SU BİRDƏ GƏLƏCƏK SU GƏLƏN ARXA…

Su-gəldiyi arxla birdə gələr

Atalardan.

Dövran param-parça elədi Yurdu,

düşmənə qəsbkar dayandı arxa,

baxma ki,Tərtərdə qollar qurudu;

and olsun müqəddəs göyə,torpağa-

su birdə gələcək su gələn arxa!

Geriyə dönəcək vaxtın təkəri,

bilir gözəl Laçın,Şuşa,Həkəri,

gələr hərəkətə dəyirman pəri,

ləpələr cumduqca mürgülü çarxa-

su birdə gələcək su gələn arxa.

O vaxt hərlənəcək dəyirman daşı,

o vaxt əziləcək ilanın başı,

onda quruyacaq gözlərin yaşı;

millət məqam gəzir hayıf çıxmağa-

su birdə gələcək su gələn arxa.

Torpaq şumlanacaq,dən səpiləcək,

qaliblər yoluna nur ələnəcək,

ocaq diriləcək,daş isinəcək-

dolacaq ciblərə qovut,qovurğa-

su birdə gələcək su gələn arxa.

Elat qaldıracaq alaçıqları,

hələ yerindədir “çadır mıxları”,

“Cəngiylə” coşduqca el aşıqları,

cavanlar çapacaq atları yorğa-

su birdə gələcək su gələn arxa.

Özünə gələcək qartallı dağlar,

dirılər ot basmış doğma cığırlar,

“El gücü-sel gücü!”-Yurdu ucaldar;

Ordumuz and içir Ulu Bayrağa-

SU BİRDƏ GƏLƏCƏK SU GƏLƏN ARXA…

22,08,2020.

GEDİR…

Yandıra-yandıra “Eşq dastanını”

Ələsgər daığalı bir Bayraq gedir,

elə tutubdu ki,söz meydanını-

nə qol qalxa bilir,nə ayaq gedir!

Sözün çox yolu var; bu,ayrı yoldu,

mızrab sağdan vurar,bundakı soldu,

ağzının sözünü bilməyən oldu

gördüm–həmləsindən mayallaq gedir.

Duyub,hər beytinnən dərsimi aldım,

sehrinə düşdükcə qalxdım,ucaldım,

istədim bu sərvə peyvənd bağlanım;

tutmadı–nə yamaq,nə calaq gedir.

Ələsgər elimin şah qüruruydu,

Göyçə güllərində şehdən duruydu,

zəmanə o vaxt da həlbət koruydu–

görmədi-mülkünnən bir Allah gedir.

Şair olmaq olmur təkcə həvəsnən,

kaş,ala biləydim od nəfəsinnən,

böyük ustadların yan-yörəsinnən

tikanlar,alaqlr solaraq gedir.

Ustad,nə o yerlər,nə o Vətən var,

nə də oralardan gəlib-gedən var;

Vahid ƏZİZ adlı bir “nəticən” var,

hələ də heyranın olaraq gedir…

16,08,2020.