Salam Allah salamıdı,
Almayan Allah adamı.
Yarəb, bu nişanda görmək
Zulumdu, vallah, adamı.
Mələyə məhşər qururlar,
“Var”ı «yox»larnan vururlar.
Haramıya uddururlar
Haqqından agah adamı.
Zəhərdən şirə çəkirlər,
Kafiri pirə çəkirlər.
Eynicə yerə çəkirlər
Gah şeytanı, gah adamı.
«Balabanda qandırır»lar,
Olmaza inandırırlar…
Saflığına sındırırlar
Sularından saf adamı.
Bəndələrin nəsə duyub,-
Üləman iblisə uyub.
Yarəb, nə günlərə qoyub
Cənabi-tamah adamı?!