Dağların


Kəlbəcərdə doğma yurduna qovuşan şair dostum Əli Qurbanovun “Dağların” serini oxuyandan sonra yazdım.

Həsrət bitdi doğmalara qovuşdu,
Sevincindən üzü güldü dağların.
Dağlar da sevindi, sən də sevindin,
Bu görüşdən gözü güldü dağların.

Qarşıladı səni doğma cığırlar,
Enişli, yoxuşu gəzdiyin anlar.
Qayğılı-qayğılı baxdı o çağlar,
Bükülməyən dizi güldü dağların.

Alnıma yazılan tale beləymiş,
Sevinən bir oğlun görüşə gəlmiş.
Çəmənlər, ormanlar nə gözəl imiş,
Şair qəlbi, sözü güldü dağların.

Üzü güldü bənövşənin, nərgizin,
Sevinc yaşı üzlərində hər kəsin,
Ömrünü beləcə qırdıq nakəsin,
Müjdə gəldi özü güldü dağların.

İndi ayrılığın sonuna çatdıq,
Kədəri, qüssəni ürəkdən atdıq.
Nisgil sona çatdı, biz qucaqlaşdıq,
Gül çiçəkli, yazı güldü dağların.

                                            
                                                   04.07.21