Day: Sentyabr 22, 2023

  • Alim, şair və ozan ömrünün yetkinlik zirvəsi

      Məhərrəm Qasımlı – 65

      Bu günlərdə ölkənin elmi-mədəni ictimaiyyəti görkəmli folklorşünas, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, professor Məhərrəm Qasımlının anadan olmasının 65 illiyini sevgi-sayğı ilə qeyd edir.

      65 yaş insan üçün çox olmasa da, Tanrının sənə bəxş etdiyi bu ömür payı­nı mənalı və məzmunlu yaşaya bilmək, Vətən, millət və dövlət üçün faydalı ola bilmək baxımından az zaman da deyil. Bu mənada, haqqında söhbət açmaq istədiyim Məhərrəm Paşa oğlu Qasımlı arxada qoyduğu 65 ildə həm özü, həm də cəmiyyət üçün faydalı və məhsul­dar bir ömür yaşaması ilə öyünə bilər. Bu ömür yolunu qısaca xarakrerizə et­miş olsaq, sadəcə, bu kəlmələr kifayət edər: alim, şair və ozan ömrü! 

      Bir ömürdə 3 missiyanı eyni məsu­liyyətlə daşımaq hər kəsə nəsib olan bir hal deyil: Alim Məhərrəm Qasımlını bu gün təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarlarda da müvafiq sahənin adamları nüfuzlu folklorşünas kimi yaxşı tanıyır, tez-tez əsərlərinə is­tinad edirlər; Şair Orxan Paşa isə po­eziya həvəskarlarının şeirlərini sevə-sevə oxuduğu, qoşma və gəraylılarının aşıqların repertuarını bəzədiyi qiymətli söz adamıdır. Bütün bunlarla yanaşı, məncə onu daha çox məşhur edən, sevdirən ozan-aşıq mədəniyyətinin ən yaxşı tədqiqatçısı və təbliğatçısı olma­sıdır ki, bu səbəbdən də onu həm də ozan adlandırsaq, yanılmarıq. 

      Onun həm alimliyinin, həm də şa­irliyinin mayasında ozan-aşıq sənətinə bağlılığı dayanır. Hərdən adamda elə təsəvvür yaranır ki, alim Məhərrəm Qasımlı olmasaydı, şair Orxan Paşa da olmazdı. Yaxud əksinə, şair-ozan Orxan Paşa olmasaydı, alim Məhər­rəm Qasımlı bu qədər şöhrət tapmaz­dı. Şöhrət demişkən, onun şöhrəti dövlətimiz tərəfindən də rəsmiləşdirilib: 2018-ci ilin avqustunda Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunub. Bun­dan 3 il əvvəl isə Əməkdar elm xadimi fəxri adına layiq görülüb, Dövlət müka­fatı laureatıdır. 

      İlk dəfə aşıq yaradıcılığının nəzəri əsaslarını yaradan folklorşünas alim olaraq qeyri-maddi mədəni irs nü­munələrimizin tədqiqatında müstəsna xidmətləri ilə yanaşı, uzun illərdir Azər­baycan Dövlət televiziyasında aşıq sənəti, bütövlükdə, ozan-aşıq mədə­niyyəti ilə bağlı apardığı verilişlər onun ziyalı obrazını daha da kamilləşdirir. Bu obrazı daha dolğun əks etdirmək üçün özünün həmin zümrə ilə bağlı fikirlə­rinə diqqət yetirək: “Əsl ziyalılıq odur ki, sən dərbəndli olmadan tutduğun əməlləri, hərəkət və davranışları görən Dərbənd camaatı elə bilsin sən də Dər­bənddənsən, lənkəranlı səni Lənkə­randan, gəncəli Gəncədən, naxçıvanlı Naxçıvandan, qarabağlı Qarabağdan, təbrizli Təbrizdən, urmiyalı Urmiyadan, zəncanlı Zəncandan, göyçəli Göyçə­dən, şirvanlı Şirvandan bilsin. Sevgin­lə, əməlinlə Vətən boyda görünəsən. Vətənin hər yerindən görünəsən”. 

      Bu kəlmələrlə Məhərrəm müəllim özü də fərqinə varmadan özünün zi­yalı obrazını yaradıb. Neçə illərdir ki, hər həftə mavi ekrandan sazın səsi duyulan, saz ruhlu insanlar yaşayan bölgələrdə, ölkələrdə hər evin qona­ğı olur. Saz-söz vurğunları onun hər verilişini səbirsizliklə gözləyir, qiymət­li söhbətlərini heyranlıqla dinləyirlər. Ekran-efir yaradıcılığı, tamaşaçılarla ünsiyyəti onu Azərbaycanın hər evinin sevimlisinə çevirməklə yanaşı, qonşu ölkələrdə də məşhurlaşdırıb.

