em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Ayrılığın nə ağırdı ay zalım,
Bu həsrəti daha çəkə bilmirəm,
Sənsiz vallah çox ağırdı bu halım,
Sənsiz daha sevinmirəm, gülmürəm.

Ahım qalxıb yetişibdi fələyə,
Əfsanəymiş o son bahar, o görüş,
Mən nə deyim bu qismətə, taleyə,
Dodağımdan qaçaq düşüb o gülüş.

Həsrət bitib indi dildə, dodaqda,
Səni deyib hönkür-hönkür ağlaram.
Göz yaşlarım cığır açıb yanaqda,
Öz əlimlə, öz sinəmi dağlaram.

Ayrı düşdük, yarımadıq zamandan,
Ehtirasın odu yanmır gözümdə.
Ürəyimi hey odlayır bu hicran,
Sən olmusan hər kəlməm, hər sözüm də.

Bu ömrümün bəzəyisən bil ki, sən,
Bir günəş var o da sənsən, cahanda.
Mən ölmərəm, sən yanıma gəlməsən,
Özün qapa gözlərimi son anda.