1902788_614529541965133_896121757_n

Gündəlik Analitik İnformasiya Agentliyinin
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

Qadının özünə minnətdaram mən

“Mənim həyatımın nə mənası var,
Sizin üzünüzdə gülüş olmasa”.
Nəriman Həsənzadə.

İnsanın özündən xəbərsiz, inan,
Narahat duyğular bu gün də yatmır.
Duyub yaşadıqca ömrün gününü,
Bəzən görürsən ki, nəyinsə çatmır.

Sonradan keçdikcə ömürdən günlər,
İlk görüş, ilk gülüş yadına düşür.
Sən demə, bu ömrün ən çətin günü,
Gəlib bu dünyada qadına düşür.

Duyulsa, uzaqdan nəfəsi yenə,
Bu dünya qayğıya bürünəcəkdi.
Könlünü almaqçün dağların özü,
Qadın arxasınca sürünəcəkdi.

Axı çox həssasdı bütün varlığı,
Dünəni, bu günü qoruyur bütün.
Qadının özünə minnətdaram mən,
Belə həssas qəlbli olduğu üçün.

Qadın ağlamaqçün yaranmayıbdı

Soykökə bağlılıq, yurda bağlılıq,-
Qəhrəman bir yurdun canında olmuş.
At çapan Koroğlu dəlilərinin,
Sapandı, qılıncı yanında olmuş.

Əsrlər boyunca ər meydanında,
Fərhad tək qayanı bir ana yarmış.
Yaxşı ki, bir xalqa xidmət göstərən,
Cəsur bir diyarda qadınlar varmış.

Ömrün sınağından üzü ağ çıxmış,
Min igid gözündə darda da belə.
Yaşınıb, utanıb, çəkinməmişdi,
Boranda, şaxtada, qarda da belə.

Şairlər bir yurddan geri qayıtmaz,
Qadının hüsnündən ilham almamış.
Nigar da, Həcər də qəhrəmanlıqda,
Koroğlu, Babəkdən geri qalmamış.

Qəlbi ovsunlayan siyah telləri,
Kim sənə dedi ki, daranmayıbdı?!
Üzündə sevinci görəndə bildim,
Qadın ağlamaqçün yaranmayıbdı.