      Məhərrəm Qasımlıya görə, sazın səsi dağların səsidir, “saf suların ağ səsidir”, bu səs Koroğlunu oyaq saxlar, çünki “ər səsi, qoçaq səsidir”. Deyir, bu səs ulu dərgaha bağlıdır, ona görə də “daim ölümsüzdür – sağların səsidir”. Nur içində nurdan gələn bu səs Haqqın səsidir. Bir alim və şair kimi qənaəti də budur: “Bu gün dünənə ona görə işıq tutmalıdır ki, sabah daha aydın görünə bilsin!” Sadəcə bunu deməklə kifayət­lənmir, dediklərini əməli işə çevirir. Yaradıcı fəaliyyətinin ana xəttini təşkil edən ozan-aşıq mədəniyyətini araşdır­ması mədəniyyətimizin bu qədim sahə­sinə ayna tutmaqla yanaşı, onun işıqlı sabahının yolgöstərənidir. 

      “Poeziya bütün başqa göstəricilə­ri ilə yanaşı, birinci növbədə, istedad və dil hadisəsidir”, – deyən Məhərrəm Qasımlı haqlı olaraq bu qənaətdədir ki: “Bizim bu günkü şeir dilimiz folklor və ozan-aşıq ədəbiyyatından süzülüb gə­lir”. Və bir vətəndaş-alim təəssübkeşli­yi və ürəkağrısı ilə qeyd edir ki: “Tarix içindəki ən böyük yanlışlığımız türk dilinin statusunu türk qılıncının statu­su səviyyəsinə qaldıra bilməməyimiz oldu”.

      Müxtəlif ölkələrədə tədqiqatları nəşr edilən, əsərləri Azərbaycan folk­lorşünaslığının əhəmiyyətli hissəsini təşkil edən, beynəlxalq elmi konfrans­larda məruzə və çıxışları böyük maraq­la dinlənilən, aşıq sənəti sahəsindəki sistemli elmi-təşkilati fəaliyyəti ilə bir sıra uğurlu layihələrə imza atan, çox­saylı kitab, monoqrafiya və məqalələri Azərbaycanın elmi və ədəbi xəzinəsi­ni zənginləşdirən, başdan-başa özü bir kitab olan Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının kitab­la bağlı fikirləri də maraqlıdır: “Bizim günlərin təzadlı mənzərəsi: bir yandan “kitab” adı daşıyan cildli, bər-bəzəkli kağız yığınlarının əlindən tərpənmək olmur, o biri yandan da, demək olar ki, oxumağa abırlı bir kitab tapmaq müş­külə çevrilib”.

      Məqamında və çox sərrast ifadə olunmuş bu fikri ilə isə barışmamaq sadəcə mümkün deyil: “Kitab kimi adamlar azaldıqca, adam kimi kitablar da yoxa çıxır”.

      Tanınmış tənqidçi-ədəbiyyatşünas alim Qurban Bayramov yazır: “Orxan Paşa ictimai mühitimizi düşündürən, ona nigarançılıq gətirən, qayğılandıran problemləri, həmçinin sevinc və qürur dolu halları poetik tərzdə, səmimiyyət­lə, inandıraraq ictimailəşdirməyi baca­rır və bu, onun bədii mətnlərinin poetik yaddaş səviyyəsində yaradıcılıq mə­ziyyətidir…” 

      Ədəbiyyatşünas alimin bu fikirlərini təsdiqləyən onlarla şeirindən nümunə gətirmək olar Orxan Paşanın. Hər bən­di, hər misrası xalq yaradıcılığından, folklorumuzdan güc alan şeirləri könü­loxşayan gözəl poeziya nümunəsi ol­maqla yanaşı, həm də öyüd-nəsihətdir, hikmətdir. 

      Azərbaycan folklorşünaslığında özünəmxsus yeri və rolu olan, ilk dəfə aşıq yaradıcılığının nəzəri əsaslarını yaradan görkəmli alim, Əməkdar elm xadmi, professor, aşıq sənətinin yorul­maz tədqiqatçısı və təbliğatçısı Məhər­rəm Qasımlını – xalq yaradıcılığı və aşıq şeiri formalarının kamil bilicisi, kö­nüloxşayan poeziya nümunələri müəlli­fi şair Orxan Paşanı – dəyərli ozanımı­zı 65 illik yubileyi münasibəti ilə təbrik edir, Azərbaycan elminin və mədəniy­yətinin daha da inkişafı naminə yoru­ulmaz və səmərəli fəaliyyətində daha böyük uğurlar arzulayırıq. 

