Təhminə VƏLİYEVA. Əhməd bəy Ağaoğlunun “İslama görə və islamiyyətdə qadın” əsərin müsəlman qadının səciyyəsi

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi,
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) “Publisistika” şöbəsinin redaktoru.

valiyevatahmina@gmail.com

ƏHMƏD BƏY AĞAOĞLUNUN “İSLAMA GÖRƏ VƏ İSLAMİYYƏTDƏ QADIN” ƏSƏRİNDƏ MÜSƏLMAN QADININ SƏCİYYƏSİ
Açar sözlər: İslam, müsəlman xalqları, qadın, Məhəmməd peyğəmbər, din və şəriət, qadına münasibət, tərəqqi və tənəzzül, tarix və müasir dövr
Key words: İslam, muslim people, woman, the prophet Muhammed, religion and sharia, occasion to woman, progress and decline, history and the modern era
Ключевые слова: Ислам, мусульмане, женщина, пророк Мухаммед, религия и шариат, повод для женщин, прогресс и упадок, история и современность
Əhməd bəy Ağaoğlunun “İslama görə və islamiyyətdə qadın” adlı əsəri ilk dəfə 1901-ci ildə Tiflisdə rus dilində çap edilmişdir. Əhməd bəy Ağaoğlu irsinin tədqiqatçısı Mübariz Süleymanlı “Əhməd Ağaoğlunun “İslama görə və islamiyyətdə qadın” əsərinə elmi-tənqidi yanaşmalar” adlı kitabında əsərin nəşr tarixinə nəzər salmaqla bərabər onun nəşr və tərcümə mətnlərinə elmi-tənqidi aspektdən münasibət bildirmişdir. O qeyd edir ki, əsər ikinci dəfə 1959-cu ildə İstanbulda “İslamlıqda qadın” (“İslamlıkta kadın”), 1985-ci ildə isə Ankarada “İslamiyyətdə qadın” (“İslamiyyetde kadın”) adı ilə nəşr olunmuş və bu nəşrə Səməd Ağaoğlu “Kitab, müəllif və “İslamlıqda qadın” adını daşıyan “ön söz” yazmışdır. Əsəri ilk dəfə rus dilindən türk dilinə tərcümə edən Həsən Əli Ediz olmuşdur. Azərbaycan dilində əsərin ilk dəfə “Ulduz” jurnalında (1990, №3 (275)) çap olunması və geniş elmi ictimaiyyətə çatdırılması Elman Mustafaoğlunun adı ilə bağlıdır. Həmçinin o, “Ölümsüz adam” başlıqlı təqdimat yazısında Ə.Ağaoğlu şəxsiyyəti və fəaliyyətinə obyektiv münasibət bildirmişdir. E.Mustafaoğlu bu işi İstanbul nəşri əsasında həyata keçirmişdir. İstanbul nəşrlərində əsərə əlavə başlıqlar daxil edilmişdir. E.Mustafaoğlunun Türkiyə türkcəsindən Azərbaycan dilinə uyğunlaşdırmasında bir qüsurların olduğunu M.Süleymanlı qeyd edir. Əsərin İstanbul nəşrlərində yer alan bir başlığın – “Peyğəmbərin qız cocuğuna göstərdiyi məhəbbət” (Ahmet Ağaoğlu. İslamlıkta kadın. İstanbul, Nebioğlu Yayınevi, 1959, s.29), “Peyğəmbərin qız cocuğuna göstərdiyi sevgi” (Ahmet Ağaoğlu. İslamiyyette kadın. Ankara, Birey ve toplum yayınları, 1985, s.28) 1990-cı il Bakı variantında “Peyğəmbərin qızına məhəbbəti” şəklində verilməsinə qarşı çıxır (6, 7). Əlbəttə “qız uşağı” və “öz qızı” kəlmələri ayrı-ayrı anlam ifadə edir. Əsər isə daha bəşəri səciyyə daşıyıb İslam dünyasındakı ümumqadın probleminə həsr olunub. Bu baxımdan tədqiqatçının iradını haqlı saymaq olar. M.Süleymanlı bəzi improvizə hallarının mövcudluğunu, sinonimlərin əsərin dilini ağırlaşdırdığını və fransızca istinadların yazılışında diqqətsizliyə yol verildiyini də nəzərə çatdırır. O, “Əhməd Ağaoğlunun “İslama görə və islamiyyətdə qadın” əsərinə elmi-tənqidi yanaşmalar” kitabında əsərin orijinal və tərcümə variantlarını (tərcüməçilər: Həsən Əli Ediz və Rüfət Şərifov) daxil etmişdir. Kitabda yer alan bu əsəri rus dilindən Azərbaycan türkcəsinə Rüfət Şərifov tərcümə etmişdir. Əsəri ədibin külliyyatı üçün isə Kərim Axundov azərbaycancaya çevirmişdir.
