Əvvəlcə ağac şaqqıltısı eşidildi və bu ağac şaqqıltısı günortanın cırhacır istisində tamam kimsəsizləşmiş həyətdə çox gözlənilməz səsləndi, sonra aşağı başdakı Gülağanın gözləri birdən-birə bərəldi və uşaq bilmədi ki, qışqırsın, ya nə etsin.
Həyətin ortasındakı xartut ağacının yoğun gövdəsi öz-özünə şaqqıltı ilə iki yerə bölündü və bir müddət tut yağışıymış kimi, qara tut həyətin asfaltına töküldü. Həyətə birinci boylanan Ağamuxtarın arvadı Anaxanım oldu. Anaxanım mətbəxdə oturub nahar üçün küftə yumrulayırdı, şaqqıltını eşidib ikinci mərtəbədən ağaca baxdı, sonra çaşbaş qalmış Gülağanı görüb ətli-yağlı əllərini əsgi ilə tələm-tələsik silə-silə:
– Adə, Gülağa, – qışqırdı, – qaç kişiyə xəbər elə, tut parçalandı!..
Və Gülağa da işin nə yerdə olduğunu başa düşüb babasının otağına tərəf qaçdı ki, kişini çağırsın, amma Əliabbas kişini çağırmaq lazım deyilmiş, çünki Gülağa hələ onun həyət qapısına çatmamış, kişi özü elə ağ köynəkdəcə, çoxdan bəri gəzmədiyi iti addımlarla qapıdan çıxıb xartuta tərəf gəldi.
– Tez eləyin! – dedi. – Tez eləyin! Biri də gərək qalmasın yerdə! Hamısını yığın birbir! Bircəsi də qalsa, günah olar! Hamısını yığın! Yeyilsin gərək hamısı! – dedi. – Tez eləyin!
Sonra özü əyilib ağacın dibindən bir dənə tut götürdü, qoydu ağzına və doğrudandoğruya kişiyə elə gəldi ki, ömründə bu ləzzətində tut yeməyib.
– Yüz ilin tutudu bu, yüz ilin! Axır ki yüzü haqladı bu xartut.
Əliabbas kişi başını ikinci mərtəbəyə tərəf qaldırıb böyük gəlini Anaxanıma dedi:
– Aş bişir bu gün.
Əliabbas kişi bu dəfə Gülağaya dedi:
– Gördün! Gördün ki!? Elə soruşurdun, düz deyirsən, yoxsa yox? Gördün ki?!
Doğrudan da, yaman oldu bu xartutun parçalanması, daha buna bir söz ola bilməzdi, düz deyirmiş kişi, xartut yüz yaşına çatanda parçalanırmış və burasını da lap doğru deyirmiş ki, bu tutun yüz yaşı var.
– Əcəb oldu! – Bunu, bu tutdan birinci dəfə yeyirmiş kimi ,Fətullanın arvadı Məsmə dedi, – yığıb qonşulara da pay göndərmək lazımdır…
Əliabbas kişinin nəvəsi Ağasəlim üzünü arvadı Zibeydəyə tutub:
– Boşqab gətir! Qazan gətir! – dedi, – Tut günüdü bu gün.
