Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
“Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Kimisi dərdini alıb başına,
Dərdini özüylə götürüb gəzir.
Kimisi baş qoyub şeytan daşına,
Kimisi qeyrətin itirib gəzir.
Kimisi ləl yığır, kimisi hikmət,
Kiminin qəlbində tor qurub qeybət,
Vallah əldən gedir ləyaqət, hörmət,
Ağlım da sözünü ötürüb gəzir.
Budurmu zamanın məktəbi görən,
Gedib mərd oğullar, yox olur ərən,
Yoxdur heç haqqımın saçını hörən,
O da öz ömrünü bitirib gəzir.
Nəcibə hey yazdı sözün düzünü,
Basıb kor etdilər haqqın gözünü,
Kəfənə yazdırıb ürək sözünü,
Sizlərə ərmağan yetirib, gəzir.