* * *

Yorğun ürəyimi də götürüb,
hüzuruna gəlmişəm, Tanrım…
o qədər yolu yorğun yoldaşla gəlmək necə çətindir,
bilirsənmi?!

bir kədərdən perikib
ürkmüş arzularımı toplayıb gətirmişəm…
görə bilirsənmi, Tanrım, neçəsini itirmişəm?

ümidlərim qalaqlanıb,
satın alan yoxdu,
əlimdə qalıb, Tanrım,
alırsanmı?

tükəndim, Tanrım,
görmürsənmi?!

tükəndim…
06.07.2018

*

Baxışlarım da səssizləşib bu aralar,
dinləyən olsa eşidər səsini
sızıldayan səssizliyin…

Mən bu gün yoxam.
uzun illərin ardından
itirdiyim özümə boylanıram.
kimdi o qız?!

Əlimdə qalan nədi,
nələri itirmişəm…
soyuq qış gecəsiyəm indi mən.

daha umidlərim inciməz,
neçəsini istəyirsiniz
sındırın, “adamlar”, sındırın.
donan hisslər üzündən
ağrını hiss etmirəm.

indi soyuq qış gecəsi,
ruhu itmiş biriyəmsə,
nə anlamı qalır ki,
nələri itirmişəm.

indi bu qış gecəsində
bir qurd ulayır içimdə,
bütün yoxluqları kəndir eləyib
tənha kədərindən asır özünü…

06.07.2018