Day: Oktyabr 30, 2023

  • Azərbaycan Aşıqlar Birliyində hazırlanmış daha bir kitab işıq üzü görüb

    Azərbaycan Aşıqlar Birliyində (AAB) hazırlanmış daha bir kitab işıq üzü görüb.

    AZƏRTAC xəbər verir ki, AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun müəllifi olduğu “Şair Ağacan: ömür yolu, mühiti və sənəti” adlı bu kitab əslən Qərbi Azərbaycandan olub, sonradan ömrünün çox hissəsini Borçalıda yaşayan, ötən əsrin 30-40-cı illərindəki sovet repressiya maşınının qurbanlarından olan Şair Ağacanın həyat və yaradıcılığına həsr olunub.

    Ağacan Cabbar oğlu Cabbarlı 1876-cı ildə Qərbi Azərbaycanın Şorayıl mahalındakı Qarakilsə (Qaraisə) kəndində anadan olub. Erməni zülmündən yaxa qurtarmaq üçün sonradan Borçalıda (Gürcüstanın Marneuli rayonundakı Qaçağan kəndində) məskunlaşıb, ömrünün çox hissəsini burada yaşayıb-yaradıb. Borçalıda aşıq sənətinin inkişafında böyük xidmətləri olan Ağacan Cabbar oğlu 1943-cü ildə sovet hökuməti əleyhinə təbliğatda günahlandırılaraq həbs olunub, yalnız Səməd Vurğunun köməkliyi ilə həbsdən yaxasını qurtara bilib. 1949-cu ildə ikinci dəfə həbs olunub və Sibirə sürgün edilib. 1951-ci ildə Sibirdə sürgündə ikən vəfat edən Şair Ağacanın nəşinin qalıqlarını 1956-cı ildə bəraət aldıqdan sonra Borçalıya qayıdan həyat yoldaşı məzardan çıxararaq Vətənə gətirib və burada yenidən torpağa tapşırılıb.

    Şair Ağacanın yaradıcılığı indiyədək əsaslı şəkildə tədqiq olunmasa da, bu böyük saz-söz ustadının şeirləri və yaratdığı dastanlar bu gün də aşıqların repertuarında mühüm yer tutur.

    “Bakı Mətbəəsi” ASC-də yüksək poliqrafik tərtibatla nəşr olunmuş kitabın elmi məsləhətçisi Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, elmi redaktoru ADPU-nun Ədəbiyyat kafedrasının müdiri, dosent Razim Məmmədli, rəyçi folklorşünas alim, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli, tərtib edən isə Şakir Qurbandır.

    Mənbə: https://azerab.az/

  • Ustad aşığın şeirlər kitabı nəşr olunub

    Azərbaycan Aşıqlar Birliyində (AAB) ustad aşıqların yaradıcılığına daim böyük diqqət göstərilir, onların şeir, deyişmə və dastan yaradıcılığından ibarət kitablar nəşr olunur.

    AAB-dən AZƏRTAC-a bildirilib ki, bu sıradan olan növbəti kitab Şirvan aşıq mühitinin ustad sənətkarlarından olan Cavid Əmiraslanovun yaradıcılığına həsr olunub. Belə ki, ustad aşığın saz-söz ictimaiyyətinə sənət ərməğanı kimi bu günlərdə işıq üzü görən “Könüllər oxşayar sözü aşığın” adlı kitabda ustad aşığın gəraylı, qoşma, təcnis, müxəmməs və digər şeirləri ilə yanaşı, onun ayrı-ayrı aşıq və şairlərlə deyşmələrindən nümunələr də yer alıb.

    Xatırladaq ki, Cavid Səfəralı oğlu Əmiraslanov 1939-cu ildə İsmayıllı rayonunun Pirəqanım kəndində anadan olub. Şirvan aşıq mühitinin yetirməsi olan aşıq məlahətli səsi və özünəməxsus ifa tərzi ilə seçilməsi ilə yanaşı, həm də çoxlu dastan və rəvayətlər bilməsi ilə məşhurdur, kamil bir sənətkar kimi tanınır, bədii yaradıcılıqla məşğul olur.

    Aşıq Cavid eyni zamanda şəhid atasıdır – oğlu Bəxtiyar Əmiraslanov Birinci Qarabağ müharibəsində Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

    Kitabın redaktoru Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, rəyçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədlidir.

    Mənbə: https://azerab.az/