      Musa NƏBİOĞLU,
      Əməkdar mədəniyyət işçisi

      Mənbə: https://azerab.az/

    • “Aşıqlar Vətən müharibəsində Qələbəni tərənnüm edir” adlı audiodiskin təqdimatı olub

      Sentyabrın 19-da Azərbaycan Aşıqlar Birliyində (AAB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmış “Aşıqlar Vətən müharibəsində Qələbəni tərənnüm edir” adlı audiodiskin təqdimatı keçirilib.

      Bu barədə AZƏRTAC-a Azərbaycan Aşıqlar Birliyindən bildirilib.

      Birliyin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı tədbiri giriş sözü ilə açaraq bu layihənin həyata keçirilməsinin əhəmiyyətindən danışıb. Layihənin koordinatoru, Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu layihə çərçivəsində görülən işlər barədə məlumat verib. Qeyd olunub ki, üç ay ərzində həyata keçirilən layihə çərçivəsində aşıqların 44 günlük müharibədə müzəffər Azərbaycan Ordusunun əldə etdiyi qələbəni tərənnüm edən ifalarından ibarət audiodisk hazırlanıb. Ümumilikdə audiodiskdə müxtəlif aşıq havalarından ibarət 20 ifa yer alıb.

      Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Nilufər Əhmədova, Əməkdar jurnalist Faiq Qismətoğlu və Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva layihə çərçivəsində görülən işləri yüksək dəyərləndirərək bu istiqamətdə işlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıblar.

      Sonra söz aşıqlara verilib. İfaları audiodiskdə yer almış aşıqlardan Nəbi Nağıyev, Roman Azaflı, Ruhiyyə Zəngilanlı, İmran Xəlilov, Ədalət Alməmmədov və Kərəm Təbrizoğlunun, eləcə də “Çeşmə” və “Misri” folklor qruplarının ifalarında Vətəni, ordumuzu və qələbəmizi tərənnüm edən aşıq havaları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

      Xatırladaq ki, layihənin rəhbəri AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, koordinatoru isə birliyin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

      Mənbə: https://azerab.az/

    • AŞIQLAR VƏTƏN MÜHARIBƏSINDƏ QƏLƏBƏMIZI TƏRƏNNÜM EDİR

      Heç kimə sirr deyil ki, hər bir müharibədə sözün, musiqinin, aşıq sənətinin və ifaçıların öz yeri olub. Hətta 1941-45-ci illər – Böyük Vətən müharibəsində sənət adamları, şairlər, yazıçılar, aşıqlar, müğənnilər cəbhədə, səngərdə olub və əsgərləri döyüşə ruhlandırıblar. II Qarabağ savaşında da, daha doğrusu, 44 günlük möhtəşəm döyüşdə də qələbənin əldə edilməsində Ali Baş Komandan Prezident İlham Əliyevlə və Azərbaycan əsgəri ilə yanaşı, aşıqlarımızın da bu uğurun qazanılmasında, onların qəhrəmanlığını tərənnüm etməsi önəmli əhəmiyyət kəsb edir.

      Mən 44 gün cəbhə bölgəsində oldum, o döyüçlərdə iştirak etdim. Hər həftə Azərbaycan televiziyasının Mədəniyyət kanalında Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aşıqlarla bağlı maraqlı verilişi efirə gedirdi. Füzulidə şəhid anaları əsgər anaları bu verilişi çox maraqla izləyirdi. Çünki o proqramda aşıqlarımız əsgərlərimizi döyüşə ruhlandıran mahnılar səsləndirirdi. Bu mənada “Bayrağım”, “Ordumuz”, “Turan marşı”, “Ovşarı”, “Üvertüra”, “Qəhrəman” və digər səsləndirilən aşıq havaları Azərbaycan əsgərində bir coşqu yaradırdı.

      Bu günlərdə Aşıqlar Birliyində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə köməkliyi ilə hazırlanmış “Aşıqlar Vətən müharibəsində qələbəni tərənnüm edir!” adlı audiodiskin təqdimatı keçiriılib. Tədbiri giriş sözü ilə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı açaraq, rəhbər olduğu layihənin həyata keçirilməsinin əhəmiyyətindən danışıb. Layihənin koordinatoru, Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu layihə çərşivəsində görülən işlər barəsində məlumat verib.

