Şəfa VƏLİYEVA.”Sarı çiçəyin sevdası, yaxud Oncallıdan Sarıköyə gedən yol”

sxv

“Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

Sədnik Paşa Pirsultanlı yaradıcılığında Yunis Əmrə məqamı

Sədnik Paşa Pirsultanlı bir elm adamı, Türk dünyasını, Turan ellərini başdan-başa dolaşmış, öz soy-kökünə bağlı bir Türk oğlu kimi,Yunis Əmrəyə olan sevgisini ürəyində daşıyırdı. Bu sevgini harda bir sarıçiçək görsə? nəmlənən gözləri anladırdı. Ardınca da “Yunis Əmrənin sarıçiçəyi…” deyərdi. 2013-cü ildə Gəncədə nəşr olunmuş “Pirsultan Soyları, Pirsultan Köyləri” adlı kitabın 96, 97, 98, 99-cu səhifələrində folklorşünas alim, filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlı “Sarıçiçək” əhvalatını qələmə almış, sarı ləçəkləri şehə bələyən nisgilini anlatmışdır: (1)

…Hacı Vəli Bektaşinin zamanında aclıq və yoxsulluq hökm sürsə də, İslam dininə inam çox güclü idi. Gənc Yunis Əmrə Hacı Vəli Bektaşinin yanına gəlir. Hacı Vəli Bektaş-i deyir:
– Sənə din verim, yoxsa dən?
Yunis Əmrə cavab verir:
– Mənə dən ver.
Lakin bayıra çıxanda daxilən peşman olur və öz-özünə deyir:
– Mən dəni bir-iki günə yeyib qurtaracağam, çox səhv etdim. Gərək mən dən yox, din-inanc istəyəydim.
O, Hacı Vəli Bektaşinin yanına qayıdıb peşmançılığını bildirir. Hacı Vəli Bektaşi deyir:
– Artıq mən səni qəlbimdən çıxardım. Bozdağın o üzündə Tapdıq Əmrə yaşayır, get onun yanına.
Yunis Tapdıq Əmrənin yanına gedir və çox keçmir ki, təhsilini başa vurur. Yunis Əmrə təhsil aldığı yoldaşları ilə birgə Tapdıq Əmrənin tapşırığı ilə Qaraman dağlarından çiçək toplamağa gedir. Tapdıq Əmrədən dərs alan tələbələrin hər biri bir qucaq çiçək dərib gətirirlər. Yunis Əmrə isə tək bircə sarı çiçəyi kökündən üzüb gətirir. Tapdıq Əmrə Yunis’dən soruşur:
– Övladım, sənin mənə məhəbbətin o qədər azdır ki, bir çiçək dərib gətirmisən?
Yunis Əmrə cavab verir:
– Bütün çiçəklər namaz üstdə idi. Təkcə bu sarıçiçək namazdan qalmışdı. Çiçək qaibanə səslə: “Yunis, mən namazdan qalmışam, məni qopar”- dedi.
Tapdıq Əmrə dedi:
– Mənim axtardığım həmin sarıçiçək idi. Məndən nə istəyirsən?
O, başını sinəsinə əydi. Yoldaşları yerbəyerdən dilləndilər:
– O, sənin qızın Güldəstəni istəyir.
Yunis Əmrə ilk şeir kitabının üstünə “Güldəstə” yazmışdı.

“Əmrə” sözünün açımı da maraqlıdır. Həccə, Məşhədə, Kərbəlaya ziyarətə getmədən müqəddəslik mərtəbəsinə çatan adamlara Əmrə deyilir.
Deməli, Tapdıq Əmrənin, Yunis Əmrənin yaşadığı zamanda nəinki insanlar, Türkiyə torpağı da, onun üstündə bitən çiçəklər də namaz qılırmış .
Daha sonra professor Sədnik Paşa Pirsultanlı Qırşəhrində, Boz təpənin üstündə olan Yunis Əmrənin məzarını ziyarət etdiyi zaman bu əhvalatı danışdığını yazır:
…Bu söhbət Yunis Əmrənin qəbri ətrafına toplaşan, qurban kəsən insanları heyrətləndirdi. Mən özüm də bulud kimi doldum, duyğulandım, elə oradaca “Sarıçiçək” adlı şeirimi yazdım:

Mən Qaraman dağlarını dolaşdım,
Bilməm, hansı çəmənzara getmisən?
Ay Yunis Əmrənin sarı çiçəyi,
Necə olub ürəyimdə bitmisən?

