Azərbaycanı sevin, sevin Azərbaycanı,
Bu gün odlu sevgiyə onun ehtiyacı var…
Sevin odum, ocağım, evim Azərbaycanı,
İndiki dərdlərinə eşqimiz əlac olar…

Yaraları göynəyir, yaraları sızlayır,
Ey millətin qeyrətli oğulları, qızları,
Sevgimiz xilas edər bu gün Azərbaycanı,
Azərbaycanı sevin, sevin Azərbaycanı…
Adını uca tutun hər arzudan, diləkdən,
Doymayın, usanmayın ona ana deməkdən…

O, bizim hamımızın həyacanı, harayı,
Bir də axı kim yanar ona bizdin savayı?..
O bizim ruhumuzda, o bizim qanımızda,
Yalnız biz keçməliyik uğrunda canımızdan.

Can istəsə can verin, sevin Azərbaycanı,
Qan istəsə qan verin, sevin Azərbaycanı…
Azərbaycanı sevin, sevin Azərbaycanı,
Kürül-kürül odlanan evim Azərbaycanı…

Dünyada vallah, belə talesiz millət olmaz,
Nə qədər saxlayanlar girov Azərbaycanı?..
Bu qədər bölgü olmaz, bu qədər sərhəd olmaz,
Bəs nə vaxt görəcəyik bütöv Azərbaycanı?!

Ona övlad payını bizlər verə bilmədik,
Heç iki obasını birləşdirə bilmədik.
Astara qovuşmadı doğma Astarasına,
Culfalıların bir məlhəm tapmadıq yarasına
Öz doğma yurd-yuvamdır yadın Azərbaycanı
Biz bacara bilmədik, ey gələcək nəsillər,
Ey gələcək nəsillər, barı təzə əsrdə,
Bir-birinə calayın, qatın, Azərbaycanı,
Köküm, soyum, soyadım, adım Azərbaycanı…

Haçandır öz-özündən aralı bir ölkədir,
Şəhidli bir ölkədir, yaralı bir ölkədir…
Az imiş, o təzədən bölünür, parçalanır,
Təbriz dərdi üstünə Şuşa dərdi qalanır.
Neçə yerə ayrılar, ya allahi, bir bədən?
Xırda bir məkan qalıb o boyda bir ölkədən…

Tamam bitər, tükənər belə getsə amandır,
Axı o bir zamanlar o nəhəng Azərbaycandı;
Zaman-zaman talayıb, biçib Azərbaycanı,
Bizə miras qoydular kiçik Azərbaycanı.

Ay bizdən ola-ola bizə yağı olanlar,
Vətənə sevgidə də az marağı olanlar;
Xalqına xidmətdə də tamah gəzən dənilər;
Özümüzdən olanlar, özümüzə qənimlər;
Siz də qeyrətə gəlin, imana-dinə gəlin,
Vətən bağışlar sizi, vətən eşqinə gəlin,

O sizə çörək verib, nəzri-niyaz eyləyib,
Yalnız onun sevgisi sizi xilas eyləyər.
Sevməyirsizsə barı boğazına çökməyin.
Bu ulu məhəbbətə çağırıram hər kəsi,
Divin canı şüşədə, onun bizdədir canı…
Məndən çox sevirsiniz bu torpağı bəlkə siz,
Amma təkrar deyirəm; sevin Azərbaycanı,
Sevin Azərbaycanı!…

Mənbə: Klassik Ədəbiyyat İnciləri