Əliabbas kişi dedi:
– Hə, Hə!.. Biri də qalmasın yerdə gərək. Günahdı…
Bütün məhəllədə bu məşhur tut ağacının yüz yaşı tamam olan həmin isti iyul günü Əliabbas kişinin evdəki bütün oğul-uşağı, nəvə-nəticəsi, gəlinləri həyətə çıxmışdı və hamı bu dəm cidd-cəhdlə həyətə səpələnmiş xartutu yığmaqla məşğul idi. Əlbəttə, günah məsələsini Əliabbas kişi elə-belə, özündən dedi. Heç kim heç vaxt deməmişdi ki, tut ağacının yüz yaşı tamam olanda və gövdəsi ikiyə bölünəndə yerə tökülmüş tutların hamısını yığmaq lazımdı, yoxsa ki, günaha batarsan. Belə bir qayda yox idi, necə ki tutun yüz yaşı tamam olanda plov bişirmək də adət deyildi, amma bir halda ki bu tut ağacı bu dünyada yüz il ömür sürmüşdü və onun yüz yaşının tamam olmasını Əliabbas kişi beləcə gözləmişdi, deməli, bayram idi bu gün və bu yüz yaşlı ağacın bəhrəsini ayaq altında qoymaq günah işdi. Əliabbas kişi tut ağacının altında dayanmışdı və bu vaxt budaqdan onun sinəsinə, düz ürəyinin başına bir tut düşdü, kişinin ağ köynəyində o saat qıpqırmızı bir ləkə əmələ gəldi və bunu görən Ağamuxtarın bütün bədəni birdən-birə ürpəşdi.
Əliabbas kişinin böyük oğlu Ağamuxtara birdən-birə elə gəldi ki, atasının ürəyinin başına güllə dəydi və bu qırmızı ləkə də qan yeridir. Sonra Ağamuxtar daha tamamkamal ağarmış gur saçlarını əli ilə geri sığallayıb axır vaxtlar neçənci dəfə fikirləşdi ki, kişi yaman qocalıb.
Ağamuxtarın uşaq vaxtları onun yadına düşdü, lap o vaxtlar ki, hələ divardan tutatuta gəzirdi, sonra o vaxtlar ki, bu ağaca dırmaşıb tut yeyirdi, ağzı-burnu, üst-başı qapqara qaralırdı. Əliabbas kişi özünü saxlaya bilməyib ürəyində dünyanın etibarsızlığı barədə bir-iki söz dedi. Buna yandı-yaxıldı ki, illər adamı nə günə qoyur – o balaca uşaq indi gör qocalıb nə günə qalıb. Sonra şairin sözü Əliabbas kişinin yadına düşdü: “Biz gəldi-gedərik, sən yaşa dünya!” və o, ağappaq bığlarının altından gülümsəyib başını buladı, dünyanın işlərinə acığı tutmağı da indi ona gülməli göründü. Yenə də ürəyində dedi ki, İsgəndərə qalmayan dünya kimə qalacaq?
Burasını da fikirləşdi ki, Ağamuxtarın qocalığını görür, amma özündən heç bir söz demir…
Əliabbas kişinin kiçik oğlu Fətulla nəvəsi Gülağaya dedi:
– Qaç get evdən qab gətir.
Boşqablar, qazanlar baş barmaq boyda xartutla doldu, məhəllənin uşaqları tutun yüz yaşa çatıb parçalanması xəbərini eşidib Əliabbas kişigilin həyətinə daraşdılar, hərə beşon tut qoydu ağzına. Böyük də, kiçik də, hamı belə bir yekdil fikrə gəldi ki, bu tutun ləzzəti başqa şeydi və heç kim ömründə bu ləzzətdə tut yeməyib. Qonşuların hərəsinə bir nimçə tut pay getdi, elə bil Əliabbas kişigilə nişan gəlmişdi, şirni paylayırdılar.
Bir sözlə, həmin şənbə günü məhəllənin uşağından tutmuş böyüyünəcən hamı Əliabbas kişinin həyətindəki xartutun parçalanmasından xəbər tutdu və Molla Fərzəli də əsasını döyəcləyə-döyəcləyə gəldi durdu Əliabbas kişigilin küçə qapısı ağzında.
Əlbəttə, Molla Fərzəli də həmişəki kimi, bir qazan tutunu alıb getdi. Həmin axşam Anaxanım yaxşıca bir plov bişirdi və arvad neçə stəkan düyü dəmləmişdisə, bütün həyətə çatdı, Əliabbas kişinin bir böyük həyət oğul-uşağına, nəvə-nəticəsinə.