Gözəlliyin valeh edir insanı,
İlqara düz, sənin kimi dost hanı?
Ay Yunis Əmrənin dini, imanı,
Elə bilmə xəyalımdan getmisən.

Qırşəhrində, Boz təpənin başında,
Sarıçiçək gördüm məzar daşında.
Sədnik kimi baş əyən çox qarşında,
Yunis Əmrəm, xoş vüsala yetmisən.

Sədnik Paşa Pirsultanlının təkcə bu şeiri bəs edir ki, onun Yunis Əmrə şeirinə, poeziyasına, ruh incəliyinə bələdliyini istər bu günkü oxucularına, istərsə də gələcək Türk nəsillərinə anlatsın.

Azərbaycanın Qax rayonu Oncallı kəndindəki Hacı Tapdıq və Şeyx Yunis Əmrə ziyarətgahı

Azərbaycan elə bir ölkədir ki, Gündoğan öz sevgi ərməğanını Günbatana günəş dolanıb qürub edərkən məhz bu ölkənin ərazisindən göndərir. Bu ərməğanın sevgi ətri də ölkəmizin hər qarışına səpələnərək, Azərbaycanı Odlar yurduna, Şərqin gözəlinə çevirib. Və Şərqin gözəli nağılvari gözəlliyinin bir nəsnəsini də şeiriyyətdən alır.
Bu gün sevgiylə andığımız Yunis Əmrənin şeirləri Azərbaycanda da dillər əzbəridir. Yaşlı nənələr, babalar mövsüm-mərasim adətlərində Yunisdən bir-iki söz söyləmədən keçməzlər.
Ancaq ən maraqlısı Azərbaycanın Qax rayonu Oncallı kəndində olan “Hacı Tapdıq və Şeyx Yunis Əmrə ziyarətgahı”dır. Meşəlik bir ərazini əhatə edən ziyarətgahın yarandığı tarix dəqiq məlum olmasa da, yerli əhalinin söylədiyinə görə qəbirlər XIII, məzarlığın ziyarətgah kimi formalaşması XIV əsrdə aiddir.
Azərbaycanda ilk dəfə məzarları Məşədixanım Nemət tədqiq etmiş, bu haqda “Azərbaycanda pirlər” adlı kitabında da yazmışdır. Məzarlığın Oğuz qəbiristanlığı adlandırılmasını da ilk olaraq onun kitabında oxuyuruq. (2)

“Hacı Tapdıq piri və Şeyx Yunis ziyarətgahı Qax rayonunun Oncallı kəndindəki Oğuz qəbiristanlığındadır”.

M.Nemətin bu məlumatından sonra xanəgahı ziyarət etməkdə borclu olduğumuzu sandıq. Qax rayonunda ziyarətgah barədə Qax rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Mahir Əfəndi müəllifi olduğu “Həqq Didarın görən şair-Yunus Əmrə haqda…” adlı məqaləsində Oncallı kəndinin adının əncə/incə tayfasının adı ilə bağlı olduğunu göstərir. (3) Və bu tayfanın qıpçaq tayfası olduğunu vurğulayır. Əslində, bu variantın mümkünlüyü yerli əhalinin yaşam tərzinə, məişətinə əsaslanan rəvayətləri gözə almadan təsdiq edilə bilər. Lakin, tarixdən də məlumdur ki, qıpçaqlar əvvəllər Altayda yaşamışlar. (4) Onların Azərbaycan ərazisinə gəlişi isə mübahisəli olaraq qalır. Çünki, ayrı-ayrı müəlliflər fərqli tarixlər qeyd edirlər. Mahir Əfəndi öz məqaləsində tədqiqatçıların bir fikrinə əsaslanır ki, bu da Qax ərazisində məskunlaşan qıpçaqların şamançılıqla məşğul olması, onlar arasında İslam dininin təbliğində sufi-dərvişlərin, xüsusilə, şair-ozanların rolunun danılmazlığıdır. Yunis Əmrə də burada şair-ozan kimi islamı yaymışdır.
Nadir Ziyadlı da “Yunis Əmrə’nin XI qəbri və yaxud dumanlıq və toranlıqlardan boylanan işıq…” məqaləsində Oğuz qəbristanlığının yerləşdiyi bölgə haqqında yazır: (5)

…Bölgə haqqında ilk məlumatlar antik dövrün “tarixin atası” sayılan Herodotun yazdığı “Tarix” kitabından gəlir. Belə ki, bu mənbədə bölgə “behişt vadisi” adlandırılır.

