin işindən çox təsirləndim. Onun gözəl şeirləri, aydın və peşəkar tərzi mənim işimə böyük təsir göstərdi. Vaqifin güclü şeir cazibəsi ilə təsirləndim, ilk şeirlərimi yazdım.”[11] Vaqifin həyatı Vurğunun “Vaqif” dramında öz əksini tapmışdır. Vurğunun “Şairin ölümü” əsəri də Vaqifə həsr olunmuşdur.[12]

    Erkən illəri
    Molla Pənah Vaqif XVIII əsrin birinci yarısında anadan olmuşdur. Onun atası Mehdi ağa, anası isə Ağqız xanım idi.[13] Firudin bəy Köçərli Molla Pənah Vaqifin Ağstafa yaxınlığında[14] Həsənsu kəndində anadan olduğunu bildirir. Eyni zamanda o qeyd edirdi ki, şairin doğulduğu yer Salahlı kəndi hesab olunur.[14] Şairin doğulduğu tarix dəqiq deyil. Bir çox məlumatlarda doğulduğu il 1717-ci il götürülür; Rzaqulubəy və Adolf Berje, Vaqifin bir müddət sonra anadan olduğunu yazırlar.[15] İ.Cahangirov və S.Mümtaz yazmışlar ki, Vaqif 1733-cü ildə Qazax yaxınlığında yerləşən Yuxarı Salahlı kəndində anadan olduğunu yazır.[16]

    Vaqif kiçik yaşlarında mədrəsədə alim və müəllim Şəfi Əfəndinin yanında təhsil almış,[17] ərəb və fars dillərinə mükəmməl yiyələnmişdir. O, həm də astronomiya, riyaziyyat, musiqi və poetika üzrə biliklərə də malik idi. XVIII əsrin 50-ci illərinin sonlarında Qazax mahalında və qonşu Gürcüstan sərhədlərində feodal münaqişələri nəticəsində təxminən 1759-cu ildə Qazax kəndlərinin sakinləri Qarabağ xanlığına köçməli oldular. Vaqifin ailəsi də köçürülən ailələr arasında idi. Ailə Cavanşir mahalının Tərtərbasar kəndində yerləşdi. Vaqif bu kənddə təhsil almağa başladı sonra isə məktəb açdı və burada uşaqları öyrətməyə davam etdi.[13] Bir müddət sonra Vaqif Qarabağ xanlığının mərkəzi Şuşa şəhərinə[q 1] köçərək Saatlı məhəlləsində məktəb təsis etdi. Onunla birlikdə bu məhəlləyə 17 ailə köçdü.[18]

    1769-1770-ci illərdə Molla Pənah Vaqifin alimlik və şöhrətlik nüfuzu Qarabağ xan sarayına da çatdı. Rzaqulu bəyin yazdığına görə, “Şuşada yaşayan Vaqif, Mirzə Vəli Baharlı daxil olmaqla bir çox nüfuzlu insanlarla dostluq etdi.” Qarabağ xanı İbrahimxəlil xan Molla Pənah Vaqifi xan sarayına dəvət etdi və Mirzə Vəli Baharlı bildirir ki, “Molla Pənah Vaqifin ay tutulması və zəlzələ barədə əvvəlcədən xəbər verdiyi zaman xan təəccübləndi. Vaqiflə tanış olub, biliklərini yüksək qiymətləndirərək, onun xanlığın rəhbərliyinə cəlb etmək qərarına gəldi.” İbrahimxəlil xan Vaqifi əvvəlcə eşikağası, xarici işlər naziri, sonra isə onu öz baş vəziri, yəni daxili işlər üzrə vəzir təyin etdi. Molla Pənah vəfatına qədər bu vəzifədə qaldı.[19]

    Saray xadimi və tarixçisi Mirzə Camal Cavanşir Qarabağinin sözlərinə görə, “Vaqif ağıllı və təcrübəli vəzir kimi böyük şöhrət və xalqın rəğbətini qazanmışdır.”[20] Ağa Məhəmməd şahın saray xadimi olan Abraham Beknazaryants Molla Pənahı Qarabağ türklərinin (azərbaycanlılar) mənəvi rəhbəri adlandırır.[21] XIX əsrdən sonrakı dövrün Qarabağın sakinləri olan tarixçiləri Molla Pənah Vaqifin İbrahimxəlil xanın yanında böyük nüfuza malik olduğunu iddia edirlər. Mirzə Adıgözəl bəy yazır ki, “Molla Pənah Vaqif ədəbi dilin zənginləşdirilməsində yaddaqalan addımlar atmışdır. O, bir şair kimi xalqın ruhuna güc verir, bir siyasətçi kimi isə xalqın idarə işlərini aparırdı.”[22] Qaradaği bildirir: “Mərhum İbrahimxəlil xan Molla Pənahın istənilən işin öhdəsindən gələcəyini düşünərək, hər zaman onu əziz dostu kimi görürdü və onun məsləhətlərinə qulaq asırdı.”[22] Mir Mehdi Xəzaninin sözlərinə görə:

    1983-cü ildə buraxılmış poçt markasında Vaqif türbəsinin təsviri.
    ” Xan Molla Pənah Vaqifi dövlət idarəçiliyində lazımi tədbirlərdən xəbərdar edirdi. İbrahimxəlil xan dövlət daxilində və xaricində olan bütün işləri Molla Pənahın məsləhətləri ilə həll edirdi. Xan ona tam güc verirdi.[22] ”
    Vəzir vəzifəsinə gəldikdən sonra Vaqif Şuşada bir çox obyektlərin tikintisində iştirak etdi. Qaradaği yazır ki, “Mərhum Molla Pənah bir çox əsərlərin başçısı idi. Vaqif, xanın və onun uşaqlarının şəxsi binalarının, hərəmxanalarının, xan sarayının və Şuşa divarlarının tikintisinə rəhbərlik edib.” A.Berje bildirir: “Vaqif mühəndislik elmini yaxşı bildiyinə görə Şuşa şəhərinin ətrafına çəkilmiş divarların tikintisi və möhkəmləndirilməsinə rəhbərlik ona etibar edilmişdir.” Qarabağda məscid nəzdində fəaliyyət göstərən mədrəsədə dərs deməsi və burada Molla Pənah adını alması, onun alimliyi haqqında xəbərlər xanlığın hüdudlarından uzaqlara yayılır.[23] Xalq arasında belə bir məsəl də yaranır: “Hər oxuyan Molla Pənah ola bilməz.”[24]

    Vaqif astronomiya ilə ciddi məşğul olub, bu sahədəki biliklərini təcrübi olaraq gün tutulmalarının və bu qəbildən olan digər təbii hadisələrin müəyyənləşdirilməsi üçün istifadə edir, astroloji biliklərini isə sarayda özünün münəccim məsləhətləri ilə nümayiş etdirirdi. Ehtimal etmək mümkündür ki, Vaqif tətbiqi riyaziyyatı da yaxşı bilib. Vaqifin zəngin kitabxanası vardı və o, daim öz biliklərini artırmaqla məşğul olurdu. Saray əyanları və şəhər ziyalıları içərisində seçilib-sayılması onun özünə ədəbi “Vaqif”[q 2] təxəllüsünü götürməsi ilə nəticələnir. Vaqif yaradıcılığının tədqiqatçısı Əziz Şərifin də qeyd etdiyi kimi, “Qarabağ xanlığının vəziri vəzifəsində Vaqif özünü layiqli dövlət xadimi, müdrik və uzaqgörən bir siyasətçi kimi göstərə bilir.”[25]

    Yaradıcılıq fəaliyyəti və ölümü

    “Vaqif” tamaşasında Ağa Məhəmməd şah Qacarın Şuşaya yürüşü və Molla Pənah Vaqifin edamı geniş şəkildə təsvir olunur.
    Vaqifin bədii yaradıcılığı tam şəkildə dövrümüzə gəlib çatmamışdır. Lakin əldə olunan mənbələr şairin əsərlərinin mövzusu, ideya məzmunu, bədii xüsusiyyətləri və s. barədə ətraflı fikir söyləməyə imkan verir. Sənətkarın janrları qoşma, təcnis, qəzəl, müxəmməs, müstəzad və müəşşər idi. Bu janrlardan qoşma və təcnis xalq ədəbiyyatının, qalanları isə klassik poeziyanın poetik şəkilləridir. Müəllif öz yaradıcılığını əsasən, qoşmalarında – xalq ədəbiyyatına məxsus janrda təsdiq edə bilmişdir. Yazılı ədəbiyyata aid janrlarda isə onun poeziyası məzmun, ifadə tərzi, ideya-bədii keyfiyyəti ilə sələflərindən fərqlənir.[26][27][28]

    Vaqif lirikasının əsas xüsusiyyətləri millilik, xəlqilik; reazilm, sadəlik və nikbinlikdir. Millilik, xəlqilik, realizm və sadəlik sənətkarın yaradıcılığının ən mühüm əlamətlərindəndir. Şair həm klassik poeziyanın ənənəvi janrlarına yeni janrlar əvəz etdi, deyiliş tərzini və ifadə üsulunu yenilədi, bədii tərzi dəyişdi, mahiyyətə real məzmun verdi. Vaqifin yaradıcılığında məhəbbət lirikası əsas yer tutur. Gözəllərin vəsfi Vaqif lirikasının əsas motividir. Şair onların bədii portretini məharətlə yaradıb, etnoqrafik detalları, milli koloriti qabarıq şəkildə əks etdirib. Onun qələmə aldığı şeirlər xarici və daxili zənginliyi ilə fərqlənirlər.[29][28]

    Əsas mövzusu isə mərhəmət və insan gözəlləyinin tərənnümüdür. Belə ki, şair milli və dini ehkamları bir kənara qoyaraq poeziya üçün yeni tip təsvir edir. Molla Pənah Vaqifin əsərlərində Azərbaycan xalqının adət və ənənələri, yerli xüsusiyyətləri öz əksini tapır. O, insanı fiziki və mənəvi cəhətdən kamil, harmonik inkişafda görmək istəyirdi. Həyatsevərlik onun poeziyasının əsas xüsusiyyətidir. Onun şeirlərində ictimai ədalətsizlik və bərabərsizliyə nifrət ifadə olunur. Şairin yaradıcılığında ruh yüksəkliyi və həyata bağlılıq əsas motivlərdən biridir. O, xalqdan qüvvət alaraq xalq ədəbiyyatı yüksək səviyyəyə çatdırıb. Şairin həyatı ərzində qarşılaşdığı ağır şərait onun yaradıcılığına da təsir edir. Həmin illərin əsərlərində ciddi dəyişiklik özünü göstərir. Bu zaman şairin yaradıcılığında ictimai motivlər, həyat və zamandan şikayət öz əksini tapır. Əvvəl yazılan əsərlərdən fərqli olaraq, bu şeirlərdə dərin hüzn, kədər, bədbin əhval-ruhiyyə özünü göstərir. Vaqif yaradıcılığında bu dönüşü ifadə edən əsər onun “Görmədim” müxəmməsidir.[30][27][28]

    Vaqif yaradıcılığında “Badi-səba, bir xəbər ver könlümə”, “Namə gedər olsan yarın kuyinə”, “Bayram oldu”, “Gözlərin cəlladdır, baxışın yağı”, “Durnalar”, “Heyran olmuşam” və s. şeirləri xüsusi yer tutur. Azərbaycan ədəbi dilinin inkişafında Vaqifin xidmətləri böyükdür. O, heca vəznində yazdığı şeirlərdə xalq dilindən sənətkarlıqla istifadə edərək onu ədəbi-bədii dil səviyyəsinə qaldırmışdır.[31][28]

    Vaqifin ölümündən sonra şeirlərinin əlyazmaları məhv və talan edilmişdir. Buna baxmayaraq, aşıq poeziyası ilə bağlı yazdığı bir sıra şeirlər qorunub saxlanılır və bəzi insanlar əsərlərini oxuya bilirlər.[32] Azərbaycan Yazıçılar Birliyi və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində onlarla əl yazmasına rast gəlmək olar.[32]

    1747-ci ildə Nadir şah Əfşarın öldürülməsindən sonra Azərbaycanda müstəqil xanlıqlar yaranmışdı. Lakin bu xanlıqların müəyyən iqtisadi, siyasi və hərbi uğurlarına baxmayaraq, onların fikirlərində hər an öz müstəqilliklərini itirmək təhlükəsi vardı. Azərbaycanda aparıcı rol oynamaq uğrunda Rusiya, İran və Osmanlı dövlətləri mübarizə aparırdı. Qonşu xanlıqlar və Kartli-Kaxetiya da müstəqillik üçün təhlükəyə çevrilmişdilər. Fasiləsiz feodal müharibələri və güclü qonşuların daimi basqınları Qarabağ xanlığını məcbur edirdi ki, yaxın xanlıqlarla aparıcı dövlətlərdən dəstək alsın. İbrahimxəlil xan Kartli-Kaxetiya ilə ittifaqa girir və onlar birlikdə Rusiyadan dəstək istəyirlər. 1783-cü ildə gürcü çarı II İrakli Rusiya təbəəliyini qəbul edir və Vaqif bir il sonra Tiflisdə həmin ölkələr arasında müqavilənin imzalanması mərasimlərində iştirak edir. Tiflisdə olduğu zaman Vaqif şəhərin tərifinə, gürcü gözəllərinə və İraklinin oğlu şahzadə Ellona həsr olunmuş şeirlər yazır.[25] Əməkdar elm xadimi Həmid Araslı o dövrü bu cür təsəvvür edir:

    ” Vaqif yazıb-yaratdığı dövrdə Azərbaycanda iqtisadi və siyasi vəziyyət son dərəcə gərgin idi. İki əsrdən artıq Türkiyə və İran işğalçılarının ölkəni istila etmək uğrunda apardıqları qanlı müharibələr Azərbaycanın iqtisadi həyatına olduqca ağır təsir göstərmişdi. Dəfələrlə Türkiyə və İran orduları tərəfindən işğal edilib talan olunan Azərbaycan şəhərlərində iqtisadi həyat pozulmuş, ticarət tənəzzül etmiş, mədəni-maarif müəssisələri dağıdılmışdı. Ölkənin abad şəhərlərini xarabaya çevirən bu qanlı müharibələrdən sonra yerli xanlıqların hakimiyyət uğrunda mübarizələri onun siyasi qüvvəsini yenidən parçalamışdı… Belə bir şəraitdə Azərbaycan xanlıqlarını birləşdirmək uğrunda gedən mübarizə mütərəqqi bir mübarizə olub, xalq kütlələrinin arzusundan doğsa da, buna şərait yox idi.[33] ”
    Salman Mümtaz yazır: “Vaqif, ehtimal ki, iki hökumət arasında həll olunması lazım gələn işlərin həlli və tövsiyəsi üçün İbrahim xan Cavanşir hökuməti adından o zaman Gürcüstan valisi olan II İraklinin yanına göndərilmişdir. Vali ilə Vaqifin o gün görüşmələrini təsvir edəcək lövhə və vəsiqələrin bu gün əldə olmaması bizə o rəsmi ziyarət və görüşün rəsmi qəbul və tərzi üsulunu öyrənməyə və öyrətməyə mane olur. Vali özü şəxsən Vaqifin bazdidinə gəlmirsə də, öz oğlu Ellonu öz əvəzindən Vaqifin ziyarətinə göndərir. Ellonla dəfələrlə görüşən Vaqif görüş münasibəti ilə Tiflisdə Ellona müxəmməs həsr edir.”[34]

    1783-cü ilin martın 18-də İbrahimxəlil xan II Yekaterinaya məktub göndərərək onun Rusiyanın himayəsinə qəbul olunmasını xahiş etdi. II Yekaterina Q.A.Potyomkin xərac ödəyəcəyi təqdirdə İbrahimxəlil xanı hakimiyyətdə saxlamağını və hətta onun Rusiyanın himayəsi altına qəbul etməyin mümkün olduğunu bildirdi. Qədim zamanlardan Qarabağ buraya köçürülmüş qacarlarla məskunlaşdırılmış və 200 il ərzində burada qacarların Ziyadoğlular boyundan olan şəxslər hökmranlıq etmişdi. Ağa Məhəmməd şah Qarabağ xanlığını tutmaq istəyərkən bunu müəyyən qədər qacarların pozulmuş hüquqlarının bərpası ilə motivləndirmək fikrinə düşmüşdü. Ağa Məhəmməd şah Qarabağa yaxınlaşdıqca, İbrahimxəlil xan II İrakli ilə daha da yaxınlaşmağa başladı. Vaqif Ağa Məhəmməd şaha qarşı birləşmək üçün İbrahimxəlil xanın, II İraklinin, İrəvan hakimi Məhəmməd xanın və Talış hakimi Mir Mustafa xanın danışıqlarında iştirak etdi.[35]

    Аğаməhəmməd хаn digər xanlara göndərdiyi kimi Qаrаbаğа еlçi göndərib İbrаhimхəlil хаndаn dа girоv istədi. Хаn əmisi оğlu Аğа Əbdüssəməd bəy və sаrаy аdаmı Mirzə Vəli bəyi Аğаməhəmməd хаnа girоv vеrdi. Lakin bir neçə ildən sonra Əbusəməd bəy öldürüldü və Ağaməhəmməd xan onun əvəzində başqasını tələb etdi. İbrahimxəlil xan isə bundan boyun qaçırdı və Mirzə Məhəmməd Qulunu Rusiyaya elçi göndərib, rus təbəəliyini qəbul etdiyini bildirdi və tezliklə kömək göndərilməsini xahiş etdi. Ağaməhəmməd xan bundan xəbər tutdu və tezliklə Qarabağa hücuma hazırlaşmağa başladı.[36]

    1795-ci ildə Ağa Məhəmməd şahın qoşunları Araz çayını keçərək, Şuşa istiqamətində irəliləməyə başladılar. Şuşalılar Vaqifin başçılığı altında müdafiə olunmaq üçün hazırlıq gördülər. Ağır müqavimət nəticəsində, Ağa Məhəmməd şah öz saray şairinə tapşırır ki, İbrahimxəlil xana bir məktub yazsın. Məktub bu məzmunda olur: “Fələyin mancanağından bəla daşları yağır, sən isə əbləhcəsinə şüşə içərisində oturmusan?”[37]

    Bu hissədə Şuşa qalasının adı çəkilmişdi. Şuşa Azərbaycan dilində “şüşə” mənasını da verirdi. Bu beyt yazılmış kağızı oxa bərkidərək, qalaya atdılar. Qarabağ xanın vəziri buna cavab yazaraq, bu yolla Qacara çatdırdı. Cavabın məzmununda bu yazılmışdı: “Əgər məni qoruyan mənim tanıdığımdırsa, şüşəni daş içərisində də salamat saxlar.”[38] Vaqifin beyti Ağa Məhəmməd şahın qəzəbinə səbəb oldu və o, top atəşlərini davam etdirmək əmrini verdi. Şuşanın 33 günlük mühasirəsi qalanın müdafiəçilərini sarsıtmır və şah məcbur olub, mühasirəni dayandıraraq, çar II İraklinin qoşunlarını darmadağın edib, Tiflisi talan etdi.[38]

    İbrahimxəlil xanla birlikdə Vaqifə də II Yekaterinanın adından qiymətli hədiyyələr verilir. Vaqifə bahalı daş-qaşla bəzədilmiş əsa düşür. İbrahimxəlil xan bu müddətdə II Yekaterina ilə məktublaşmasını davam etdirir. Xanın həmin məktublarının mətnini Vaqif yazırdı və imperator tezliklə onun güclü yazı qabiliyyətini müəyyənləşdirir. 1784-cü ildə Q.A.Potyomkinə yazdığı məktubunda Yekaterina qeyd edirdi ki, İbrahimxəlil xanın məktubları özünün ədəbiliyi və zərifliyi ilə İrandan və Türkiyədən gələn bütün məktubları üstələyir.[36] Rusiya hökmdarı həmin məktubların müəllifinin kimliyini müəyyənləşdirməyi və onunla bağlı maraqlanmağı xahiş edir. 1796-cı ildə II Yekaterina vəfat etdi. Yeni imperator I Pavel Qafqazdakı rus qoşunlarını geri çağırır. Ağa Məhəmməd şah bundan istifadə edərək, ona qarşı çıxmış xanları cəzalandırmaq istədi. Həmin il o, yeni yürüşə çıxdı və bu yürüşünü Şuşadan başladı. Ağaməhəmməd şah böyük bir təmtəraqla Şuşa qalasına daxil olub, qalanın aşağı qapısının yaxınlığında olan İbrahim xanın böyük oğlu Məhəmmədhəsən ağanın evində yerləşdi.[38] Şah, İbrahimxəlil xanla birlikdə gedə bilməyən əyanların və xanın qohumlarının, dostlarının axtarılıb tapılması və həbs edilməsi əmrini verdi. Həbsə alınanlar içərisində Məlik Şahnəzərin oğlu Məlik Cəmşid, Molla Pənah və bir çox əyanlar var idi.[39]

    Molla Pənahı və digər əsirlər İbrahimxəlil xanın böyük oğlu Məhəmmədhəsən ağanın sarayına gətirirlər. Ağa Məhəmməd şah burada yerləşmişdi. 1797-ci ildə Ağa Məhəmməd şah sui-qəsdlə öldürüldü. Onun qoşunu geri çəkildi. Bunu görən İbrahimxəlil xanın kiçik qardaşı Mehrəli bəyin oğlu Məhəmməd bəy hakimiyyəti ələ keçirdi. Məhəmməd bəy hakimiyyəti öz əlində saxlamaq üçün əmisinin tərəfdarlarını öldürməyə başladı. Məhəmməd bəy Molla Pənah Vaqifi və onun oğlu Əli bəyi edam etdirir. Vaqifi Şuşada böyük şərəflə dəfn edirlər. Məzarının üstündə kiçik bir məqbərə də tikilir ki, bura da sonradan ziyarətgaha çevrilir.[40]

    Şəxsi həyatı
    Doğma dili ilə yanaşı, fars və ərəb dillərini mükəmməl şəkildə bilirdi.[41] Vaqif şiəliyi qəbul etmiş və digər alimlər və ədibləri (məsələn, Vidadi) də bu cərəyana cəlb etməyə çalışmışdır.[42]

    Şairin həyat yoldaşı Qızxanım idi.[38] Mövcud məlumatlara görə, Vaqifin iki qızı və oğlu Əliağa, Alim təxəllüsü altında şeirlər yazırdılar.[43] Qızlarından biri Azərbaycan şairi Molla Vəli Vidadi ilə ailə həyatı qurmuşdu. Şairin oğlanlarının adları isə, mənbələrdə “Əli” və “Qasım” olaraq bilinir.[44]

    İrsi

    Molla Pənah Vaqifin Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fasadında heykəli. Heykəltəraş: Cəlal Qaryağdı, 1940[45]
    1856-cı ildə Temir xan Şurada[q 3] Vaqifin ilk kitabı çapdan çıxmışdır. Bundan sonra Mirzə Fətəli Axundov material toplayaraq şərqşünas Adolf Berjeyə vermişdir.[32] 1867-ci ildə Berje bu materialı Leyspiq şəhərində çap etdirmişdir. Şair Mirzəcan Mədətov Vaqifin şeir kolleksiyasının tərtib edilməsi üçün yardım göstərmişdir.[32] Vaqifin şeirini ilk dəfə rus dilinə XIX əsrin 40-cı illərində polyak şairi və tərcüməçisi Tadeuş Zabloski “Rubon” jurnalında tərcümə etmişdir.[46]

