Əziz MUSA.Yeni şeirlər

em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

GƏLİR

Ürəklə sevəsən sevəndə gərək,
Sevgi gələndə də, ürəklə gəlir.
Sükutla gəlməyir, gələn nə varsa,
Gələndə yaz, bahar küləklə gəlir.

Oxuyur şövq ilə şeyda bülbüllər,
Coşur, nərildəyir dərədə sellər,
Açılır hər yanda al-əlvan güllər,
Çəmənə naz-işvə çiçəklə gəlir.

Çəkilir dağlardan qar, çovgun, boran.
Yamyaşıl boyanır hər tərəf, hər yan,
Yenə çomağına söykənir çoban,
El-oba yaylağa tütəklə gəlir.

Hər bulaq təptəzə bir nəğmə çalır,
Hər yerdən bir sevinc səsi ucalır,
Durnalar göylərdə hay-haray salır,
Baharın nəfəsi lələklə gəlir.

Uçur qaranquşlar hey dəstə-dəstə,
Gözəllər nazlanır bulaqlar üstə,
Can alır yenə də bir boyu bəstə,
Gözəllik dünyaya mələklə gəlir.

GÜLÜM

Qayıt gəl ömrümə bahar, yaz kimi,
Sevgi nədir bilək,, səninlə gülüm.
Bezdim ayrılıqdan, həsrətdən daha,
Sevinci biz bölək, səninlə gülüm.

Bu sevən ürəyim qəlbim sənindi,
Nə olar sevgilim, gəl məni dindi,
Sənsiz bir çeşmədi gözlərim indi,
Gəl bu yaşı silək, səninlə gülüm.

Şirin vüsalına təşnəyəm sənin,
İtmişəm içində dumanın , çənin,
Gül, bülbülü olaq bağın, çəmənin,
Sevinib bir gülək, səninlə gülüm.