Həmçinin, Qax rayonunun Oğuz Türklərinin qədim yaşayış məskənlərindən olduğunu vurğulayır. Elə bu yerdəcə yenidən dumanlı bir məqam qarşımıza çıxır. Murad Adcı Altaydan gələn axından söz açdıqda onun dediklərindən belə çıxır ki, Türklər eramızın I əsrinə qədər bir tayfa kimi Altayda yuva salmış, onların ilkin beşiyi Altay olmuşdur. Və Yer üzünə buradan yayılmışlar. Ədəbiyyatşünas, dilçi, professor, 200-ə qədər elmi və elmi-publisistik məqalənin müəllifi Qəzənfər Kazımov isə yazır: (6)
…Türk etnoslarının Azərbaycan ərazisində-şumerlərin qonşuluğunda yaşaması zəngin toponim və antroponimlər əsasında bir fakt kimi təsdiq olunur.
Hətta, Azərbaycan ərazisinə türk tayfalarının axınının Hunlardan daha öncəyə gedib çıxmasını, e.ə. VIII-VII əsrlərdə Şərqdən qərbə ilk böyük Türk axınının kimmer-skit-sak tayfalarının axını olduğunu qeyd edir.
Demək ki, qıpçaqların erkən orta əsrlərə aid edilən böyük köçündən çox əvvəl Azərbaycan əraziisində türk tayfaları yaşamışlar. Bu səbəbdən də, Oncallı kəndinin toponiminin qıpçaqların əncə/incə tayfasının adından qaynaqlandığını ilkin variant hesab edirəm. İkinci variantı isə xalqın yaşayışını, məişət adət-ənənələrini əsas götürməklə onların öz dilindən eşitdiyim rəvayətə söykəyirəm.
Hacı Tapdıq və Şeyx Yunis Əmrə ziyarətgahının imamı, el arasında Nəzir əfəndi kimi hörmət qazanan Məmmədov Nəzir Xurşud oğlu bu haqda belə deyir:
– Bu ərazidə yaşayanlar bizim əcdadlarımız, Oğuz Türkləri olub. Qıpçaqlar sonradan gəlib, qaynayıb-qarışmışlar. Bu kəndin camaatı bir az qoçaq, işə-gücə ərinməyən, qorxmaz camaat olub. İşə də ürəklə yanaşıblar. O vaxt, hələ at arabası olmayan vaxtlarda, burda əl arabaları düzəldiblər. Asan olsun deyə çiyində yük daşıdıqları arabanı sonradan yekəldərək on nəfərin birgə işləməsinə şərait yaradıblar. Yəni, əvvəlcə arabalar iki, dörd callı idisə, bunlar on callı araba hazırlayıblar. Cal-arabanın altında uzanan, əl tutmaq üçün nazik ağacdan düzəldilən çıxıntılardır. Bu araba ilə asanca çox yük daşındığını görən qonşu kəndlər də on callı araba düzəltdirmək üçün bu kəndə gəliblər. Beləcə, yük arabasına görə kəndə gediş-gəliş artıb, kənd də Oncallı adlanıb.
Demək ki, qıpçaqların erkən orta əsrlərdə Orta Asiya’dan köçündən daha əvvəl, yaşı bilinməyən bir zamanda bu kənd-Oncallı mövcud imiş.
İndi məhz bu Oncallı kəndi, qədim Oğuz yurdu “Hacı Tapdıq və Şeyx Yunis Əmrə” ziyarətgahı ilə bütün Türk dünyasından gələn ziyarətçilərini qəbul edir.
Ziyarətgahda addımını içəri qoyan kimi qırağı bir metr hündürlükdə çay daşlarından hörülmüş divarla əhatələnmiş Hacı Tapdıq babanın məzarı ilə üzbəüz dayanırsan. Yalnız yaxınlaşıb kiçik divardan baxdıqda çox da hündür olmayan baş daşını və onun arxasındakı kitabəni görmək olur.