“İslama görə və islamiyyətdə qadın” əsərində Ə.Ağaoğlu müsəlman xalqlarında qadına münasibət məsələsini İslam dini mövqeyindən araşdırmışdır. Səməd Ağaoğlunun kitaba yazdığı müqəddimədə qeyd edildiyi kimi, “Ağaoğlunun bütün həyatı boyunca müdafiə etdiyi bəzi prinsiplərin ilk köklərini göstərən bir vəsiqə” hesab olunan bilər (2, 11). Qadın məsələsi Əhməd bəyi hər zaman düşündürmüş, istər elmi və publisistik yazılarında, istər pedaqoji, istərsə də siyasi fəaliyyətində qaldırdığı ən ümdə problemlərdən olmuşdur. Əsər barədə Türkiyədə ilk dəfə geniş surətdə bəhs açan Yusuf Akçuranın sözləri ilə desək “Əhməd bəy bu risaləsində islamın irəliləməsi və geriləməsinə ölçü olaraq “qadın”ı almışdır” (3, 158). Əsərin yazıldığı dövrdə Qərbdə feminizm ideologiyasının geniş vüsət aldığını və qadınların cəmiyyətdə yüksək nüfuz qazanmağa başladığını nəzərə alaraq müsəlman Şərqində qadının tutduğu mövqeyi aydınlaşdırmaq baxımından “İslama görə və islamiyyətdə qadın” əsəri olduqca qiymətli material verir. Tədqiqatçı Bəsirə Əzizəliyeva əsər barədə “zamanın çox mühüm aktuallığı kimi meydana çıxmış, qlobal düşüncənin, dövrün tələblərinin müsəlman cəmiyyətindəki qadınların vəziyyəti ilə nə qədər uyğun olub-olmaması sualı araşdırılmışdır” (5, 6) deyərək onun məhz zamanın tələbi ilə yarandığını qeyd edir. Əsərdə İslamda qadına verilən hüquqlar ilə İslam ölkələrində qadınlara tanıdılan hüquq və azadlıqlar qarşılaşdırılır. Ə.Ağaoğlu Qərbin Məhəmmədə (s.ə.v) dair fikirlərini səciyyələndirmək üçün Lavellenin “Fransız ədəbiyyatı tarixi”, Kazan missionerlərinin “Bizansın müsəlmanlar əleyhinə ədəbiyyatı”, Edel de Merilin “Poesies popularies latınes du moyen age”, E.Renanın “Din tarixinə dair etüdlər”, F.Mişelin “Məhəmmədin romanı” kimi qaynaqlara istinad etmişdir.
Əhməd bəy Ağaoğlu Qərbdə İslam dininə və onun peyğəmbərinə qarşı mövcud olan qərəzli fikirlərə yer verməklə yanaşı onlara münasibətini obyektiv surətdə bildirir. Ədib İslam dini və peyğəmbəri barədə yetərincə məlumatlı olmayan başqa xalq və başqa din nümayəndələri tərəfindən İslam dini və Həzrəti Məhəmməd (s.ə.v) barədə yanlış təbliğat aparılmasını, İslam peyğəmbərinin “dəvələr çarvadarı”, “yalançı ərəb peyğəmbəri” adlandırılmasını, onun “qızıl büt Maqom” şəklində təsvir edilməsini məqbul hesab etmir. Bunu islama dair ilkin təsəvvürlərin təcəssümü kimi səciyyələndirir və bu cür fikirlərin İslam dini haqqında yetərsiz məlumatdan qaynaqlandığını bildirirdi. Zamanla müqəddəs “Qurani-Kərim” abidəsinin Qərbdə öyrənilməsi avropalıların İslama qarşı münasibətinin dəyişilməsinə səbəb oldu. Bu isə XIX əsrin ikinci yarısında gerçəkləşdi. Ədib Şekspir, Volter, Leybnitsin kütləni əyləndirmək üçün peyğəmbər haqqında uydurulan komik əhvalatlar, yazılan pamfletlər qarşısında öz təəccübünü və təəssüfünü gizlətmir. Məşhur italyan yazıçısı Dante “İlahi komediya”sında Məhəmməd peyğəmbəri (s.ə.v) qədim dövr müdrikləri içərisində göstərdiyinə görə tonqalda yandırılmaq qorxusu ilə onu Fra Dolçino və Bertrano de Born kimi nifaq salanların arasında, cəhənnəmdə təsvir etməsi, yaxud italyan memar Orkaniya Pizanın Kampo-Santasında peyğəmbəri Averroes və Antixrist kimi bütün dinlərə nifrət bəsləyənlər sırasında verməsi və hətta papalığa yüksələ bilmədiyindən onun öz yoldaşlarından qisas almaq məqsədilə “yeni din” uyduran şəxs şəklində təsvirikimi faktlar da əsərdə yer alır. Hətta elmdə də belə təzahürlər özünü göstərirdi. Əhməd bəy göstərir ki, ingilis alimi Karl Foster 1829-cu ildə nəşr etdirdiyi iki cildlik əsərində peyğəmbər “Daniilin öncəgörmələrinin səkkizinci hissəsində təsvir edilən keçinin kiçik buynuzu” (6, 54) şəklində verilmişdir. Təəssüf doğuran bu cür təsvirlərin katolik kilsəsinin yüksək nüfuza malik dövrlərdə meydana çıxması kilsə hakimiyyəti faktoru ilə də bağlı ola bilər. Görkəmli ədəbiyyatşünas Əziz Mirəhmədov məlumat verir ki, adı çəkilən və Əhməd bəyin tənqid hədəfinə çevrilən bu müəlliflərə ərəbşünas Y.Belyayev də “Ərəblər islam və ərəb xilafəti erkən orta əsrlərdə” əsərində eyni qiyməti vermişdir (4, 56). Y.Belyayev həmin əsərində alman ərəbşünası Q.Qrimin “Məhəmməd” əsərində İslamın yalnız din deyil, sosialist hərəkat kimi səciyyələndirməsinə qarşı çıxır.
