Blog

  • Şəhla RAMAZANQIZI.”Qanı təmiz ola bilməz”

    Düşməninə əl çaldıran,
    Rüşvətlə könül aldıran,
    Millətinə əl qaldıran,
    Qanı təmiz ola bilməz.

    Yalanı dilinə yatan,
    Özgə mala nəfs atan,
    Halalına haram qatan,
    Doğru namaz qıla bilməz.

    Kasıbların haqqın yeyən,
    Məharətlə yalan deyən,
    Şeytanına boyun əyən,
    Könüllərdə qala bilməz.

    Ürəyində yoxsa həvəs,
    Quru sözlər, çığırtı, səs.
    Vətənini sevməyən kəs,
    Qarabağı ala bilməz.

  • Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Sumqayıtın 70 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilib

    https://c.radikal.ru/c16/1910/b2/c05816df458f.jpg

    Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Sumqayıtın 70 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilib.

    Belə ki, mərkəzin kitabxanasında Sumqayıtın tarixinə həsr olunmuş “Açıq dərs” keçirilib. Sumqayıtın tarixi haqqında dinləyicilərə məlumat verilib, sua-cavab edilib, videroliklər izlənilib.

    Bundan əlavə, şəhərin müxtəlif ictimai təşkilatları və maarif ocaqlarının birgə təşkilatçılığı ilə “Mənim Sumqayıtım” adlı “Nə? Harada? Nə zaman?” formatında bilik yarışı, “Tiamo 2019 Mega beyin” olimpiadası, “İnteraktiv bilik yarışı”, “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
    Həmçinin “Sumqayıt-70: uğurlu inkişaf yollarında” mövzusunda dəyirmi masa təşkil olunub, görüşlər, müşavirələr keçirilib.

    Doğma şəhərin təhsil ocaqlarının kollektivlərinin mərkəzdə keçirdiyi müxtəlif səpgili tədbirlər, ədəbi-bədii kompozisiyalar, konsertlər şəhər ictimaiyyətinin nümayəndələri tərəfindən maraqla qarşılanıb.
    Heydər Əliyev Mərkəzində ekskursiyaların təşkili zamanı mərkəzin əməkdaşları nümayiş olunan sərgilərlə, dərs otaqları, kitabxana və dərkəklərlə qonaqları tanış edib, mərkəzin fəaliyyəti haqqında ərtaflı məlumatlar veriblər.

    Həmçinin, Ümummilli lider Heydər Əliyevin Sumqayıta səfərlərini əks erdirən zəngin mateariallar haqqında qonaqlara geniş və ətraflı məlumat verilib.