Hacı Tapdıq babanın qəbri üstündəki kitabəni M. Nemət belə oxumuşdur:
“Rəhimli və mərhəmətli Allahın adıyla. Hər iki dünyanın rəbbinə həmd olsun. Onun yaratdığı Məhəmmədə və onun nəslinin hamısına salam və salavat. Bu evi (qəbr evini-M.N.) Şeyx Mirzə ibn Çələbi və Şeyx Salman ibn Saleh 1207-ci ildə bina etdirmişdir” .

Ehtimallar var ki, adı çəkilənlər Hacı Tapdığın ya müridlərindən, ya da elə onun öz nəslindən olmuşdur. Bu fikri ona görə cəsarətlə deyirəm ki, Nəzir əfəndi bir vaxtlar məzarlıqda Hacı Tapdığın atası Hacı Məhəmmədin də kitabəsinin olduğunu deyir. Lakin, sonralar 6 hektarlıq bir ərazidə qayadan yonulmuş nazik baş daşını tapmaq mümkün olmayıb. Məzarlığın bir hissəsini gəzərkən yəqinimiz bu oldu ki, əsrlərə sinə gərib dayanan nazik və kövrək sinə daşlarının qırılması, hətta, parçalanıb torpağa qarışması labüddür.
Hacı Tapdıq babanın baş daşı və kitabəsi olduğu kimi yerində durur. Lakin, Yunis Əmrənin ondan bir az solda yerləşən qəbrinin kitabəsi də sonradan itmişdir. M. Nemət 1991-ci ildə, Yunis Əmrə’nin 750 illik yubileyi ilə əlaqədar Türkiyə mədəniyyət işçilərinin bir qrupunun Oğuz qəbristanlığında olmasını, lakin bu kitabəni tapa bilmədiklərini yazır. Ancaq, nə yaxşı ki, bundan daha öncə M.Nemət o kitabənin üzünü oxumuş, tərcümə etmiş, öz arxivində saxlamışdır. Bu gün Yunis Əmrə’nin məzarı üstündəki kitabə məhz M.Nemətin arxivindəki surətə uyğun bərpa edilmişdir. Hazırda ziyarətçilərin marağına səbəb olan kitabənin tərcüməsini də tədqiqatçı xanım öz kitabında qeyd edir:
“Biz torpaqdan günahsız yaranmışdıq, torpağa isə günahkar qayıdırıq. Bu qəbri, mərhum Şeyx Yunis’in xatirəsini əziz tutmaq üçün, Mirzə ibn Çələbi məşhur Soltan ibn Saleh ibn Məhəmməd ibn Məhəmməd Zaman (ibn) İmam Əli-Allah onları bağışlasın-821 il tarixdə bina etdi”.