    1968-ci ildə Molla Pənah Vaqifin 250 illik yubileyi geniş miqyasda keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Sovetinin 1970-ci il 30 yanvar tarixli 29 nömrəli qərarına əsasən Qazax rayonunda M.P.Vaqifin xatirə müzeyi yaradılmış, 2002-ci ildə isə həmin muzey “Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin xatirə muzeyi” adlandırılmışdır.[47]

    Ulu öndər Heydər Əliyev klassik ədəbiyyatı qiymətləndirən şəxs idi. O, ədəbi irsin qorunmasına qayğı göstərərək Azərbaycan klassik şair və ədiblərinin ev-muzeylərinin yaradılması, xatirələrinin əbədiləşdirilməsi üçün işlər görmüşdür. Azərbaycanda üç şairin, Nizami Gəncəvi, Molla Pənah Vaqif, Hüseyn Cavidin məzarları üzərində məqbərə tikilmişdir.[48]

    1967-ci ildə Şuşada olarkən Heydər Əliyev Vaqifin məzarını ziyarət etmək istəmiş, lakin məzarı tapa bilməmişdir. Onun göstərişi ilə məzar tapılmış və Əliyev yaxşı vəziyyətdə olmayan dağılmış məzarı ziyarət etmişdir. O, nitqlərinin birində gördüyü “bu məzarın Vaqifə layiq olmadığını” səsləndirmişdir. Sonralar Heydər Əliyevin göstərişi ilə Vaqifin məzarı üzərində 1980-81-ci illərdə abidə və türbə tikildi. 1982-ci ilin yanvar ayında Heydər Əliyevin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsinin təntənəli açılışı oldu. 1992-ci ilin may ayının 8-də bu məqbərə erməni işğalçıları tərəfindən dağıdılmışdır.[48]

    Molla Pənah Vaqifin muzey məqbərə kompleksinin inşasına memar A.V.Salamzadə və E.İ Kanukovun layihəsi əsasında 1977-ci ildə başlanılmışdır. Kompleks Şuşa şəhərinin görkəmli yeri olan Cıdır düzünə yaxın bir ərazidə şairin məzarı üstündə inşa edilmişdir. Burada M.P.Vaqifin Şuşa həyatını əks etdirən dövrə aid olan 80-ə yaxın eksponatda sərgilənirdi.[49]

    1982-ci ildə Heydər Əliyev Şuşada şairin məqbərəsi ilə yanaşı, eyni zamanda Şuşa Poeziya Evinin də açılışında və orada keçirilən “Vaqif poeziya günləri”-ndə iştirak etmişdir. Həmin tarixdən etibarən hər il avqust ayında “Vaqif poeziya günləri” keçirilir. Şuşanın işğalından sonra, bu tədbir keçirilmir. Bu bayram tədbiri Qazaxda başlayıb Şuşada yekunlaşırdı.[50]

    Şairin adını xalq uca tutmuş, onun xatirəsini əbədiləşdirmişdir. Balakən rayonunda 1 saylı Tülü tam orta məktəb və Gəncə şəhərində 8 saylı tam orta məktəb şairin adını daşıyır. 2014-cü ildə şairin adına poçt markası buraxılmışdır. Bakı şəhərində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyinin fəsadının lojasında Molla Pənah Vaqifin heykəli yerləşdirilmişdir.[51]

    Moll Pənah Vaqif Azərbaycan Poçt markasında (2014)

    Molla Pənah Vaqifin Gəncə şəhərində barelyefi
    Aşıq Əli Vaqifi “şairlərin xanı”,[52] maarifçi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist Firudin bəy Köçərli isə “milli şair” adlandırır.[53] Aşıq Əli Qaracadaği isə Vaqifi hər zaman müəllim adlandırırdı.[44]

    Bəstəkarlardan Cahangir Cahangirov “Durnalar”, Əşrəf Abbasov “Heyran olmuşam”, Vüqar Şirinov “Toy adamları”, Qəmbər Hüseynli “Tel nazik” şairin şeirlərinə musiqi bəstələmiş, Ramiz Mustafayev “Vaqif” operasını, Səməd Vurğun “Vaqif” mənzum dramını, Yusif Vəzir Çəmənzəminli “Qan içində” romanlarını yazmışlar.[54] Haqqında “Vaqif”, “Molla Pənah Vaqif”, “Qətl günü”, “Molla Pənah Vaqif” filmləri ekranlaşdırılmışdır. Səməd Vurğunun 1937-ci ildə şairə həsr etdiyi “Vaqif” dramı ilk dəfə 1938-ci ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında,[q 4] 1947-ci ildə isə Almaniyada Berlin teatrında tamaşaya qoyulmuşdur.[51][55][56]

    2016-cı ilin dekabr ayında Şəkidə Türksoy Mədəniyyət Nazirləri Daimi Şurasının 34-cü toplantısında 2017-ci ilin “Molla Pənah Vaqif ili” elan olunması barədə qərar qəbul olunub.[57] 2016-2017-ci illərdə YUNESKO-nun yubileylər proqramı çərçivəsində “2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”-na daxil edilmişdir.[58] 12 yanvar 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.[59]

    Molla Pənah Vaqif barədə olan fikirlər
    “Böyük şairimiz Molla Pənah Vaqif XVIII əsrdə şeir dilini xalq dilinə daha da yaxınlaşdırdı. Onun yazdığı şeirləri xalqın bütün təbəqələri həm anlaya, həm də qavraya bildi, həm də sevdi. Beləliklə o, Azərbaycan şeirində yeni bir yol açdı.” – Heydər Əliyev[60]
    “Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermişdir.” – İlham Əliyev[60]
    “Onun şeir və qəzəliyyatı bizim Azərbaycan türklərinə ziyadə xoş gəlir və hər nə onun qələmindən zühurundan gəlibsə… tamamisi ürəkdən və həqiqi həyatdan nəşət edən əsərlərdir. Milli şairlərimizdən onun kimi sadə və açıq lisanda və ana dilimizin şivəsində şeir və qəzəl yazan az olub.” – Firudin bəy Köçərli[60]
    “Vaqif öz ədəbi və siyasi fəaliyyətilə xalqla bağll mütərəqqi şəxsiyyətlərdən biri olduğu kimi, Azərbaycan ədəbiyyatının yeni istiqamətdə inkişafına kömək etmiş qüdrətli bir sənətkardır.” – Həmid Araslı[60]
    “Azərbaycan şeiri Vaqifin sayəsində tarixinin növbəti mərhələsinə qədən qoymuşdur. Onun klassik bədii fikir salnaməmizin parlaq səhifələrindən birin təşkil edən irsi müasir dövrdə də insanların əxlaqi mənəvi kamilləşməsinə xidmət göstərir.” -İsa Həbibbəyli[60]
    “Çox savadlı bir insan idi, hətta, mən deyərdim ki, Molla Pənah Vaqif o dövrün ensiklopedik bir şəxsiyyəti idi. Təkcə ədəbiyyatı, şəriəti, dini kitabları deyil, həm də dünyəvi elmləri də dərindən bilirdi. Hətta qaynaqlar yazırdı ki, Vaqif astronomiya ilə məşğul olub, Günəş və Ay tutulmalarını əvvəlcədən xəbər verib. Bundan başqa memarlıqla məşğul olması onun hərtərəfli bir şəxsiyyət olmasına işarədir.” – Teymur Kərimli[60]
    “Qarabağ bütün təbii gözəllikləri ilə Vaqif poeziyasının, fəlsəfi-estetik təfəkkür mədəniyyətinin vətəni idi.” – Nizami Cəfərov[60]
    “Azərbaycan ədəbiyyatının və bədii fikrinin salnaməsində yeni parlaq səhifə Vaqifin adı ilə bağlıdır. O, ədəbiyyatımızda realizm meyillilərinin, demokratik əsasların çərçivəsini xeyli genişləndirmiş, ədəbiyyatı xalqın həyatına və arzularına xeyli yaxınlaşdırmışdır.” – Mirzə İbrahimov[60]
    “Azərbaycanın öz azadlığı uğrunda yadelli işğalçılara qarşı apardığı mübarizə tarixinin qəhrəmanlıq səhifələri Vaqifin adı ilə bağlıdır. Vaqif Qarabağ xanlığının vəziri olduğu zaman bizim xalqın yadelli işğalçılara qarşı, İran şahı Qacara qarşı mübarizəsinə başçılıq edirdi. Vaqif böyük siyasi xadim və diplomat kimi xalqın səadət azadlığı uğrunda mübarizədə çox işlər görmüşdür.”- Səməd Vurğun[60]
    “Dövrün görkəmli dövlət xadimi olan Vaqifin ictimai-siyasi fəaliyyəti ilə yaradıcılığı arasında, aydın hiss olunmasa da, bir vəhdət olduğu inkarolunmaz həqiqətdir. Vaqif zamanın diktə etdiyi ab-hava ilə nəfəs alan və onun yetişdirdiyi bir sənətkardır” – Xəlil Yusifli[60]
    “Molla Pənah Vaqifin yaradıcılığı Azərbaycan poeziyası tarixində mühüm mərhələlərdən biridir. Onun yaradıcılığı ilə Azərbaycan şeir tarixində yeni bir dövr başlanır. Vaqif lirikası ilə poeziyada yeni bir səhifə açılır, poeziyamızda nikbin bir əhvali-ruhiyyə, həyati və dünyəvi gözəlliyə pərəstiş hissləri qüvvətlənir.” – Fazil Qaraoğlu[60]
    “Vaqif poeziyasında dilin funksiyası bilavasitə baxışla, gözlə bağlıdır. Onun ömrü və poeziyası vizual təfəkkürün bədii ifadəsidir.” – Rüstəm Kamal[60]
    “Vaqif xalqını, dilini sevən, onunla nəfəs alan, sevinci ilə sevinən, kədəri ilə kədərlənən böyük sənətkarlardan olmuşdur.” – Kamal Tahir[60]
    “Vaqifin yetişməsi öz zəmanəsinin ən fərəhli ədəbi hadisələrindənidi.” – A.Berje[60]

  • Şair Qəşəm Nəcəfzadənin “Səhərlərin bir səhəri” adlı yeni şeirlər kitabı Gürcüstanda gürcü dilində işıq üzü görüb

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar mədəniyyət işçisi, “Milli kitab” və “Qızıl kəlmə” mükafatları laureatı Şair Qəşəm Nəcəfzadənin “Səhərlərin bir səhəri” adlı yeni şeirlər kitabı Gürcüstanda gürcü dilində işıq üzü görüb. Şeirləri Azərbaycan türkcəsindən gürcü dilinə çevirənlər gürcü şairi və tərcüməçisi Nika Jordan və İmir Məmmədlidir.

    Kitab müəllifin oxucularla sayca 36-cı görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Ədəbiyyatşünas-alimlər, poeziya həvəskarları, ədəbiyyatsevərlər tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

    Qeyd edək ki, bundan öncə şair Şair Qəşəm Nəcəfzadənin “Suyu seyr edən ağacın yuxusu” adlı yeni şeirlər kitabı işıq üzü görmüşdü.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Şair Qəşəm Nəcəfzadənin “Suyu seyr edən ağacın yuxusu” adlı yeni esselər kitabı işıq üzü görüb

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar mədəniyyət işçisi, “Milli kitab” və “Qızıl kəlmə” mükafatları laureatı Şair Qəşəm Nəcəfzadənin “Suyu seyr edən ağacın yuxusu” adlı yeni esselər kitabı işıq üzü görüb.

    Kitab müəllifin oxucularla sayca 35-ci görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Ədəbiyyatşünasa-alimlər, ədəbiyyatsevərlər tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

    Qeyd edək ki, bundan öncə şair Şair Qəşəm Nəcəfzadənin “Barış” adlı yeni şeirlər kitabı işıq üzü görmüşdü.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • “Müasir Azərbaycan Xanım Yazarları” seriyasından “Zərif kölgələr” antologiyası işıq üzü görüb

    Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi yurdunda-doğma Gəncədə fəaliyyət göstərən “Azəri poliqrafiya” Nəşriyyatı tərəfindən 200 səhifə həcmində “Müasir Azərbaycan Xanım Yazarları” seriyasından “Zərif kölgələr” antologiyası işıq üzü görüb. Kitabın redaktoru və önsözün müəllifi Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü, Prezident təqaüdçüsü, şairə, yazıçı-publisist, Gülnarə Sadiq, korrektorları isə istedadlı gənc xanım yazar Aysel Nəsirzadə, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB, AJB və DGTYB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Şəfa Vəlidir.

    Qeyd edək ki, “Zərif Kölgələr” antologiyası müasir Azərbaycan ədəbiyyatında bir ilkə imza atdı. Aysel Nəsirzadə və Gülnarə Sadiqin rəhbərlik etdiyi bu layihədə gənc xanım yazarlar öz əsərləri ilə iştirak edib. Kitabda həm poeziya nümunələri, həm də nəsr əsərləri yer alıb.

    Kitabda bədii yaradıcılıq nümunələri yayınlanan müəlliflərin siyahısı:
    Günay Ələkbərzadə, Xəyalə Sevil, Manya Səxavətqızı, Xalidə Abdullayeva, Gülnarə İsrafil, Aynurə İnci, Zeynəb Səma, Zülfiyyə Yaqubqızı, Həmidə Yaqubova, Vüsalə Vətənxan, Şəfa Vəli, Yeganə, Esmira Günəş, Bahar Cavadova, Zeynəb İsazadə

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Məhəmməd FÜZULİ.”Şikayətnanə”

    Salam verdim – rüşvət degildir deyü almadılar.
    Hökm göstərdim – faidəsizdir deyü mültəfit olmadılar.
    Əgərçi zahirdə surəti-itaət göstərdilər, əmma zəbani-hal ilə cəm’i sualıma cavab verdilər.
    Dedim:- Ya əyyühəl-əshab! Bu nə fe’li-xəta vü çini-əbrudur?
    Dedilər:- Müttəsil bizim adətimiz budur.

    Dedim:- Mənim rəayətimi vacib görmüşlər. Və mənə bərati-təqaüd vermişlər ki,
    övqafdan həmişə bəhrəmənd olam. Və padşaha fərağət ilə dua qılam.
    Dedilər:- Ey miskin! Sənin məzaliminə girmişlər və sənə sərmayeyi-tərəddüd
    vermişlər ki, müdam faidəsiz cidal edəsən. Və namübarək üzlər görüb,
    namülayim sözlər eşidəsən.
    Dedim:- Bəratımın məzmunu nə üçün surət bulmaz?
    Dedilər:- Zəvaiddir, hüsuli mümkün olmaz.
    Dedim:- Böylə övqaf zəvaidsiz olurmu?
    Dedilər:- Zəruriyyati-asitanədən ziyadə qalırsa, bizdən qalırmı?
    Dedim:- Vəqf malın ziyadə təsərrüf etmək vəbaldır.
    Dedilər:- Ağçamız ilə satın almışız, bizə həlaldır.
    Dedim:- Hesab alsalar, bu sülukunuzun fəsadı bulunur.
    Dedilər:- Bu hesab qiyamətdə alınır.
    Dedim:- Dünyada dəxi hesab alınır xəbərin eşitmişiz.
    Dedilər:- Ondan dəxi bakimiz yox, katibləri razı etmişiz.

  • Məhəmməd FÜZULİ.”Məni candan usandırdı, cəfadan yar usanmazmı?”

    Məni candan usandırdı, cəfadan yar usanmazmı?
    Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?

    Qəmu bimarinə canan dəvayi-dərd edər ehsan.
    Nəçin qılmaz mənə dərman, məni bimari sanmazmı?

    Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən
    Desəm, o bivəfa bilməm, inanarmı, inanmazmı?

    Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım
    Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?

    Güli-rüsxarinə qarşı gözümdən qanlı axar su,
    Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?

    Degildim mən sənə mail, sən etdin əqlimi zail,
    Mənə tən eyləyən qafil səni görcək utanmazmı?

    Füzuli rind ü şeydadır, həmişə xəlqə rüsvadır,
    Sorun ki, bu nə sevdadır, bu sevdadan usanmazmı?

  • Şah İsmayıl XƏTAİ.”Bir söz”

    10

    Sözünü bir söyləyənin
    Sözünü edər sağ bir söz.
    Pir nəfəsin dinləyənin
    Yüzünü edər ağ bir söz.

    Bir söz vardır xalq içində,
    Dəxi söz var xülq içində,
    Оlmaya ki, dəlq içində
    Deyəsən çarqadağ bir söz.

    Söz vardır, kəsdirər başı,
    Söz vardır, kəsər savaşı,
    Söz vardır ağulu aşı,
    Bal ilən edər yağ bir söz.

    Sözünü yaxşı bişirgil,
    Yaxşı us ilə düşürgil,
    Yaramazını şaşırgil,
    Canına оlur dağ bir söz.

    İstərəm görəyim yarı,
    Bu rəmzi anlagil barı,
    Hezaran əhli-iqrarı
    Elər qara tоprağ bir söz.

    Şah Xətayi ayatından,
    Sözün söylə öz zatından,
    Оlmaya kim, pir qatından
    Səni edə irağ bir söz.

    Kateqoriyalar: Gəraylılar

  • Şah İsmayıl XƏTAİ.”Ey müsǝlmanlar, bu gün ol yari-pünhan ayrılır”

    Ey müsǝlmanlar, bu gün ol yari-pünhan ayrılır,
    Uçdu ruhim, getdi ǝqlim, gövdǝdǝn can ayrılır.

    Ayrılır ol yari-sǝrdarım, gedir, qoymuş mǝni,
    Sǝd hǝzaran dadü bidad, bǝnddǝn can ayrılır.

    Ey könül, fǝryadü nalǝ vaxtıdır, eylǝ fǝğan,
    Şimdi şǝhrindǝn sǝnin ol şahi-sultan ayrılır.

    Zar qıl bülbül kimi, çak et yaxanı gül kimi,
    Şol ǝzǝldǝn yari-hǝmdǝm, ǝhdü peyman ayrılır.

    Gözlǝrim, hǝr dǝmdǝ mövc eylǝ ki, firqǝtdir bu gün,
    Tök sǝdǝflǝr dürri kim, şol gövhǝri-kan ayrılır.

    Dust vida eylǝr mǝnimlǝn ağlaram mǝn zar-zar,
    Gözlǝrimdǝn hǝr zaman gör Bǝhri-Ümman ayrılır.

    Ey Xǝtai, tanrı sorsun bu şikǝstǝ könlümü,
    Zǝrd olubdur arizin, candan mǝgǝr qan ayrılır?

  • İmadəddin NƏSİMİ.”Məndə sığar iki cahan, mən bu cahanə”

    Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,
    Gövhəri la məkan mənəm, kövnü məkanə sığmazam.

    Ərşlə fər şu kafü nun məndə bulundu cümlə çün,
    Kəs sözunü və əbsəm ol, şərhü bəyanə sığmazam.

    Kövnü məkandır ayətim, zati dürür bidayətim,
    Sən bu nişanla bil məni, bil ki, nişanə sığmazam.

    Kimsə gümanə zənn ilə olmadı həqq ilə biliş,
    Həqqi bilən bilir ki mən, zənnü gümanə sığmazam.

    Surətə baxu mə’nini surət içində tanı kim,
    Cism ilə can mənəm, vəli cism ilə canə sığmazam.

    Həm sədəfəm, həm inciyəm, həşru sirat ədinciyəm,
    Bunca qumaşu rəxt ilə mən bu dükanə sığmazam.

    Gənci-nihan mənəm mən uş, eyni-əyan mənəm, mən uş,
    Gövhəri-kan mənəm mən uş, bəhrəvu kanə sığmazam.

    Gərçi mühiti-əzəməm, adım Adəmdir, Adəməm,
    Dar ilə künfəkan mənəm, mən bu məkanə sığmazam.

    Can ilə həm cahan mənəm, dəhrilə həm zaman mənəm,
    Gör bu lətifeyi ki mən, dəhru zəmanə sığmazam.

    Əncum ilə fələk mənəm, vəhy ilə həm mələk mənəm,
    Çək dilini və əbsəm ol mən bu lisanə sığmazam.

    Zərrə mənəm, günəş mənəm, çar ilə pəncu şeş mənəm,
    Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam.

    Zat iləyəm sifat ilə, qədr iləyəm bərat ilə,
    Gülşəkərəm nəbat ilə, bəstə dəhanə sığmazam.

    Nar mənəm, şəcər mənəm, ərşə çıxan həcər mənəm,
    Gör bu odun zəbanəsin, mən bu zəbanə sığmazam.

    Şəms mənəm, qəmər mənəm, şəhd mənəm, şəkər mənəm,
    Ruhi-rəvan bağışlaram, ruhi-rəvanə sığmazam.

    Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm,
    Bundan uludur ayətim, ayətü şanə sığmazam.

  • İmadəddin NƏSİMİ.”Dilbəra, mən səndən ayru ömrü canı nеylərəm”

    Dilbəra, mən səndən ayru ömrü canı nеylərəm?
    Tacü təхtü mülkü malü хanimanı nеylərəm?

    Istərəm vəsli-camalın ta qılam dərdə dəva,
    Mən sənin bimarınam, özgə dəvanı nеylərəm?

    Еy müsəlmanlar, bilin kim, yar ilə хoşdur cahan,
    Çünki yardan ayru düşdüm, bu cahanı nеylərəm?

    Çoх dualar qılmışam mən хaliqin dərgahına,
    Çün muradım hasil olmaz, mən duanı nеylərəm?

    Dilbər aydır, еy Nəsimi, sabir ol, qılma fəğan,
    Mən bu gün səbr еyləsəm, danla fəğanı nеylərəm?

  • Nizami GƏNCƏVİ.”Bilməm, nə töhfə, mən qul, o sultanə göndərim?”

    Bilməm, nə töhfə, mən qul, o sultanə göndərim?
    Layiq deyil ki, canımı cananə göndərim.

    Ey dust, istədim eləyəm bəxş könlümü,
    Etdim həya ki, zirəni Girmanə göndərim.

    Ey xacə, məsləhət elə, allah rizasına,
    Murəm, nə töhfə, söylə, Süleymanə göndərim?

    Yoxdur mətaimiz ki, ola yarə layiqi,
    Dərviş ikən nə həzrəti-sultanə göndərim?

    Yanmış sinəmdə yoxdu birər arpa danəsi.
    Viranədir bu kənd, ona mən nə göndərim?

    Bayram yetişdi, xəstə bu canımla bir deyin,
    Bilməm nə qurban ol şahə, qurbanə göndərim?

    Yoxdur, Nizami, yaxşı əməl səndə heç, səba,
    Yaxşı əməl deyə nəyi mizanə göndərim?

  • Nizami GƏNCƏVİ.”Ay üzlü nigarım, kimə mehman olacaqsan?”

    Ay üzlü nigarım, kimə mehman olacaqsan?
    Bir söylə, kimin şəninə şayan olacaqsan?

    Şahlıq çətiri var başın üstündə bu axşam,
    Ənbər çətirinlə kimə sultan olacaqsan?

    Şəkkər demərəm mən sənə, ondan da şirinsən,
    Dilbər, necə bir bəxtəvərə can olacaqsan?

    Zülmət gecə, sən nurlu çıraq, bəd gözə gəlmə,
    Ey abi-həyat, sən kimə canan olacaqsan?

    Getdin, necə bəs tab eləsin hicrə Nizami,
    O xəstə ikən, sən kimə dərman olacaqsan?

