(Şair-filoloq Elnur Rəsuloğlu Əliyevə)
Bu dəyirman darğaların…
Ver əlini çıxaq gedək.
Ögeyləşən doğmaların
Sol əlini sıxaq gedək.
Haram kalan, halal talan
Pərdələyir haqqı yalan.
Həqiqəti düzdə qalan
Doğruları yiğaq gedək.
Tərəzinin gözü əyri,
Söz verənin sözü əyri…
Düz dünyanın düzü əyri,
Əyilmədən çıxaq gedək.
Doğruya yalan dünyanın,
Oğruya talan dünyanın,
Əğyara qalan dünyanın
Qapısını çaxaq gedək.
Əməl sözə qənim olsa,
Gözəl gözə qənim olsa,
Əcəl düzə qənim olsa-
Gözünə düz baxaq gedək!
Azərbaycan.Quba