Məhəllədə ən çox toy bu həyətdə olmuşdu. Aydın məsələ idi ki, bu həyət həmişə beləcə çox adamlı, beləcə gur olmamışdı. Əliabbas kişinin atası usta Həzrətqulu buranı alanda bu həyətdə ikiotaqlı, birmərtəbəli kiçik bina vardı. Bu, həmin uzaq vaxtlardı ki, onda həyətdəki xartut hələ cavan bir ağac idi. Əliabbas kişi də balaca uşaq. Bu tutun gövdəsi indiki budaqlarından nazik idi. Əliabbas kişi evlənəndən sonra özünə iki otaq da tikdi və indi həmin iki otaqda Əliabbas kişinin nəvəsi Ağasəlim ailəsilə yaşayırdı, sonra uşaqlar böyüdü. Uşaqlar böyüdü, həyət kiçildi, dörd otaq oldu altı otaq, sonra səkkiz otaq, sonra birmərtəbə bina ikimərtəbə oldu.
Oğullar evləndi, nəvələr evləndi və həmin tut ağacı parçalanan həyətdə hamıya bir parça yer tapıldı.
Əliabbas kişi ilə Tubuxanımın iki oğlu, dörd qızı vardı. Doğrudan da, qəribədi dünyanın işləri; Ağamuxtar da, Fətulla da müharibədən sağ-salamat qayıtdılar. Başları çox qəzavü-qədər, çox məşəqqət çəksə də, indi, şükür, salamatdı ikisi də və ikisi də çoxdan babaydı.
Kişi başa düşdü ki, bu gecə səhərə kimi gözünə yuxu getməyəcək, çoxdan, lap qədimlərdə olub-keçənlər yadına düşəcək və özü də təəccüb edəcək ki, beş yaşında, altı yaşında olduğu vaxtların əhvalatları necə yadında qalıb, amma iki gün bundan əvvəlin söhbəti yadından çıxıb gedir.
O, beş-altı yaşı olanda dağlar balası idi; meşələr yadına gəlirdi, sıldırım qayalar yadına gəlirdi, başı qarlı uca dağlar yadına gəlirdi, köpüklənəköpüklənə axan dağ çayında kəndin uşaqları ilə bərabər çimməyi, palansız eşşəyə dırmaşıb çapmağı yadına gəlirdi və bir də çəpiş yadına gəlirdi; bu çəpiş onun çəpişi idi, hara getsəydi, dalına düşürdü, əlindən yarpaq yeyirdi.
Əliabbas kişinin atası kənddən köçüb Bakıda, Sabunçu neft mədənlərində fəhlə işləyirdi, sonralar buruq ustası oldu. Əliabbas kişinin uşaqlığının çox hissəsi, yeniyetməliyi o yerlərdə keçmişdi, amma o, neftçi olmamışdı, dülgər olmuşdu.
İki gün bundan əvvəl Əliabbas kişi baltasını, mişarını, rəndəsini, çəkicini götürüb həyətlərinin küçə qapısı ağzında balaca bir skamya düzəltməyə başladı. Mismarlar əyri getdi, çəkiclə barmağını vurdu, axırda da balta ilə əlini zədələdi.
Ağamuxtar dedi:
– Əşşi, əl çək bu işdən də, nəyinə lazımdı?! Gərək elə skamya düzəldəsən?!
Küçə qapıları üzbəüz bir-birinə baxan Alxas bəy dedi:
– Kişi, get otur, uzan, yat, istirahətini elə də!..
Benzin kalonkasında satıcı işləyən Meyranqulunun oğlu Əliqulu – şeir yazan və məhəllənin tarixində qəzetdə, jurnalda imzası olan ilk adam – heyran-heyran dedi:
– Necə də əməksevər qocadır! Əsl şeir qəhrəmanı, sənət qəhrəmanıdır! Bu rəşadət poetik təfəkkürün yox, həyatın bəhrəsidir!
Əliqulunun danışıqlarını məhəllədə çox adam əməlli-başlı başa düşmürdü və bu dəfə də bu sözlərə fikir verən olmadı.
