Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı

/”Düşüncələrim” – silsiləsindən/

Ömür adlı kəhərimi yora-yora çapmışam,
Çox gecəmi yatmamışam, gündüzümə qatmışam.
Kipriyimdə od daşıyıb, bu günlərə çatmışam
Vətənimə, torpağıma, millətimə heyranam,
Azərbayçan övladıyam, mən şairə Dövranam!

Yurd bilmişəm türk yaşayan hər ulusu- Turanı,
Köksüm alta, sinəmdədi dağı, düzü, aranı.
Baş üstündə Ay- Ulduzu, dildə təkbir, Quranı
Səmasında qartalıyam, düzlərində ceyranam,
Azərbayçan övladıyam, mən şairə Dövranam!

Nə zamandır qan ağlayır irəvanım, Qarabağ,
Ey Ağrıdağ, ey Savalan, canım-gözüm Haçadağ.
Tonqal çatın zirvənizdə, yeri-göyü oynadağ
Mamır basmış qaya altdan, Aslan təkim oyanam,
Azərbayçan övladıyam, mən şairə Dövranam!

Əxz etmişəm babalardan əzəməti, vüqarı,
Comərdliyi, sədaqəti,əhdə vəfa, ilqarı.
Namərdlərdən gizlətmişəm göz yaşımı, qübarı
El- obama göz dikənə sərt tufanam, boranam,
Azərbayçan övladıyam, mən şairə Dövranam!

Qisas üçün çalınarsa “Mehtər”, Cəngi”, ər Marşım,
Şəhidimə gülab olar zəfər, sevinc göz yaşım.
Qiyamətdən betər olar, bu müqəddəs savaşım
Müxənnətdən hər məqamda haqlı hesab soranam,
Azərbayçan övladıyam, mən şairə Dövranam!