Rahilə DÖVRAN.Yeni şeirlər

rahileanam

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

LÖVHƏ

Dünən bir anda yaz havası yaman dönmüşdü..

Bir anda tutuldu göylərin üzü,
Çaxdı çəkicini zindana şimşək.
Buludlar qərq etdi dərəni,düzü,
Çətrinə sığındı çöldə hər çiçək.

Sevincdən parladı cadar sifəti,
Göylərə göz dikən susuz torpağın.
Gurşada qovuşdu ülvi niyyəti,
Rənginə-rəng gəldi, hər bir yarpağın.

Buludlar sildilər göz yaşlarını,
Günəş də boylandı dağın çiynindən.
Dağlar tutammadı quzey qarını,
Ağ əba sürünüb düşdü əynindən.

Dağ çayı düzlərə meydan oxudu,
Köpüklü dalğalar gürz,ox,nizə.
Bu qüvvə önündə duran yox idi,
Qəzəbin tuşladı gölə,dənizə.

Tutaraq əlindən qövsü-qüzehin,
Günəş kəhkəşana sirli yol açdı.
Jalə muncuğundan nurlu təsbehi,
Çayırlar ,çəmənlər boynuna asdı.

Yenə üzü güldü çiçəyin,gülün,
Quşlar qanadlanıb uçdu yuvadan.
Bənizi duruldu sonalı gölün,
Yaratmaq eşqiylə çağladı Dövran.

DİLLƏRDƏ GƏZƏ

Ömürdən- gündən

Əlli zirvəsidir insan yaşının,
Zirvədən baxılar enişə, düzə.
Bərk tutub əlindən can sirdaşının,
Allahın izniylə çatasan yüzə.

Fürsət verməyəsən zalım fələyə,
Salsın fitnəsiylə səni kələyə.
Həyatda çatmaqçün arzu, diləyə,
Qatasan gecəni nurlu gündüzə.

Bələdçi tutasan düz əməlləri,
Açasan dərgaha təmiz əlləri.
Ruhunu oxşaya səmum yelləri,
Gələsən hər zaman Haqqla göz-gözə.

Yurdda örnək ola təmiz əxlaqın,
Gəzəsən üzü ağ, həm açıq alın.
Təqdirin alaraq Dövranın, xalqın,
Adın əzbər ola dillərdə gəzə