  • Dahi Azərbaycan şairi Məhəmməd Füzuli

    Məhəmməd Füzuli ibn Süleyman — (əsl adı: Məhəmməd ibn (oğlu) Süleyman, d. 1494, Kərbala, İraq, Ağqoyunlu dövləti — ö. 1556, Kərbala, İraq, Osmanlı imperiyası) — Orta əsr azərbaycan türk şairi, mütəfəkkir və filosof. Azərbaycan və türk ədəbiyyatı tarixində divan janrının ən məşhur və görkəmli nümayəndələrindən biri kimi tanınmaqdadır. Bir çox təzkirələrdə Bağdadi təxəllüsü ilə anılır. Mənbələrdə digər adı Molla Məhəmməd Bağdadidir. Ancaq şairin Bağdadda deyil, onun yaxınlığındakı məşhur Kərbəla şəhərində doğulduğu məlumdur.

    Həyatı
    Məhəmməd Füzuli Azərbaycanda məşhur olan türk mənşəli Bayat tayfasındandır. Bəzi mənbələrə görə, Məhəmmədin atası Süleyman İraqa, Azərbaycanın Ərəş mahalından köçmüşdür. Sonralar şairin oğlu Fəzli Ərəşə dönərək, yaxın qohumlarının yanında yaşayıb. O, burada özünün alimliyi ilə geniş şöhrət tapıb. Füzulinin özü də kamil təhsil görmüşdü. Elə bunu nəzərə alan tədqiqatçılar belə hesab edirlər ki, şairin atası kifayət qədər varlı adam olmuşdur. Eləcə də onun ziyarətgah sayılan Hillə və Kərbəla kimi şəhərlərdə yaşaması Süleymanın ruhani olduğuna dəlalət edir. Həqiqətən də belə bir rəvayət var ki, Füzulinin atası Hillə şəhərinin müftisi olmuşdur.

    XI əsrdə İraqın Səlcuqlar, daha sonralar isə Monqollar və Teymurilər tərəfindən işğalından sonra Bağdadda və onun ətraflarında türklərin sayı getdikcə artırdı. Bu durum sonralar da davam edir. 1508-ci ildə şah İsmayıl təntənəli şəkildə Bağdada girərək, İraqı Azərbaycana birləşdirir, sonra isə 1534-cü ildə bu şəhər uzun bir müddətə Osmanlı İmperiyasının tərkibinə daxil olur. Beləliklə, Füzulinin həyat və yaradıcılığının ilk dövrləri İraqi-Ərəbin Səfəvilər hakimiyyətinə tabe olduğu illərə düşür. Dahi Məhəmməd Füzuli 1556-cı ildə Kərbəlada taun xəstəliyindən vəfat etmişdir. Şairin qəbri də məhz Kərbəladadır.

    Yaradıcılığı

    SSRİ poçt markası (1958).
    Məhəmməd Füzuli ilk təhsilini Kərbəlada almış, Bağdadda davam etdirmişdir. Bir müddət İraqın Nəcəf və Hüllə şəhərlərində də yaşamışdır.Onun müəllimi Vəli Məmmədzadə olmuşdur. Şəxsi mütaliəsi sayəsində orta əsr elmləri (məntiq, tibb, nücum, riyaziyyat və humanitar elmlər), xüsusən dini-fəlsəfi cərəyanlar, ərəb tərcümələri əsasında yunan fəlsəfəsi ilə yaxından tanış olmuş, klassik türk, ərəb, fars və hind ədəbiyyatını öyrənmişdir.

    “Bəngü Badə” (“Tiryək və Şərab”) əsərini Şah İsmayıl Xətaiə ithaf etməsinə, I Şah Təhmasibə və onun sərkərdələrinə, ayrı-ayrı valilərə, xanlara qəsidələr yazmasına baxmayaraq, saraya meyl göstərməmişdir.

    Sultan Süleymana bir neçə qəsidə təqdim etmiş Füzuli Sultan ordusu ilə Bağdada gələn türk şairləri Xəyali və Yəhya bəylə görüşmüş, “Leyli və Məcnun” (1537) əsərini də “Rum zərifləri” adlandırdığı bu sənətkarların xahişi ilə qələmə almışdır.

    Füzuli üç dildə qəzəl, qəsidə, müsəddəs, tərkibbənd, tərcibənd, rübai, qitə, mürəbbe və s. yazmışdır. Fəlsəfi mahiyyətli qəsidələri, “Yeddi cam”, “Ənisül-qəlb”, “Səhhət və Mərəz” əsərləri qocalıq dövrünün məhzullarıdır. O, qəsidələrini ayrıca bir əsər kimi toplayıb kitab şəklinə salmış, türk, fars və ərəb dillərində divanlar tərtib etmişdir.

    Yaradıcılığının zirvəsi olan “Leyli və Məcnun” poeması Azərbaycan, eləcə də Şərq və dünya poeziyasının nadir incilərindəndir. Nizami Gəncəvinin ilk dəfə yazılı ədəbiyyata gətirdiyi “Leyli və Məcnun” mövzusunun bir çox türk, fars, hind, özbək və tacik şairləri tərəfindən qələmə alınmasına baxmayaraq, Füzulinin ana dilində yaratdığı əsər orijinallığı ilə bu mövzuda əvvəllər yazılmış poemalardan seçilir.

    Füzuli qədim yunan və Şərq fəlsəfəsi ilə tanış idi. Onun fəlsəfi görüşləri əsasən ərəb dilində nəsrlə yazdığı “Mətləül-etiqad” əsərində əksini tapmışdır. Füzuli burada Aristotel, Platon, Empedokl, Demokrit və başqa yunan filosoflarının fikirlərindən, ən-Nizamın fəlsəfi irsindən təsirlənmişdir. Füzulinin başqa əsərlərində də ədəbi fəlsəfi fikirlərə təsadüf edilir.
    Füzuli öz seirlərində, XVI əsrə qədər azərbaycan türkcəsində yazan şairlərin bütün yaxşı təcrübələrini hesaba almış, onu böyük cürət və məharətlə inkişaf etdirmişdir. Lirikanın ən qiymətli nümunələrini verməklə Azərbaycan və eləcə də türk ədəbiyyat tarixində yeni, çox böyük və gözəl bir məktəb açmışdır. Füzuli ədəbi məktəbi, özünün məna, məzmun zənginliyi, bədii yüksəkliyi ilə insan hiss və fikirlərinin bədii ensiklopediyasını təşkil edir. Bu məktəb şeirimizin bədii

    Füzuli kontatası
    MENU0:00
    Böyük Azərbaycan bəstəkarı Cahangir Cahangirovun dahi Məhəmməd Füzulinin “Məni Candan Usandırdı” qəzəlinə bəstələdiyi məşhur kontata Azərbaycan vokal sənətinin ən böyük simalarından biri olan Şövkət Ələkbərovanın ifasında
    Bu faylın oxunmasında problem var? Bax media kömək.
    keyfiyyətini son dərəcə yüksək bir pilləyə qaldırmaqla qalmamışdır. O, azərbaycan türkcəsinin bütün gözəlliklərini, imkan və qüdrətini parlaq surətdə nümayiş etdirmişdir. Bu məktəb klassik ədəbiyyatdakı köhnəlmiş qayda və normaları qırmaqda, inkişafa mane olan klassisizm ənənələrinə cəsur, azad və hünərli yanaşmaqda böyük tarixi xidmət göstərmişdir.

    Füzuli Nəsimidən sonra ana dilimizdə yaranmış şerin ən gözəl nümunələri olan əsərləri ilə ədəbi-bədii dilimizi yeni yüksəkliklərə qaldırmış, klassik Azərbaycan, habelə digər türk xalqlarının poeziyasına qüvvətli təsir göstərmiş, ədəbi məktəb yaratmışdır. Onun əsərləri Təbrizdə, Bakıda, İstanbulda, Ankarada, Qahirədə, Daşkənddə, Buxarada, Aşqabadda dəfələrlə nəşr edilmiş, dünya şərqşünasları tərəfindən yüksək qiymətləndirilmişdir.

    Məhəmməd Füzuli qəməri tarixlə 963-cü, miladi təqvimlə 1556-cı ildə Kərbəlada taun xəstəliyindən vəfat etmiş, orada da dəfn olunmuşdur.

    Şairin ölümünün 400 illiyi dünya miqyasında qeyd edilmişdir. Əsərləri toplanaraq ən qədim nüsxələr əsasında Azərbaycanda beş cilddə nəşr olunmuşdur.

    Əsərləri
    Fars və Azərbaycan dilində divan
    “Qəsidələr divanı”– Azərbaycan, fars və ərəb dilində yazılmış divan
    “Mətləül-etiqad”- ərəbcə fəlsəfi traktat
    Farsca əsərləri:

    “Həft cam” (Yeddi cam) və ya “Saqinamə” – alleqorik poema
    “Səhhət və Mərəz” – farsca və nəsrlə yazılmış alleqorik əsər.
    “Rindü Zahid” – nəsrlə yazılmış iki baxışın dialoqu.
    Türkcə (azərbaycanca) əsərləri:

    “Bəngü Badə” (Tiryək və Şərab) – poema
    “Söhbətül-əsmar” (Meyvələrin söhbəti) – poema
    “Leyli və Məcnun” – poema (alleqoriya olmayan yeganə poeması)
    “Hədiqətüs-Süəda” (Xoşbəxtlik bağçası) – şairin həcmcə ən böyük əsəri, ənənəvi-müştərək mövzuda yazılıb.
    “Şikayətnamə” və ya “Nişançı Paşaya məktub” – nəsr əsəri(Azərbaycan dilində ilk nəsr)
    “Hədisi-Ərbəin”(Qırx hədis) – Əbdürrrəhman Caminin eyniadlı əsərindən tərcümə(fars dilindən)
    Çap olunan kitabları
    “Leyli və Məcnun” Bakı, Uşaqgəncnəşr, 1958
    Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Azərbaycan” nəşriyyatı, 1996.
    Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005, 400 səh. Mətn
    Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild

    Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. II cild

    Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. III cild

    Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. IV cild

    Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. V cild

    Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. VI cild

    Məşhur qəzəlləri
    “Məni candan usandırdı”
    “Söz”
    “Olsaydı məndəki qəm”
    Can vermə qəmi-eşqə ki, eşq afəti-candır
    Canı kim cananı üçün sevsə cananın sevər
    Məndə Məcnundan füzun aşiqlik istedadı var
    “Yetər ey fələk”
    “Tutuşdu qəm oduna”
    “Pənbeyi-daği-cünun içrə nihandır bədənim”
    “Ey könül, yarı istə, candan keç”
    “Könül səccadəyə basna ayaq, təsbihə əl urma”
    “Rəmazan oldu çəkib şahidi-mey pərdəyə ru”
    Ey bivəfa ki, adət olubdur cəfa sana
    Aşiq oldum yenə bir tazə güli-rənayə
    Səsləndirilmiş şeirlər
    “Hədiqətüs Süəda” – səsləndirən: Ənvər Vəliyev
    “Şəbi hicran yanar canım” – səsləndirən: Elşən Rüstəmov
    “Ey həkim” – səsləndirən: Şahrux Nəxai
    “Ey təbib”
    Şeirlərinə yazılmış musiqi əsərləri
    Operalar
    Leyli və Məcnun – musiqi: Üzeyir Hacıbəyov
    Musiqi poemaları
    “Füzuli” vokal-simfonik poema (1993) – musiqi: Ramiz Mustafayev
    “Füzuli” simfonik poema – musiqi: Arif Məlikov
    «Şəbi-hicran» lirik poema – xor və böyük simfonik orkestr üçün – musiqi: Məmməd Quliyev
    Romanslar
    Şövkət Ələkbərova – “Füzuli kantatası” (Məni candan usandırdı) – musiqi: Cahangir Cahangirov
    Gülağa Məmmədov – “Vətənimdir” – musiqi: Süleyman Ələsgərov
    Ramil Qasımov – “Suların aynası” – musiqi: Rəşid Şəfəq
    Ramil Qasımov – “Yad eylərəm” (fortepiano ilə oxumaq üçün)- musiqi: Oqtay Zülfüqarov
    Təsniflər, muğamlar
    Əbülfət Əliyev – Təsnif “Məni candan usandırdı”
    Əlibaba Məmmədov – Müxalif təsnifi “Şəbi hicran”
    Gülüstan Əliyeva – Təsnif “Ey kaman-ebru şəhidi naveki müjganunam
    Heyrət, ey büt
    Bülbül – Füzuli təsnifləri
    Filmoqrafiya
    Məhəmməd Füzuli (film, 1958)
    Leyli və Məcnun (film, 1961)
    Məhəmməd Füzuli (film, 1989)
    Şəbi-hicran (film, 1993)
    Söhbətül-əsmar (film, 1994)
    Xatirəsi
    1994-cü ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan оlmasının 500 illik yubileyi münasibətilə dövlət komissiyası yaradılmışdır.[3]

    13 sentyabr 1996-cı ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 300 illik yubileyi münasibətilə «Füzuli ensiklopediyası»nın hazırlanması və nəşr edilməsini təmin etmək məqsədi ilə «Füzuli ensiklopediyası redaksiyası» yaradılması haqqında qərar qəbul edilmişdir.[4]

    Azərbaycan Respublikasının Prezidenti 13 sentyabr 1996-cı ildə “Füzuli adına Beynəlxalq Mükafatın təsis edilməsi haqqında” Sərəncam imzalamışdır[5].

  • Azərbaycan Səfəvi dövlətinin banisi, hökmdar-şair Şah İsmayıl Xətai

    Şah İsmayıl ( I İsmayıl və ya Şah İsmayıl Səfəvi (tam adı: Əbül-Müzəffər İsmail ibn Heydər əs-Səfəvi; d. 17 iyul 1487, Ərdəbil – ö. 23 may 1524, Sərab) — Səfəviyyə təriqətinin şeyxi (1494—1524); Səfəvilər dövlətinin banisi və ilk şahı[4][5]; şair.

    Onun yaratdığı Səfəvilər dövləti 1736-cı ilə qədər mövcud olmuşdur. İsmayıl 1501-ci ildən Cənubi Azərbaycanda On iki imam şiəliyinə əsaslanan Səfəviliyi yayaraq 1509-cu ildə bütün İran, Azərbaycan, İraq, Şərqi Anadolunu və s. əraziləri vahid dövlətdə birləşdirmişdir.[6]

    Bədii əsərlərini “Xətai” təxəllüsü ilə yazmışdır. Bununla əlaqədar Şah İsmayıl Xətai olaraq da tanınır. Əsərlərini əsasən Azərbaycan türkçəsində[7], qismən də fars[8] və ərəbcə yazmışdır.

    Soykökü
    I Şah İsmayılın altıncı əcdadı, mərkəzi Ərdəbildə yerləşən Səfəviyyə sufi təriqətinin əsasını qoymuş Şeyx Səfiəddin İshaqdır (1252-1334). Bir sıra Səfəvi mənbələri Səfəvi əcdadlarının tarixçəsini Şeyx Səfiəddinin yeddinci əcdadı olan və XI əsrdə yaşadığı güman edilən[9] Firuzşah Zərrinkülaha bağlayırlar və onun yeddinci şiə imamı Musa əl-Kazımın nəslindən gəldiyini bildirirlər. Lakin araşdırmalar nəticəsində belə bir fikir irəli sürülmüşdür ki, Firuzşahı İmam Musa əl-Kazım vasitəsilə peyğəmbər və imamlar nəslinə bağlamaq cəhdi Səfəvilər sülaləsinin hakimiyyətə gəldiyindən sonra hökmranlıqlarının legitimliyini əsaslandırmaq məqsədini güdürdü. [10] [11] Tarixşünaslıqda Səfəvi əcdadlarını qeyri-türk entoslarla əlaqələndirmək üçün müəyyən cəhdlər edilmiş, Firuzşahın Cənubi Ərəbistandan (Yəməndən),[12] Kürdüstandan[13] [14] və hətta Fars vilayətindən köçərək, Azərbaycanın Ərdəbil nahiyəsinə gəldiyi[15] barədə iddialar ortaya atılmışdır. Lakin tədqiqatlar dərinləşdikcə bir sıra yerli və əcnəbi alimlər Səfəvi əcdadlarının türk mənşəli olduqlarını təkzibedilməz dəlillərlə təsbit etmişlər. [16][17][18][19][20][21][22][23][24][25]

    Səfəvi sülaləsinin kökü Azərbaycan ailələrindən olduğu, Şeyx Səfinin özünün də lap gəncliyindən, hətta fars vilayətlərində də olduğu sıralarda Türk Piri, Türk oğlu kimi tanındığı orta çağların bir çox qaynaqlarında təkrar təkrar yazılmışdır.[26]

    V.V.Bartold Səfəvilər sülaləsinin türkmənşəli olduğunu qeyd edərək yazırdı ki,

    “Ərdəbil şeyxləri, şübhəsiz, fars mənşəli deyil, Türk mənşəli idilər”. [27] İ.P.Petruşevski də analoji fikirdə olub, Səfəvilər sülaləsinin əslən Cənubi Azərbaycandan, Ərdəbildən olduğunu, Səfəviyyə sufi-dərviş təriqətinin irsi şeyxləri olduğunu yazırdı və əlavə edirdi ki, “ilk Səfəvi şeyxləri Ərdəbildə yaşayırdı, onların doğma dili Azərbaycan dili idi”.[28][29] [30] Sufizmin fransız tədqiqatçısı Massinyon Səfəviyyə təriqətini “Suxravərdiyyə dərviş ordeninin Azərbaycan qolu” olduğunu yazır.[31]

    Həyatı

    Gəncədə Şah İsmayılın adına zərb olunmuş iki şahılıq gümüş pul.
    Şah İsmayıl Xətai 1487-ci il iyulun 17-də nüfuzlu azərbaycanlı ailəsində anadan olmuşdur. O, ata tərəfdən Şeyx Səfiəddin nəslindən idi. Şah İsmayılın atası Şeyx Heydər, babası Şeyx Cüneyd olmuşdur. Onun anası Aləmşah bəyim Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı, Sultan Yaqubun bacısı idi.[32] Şah İsmayılın iyirmi beşinci babası Əbülqasım Həmzənin, on beşinci babası Qızılbörk Firuzun qəbirləri Ərdəbil yaxınlığındakı Şeyx-Kəhrəlan kəndində indi də durur. Yerli əhali bu qəbirlərə ziyarətgah kimi baxır.[33]

    9 iyul 1488-ci ildə Tabasaranda Şirvanşah qoşunu ilə döyüşdə qızılbaşlar məğlub oldu. Şeyx Heydər isə öldürüldü. Ölümündən sonra, Sultan Yaqub tərəfindən İsmayıl, anası və qardaşları Sultan Əli və İbrahim ilə birlikdə əvvəl erməni monastırı Akdamar qalasında, sonra Şiraz yaxınlığındakı İstəxr qalasında həbs olundu və 5 il burada saxlanıldı.[34] Bir müddətdən sonra Uzun Həsənin nəvəsi Sultan Rüstəm Səfəvilərdən istifadə etmək məqsədi ilə onları həbsdən azad etdirib müstəqil hakim kimi Sultanəlini Ərdəbilə qaytardı.[35] Şeyx Heydərin böyük oğlu Sultan Əli atasının işini davam etdirir və həlak olmazdan əvvəl qardaşı İsmayılı təriqət şeyxi vəzifəsinə varis təyin edildi.[36] Sultan Əlinin və Sultan Rüstəm birləşmiş qüvvələri 1493-cü ildə Baysunquru məğlub etdilər. Geri çəkilmək istəyən Sultan Baysunqur döyüşdə öldürüldü. Sultan Rüstəm əsas rəqibini məğlub etdikdən sonra Səfəvilərə qarşı siyasətini dəyişdi. Ərdəbil yaxınlığı Şəməsi döyüşündə Şeyx Sultan Əli məğlub edildi və öldürüldü.[37][38] Şeyxin ölümündən sonra sufilər İsmayıl və qardaşı İbrahimə Ərdəbildə gizlənməyə görə kömək etdilər. Onların ardınca Heydərin oğlanlarını hər vasitə ilə tutmaq və məhv etmək tapşırığını almış Eybə Sultanın dəstələri şəhərə daxil oldular. İsmayıl anası Aləmşah bəyimin onu ilk vaxtlar onları gizlətdiyi Şeyx Səfiəddin məqbərəsini tərk edərək, Qazi Əhməd Kakuli adlı səfəvi müridlərindən birinin evinə köçdü və üç gün ərzində orada qaldı. Yeddi yaşlı oğlan Xancan adlı qadının himayəsinə verildi.[39] Qızılbaşlar şeyx İsmayılı və qardaşı İbrahimi Ərdəbildə gizlətdikdən sonra Rəştə, daha sonra isə Lahicana, Gilanın Biyepiş vilayətinin hakimi Gərkiyə Mirzə Əlinin yanına gətirdilər. O, tanınmış alim Şəmsəddin Lahicini ərəb və fars dillərini öyrətmək, quranı oxumaq üçün İsmayılın və qardaşının tərbiyəçisi təyin etdi.[40]

    Hakimiyyəti
    Ərzincana yürüş
    1499-cu ilin avqustunda Şeyx Heydərin on üç yaşlı oğlu Lahicandan Ərdəbilə yola düşəndə onu bu yolda yeddi nəfərdən ibarət ən yaxın şəxslər müşayiət edir: Hüseyn bəy Lələ Şamlı, Əbdüləli bəy Dədə, Xadim bəy Xüləfa, Rüstəm bəy Qaramanlı, Bayram bəy Qaramanlı, İlyas bəy Xunuslu və Qarapiri bəy Qacar. Onlar Deyləmdən keçib Taroma gəlirlər. Dayanacaqlar zamanı İsmayılın dəstəsinə “Rum və Şam” tayfalarından tərəfdarlar qoşulurdular. Taromda sayı 1500 nəfərə çatmış qızılbaş qüvvələrinə baxış keçirildi.[41] Oradan Qızılbaşlar Ərdəbilin cənub-qərbində yerləşən Xalxal tərəfə irəlilədikdən sonra qışı keçirmək üçün Xəzər dənizi yaxınlığında, Ərçivan adlı yerə gəldilər. 1500-cü ilin yazında şeyx İsmayıl Ərçivandan Araz çayının şimalındakı dağlıq rayonuna, Göyçə gölünün cənub sahillərinə doğru hərəkət etdi. Burada Qızılbaşlara ərəşli və zülqədər tayfaları qoşuldular.[42]

    İsmayıl Çuxursədi keçdikdən sonra Doqquz Ulam adlı yerə gəldi. Burada Kiçik Asiya qızılbaşları dəstəsinə başçılıq edən Qaraca İlyas ona qoşuldu. İsmayıl daha sonra öz dəstəsi ilə Kiçik Asiyaya doğru hərəkət etdi və ustaclı tayfasının yaşadığı Mingöl yaylağına gəldi. O, Tərcan ərazisindəki Kağızmandan və Sarıqaya yaylağından keçərək Ərzincana çatdı.[43] Şeyx İsmayıl Azərbaycandan Kiçik Asiyaya keçənə qədər şamlı, rumlu, ustaclı, zülqədər, qacar, təkəli, əfşar, varsaq tayfalarından, Qaradağ sufilərindən ibarət 7000 qazi toplanmışdı.[42]

    Ərzincanda, qızılbaş ağsaqqalarının müşavirəsində hərbi yürüşün istiqaməti məsələsi müzakirə olunmuşdu.[43] Bəziləri qüvvələrinin kifayət qədər olmamasını əsaslandırıb, qarşıdan gələn qışı Ərzincanda keçirməyi və əlavə qüvvələr gəlməsini gözləməyi, yaz gəldikdə isə (1501-ci il) Azərbaycana, Əlvəndə qarşı yürüşə başlamağı, digərləri qarşıdan gələn qışda Gürcüstanda cihad həyata keçirməyi, üçüncülər isə, Çuxursəd ərazisinə yola düşməyi və orada qışlamağı təklif edirdilər.[43] Lakin bu təkliflərdən heç biri qəbul olunmadı.[43] Qərara alındı ki, İsmayıl Şirvanşah Fərrux Yasara qarşı yönəldilsin.[44][45][46]

