Xalq şairi Nəriman HƏSƏNZADƏ.”İstiqlalın ilk günü”

X.R.Ulutürkün xatirəsinə

Xəlil təzə qayıtmışdı

Dönüb oda,

Oxuyurduq, tələbəydik

Dünənəcən

Moskvada.

KQB-nin

zindanından

Qayıtmışdı,

O, yarıcan qayıtmışdı

Öskürürdü aradabir.

Yox, öskürmür,

Püskürürdü

Aradabir.

Ordan vulkan qayıtmışdı.

Azərbaycan həbsdəydi,

Azərbaycan

qayıtmışdı.

Sığışmırdı məcrasına –

Daşa-daşa

qayıtmışdı.

İçində bir Nazim Hikmət,

Nuru Paşa

qayıtmışdı.

Firəngizi yanındaydı,

Təbrizi yox.

O, Təbrizi evdə görmək

istəyirdi,

Ta bizi yox.

Təbriz yoxsa, bir kəsi yox!

Bu istidə üşüyürdü

Xəlil Rza.

Moskvadan Bakıyacan

Yüyürmüşdü,

Töyşüyürdü

Xəlil Rza.

Anan ölsün sənin, şair!

Anan hanı?

Səni bir də doğan hanı?

Qol çəkirdim,

Müstəqillik

Aktımıza.

Taleyin bir töhfəsiydi

Bu da bizim

baxtımıza.

Ulu öndər yanımdaydı,

Onda Xəlil,

Sən – Yadımda.

Öz imzam bir möcüzəydi

Həyatımda:

Zaman bizə qaytarırdı

Haqqımızı

Üçrəngli bayrağımızı

Himnimizi,

Gerbimizi.

Əsr-əsr almışdılar

Məndən səni,

Səndən məni,

Bizdən bizi!

Ad günüydü – doğum günü,

İstiqlalın

Şahlıq günü.

Tanrım mənə çox görməsin

Himnimizin sözlərini

Oxuduğum

O ilk günü,

Bir də səni!

Mənbə: http://www.edebiyyatqazeti.az