Sual yaranır: iki qüvvətli din – Xristianlıq ilə İslam arasında qəti sərhəd çəkmək mümkündürmü? Necə ki katolikliklə provaslavlıq, şiəliklə sünnilik arasında mütləq hədd qoymaq olmur, bu iki din münasibətlərində də elədir. Onlar bir məxəzdən, bir mənbədən qaynaq götürür. Şiəliklə sünnilik İslamın, katolikliklə provaslavlıq Xristianlığın iki tərəfidirsə, bu iki qüvvətli din də elə. Hər ikisi təkallahlığa xidmət edir. Əhməd bəy də, XX əsr Qərbinin fikirlərinə şərik çıxaraq bu iki din arasında mənəvi bağ olduğunu bildirirdi. Bu barədə ingilis şərqşünası Maks Müller yazırdı: “İllər ötəcək xristianlar Məhəmmədi İsanın silahdaşı, İslam dinini isə xristianlığın məzhəbi kimi tanıyacaqlar; və onda həm xristianlar, həm də müsəlmanlar onların tarixində baş verən mübarizə və qarşıdurmalara təəccüb edəcəklər” (6, 56). Bu fikrə rus alimləri V.Solovyov və Petrov da şərik çıxırdı. Əhməd bəyin sözləri ilə desək, “bu gün dinlər emosional münasibət predmeti deyil, mənəviyyatın orijinal təzahürlərini” əks etdirir. O, qadın mövzusuna dair “müsəlmanlar arasında Məryəm bəzi xristian sektalarda olduğundan daha hörmətlidir” (6, 56) şəklində münasibətini bildirir və Məhəmməd peyğəmbərin Həzrəti Məryəm haqqında səsləndirdiyi fikri “ilahi ruhun anası olan Məryəmdən sonra Fatimə ikinci qadındır” sitat gətirməklə bu mənəvi bağa bir işarə edir və eləcə də Quranda Məryəmin adı hörmətlə anılır.
Əhməd bəy Ağaoğlu Qərbin İslam barədə təsəvvürləri ilə oxucusunu tanış etdikdən sonra qadın probleminə müsəlman xalqlarının düşüncəsi ilə İslam dini ideologiyasının qarşılaşdırılması zəminində araşdırır. O, müsəlman qadının bugünkü vəziyyətinə əsaslanaraq “İslam və qadın” problemini analiz etməyin aprior nəticə verəcəyini bildirirdi. Müsəlman Şərq xalqlarının islamaqədərki dövrdə qadınların vəziyyətini təsvir edən ədib göstərir ki, bədəvi ərəblərdə qız uşağının dünyaya gəlməsi bəd əlamət hesab edilmiş, allahların qarğıdığı ailəyə qız övladı göndərdiyi barədə təsəvvürlər var idi. Əksər hallarda qız uşaqları diri-diri quma basdırılır, başqasına satılır yaxud bir ev heyvanı ilə dəyişdirilirdi. İbn Xəldun göstərir ki, bu qadınlar ərlərinə və kişi cinsinə mənsub olan valideynlərinə aid olan “malın varisi” olmaq hüququndan da məhrum idilər. İslamaqədərki dövrdə ərəblərin yaşam tərzində kəbinlərin əxlaqi öhdəlik deyil, təsadüfi birləşmə xarakteri daşıması, poliqamiyanın (çoxarvadlılıq) baş alıb-getməsi, ümumiyyətlə ailə dəyərlərinin olmaması və cahiliyyə dövrü ərəb qadınlarının ictimai yerlərdə “varlı tacir axtarışına çıxması” kimi hallar hökm sürürdü. Ədibin ərəblərin islamaqədərki həyat tərzinin təsvirini verməsi İslamın ərəb yaşam tərzində və əqli düşüncəsində oynadığı rolu göstərmək, qadın probleminə bədəvi ərəb nəzərindən baxmaq üçün olduqca faydalıdır. O, təkcə ərəb xalqlarında deyil, türklərdə və farslarda “İslam və qadın” problemini şərh edir. Əgər Misirdə, Ərəbistanda, İranda qadının “qul”a çevrildiyini görürüksə, türk qadınları öz ərləri ilə döyüşə gedir, cəsurluğu ilə seçilir. Türk qadınlarıının örtünməsi İslam dini ilə əlaqədar olmuşdur. Müsəlman türk qadınları arasında xəlifə Harun ər-Rəşidin xanımı Heyzaran böyük nüfuz sahibi olmuş, “Əmir” və “Valid Sultan” titullarına yiyələnmişdi. Atabəyin xanımı Saada-Tarxan-xanım naib vəzifəsini yerinə yetirmiş, Atabəylər ailəsindən olan Alma Xatın Şirazda çarlıq etmişdir. Səlahəddin Əyyubinin xanımı Xədicə isə Dəməşqdə məktəb və kolleclərin əsasını qoymuşdu. Fars qadınlarının islamdan öncəki durumunu təsvir edərkən İran şairi Firdovsinin “Şahnamə”sinə və M.Darmsteterin “Zənd Avesta” əsərinə isnad edir: “Qədim İranda qadın tamamilə kölə halında idi. O, bütövlükdə bir dustaq kimi ömür sürürdü, Allahın işığına da həsrət idi. Mülki qanunlar qadının alınıb-satılmasına da icazə verirdi. Darmsteterin “Zənd Avesta” əsərində deyildiyi kimi, dini qanunlara görə oğlan öz anası, bacısı, xalası, bibisi, bacısının və ya qardaşının qızı ilə evlənə bilərdi. Qadınlığın müəyyən təbii günlərində İranda qadınlar ev-eşikdən uzaq daxmalara çəkilməli idilər. Onlara yemək-içmək gətirən adam əvvəlcə qulaq və burun dəliklərini tıxaclamalı və əllərinə əski sarımalı idi; çünki bu vaxt həmin qadınların vücudu, hətta onları əhatə edən hava və əşya ilə təmasda olmaq murdarlıq hesab olunurdu” (6, 59).