    Şirvanşah Fərrux Yasarla mübarizə
    Əsas məqalə: Cabanı döyüşü

    Şah İsmayıl və Şirvanşah Fərrux Yasar arasında baş verən Cabanı döyüşünü əks etdirən 1541-ci ilə aid rəsm.
    İsmayıl əmirlərinin Gürcüstana və Ermənistana bir neçə basqınından sonra 1500-cü ildə I Fərrux Yasara qarşı yeddi min qızılbaşla hücuma keçdi. Abidin bəy Davaçı Şamlı, Hüseyn bəy Lələ Şamlı, Məhəmməd bəy Ustaclı, Əhməd bəy Ustaclı, Bayram bəy Qaramanlı, Qılınc bəy Qaramanlı, Qaraca İlyas Bayburtlu, İlyas bəy Xunuslu, Sultanşah bəy Əfşar, Dana bəy Əfşar, Xəlil bəy Möhddar, Hüseyn bəy Süfrəçi Əfşar, Piri bəy Pərvanəçi Əfşar, Lələ Məhəmməd Təkəli, Bəkir bəy Cagirli, Piri bəy Qacar, Salman bəy Həzin Zülqədərli döyüşən qızılbaşlar arasında idi.[47] Şah İsmayıla Şirvan əhli olan bir nəfərdən xəbər çatır ki, Fərrux Yasar İsmayıla da atasının aqibətinin üz tutacağını bildirmişdir. İsmayıl Gilana yollandı və əhalidən öyrəndi ki, Şirvanşah onun yaxınlaşdığını eşidib, müharibəyə hazırlaşmaq üçün Şamaxıdan çıxaraq yaxşı möhkəmləndirilmiş Qəbələ qalasına getmişdir.[48] Bu səbəbdən, İsmayıl Şamaxını tutmaq qərarına gəldi. O, əhalinin şəhərdən qaçmasının qarşısını almaq və onların təhlükəsizliyini təmin etmək məqsədi ilə adamlarından Qulu bəyi Şamaxıya göndərdi. Lakin İsmayıl Şamaxıya daxil olanda öyrəndi ki, bütün əhali şəhəri tərk edərək dağlarda gizlənmişdir.[49] Bir neçə gün Şamaxıda dayanan İsmayıl Şirvanşahın öz qoşunları ilə Buğurt qalası yaxınlığındakı meşədə düşərgə saldığını öyrəndi.[50] Qızılbaşların Şamaxını tutması xəbərini alan Fərrux Yasar, Gülüstan qalasına çəkilməyi qərara almışdı. Qəbələyə hücum etmək fikrində olan İsmayıl, Şirvanşahın Gülüstan qalasına üz tutduğunu öyrəndi. Şirvanşah qalaya yetişə bilmədi, İsmayıl Cabanı adlanan yerdə Şirvanşahı sıxışdırdı. 1500-cü ilin payızında burada Şirvanlar və Şirvanşahlar üçün qanlı döyüş baş verdi.[46] İsmayıl 7 minlik süvarinin başında 20 min süvarisi və hərbi nizamla düzülmüş 6 min piyadası olan Şirvanşahı təqib etmişdir. Bütün qoşunları məğlub olub qaçdıqda, sərkərdələri isə döyüş meydanında həlak olduqdan sonra tək qalan Şirvanşah atla Buğurt qalasına qaçmağa başladı. Onun şirvanşah olduğunu bilməyən bir dəstə qızılbaş, atlını təqib edərək Gülüstan qalasından bir qədər aralıda ona çatdılar. Fərrux Yasar, Hüseyn bəy Lələnin “cilovdarı” adlandırdığı Şahgəldi ağa adlı qızılbaş tərəfindən vurulub atdan salındı. O, Şirvanşahın başını kəsərək İsmayıla gətirdi.[47] Əsir Şirvanlılar Fərrux Yasarın meyitini tanıyıb, onu dəfn etdilər. Münəccimbaşı Fərrux Yasarın ölümünü “Bəziləri deyir ki, o, əsir alınmış və sonra əlləri bağlı öldürülmüşdür.” bu cür təsvir etmişdir.[51] İsmayıl atasının və babasının intiqamını almaq üçün əsir götürdüyü bütün Şirvanlıları qətlə yetirdi. Şirvanın çiçəklənən şəhər və qalaları İsmayıl tərəfindən işğal olundu.[52]

    Döyüşdə ələ keçirilmiş qənimətlər qızılbaşlar tərəfindən ələ keçirilib, bölüşdürüldü. İsmayıl üç gün döyüş meydanında qaldı, sonra isə Şamaxıya qayıtdı və şəhər əyanları tərəfindən ehtiramla qarşılandı. Fərrux Yasarın oğlanlarından biri, döyüşdən sağ çıxmış Şeyxşah İbrahim Xəzər sahilindəki Şəhrinov şəhərinə gələrək atasının qoşunundan sağ qalanları toplamağa başladı. Lakin Xadim bəy Xüləfanın[q 1] yürüşündən xəbər tutaraq, gəmilərə oturub Gilana üzdü. Şeyxşahın ardınca gəlmiş İsmayıl bir neçə gündən sonra Şəhrinovu tərk edib, 1500-1501-ci ilin[q 2] qışını keçirmək üçün Muğandakı Mahmudabada yola düşdü. Burada İsmayıla bildirirlər ki, Bakı əhalisi Səfəvilərin nümayəndələrinə itaət etməkdən və “xərac verməkdən” imtina edir. Belə olduqda İsmayıl, Məhəmməd bəy Ustaclı və İlyas bəy Xunuslunu Bakını tutmaq üçün göndərdi.[53]

    Bakının mühasirəsi və tutulması
    Əsas məqalə: Bakının mühasirəsi (1501)
    Bakı o vaxtlar alınmaz qala sayılırdı. Şəhər üçqat divarla, bir tərəfdən dənizlə, quruda isə dərin və geniş xəndəklə əhatə olunmuşdu. Şəhərə yaxınlaşan qızılbaş döyüşçüləri onun Makedoniyalı İsgəndər səddini xatırladan qala divarına heyran qalırdılar. İsmayıla bu qalanı tutmaq çox vacib sayılırdı. Çünki Bakı o vaxtlar Şirvanın iri şəhərlərindən biri və Xəzər dənizində ən yaxşı tranzit ticarət mərkəzi idi. Qədimdən Şirvanşah xanədanına sədaqətli olan mühasirəyə alınmış bakılılar istehkamlarının alınmazlığına, böyük silah və ərzaq ehtiyatlarına güvənərək ehtiyatla vuruşurdular.[52]

    Ağqoyunlu Əlvəndlə mübarizə
    Siyasi fəaliyyəti

    1502-1524-cü illərdə Azərbaycan Səfəvilər İmperiyasının bayrağı

    Şah İsmayıl və Şirvanşah Fərrux Yasar arasında döyüş , 1541-ci ilə aid rəsm
    1499-cu ilin avqust ayında 12 yaşlı İsmayıl özünün yaxın tərbiyəçisi və məsləhətçisi olan bir neçə qızılbaş tayfa başçısı ilə birlikdə qoşun toplamaq üçün Ərdəbilə yollanır, ancaq şəhər hakimi tərəfindən təqib olunur. O, 1500-cü ilin yazında Şamlı və Rumlu tayfalarından, habelə Qaradağ və Talış əhalisindən ona qoşulmuş 2 minə yaxın qızılbaşla Qarabağ, Çuxursəd, Şuragil, Kağızman, Tərcan yolu ilə Ərzincana gəlir.

    Fransız səyyahı və coğrafiyaşünası Andre Tevenin kitabında Şah İsmayılın şəkli , 1584-cü il
    Ərzincanda keçirilən müşavirəsində Səfəvilərin irsi düşməni Şirvanşah Fərrux Yasarla müharibəyə başlamaq qərara alındı və əmirlərinin Gürcüstana bir neçə basqınından sonra İsmayıl Anadoluda topladığı təqribən 7 min nəfərlik tərəfdarı ilə 1500-cü ilin axırlarında Şirvana hücum edir. Cabanı döyüşündə Fərrux Yasar məğlub edildi və şirvanşah öldürüldü.

    İsmayıl üç gün düşərgəsində qaldıqdan sonra Şamaxıya daxil oldu. Burada onu seyidlər, qazılar, rəislər və şəhər əyanları qarşıladı. Şamaxıya girən İsmayıl şəhərdə yalnız bircə gün qaldı. Burada öyrəndi ki, Şirvanşahın döyüş meydanından qaçıb canını qurtarmış oğlu II Şeyx İbrahim (Şeyxşah) Xəzər dənizinin sahilindəki Şəhrinou qalasındadır və atasının qoşunlarının salamat qalmış hissələrini ətrafına toplamışdır. İsmayıl sərkərdəsi Hülafə bəyə qoşun hissəsi ilə oraya göndərdi, duruş gətirə bilməyəcəyini görən Şeyxşah yaxın adamları ilə birlikdə qaçdı. Müqavimətə rast gəlməyən Hülafə bəy, Şəhrinouda düşərgə saldı. Ertəsi gün İsmayıl özü buraya gəldi. İsmayıl Şəhrinounu tutduqdan sonra Mahmudabada qışlağa getdi. Burada ona məlum oldu ki, Bakı şəhərinin əhalisi qalalarının möhkəmliyinə bel bağlayaraq xərac verməkdən imtina edir və müqavimət göstərirlər.[54] İsmayıl uzun çəkməyən mühasirədən sonra 1501-ci ilin baharında Bakını aldı.

    Şirvanşah qoşunlarının vuruşmadan sonra salamat qalmış hissələri Gülüstan qalasına cəkilmişdi. İsmayıl Bakını aldıqdan sonra Gülüstan qalasını tutmağa getdi. Lakin tezliklə Gülüstanın mühasirəsini buraxaraq, əmirlərinə bunu yuxuda imamdan tapşırıq alması ilə izah etmişdir[55], Ağqoyunlu Əlvəndlə mübarizəyə yollandı. Rəvayətə görə İsmayıl qızılbaş əmirlərini məşvərətə yığaraq onlardan soruşur: “Siz nə istəyirsiniz, Azərbaycan taxt-tacını, yoxsa “Gülüstan” qalasını?” Onlar yekdilliklə Azərbaycanı üstün tuturlar.

    Schah Ismail Khatai Aserbaidschan.jpg

    Mərv döyüşü

    Mərv döyüşü (1510)

    Şah İsmayılın yaratdığı Səfəvilər imperiyasının ərazisi
    İsmayıl öz qoşunu ilə Naxçıvan istiqamətində hərəkət edir. 1501-ci ilin ortalarında Əlvənd Mirzə onları Şərur düzündə qarşılayır. Şərur döyüşündə Əlvənd Mirzənin 30 minlik ordusu İsmayıl 7 minlik qoşunu tərəfindən darmadağın edilir. Vahiməyə düşüb qaçan döyüşçülərini saxlamaq və rəqibin arxadan zərbələrini dəf etmək məqsədilə bir-birinə zəncirlənmiş dəvələrdən istifadə etmək cəhdi də Əlvənd Mirzəyə kömək etmir.

    İsmayıl bu döyüşdə də öz yaşına görə qeyri-adi dərəcədə sərkərdəlik qabiliyyəti və şəxsi igidlik nümunəsi göstərir. O özü şəxsən Ağqoyunlu qoşununun sayılan əmirlərindən Karqiçay bəyi qılınc döyüşündə məğlub edir. Digər məşhur sərkərdələr də öldürülmüş və başları özgə düşmənlərə görk olmaq üçün qızılbaş döyüşçülərinin tutduğu yüksəkliklərdə qoyulmuşdur. Əlvənd özü isə döyüş meydanından güclə qaçaraq, canını qurtarmışdır. Beləliklə, İsmayıl xeyli qənimət qazanmışdır və ən əsası isə Təbrizə yol açıqdır.

    1501-ci ilin payızında Təbrizə daxil olan İsmayıl özünü şah elan etdi. Bununla da paytaxtı Təbriz olan Azərbaycan Səfəvilər dövlətinin əsası qoyuldu.

    I Şah İsmayılın tabe olmaq təklifini rədd edən Ağqoyunlu hökmdarı Sultan Muradla 1503-cü il iyunun 21-də Həmədan yaxınlığında döyüş Şah İsmayılın qələbəsi ilə nəticələndi və Ağqoyunlu dövləti süqut etdi.

    Çox qısa müddətdə şah İsmayıl Şeybani xanın özbək dövlətindən tutmuş Osmanlı imperiyasının sərhədlərinə qədər uzanan möhtəşəm bir dövlət yarada bilir.

    Özbək Şeybani xan İsmayıl üçün strateji əhəmiyyət daşıyan İsfahanı tutarkən ona göndərdiyi “Mən İran və Azərbaycan sərhədlərinə gələrək, oranı tutandan sonra İraqi-Ərəbə və Hicaza gedəcəyəm” məktubana cavab olaraq Şah İsmayıl öz qoşunlarını Xorasana yeridir. Şeybani xan Mərv qalasında gizlənir, lakin İsmayıl aldadıcı manevr edərək, onu qaladan bayıra çıxarır və 1510-cu il 2 dekabrda Mahmudi kəndi yaxınlığında şah İsmayılla Şeybani xanın qoşunları arasındakı Mərv döyüşü şah İsmayılın tam qələbəsi ilə başa çatır. Bütün gün ərzində davam edən bu ağır döyüşdə məğlub olan Şeybani xan qaçmaq istədikdə Şah İsmayılın döyüşçüləri və öz mühafizəçiləri tərəfindən qətlə yetirilir. Şeybani xanın başını şaha gətirirlər. Əmrə əsasən, onun kəlləsini qızıl suyuna çəkib, qədəh düzəldirlər. Bu döyüşdən sonra o, Herat, Mərv və Bəlx şəhərlərini tutur. Bütün Şabran, Xorasan vilayəti şah İsmayılın hakimiyyəti altına keçir. Sonrakı illərdə Şah İsmayıl bütün İranı,İraqi-Ərəbi Səfəvilər dövlətinə qatdı. Onun dövründə Səfəvilər dövləti Yaxın Şərqin qüdrətli dövlətlərindən birinə çevrldi.Səfəvi dövləti öz yüksəlişinin zirvə nöqtəsinə çatır. Onun ərazisinin sahəsi 2 milyon 800 min kvadrat kilometrə çatırdı.

    Şah İsmayıl və Osmanlı imperiyası

    Şah İsmayılın dəbilqəsi

    Çaldıran döyüşü , 1525-ci ilə aid rəsm

    Çaldıran döyüşü
    Səfəvi dövləti kimi güclü bir dövlətin yaranması Osmanlı sultanlarını narahat edirdi. Şah İsmayıl da geniş əraziləri əhatə edən şiə dövləti qurmaq istəyirdi.[56] Anadoludakı türklər İsmayıla rəğbət bəsləməklə qalmır, bölgəni geniş xalq üsyanları bürüyür.[57] Osmanlı ərazisindəki narazı əhali kütləvi surətdə Səvəfi dövlətinə köçməyə başlayır.[58] Bütün bunlar Səvəfi ideologiyasının təkcə şərqi Anadoluda deyil, mərkəzi Anadoluda böyük təsirə malik olduğunu göstərir.[59]

    Beləliklə siyasi səbəbdən yaranan Səfəvi-Osmanlı qarşıdurması gələcəkdə uzun sürəcək və din pərdəsi arxasında aparılan müharibələrin səbəbi idi.[60] İlk dəfə Çaldıran döyüşündən əvvəl Qızılbaşların kafir kimi öldürülməsinə fətva alan[61] I Səlimin başlatdığı bu dini müharibə gələcəkdə onun oğlu I Süleymanın dövründə Osmanlı şeyxül-islamı Müfti Əl-Həmzə tərəfindən verilən fətva[62] ilə qızılbaşların öldürülüb malları ilə birgə arvad və uşaqlara sahib olmalarını halal edən dövlət ideologiyasına çeviriləcək.[63]

    Çaldıran döyüşü zamanı Sultan Səlim tərəfindən ələ keçirilmiş Şah İsmayıl Xətainin şəxsi əşyaları. Topqapı muzeyi, İstanbul

    Çaldıran döyüşü (1514)
    Səfəvilər dövlətinə münasibətdə “dinc, yanaşı yaşama” prinsipinə sadiq qalaraq, əsasən sülh siyasəti yürüdən Sultan II Bayəziddən fərqli olaraq onun oğlu 1512-ci ildə hakimiyyətə keçən Sultan I Səlim Yavuz (1512-1520) Səfəvilərə qarşı müharibə yolunu tutdu. Sultan Səlim Şah İsmayıl üzərinə qəti hərəkətə keçməzdən öncə Səfəvi dövlətinə qarşı bir sıra siyasi, mədəni, iqtisadi və əsgəri tədbirlər gördü.[64] [65] Sünni üləması qızılbaşlara qarşı hərb açılmasının cihaddan da mühüm və əqdəm olduğu barədə fitva vermişdi.[66]

    Səfəvi dövlətinə qarşı 19 mart 1514-cü ildə “şərq yürüşünə” başlayan Sultan

    Səlim hələ yolda olarkən Şah İsmayıla farsca üç təhqiramiz məktub yazmışdı. Bunlardan yalnız üçüncüsünə türkçə cavab verən şah məsələni sülh yolu ilə həll etməyə cəhd etmişdi, lakin uğursuz.[67][68]

    23 avqust 1514-cü ildə Çaldıran çölündə iki ordu üz-üzə gəldi. Osmanlı ordusu Səfəvi ordusundan sayca üstün idi. Çaldıran döyüşündəki qüvvələr nisbəti ilə bağlı tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, Osmanlı ordusu 100 min, Səfəvi qoşunları 40 min nəfərdən ibarət idi.[69][70]

    Bundan başqa Osmanlıların daha bir üstünlüyü də 300-ə qədər topun olması idi. Bütün bunlar döyüşün gedişinə təsir göstərməyə bilməzdi. Şah İsmayıl şəxsi igidlik və cəsurluq nümunələri göstərib, özünün qeyri-adi gücü və döyüş bacarığı ilə məşhur olan Turəli bəy Məlkoçoğlunu təkbətək döyüşdə şəxsən məhv etmişdir. Şah İsmayıl qılıncla ona elə bir zərbə endirir ki, dəbilqəsi və başı iki yerə paralanır. İsmayılın qılıncı Əli bəyin sinəsinə qədər işləyir. Döyüşün qızğın çağında İsmayıl azsaylı dəstəsi ilə düşmənin artilleriyasına doğru can atır, lakin bu zaman onun atı büdrəyib yıxılır. Şah İsmayıla çox bənzəyən Sultanəli Mirzə Əfşar: “Şah mənəm”, deyə qışqırmaqla onu əsir düşməkdən xilas edir və beləliklə yaralanan şah ata qalxaraq döyüş meydanından qaça bilir. I Sultan Səlim Xoy, Mərənd və Təbriz şəhərlərini tutur. Buna baxmayaraq, o, Təbrizdə çox qala bilməyib, 6 gündən sonra Şah İsmayıl tacı, əlbisələri və bəzək əşyaları da içində olmaqla xeyli qənimət götürərək, Təbrizi tərk edir.

    Çingiz Mehbaliyev – Şah İsmayıl hücumda (şəxsi kolleksiyada saxlanılır.)
    Tarixdə belə bir hadisə olub. Şah İsmayıl Çaldıran döyüşündə topları bir-birinə bağlayan zəncirləri kəsərkən bir anda onun qüvvətli zərbəsi topun lüləsinə tuş gəlir və top iki yerə bölünür. Çaldıran döyüşündən uzun müddət sonra Sultan Səlim Şah İsmayıldan həmin qılıncı ona göndərməsini istəyir. Şah həmin qılıncı Sultana göndərir. Sultan Səlim neçə dəfə cəhd göstərsə də topu kəsə bilmir. O Şaha məktubunda deyir : “Sən məni aldadırsan , bu həmin qılınc deyil.”. Şah İsmayıl cavab məktubunda ona belə cavab verir : “Qılınc həmin qılıncdı, qol o qol deyil.”.

    Məktublarında göründüyü kimi Şah İsmayılın savadı hər yerdə özünü göstərir. O Çaldıran döyüşündə Sultan Səlimə məğlub olmasına baxmayaraq, məktublarında daima onu dərrakəsi ilə məğlub edib. Şah İsmayılın göndərdiyi məktublara Sultan aciz qalır cavab yaza bilmirdi. Sultan Səlim Şahın heç bir məktubuna cavab yazmayıb. Bu da Şah İsmayılın dövrünə görə çox savadlı və ağıllı bir şəxsiyyət olduğunu sübut edir.

    Sultan Səlim qənimətlə birlikdə özü ilə İstanbula sonradan Türkiyənin incəsənət və sənətkarlıqının inkişafında müstəsna rol oynamış bir çox incəsənət xadimlərini və sənətkarları da aparır. Dünyanın ən zəngin muzeylərindən sayılan İstanbul Topqapı sarayında, Əsgər muzeyində Azərbaycan tətbiqi sənətinin Çaldıran döyüşündən sonra buraya gətirilmiş ən nadir nümunələri nümayiş etdirilməkdədir.

    Tarixçilərin bildirdiyinə görə, Çaldıranda, döyüş meydanında kişi paltarı geyib, öz ərləri ilə birlikdə vuruşan xeyli qadın meyidi tapılmışdı.

    Şah İsmayılı Mərv döyüşündə Şeybani xanla döyüşərkən təsvir edən miniatür (Çəhəl Sütun Sarayı)
    Sonrakı illərdə Şah İsmayıl Şəki hökmdarlığını, Şirvanşahları, gürcü çarlarını Səfəvilərdən asılı vəziyyətə saldı. Hakimiyyətinin son illərində şah İsmayılla Şirvanşah Şeyxşah arasında dostluq və qohumluq münasibətləri yaranır. Əvvəlcə Şah İsmayıl qızı Pərixan xanımı Şeyxşahın oğlu Sultan Xəlilə ərə verir, sonra isə özü Şirvanşahın qızlarından biri ilə evlənir. Şah İsmayılın toyu 1523-cü il 5 noyabrda Təbriz yaxınlığında olur.

    Vəfatı
    1524-cü ilin baharında – Novruz bayramından az sonra, Şah İsmayıl böyük qoşunla Qarabağ düzündə cərgə üsulu ilə ov edə-edə Şəki hökmdarlığının ərazisinə daxil olur. “Şəki valisi Həsən bəy onu qarşılamağa çıxıb, (şaha) təzim etmək şərəfinə nail oldu və zəmanə hökmdarına bol-firavan peşkəşlər təqdim etdi. Əlahəzrət şah ov etmək sevdasına və dağlara tamaşa etmək həvəsinə malik olduğu üçün hökm verdi ki qazilər və Şəki əyanları Gürcüstanla Şəki arasında yerləşən və Şahdağı[71] (adı) ilə məşhur olan yerdəki cüyürləri və digər vəhşi ov heyvanlarını qovub bir yerə toplasınlar. Belə nəql edirlər ki, keçmiş sultanlar o vilayətdə Şahdağına pənah aparan ovun ardınca getməzdilər və buna görə də o dağda çoxlu cüyür vardı. Heç bir kəs o cüyürlərə dəyib-dolaşa bilmirdi. Çünki onların (Şahdağında) ovlanması uğursuzluq əlaməti hesab olunurdu.

