Filologiya üzrə fəlsəfə doktoru,
AYB-nin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri

Yaşanıb bitib ən gözəl həyatlar,
İndikilər sadəcə bənzəridir əvvəlkilərin..
İndi ötürdiklərinə ağlayır insanlar,
gecikdiklərinə sürünür,
quru, dadsız sevgilərə bürünür.
Xəyalına çata bilmir,
qızılgülə bata bilmir,
kimsə kimin
pənahında rahatlanıb yata bilmir.

…Mənim də həyatım vardı –
sonrasını qurban verə biləcəyim,
günəşli günlərini özləyəcəyim..
O həyat ki..
Çoxundan yuxarı, azından aşağıydım,
o vaxtlar
xoşbəxt bir qız uşağıydım…

Yox, yox.. Yenilmədim həyata,
sadəcə baxışlarımı endirdim.
Bəlkə də bu günün yasını tutdum,
göy üzünə baxmağı da
elə o vaxtdan unutdum.
…və bildim ki, saçları küləklə sevişənlərin,
dilindən nəğməsi,
gözündən gülüşü sovuşanların
boşluğu dolmur.
Səhnəsi olmayan oyunçular tək
sözlə, səslə, rənglə oynayırlar
zamansız, məkansız.
yəni… itənlərin ünvanı olmur.

Yaşandı bitdi ən gözəl həyatlar,
İndikilər sadəcə bənzəridir əvvəlkilərin..

İndi sən həyata bənzəyirsən,
mən də sənə…