Azadlığı və hüquqları əldən alınmış qadınların əzəli müdafiəçisi olan Həzrəti Məhəmmədin dinində – İslamda qadın mərkəzi yer tutur, ona müvafiq azadlıqlar verilirdi. Təsadüfi deyil ki, “Qurani-Kərim”in 16 surəsində (“Bəqərə”, “Ali İmran”, “Nisa”, “Maidə”, “Yusif”, “İbrahim”, “Nəhl”, “Məryəm”, “Nur”, “Nəml”, “Qəsəs”, “Əhzab”, “Rəhman”, “Mücadilə”, “Təlaq”, “Buruc”) qadın probleminə toxunulmuşdur. Kitabın irihəcmli surələrindən birinin “Nisa” (“Qadınlar”, 176 ayə) adını daşıyır və surənin mərkəzi problemi qadındır. “Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun!” (1, 55) sözləri başlayan “Surətun-Nisa” qadına xor baxıldığı zamanda bir inqilabi çağırış kimi səslənir.
“Məni hansı günahıma görə öldürürsən?” sualı ilə üzləşən valideynlərə “öz uşaqlarınızı öldürməyin!” çağırışı ilə səsləndi. Qız övladlarına məhəbbəti öz qızı Fatiməyə sevgisi ilə göstərdi. “Cənnət anaların ayaqları altındadır” dedi. Cahilliyə dövründə yüzə yaxın arvadı olan qəbilə başçılarının sayı az deyildi. Poliqamiyaya qarşılıq kəbinlərin sayı dördlə məhdudlaşdırılması oldu. Ancaq hər birinə qarşı ədalətli olmaq şərtilə, yəni eyni cür davranmalı, eyni rəftar edilmək şərtilə. Bu isə faktiki olaraq monoqamiyaya gətirib çıxarmalı idi. Çünki ağır şərtlər altında dörd qadınla evli olmaq olduqca çətindir. “Quran”da bu barədə deyilir: “Siz heç vaxt qadınlarınızla tam mənada ədalətli münasibətlər qura bilməzsiniz … Əgər sizin bütün qadınlarınıza münasibətdə ədaləti gözləyəcəyinizə az da olsa şübhəniz varsa bir qadınla evlənin. Bu, ədalətsizliyə yol verməməyin, günah işlətməməyin ən yaxşı vasitəsidir”. Hətta qadınlar tərəfindən xəyanətlə üzləşildiyi halda onları bağışlamaq məqbul hesab edilir və dörd şahid istənilir. Boşanma məsələsi isə “talaq” qaydası ilə həyata keçirilirdi. “Tadcamunn” adı ilə bilinən adətə – “ər axtarmaq” məqsədilə ictimai yerlərə açıq-saçıq geyimlərdə gedənlərə, peyğəmbərin yanına gələnlərə qarşı əvvəlcə eyib yerlərinin örtünməsi, daha sonra “hicab” buyuruldu. Ərəblərdə guşənişinliyin Məhəmməddən xeyli əvvəl mövcud olduğunu bildirən Ə.Ağaoğlu tarixə müraciət edərək peyğəmbər və ilk xəlifələr dövründə kişilərlə qadınların eyni məclisdə oturması, ictimai yerlərdə söhbət etməsi və hətta Ayişənin orduya başçılıq etməsi kimi faktları misal gətirir. İlk çıxışlarından ömrünün sonuna qədər qadın hüquqlarının müdafiəçisi olan Məhəmməd peyğəmbəri qadınlar daha çox himayə edirdilər. Bütün var dövlətini din yolunda xərcləyən Xədicə, ərindən gizlin islamı qəbul edib Həbəşistana qaçan Ümmü Həbibə, Ömərin islamın qəbul etməsində böyük rolu olan bacısı Fatimə buna ən yaxşı örnəklərdir.