    Bu məsələni (şaha) ərz etsələr də, o həzrət buna məhəl qoymadı və ovun başlamasını əmr etdi. Elə ki cərgə ovu tərtib olundu, hökmdar çoxlu cüyür və saysız-hesabsız vəhşi heyvanları Şahdağında ovlayıb, Ərdəbilə tərəf geri qayıtdı”[72]. Lakin yolda ağır xəstələnir və Ərdəbildən tələm-tələsik Təbrizə yola düşür. Sərab yaxınlığındakı Mənqutay adlı yerdə halı o qədər ağırlaşır ki düşərgə salmalı olurlar. Həkimlərin müalicəsi bir fayda vermir. Şah ismayıl 23 may 1524-cü ildə vəfat edir. Nəşini Ərdəbilə gətirib Şeyx Səfi məqbərəsində dəfn edirlər. Abbasqulu Ağa Bakıxanov “Gülüstani İrəmdə” yazır: “… Hicri 930-cu ilin əvvəllərində (miladi 1524)… Şah İsmayıl vəfat etdi. O, mehribanlıqda dünyanı işıqlandıran və qəhrəmanlıqda düşməni yaxan, od məcazlı bir sultan idi. Qurmuş olduğu səltənətin mühüm işlərinə məşğul olmasına baxmayaraq, Şah İsmayıl alimlərlə müsahib olub, şeir söyləməyə də mail idi”.

  • Anadilli fəlsəfi qəzəlin ilk nümayəndəsi Seyid Əli İmadəddin Nəsimi

    İmadəddin Nəsimi (tam adı: Seyid Əli ibn Seyid Məhəmməd; d. 1369, Şamaxı – 1417, Hələb, Suriya) — Azərbaycan şairi, mütəfəkkir. “İmadəddin Nəsimi” adı ilə məşhurdur. İlk təhsilini Şamaxıda almış, dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənmişdir.

    Həyatı

    Nəsiminin həyatı haqqında çox geniş məlumat mövcud deyil. Mənbələrin əksəriyyəti onun adını İmadəddin kimi göstərir, ancaq Nəsiminin əsl adının Əli və Ömər olduğunu qeyd edən mənbələr də vardır. Bir çox tədqiqatçılar onun Şamaxıda, başqaları isə Bursada, Təbrizdə, Bakıda, Diyarbəkirdə və hətta Şirazda anadan olduğunu iddia edirlər.

    SSRİ poçt markası (1973)
    Şairin atası Seyid Məhəmməd Şirvanda yaxşı tanınan şəxsiyyətlərdən idi. Nəsiminin bir qardaşı da olub. Onun Şamaxıda yaşadığı, Şah Xəndan təxəllüsü ilə şeirlər yazdığı və hazırda bu adla tanınan qədim qəbristanlıqda basdırıldığı məlumdur. İslamdan sonrakı dövrdə Şamaxı iri mədəniyyət mərkəzlərindən birinə çevrilmişdi. Burada çoxlu məktəb, mədrəsə, bütün Şərqdə məşhur olan şeir və musiqi məclisləri fəaliyyət göstərirdi, zəngin ictimai və şəxsi kitabxanalar mövcud idi. Paytaxtdan bir qədər kənarda, Məlhəm adlanan yerdə məşhur şair Xaqani Şirvaninin əmisi – alim və həkim Kafiəddin tərəfindən yaradılmış Dar-üş-şəfa tibb akademiyası da fəaliyyət göstərirdi. Nəsiminin məktəb illəri belə bir mühitdə keçib.

    Nəsiminin Bakıdakı heykəli

    Nəsimi dövrünün görkəmli ariflərindən müvafiq elmlərdən təhsil aldıqdan sonra hürufi Fəzlullah Nəiminin xidmətinə girmiş, onun tərbiyə və təlimlərindən bəhrələnmişdir. Səfərlərinin hamısında özünün şeyx mürşidi Nəimi ilə yol yoldaşı olmuş və onun qızı ilə evlənmişdir.[2]

    Şairin əsərlərinin təhlili göstərir ki, Nəsimi Şamaxıda o dövrün ən yaxşı universitetlərinin tələbinə cavab verəcək bir dərəcədə kamil təhsil ala bilib. O, klassik Şərq və qədim yunan fəlsəfəsini, habelə ədəbiyyatını dərindən mənimsəmiş, İslamın və xristianlığın əsaslarına yaxından bələd olmuş, tibb, astronomiya və astrologiya, riyaziyyat və məntiq elmlərinə dərindən yiyələnmişdi. O, dilləri elə yaxşı öyrənmişdi ki, Azərbaycan, fars və ərəb dillərində eyni dərəcədə gözəl şeirlər yaza bilirdi. Onun azərbaycanca şeirlərinin dili həm zənginliyi, həm də xalq nitqinə yaxınlığı ilə seçilir, atalar sözləri, zərb-məsəllər, hikmətli sözlər burada çoxluq təşkil edir. Nəsiminin rübailəri Azərbaycan xalq şeiri nümunələri olan bayatılara çox yaxındır.

    Nəsiminin poeziyasında Azərbaycanın, eləcə də digər Şərq ölkələrinin məşhur alim və şairlərinin adları tez-tez xatırlanır. Bunlardan İbn Sinanı, Xaqanini, Nizamini, Fələkini, Mənsur Həllacı, Fəzlüllah Nəimini, Şeyx Mahmud Şəbüstərini, Övhədi Marağayini və başqalarını göstərmək olar.

    Əzim Əzimzadə, “Nəsiminin edamı”

    Hürufilər Teymurləng tərəfindən ciddi təzyiqlərə məruz qaldığı bir vaxtda Nəsimi vətəndən didərgin düşüb, İraq, Türkiyə, Suriyada yaşamağa məcbur olub. Hürufilik təlimi əsasında irəli sürdüyü panteist ideyaları üstündə Hələb şəhərində edam olunub. Nəsiminin edamı haqqında İbn əl-İmad Hənbəli yazır: “O, hürufilərin şeyxidir, Hələbdə sakin idi, tərəfdarları çoxaldı, bidəti artdı, iş o yerə çatdı ki, sultan onun öldürülməsini əmr etdi, boynu vuruldu, dərisi soyuldu, çarmıxa çəkildi”.

    Nəsimi öz ideyalarını peşəkar filosof kimi ayrıca traktatlarda bitkin sistemdə verməyib, çünki Miyanəcinin, İbn Ərəbinin geniş əhatəli sufi-fəlsəfi əsərlərindən sonra bu məzmunda traktatlar yazmağa o zaman bəlkə də ehtiyac duyulmurdu. Hürufiliyin nəzəri əsaslarına gəldikdə, Nəiminin əsərlərində o artıq işlənib hazırlanmışdı.

    Yaradıcılığı

    Nəsimi dilin zənginliklərindən qəzəllərində özünəməxsus bir ustalıqla istifadə edir. Bəzən şair şeirlərini yalnız xitab və ifadəli təkrarlar üzərində qurur. Filosof-şairin poeziyası çox tez bir zamanda Orta Asiya, Türkiyə və İran xalqları arasında populyarlıq qazanır. Mənsur Həllacla birlikdə onun adı öz əqidəsi uğrunda qeyri-adi sədaqət və cəsurluq rəmzinə çevrilir. Onun əsərləri bir çox dillərə çevrilir və həmin dillərdə yazıb-yaradan şairlər onu təqlid edirlər. Nəsiminin şeirlərini xalq arasında avazla oxumaq və onun hürufi ideyalarını təbliğ etmək üstündə bir çoxları əzablara qatlaşır, hətta canlarından da keçirlər.

    Nəsimi filmindən kadr

    Yaradıcılığının ilk dövrlərində Nəsimi də ustadı Nəimi kimi sufizm mövqeyində dayanır və tanınmış sufi şeyxi Şiblinin təlimini davam etdirir. Bu mərhələdə şair öz əsərlərini “Hüseyni”, “Seyid Hüseyni”, “Seyid” təxəllüsləri ilə yazır. Lakin X əsrin sufi İran filosof-şairi Mənsur Həllacın təlimi Nəsiminin ruhuna daha yaxın idi. İlk dəfə məhz o demişdi ki, “Mən allaham!” Bu cür küfr sayılan fikirlərinə görə Mənsur Həllac daim təqiblərə məruz qalmış və nəhayət, öz ömrünü dar ağacında başa vurmuşdu. Əqidəsi uğrunda bu cür fədakarlıq göstərməyə hazır olan Nəsimi də Mənsura heyran kəsilmiş və öz əsərlərində onu tərənnüm etmişdi. Maraqlıdır ki, şair hürufi təlimini qəbul etdikdən sonra da Həllaca vurğunluğundan qalmamışdı. Bu sözləri müəyyən mənada Nəsiminin uzun müddət sadiq qaldığı sufi fəlsəfəsi haqda da söyləmək olar. Bununla əlaqədar olaraq, Zümrüd Quluzadə yazır: “Nəsimi yaradıcılığının mərkəzində lirik qəhrəmanın aşiq olduğu, onu yüksəldən, kamilləşdirən və öz nuruna qərq edən gözəl-Allah dayanır. İnsan üçün ən yüksək, ülvi duyğu həmin sevgilinin vüsalına yetişmək, ona qovuşmaq, onda əriyib yox olmaqdır. Şair yazır ki, eşqi günah sayanların sözlərinə baxmayaraq, o, bu yoldan çəkinməyəcək. Çünki yalnız bu yol insanı tanrıya, həqiqətə çatdıra bilər.” Daha sonra oxuyuruq: “Lakin tədricən Nəsiminin dünyagörüşündə sufilik hürufiliklə əvəz olunur. Bu, hər şeydən öncə şairin panteist görüşlərindəki dəyişiklikdə əks olunur. Bu görüşlərin əsasında artıq eşq və sərxoşluq deyil, hərf, ağıl dayanmağa başlayır. Bu zamandan etibarən Nəsimi fəlsəfədə Nəiminin yaratdığı hürufiliyə tapınır və onun əsas müddəalarını təbliğ edir. Ancaq Nəsiminin təbliğ etdiyi hürufilik heç də Nəiminin yaratdığı təlimin eynilə təkrarı deyil.”[3][4]

    Qeyd etmək lazımdır ki, Nəsiminin divanı Azərbaycanda 1972-ci ildə Həmid Məhəmmədzadə tərəfindən çap olunmuş və İranda da bir dəfə “Gecə qaranlığında Simurq” adı ilə Seyid Əli Salehinin təşəbbüsü, 1968-ci ildə Hüseyn Ahi, 1980-ci ildə Foruği nəşriyyatı vasitəsi və 1972-ci ildə isə Nəşri Nei tərəfindən Cəlal Pendərinin səyi ilə çap edilmişdir. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasından böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadilli divanının iki nüsxəsinin surətini əldə edib. 83 vərəqdən ibarət birinci divan aydın nəsx xətti ilə köçürülüb. 308 vərəqdən ibarət olan ikinci divan da səliqəli və gözəl xətlə yazılıb. Qeyd edək ki, bu divan Nəsiminin əlyazma divanları içərisində ən irihəcmlilərdəndir. Divanın əvvəlində “Divani-həzrəti-Seyyid Nəsimi qəddəsə sirülhül-əziz” (“Həzrət Seyid Nəsiminin (qəbri pak olsun) divanı”) sözləri yazılıb. Buraya 711 qəzəl, 6 tərcibənd, 3 məsnəvi, 9 müstəzad, 5 müxəmməs, 603 rübai, 3 qitə daxildir. Diqqəti cəlb edən cəhət odur ki, bu nüsxədə Nəsiminin əlyazma və mətbu divanlarında rast gəlmədiyimiz bir sıra şeirlər vardır. Mənbələrdə şairin heç bir müxəmməsinə rast gəlmədiyimiz halda, burada onun 5 müxəmməsi verilib. O da bildirilir ki, bu şeirlər hürufiliyi yaymaq məqsədilə Nəsiminin nüfuzundan istifadə edən, onun adından əsərlər yazan hürufilərə də məxsus ola bilər. [5] Həmçinin 2019-cu ildə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov böyük Azərbaycan şairi İmadəddin Nəsimi divanının-lirik şeirlər toplusunun Ankaranın Milli Kitabxanasında saxlanan iki əlyazma nüsxəsinin sürətini əldə edib. Bu nüsxələr şairin “Hüseyni” təxəllüsü ilə yazdığı şeirlərin olması ilə diqqəti cəlb edir.

    105 vərəqdən ibarət birinci əlyazmanın başlığı “Divani-Həzrət Seyyid-Nəsimi” kimi getsə də, buradakı şeirlərin çoxu “Hüseyni” təxəllüsü ilə yazılıb. 124 vərəqdən ibarət ikinci əlyazma divanında isə şairin həm Nəsimi, həm də Hüseyni təxəllüsü ilə yazdığı şeirləri vardır.

    Nəsimi divanının sürətləri yeni əldə edilmiş nüsxələri şairin yaradıcılığının tədqiqi baxımından böyük maraq kəsb edir. [6]

    Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2019-cu ildə Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin (1369 – 1417) 650 illik yubileyi qeyd edilir. İmadəddin Nəsimi Azərbaycanın şairi, dövrünün görkəmli mütəfəkkiri olmuşdur. Nəsiminin yaradıcılığı Azərbaycan dili və ədəbiyyatının inkişafında mühüm bir mərhələdir.

    Şairin sağlığında əsərləri Azərbaycan, Yaxın Şərq, İraq, Suriya, Orta Asiyada geniş yayılmışdı. Nəsimi sadəcə Azərbaycan ədəbiyyatına deyil, 15-ci əsrdən etibarən bütün türk ədəbiyyatına güclü təsir göstərmişdir. Şairin əsərləri əlyazmalar şəklində dünyanın bir sıra kitabxanalarında saxlanılır.

    Şairin əsərləri dönə-dönə çap edilmiş, barəsində tədqiqat əsərləri yazılmışdır. UNESCO-nun qərarı ilə Nəsiminin adan olmasının 600 illiyi dünya miqyasında geniş qeyd edilmişdir.

    Xatirəsi
    Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutuna Nəsiminin adı verilmişdir.

    15 noyabr 2018-ci ildə Azərbaycan prezidenti növbəti ildə İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır.[7]

    19 noyabr 2018-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda Nəsiminin büstünün açılış mərasimi olub.[8]

    Səsləndirilmiş şeirləri
    Rasim Balayev – “Hardasan”
    Rasim Balayev və başqaları – “Məndə sığar iki cahan”
    Nurəddin Mehdixanlı – “Məndə sığar iki cahan”
    -Imadəddin Nəsimi – [ “BAHARRIYƏ”
    Şeirlərinə yazılmış musiqi əsərləri
    “Nəsimi” filmindən dərvişlərin mahnısı “İstəmə” – musiqi: Tofiq Quliyev
    “Nəsimi” filmindən dərvişlərin mahnısı “Qafil oyan” – musiqi: Tofiq Quliyev
    Zeynəb Xanlarova – Neynədi
    Kəmalə Nəbiyeva – Qatar təsnifi (Könlümün viranəsində gənci-pünhan bulmuşam)
    Bəstəkar Ağabacı Rzayeva 7 romans
    Nəsimiyə ithaf olunmuş musiqi əsərləri
    Nəsimi dastanı – Fikrət Əmirovun baleti.
    Filmoqrafiya
    Nəsimi (film, 1971)
    Nəsimi (film, 1973)
    İmadəddin Nəsimi (film, 1973)
    Məndə sığar iki cahan… (film, 1973)

  • Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi

    Nizami Gəncəvi (fars. نظامی گنجوی; tam adı: Əbu Məhəmməd Cəmaləddin İlyas ibn Yusif; d. təxm. 1141, Gəncə, Eldənizlər (hazırkı Azərbaycan Respublikasının ərazisi) – təxm. 1209, Gəncə) — Dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri; Orta əsr şərqinin ən böyük şairlərindən biri; farsdilli ədəbiyyatın ən görkəmli nümayəndələrindən biri kimi də o, farsdilli poeziyanın klassiki, farsdilli epik ədəbiyyatın ən böyük romantik şairi, farsdilli epik poeziyaya danışıq dili və realistik stili gətirmiş sənətkar hesab olunu.

    Şifahi xalq ədəbiyyatı və yazılı tarixi salnamələrin ənənəvi mövzularından istifadə edən Nizami, islamdan əvvəlki və islam dövrü İranını birləşdirmişdir.[1] Nizaminin qəhrəmanlıq-romantik poeziyası sonrakı əsrlər boyunca, fars dilinin istifadə olunduğu bütün ərazilərdə özünü ona oxşatmağa çalışan gənc sənətkarların yaradıcılığına təsir etmiş, nəinki Persiyada, həm də Azərbaycan, Ermənistan, Əfqanıstan, Gürcüstan, Hindistan, İran, Pakistan, Tacikistan, Türkiyə və Özbəkistan kimi müasir ölkələrin mədəniyyətinin formalaşmasında rol oynamışdır. Nizaminin yaradıcılığı, Hafiz Şirazi, Mövlana Cəlaləddin Rumi və Sədi Şirazi kimi böyük sənətkarların yaradıcılığına təsir etmişdir. Onun, müxtəlif ictimai, mədəni və elmi mövzuları işıqlandıran beş məsnəvisi bütün şərq ölkələrində böyük məşhurluğa malik olmuşdur ki, bunu da, şairin əsərlərinin çoxlu sayda və müxtəlif dövrlərə aid əlyazmalarının dövrümüzə çatması sübut edir. Nizaminin “Xosrov və Şirin”, “Leyli və Məcnun” və “İsgəndərnamə” kimi əsərlərinin qəhrəmanları, indi də, bütün islam ölkələrində, eləcə də dünyada tanınır.

    Şairin 850 illik yubileyi şərəfinə 1991-ci il UNESCO tərəfindən “Nizami ili” elan edilmişdir.[2]

    Tarixi-mədəni mühit

    Nizami Eldənizlər dövlətinin hökmdarı Qızıl Arslanın qəbulunda. 1481-ci ilə aid əlyazmadan miniatür, Uolters Sənət Muzeyi
    1135/1136-cı ildən 1225-ci ilə kimi Azərbaycan (əsasən indiki Cənubi Azərbaycan ərazisini əhatə edirdi) və Arran əyalətləri səlcuq sultanlarının İraqi-Əcəmdəki Böyük atabəyləri kimi Eldənizlər sülaləsi tərəfindən idarə olunmuşdur. Eldənizlər (bəzən Eldəgəzlər və ya Eldəgizlər də adlandırılır) sülaləsinin əsası, İraqi-Əcəmdəki səlcuq sultanının azad edilmiş qulamı (döyüşçü-qul) olmuş qıpçaq mənşəli Şəmsəddin Eldəniz tərəfindən qoyulmuşdur. Səlcuq imperiyasının dağılması dövründə Azərbaycan atabəyləri (yəni, səlcuq taxtı varislərinin regenti) olmuş Eldənizlər, 1181-ci ildən etibarən müstəqil yerli hakim kimi ərazini idarə etməyə başladılar. Eldənizlər dövlətinin varlığına, 1225-ci ildə daha əvvəl gürcülər tərəfindən ələ keçirilmiş ərazilər də daxil olmaqla, dövlət ərazilərinin Cəlaləddin tərəfindən tutulması ilə son qoyulmuşdur.[3] Ehtimal ki, Şəmsəddin Eldəniz Azərbaycan üzərində nəzarəti 1153-cü ildə, Sultan Məsud ibn Məhəmmədin sonuncu favoriti Qass bəy Arslanın ölümündən sonra əldə etmişdir.[4]

    Həmin dövrdə Arran və Azərbaycanla qonşuluqda yerləşən Şirvan ərazisində Kəsranilər sülaləsi tərəfindən idarə edilən Şirvanşahlar dövləti mövcud idi. Kəsranilər sülaləsi ərəb mənşəyinə malik olsa da, farslaşmış və bu sülalədən olan şahlar özlərini qədim Sasani şahlarının varisləri elan etmişdilər.[5]

    Nizaminin doğum tarixinə kimi türk-səlcuqların İran və Cənubi Qafqazı ələ keçirməsindən yüz il keçmişdi. Fransa tarixçisi Rene Qrussenin fikrincə, özləri türkman mənşəli olan Səlcuqlular, İran taxtını ələ keçirdikdən sonra, ölkədə türkləşdirmə siyasəti aparmamış, əksinə, “könüllü şəkildə fars oldular və qədim böyük Sasani şahları kimi İran əhalisini köçərilərin hücumlarından, iran mədəniyyətini isə türkman təhlükəsindən xilas etdilər.” [6].

