
Könlümü sıxdıqca söz acıların,
Özümü özümdə bitirdim, gözəl.
Üzümə bağlanan ar qapıların
Dilini dilində itirdim, gözəl.
Ayağım üşüyür yol ayrıcında,
İçimdə ümidin gözləri dolur.
Yoxluğun hönkürür ehtiyacımda,
Qəlbimin gözündə varlığın solur.
Tənha bir qüssəninn əlindən tutub,
İntizar püskürür söz əlacında.
Nə qədər yalanı dilindən tutub
Asım saf sevgimin dar ağacından?!
Dilinin üzündən sozalır üzüm,
Əfv edə bilmirəm günahı ruhən.
Qədər çisənləyir yol çəkən gözüm,
Hönkürür hər gələn gün ahım ruhən.
Üzümə çırpdığın dərd qapısında,
Yaşaran gözümün nisgili gülür.
Suçuna acıyan qəlb ağrısında,
İçimi göynədən nəhs gülüm gülür.
Payız xatirəli yaz qoxusunun
Çiçəyi çırtlayır yad nəfəsində.
Ləçəyi şehlənən gül yuxusunun
Yozumu sızlayır yar həvəsində.
Daha ürəyimlə bacarmır ruhum,
Qırdığın qəlbimdən barış diləmə.
Suçum-sevməyimmiş səni, günahım,
Kül olan sevdamdan naxış diləmə!..
Hiyləgər baxışın oğrun görkəmi,
Demə ayrılığın təməli imiş.
Yada dəyişdiyin güvən ərkimin
Yoxluğu dərdimə təsəlli imiş.
Azərbaycan. Quba.
12.02.2022.