Əhməd bəy Ağaoğlu müsəlman qadınlarının təkamül tarixini dörd dövrə bölürdü: “1. Məhəmməddən Əməvilərin hakimiyyətə gəlmələrinə qədərki dövr; 2. Əməvilərdən türk hakimiyyətinə qədərki dövr; 3. Türk hakimiyyəti dövrü; 4. Qadının qəti alçalması dövrü” (6, 66). İslamın ilkin dövrü bu tarixi təkamül dövrünün birinci mərhələsini əhatə edir. Məhəmməd peyğəmbərin və dörd xəlifənin – Həzrəti Əbubəkr, Həzrəti Ömər, Həzrəti Osman, Həzrəti Əlinin hakimiyyəti dövründə müsəlman qadınlarında “ciddilik və əxlaq möhkəmliyi, din yolunda əzablara dözmə, qəhrəmanlıq şövqü, poeziyaya və moizəyə meyil” əsas təşkil edirdi. Müsəlman qadınlarında Xədicə, Fatimə, Aişə kimi İslam cəbhəsinin öndə gedən qadınlarından nümunə götürüb yeni zəminli xarakter – “İslam qadını” formalaşırdı. Bütün var-dövlətini İslam uğrunda fədakarcasına sərf edən, güclü qohumları ilə mübarizəyə girişən Xədicə İslam qadınları üçün güc, səxavət, Fatimə dözüm və səbat rəmzi kimi səciyyələnirsə, Aişə isə kiçik yaşlarından peyğəmbər əxlaqı ilə böyüyən qadınların simvolu idi. İslam dininin və onun peyğəmbərinin qadına olan humanist mövqeyi, qadına hüquq və azadlıqlar tanıması islamın ilkin dövrlərində qadınlara olan münasibətin yüksəlməsinə səbəb oldu. İslamın sonrakı dövrlərində qadınların nüfuzunun artması bu yöndə Həzrəti Məhəmmədin (s.ə.v) apardığı əzmkar mübarizə və qazandığı ilk uğurlarla əsaslı surətdə bağlı idi. Əlbəttə İslamın ilk uğurlarında Belal, Xədicə kimi qadınların da rolu az deyildi. Qadınlar peyğəmbərə böyük rəğbət göstərirdi. Fransız alim Ernest Renan bu barədə qeyd edir: “Qadınların rəğbəti peyğəmbərin fəaliyyətinin ilk çağlarında öz ünvanına eşitdiyi təhqirlərə dözümlü olmağa məcbur edirdi” (6, 66).
Müsəlman qadınlarının təkamül tarixinin ikinci dövründə – Əməvi xəlifəsi Xişam və Validin hakimiyyəti zamanında müsəlman qadınlarının daha da tərəqqi etdiyini bildirən Ə.Ağaoğlu onların təlim-tərbiyəsinin kişilərlə bərabər aparıldığını, onların poeziya, natiqlik kimi sənətlərə yanaşı müxtəlif bilik sahələrinə yiyələndiklərini qeyd edir. Bu dövr müsəlman qadınlarının mənəvi kamillik nümunəsi olaraq İbn Həllaqın “Bioqrafik Ensiklopediyasına” əsaslanaraq Əhməd bəy də İmam Hüseynin qızı Sükeynəni göstərir. O, ensiklopediyada “dövrün qadınları içərisində gözəllikdə, zəkada və xeyirxahlıqda birinci qadın” şəklində təsvir olunur. Dövrünün qibtə olunan qadını Sükeynə barədə “Xəlifəlik dövründə mədəniyyət” kitabının müəllifi de Slane, fransız şərqşünası Perron böyük rəğbətlə bəhs açmışlar. Bu mənbələrdə Sükeynənin nəinki qadınlar, həm də kişilər arasında böyük təsir gücünə malik olduğu qeyd edilir. Onun geyimi, duruşu, davranışı təqlid edilir, qadınlar hər cəhətdən ona bənzəməyə çalışırdılar. Ondan məsləhət almaq üçün uzaq yerlərdən ziyarətinə gəlirdilər. Ə.Ağaoğlu hətta Sükeynənin şərəfinə “Turrat-ül-Sükeynə”sarığının hazırlandığını bildirir. Əziz Mirəhmədov Sükeynənin müsəlmanlar arasında unudulmasına təəssüfünü bildirir və “bu fakt bir də ona görə ibrətli və acıdır ki, Sükeyna ilə eyni vaxtda yaşamış və “İncilin eynən icrasını tələb edən Rabiənin məqbərəsi dini bir ziyarətgaha çevrilmiş” və Xaqani kimi şairlər fəxrlə öz analarını onunla müqayisə etmişlər” (4, 67)
Abbasilər dövrü qadınlarının xronikasını verən Ə.Ağaoğlu “ərəb mədəniyyəti Abbasilər dövründə yüksəlib sonra birdən iflasa uğradığı kimi müsəlman qadını da öz inkişafında ən yüksək səviyyəyə çatıb birdən geriləməyə başladı” (6, 72) – sözləri ilə III dövrü səciyyələndirir. O, bu iflası əxlaqın pozulması, həyat tərzində sadəliyin itirilməsi və farsların, suriyalıların təsiri ilə bağlayır. Abbasilər farsların köməyilə İranda hakimiyyəti ələ keçirdiklərindən onlarda iranpərəstlik özünü açıq-aşkar göstərirdi. Fars mədəniyyəti İslam mədəniyyətini zənginləşdirsə də İslamın öz qüdrətini itirməsində böyük rol oynadı.