Və Yunis Əmrənin qəbri də öz ustadı kimi zamanla ziyarət edilir. Ancaq, həmişə ustadından sonra… Türk mənbələrindən oxuduğum qədəriylə Yunis Əmrə və onun həyatı, yaradıcılığına tədqiqatçılar daha çox diqqət edirlər, nəinki onun ustadı Tapdıq Əmrəyə. Oncallıda, ətraf kəndlərdə, eləcə də, Azərbaycan’ın hər yerində bu ziyarətgahdan danışarkən Yunis’dən öncə sayğı və sevgiylə Hacı Tapdıq yad edilir. Ona sonsuz ehtiramın göstəricisi kimi “baba” deyilir. “Baba” sözü Azərbaycan’da, həm də, bir növ aqillik, nuranilik, müdriklik göstəricisidir. Yerli əhalinin inancına görə, Tapdıq baba məhz burda, indi məzarlıq yerləşən 6 hektarlıq ərazidə dünyaya göz açıb. Atası Hacı Məhəmməd dövrünə uyğun ilahiyyat elminə bələd, müqəddəs məkanları ziyarət etmiş bir şəxs olub. Oğlu Tapdığın da təhsilinə diqqət ayırıb. Elə bu səbəbdən də, o, Tapdığı öncə müqəddəs yerləri ziyarət etməyə, sonra da Türkiyə’yə, öz elmini dərinləşdirməyə göndərir. Məhz bu səfəri zamanı Tapdıq Hacı Vəli Bektaş-i ilə tanış olur. Eyni zamanda, öz dərin biliyi, müdrikliyi ilə könüllərdə yuva qurur. Təhsilini tamamladığını yəqin edəndə öz vətəninə-Azərbaycan’a dönür. Yunis Əmrə’nin Hacı Tapdıqla tanışlığı isə bundan sonra baş verir. Hamımıza məlum olan rəvayətdən də anlaşılır ki, Hacı Vəli Bektaşi Hacı Tapdığı yüksək qiymətləndirirmiş. Elə buna görə də Yunis’i onun yanına göndərir.
Nəzir əfəndi öz söhbətində Yunis’in tək yox, altı imamla birgə gəldiyini deyir. Ancaq, nə yazıq ki, yaddaşlarda onlardan yalnız üçünün adı qalıb:
1. Şeyx Çələbi (Güman ki, kitabələrdə adı çəkilən Çələbilər onun nəslindəndir)
2. Şeyx Salman (Yunis Əmrənin kitabəsindəki Salman ibn Saleh onun nəslindən ola bilər)
3. Qıpçaq Məlik (bunun da, əslində, yaxında yaşayan qıpçaqlardan olması mümkündür)

Hacı Tapdıq bu gün yazılı mənbələrin əksərində haqqında səthi məlumat verilən bir şəxs olsa da, əslində,Yunis Əmrə kimi bir şairin, şəxsiyyətin, və ya, “vəhdəti-vücud”a tapınan bir ilahiyyatçı alimin (Yunisin düşüncələri və fəlsəfəsinə əsasən belə deyə bilərik) yetişməsində onun rolu daha çoxdur və təqdirəlayiqdir.
Yunis’in Oncallıya gəlişi haqda da məlumat xalq yaddaşında silinməzliyə qovuşub. Nəzir əfəndinin dediyinə görə, Yunis Hacı Tapdığ’ı çox axtarmış, nəhayət, gəlib tapmış, 40 il onun qapısına odun daşımışdır. Təbii ki, bu 40 il öz ustadından bəhrələnərək kamilləşməyə doğru getmişdir. Yunisin Oncallıdakı yaşamına aid bir çox rəvayətlər vardır.
…İlin qış fəsli imiş. Hacı Tapdıq Kəbəyə səfər edir. Bir neçə mübarək övliya ilə oturub mövludnamələrini oxuyurlar. Ramazan ayı olduğu üçün iftara əyləşirlər. Övliyalardan biri deyir:
-Tutlu, südlü aş olsa yeyərdim.
Bu dəm Oncallıda Yunis Əmrəyə hər şey əyan olur. O, Hacı Tapdığın xanımına yaxınlaşıb:
-Tutlu aş bişir, süd də qat, mürşidim istəyir-deyir.
Xanım aşı bişirməyə hazırlaşır. Qeybdən tut da, süd də Allah-Taalanın əmriylə hasil olunur. Şər qarışan vaxtı xanım aşı məcməyiyə çəkir, süfrəyə büküb Yunis’ə uzadanda təlaşlanır:
-Oğul, gecə vaxtı necə gedəcəksən?
Yunis Əmrə cavab vermək yerinə qapıya yaxınlaşır. Bu dəm qapı açılır və xanım heç vaxt görmədiyi bir cüt başmağın astanada durduğunu görür. Yunis başmaqları geyib yox olur. Kəbədə övliyalar iftarı açıb “Qur’an” oxuyurmuşlar. Birdən qapı döyülür. Hacı Tapdıq deyir:
-Qapının iki tayını da açın. Yunis aşı gətirdi.
Övliyalar əvvəlcə inanmasalar da, Yunis’i əlində məcməyi görəndə susurlar. Yunis süfrəni açıb qapıdan çıxır. Az sonra Oncallıya dönür…
Başqa bir rəvayətdə isə Yunis’in Kəbə səfərindən söz açılır:
…Hacı Tapdıq Yunis’ə Kəbəyə getməyi məsləhət görür. Yunis də təhsil almaq üçün Kəbəyə gedənlərə qoşulur. Bir müddət sonra gedənlərdən biri kəndə qayıdır. Yunis balaca bir mücrünü ona verir ki, ustadına çatdırsın. Gələn adam mücrünü Hacı Tapdığa verir. Tapdıq baba tez bütün kəndə xəbər salır, hamını həyətinə yığır və deyir:
-Yunis mənə hədiyyə göndərib. Onu sizin yanınızda açmaq istədim.
Tapdıq baba mücrünü açanda hamı heyrətdən içini çəkir. Mücrüdən bir çəngə pambıq və üstündə də bir tikə qıpqırmızı od çıxır. Hacı Tapdıq baba pambığı üstündəki odla birgə ovcuna alır. Üzünü göyə tutub deyir:
-Allahım, mən bu hikmətin açılmayacağına and içirəm.
Həmin an pambıq od tutub yanır. Tapdıq babanın əli isə yanmır, sadəcə qaralır. Pambığın Kəbədən Oncallıya gələn yolda yanmamasının hikməti isə açılmamış qalır.
Hacı Tapdıq baba və Şeyx Yunis Əmrə’nin arasındakı bu hikmət onların missiyasına, həyat ideologiyasına çevrilir. Yunis’in ən böyük eşqi Allah eşqidir, bu danılmazdır. Lakin, söylənilən rəvayətlərdə onun ustadının qızı Güldəstəyə olan hissləri də eşq adıyla yer alır.
Professor Sədnik Paşa Pirsultanlı’nın yaradıcılığındakı məqamı xatırlayaq ki, dəyərli folklorşünas Yunis’in öz şeir kitabına Güldəstə adını verməsini qeyd edir. Nəzir əfəndinin danışdığı daha bir rəvayətdə də Güldəstəyə olan eşqin İlahi eşqin hikmətinə yenildiyinin şahidi oluruq.
… Yunis İmrə Tapdıq babanın qızını istəyir. Güldəstənin də Yunis’ə meyli varmış. Hacı Tapdıq baba bu izdivaca razılıq vermir və deyir:
-Əgər bu evlilik olsa, mürşüd-mürid arasındakı sirr açılacaq.
Bundan sonra Yunis ustadının yanından ayrılır və özünün də dediyi kimi, 3 il Rum ellərində yaşayır:

