Günlərdən; Çağdaş Azərbaycan poeziyasının və elminin ünlü ismi, əsil və əsl türk aydını, dəyərli dost ELÇİN İSGƏNDƏRZADƏnin 55 illik yubiley günü. Kutlu olsun! Təbrik edirəm, ən xoş diləklərimi ismarlayıram! 50 illik yubiley günündə adına ünvanladığım şeiri dostlarla paylaşıram.
Bir il öncə keçdim o körpüdən mən,
Gəlib sənə çatdı sıra, bax, Elçin.
Əlli yol talandıq Ələsgərmisal,
Əlli yerdən aldıq yara, bax, Elçin.

Yol yola calandı, yol yolu qırdı,
Sol sağı əylədi, sağ solu qırdı.
Yüz min qol yığışıb bir qolu qırdı,
Qolu qırıqlarıq hara bax, Elçin.

Ah, o kaman ki var, sızlar yalınca,
Çalmasaq yeyiymiş onu çalınca…
Göyçədən sürülən sazın dalınca
Şuşadan sürülən tara bax, Elçin.

Nolsun ömür sürdük – bu ömürdümü?
Qara qatıqdımı, ağ kömürdümü?!
Yurdu yağmalanan bə görmürdümü,
Haqq necə çəkilir dara, bax, Elçin.

Dilimin altda buz, üstə köz qalıb,
Yenə “tabla” qalıb, yenə “döz” qalıb.
Ruhumun taxtında üçcə söz qalıb –
Qarabağ, Qarabağ, Qarabağ, Elçin!

İbrahim İlyaslı