Əliabbas kişi sağ əlində tutduğu tiyəsi qanlı baltaya baxdı və Balacaxanımın bir göz qırpımında küçəyə yığdığı adamların arasından həyətə girdi; ağzını açıb bircə kəlmə də söz demədi. Məsələ onda deyildi ki, kişini qeyrət boğurdu – bu, öz yerində, məsələ bunda idi ki, belə bir naxələflik adamı yandırıb-yaxırdı. Usta onsuz da bilirdi ki, bu skamya onun dülgərlik aləmində axırıncı sözüdü (Əliabbas kişi hələlik belə fikirləşirdi və biz görəcəyik ki, belə fikirləşmək tez imiş…) və indi usta burasını da özü üçün lap yəqin etdi ki, bu balta ki altmış-yetmiş ildən sonra onun əlini kəsir, çəkic də barmağını əzir, daha lap doğrudan-doğruya qurtardı mismar vurmaq, taxta rəndələmək.
Xartutun yüz yaşı tamam olan həmin günün səhəri Əliabbas kişi yerindən qalxıb adəti üzrə həyət kranında səliqə-sahmanla yuyundu, böyük gəlini Anaxanımın sübh tezdən dəmlədiyi çaydan içib çörəyini yedi və qıfılın açarını götürüb vaxtilə həyətdə taxtadan düzəltdiyi, divarlarını suvaqlayıb, ağardıb, üstünə qırmızı kirəmit düzdüyü alətxanasının qapısını açdı.
Xartutun yüz yaşı tamam olduğu həmin yay gecəsi Əliabbas kişi bu qərara gəldi ki, alətlərin ən yaxşısını seçib, aparıb satsın. Burada, əlbəttə, əsas məsələ pul məsələsi deyildi; əvvəla, Əliabbas kişigilin dolanacağı yaxşı idi, ikincisi, bütün alətlərin qiyməti bir o qədər də pul eləmirdi. Əsas məsələ burasındaydı ki, bu alətlər yaxşı bir ustaya qismət olmalı idi, bu alətlər iş görməliydi, qalıb paslanmamalıydı. Əliabbas kişi alətləri bir-bir məhəllənin adamlarına bağışlaya da bilərdi, amma belə bir səxavətin mənası yox idi, çünki belə bir səxavət bu alətlərə rəva deyildi; çünki bu alətlər həmişə bəhrə vermişdi, gözəl-gözəl qapılar, pəncərələr, taxtlar, sandıqlar düzəltmişdi…
Kişinin yenə alətxananı açıb çəkic, mişar götürməyini pəncərədən birinci Məsmə gördü və elə başa düşdü ki, qayınatası küçə qapısı ağzındakı yarımçıq qalmış skamyanı təzədən düzəltmək istəyir, tez Fətullanı səslədi. Fətulla şüşəbənddə oturub çay içə-içə televizorun gündüz verilişlərinə baxırdı: axşamlar bütün həyətin qız-gəlini, arvadları yığışırdı Fətullagilin şüşəbəndində televizora baxmağa və kişilərin də küçəyə çıxıb səkidə nərd oynamaqdan və nərd oynayanlara tamaşa etməkdən başqa çarələri qalmırdı. Fətulla həyətə çıxdı, sonra Ağamuxtar həyətə çıxdı, Əliabbas kişinin gəlinləri pəncərələrdən boylandılar və hamı bu təzə xəbərdən tamam dilxor oldu. Ağamuxtar dedi:
– A kişi, axı dost var, düşmən var, başlayacaqsan çəkic satmağa?
Ağamuxtar bu sözləri dedi, amma atasını da yaxşı tanıyırdı və bilirdi ki, kişinin beyninə bir şey girdisə, onu ordan dartıb çıxarmaq çətin işdi.
– Yəni başlayacaqsan əməlli-başlı çəkic-mişar satmağa? – bunu da Fətulla dedi.
