Könlünü məst edən yad baxışında,
Bir gün hönkürəcək gülüşün sənin.
Səhvin üşüyəcək dərd yağışında,
Gözündən gələcək görüşün sənin.

Günaha batdıqca dəyişkən hissin,
Qara sevdaların məngənəsində.
Şimşəktək çaxacaq qəzəbli hirsin,
Seçimin hiyləgər bəhanəsində.

Səni ovsunlayan şeytan xislətin
Yanlışı gözündə dağa dönəcək.
Gözünü tutacaq yar sədaqəti,
Son sözün külündə ağı dinəcək.

Yasaq ilişiyin söz xətasından,
Didərgin düşəcək sezgi duyğusu.
Həvəsə meyl edən göz ədasından,
Ərşə çəkiləcək sevgi uyğusu.

Yolunu azacaq sözünün canı,
Dilində etiraf daş bağlayacaq.
Təcəlla etdikcə ədalət anı,
Qəlbində ah çəkən daş ağlayacaq.

Dərd sığal çəkdikcə xam xəyalına,
Gözü yol çəkəcək qərib istəyin.
Qədər toy tutacaq söz vüsalına,
İçini çəkəcək qərib istəyin.

Ağlını başından alan yad hissi,
Dərdinin üzünə güləcək bir gün.
Pərişan etdikcə duyğunu nəfsin,
Ürəyin özünə gələcək bir gün.

Çiçəyi çırtlayan yad kəlməsində,
Payız xatirəsi qəlb dağlayacaq.
Naləm püskürəcək od nəfəsindən,
Yoxluğum ruhuna gün ağlayacaq!

Azərbaycan.Quba.
12.04.2022. See less