    Nizaminin “Xəmsə”yə daxil olan poemalar üzərində işləməyə başladığı XII əsrin sonuncu rübündə, Səlcuqların ali hakimiyyəti parçalanma dövrünü yaşayır, siyasi və sosial narazılıqlar isə artırdı. Lakin, fars mədəniyyəti, mərkəzləşdirilmiş hakimiyyətin mövcud olduğu dövrlə müqayisədə yerli hakimiyyətlərə parçalanma dövründə daha yaxşı inkişaf edir, fars dili isə əsas ədəbiyyat dili olaraq qalırdı. Bu xüsusiyyət, o zaman fars mədəniyyəti forpostu[7] xüsusiyyəti daşımış, Nizaminin də yaşadığı və irandilli əhalinin üstünlük təşkil etdiyi[8] Qafqaz şəhəri olan Gəncəyə də aid idi. Həmin dövrdə Gəncədə irandilli əhalinin üstünlük təşkil etməsinə, Nizaminin müasiri olmuş və onun kimi Gəncə şəhərində yaşayıb-yaratmış tarixçi Kirakos Qandzaketsi (təxm. 1200-1271) də şahidlik edir.[9] Qeyd etmək lazımdır ki, orta əsr ermənidilli ədəbiyyatda bütün irandilli xalqlar “parsik” – farslar adlandırılırdı ki, bu da Qandzaketsinin əsərinin ingiliscə tərcüməsində də əksini tapmışdır.[10] Nizaminin yaşadığı dövrdə Gəncənin fars mədəniyyətinin çiçəkləndiyi şəhərlərdin biri olmasını göstərən faktlardan biri də, XIII əsrə aid Nüzhət əl-Məclis antologiyasında, XI-XII əsrlərdə şəhərdə yaşayıb-yaratmış 24 farsdilli şairin əsərinin toplanmasıdır.[11] XI-XII əsrlər Gəncəsinin irandilli əhalisi arasında xüsusilə kürdləri qeyd etmək lazımdır ki, onların da burada məskunlaşmasına vaxtilə şəhəri idarə etmiş kürd mənşəli Şəddadilər sülaləsi təkan vermişdir. Nizaminin atasının Qumdan Gəncəyə köçməsi və valideylərinin bu şəhərdə məskunlaşmasını da bəzi tədqiqatçılar şəhədə kürdlərin üstünlüyə malik olması və Nizaminin anasının kürd mənşəli olması ilə izah edirlər.[12] [13]

    Nizamidən yüz il sonra yaşamış İran tarixçisi Həmdullah Qəzvini “xəzinələrlə dolu” Arran şəhəri Gəncəni İranın ən zəngin və çiçəklənən şəhəri kimi təsvir edir.[14] O dövrdə, Azərbaycan, Arran və Şirvan Xorasandan sonra fars mədəniyyətinin ikinci ən böyük yeni mərkəzi idi. Mütəxəssislər fars poeziyasının Xorasan stili daxilində qərb məktəbini ayırırlar ki, bu da Azərbaycan məktəbi, bəzən isə Şirvan, Arran və ya Qafqaz məktəbi adlandırılır. Bu məktəb mürəkkəb metaforik və fəlsəfi məzmunu, həmçinin xristian ənənəsindən alınmış obrazların istifadəsi ilə seçilir.[15] Nizami, Qərb məktəbinin ən mühüm nümayəndələrindən biri hesab edilir.[16][17]

    Həyatı
    Nizaminin həyatı haqqında çox az məlumat var; şairin həyatı haqqında yeganə məlumat mənbəyi onun əsərləridir ki, bu əsərlərdə də kifayət qədər aydın informasiya verilməmişdir.[18] Buna görə də Nizaminin adı və şəxsiyyəti ətrafında çoxlu əfsanələr yaranmış və onun bioqrafiyasını bəzəmişdir.[19]

    Adı və ləqəbi
    Şairin əsl adı İlyas, atasının adı Yusif, babasının adı Zəki olmuşdur: oğlu Məhəmmədin doğulmasından sonra onun da adı şairin tam adına keçmiş və onun tam adı Əbu Məhəmməd İlyas ibn Yusif ibn Zəki Müəyyəd olmuşdur.[8] Ədəbi ləqəb kimi şair “Nizami” sözünü seçmişdir[20] ki, bunu da bəzi təzkirəçilər, şairin ailəsinin ənənəvi olaraq tikməçiliklə məşğul olması ilə izah edirlər; Nizami ədəbiyyatla məşğul olmaq üçün ailə sənətindən imtina etmiş, toxuyucu səbri ilə əsərləri üzərində çalışmışdır.[21] Şairin Nizam əd-Din Əbu Məhəmməd İlyas ibn Yusif ibn Zəki ibn Müəyyəd olmuşdur.[22] Yan Rıpka şairin rəsmi adının Hakim Camal əd-Din Əbu Məhəmməd İlyas ibn Yusif ibn Zəki ibn Müəyyəd Nizami olduğunu qeyd edir.[23]

    Doğum tarixi və yeri

    Nizami Gəncəvinin Gəncə şəhərində 1946-cı ildə (heykəltəraş:Fuad Əbdürrəhmanov) və 2012-ci ildə (heykəltəraş:Şərif Şərifov) ucaldılmış heykəlləri.
    Nizaminin dəqiq doğum tarixi bilinmir.[24] Məlum olan odur ki, şair, 1140-1146-cı (hicri 535—540) illər arasında doğulmuşdur. Nizaminin bioqrafları və müasir tədqiqatçılar, onun dəqiq doğum tarixini altı il arasında göstərirlər (535-40/1141-6).[25] Formalaşmış ənənəyə əsasən və UNESCO-nun da qəbul etdiyi tarixə əsasən şairin doğum tarixi kimi 1141-ci il qəbul olunur.[2] Bu tarixə şair özü də, “Xosrov və Şirin” poemasının “Kitab üçün üzr” bölməsində işarə edərək deyir:

    ” Fələk yaradırkən deyib mənə “şir”,
    Lakin bu vücudum bir yun heykəldir,
    Deyiləm düşmənlə vuruşan şirdən,
    Yetər ki, özümlə döyüşürəm mən.
    (R.Rzanın tərcüməsi) ”
    Bu beytlərdən məlum olur ki, şair Şir bürcü altında doğulmuşdur. Həmin bölmədəcə Nizami bildirir ki, poema üzərində işə başlayarkən onun qırx yaşı olmuşdur, poemanı yazmağa isə şair, hicri təqvimlə 575-ci ildə balamışdır. Bu hesaba əsasən belə nəticə alınır ki, Nizami hicri 535-ci ildə (miladi 1141-ci il) doğulmuşdur. Həmin il ulduzlar 17-22 avqust tarixlərində Şir bürcü altında düzlümşüdür ki, buna əsasən də Nizaminin 17-22 avqust 1141-ci ildə doğulması güman edilir[26].

    Şairin doğum yeri də uzun müddət mübahisə mövzusu olmuşdur. Lütfəli bəy Azər (XVIII əsrdə yaşamışdır) “Atəşgədə” adlı təzkirəsində Nizaminin aşağıda göstərilən və “İsgəndərnamə” poemasından olması iddia edilən (poemanın Abdulla Şaiq və Mikayıl Rzaquluzadə tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş və nəşr olunmuş variantında həmin beyt yoxdur) beytə istinadən Nizaminin mərkəzi İrandakı Qum şəhərində doğulmasını iddia edir:/

    Gəncə şəhərində yerləşən Nizami məqbərəsi
    ” Mən mirvari kimi Gəncə dənizində qərq olsam da,
    dağlarda yerləşən Qum şəhərindənəm.
    (Əhməd İsayevin tərcüməsi[27]) ”
    Nizaminin orta əsr bioqraflarının hamısı (Aufi Sədidəddin (XIII əsr), Dövlətşah Səmərqəndi (XV əsr) və s.) şairin doğulduğu şəhər kimi, onun bütün ömrü boyu yaşadığı və vəfat etdiyi Gəncə şəhərini göstərirlər. Akademik Y.E. Bertels qeyd edir ki, Nizaminin ona məlum olan ən yaxşı və qədim əlyazmalarında belə Qum haqqında məlumata rast gəlməmişdir.[28] Hazırda, akademik müəlliflər tərəfindən qəbul edilmiş ortaq fikrə əsasən, Nizaminin atasının Qumdan olmasına[22], lakin Nizaminin özünün Gəncədə doğulmasına, onun əsərlərində Qumda doğulması ilə bağlı iddianın isə mətn səhvi olmasına[8] inanılır. Nizaminin yaşadığı dövrdə Gəncə şəhəri, 1077-1307-cü illərdə mövcud olmuş Böyük Səlcuq imperiyasının[29] (və onun yerli təmsilçiləri olan Azərbaycan Atabəylərinin) hakimiyyəti altında olmuşdur.

    Nizami şəhərdə doğulmuş[30] və ömrünün sonuna kimi şəhərdə yaşamışdır. Onun doğma şəhəri olan Gəncədə o dövrdə irandilli əhali üstünlük təşkil etdiyinə[8] görə fars mədəniyyəti hakim olmuşdur.[8] Həyatı haqqında az məlumat olmasına baxmayaraq, şairin ömrünün sonuna kimi Cənubi Qafqazda yaşaması güman edilir.[8] Nizaminin həyatı haqqında cüzi məlumatlar onun əsərlərində verilmişdir.[31]

    Valideynləri və qohumları
    Nizaminin Qumdan (Mərkəzi İran) Gəncəyə köçmüş atası Yusif ibn Zəki ehtimal ki, dövlət işçisi olmuşdur.[32] Nizaminin iran mənşəli[33] anası Rəisə, şairin özünün sözlərinə görə kürd[34][35] olmuşdur. Ehtimal ki, kürd sülalə başçısının qızı olan həmin xanım[36], bəzi ehtimallara görə, Atabəylərdən əvvəl Gəncədə hakim olmuş Şəddadilər sülaləsindən olmuşdur.

    Nizami valideynlərini erkən itirmişdir.[37] Atasının ölümündən sonra İylası anası tərbiyələndirmiş, anasının ölümündən sonra isə uşaq dayısı Xoca Ömərin himayəsində qalmışdır.[38]

    Dövlətşah Səmərqəndi (1438—1491) özünün “Təzkirət ət-şüəra” adlı traktatında (1487-ci ildə tamamlanmışdır) Nizaminin, Qivami Mütərrizi adlı şair qardaşı olmasını qeyd etmişdir.

    Təhsili
    Yaşadığı dövrün standartlarına görə Nizaminin parlaq təhsili olmuşdur.[39] Nizaminin yaşadığı dövrdə belə hesab edilirdi ki, şair müxtəlif fənnlər üzrlə bilikli olmalıdır. Lakin, buna baxmayaraq, Nizami öz savadı ilə şairlər arasında seçilə bilmişdi: Nizaminin əsərləri onun ərəb və fars ədəbiyyatının şifahi və yazılı ənənələrinə gözəl bələd olmasına, riyaziyyat, astronomiya, astrologiya[40], əlkimya, tibb, botanika, teologiya, Quran təfsiri, şəriət, xristianlıq, iudaizm[41], İran mifləri və əfsanələri[42], tarix, etika, fəlsəfə, ezoterika, musiqi və təsviri sənəti[19][43] yaxşı bilməsinə dəlalət edir.

    Baxmayaraq ki, Nizamini mənbələrdə tez-tez “həkim” (müdrik)[44] adlandırırlar, o, Fərabi, İbn Sina və Sührəvərdi kimi filosof və ya İbn əl-Ərəbi və Əbdürrəzzaq əl-Kaşani kimi sufizm nəzəriyyəçisi olmamışdır. Buna baxmayaraq, daha sonrakı dövrdə yaşamış, müxtəlif elm sahələrində fəaliyyət göstərmələrinə baxmayaraq fəlsəfə, qnosis və teologiyanı birləşdirməyə çalışmış Qütbəddin Şirazi və Baba Əfzəl Kaşani kimi, İslam fəlsəfi fikrinin müxtəlif sahələrinə yaxşı bələd olan filosof və qnostik hesab edirlər.[45]

    Şəxsi həyatı

    Nizami Gəncəvi şahın qəbulunda, 1570-ci ilə aid miniatür, Azərbaycan Tarix Muzeyi
    Nizaminin həyatı haqqında çox az məlumat saxlanılsa da, dəqiq bilinir ki, o, saray şairi olmamış, çünki bu halda dürüstlüyünü itirəcəyindən qorxmuş və ilk növbədə azad yaradıcılıq imkanı arzulamışdır.[46] Buna baxmayaraq, Nizami əsərlərini müxtəlif sülalələrdən olan hökmdarlara həsr etmişdir. Məsələn, “Leyli və Məcnun” poemasını Nizami, şirvanşaha, “Yeddi gözəl” poemasını isə Eldənizlərin rəqibi Ağsunqurilər sülaləsindən Əlaəddin Körpə Arslana ithaf etmişidr.[47]

    Nizami, bütün həyatı boyunca Gəncədə yaşamış və üç dəfə evlənmişdir.[48] Şairin ilk və ən sevimli həyat yoldaşı Afaq adlı qıpçaq qul olmuşdur. Ona bir çox şerlər həsr edən Nizami, “ləyaqətli görünüşlü və gözəl ağıllı” adlandırmışdır. Afaq, Nizamiyə Dərbənt hakimi Dara Müzəffərəddin tərəfindən hədiyyə edilmiş, Nizami isə onu azad edərək evlənmişdir. 1174-cü ildə onların oğlan övladı dünyaya gəlmiş və şair oğlunu Məhəmməd adlandırmışdır. 1178-1179-cu illərdə “Xosrov və Şirin” poemasının tamamlanması zamanı Afaq vəfat etmişdir. Nizaminin sonrakı iki həyat yoldaşı da vaxtından əvvəl vəfat etmiş, onların hər birinin ölümü, şairin yeni epik poemasını tamamlaması ilə üst-üstə düşmüşdür ki, bu münasibətlə də Nizami yazmışdır:

    ” İlahi, nəyə görə, mən hər poemaya görə bir həyat yoldaşı qurban verməliyəm[49][50] ”
    Nizami, siyasi qeyri-stabillik və intensiv intellektual aktivlik dövründə yaşamışdır ki, bu da onun şerlərində və poemalarında əks olunmuşdur. Şairin himayədarları ilə qarşılıqlı münasibəti, əsərlərinin dəqiq yazılma tarixi haqqında məlumatlar yoxdur, bilinən tarixlər isə Nizamidən sonrakı dövrdə yaşamış təzkirəçilərin verdiyi məlumatlardan əldə edilmişdir.[51] Hələ sağlığında Nizami böyük hörmət və izzət sahibi olmuşdur. Atabəylər dəfələrlə Nizamini saraya dəvət etmiş, lakin, şairin israrla imtina etmişdir, buna baxmayaraq, Nizamini müqəddəs hesab edən hökmdar ona beş min dinar və 14 kənd bağışlamışdır.[52]

    Dini inancına görə Nizami sünni müsəlman olmuşdur.[53] Şairin doğum tarixi kimi, vəfat tarixi də mübahisəlidir. Nizaminin vəfat tarixini qeyd edən orta əsr bioqrafları bir-biri ilə 37 il (575—613/1180-1217) fərqi olan müxtəlif rəqəmlər göstərirlər. Hazırda dəqiq olan yeganə məlumat odur ki, Nizami XIII əsrdə vəfat etmişdir.[54] Nizaminin vəfat tarixinin hicri 605-ci ilə (miladi 1208/1209) uyğunlaşdırılması, Gəncədən tapılmış və Bertels tərəfindən nəşr edilmiş ərəb dilli kitabəylə əsaslandırılmışdır.[55] Şairin vəfat tarixi ilə bağlı ikinci məlumat isə, Nizaminin ölümündən sonra ehtimal ki, onun oğlu tərəfindən yazılmış və “İsgəndərnamə” poemasının “İqbalnamə” adlı ikinci hissəsində antik filosoflar Platon, Sokrat və Aristotelin ölümü ilə bağlı şerə əlavə edilmiş beytlərdir. Bu beytlərdə şairin yaşı müsəlman təqviminə əsasən göstərilmiş və buna uyğun olaraq da, onun vəfat tarixi hicri 598-ci (1201/1202) il kimi hesablanmışdır.[56]

    ” Altmış üç yaşından altı ay qədər
    Keçmişkən, istədi eləsin səfər.
    Keçmiş alimlərdən danışdı bütün,
    O da onlar kimi yatacaq bir gün.
    Mikayıl Rzaquluzadənin tərcüməsi ”
    Yaradıcılığı
    Nizami dövrü fars mədəniyyəti, qədim köklərə, əzəmət və dəbdəbəyə malik olması ilə məşhurdur. Davamlı olaraq, ölkə ərazisinə yürüş edən yadelli xalqların təsirinə məruz qalmasına baxmayaraq, islamaqədərki fars mədəniyyəti, musiqi, memarlıq və ədəbiyyatda zəngin özünüifadə ənənələri formalaşdıraraq, özünü saxlamaq, qismən dəyişilmək və yad elementləri özünə uyğunlaşdırmaq xüsusiyyətinə malik idi. Nizaminin də sonuncu poemasını həsr etdiyi Makedoniyalı İskəndər, fars mədəniyyətinin əsirinə çevrilmiş çoxsaylı tarixi şəxslərdən biridir.[57] Nizami, Şərq mədəniyyətinin səciyyəvi məhsulu idi. O, islamaqədərki və islamdansonrakı İran, həmçinin İran və Qədim dünya arasında körpü yaratmışdır.[58] Nizami Gəncəvi, Persiyanın periferiyası olan Qafqazda yaşayıb-yaratmasına baxmayaraq, öz yaradıcılığında bütün fars mədəniyyəti üçün ənənəvi olan vahid dil və vətəndaş fikri ənənəsinə sadiq qalmış, “Yeddi gözəl” poemasında isə İranı “dünyanın ürəyi” adlandırmışdır[59][60][61][62][63]:

    ” İran, bir ürəkdir, bu aləm bədən,
    Olmaz xəcalətli, belə söz deyən.
    Çünki, ürəyidir bu yerin İran,
    Ürək yaxşı olar bədəndən, inan!
    Orijinal mətn (fars.) [gizlə]
    همه عالم تن است و ایران دل

    نیست گوینده زین قیاس خجل
    چونکه ایران دل زمین باشد
    دل ز تن به بود یقین باش
    Məmməd Rahimin tərcüməsi[64] ”
    Ədəbi təsir
    Professor Çelkovskinin fikrincə, Firdovsinin “Şahnamə” əsərini oxumaq Nizaminin sevimli məşğuliyyəti olmuşdur.[65] Qətran Təbrizi, Sənai, Fəxrəddin Əsəd Gurgani, Təbəri kimi müəlliflərin Nizami yaradıcılığıa təsir etmələrinə baxmayaraq, Firdovsi yaradıcılığı, şair üçün əsas ilham mənbəyi və “İsgəndərnamə” poemasının yazılması zamanı əsas mənbə olmuşdur. Nizami, öz əsərlərində, xüsusilə “İsgəndərnamə”nin girişində tez-tez “Şahnamə”yə istinad edir. Belə hesab etmək olar ki, Firdovsinin əsərinə heyran olan Nizami, qarşısında həmin əsərə layiq olan epik poemalar yaratmaq məqsədi qoymuş və həmin poemalardan üçünün – “Xosrov və Şirin”, “Yeddi gözəl” və “İsgəndərnamə”[66] – yaradılması üçün mənbə kimi “Şahnamə”dən istifadə etmişdir. Nizami Firdovsini “həkim” – “müdrik”, “daana” – “bilgin” və orator sənətinin “sözü təzə gəlin kimi bəzəyən” böyük ustadı adlandırmışdır. O, oğluna “Şahnamə”ni oxumağı və müdrik insanın dəyərli fikirlərini yadda saxlamağı tövsiyə edirdi.[67] Yevgeni Bertelsin fikrinə görə isə, “Nizami öz əsərlərini Firdovsinin əsərindən üstün hesab edir”, “palaz”ı “ipəyə”, “gümüş”ü “qızıl”a çevirdiyini bildirir.[68]

    XI əsr fars şairi Fəxrəddin Əsəd Gurganinin yaradıcılığı Nizami yaradıcılığına böyük təsir göstərmişdir. Poemaları üçün bir çox süjetləri Firdovsi yaradıcılığından alan Nizami, poeziya yazı sənəti, obrazlı danışıq və kompozisiya qurma texnikasını əsasən Gurganidən almışdır. Bu, “Xosrov və Şirin” poemasında, xüsusilə, Gurganinin “Veys və Ramin” poemasından əsas səhnənin təkrarı olan “Aşiqlərin mübahisəsi” səhnəsində açıq görünür. Bundan başqa, Nizami poemanı, Gurganinin də poemasını yazdığı həzəc bəhrində yazmışdır. Gurgani yaradıcılığının Nizami yaradıcılığına təsirini həm də ikincinin astrologiya elminə olan marağı ilə izah etmək mümkündür.[69]

    İlk monumental əsəri olan “Sirlər xəzinəsi”ni Nizami, Sənainin “Hədiqət-ül-həqaiq” poemasının təsiri ilə yazmışdır.[70][71].

  • Vidadi Baloğlanov -”ŞƏHİDLƏRİMİZ AND YERİMİZDİR”

    Masallı rayonu Qarabağ uğrunda iki yüzə qədər şəhid verib. Onlardan biri də 1973-cü il oktyabr ayının 25-də anadan olmuş Həsənov Hakim Cəmyağa oğludur.
    O, Bakı Dənizçilik Məktəbində təhsil almışdır. Arzusu dünya sularını gəzmək idi. Ordu sıralarına çağrıldı. Əvvəlcə ilk təlimini Qusar rayonda keçdi. Sonra cəbhənin Laçın-Qubadlı doyüşlərində iştirak etmişdir. Məzuniyyətə buraxılsa da, doyüş dostlarını qoyub getmədi. O zaman Laçında vəziyyət çətin idi.
    Həmin döyüşlərin birində qəhrə mancasına həlak oldu.
    1993-cü il, 5 apreldə doğulduğu Qasımlı kənd qəbiristanlığında dəfn olunub.
    Qasımlı kənd orta məktəbi onun adını daşıyır.
    ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ETSİN!

    Mənbə:

  • Özbəkistan kanalı “Nəsimi və özbək ədəbiyyatı” adlı beynəlxalq konfrans haqqında videosüjet yayıb

    Özbəkistanın “Sevimli” televiziya kanalında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı Bakıda keçirilən “Nəsimi və özbək ədəbiyyatı” adlı beynəlxalq konfrans haqqında özbək dilində videosüjet verilib.

    Bildirilir ki, konfransda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Nəsiminin özbək dilində çap olunan “Cananı sevərmən” adlı kitabının təqdimatı da keçirilib. Vurğulanır ki, konfransda Azərbaycan ədəbi dilinin inkişafında İmadəddin Nəsiminin rolu, “Nəsimi və özbək ədəbiyyatı” və digər mövzularda məruzələr dinlənilib.

    Tədbirdə çıxış edənlər Nəsiminin Azərbaycan xalqının bəşər tarixinə bəxş etdiyi ən böyük dühalardan biri olduğunu bildiriblər.

    Qulu Kəngərli
    AZƏRTAC-ın xüsusi müxbiri
    Daşkənd

    Mənbə: azertag.az

  • Kiyev meriyası İmadəddin Nəsiminin heykəlinin ucaldılmasına dair rəsmi qərar verib

    Kiyev Şəhər Dövlət Administrasiyası xalqımızın çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin heykəlinin ucaldılmasına dair rəsmi qərar verib.

    Dövlət Administrasiyasından AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın Ukraynadakı səfirliyinin sifarişi ilə Kiyevdə mərkəzi parkların birində İmadəddin Nəsiminin heykəlinin ucaldılmasına dair qərar səfirliyə təqdim olunub.

    Onu da qeyd edək ki, heykəlin müəllifi Ukraynanın Xalq rəssamı, tanınmış heykəltəraş həmyerlimiz Seyfəddin Qurbanovdur. Tuncdan hazırlanan heykəlin hündürlüyünün 5 metrə yaxın olacağı nəzərdə tutulur.

    Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib.

    Emil Hüseynli
    AZƏRTAC-ın xüsusi müxbiri
    Kiyev

    Mənbə: azertag.az

  • Özbəkistanda “Məndə sığar iki cahan” adlı poeziya müsabiqəsi elan edilib

    Azərbaycanda keçirilən “Nəsimi ili” ilə əlaqədar Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Özbəkistanda “Məndə sığar iki cahan” adlı poeziya müsabiqəsi elan edib.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2019-cu ilin “Nəsimi ili” elan olunması ilə əlaqədar Mədəniyyət Mərkəzi il ərzində Daşkənddə silsilə tədbirlərin keçirilməsini planlaşdırır.

    Müsabiqəyə əsasən Azərbaycan və Özbəkistan şairlərinin Nəsimi yaradıcılığına həsr etdikləri yeni şeirləri və poemaları, habelə Nəsimi dəstxətinə, yaradıcılıq üslubuna uyğun şeirlər təqdim edilməlidir.

    Əsərlərin bu il aprelin 5-dən iyunun 30-dək AMM-nin poçtuna (culcenter.az@gmail.com) elektron formada göndərilməsi xahiş olunur. Müəllif haqqında qısa məlumat və şəxsiyyət vəsiqəsinin surəti də əlavə edilməlidir.

    Toplanan əsərlər sonra hər iki dilə tərcümə olunaraq kitab halında çap ediləcək. Müsabiqədə Azərbaycandan və Özbəkistandan iki qalib müəyyənləşəcək və onlara Mədəniyyət Mərkəzinin diplom və pul mükafatları təqdim olunacaq.

    Yekunda Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti və “Kitob dunyasi” qəzetinin təşkilati dəstəyi ilə Daşkənddə “Canımı qıldım fəda…” adlı təntənəli poeziya axşamının keçirilməsi nəzərdə tutulub.