Haktan gelen şerbeti içtik Elhamdü lillâh
Şol kudret denizini geçtik Elhamdü lillâh

Şu karşı ki dağları, meşeleri, bağları
Sağlık, safalıkla aştık Elhamdü lillâh

Kuru idik yaş olduk, ayak idik baş olduk
Havalandık kuş olduk, uçtuk Elhamdü lillâh

Vardığımız illere, şol sefa gönüllere
Halka Taptuk mânisin, saçtık Elhamdü lillâh

Beri gel barışlalım, yâd isen bilişlelim
Atımız eğerlendi, eştik Elhamdü lillâh

İndik Rûm’u kışladık, çok hayr-ü şer işledik
Üş bahar geldi, geri göçtük Elhamdü lillâh

Derildik pınar olduk, irkildik ırmak olduk
Aktık denize daldık, taştık Elhamdü lillâh

Taptuğun tapusunda, kul olduk kapusunda
Yunus Miskin çiğ idik, piştik Elhamdü lillâh

Məlumdur ki, Rum elləri Türkiyə’nin Ərzurum’dan İstanbula qədər olan ərazisidir. Rumdan yuxarı ellər isə Qars və Qafqaz dağlarıdır. Demək ki, Yunis Əmrə öz ustadından ayrılaraq Rum ellərini gəzmiş, burda da Hacı Tapdıq babanın haqqına sadiq olmuş, onun ideyalarını yaymaqla məşğul olmuşdur. Ancaq onun ustadından ayrılığı uzun çəkməmiş, üç ildən sonra geri dönmüşdür.
Hacı Tapdıq baba və Yunis İmrənin ölümü haqdakı rəvayətlərdə isə bilinəndən fərqli bir nüans olmadığı üçün xüsusi qeyd etməyi rəva bilmədik. Bilinən odur ki, hər iki övliya vəfat edəndən az sonra Oncallı kəndinin əhalisi kütləvi şəkildə xəstəlikdən vəfat edir. Sağ qalan əhali köhnə kənd yerinə ölülərini dəfn edib, məzarlıqdan çox da uzaqlaşmayaraq elə onun həndəvərində yeni yurd salırlar. Hazırkı Oncallı salınan yeni yurd yeri, Oğuz qəbiristanlığı isə köhnə, əsl Oncallının yeridir. Və bundan sonra məzarlıq müqəddəs məkan, Hacı Tapdıq babanın və Şeyx Yunis İmrə’nin məzarları isə ziyarətgaha çevrilir.

Uzun əsrlərdir ki, bu məkana ziyarətə gələn hər kəs Yunis Əmrə’nin Hacı Tapdığa daşıdığı odunun rəmzi olaraq bir şələ odun gətirir. Hazırda uzaq yoldan gəlib odun gətirə bilməyənlərə məzarlıqdakı qurumuş ağacdan kəsib ocaq qalamağa icazə verilir. Yəni, Yunis Əmrə’nin “öz odun”ları hələ də onu ziyarət edənlərin əlindən tutur.
Yunis Əmrə’nin kitabəsinin üstündəki sözlərin əbəs yerə yazılmadığını da bu gün yaddaşlarda yaşayan kiçik söyləntidən anlamaq olur:
…Yunis Əmrə son nəfəsində deyir:
-Dünyaya gəldim, günahsız gəldim, dünyadan gedirəm, günahlı gedirəm.
Ziyarətgahın yerləşdiyi Oğuz qəbristanlığında əksər sinə daşlarının tarixləri 1211-1212-ci illəri göstərir ki, bu da məzarlıqda uyuyanların, həqiqətən, xəstəlik səbəbindən kütləvi şəkildə vəfat etmələrini təsdiq edən faktdır. Sinə daşlarının eyni cür yonulması, yazıların yarı ərəb-yarı farsca eyni düzümdə olması bizi belə bir nəticəyə gəlməyə sövq edir ki, bütün sinədaşları eyni ustanın əlindən çıxıb.
Ziyarətgaha olan güclü inam Hacı Tapdıq baba və Şeyx Yunis Əmrə’nin məzarları yanındakı ağacların “niyyət ağacı” sayılmasıdır. Niyyət tutanlar bu ağaclara yaylıq, saç bağı, əl dəsmalı bağlayırlar.

Oncallı kəndindəki bu ziyarətgahı Türkiyə Prezidenti sayın Abdullah Gül də 2010-cu ilin avqustunda ziyarət etmiş, hər iki məzarın üzərinə gül dəstəsi qoymuşdur.

Oğuz qəbiristanlığının bu müqəddəs guşəsi bütün Türk dünyasının ziyarət etdiyi Yunis Əmrə məqamlarından daha biri kimi tədqiqata ehtiyac duyur…

Şəfa Vəli Oğuz qəbiristanlığı 17 aprel, 2014

Ədəbiyyat:

1.Sədnik Paşa Pirsultanlı. “Pirsultan soyları, Pirsultan köyləri”, Gəncə-2013. Səh.96-99
2. Məşədixanım Nemət. “Azərbaycanda pirlər”. Azərbaycan Dövlət Nəşriyyat—Poliqrafiya Birliyi. Bakı -1992. Səh. 94
3.Mahir Əfəndi. “Həqq Didarın görən şair-Yunis İmrə haqda…” məqaləsi
4.Murad Adcı. “Qıpçaq çölünün yovşanı” (Professor Tofiq Hacıyevin tərcüməsində və redaktəsi ilə).2006
5. Nadir Ziyadlı. “Yunis İmrənin XI qəbri və yaxud dumanlıq və toranlıqlardan boylanan işıq…” məqaləsi
6.Qəzənfər Kazımov. Seçilmiş əsərləri. (10 cilddə) VI cild, Bakı-2008. Səh. 407. “Erkən orta əsrlərdə Azərbaycan xalqının və dilinin təşəkkülü” məqaləsi.