Bu söz-söhbət Əliabbas kişinin xoşuna gəlmədi və o, oğul-uşağın üstünə çımxırdı:
– Gedin, gedin öz işinizlə-gücünüzlə məşğul olun, mənim başıma ağıl qoymayın!
Amma Əliabbas kişi burasını demədi ki, nə satmaqbazlıqdır?! Bir yaxşı usta çıxsa qarşısına ki, bu alətlərə sərraf gözü ilə baxa bilir, qolunda gücü var, ayağında da taqət, pulsuz-zadsız halal edər ona bu çəkici də, mişarı da, rəndəni də və başqa nəyi varsa, hamısını.
Əliabbas kişigilin məhəlləsindən yeddi-səkkiz tin aşağıda təzə bağça salınmışdı və birinci gün usta hələlik dörd alət seçib bu bağçaya gələndə, skamyalardan birində əyləşib alətləri də yanına düzəndə, təsbehini çevirə-çevirə fikirləşdi ki, istirahət, doğrudan da, qiyamət şeydi. Adamlara baxdı, uşaqlara baxdı və əvvəlcə narahat oldu ki, uşaqlar indi yığılacaq başına, başlayacaqlar mişara, rəndəyə baxmağa, amma bir az keçdi, yanından ora-bura yüyürən, bir-biri ilə oynayan uşaqların heç biri ona tərəf məhəl qoymadı, heç ayaq saxlayıb bu alətlərə baxmadı da və Əliabbas kişi fikirləşdi ki, doğrudan da, dünya yaman dəyişib. Uşaqların hərəsinin əlində avtomat, tapança, rəngbərəng balaca vedrə, bel, yüz cürə oyuncaq var, kimdi bu mişara, çəkicə fikir verən. Kişi bunu fikirləşdi və ürəyi ağrıdı, bu çəkic-mişara yazığı gəldi, onların bu kimsəsizliyi, sahibinin gücsüzlüyü, acizliyi onu yandırıb-yaxdı.
Birinci gün Əliabbas kişinin rəndə-mişarına müştəri gəlmədi. İkinci gün usta yenə gəlib bağçadakı skamyalardan birində əyləşdi və yenə də alətləri yanına düzdü. Yenə adamlara, uşaqlara baxdı və yenə də birdən-birə öz uşaqlığını gördü, o dağların ətrini duydu, o dağların döşündəki gül-çiçəyin rəngi gözlərinin qabağına gəldi, o dağların çəniçiskini üçün darıxdı, fikirləşdi ki, bir də heç vaxt o dağlarda olmayacaq, bir də heç vaxt o dağ çayı boyunca addımlamayacaq, o saf havadan sinədolusu nəfəs almayacaq.
Usta fikirləşdi ki, nə tez gəlib keçdi bu illər və belə bir fikri gözləyirmiş kimi, gözlərinin qabağından saysız-hesabsız adamlar gəlib ötdü; çoxunun heç adını da bilmirdi, harda gördüyünü yadına salmırdı, amma sifətlər bir-bir gəlib keçirdi – uzun-uzadı illər boyu gördüyü, rastlaşdığı və bəlkə də, heç birinin indi yer üzündə olmadığı adamların sifəti. İkinci gün də Əliabbas kişinin çəkic-mişarına müştəri tapılmadı.
Üçüncü gün hava bir balaca tutuldu, xəzri əsməyə başladı. Əliabbas kişi bir müddət həyətdə vurnuxub tez-tez göyə baxdı və oğul-uşaqda da bir ümid yarandı ki, bəlkə, kişi daşı tökdü ətəyindən (elə bil usta özü də ürəyində yağış yağmasını istəyirdi), amma yavaş-yavaş göy açıldı və Əliabbas kişi də torbasını qoltuğuna vurub bağçaya getdi, skamyalardan birində oturub alətləri yanına düzdü.