Abbasilərin hakimiyyətinin ilk dövrlərində müsəlman qadınları elmə, sənətə yiyələnir və hətta idarəçilikdə də təmsil olunurdular. Ədib “Biliyə qarşı meyil, mənsəbindən asılı olmayaraq o dövrün bütün qadınları üçün xas idi” (6, 77) sözləri ilə müsəlman qadının keçdiyi bu tarixi dövrü səciyyələndirir. İlk abbasi Əbül-Abbasın xanımı Ümmü Sələmə, xəlifə Məhdinin xanımı Heyzaran xəlifə Harun ər-Rəşidin həyat yoldaşı Zübeydə, xəlifənin bacısı Abbasə bu dövrün nüfuzlu qadınları idi. Ə.Ağaoğlu tarixçi Məsudinin “Qızıl çöllər” əsərindən “onun ərinə təsiri o qədər böyük idi ki, əri onunla məsləhətləşmədən, bəzən isə hətta onun razılığı olmadan heç bir məsələyə dair qərar verməzdi” (6, 74) sitatını gətirərək Ümmü Sələmənin necə təsir gücünə malik olduğunu göstərir. Qabaqcıl fəaliyyəti ilə seçilən, kasıbları, şair və ədiblərin himayəçisi Heyzaran da həm xəlifə əri üzərində olduqca güclü təsirə malik idi, həm də xalq arasında xeyriyyəçiliyi və səxavəti ilə hörmət qazanmışdı. Bir çox Şərq və Qərb yazıçılarının diqqətini özünə cəlb etmiş, ağıllı, xeyirxah, sadədil və gözəl qadın – Zübeydə həm abadlıq, idarəçilik işlərində yaxından iştirak edir, həm də “kasıb şair və yazıçıların himayədarı” idi. Əbəs yerə Əhməd bəy “Bağdad şəhəri öz şöhrəti və əzəmətinə görə məhz bu qadına minnətdar olmalıdır” (6, 75) sözlərini demir və onun təkcə Bağdad deyil, Ərəbistan üçün gördüyü işləri sadalayır. Abbasə də Zübeydə kimi xilafətin ictimai və ədəbi həyatında fəal iştirak edirdi və öz gözəl məziyyətləri ilə seçilirdi. Ancaq onun Bərməkilərdən olan gənc sərkərdə Cəfərlə nakam sevgi macərası bu dövrün əxlaq qaydalarını və xəlifə Harun ər-Rəşidin xarakterini açan cəhətləri özündə əks etdiyinə görə bir çox ədib və tarixçilərin diqqətini çəkmişdi. Ə.Ağaoğlu hətta bununla bağlı şərqlilərdə rəvayət və məsəllərin yarandığını bildirir və “xoşbəxtliyə bel bağlama – o, Bərməkilərə də xain çıxdı” (6, 76) məsəlini nümunə göstərir.
XVI əsr yazıçısı Siyutinin “… Bu dövrdə xəlifələrin zəifliyi ucbatından hakimiyyət tamamilə qadınların əlinə keçmişdi və iş o yerə çatmışdı ki, gənc xəlifənin anası dövləti müstəqil idarə edirdi; … o, öz adından qanunlar çıxarırdı” (6, 77) sitatı xəlifə I Matazidin xanımı Katr ül-Nadanın fəaliyyətini səciyyələndirir. Məhz Əhməd bəy Katr ül-Nada barədə ilkin məlumat verdikdən sonra bu sitatı gətirir. Katr ül-Nada şəxsiyyəti ilə XX əsr müsəlman qadını arasında ciddi fərq və hətta təzad vardı. İdarəedici qadınlar arasında iki Misir şahzadəsinin – Sitt ül-Mülk və Saqrru-Durun da adı çəkilməlidir.
Dövrün öz elmi, biliyi ilə seçilən qadınları sırasında Ə.Ağaoğlu Bağdad mədrəsələrində ədəbiyyata dair mühazirələr oxuyan Fəxrun-Nisənin, kişi və qadınlar üçün teologiya kursu keçən Ümmül-Xeyr Fatimənin, məşhur Şafinin müəllimi olan Seidey Nəfisənin adını çəkir. Bu dövrdə müsəlman qadını həm də şücaəti ilə seçilirdi. Əmir Asamanın tərcümeyi-halında dediyinə görə xaç yürüşlərində onun anası və bacısı, xəlifə Mənsurun dövründə Bizansla müharibədə iki qadın qohumu iştirak etmiş və hərbi geyimdə vuruşmuşlar. Ə.Ağaoğlu müsəlman qadınlarının İran təsirinə uyaraq kosmetika və hərəm intriqalarına hədsiz qurşanması onları elmdən, sənətdən uzaqlaşdırmaqla qalmadı, hətta nüfuzlarını itirmələrinə səbəb oldu. Hərəmxanalar isə farslardan müsəlmanlara keçmiş adət idi. Qadınların əqli fəaliyyətdən uzaqlaşıb passiv hərəm həyatına keçidi onların tənəzzülünün başlanğıcı idi. Misir, Hindistan və İspaniyada yaşayan müsəlman qadınlarının da ümumi səciyyəsini verən ədib müsəlmanların nicatının qadın məsələsi və əlifba islahatından asılı olduğunu bildirir. Əhməd bəyin müsəlman qadınlarının tarixi inkişafını izləyərkən bu və ya digər dövrdə qadının yüksəlişinin də, süqutunun da maariflə bağlılığı ən dəqiq faktor kimi qarşıda dayanır. Qadın oxuduqca, elmə, təhsilə yiyələndikcə yüksəldi və təkcə özü yüksəlmədi. Öz ailəsini və cəmiyyətini də yüksəltdi. Qəliz ərəb qrafikalı əlifbadan qurtulmaq XIX və XX əsr Azərbaycan ziyalılarının həllinə ən çox çalışdığı məsələlərdən idi. Bu əlifba maariflənmənin qarşısında böyük əngəl idi. Məhz bu səbəbdən Ə.Ağaoğlu da əlifba islahatının keçirilməsini vacib sayırdı. Yusuf Akçura Əhməd bəyin islam qövmlərinin qurtuluşu üçün “qadın” və “əlifba” problemlərinin islahı məsələsini qoymasını təqdir edir.
