Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər

GEİ-GEDƏ DÜNYADA İQLİM DƏYİŞİR…

Bilməzdim “Çəkilin” ipəyi olar,
ondan qol-budaqlı “Şah tut,”,”Bedana”,
bağın da həyattək öz qanunu var–
gərək ağaclar da hərdən budana.

Ətrin bihuş edər,saralan ərik,
sənə həvəslənib heyva saralar,
burnu dənzərəni kal-kal yeyərik,
meyvənin şirini qurd-quşa qalar.

Çoxu xəyalımda düymə-düymədi;
talanan bağbanın qoruduğuydu,
sonralar “harama” əlim dəymədi–
olaylar “uşaqlıq oğurluğuydu”.

Tapardıq bostanın yolun əlüstü,
güya “son baharda hər şey bilinir!”,
çoxdandır nə “yanlış”,nələr “dürüstdü”?
daha nə yaz bilir,nə payız bilir.

“Aysberqlər” əriyib suyla birləşir–
Şimal okeanı sayın itirir,
get-gedə dünyada iqlim dəyişir,
məni “köçərilər” fikri götürür.

Əl saxla!,Yetmədi?,Yorulmamısan?
daha göylərin də səbri çatdladı,
bu gidi dünyanln əşrəfi insan
ağıl ucbatından qaçaqaçdadı!!

Qələm də yorulub,mən də…bezirik!
bədbəxtmi,xoşbəxtmi yeni nəsillər?
quşları da qaçaq salanlar bizik,
onlar bir-birinə qəsd eləmirlər…

KOR BULAQ…

Sən də çəkdin bu dövrandan,
hayıf sənə,a kor bulaq,
mayıf olduq ağlamaqdan;
axırıməz budur,bulaq.

Qart bağlayıb səndəki lil,
hey axardın səfil-səfil,
“Azadlıq” da bir şey deyil–
səni basan gicirtkandan
yellər tutur qotur,bulaq.

Ah,necə də alışmışdıq!
gözəl idi həyat,işıq,
indi aləm çoox qarışıq-
hələ orda otur,bulaq.

Xəta-bəla şərikimiz,
çatlayanı öz içimiz,
a sirdaşım,kimik ki biz?-
ümmanlar da batır,bulaq.

Haqqın qarışıqmı başı?
ya çiynimdə Mələk naşl?!
usta-söykəndiyin daşı,
fəhlə lili satır,bulaq.

Gözündə bir xırda çınqıl,
hələ darıx,hələ sıxıl,
“Azadlıq” bir uzun nağıl,
yuxu məni tutur,bulaq!

Bir diyarda hər birimiz,
didərgindir ellərimiz,
“Ətək” gəzən əllərimiz
baxaq,nə vaxt çatır,bulaq?
aç gözünü,a kor bulaq…

QURBANLIQLAR…

İti,bazarında atından baha,
mən belə dünyanın nəyindən küsüm?
.Məmməd ARAZ

Get-gedə üst-üstə yığıldı borclar,
arada soyuyub söndü kürələr,
“Qurbanlıq”-deyilib kəsildi qoçlar,
keçi ümidinə qaldı sürülər.

Dünya ömürlərı qəribə bölür;
zaylar sahib çıxır “yaxşı,babata”,
dağ kimi möhkəmlər qəfildən ölür,
illər zarıncısı dönür həyata.

Bezirəm taleyin keşməkeşindən,
bəzən xəyalımdan çıxır öz adım,
baş aça billsəydim dünya işindən,
bəlkə də bir yana varıb çıxardım.

Korşalmır sümüyə dirənən bıçaq,
amma ki,boğaza canlar dirəşir,
mütləq qıdıqlayıb onu yıxacaq,
çünkü pəhləvanla-təlxək güləşir!

Biz də,Məmməd ARAZ,batdıq günaha,
gördüyün o “astar” vaxtın “üzüymüş”,
“İti bazarında atından baha”–
dünyada ən ucuz insan özüymüş…

ELƏ BİLDİM…

Vaxt başıma indi yığır ağlımı,
görmədiyim yaxın-uzaq qalmayıb,
uşaq vaxtı qoca gördüm babamı-
elı bildim:”Babam uşaq olmayıb”.

Nağıllarda anladaram oğluma:
“Hər ağacı kaş,basaydım bağrıma,
hərdən özüm qəsd elədim bağıma”
gec anladım–bu cürə bağ olmayıb!

Yaraladım neçə qolu-budağı,
nə yaxşı ki,ağıl verdi yarpağı:
“Peyvənd tutmaz özcə bağın budağı,
tutsa belə,qol-budağı olmayıb!”.

Ayıb olar,yolu kimnən soruşum,
büdrəyəndə gah ayağım,gah huşum?
ya Qürbətdə,ya qəbirdə tay-tuşum,
yaşıdlardan salamatı qalmayıb.

Odur–bizi xəlbir-xəlbir ələyən,
gölü-ümman,”mıxı-mismar eləyən”!
həndəvəri ələk-vələk eliyən,
nə səbəbdən məni saya salmayıb?
Uşaq vaxtı qoca gördüm babamı,
elə bildim: “Babam uşaq olmayıb”..