Bir az keçdi və göyün üzü yenə tutuldu. Bağçadakıların çoxu – uşaqlı analar, qoca arvadlar yavaş-yavaş durub getdilər və bu zaman iyirmi beş-iyirmi altı yaşlarında bir oğlan Əliabbas kişiyə yaxınlaşıb alətlərə baxdı, salamsız-kalamsız soruşdu:
– Neçiyədi, kişi, bu zubul?
Əliabbas kişi istər-istəməz, ilk növbədə, bu oğlanın əllərinə baxdı və oğlan da həmin baxışların mənasını başa düşdü; onun belə bir inamsızlıqdan xoşu gəlmədi:
– Nədi, kişi, əlimə baxırsan, görəsən, ustayam, ya yox? Ustayam, özü də lap yaxşısından, lap kefin istəyəndən, əlimdə də, bax görürsən, bir dənə döyənək də yoxdu. Əlcəklə işləyirəm mən, elektriklə işləyirəm. Sənin bu zubulun da heç kimə lazım deyil indi, dükanlar doludu elektrik dreli ilə, on üç manat əlli qəpiyə biri…
Əliabbas kişi bu şəstli oğlana:
– Get, bala, get, – dedi. Get, al elektrik dreli. Səni qısnayan var ki, gəl bu zubulu al?
Oğlan bir söz demədi, əlini o tərəf-bu tərəfə yellədi və çıxıb getdi. Bu oğlan, bəlkə də, usta idi və bəlkə, doğrudan da, kefin istəyən usta idi, amma onun ürəyi usta ürəyi deyildi. Üçüncü gün həmin oğlan Əliabbas kişinin çəkic-mişarı ilə maraqlanan yeganə adam oldu.
Dördüncü gün Əliabbas kişi həyətə çıxıb alətxananı açdı, torbasını götürdü və hərəsi öz pəncərəsindən həyətə baxan Anaxanımla Məsmə bu dəfə mənalı-mənalı bir-birinə baxdılar, yəni ki ağbirçək vaxtımızda görəcək günlərimiz varmış. Əliabbas kişi həyət qapısından çıxıb təzə bağçaya getmək əvəzinə, torbanı qapının ağzındakı yarımçıq skamyanın üstünə qoydu. Qollarını çırmalayıb skamyanı düzəltməyə başladı və ən qəribəsi də bu oldu ki, mismarlar düz getdi, balta da öz işini neçə-neçə illər bundan əvvəlki kimi, səliqəli gördü, çəkic də, rəndə də, kəlbətin də Əliabbas kişinin qupquru quruyub qaxaca dönmüş əli nə istədisə, onu elədi.
Bir saat-saat yarımdan sonra skamya hazır oldu və Anaxanıma da, Məsməyə də elə gəldi ki, qayınataları yenə iyirmi-otuz il bundan qabaqkı usta Əliabbasdı. Səhəri gün Əliabbas kişi evin qapı-pəncərəsinə əl gəzdirməyə başladı, sonra həyətin şüşəbəndini səliqəyə saldı, sonra qonşulara baş çəkdi, sürahilər təzələndi, pəncərə çərçivələri sahmanlandı, həyətlərin ikinci mərtəbəyə qalxan taxta pilləkənləri qaydaya düşdü və yavaş-yavaş yay keçib getdi, payız başladı.
Əliabbas kişinin isə yenə qolları güclü, hərəkətləri cəld, sərrast idi. Bütün məhəllə və o cümlədən də Əliabbas kişinin oğul-uşağı ustanın birdən-birə beləcə cavanlaşmasına məəttəl qalmışdı.
Hamı bu fikirdə idi ki, Əliabbas kişi də həyətlərindəki xartut kimi, yüzü ötəcək. Balacaxanım hərdən gəlib Əliabbas kişigilin küçələrinin ağzındakı skamyada otururdu. Balacaxanım ləzzətli söhbətlər edə-edə, bərkdən şaqqanaq çəkib gülə-gülə o qədər tum çırtlayırdı ki, bütün səki tum qabığı ilə dolurdu.