      Üç ay ərzində həyata keçirilən layihədə aşıqların 44 günlük II Qarabağ müharibəsində müzəffər Azərbaycan Ordusunun əldə etdiyi qələbəni tərənnüm edən ifalardan ibarət audiodisk hazırlanıb. Burada Əməkdar mədəniyyət işçiləri Ağamurad Şirvanlı və Samirə Əliyeva ilə yanaşı, aşıqlardan Qələndər Zeynalov, Nazim Quliyev, Nəbi Nağıyev, Altay Məmmədli, Kəmalə Qubadlı, Roman Azaflı və digərlərinin, eləcə də “Çeşmə” və “Misri” qruplarının ifalarında II Qarabağ müharibəsindəki möhtəşəm qələbəmizi tərənnüm edən, Ordumuzu yeni uğurlara səsləyən aşıq mahnıları təqdim olunur. Ümumilikdə, audiodiskdə müxtəlif aşıq havalarından ibarət olan musiqilər bir daha həmin maraqlı tədbirdə adını çəkdiyimiz ayrı-ayrı aşıqlar tərəfindən yenidən səsləndirilib. Bu da tədbir iştirakçılarında xoş ovqat yaradıb, saza və sözə olan məhəbbəti bir qədər də artırıb.

      Bu möhtəşəm tədbirdə professor Məhərrəm Qasımlı və Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu ilə yanaşı, Əməkdar mədəniyyət işçisi aşıq Samirə Əliyeva, Azərbaycan Respublikasının Qeyri-Hökumət Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Nilufər Əhmədova, Əməkdar jurnalist Faiq Qismətoğlu da çıxış ediblər. Onlar qeyd ediblər ki, belə layihələrin davam etməsi dövlətçiliyimizin və eləcə də aşıq sənətinin təbliğində və tərənnümündə önəmli yer tutur.

      Bu gün aşıq sənətinə, aşıq havasına və onun təbliğinə çox böyük ehtiyac var. Ona görə də adını çəkdiyimiz layihə çox unikaldır və onun davamlı olmağını arzulayırıq!

      FAİQ QİSMƏTOĞLU

      Mənbə: https://azerab.az/

    • Xalq şairi Zəlimxan YAQUB.”Gəlirəm”

      Duyğuların zirvəsinə baş vurub,
      Uca sözün ucasından gəlirəm.
      Gör nələr var üçcə hərfin canında,
      “Söz”ün bircə hecasından gəlirəm.

      Ömür üzən, gün qocaldan, yaş yoran,
      Dincəlməyə aman verə, kaş, yoran.
      Sualların saç ağardan, baş yoran,
      “Neyçün”ündən, “necə”sindən gəlirəm.

      Danışdırdım hər pərdəni, hər simi,
      Dərk eylədim avandımı, tərsimi.
      Məktəb açdı, Tanrı verdi dərsimi,
      Ustadından, xocasından gəlirəm.

      Tilsim ömrün, qıfıl ömrün, sirr ömrün,
      Hünərin var qapısından gir ömrün.
      Yuxusuna haram qatmış bir ömrün,
      Min yuxusuz gecəsindən gəlirəm.

      Süzülmüşəm tarixlərin ruhundan,
      Od almışam yananların ahından.
      İnsanların Adəmindən, Nuhundan,
      Cavanından, qocasından gəlirəm.

      Qorxusu yox nə amanın, nə ahın,
      Günəşi var hər açılan sabahın.
      Qapısında xidmətçiyəm Allahın,
      Qapısından, bacasından gəlirəm.

    • “Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub

      Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan ədəbiyyatşünaslığı” elmi jurnalının yeni nömrəsi (2023 №1) işıq üzü görüb. “Azərbaycan ədəbiyyatşünaslığı” elmi jurnalının baş redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir.

      Bu sayın ilk yazısı akademik İsa Həbibbəylinin “Anarın ədəbiyyat fəzası və gerçəklikləri” adlı məqaləsidir. Jurnalın məsul katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbovadır.

      Jurnal Azərbaycan ədəbiyyatını və onun tarixi inkişaf mərhələlərini araşdıran, bu mövzuda müasir və aktual tədqiqat işlərinin nəşrini həyata keçirən elmi-nəzəri nəşrdir. Jurnalda məqalələr Azərbaycan, rus, ingilis və türk dillərində dərc edilir. “Elm və təhsil” nəşriyyatında çap olunan jurnalın bu nömrəsi “Azərbaycan ədəbiyyatı”, “Folklorşünaslıq”, “Mətbuat tarixi”, “Yubileylər” və “Resenziya” bölmələrindən ibarətdir.

      “Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının beynəlxalq redaksiya heyətinə Türkiyə, Özbəkistan, Fransa, Gürcüstan, Tatarıstan, Hindistan, Polşa və Monqolustanın alimləri daxildir.

      Jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlərin siyahısına daxildir.

      Gülnar Səma

      Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

      İctimaiyyətlə əlaqələr şöbəsi