    Mənbə: https://turkustan.info/

  • İŞIQ ÜZÜ GÖRƏN DAHA BİR KİTABIN TƏQDİMATI

    https://b.radikal.ru/b12/1910/ef/0e57b5b1b343.jpg

    https://b.radikal.ru/b02/1910/88/3bb869f97f00.jpg

    https://c.radikal.ru/c26/1910/54/23b02d00fd09.jpg

    https://a.radikal.ru/a38/1910/94/97d0172d3f7c.jpg

    Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” zalında şair-tədqiqatçı, Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliklərinin üzvü Hikmət Məlikzadənin “Xatirə Fərəcli yaradıcılığının poetik təzahürü” kitabının təqdimatı keçirildi.
    Tədbirin aparıcısı tanınmış tənqidçi-ədəbiyyatşünas Əsəd Cahangir kitab haqqında geniş məlumat verərək, kitabın elmi tərəfdən də araşdırıldığını və müəllifin Xatirə Fərəcli yaradıcılığına müəyyən qədər fəlsəfi rakursdan yanaşdığını diqqətə çatdırdı. Müəllif də kitabın Giriş hissəsində ilk cümləsini məhz belə bir kəlamla başlayır: “Araşdırma qədər gözəl bir iş yoxdur, çünki araşdırmasız cəhd fayda verməz”.
    Qeyd olundu ki, Kitabda Xatirə Fərəcli yaradıcılığında sənətkarlıq məziyyətləri, bədii təsvir və ifadə vasitələri, poetik lövhələr, ictimai ideologiya, çağdaş poeziyanın klassikayaxas təzahürləri və s. geniş formada acıqlanaraq oxucuya catdırılır.
    Tanınmış şair Ofelya Babayeva kitabdakı elmi cəhətləri vurğulamaqla, diqqəti müəllifin filoloji sahədə müəyyən qeyri-adiliklər etməsinə yönəltdi. O, həmçinin, ədəbi mühitdə öz dəsti-xətti ilə sayılıb-secilən qələm sahibinin – Xatirə xanımın yaradıcılığındakı fərqli yazı üslubunu xüsusi qeyd edərək, uzun zaman tanıdığı bu, gözəl və dəyərli insanın çətin həyat yolundan, yüksək insani keyfiyyətlərindən söz açdı.
    Nəğməkar şair Yusif Nəğməkar kitabdakı fəlsəfi nüansları müəllifin uğuru kimi qiymətləndirərək, nəşrlə bağlı fikirlərini bölüşdü.
    Digər çıxış edənlər – alim Nizami Muradoğlu, şair-publisistlər Şöhlət Əfşar, Balayar Sadiq, Arif Musa, Nəcibə İlkin, Xalidə Nuray, İbrahim İlyaslı, Sona Abbasəliqızı, Qənirə Mehdixanlı, Fəxrəddin Meydanlı, Əməkdar jurnalist Rəhman Orxan, jurnalist Natella Asena və başqaları Hikmət Məlikzadənin poetik yaradıcılığı ilə yanaşı, elmi yaradıcılığına da müxtəlif rakurslardan münasibət bildirdilər. Həmçinin “Xatirə” sözünün Əbcəd və Sanskrit hesabı ilə acılışını və not-musiqi təsirinin izahını bir yenilik olaraq vurğulayaraq, müəllifin uğurlu addımı kimi qeyd etdilər.
    Sonda tədbirin səbəbkarları – Prezident mükaftçısı, 11 monoqtafiyanın, 4 şeir, 7 publisistik kitabın, bir neçə elmi məqalənin, yüzlərlə rəy, resenziya və tənqidi yazıların müəllifi Hikmət Məlikzadə və AYB-nin üzvü, sair Xatirə Fərəcli tədbirin təşkilatçılarına və təşrif buyuran qonaqlara minnətdarlıqlarını bildirdilər.
    Xatirə şəkilləri cəkilməklə tədbir, Ofelya xanım Babayevanın qeyd etdiyi kimi: “Xatirə Fərəcli və Hikmət Məlikzadə təntənəsi” olaraq, tarixin bir anı tək, yaddaşa həkk olundu.

    Aygün HACIYEVA

  • Xatirə FƏRƏCLİ.”Beləcə buraxıb”

    Dəli bir istək var canımda indi,
    Baş alıb harasa getməyim gəlir.
    Mən gec öyrəşənəm, çətin tərk edən,
    Bəs nədir bu istək içimi dəlir.

    Beləcə buraxıb
    bulanıqlığı
    Hansı nisgilimi ovudub gedim?
    Yerində boğulan diləklərimi
    Necə yola verib, təsəlli edim?

    Alıb ürəyimi, alıb başımı,
    Bu yüklə özümə yer tapım harda?
    Varmı elə bir yer, elə bir aləm
    Məni çəkə bilsin, əriyim orda?!

  • Xatirə FƏRƏCLİ.”Darıxmağın daşın atdım”

    ***

    darıxmağın daşın atdım,
    daha darıxan deyiləm.
    o ilan soyuqluğunu
    sinəmə sıxan deyiləm.

    tapınmışdım bir diləyə,
    kürüyüb verdim küləyə.
    bir dərdi də bu ürəyə
    yükləyib yıxan deyiləm.

    itirdiyini hələ sən
    çətin anlaya biləsən.
    çıx get, getməyə tələsən,
    arxanca baxan deyiləm.

  • Xəyalə SEVİL.”Hər şey yerindədi”

    “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

    Hər şey yerindədi,
    O yol, o küçə.
    Küçənin başında açıq pəncərən,
    Pəncərəndə qanı qaralan gecə.
    Hər şey yerindədi,
    Bircə sən yoxsan…

    Sənsiz üstü-başı
    Yaş həsrətimi
    Gözümə sərmişəm,
    Qurusun bir az.
    Yeni ayaq açan səadətimin
    Əlindən tutmadın
    Yerisin bir az.

    Tək qoydun,
    Sən də tək qoydun.
    Ömrü zəngli saat kimi
    Qurdun,
    Sənədək qoydun.
    Demirəm ki, sevmədin,
    Sevdin, düşəndə yada…
    Mənə də çətindi, amma,
    Əlvida…

  • Xəyalə SEVİL.”Həyat bu qədər sadə…”

    “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

    Bu küçə də
    Axırıncı vaqon kimi
    Boşaltdı adamlarını.
    Və bu gecə də
    Qaranlıq qara kəlağayını
    Saldı şəhərin boynuna.
    Yol boyu uzanan gecə işıqları
    Açdı gözlərini.
    Külək deyinə-deyinə
    Oyatdı yuxudan yarpaqları.
    Yəni,
    Həyat bu qədər sadə,
    Həyat bu qədər təkrar.
    Amma ürəyimdə
    Təkrarlanmayan biri var.

