Azərbaycanlı şair Əziz MUSA.”Polad odda bərkiyir” (Poemadan bir parça)

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

İgidləri unutmaz ulu yurd, qoca zaman,

Qəhrəmanlar yurdudur əzəldən Azərbaycan,

Hər oğlu, hər bir qızı, igid, şanlı qəhrəman,

Yenilməzlik rəmzidir-Azərbaycan ordusu.

Əziz bilər canından el-obanı, milləti

Bu dünyaya tanışdı onun dönməz qeyrəti,

Danılmazdı heç zaman onun gücü, qüdrəti,

Yenilməzlik rəmzidir-Azərbaycan ordusu.

Amalı doğma yurdu, torpağını qorumaq,

Döyüşlərdə şir kimi, həmişə qalib olmaq,

Borcludur ona hər vaxt, bu yurd, bu ana torpaq,

Yenilməzlik rəmzidir-Azərbaycan ordusu.

Əyilməzdir, mətindir, döyüşlərdə ad alar,

Qorxu bilməz igiddir, düşməni oda salar,

Atılar döyüşlərə, həmişə zəfər çalar,

Yenilməzlik rəmzidir-Azərbaycan ordusu.

Uca tutar həmişə ay, ulduzlu bayrağı,

Qoymaz sönə heç zaman, yurdun odu, alovu,

Canından çox istəyər doğma, əziz torpağı,

Yenilməzlik rəmzidir-Azərbaycan ordusu.

Düşmənin qarşısında dayanar bir dağ kimi,

Dağıdar neçə səddi,, qırar neçə tilsimi,

Dilində əzbər olar Azərbaycanın himni,

Yenilməzlik rəmzidir-Azərbaycan ordusu.

Satqının yolun kəsər, namərdi atdan salar,

Bir xəyanət görəndə dərin xəyala dalar,

O qanlı döyüşlərə, savaşlara atılar,

Yenilməzlik rəmzidir-Azərbaycan ordusu.

Düşmənləri mat qoyar, hünəri, rəşadəti,

Bu dünyaya tanışdı mərdliyi, mətanəti,

Danılmazdı bu yurda sevgisi, sədaqəti,

Yenilməzlik rəmzidir-Azərbaycan ordusu.

Xalqın görən gözüdür, elin vuran qoludur,

Keçdiyi şərəfli yol, müqəddəsdir, uludur,

Qəlbi vətən eşqiylə, sevgisiylə doludur,

Yenilməzlik rəmzidir-Azərbaycan ordusu.

Ruhu pərvaz eyləyər “Cəngi” , “Misrı” dinəndə,

Nərə çəkər, hayqırar, o darda, o çətində,

Bu gün də o belədir, belə olub dünən də

Yenilməzlik rəmzidir-Azərbaycan ordusu.

Bir yenilməz qaladır, düşmənlərin önündə.

Qılıncını siyirər vətənin dar günündə,

Gözündən quş yayınmaq, sərvaxtdır səngərində,

Yenilməzlik rəmzidir-Azərbaycan ordusu.

Düşmənin gözün oyar, kəm baxarsa vətənə,

Öz yerini göstərər, o xəyanət edənə,

Qurban olum ordumun gücünə, qeyrətinə,

Yenilməzlik rəmzidir-Azərbaycan ordusu.