Bir dəfə də tərs-tərs bir ona, bir də səkinin üstündəki tum qabıqlarına baxan Əliabbas kişiyə dedi:
– Süpürəcəyəm, ay Əliabbas dayı, süpürəcəyəm hamısını. Neyniyim, bizim qapının ağzında bir skamya düzəltmirsən də mənimçün…
Əlbəttə, Balacaxanım söz idi, deyirdi və heç vəchlə gözləmirdi ki, Əliabbas kişi deyəcək:
– Neynək, sizin də qapının ağzında səninçün bir skamya düzəldərəm…
Balacaxanım elə bil ömründə bu cür sidq-ürəkdən sevinməmişdi:
– Doğrudan? Çox sağ ol, ay Əliabbas dayı! Amma eləsini düzəlt ki, heç bir məhəllədə belə skamya olmasın! Balaca bir talvarı da olsun, Əliabbas dayı, yayda gün düşməsin üstümüzə…
Əliabbas kişi:
– Neynək, – dedi, – talvar da düzəldərəm. Taxta lazımdı bir az…
Əliabbas kişi səhəri gündən işə başladı, qəssab Ağanəcəfgilin küçə qapısı ağzında skamya düzəltdi, balaca bir talvar üçün taxta dirəklər hazırladı və onun cəmi bircə günlük işi – talvarı düzəltmək qalmışdı.
Bütün məhəllə bu fikirdə idi ki, bu skamya Əliabbas kişinin sonradan-sonrakı ustalığının şah əsəridi. Həmin oktyabr səhəri Bakıya elə bil təzədən yay qayıtmışdı və yüz yaşlı xartutun həyətə səpələnmiş xəzəli ilə belə bir isti heç uyuşmurdu. Çayniki qazın üstünə qoyub səhər-səhər tabaqçada qənd doğrayan Anaxanım şüşəbənddən həyətə baxırdı. Arvadın gözü qayınatasının alətxanasına sataşdı, sonra kişinin yatdığı evin qapısına tərəf boylandı və necə oldusa, birdən-birə Anaxanımın ürəyini bir nigarançılıq bürüdü. Əliabbas kişi həmişə bu vaxtlar həyət-bacada dolaşardı. Bir müddət keçdi, kişilər oyandı, uşaqlar tələm-tələsik çay-çörəklərini yeməyə başladılar ki, məktəbə gecikməsinlər. Əliabbas kişi həyətə çıxmadı.
Anaxanım çəkinə-çəkinə qayınatasını işə getməyə hazırlaşan Ağamuxtardan xəbər aldı. Ağamuxtar arvadının gözlərinin içinə baxdı, bir söz demədi və həyətə düşüb atasının yatdığı otağa girdi. Əliabbas kişi gecə yuxuda ikən keçinmişdi.
Həmin gün bütün məhəllə gecə yarısına kimi Əliabbas kişigilin həyətinə gəlib-getdi, yüz yaşlı xartutun altında düzülmüş stullarda, kətillərdə oturub bir stəkan çay içdi, Ağamuxtarla Fətullaya başsağlığı verdi. Çoxadamlı o həyət elə bil kişinin getməyilə yetimləşmişdi.
O isti payız günü yüz yaşlı tut ağacı da tək-tənha idi. Səhər isə məhəllə görünməmiş bir hadisənin şahidi oldu: Balacaxanımın küçə qapısı ağzındakı skamyanın üstündə çox yaraşıqlı bir talvar var idi. Bütün məhəllə: qəssab Ağanəcəf də, ağlamaqdan gözləri qızarmış Balacaxanım da, Əliabbas kişinin oğul-uşağı da bu işə heyrət etdilər. Məhəllənin lap balaca uşaqları arasında belə bir inam vardı və ümumiyyətlə, məhəllədə belə bir şayiə gəzirdi ki, Əliabbas kişinin çəkic-mişarı, rəndə-kəlbətini gecə öz-özünə gəlib ustanın yarımçıq qalmış işini qurtarıbdır.
Mənbə: https://portal.azertag.az/