Əyyub Qiyasın 50 yaşına
Bir az huzur, bir az kədər
Yağır əllinin üstünə.
Çiyinləri qançır-qançır,
Yağır – əllinin üstünə.
Əlli – bəlli, ömür yarı,
Artır saçlarının qarı.
Tanrı göydə buludları
Sağır əllinin üstünə.
Ha qaçsan da fitnə-feldən,
Dara çəkilirsən dildən.
Qarışqadan yüngül, fildən
Ağır əllinin üstünə.
Kipriklərin mamır-mamır,
Gözdən axan qəlbə damır.
Qılıncını çəkən cumur
Fağır əllinin üstünə.
Tanrım səni səndə qorur,
Yol azmasın bəndə, qorur.
Canda təpər, təndə qürür
Yığır əllinin üstünə.
Cismin də EŞQ, ruhun da EŞQ,
Dağlar dələn ahın da EŞQ,
EŞQ adlı Allahın da EŞQ –
Çağır əllinin üstünə.
14.12.2018.