Könlüm quşu qanad çalmaz, sənsiz bir an, Azərbaycan!
Xoş günlərin getməz müdam xəyalımdan, Azərbaycan!

Səndən uzaq düşsəm də mən eşqin ilə yaşayıram,
Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan!

Bütün dünya bilir sənin qüdrətinlə, dövlətinlə
Abad olub, azad olub, mülkü-İran, Azərbaycan!

Bisütuni-İnqilabda Şirin-Vətən üçin Fərhad
Külüng vurmuş öz başına zaman-zaman Azərbaycan!

Vətən eşqi məktəbində can verməyi öyrənmişik…
Ustadımız demiş heçdir vətənsiz can, Azərbaycan!

Qurtarmaqçün zalımların əlindən Rəy şümşadını
Öz şümşadın başdan-başa olub al qan, Azərbaycan!

Yarəb, nədir bir bu qədər ürəkləri qan etməyin?
Qolu bağlı qalacaqdır nə vaxtacan Azərbaycan?

İgidlərin İran üçün şəhid olmuş, əvəzində
Dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan!

Evladların nə vaxtadək tərki-vətən olacaqdır
Əl-ələ ver, üsyan eylə, oyan, oyan, Azərbaycan!

Yetər – fəraq odlarından kül ələndi başımıza…
Dur ayağa, ya azad ol, ya tamam yan, Azərbaycan!

Şəhriyarın ürəyi də səninki tək yaralıdır,
Azadlıqdır sənə məlhəm, mənə dərman, Azərbaycan!

Mənbə: Klassik Ədəbiyyat İnciləri