Rafiq ODAY.Yeni şeirlər

Sənin adın dərddi, bəlli, dərmanını məndə gəzmə,
Kənar dolan, ölüm adlı fərmanını məndə gəzmə.

Ər manları, nər manları yetişdirən torpağam mən,
Hər man olan kişidirmi? – Hər manını məndə gəzmə.

Gör haçandı dənliyini doldurmusan zəhr ilə sən,
O zəhəri boşaltmağa xırmanını məndə gəzmə.

Alışırsa əgər nəfsin qızıl alma sevdasıyla,
Buyur onda Qaf dağına dırman, onu məndə gəzmə.

Düz yüz ildi, çanağında nahaq qanlar daşıyırsan,
Mən Vətənə deyikliyəm, qurbanını məndə gəzmə.

Mən Ramillər, Mübarizlər bəsləyirəm sinəm üstə,
Vartan adlı, Petros adlı “çurban”ını məndə gəzmə.

Əbədiyyət Günəşiyəm – Odum bəlli, Ayım bəlli,
Sənsə zülmət beşiyisən, qürb anını məndə gəzmə.

BU DAŞ ATILAN DAŞ DEYİL

İstər kölə ol, istər hürr,
Bu daş atılan daş deyil.
Darıxmaq alında möhür,
Bu daş atılan daş deyil.

Ruhun tir-tir əsirsə də,
Nə müəmma, nə sirsə də,
Araya şeytan girsə də,
Bu daş atılan daş deyil.

Ələ yatmayır tiyəsi,
Yox bu məchulun niyəsi.
Ağ etmə, ağıl yiyəsi, –
Bu daş atılan daş deyil.

“Ya Rəbb” de, göylərə əl aç,
Eşqdir hər dərdə əlac.
Aç, göylərdən dər də əlac,
Bu daş atılan daş deyil.

Ürək kövrək, qəlb incədi,
Nə yazmısan qəlbincədi.
De, kimdən bu qəlb incidi?-
Bu daş atılan daş deyil.

Tərpətmə kül altda qoru,
Ruhunu səbrində qoru.
Rəvandı təbin də, qoru,
Bu daş atılan daş deyil