Abdulla MƏMMƏD.”Bir dünya qüssəsən gözümdə mənim”

abdullamuellim

Dedin:”Yol acıqdır üzünə sənin,”
Dünya gözlərimdən düşdü bir anda.
Utandım baxmağa gözünə sənin,
Sözlərin üşütdü həyamı canda.

Nə idi istəyin,nə idi,de nə?
Payız tək saraldım bahar gözümdə.
Qınadım özümü hey dönə-dönə,
Sanki heçə döndü- nə var gözümdə.

Oduna qalanıb yolunda yandım,
Üstümə bir zərrə su çiləmədin.
Dərdinin önündə sipər dayandım,
Yaxşı ki səbrimə kül ələmədin.

Dünyamı yuxulu,mənmi yuxulu?
Səni sevməyim də yuxuymuş,demə.
Çiçəyin çırtlayıb yalan qoxulu,
Zərrəcə insafın yoxuymuş,demə!

Olan insafın da çəkilib göyə,
Daş əsri deyil ki,daşa dönəsən.
Göz də o göz deyil-gözümü döyəm,
Gözümdə həsrətdən yaşa dönəsən.

Ömrün payızında saralan güləm,
Dərdin ümidinə qoymusan məni.
Çətin ki sevinib ürəkdən güləm,
Sən ki dar ayaqda saymısan məni!

Bir dünya qüssəsən gözümdə mənim,
Dərdimin üzünə gülə bilmirəm.
Sən elə etmisən özümdən məni,
Daha özümə də gələ bilmirəm.

Dedin:”Səni anıb gəzməz ürəyim,
Daha mənim üçün quruca adsan”.
Səni ələmədi qüssə ələyim,
Yaxşı ki dar gündə dərdimə yadsan.

Azərbaycan.Quba.
26.12.2002.