Ə.Ağaoğlu bu iki məsələni İslam dünyasının qatı düşməni hesab edərək şəriət əhlini Quranı və dini təhrif etməkdən yaxa qurtarmağa çağırır. Ədib məşhur türk şairi Ömər Xəyyamın “İslamın özü heç bir qüsura malik deyil, bütün qüsurlar bizim müsəlmançılığımızdadır” (6, 58) – sözlərini xatırladaraq İslamda qadına verilən hüquqları məhz “müsəlmançılığın” əldən almasına işarə edirdi.
Əhməd bəy Ağaoğlunun “İslama görə və İslamiyyətdə qadın” əsərində qaldırılan problemlər təəssüflər olsun ki, bu gün də tam olaraq öz həllini tapmayıb və öz aktuallığını saxlayır. Müsəlman qadını bir zamanlar yüksəldiyi zirvəyə hələ də qalxa bilmir. Hərəmxana yoxdursa da, məişət qayğıları sənətə marağın qarşısında bir əngələ çevrilibsə, geyim-keçimə həddən ziyadə vurğunluq təhsilə, elmə həvəsi azaldıb. Necə deyərlər, hər dövrün öz problemi…!
Əhməd bəy Ağaoğlu İslam dünyasının XX əsrdəki (və eləcə də bugünkü) vəziyyətə gəlməsini fars və Suriya mədəniyyətlərinin pozucu təsiri ilə bağlayır. O, müsəlman xalqlarının ilkin islamdan uzaqlaşması, qadının sosial və kültürəl mövqeyini itirməsi bu təsirlərə uyumla əlaqələndirir. Zamanla bu əks-təsirlər türk xalqlarına da nüfuz etmişdi. Ə.Ağaoğlu müsəlman xalqları arasında pozucu təsirlərə uymayan türk-tatarlar və İspaniya mağribiləri arasında sərbəstliyin qalmasını qeyd edir. Mübariz Süleymanlı bunu “ənənəvi fars kültürünün üstünlüyü düşüncəsindən uzaqlaşaraq azərbaycanlıların modern milliyyətçi idealına yaxınlaşması” (6, 19) ilə əlaqələndirir. Bildirək ki, türklər islamdan öncə də sərbəst yaşam sürmüşlər və islamın gətirdiyi yeni yaşayış, yeni düşüncə onların qadın azadlığını əldən almamışdı. Ənənəvi fars kültürü bu qadınların düşüncə və yaşam tərzinə təsir etdikcə onlar xarakter etibarilə dəyişmiş, əvvəlki nüfuz və sosial hüququnu itirmişlər. Qadının əsarət zəncirləri ilə hüququnun əldən alınmasını İran İslam Respublikasında və Suriya, Livan kimi ərəb ölkələrində bu gün də qalmaqdadır. Şərqdə ilk dəfə qadına səsvermə hüququ verən Azərbaycan türkləri və qadını sosial fiqur kimi tanıyan, ölkələrinin ictimai-siyasi həyatında yaxından iştirak etmələrinə imkan yaradan ümumən türk xalqlarının islamlığında ilkin islama yanaşma meyli aşkar görünür.
Ədəbiyyat:
1. “Qurani-Kərim”in Azərbaycan dilinə mənaca tərcüməsi. (Ərəb dilindən tərcümə edənlər: akademik Ziya Bünyadov, akademik Vasim Məmmədəliyev). Bakı, “Şərq-Qərb” Nəşriyyat evi, 2012, 568 s.
2. Ahmet Ağaoğlu. İslamlıkta kadın. İstanbul, Nebioğlu Yayınevi, 1959, 60 s.
3. Akçura Y. Türkçülüğün tarihi. İstanbul, Kaynak yayınları, 2001
4. Mirəhmədov Ə. Əhməd bəy Ağaoğlu. Bakı, Ərgünəş, 2014, 264 s.
5. Əzizəliyeva B. Əhməd bəy Ağaoğlunun İslam dünyasında qadına münasibət barədə düşüncələri // 525-ci qəzet, 13 dekabr 2016, s.6
6. Süleymanlı M. Əhməd Ağaoğlunun “İslama görə və islamiyyətdə qadın” əsərinə elmi-tənqidi yanaşmalar. Bakı, 2008, 148 s.
