Polad SABİRLİ.Yeni şeirlər

Polad Sabirli

Axşamıdı…

Bu xoş günə verdik qərar,
Eşqə həvəs axşamıdı.
Hər axşamda bir füsunkar,
Bu axşam səs axşamıdı.

Qoşa narın ağ kalı xoş,
Sevənlərin hər halı xoş,
Dost-aşnanın əhvalı xoş,
Düşmənə yas axşamıdı.

Yol da gəldik hardan, hara,
Sanki çatdıq dövlət-vara,
Qol da qoyduq etibara,
Bu gün miras axşamıdı.

Qulluq etdin saf niyyətə,
Şükür çatdın xoş fürsətə,
Polad, sevin bu qismətə,
Yardan qisas axşamıdı.

1.11.2018. Polad Sabirli.

Atmaq ilə

Olub keçənləri unudacaqsan,
Qurunun üstünə yaş atmaq ilə.
Mənə irişməklə nə udacaqsan?
Dərya bulanmazki daş atmaq ilə.

Onsuzda gəlmədin imana, dinə,
Döndü əməllərin qəzəbə, kinə,
Yetəmədin ağıla, düşmədin yönə,
İlbəil ömürdən yaş atmaq ilə.

Nə aman elədin, nə ah elədin,
Gör nəyi əlində silah elədin?!
Bilmədin nə böyük günah elədin,
Mənə bu hissləri yaşatmaq ilə.

Hirsini cilovla hələ uşaqsan,
Yaxşıya yamansan, haqdan uzaqsan,
Sən özün, özünü yandıracaqsan,
Göz oynatmaq ilə, qaş atmaq ilə.

Dördlüklər

Koramal can atar dərədən dağa,
Zirvə həsrətiylə sürünüb yaşar.
Kim qoya bilər ki, ona qadağa?
O da öz eşqinə bürünüb yaşar.

Tale başın üstə çaxandan sonra,
Arzunun gücünə tale gülərmiş.
Ağlın sözlərinə baxandan sonra,
Yön tutub gedənlər yönə gələrmiş.

Dartıb yaxasını cır da gecənin,
Acısını sıxıb, şirəsini çək.
Bağrının başını yar da gecənin,
Səhərin nurunu gözləyənədək.

Dedim ki, kişinin hər bir niyyəti,
Ürək sevindirsin, qəlbə xoş olsun.
İnsanın insana səmimiyyəti,
Bütün duyğulardan gərək baş olsun.

28.09.2017.

Kaş

Gileyi bitməyir qayğısız qəlbin,
Yaxşılar qayğıya bələnəydi kaş.
Barı hardan olsun duyğusuz qəlbin?
Ürəklərə sevgi çilənəydi kaş.

Mənəm-mənəm deyib döşünə döyən,
Haqdan ya nahaqdan özünü öyən,
Güclüyə yalvaran, fağırı söyən,
Bir gündə haqqını dilənəydi kaş.

Çoxunun dərdini duyub səmimi,
Oduna yanmışam öz dərdim kimi,
Sevgiylə titrəyir könlümün simi,
Qədirim-qiymətim bilinəydi kaş.

Bilməyən bilməsin,bilir Allahım,
Məni məhv etməyib nəfsim, tamahım,
Halallıq məsləkim, düzlük silahım,
Pislik yer üzündən silinəydi kaş.

Hər sözü anlayıb, duyana əhsən,
O yanı düşünən, bu yana əhsən,
Nifrəti qəlblərdən yuyana əhsən,
Qəlblərə məhəbbət ələnəydi kaş.

Məndən özümədi giley-güzarım,
Sevinə-sevinə gəl, ey güzarım,
Ürəyimi güldür gül, ey güzarım,
Biləydim insanın dili nəydi kaş.

19.11.2017.

Ötrüdür

Eşqin acısına dözərəm hər vaxt,
Ürəyin atəşi gözdən ötrüdür.
Gərək kül olmayam, közərəm hər vaxt,
Ocağın tüstüsü közdən ötrüdür.

Heçnə yarımadı fal əvəzinə,
Zəhəri içən var bal əvəzinə,
Üzdə qara nədi? xal əvəzinə,
Alışıb yanmağım, düzdən ötrüdür.

Bahadan bahadı insan həyatı,
Hər şeyin təzəsi, dostun boyatı,
Mənim dediklərim qoşma, bayatı,
Mənim yazdıqlarım sözdən ötrüdür.

Dərdim çiynimdədi çuvala bənzər,
Ömür var-gəlində suala bənzər,
Şapalaq çəkən var sığala bənzər,
Qızarıb-bozarmaq üzdən ötrüdür.

Niyə ar eləmir haqqı dananlar?!
Ancaq qovğa deyib, ancaq qan anlar.
Ay söz anlayanlar, ay söz qananlar,
Polad nə yazırsa, sizdən ötrüdür.

04.10.2018.