Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
QIYMA
Hər gün məhəbbətim bir az da artır,
Ruhum səni görüb, xəyala dalıb,
Həsrətim oyaqdı, sevincim yatır,
O gül dodağında, gözlərim qalıb,
İndi gözlərimdə şimşəklər yanır,
Əcəlin nəfəsi üzümə dəyir.
Fələk də mənimlə oyun oynayır,
Bu həsrət, bu hicran qəddimi əyir.
Məndən uzaqdasan canın sağ olsun
Necə də ağırdı sənsiz bu gecə,
Mənə dərd verirsən, üzün ağ olsun.
Ağlayıb, sızlaram vallah gizlicə.
Göyləri dolaşır fikrim, xəyalım,
Canım bu həsrətdən alışıb, yanır.
Sənsiz canım, gözüm fənadır halım,
Sənli xatirələr bir-bir oyanır.
Qalıb ayrılığın əlində yaxam,
Ay zalım sinəndə yoxdurmu ürək,
Sən olmayan günü ölmüşəm, yoxam,
Məni hey öldürüb, dirildir fələk.
Sənsiz bu ömür, gün zülümdü, zülüm,
Gülüm, gözlərimi yollarda qoyma,
Yanmağa od gəzir pərvanə könlüm,
Dərdindən dəliyəm, Əzizə qıyma.
MƏNİMSƏN
(nəğmə)
Mən səni sevirəm ürəyim kimi,
Eşqinlə döyünür qəlbimin simi,
Səni qoruyuram bəbəyim kimi,
Mənimsən, kimsəyə vermərəm səni.
Günəşim, Ayımsan səndədir gözüm,
Ən şirin nəğməmsən, ən şirin sözüm,
Sən bir qızılgülsən, dərmişəm özüm,
Mənimsən, kimsəyə vermərəm səni.
Can qurban demişəm sənin tək cana,
Ürəyim dözməz ki, dərdə, hicrana,
Sənə olan sevgim sığmaz cahana,
Mənimsən, kimsəyə vermərəm səni.
Olmusan ömrümün mənası gülüm,
Sənsiz neyləyərəm, sən gül ki, gülüm,
Qoyma həsrətindən, dərdindən ölüm,
Mənimsən, kimsəyə vermərəm səni.
Sənsiz sevinmərəm, sənsiz gülmərəm,
Kərəmdən, Məcnundan vallah betərəm,
Səndən başqasını sevə bilmərəm,
Mənimsən, kimsəyə vermərəm səni.