7. Ufuk Özcan. Yüzyıl döneminde batıcı bir aydın Ahmet Ağaoğlu ve rol değişikliyi. İstanbul, Kitabevi, 316 s.

Təhminə Vəliyeva
ƏHMƏD BƏY AĞAOĞLUNUN “İSLAMA GÖRƏ VƏ İSLAMİYYƏTDƏ QADIN” ƏSƏRİNDƏ MÜSƏLMAN QADININ SƏCİYYƏSİ
Xülasə: Əhməd bəy Ağaoğlunun “İslama görə və islamiyyətdə qadın” əsəri İslamın mərkəzi problemlərindən biri olan qadın probleminə həsr olunmuşdur. Əsərdə müsəlman qadını problemi tarixi və müasir aspektdən tədqiq olunur. Burada qadın problemi müxtəlif zamanlarda – islamaqədərki dövr, İslamın ilk illəri, Əməvilər, Abbasilər dövrü və XIX əsr, XX əsrin əvvəllərində araşdırılır. Əhməd bəy müasiri olduğu dövrdə qadın məsələsini canlı həyatdan aldığı konkret nümunələrlə verir. Lakin islamaqədərki dövrdə, Məhəmməd peyğəmbər və İslam xəlifələri zamanında müsəlman xalqlarında qadının vəziyyəti onların məişət həyatını və düşüncə tərzini ifadə edən etibarlı elmi qaynaqlara əsasən şərh edilir. İslamdan öncə və islamın müxtəlif dövrlərində qadına qarşı mövcud olan münasibət burada öz əksini tapır. Bu isə konkret problem üzrə tarixən müqayisə aparmağa əsaslı material verir.
Qadınların İslamın ilk dövrlərində hərarətlə İslamı dəstəkləməsini Əhməd bəy Ağaoğlu islamaqədərki dövrdə onların acınacaqlı vəziyyəti ilə əlaqələndirir. Əsərdə İslamın qadına verdiyi hüquq və azadlıqlar önə çəkilir. Əhməd bəy Ağaoğlunun İslamda qadın məsələsini bu qədər qabartmasının əsas səbəbi isə islamiyyətdə qadına qarşı olan münasibətdir. Qadını ictimai həyatın ən önəmli parçası hesab edən Əhməd bəy qadınların hüquq və azadlığının tanınması tərəfdarıdır.
Tahmina Valiyeva
THE CHARACTER OF MUSLİM WOMAN İN AHMAD BAY AGHAOGHLU’S “WOMAN İN İSLAM AND İSLAMİC WORLD”
Summary: Ahmad Aghaoghlu’s “Woman in İslam and İslamic world” was devoted to the woman problem which was the main issue of İslam. İn this work the problem of muslim woman was investigated on historical and modern aspects. The woman problem has explored here at different times – in pre-İslamic period, the early years of İslam, the Amavis, the Abbasies and in the end of the 19th century and early 20th century. Ahmad bay showed about this topic with specific examples in modern, real life. But in this work, the condition of woman in muslim people was talked in the period of pre-islamic, the prophet Muhammed and the İslamic caliph’s time, it based on reliable scientific resources, showing their lifestyle and the way of thinking. The occasion to muslim woman has reflected in pre-islam and different periods in there. This gives important material to compare on a specific problem.
Ahmad bay Aghaoghlu attributes women’s strongly support to İslam in the early years of İslam with their pitiful situation in the pre-islamic period. İn this work the rights and freedoms are highlighted that giving by İslam to women. The main reason of Ahmad bay Aghaoghlu’s women issues in İslam promotion is the attitude to women in the islamic world. Ahmad bay who sees women as the most important part of public life, defends the recognition of women’s rights and freedoms.
Тахмина Валиева
ХАРАКТЕР МУСУЛЬМАНСКОЙ ЖЕНЩИНЫ В АХМАД БЕЙ АГАГОГЛУ «ЖЕНЩИНА В ИСЛАМЕ И ИСЛАМСКОМ МИРЕ»
Резюме: «Женщина в исламе и исламском мире» Ахмада Агаоглу была посвящена проблеме женщин, которая была главной проблемой Ислама. В произведение проблема мусульманской женщины была исследована в историческом и современном аспектах. Проблема женщин рассматривалась здесь в разное время – в доисламский период, в первые годы Ислама, Амависа, Аббасий, а также в конце 19-го и начале 20-го века. Ахмад Бэй показал на эту тему конкретные примеры из современной, реальной жизни. Но в этой произведение о положении женщины в мусульманских людях говорилось в период до-ислама, пророка Мухаммеда и времени исламского халифа, оно основывалось на надежных научных ресурсах, показывая их образ жизни и образ мышления. Повод для мусульманки отразился в доисламе и разных периодах там. Это дает важный материал для сравнения по конкретной проблеме.
Ахмад бэй Агаоглу приписывает женщине решительную поддержку Ислама в первые годы Ислама и их жалкое положение в до-исламский период. В этой произведение подчеркиваются права и свободы, которые дает Ислам женщинам. Главная причина женских проблем Ахмада Бэй Агаоглу в продвижении Ислама – это отношение к женщинам в исламском мире. Ахмад Бэй, который считает женщин наиболее важной частью общественной жизни, защищает признание прав и свобод женщин.