    Qulu Kəngərli
    AZƏRTAC-ın xüsusi müxbiri
    Daşkənd

    Mənbə: azertag.az

  • Görkəmli Azərbaycan mütəfəkkiri Əhməd bəy Ağaoğlunun “Şuşa, Peterburq və Paris xatirələri” kitabı işıq üzü görüb

    “Çapar Yayınları” tərəfindən anadan olmasının 150 illik yubileyi münasibətilə görkəmli Azərbaycan mütəfəkkiri, ictimai-siyasi xadim, yazıçı, pedaqoq, jurnalist Əhməd bəy Ağaoğlunun “Şuşa, Peterburq və Paris xatirələri” kitabı işıq üzü görüb. Kitabın tərtibatçısı “Çapar” dərgisinin baş redaktoru Dilqəm Əhməddir.

    Kitabda müəllifin Qardaş Türkiyənin “Cümhuriyyət” qəzetində yayınlanan 3 məqaləsi və Türkiyə Cümhuriyyətinin qurucusu və memarı, görkəmli tarixi şəxsiyyət, böyük öndər Mustafa Kamal Atatatürkə ünvanladığı iki məktubu da yer alıb.

    Qeyd edək ki, bundan öncə “Kitab Klubu” nəşriyyatı tərəfindən yazıçı, pedaqoq, jurnalist Əhməd bəy Ağaoğlunun 1919-1921-ci illərdə Maltada sürgündə olarkən yazdığı xatirələrini özündən cəmləşdirən “Atəşkəs və sürgün xatirələri” kitabı nəşr olunmuşdu.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  • Tanınmış yazıçı İnayətullah Kanbunun yeni kitabı gün üzü görüb

    “Kitab Klubu” nəşriyyatı tərəfindən İran ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış yazıçı İnayətullah Kanbunun “Vəfalı və vəfasız qadınlar haqqında kitab və ya bilik ehramı” adlı yeni kitabı 404 səhifə həcmində, 100 tirajla işıq üzü görüb. Əsəri rus dilindən Azərbaycan türkcəsinə uyğunlaşdıran Nizami Məhərrəmovdur.

    Müəllifin digər əsərləri kimi, bu əsərini də həm fars, həm də hind mədəniyyət abidələrinə aid etmək mümkündür. Əslində, bu kitab hekayələr, rəvayətlər və nağılları özündə cəmləşdirən topludur.

    Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Ədəbiyyatsevərlər tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  • “Türk şeiri günü” keçiriləcək – Məmməd İsmayılla

    Aprel ayının 8–də çağdaş türk poetik düşüncəsinin ən parlaq nümayəndələrindən biri olan, Azərbaycanın böyük şairi Məmməd İsmayılın iştirakı ilə “Türk şeiri günü” keçiriləcək.

    Mahmud Kaşqari adına Beynəlxalq Fondun təşkilatçılığı ilə baş tutacaq tədbirdə tanınmış qələm adamları, yazarlar və xarici qonaqlar da iştirak edəcək.

    Tədbir saat 15-də Yunus Əmrə İnstitutunda (ünvan: Rəşid Behbudov küçəsi.142. Xarici Dillər Universitetinin yanı) keçiriləcək.

    Giriş azaddır. Arzulayan hər kəs iştirak edə bilər.

    Mənbə: http://kultur.az

  • Əllər göyə uzanıb vurulan duaları göydə saxlamaq üçün… – Emin PİRİ – yeni şeirlər

    “Sənsizm”

    N.H-nı tanıdıqdan sonra

    Səni sevmək

    zülm bir iş,

    burda doğulmaq kimi.

    Alın yazısını

    sondan əvvəlinə

    oxumaq kimi…

    Səni sevmək

    müsəlman orucunda iftara gələn

    çoxillik şərab kimidi…

    bu qədər vazkeçilməz

    bu qədər günah…

    Bir az da

    qabırğasını çimdikləyib

    oynadığım əzrailin

    kölgəsində sürünməkdi.

    Tellərinin havasına

    barmaqlarımın oynaması,

    əllərimin hörüklərinlə

    əl-ələ tutub yallı getməsidi

    səni sevmək…

    Saçlarımın qarasını

    sığalında itirib,

    nağıldakı qurbağanın

    dodağından öpməkdi –

    bəlkə, sənə çevrildi.

    Öpüşlərimi qızılgül ləçəkləri kimi

    boynundan asmaq,

    çiynimdə mələklər yerinə

    saçlarının rəqs etməsidir

    sənə tapınmaq.

    əllərim darıxmasın deyə

    Tanrı yaratdı səni.

    Qapımızın cəftəsinə çevrilib əllərim

    bəlkə, döyəcəksən qapımı.

    Heç nə istəmirəm,

    Hər sabah zəngli saata çevrilsin

    yatağımda “oyan” deyən öpüşün.

    Yetişməmiş göyəmlər

    hədiyyəm olar boynuna

    aldığım hər öpüşün əvəzində.

    dillərimizin yerini dəyişərik

    ağzımızda “fransızca”.

    İndi Adəmlər

    yoldan çıxır bir yox, “cüt alma”ya.

    Ya özün gəl,

    ya da qaytar qabırğamı.

    Orda

    həbsxana divarları ucalır,

    bir ağac boylanır həyətindən.

    hər mövsüm gözətçi budayır

    divarlardan

    azadlığa çıxan budaqlarını.

    Azadlığı

    məftillərdən kənara çıxan

    kölgəsi dadır bu ağacın.

    Sənə uzanan əllərimdi o budaqlar…

    Getdiyin bütün yollar kölgəmdi mənim.

    Heç bir quruluş ovutmur məni

    nə kapitalizm, nə də kommunizm

    indi hər yer “Sənsizm”di.

    Tanrılar məbədi qadın

    Öpüşümlə dərərəm barmaqlarını bir-bir,

    çobanyastığı ləçəkləri kimi sayaram

    sevir, sevir

    və…

    Sevir.

    Unutmaq

    yeri yaddan çıxan basdırdığın

    mina kimidir.

    bir gün üzər ayaqlarını həyatdan

    gözləmədiyin anda.

    Küsər,

    Baxışları –

    Şimal buzlu okeanın sahilə vurduğu

    sərt, dondurucu ləpələr kimi.

    Yeddi yox,

    bütün notların sayı cəmi birdi.

    təbəssümündən qopmadı hər bəstə.

    Gözlərin

    dənizlərin şahı,

    görsə

    Poseydon utanardı məqamından.

    Ürəyim yerindən çıxıb

    düşər ovuclarına.

    Sən Tanrı Kukulkan

    mənsə yağış duası.

    Qəlbim əllərində döyünər

    rahib taxçasındakı ürək kimi.

    İndi anlayırsan ki,

    yollar qovuşmaq yox, ayırmaqçündü.

    Bütün yolları dağıtmaq lazım,

    körpüləri uçurtmaq…

    Xatırladınmı,

    ata-anası savaşarkən

    oyuncağının gözlərini tutan

    qızcığaz

    bu gün “xilaskar” kimi

    “Can qurtarırdı” abort masasında.

    Burda anlayırsan ki,

    Sevmək – solunda qəlbin döyüntüsü yox,

    hər sabah oyandığında

    sağında

    bir ürəyin yatdığını görməkdir.

    Qurmaq istərsən

    o uşaq kimi dünyanı.

    Divardan endirib ata rəsmini

    silib qoltuq ağaclarını onun şəklindən,

    ayaq çəkirdi atasına

    Mərmilərin acığına.

    Bilirsənmi, necə dəhşətlidir

    ilk kərədən qınanmaq.

    Başının üstünü kəsdirən qızın:

    “Niyə ayağa qalxmır,

    bu mədəniyyətsiz” baxışı.

    Deyə bilməzsən

    ayaqlarının iki il öncə

    mina üstündə centlmenlik etdiyini…

    Protez ayağın utanar özündən

    qayıda sənə:

    “Xahiş edirəm, daha mənsiz get”

    Məktəbdə kökə bölüşdürən uşaqları

    burda mərmilər bölüşdürür

    öz aralarında, sevgili.

    Bəlkə də, dönərəm,

    hər duamı tellərinə deyərəm

    bütün arzularımı ovcuna pıçıldayaram

    dodaqlarında alaram dəstəmazı,

    Tanrılar məbədi qadın.

    13-cü gecə etüdləri

    Xınalı əllərin, xanım əllərin,

    Gündüzlər qızının qara telini,

    Gecələr yuxumu qarışdıracaq.

    Sabir Yusifoğlu

    Evimə oğru girdi,

    kimsə görmədi.

    Qəlbimə sən girdin,

    hamı gördü,

    gördü, Leyla…

    Mən qapımı döyən əzrailə

    Otur çay iç, dincini al –

    deyən adamam,

    sənimi sevməyəcəm?!

    Bilyard şarıtək düzüb planetləri

    nə qədər ki, Tanrı

    vurmayıbdı kilini,

    əlini ver əlimə,

    çıxaq taleyin süfrəsindən

    qalxaq Allahdan yuxarı.

    Daha mövsümüdü gəlişinin,

    Qapımdan əl izlərini dərirəm.

    Hansımız tez çatacaq sənə

    yollar ayaqlarımla qaçır, yarışır.

    Qulaqların dodaqlarımdan oğurlayar

    hələ deyilməmiş sözləri

    saçların əsir düşər darağıma.

    Dodaqların təzə açmış yaz çiçəyi

    mənsə bal arısı…

    Ayaqlar getmək üçün yox,

    Qayıtmaqçündü, Leyla.

    Düşünmə qəlbə gedən yolları,

    O yol bəlkə, elə özünsən.

    Səni qısqanan göyərçinlər

    həyətinizdən

    ayaq izlərimi dənləyir.

    Bezər cüt çarpayılıq təklikdən

    Hayqırar:

    “Daha göyə baxanda ulduzları yox,

    səni görmək istəyirəm”.

    Sənin Adəmin mənəm,

    inanmırsan bax…

    Qabırğamdakı yerinə…

    Daha sənlə yaşamaq yox,

    səni yaşamaq istəyirəm.

    Düşmən ölkələr arasındakı

    səngərə çevrilər

    aramızdakı adamlar.

    Atlantik və Aralıq kimi

    qarışmağa qoymazlar.

    Yalnız bir var

    iki birin kölgəsidi.

    nifrət qəlbindəki boşluq,

    sillə sığalın aqressiyasıdı.

    Dünyanın ən qulaqbatırıcı səsidir

    sevdiyin adamın sükutu.

    Barmağındakı üzük də soğan kimi

    dil açar gözlərində

    xatirələr boğaza dirənmiş ülgücə çevrilər.

    Nə fərqi var, Bakı

    Ya da ki, Ərdəbil

    indi sinəm bütöv Azərbaycandı,

    Rahat qoy başını.

    Vətəninə…

    Diqqətsiz

    Bir az sərxoşluqdan,

    bir az da söhbətin şirinliyindən

    qırıldı şərab badəsi

    yıxılıb əlimdən.

    Baxıb

    Köks ötürdü

    xidmətçi xanım:

    “cənab leytenant,

    bu da qadın ürəyi deyil ki,

    diqqətsizlikdən qırasız!”

    Puşkinlə Yesenin arasında

    Kəsilən günləri üst-üstə gəlsək,

    Ömrümün neçənci ili eləyir?!

    Ağappaq qovaqlar hayandan çıxdı,

    Adamı heç nədən dəli eləyir.

    “Saxla” işarəsin verir polislər,

    Yenə düz keçməyib küçəni külək?!

    Cibindən saralmış yarpaqlar çıxır,

    Çəkir qorxusundan içini külək.

    İçinə çəkilib, yığılıb sular

    Daha hava udmaq da havayı deyil.

    Deşilib gedibdi dənizin dibi,

    Üzün dimdikləyən qağayı deyil!

    Hələ də arzular dumana düşüb

    Yenə də ümidlər bir yol axtarır.

    Bu tənha adamlar, bu tək adamlar

    Qoluna girməyə bir qol axtarır.

    Yolları palçığa batmış o kəndin

    Baca tüstüsünə isinir bulud.

    Təndirdə küt gedib bir kündə sevgi,-

    Bir azdan başlayar işini bulud.

    Ağappaq qovaqlar hayandan çıxdı,

    Adamı heç nədən dəli eləyir.

    Kəsilən günləri üst-üstə gəlsək,

    Ömrümün neçənci ili eləyir?!

    Üzü çopur səhralar

    Burda nə dərd-sər bitir,

    nə din-kitab davası.

    Göydə quştək vurulur

    müsəlmanın duası.

    Göydən dualar düşür

    ətəyi, üzü qanlı.

    Analar ağzı dualı,

    analar diz çökübdü,

    analar dizi qanlı.

    Uşaqlar bələyə yox,

    qana bələnir burda.

    Timsahların göz yaşı,

    başdakının iştahı

    seyfə sığmır banklarda.

    Anaların ağzından

    qanlı dualar qopur.

    Üzün yırtır səhralar,

    səhralar çopur-çopur.

    Əllər göyə uzanıb

    vurulan duaları

    göydə saxlamaq üçün.

    …Yer kürəsi əlində

    qanlı duayla uçur.

    Mənbə: http://edebiyyatqazeti.az

  • “Ata Toy Edəcək ŞƏHİD Oğluna”

    Ata toy edəcək şəhid oğluna,
    Vətən yağılardan qurtulan günü.
    Ata toy edəcək şəhid oğluna,
    Davalar, qırğınlar qurtaran günü.
    .
    Ata toy edəcək şəhid oğluna,
    Toyda kövrələcək ürəyi daş da…
    Oğlunun şəklini bəy əvəzinə,
    Ata oturdacaq yuxarı başda.
    .
    Ata toy edəcək şəhid oğluna,
    Yalan olmayacaq belə yalantək.
    Xonçanın içindən nişan üzüyü,
    Qıvrılıb baxacaq sarı ilan tək.
    .
    Ata toy edəcək şəhid oğluna,
    Düşəcək bir qızın köz qismətinə.
    Əllərdə alışan bəzəkli şamlar,
    Göz yaşı tökəcək öz qismətinə.
    .
    Ata toy edəcək şəhid oğluna,
    Sağlıq deyənləri boğacaqqəhər.
    Bəyin bacıları otağını yox,
    Tənha məzarını bəzəyəcəklər.
    .
    Ata toy edəcək şəhid oğluna,
    Ruhu öz toyuna enəcək bəyin.
    Qardaşı həyətdə körpə palıda,
    Anası heykələ dönəcək bəyin…
    .
    Ata toy edəcək şəhid oğluna,
    Fərqi olmayacaq bu toydan yasın.
    Ata toy edəcək… bir də belə toy,
    Heç kəsə, heç kəsə qismət olmasın!
    .
    Kamal İsgəndər
    ***

    Heç kəsə, heç kəsə arzulamadığımız belə bir toyu fələk toy üzü görməyən çox oğullarımıza qismət elədi, çox nişanlı qızların gözü, çox anaların oğul haraylayan sözü yolda qaldı. Çox ataların oğul deyəndə dilləri ağızlarında qarsıdı, belləri büküldü… çox bacılara qardaş toyu yox, qardaş vayı qismət oldu…
    Uca boyu, enli kürəyi, iri, ala gözləri, mehribanlığı ilə çoxlarının ürəyini ovlayan Faiq də belə bir toyun “bəyi” oldu.
    Ələkbərov Faiq Museyib oğlu 1968-ci il iyun ayının 5-də Şəmkir rayonunun Seyfəli kəndində anadan olmuşdur. Həmin kənddə orta məktəbi bitirdikdən sonra (1986-88-ci illər) Rusiya Federasiyasının Primorskiy Kray adlanan bölgəsinə həqiqi hərbi xidmətə yola düşüb. Hərbi xidməti zamanı serjant (çavuş) rütbəsinəcən ucalan Faiq, təhsilini artırmaq üçün Hərbi Komissarlıq tərəfindən Odessa şəhərinə – Zabitlər İnstitutuna göndərilir. Lakin o, Vətəndən kənarda yaşamaq istəmədiyinə görə geri dönür…
    Kəndinə, elinə, torpağına bağlı bir gənc idi. Vətən, torpaq ona hər şeydən əziz idi. Torpaqlarımızda müharibə başlayandan onun gülər üzünə qara buludlar çökmüşdü. 20 Yanvar hadisəsindən sonra bir yerdə qərar tuta bilmirdi. Ermənilərin azğınlığı ilə barışa bilməyən Faiqin qəzəbi 20 noyabr 1991-ci ildən sonra daha da coşmağa başladı. Alı Mustafayevə, İsmət Qayıbova, Tofiq İsmayılova və bir çox başbilən, ziyalı oğullarımıza olan xəyanət Faiqin döyüşə atılmasına daha da təkan verdi. Həmin gecəni səhərə dirigözlü açan Faiq səhər tezdən atasına bircə kəlmə “gedirəm” – dedi. Onun qəti qərarın- dan sonra ata heç nə deyə bilmədi. Şəmkir rayon Hərbi Ko- missarlığına gedib, könüllü olaraq cəbhəyə getmək istədiyini bildirdi və nəhayət, arzusuna çatdı. Şəmkir Ərazi Batalyonunu yaradan ilk könüllü əsgərlərdən biri oldu.

    Faiq komandanlıq tərəfindən ilk təşəkkürə Zəyəm Hərbi Aeroportunda layiq görüldü. Belə ki, rus əsgərlərinin bizim hərbi sursatı özləri ilə aparmaq istəyi zamanı bizimkilər tərə findən aeroporta ciddi nəzarət qoyuldu. Nəzarətçilərlə yana- şı orada keşik çəkən Faiq sayıqlığı və işinə məsuliyyətli olmasına görə hamıdan seçilirdi. Sonra Faiqgilin dəstəsi döyüşə yollanır. Döyüşdüyü bir ilə yaxın müddətdə ən qaynar nöqtələrdə olub. Ağdamda, Tərtərdə, Goranboyda gedən döyüşlər də ən qabaqcıl döyüşçü olur. Qazaxda, Tovuzda sərhəd kəndlərini düşməndən qoruyur. Ancaq onun əsas qulluq yeri Gədəbəy rayonu olur. Batalyonda onu təcrübəli sürücü-mexanik kimi tanıyırlar. Piyadanın Döyüş Maşınını idarə etməklə yanaşı, ən çətin tapşırıqlara gedir. Başkənd, Şınıx kəndlərində öz qəhrəmanlığı ilə tanınan Faiq polk komandirinin müavini Dilqəm Əliyevlə birgə düşmənin beş müxtəlif mövqeyini darmadağın edir. Ən çətin kəşfiyyata gedər, hər dəfə də üzüağ dönərdi. Başkəndin təmizlənməsi əməliyyatında qəlpə yarası alan Faiq cəmi bir gün xəstəxanada yatdıqdan sonra yenidən döyüşə yollanır.
    Onun son döyüşü Gədəbəydə Kaftar dağında olur.

    Döyüş yoldaşı Bəhruz Hüseynovun söylədikləri:
    ”Avqustun 29-u 1992-cü ildə Kaftar dağına növbəti əməliyyata getdik. İsalı kəndinə qədər PDM-dən düşmədik. Onu da deyim ki, Faiq sürdüyü maşında özümüzü çox arxayın hiss edirdik. Çünki, o, çox mahir sürücü idi. Dağın ətəyində maşını saxladı. Bir çiynində mənim avtomatım, o biri çiynində öz avtomatını götürmüşdü. Mən isə PDM-dəki pulemyotu dağa çıxardırdım. Bizim uşaqlar düşmənin Daşqala yüksəkliyindəki mövqelərini atəşə tutdu. Düz bir gün yarım atəş altında irəlilədik. Ertəsi gün səhər saat dörddə Daşqala yüksəkliyinə hücuma keçməli idik. Yüz iyirmi nəfər idik. Mənlə Faiq daha təcrübəli olduğumuzdan irəlidə gedirdik. Batalyon (tabur) komandiri Nəbi Əhmədov da bizimlə idi. Düşmənlə üzbəüz dayanmışdıq. Hücum başlandı… həmin hücum zamanı Faiq həlak oldu… Faiq kimi oğullar ehtirama, qəhrəman adı daşı- mağa layiqdirlər.”
    Bəli, həmin gün tarixə bir igidin də adı yazıldı – Faiq Ələk bərovun.
    Faiqin ölüm xəbəri seyfəlilərlə yanaşı, bütün şəmkirliləri sarsıtdı. Eşidənlər Faiqin son evinə – Seyfəli Şəhidlər xiyabanına axın-axın gəldilər. Əli silahlı, gözü yaşlı döyüş yoldaşla- rı, komandirləri Faiqlə son kərə görüşmək üçün Seyfəliyə axışdılar. Dilqəm Əliyev dəfn mərasimindəki çıxışını göz ya şları altında belə bitirdi: “Sən anadan qəhrəman doğulmuş- dun, öləndə də qəhrəman kimi öldün, Faiq!”
    Faiqin ölümü hamının ürəyinə dərd, gözlərinə yaş gətirsə də, elə-obaya bir qürur, vüqar da gətirdi. Çünki, belə şərəfli ölüm hər kəsə qismət olmur. Faiq ŞƏHİDLİK ZİRVƏSİ ilə yanaşı, KİŞİLİK ZİRVƏsini də fəth etdi. indi Şəmkir rayo- nunun Seyfəli kəndindəki keçmiş V.İ.Lenin adına orta mək- təb öz məzununun – Faiq Ələkbərovun adını daşıyır.
    Atası Ələkbərov Museyib Məhəmmədəli oğlu 1934-cü ildə Seyfəli kəndində anadan olub. Orta məktəbi bitirdikdən so- nra yeddi il Bakı Neft Buruqlarında fəhlə işləyib. 1957-59-cu illərində Çinarlı kənd şərab zavodunda işlədikdən sonra 1959-cu ildən üzübəri düz 25 il Gəncə şəhər Gil-torpaq İsteh- salat birliyində briqadir vəzifəsində çalışıb. Əmək Veteranı olmaqla yanaşı, çoxlu orden və medallara layiq görülüb. Ha- zırda təqaüdçüdür: “Səkkiz övlad böyütmüşəm. Onların ali təhsilli olmaları ilə yanaşı, sənət sahibləri də olmaları üçün əlimdən gələni etmişəm. Faiq sonbeşiyimiz idi. Hələ də… hə- lə də onun yoxluğuna inanmaq istəmirəm. Hələ də onun toy- unun arzusu ilə yaşayıram. Gələcəyə çox inanan insan idi. Bəlkə də onun elə qırılmaz inamıdır ki, məni bu gün də yaşa- dır. Qardaşı Ələddinin övladına Faiq balamın adını qoymuşam. Arzum budur ki, kiçik Faiq əmisinin adına layiq oğul olsun”.

