Day: Dekabr 5, 2023

  • “İçərişəhər” Qoruğu İdarəsi ilə Özbəkistanın “İçan-Qala” Dövlət Muzey Qoruğu arasında əməkdaşlıq protokolu imzalanıb

    “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQ) İdarə Heyətinin sədri Şahin Seyidzadə Özbəkistan Respublikasının Xarəzm vilayəti hökumətinin nümayəndəsi Maksud Bekçanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Qoruq İdarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki tarixi qoruq arasında “Qarşılıqlı Anlaşma və Əməkdaşlıq haqqında Protokol” imzalanıb.

    “İçərişəhər” DTMQ-nin İdarə Heyətinin sədri Şahin Seyidzadə və “İçan-Qala” Dövlət Muzey Qoruğunun direktor müavini Rustom Erniyazov tərəfindən imzalanmış protokolun əsas məqsədi iki qurum arasında mədəni irsin təşviqi, turizm və mədəniyyət sahələrində birgə tədbirlərinin təşkili istiqamətində əməkdaşlığın həyata keçirilməsi və bununla da iki ölkə arasında münasibətlərin genişləndirilməsi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə verməkdir.

    Sonra qonaqlar Qoruq İdarəsinin tabeliyində fəaliyyət göstərən “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzinin fəaliyyəti ilə tanış olub.

    Mənbə: https://azertag.az/

  • Xalq artisti Rəşid Behbudovun xatirəsinə həsr olunmuş konsert proqramı keçiriləcək

    Dekabrın 14-də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında əvəzolunmaz müğənni, Xalq artisti, Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun anadan olmasının 109 illiyi münasibətilə konsert proqramı təşkil olunacaq.

    AZƏRTAC xəbər verir ki, konsertdə Rəşid Behbudovun repertuarından mahnılar səsləndiriləcək.

    Tədbirdə Filarmoniyanın musiqiçiləri, solistləri ilə yanaşı Bakıdan da incəsənət nümayəndələrinin iştirakı nəzərdə tutulur.

    Mənbə: https://azertag.az/

  • İtaliya azərbaycanlıların gözü ilə: Bolonya

    Bolonya şəhəri İtaliyanın mərkəzi və şimal hissələrində yerləşən Emiliya-Romanya regionunun inzibati mərkəzidir. Bu ölkənin ən böyük əyalətlərindən birində Ferrara, Modena, Parma, Ravenna, Rimini kimi vilayət və şəhərlər də yerləşir. Emiliya-Romanya şəhərlərinin zəngin tarixi-mədəni irsi sayəsində bu əraziyə çoxlu sayda turistlər gəlirlər. Burada Adriatik dənizi sahilində istirahət etmək, yerli kulinariyanın Parmigiano Reggiano pendiri, ənənəvi balzamlı sirkə kimi ləziz yeməklərinin dadına baxmaq, Roma imperiyası dövrünə aid tarixi abidələrə baxmaq və ya “Ferrari”nin eyniadlı muzeyində super avtomobillərin ən yeni modellərini görmək mümkündür. Biz yuxarıda sadalananların bir çoxu ilə tanış ola bildik və aldığımız təəssüratları sizinlə bölüşməyə tələsirik!

    Premium sinfindən qatarlar və Bolonya Universiteti

    Emiliya-Romanya vilayətinin paytaxtı olan Bolonya zəngin tarixə, mədəniyyətə və ənənələrə malik izdihamlı şəhərdir. Bu şəhərin bir çox təxəllüsü var, onların bəziləri isə əyləncəlidir. Bolonya universitet köklərinə malik olduğu üçün “təhsil mərkəzi”, yerli mətbəxinə görə “şişman”, tikililərin damındakı kirəmitlərin rəngi sayəsində “qırmızı” şəhər də adlandırılır. İzdihamlı, səs-küylü və enerji ilə dolu şəhərin çılğın keçmişi var, amma, eyni zamanda, o, gələcəyə də inamla baxır.

    Mənbə: https://azertag.az/