Deyişmə: Çingiz KÜRDƏMİRLİ və Nail DAĞLAROĞLU

n

Bu qıfılbənd Çingiz Kürdəmirlidən gəldi, açması Nail Dağlaroğludan

Çingiz Kürdəmirli:

Sual verim fikirləş cavabını,
Göstərginən dözümünü, tabını.
Çəkməginən cəhənnəm əzabını,
Söylə görüm sən kimə baş əyirsən?

Nail Dağlaroğlu:

Sual verdin, mən də verim cavabı,
Göstərəcəm məndə canımda tabı.
Çəkməməkçün cəhənnəmdə əzabı,
Namaz üsdə Allaha baş əyirsən!

Çingiz Kürdəmirli:

Dörd ünsürü nə cəmləyir özündə?
Nə kitabdır min hikmət var sözündə?
O nədir ki, qulaqları dizində?
Hansı dərdi heç kimlə bölməyirsən?

Nail Dağlaroğlu:

Hava, torpaq, od, su dünya üzündə!
O qurandır min hikmət var sözündə!
Çəyirtgədir qulaqları dizində!,
O dünyanın dərdini bölməyirsən!

Çingiz Kürdəmirli:

Əməlini kimlər yazır dəftərə?
Kimi görə biləcəksən bir kərə?
De hansı məkana, hansı bir yerə,
Bəyənib öz xoşunla gəlməyirsən?

Nail Dağlaroğlu:

Əməlləri mələk yazır dəftərə!
Əzrayıldır görəcəksən bir kərə!
Anadan olanda işıqlı yerə,
Dünyaya öz xoşunla gəməyirsən!

Çingiz Kürdəmirli:

O nədir ki, yaddan çıxmaz heç zaman?
Nəyindən olmayıb narazı qalan?
Nə zaman müqəddəs sayılır yalan?
Bəs nəyi sən bilirsən… bilməyirsən?

Nail Dağlaroğlu:

O adındır yaddan çıxmaz heç zaman!
Namazından yoxdur narazı qalan!
Ömür xilas etsən danış bir yalan!
Ölməyinin vaxtını bilməyirsən!

Çingiz Kürdəmirli:

Baldan şirin, zəhər kimi nədir, -nə?
Açılmayan səhər kimi nədir, -nə?
Belimizdə yəhər kimi nədir, -nə?
Nəyi qınayırsan, nəyi öyürsən?

Nail Dağlaroğlu:

Dəli eşqdir bal kimidir zəhəri!
O ölümdür açılmayır səhəri!
Belimizdə gəzir dərdin yəhəri!
Kədəri yox, sevlncini öyürsən!

Çingiz Kürdəmirli:

Yaxındakı nədir əllərin çatmaz?
Səninlədir, -sən yatırsan o yatmaz?
O nədir ki, gedir birdə qayıtmaz?
O nədir ki, bircə dəfə geyirsən?

Nail Dağıaroğlu:

Fikir yaxındadı əllərin çatmaz!
O ürəkdir, sən yatarsan, o yatmaz!
Cavanlıqdır gedər geri qayıtmaz!
O kəfəndir bircə dəfə geyirsən!

Çingiz Kürdəmirli:

Nəyin cisminilə eyni yaşdadır?
O nədir ki, əzəl gündən qoşadır?
Çingiz üçün söylə hansı guşədir?
Ömür sürə təmənnasız deyirsən?

Nail Dağlaroğlu:
Canın cisminilə eyni yaşdadır!
Xeyirlə şər əzəl gündən qoşadır!
Nail ücün dünya cənmınət guşədlr,
Ömür sürə təmənnasız deyirsən!

25.12.2016.