    Anası Ələkbərova Dursun Mirzalı qızı:
    Bizi çox mehribanlıqla qarşılayan Dursun ana məqsədimizi bildikdən sonra çətinliklə də olsa özünü ələ aldı. Doğma balası Faiq anasının gözlərini yolda qoyduğu gündən bəri ürəyi dağlı gözləri yaşlı olub. Amma dərdini heç kəsə bildir- məyib. Başqalarından xoş təbəssümünü əskik etməyib. Elə bizə də ilk sözü bu oldu ki, balalarım, əvvəl oturun, bir tikə çörək yeyin, sonra söhbət edərik.
    Doğrudan da, biz bütün şəhid ailələrində olduğu kimi, həmin ailədə də bir doğmalıq hiss etdik. Bizə elə gəldi ki, Dur- sun ananı çoxdan, lap çoxdan tanıyırıq.
    “Bütün analar kimi mənim də ən böyük arzum balamın toyunu görmək idi. Neçə dəfə dedim, ay bala, evlən, qoy biz də rahat nəfəs alaq. Dedi, yox ay ana, qoy hələ dava qurtar- sın sonra. Axı erməni azğınlarının cavabını vermək lazımdır. Hələ ki gəlninin adını ürəyində saxla.
    Döyüşdə olanda bir neçə dəfə yanına getdim. Lakin özünü görə bilmədim. Hər dəfə sorağı bir döyüş bölgəsindən gəlirdi. Döyüş yoldaşı Paşa, həm də Faiqin yaxın dostu idi. Onun ölümündən sonra gəldi ki, xala, oğlum olub, istəyirəm adını Faiq qoyam, icazə verərsənmi? Dedim ay bala, böyük oğlan olsun, torpağı sanı yaşasın. İndi həmin uşaq böyük oğlandır. Nəvəm Faiq də artıq böyüyüb. Eynən də əmisinə oxşayır. Əmisinin adına yazılan bütün şeirləri əzbər bilir. Böyüyəndə mən də əsgər olacam deyir”.
    Müseyib atanın, Dursun ananın sinəsinə fələk Faiqdən sonra daha bir dözülməz dağ vurdu. Qardaş yoxluğuna dözməyən Elmira da cavan ikən bu dünyayla vidalaşdı…
    Elmira 5 mart 1962-ci ildə Seyfəlidə anadan olmuşdu. Ali təhsilli idi. Biz Elmiranın özünün dəsti-xətti ilə yazılan şeir dəftərçəsini vərəqlədik. Oradakı şeirlərin bütövlükdə şəhidlərimizə, yaralı torpaqlarımıza, qaçqın və köçkünlərimizə həsr olunduğunun şahidi olduq. Vətənimizin başına gələn bütün faciələrin ağrı-acısına dözən Elmira qardaş ağrısına dözmədi. 1993-cü il yanvar ayının 20-də doğma qardaşına əbədi bacı olmaq üçün ata-anasının gözünü yaşlı qoydu. Bəli, məhz 20 Yanvar günü. Şəhidlərin hər birinin dərdini öz dərdi bilən Elmira Şəhidlər gününü də özününküləşdirdi.

    Əmisi Ələkbərov Ələkbər Məhəmmədəli oğlu. Faiq Ələkbərov adına Seyfəli kənd orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini:

    “Faiq sakit təbiətli olmaqla yanaşı, həm də tərbiyəsi ilə nümunəvi şagirdlərdən biri idi. Onun vətənpərvərliyi hələ uşaq yaşlarından özünü göstərirdi. Mən Elmira Ələkbərovanı da şəhidlərimizin siyahısına salmaq istəyirəm. Çünki Elmira da Vətən yolunda canını qurban verdi. Vətənin sinəsinə vurulan hər bir ox sanki onun ürəyindən ke çirdi. Məktəbimizdə şəhidlərimiz üçün güşə var. Həmin güşə də onların şərəfli ömür yollarından söhbət açılır. Hər il müə lim və şagird kollektivi bütün kənd əhli ilə yanaşı şəhidlər xiyabanını ziyarət edir. Faiqin vaxtsız ölümü bizi kövrəltsə də, içimizdə bir qürur hissi də doğurdu. Nə yaxşı ki, Vətənimizin Faiq kimi oğulları, Müseyib ata kimi ataları, Dursun ana kimi anaları var. İki övladın sinələrinə vurduğu dərdin altında nə qədər əzilsələr də, o əzginliyi büruzə verməyən, öz dərdləri ilə başqalarının ürəyini yükləməkdən çəkinən ata-ana”.
    Allahdan Faiq və Elmiraya rəhmət diləyir, onların Vətən səmasında gəzən ruhlarının rahat olacaqları günü görməyimi zi arzulayırıq. Söhbətimizi isə Məzahir Alıyevin Faiq Ələkbərova həsr etdiyi “Şəhid qardaşım” şeiri ilə tamamlayırıq:

    Sən şöhrət tacısan Azərbaycanın,
    Qəhrəman qardaşım, şəhid qardaşım.
    Qisas qılıncısan Azərbaycanın,
    Qəhrəman qardaşım, şəhid qardaşım.
    .
    Qorudun vətəni əziz canınla,
    Boyadın daşları qızıl qanınla,
    Sındırdın düşməni öz inamınla,
    Qəhrəman qardaşım, şəhid qardaşım.
    .
    İsgəndər, Pünhanla dayandın qoşa,
    Baxmadın şaxtaya, borana, qışa,
    Düşmənlər əlindən çəkdilər haşa,
    Qəhrəman qardaşım, şəhid qardaşım.
    .
    Başkənddə düşmənə çox çəkdin dağı,
    Əyildi qarşında o quduz yağı,
    Səninlə fəxr etdi Şınıx torpağı,
    Qəhrəman qardaşım, şəhid qardaşım.
    .
    Qoruya-qoruya əziz Vətəni,
    Dağıtdın dumanı, əritdin çəni,
    Bu gün şəhid kimi anırıq səni,
    Qəhrəman qardaşım, şəhid qardaşım.
    .
    Ən uca zirvəsən, ən uca dağsan,
    Öldün söyləmirəm, həmişə sağsan,
    Daim ürəklərdə yaşayacaqsan,
    Qəhrəman qardaşım, şəhid qardaşım.

    İradə Aytel, Gəncə 2003

    Mənbə: http://kultur.az

  • İradə AYTEL.”BİLİRSƏNMİ?!”

    “Səni sevdim qar üstündə yem axtaran quş kimi“
    Ramiz Rövşən

    Bilirsənmi, Onu necə sevirdim,
    Ananın balanı sevdiyi kimi.
    Sərçənin qar üstdə dəni sevdiyi,
    Arının balını sevdiyi kimi.

    Bilirsənmi, O, gizlinim, o sirrim,
    O sirri tutmaqdan qala olmuşam.
    Elə gözdən düşüb, təklənmişəm ki,
    Lalası sovrulan tala olmuşam.

    Bilirsənmi, Ona necə həsrətəm,
    Yad eldə evini özləyən kimi.
    Oğulları döyüş aparan gündən,
    Gəlinlər yolları gözləyən kimi.

    Bilirsənmi, onsuz necə yanıram,
    O gecə Xocalım yandığı kimi.
    Adını çəkəndə qançır geyinən,
    Diş altındakı dilim yandığı kimi.

    Bilirsənmi, bağban necə qovrulur,
    Gülü bağda suya həsrət qalanda.
    Bilirsənmi, insan necə qıvrılır,
    Tellərinə yad nəfəsi dolanda.

    Bilirsənmi, Ondan necə qopmuşam,
    O gecə balamdan qopduğum kimi.
    Bilirsənmi, Ona necə hopmuşam,
    Laylam torpaqlara hopduğu kimi.

    Bilirsənmi, Onu necə sevirdim,
    Ananın balanı sevdiyi kimi.
    Sərçənin qar üstdə dəni sevdiyi,
    Arının balını sevdiyi kimi.
    Bilirsənmi, Onu necə sevirəm…

    Mənbə: http://kultur.az

  • Şair-filosof Ömər Xəyyamın “Rübailər” adlı yeni şeirlər kitabı işıq üzü görüb

    “Kitab Klubu” nəşriyyatı tərəfindən dahi fars şairi, riyaziyyatçısı, astronomu və filosofu Ömər Xəyyamın “Rübailər” adlı yeni şeirlər kitabı 164 səhifə həcmində, 100 tirajla işıq üzü görüb. Kitabda yer alan müxtəlif mövzulu şeirləri fars dilindən Azərbaycan türkcəsinə Məmmədağa Sultanov, Əkrəm Cəfər, Cabbar Bağçaban, Hüseyn Bəhruz uyğunlaşdırıblar.

    Qeyd edək ki, bundan öncə 2017-ci ildə “Kitab Klubu” nəşriyyatı tərəfindən “Görkəmli adamların həyatı” seriyasından dünya ədəbiyyatı tarixində daha çox rübiləri ilə tanınan, Şərqin böyük şairi və mütəfəkkiri, filosof Ömər Xəyyamın həyat və zəngin yaradıcılığına hərs olunmuş “Ömər Xəyyam” adlı kitabı işıq üzü görmüşdü.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  • Görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri iki dildə gün üzü görüb

    Azərbaycan ədəbiyyatı tarixində özündən sonra ilk dəfə olaraq, ədəbi məktəb yaratmış “Molla Nəsrəddin” jurnalının naşiri və redaktoru, tanınmış yazıçı və dramaturq Cəlil Məmmədquluzadənin “Ölülər” (pyes) əsəri “Mammadli.az” Nəşriyyat-Poliqrafiya Mərkəzi tərəfindən 140 səhifə həcmində, 50 tirajla işıq üzü görüb. Əsər iki dildə (Azərbaycan və alman) oxuculara təqdim olunur. Transliterasiya və tərtibat Rafiq Məmmədliyə məxsusdur.

    Qeyd edək ki, bundan öncə “Kitab Klubu” nəşriyyatı tərəfindən “Klassiklərim” seriyasından görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin nəsr, dram əsərləri, şeirləri və tərcümələri daxil olduğu “Seçilmiş əsərləri” (2017-ci il) 600 səhifə həcmində nəşr olunmuşdu.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  • Böyük öndər Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan şairi Nizami” kitabı gün üzü görüb

    “Kitab Klubu” tərəfindən Şərqdə ilk demokratik dövlət-Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu və banisi, böyük öndər, Azərbaycanlı dövlət və ictimai xadimi, siyasətçi və publisist Məhəmmən Əmin Rəsulzadənin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunmuş “Azərbaycan şairi Nizami” kitabı 450 səhifə həcmində, 100 tirajla gün işıq görüb.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  • “Koroğlu” eposunun yeni nəşri gün üzü görüb

    “Kitab Klubu” tərəfindən “Şifahi xalq ədəbiyyatının ən parlaq nümunəsi” seriyasından yeni dövr Azərbaycan ədəbiyyatının ən möhtəşəm əsəri- qəhrəmanlıq, vətənpərvərlik, humanizm, dostluq, qardaşlıq, qonaqsevərlik kimi ən ali hissləri özündə məcləşdirən “Koroğlu” eposu 600 səhifə həcmində gün üzü görüb.

    Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamına əsasən, 2005-ci ildə “Lider” Nəşriyyatı tərəfindən “Müasir Azərbaycan ədəbiyyatı” seriyasından “Azərbaycan dastanları” beşcildliyinin dördüncü cildində “Koroğlu” dastanı kütləvi tirajla (25000) çap olunmuş və ölkə kitabxanalarına hədiyyə olunmuşdu.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  • Klassik Azərbaycan şairi İmadəddin Nəsiminin “Həqq məndədir” adlı yeni şeirlər kitabı işıq üzü görüb

    “Kitab Klubu” tərəfindən “Klassiklərim” seriyasından Orta dövr Azərbaycan ədəbiyyatının ən qüdrətli nümayəndələrindən biri, Anadilli fəlsəfi şeirin-qəzəlin müəllifi, Hürufizmin mücahidlərindən klassik Azərbaycan şairi Seyid Əli İmadəddin Nəsiminin “Həqq məndədir” (Seçilmiş əsərləri) adlı yeni şeirlər kitabı 378 səhifə həcmində, 100 tirajla işıq üzü görüb.

    Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamına əsasən, 2004-cü ildə “Lider” Nəşriyyatı tərəfindən “Klassik Azərbaycan ədəbiyyatı” seriyasından “Seçilçiş əsərləri”nin ikicildliyi kütləvi tirajla (25000) çap olunmuş və ölkə kitabxanalarına hədiyyə olunmuşdu.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  • Tatarıstanın Xalq şairi Razil Vəliyevin “Payız yağmurları” adlı yeni şeirlər kitabı işıq üzü görüb

    Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) “Qardaş xalqlar ədəbiyyatı. Ustadlar” silsiləsindən “Xan” Nəşriyyatı tərəfindən Tatarıstanın Xalq şairi, Tatarıstan Dövlət Şurasının Komitə başqanı, Dövlət Mükafatı laureatı, görkəmli ictimai və dövlət xadimi Razil Vəliyevin “Payız yağmurları” adlı yeni şeirlər kitabı işıq üzü görüb.

    Layihə rəhbəri və baş redaktoru Azərbaycanda ATATÜRK Mərkəzinin ictimai-siyasi şöbəsinin müdiri, DGTYB Məsləhət Şurasının başqanı, şair-publisist Əkbər Qoşalıdır.

    Tatarıstanın Xalq şairi Razil Vəliyevin şeirlərini rus və tatarcadan dilimizə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, tarix üzrə fəlsəfə doktoru, dosent, tanınmış şair-publisist Həyat Şəmi çevirib. Məsləhətçiləri Azərbaycanda ATATÜRK Mərkəzinin direktoru, filologiya elmləri, professor, akademik, Əməkdar elm xadimi, Milli Məclisin üzvü Nizami Cəfərov, Tatarıstanda yaşayan soydaşımız İsmət Orucəliyev, rəyçiləri isə Milli Məclisin deputatları Cavanşir Feyziyev və Qənirə Paşayevadır. Ön sözün müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqdir.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  • “Müşfiqli günlərim” (xatirə kitabı) kitabı işıq üzü görüb

    “Kitab Klubu” tərəfindən “Memuar ədəbiyyatı” seriyasından çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Mikayıl Müşfiqə həsr olunmuş “Müşfiqli günlərim” (xatirə kitabı) 152 səhifə həcmində, 100 tirajla işıq üzü görüb. Kitabın müəllifi istedadlı Azərbaycan şairi Mikayıl Müşfiqin ömür-gün yoldaşı Dilbər Axundzadədir. Redaktoru filologiya elmləri doktoru Qulu Xəlilovdur.

    Kitabda müəllif özünün Mikayıl Müşfiq haqqında xatirələrini bölüşür. Eyni zamanda, əsərin özündə Müsfiqi yaxından tanıyan bir çox insanların da xatirələrindən söz açılır…

    Qeyd edək ki, bundan öncə 2016-cı ildə “Kitab Klubu” nəşriyyatı tərəfindən şair Mikayıl Müşfiqin şeirləri, poemaları, eləcə də uşaqlar üçün şeir və mənzum nağıllarının toplandığı “Mən sirin ləhcəli bir bülbüləm…” kitabı (384 səhifə, 100 tiraj) ədəbiyyasevərlərin, poeziya həvəskarlarının ixtiyarına verilmişdi.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  • Vyaçeslav Ananyev – “Dualar və əllər” (tək şeir)

    Kultur.az Rusiyanın tanınmış şairi, Vyaçeslav Ananyevin “Dualar və əllər” şeirini təqdim edirik:

    Könlüm nəğmə deyir bu əmin yolda
    Uçür görüşünə ənginliklərin .
    Əlvida, əzizim, əlvida sənə
    Bağışla suçunu mən günahkarın.

    Dualar və əllər, əllər və dua,
    Çətindi bu yolda əfvi Tanrının.
    Bu sevda tarimar qübbə, bəddua
    Sonucu Tanrının, məğzi Tanrının.

    Bəlkə də yenidən görüşəcəyik,
    Yorğunluq əlində çaş-baş qalanda.
    Yenidən sustalmış, təbib əllərin
    Qonacaq çiynimə mələk donunda.

    Günəşin zərrəsi məlhəm olacaq,
    Qaranlıq odamda ağrılarıma.
    Ruhumuz bir olub, vəslə yetəndə
    Dönəcəm o uzaq, şən baharıma!

    Çevirim İradə Aytelindir

  • Dədə Şəmşiri saz, Kəlbəcəri söz ağladı…

    Sumqayıt Mərkəzi Kitabxanalar Sisteminin İncəsənət şöbəsində 31 mart – Azərbaycanlıların soyqırımına və Kəlbəcərin işğalının 26-cı ildönümünə həsr edilən anım tədbirində də bir daha bu dəhşətlər haqqında söz açıldı

    Azərbaycan xalqının öz müstəqil dövlətini yaratmaq uğrunda apardığı mübarizə keşməkeşli, ağır və Ermənistanın ölkəmizdə törətdiyi qanlı, dəhşətli fəlakətlərlə, faciələrlə yad-daşımıza əbədi həkk olunmuşdur.

    Dünən Sumqayıt Regional Mədəniyyət İdarəsi Mərkəzi Kitabxanalar Sisteminin İncəsənət şöbəsində 31 mart – Azərbaycanlıların soyqırımına və Kəlbəcərin işğalının 26-cı ildönümünə həsr edilən anım tədbirində də bir daha bu dəhşətlər haqqında söz açıldı.

    Tədbirin aparıcısı, Sumqayıt MKS-nin İncəsənət şöbəsinin əməkdaşı Sevda Məhəmmədova ümumi məlumat üçün bildirdi ki, Ermənistan sovet rejiminin ermənipərəst rəhbərlərinin himayəsi altında ərazi iddialarını irəli sürərək, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və Kəlbəcər rayonu da daxil olmaqla, ona bitişik 7 rayonu işğal edərək xalqımıza qarşı ədalətsiz müharibəyə başladı:

    “…Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində bir milyondan çox insan öz yurdundan didərgin salınıb, 18 min azərbaycanlı qətlə yetirilib, 20 mindən çox dinc sakin yaralanıb, 50 mindən çox adam əlil olub, 4 mindən çox insan əsir və itkin düşüb, 877 şəhər, kənd qarət edilib, dağıdılıb. Məhz Ümumilli lider Heydər Əliyevin başladığı və ölkə prezidenti İlham Əliyevin davam etdirdiyi məqsədyönlü fəaliyyət proqramı nəticəsində nəhayət ki, Avropa Şurası, BMT-nın Təhlükəsizlik Şurası Ermənistanı təcavüzkar kimi tanıyıb, Azərbaycanın ərazi bütövlüyünü öz qətnamələrində qeyd edib. Ölkə prezidenti cənab İlham Əliyev 31 Mart Azərbaycanlıların soyqırımı günü münasibətilə xalqımıza müraciətində demişdir: “Əminəm ki, xalqımızın vətənpərvərliyi, milli birliyi və məqsədyönlü fəaliyyəti, Azərbaycan rəhbərliyinin siyasi iradəsi sayəsində biz qarşımıza qoyduğumuz bütün məqsədlərə, o cümlədən ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına, onilliklər boyu planlı olaraq əsl soyqırımı həyata keçirənlərin, insanlar və xalqlar arasında nifrət və düşmənçilik təbliğ edənlərin ifşasına nail olacağıq…”

    Tədbirdə iştirak və çıxış edən kəlbəcərli qələm adamlarından, “Azərbaycan” qəzetinin əməkdaşı Məhəmməd Nərimanoğlu xatırlatdı ki, Dağlıq Qarabağdan kənarda yerləşən, 1936 kv.km ərazisi, 58 min nəfər əhalisi olan Kəlbəcər rayonu 1993-cü il mart ayının sonu, aprelin əvvəllərində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş, dinc əhaliyə vəhşicəsinə divan tutulmuş, kəlbəcərlilər min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınmışdır: “Əslində, Kəlbəcər hələ 1992-ci il aprel ayının 7-dən 8-nə keçən gecə erməni faşistləri Xocalı soyqırımının davamı kimi, Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndini tamamilə yandırmış, 779 nəfər dinc sakininə divan tutandan bu gözdən uzaq, könüldən iraq diyarı mühasirəyə salaraq, aradan götürüb Ermənistanla Dağlıq Qarabağı birləşdirmək üçün məkrli planının bir hissəsini reallaşdırmışdı. Erməni qəddarlığının həddi-hüdudu yox idi. 33 nəfər diri-diri qətlə yetirilmişdi. Onların arasında olan 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılmışdı. 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarət almış, ölümcül yaralanmışdı və s”.

    AJB Sumqayıt şəhər təşkilatının sədri, Əməkdar jurnalist Rafiq Oday, Sumqayıt Poeziya evinin direktoru İbrahim İlyaslı, kəlbəcərli şairlərdən Yusif Hüseynlə Namiq Dəlidağlı, şairlərdən Elbrus Qayalı, Müşfiq Zülfüqar, Ədalət İzzətoğlu, Etibar Səfərli, Qaratel Azəri, Rəhilə Veysəlli, Tahirə xanım, Ələsgər Həsənli, Asif Asiman, tarixçi-tədqiqatçı Taleh Şahməmmədov və digərləri qeyd etdilər ki, bütün bu dəhşətlər barədə 26 ildir kəlbəcərlilər danışır, deyir, mətbuatda yazır. Amma düşmən öz bildiyindədir. İkiüzlü siyasəti ilə bəşəriyyəti çaş-baş qoyan hegemon dövlətlər hələ də susur, yaxud işğalçı ilə təcavüzə məruz qalanları ya bilərəkdən ayırd etmək istəmir, ya da Ermənisatana havadarlığını gizləmir. Demək, dünyada dini tolerantlıq yoxdur! Kəlbəcərlilər isə yurd həsrəti ilə qəribməzar olur, qırılır, o cənnət-məkanda doğulub oranı sevənlərin sayı azalır, yeni nəsil isə ölənləri əmanətə xəyanətdə suçlamaqdadır…

    AYB Sumqayıt şəhər təşkilatının sədri Rafiq Oday öz çıxışında xatırladıldı ki, Ermənista-nın münaqişədə, o cümlədən Kəlbəcər rayonunun işğalında iştirakı qeyri-hökumət təşki-latı olan “Human Rights Watch/Helsinki” “Azərbaycan. Dağlıq Qarabağda münaqişənin 7 ili” (Nyu-York, 1994-cü il, səh. 67-73) məcmuəsində də təsdiq olunmuşdur. Bundan əlavə, 1998-ci ildə Ermənistanda keçirilən seçkilər zamanı səyyar səsvermə qutuları Kəlbə-cər rayonunda yerləşdirilən erməni əsgərlərinin səsini toplamaq üçün Ermənistan Respukblikasının dövlət sərhədindən keçirilmişdir ki, bu da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Ermənistanda 1998-ci il 16 və 30 mart tarixlərində keçirilən prezident seçkilərinə dair 1998-ci il 10 aprel tarixli yekun hesabatında öz əksini tapmışdır.

    Tədbirin ədəbi-bədii hissəsində Sumqayıt şəhər 8 nömrəli tam orta məktəbin şagirdi İlahə Hüseynzadə, Sumqayıt Dövlət Universitetinin tələbəsi İlkin Abbasovun da çıxışları yaddaqalan oldu. Sumqayıt şəhər 29 saylı məktəbin şagirdi Fəridə Camallı Kəlbəcər haqqında oxuyub-öyrəndiklərini tədbir iştirakçılarına çatdırarkən bu işdə ona yaxından kömək edən MKS-nin incəsənət şöbəsinin rəhbərliyinə – şöbə müdiri Aidə Qələndərovaya, baş multimedia mütəxəssisi Sevda Məhəmmədovaya, multimedia mütəxəssisləri Məlahət İskəndərovaya və Cəmilə Əliyevaya, eləcə də burada mədəni-mənəvi xidmət göstərənlərə təşəkkürünü də unutmadı.

    Taixçi, araşdırmaçı-jurnalist Tahirə Zeynalova, şəhər Ağsaqqallar Şurasının üzvü Səidə Vəliyeva, MKS-nin fəal oxucularından təqaüddə olan alman dili müəllimi Vilayət Qasımov, həmçinin Sumqayıt Dövlət Universitetinin Tarix fakultəsinin tələbələri də tədbirin yüksək səviyyədə hazırlanmasından və belə “dəyirmi masalar”ın burada müntəzəm təşkil olunduğundan razılıqla söz açıb, bədii qiraətlə, telli sazın həzin müşayiətilə Kəlbəcərə həsr edilən şeirləri səsləndirdilər.

    Məhəmməd NƏRİMANOĞLU