qsm

Şaxta baba, sən Allah, gəlmə biz tərəflərə!

Bizə qaz çəkilməyib, odun da yoxdu vallah
Tək odun dərdi deyil, qayğımız çoxdu vallah!
Sənin hənirin gəlir, dəhşət soyuqdu vallah ,
Bizdə sıfırdı rifah, gəlmə biz tərəflərə ,
Şaxta baba, sən Allah, gəlmə biz tərəflərə!

Bir az külək əsəndə işığı söndürürlər ,
Məmurlar bu milləti soyuqdan öldürürlər!
Dolları qaldırırla, manatı endirirlər ,
Xeyirlə açmır sabah, gəlmə biz tərəflərə ,
Şaxta baba, sən Alla, gəlmə biz tərəflərə!

Sən gələndə uşaqlar evdə də tir-tir əsir,
Həyətə düşmək olmur, şaxta qılınctək kəsir
Onsuz da bu hökumət bizi edibdir yesir ,
Sən də qazanma günah, gəlmə biz tərəflərə
Şaxta baba, sən Allah, gəlmə biz tərəflərə!

Qalib deyir,nədənsə hər işimiz axsayır ,
«Analoqsuz inkişaf » elə yerində sayır !
Gəlişinlə kasıblar bir az da kasıblayır
Әrşə ucalıbdı « ah » , gəlmə biz tərəflərə ,
Şaxta baba, sən Allah , gəlmə biz tərəflərə !

Manatla

( Tofiq in əvəzindən )

Sarıb səmamızı qara buludlar,
Sabaha güman da öldü manatla!
Heç oldu , puç oldu əllərdə nə var
Az olan imkan da öldü manatla!

Qeybə çəkilibdi haqqla ədalət,
Bürüyür ölkəni zülüm, zəlalət!
Daha əlli faiz artdı səfalət,
Ac Azərbaycan da öldü manatla!

Yenə dağılacaq neçə yuvalar ,
Bizə qan ağladır zatı yavalar !
Arxivə gedəcək bütün tavalar ,
Çömçə də , qazan da öldü manatla !

Ta verir bu xalqa belə məsləhət,
Hadı Rəcəbli ki , edin qənaət!
Daha insanlıq da olacaq qəhət,
Hörmət , ehtişam da öldü manatla!

Qalib Şamxaloğlu düşübdü dərdə
İnsan insan kimi yaşamır Yerdə!
Kimsə gəlməyəcək insafa bir də ,
Tərazi mizan da öldü manatla!