
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Beynəlxalq R.RZA diplomu mükafatçısı,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının NEFTÇALA BÜROSUNUN RƏHBƏRİ.
* * *
Sevdim hər gün Günəş doğan səhəri,
Mən törətdim həsrətimin qətlini.
Gün eşqiylə ulduz- ulduz doğradı,
Gecələrin eşq sancısı bətnini.
Dan yerinin çığırtısı bürüdü,
Eşqdən uçdu qaranlığın türməsi.
Ta zülmətin qatılığın uddu da,
Göy ananın Günəş adlı körpəsi.
Sevdim belə əzmi,ruhu inandım,
İnancımla çox zahirdə batinəm.
İlk gəlişdən qaranlıqlar yarmışam,
Mən doğuşdan əli qanlı qatiləm.
Bir adım da nurdur,elə işıqdır
O işıq ki, sevdalara fırfıra.
Mən eşq ilə yaşayıram,ay adam,
Həsrət olan hər yer buzdu, sırsıra.
* * *
Gecələr sükutun hay qıran səsi,
Heyrət dünyasıdır,heyrət dünyası.
Gündüz Günəş adlı o möcüzəsi,
Qüdrət dünyasıdır,qüdrət dünyası.
Yazan müəllif var, biz surət bil ki,
Rollar özümüzə uyğun gəlmir ki.
Bütün gördüyümüz əsli deyil ki,
Surət dünyasıdır,surət dünyası.
Ən ağır ayrılıq şirin vüsaldır,
Bal acı olsa da, batini baldır.
İnsan, ölüm ismi yeddinci haldır,
İbrət dünyasıdır,ibrət dünyası.
Üzün içdən gələn ülviyyəti də
Sözün ana kimi qüdsiyyəti də,
Elnurun Elnurla ünsiyyəti də,
Fitrət dünyasıdır,fitrət dünyası.