  • Rahilə xanım DÖVRAN.Seçmə şeirlər

    Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı

    HARA APARIRSAN
    /”Ömürdən- gündən” – silsiləsindən/

    Yaşamın hər anı təhlükə, hürkü,
    Bilinmir həyatın ciki, nə biki.
    Çiyində palantək ehtiyac yükü,
    Hara aparırsan, bizi sən Dünya?

    Nə ağıl, nə savad alınmır vecə,
    Cənnətsən, behiştsən dəliyə, gicə.
    Səni dərk edəmmir sağlam düşüncə,
    Hara aparırsan, bizi sən Dünya?

    Açıb bir töksənə, sinəndən sirri,
    Nədən dəyişibdir, “atla- it yeri”?
    Bəlkə döndərəsən “çərxi”ni geri,
    Hara aparırsan, bizi sən Dünya?

    Allah lənət etsin haram salana,
    Hamı dəm veribdir dildə yalana.
    Bu xalqı döndərib zəlil, nalana,
    Hara aparırsan, bizi sən Dünya?.

    Müğəddəs nə varsa, dönüb tərsinə,
    Gözlər dikilibdir özgə mərzinə.
    Rüşvət meyar olub, həyat tərzinə,
    Hara aparırsan, bizi sən Dünya?

    Güman yox “bakanlar” islah oluna,
    Asayiş, güzəran düşə yoluna.
    Məvacib heç çatmır işıq puluna,
    Hara aparırsan, bizi sən Dünya?

    Səndən narazıdır ahıl, gənc, cavan,
    Hər kəsi etmisən yalavac, yavan.
    Dur, dinlə, qulaq as- söyləyir Dövran:-
    Hara aparırsan, bizi sən Dünya?…

    OY- OY
    /”Vətənimdir” – silsiləsindən/

    Nə qədər çətinmiş tək- tənha qalmaq,
    Yalqız buraxılmaq, tam unudulmaq.
    Baharı ötməmiş saralıb, solmaq,
    Yolları bağlanmış, yurdlarım oy- oy!

    Illərlə söylədik hey Allah Kərim,
    Qaldı əsirlikdə neçə yurd yerim.
    Qoy torpaq yarılsın mən yerə girim,
    Sinəsi dağlanmış, yurdlarım oy- oy!

    Kül olub, sovrulub fələk yelindən,
    Sakini gen düşüb doğma elindən.
    Yanıqlı şikəstə düşmür dilindən,
    Kürəyi oxlanmış, yurdlarım oy- oy!

    Odlanıb kol- kosu, buta, yarpağı,
    Pozulub busatı, nazlı növrağı.
    Torbaynan daşınır daşı, torpağı,
    Sərvəti saxlanmış, yurdlarım oy- oy!

    Çox ana övladsız, qaçqın, didərgin,
    Unutmuş damının- daşının rəngin.
    Dörd gözlə gözləyir, al zəfər cəngin,
    Taxt- tacı laxlamış, yurdlarım oy- oy!

    Dövran çox inciyib dövrü- zamandan,
    Yağı sitəmindən, tökülən qandan.
    Minlərcə şəhidi yolunda qurban,
    Qapısı mıxlanmış, yurdlarım oy- oy!

  • Saqif Qaratorpağı doğum günü münasibətilə təbrik edirik! (26 oktyabr 1963-cü il)

    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Hüseyn Arif” Ədəbi Məclisinin sədri

    * * *

    Yerdə yer tapmadıq,
    Gedək göyə çıxaq.
    Sözdə itib batdıq.
    Səslən,neyə çıxaq.

    Dərviş olammadıq,
    Baxtnan dolanmadıq,
    “A”-da qalanmadıq,
    Dönək “B”-yə çıxaq.

    Yurdda-yuvasızıq,
    Dərddə-dəvasızıq.
    Burda havasızıq,
    Təzə “öyə” çıxaq.

    Yandıq közümüzdən,
    Doyduq sözümüzdən,
    Çıxdıq özümüzdən,
    İndi nəyə çıxaq?

    Gül olmaz bu güldən,
    Gül alma hər əldən.
    Bu dəli könüldən
    “Sağ ol”-deyə,çıxaq.

    * * *

    Daha təkcə özüməm bu qədim xarabada,
    Bir də veyil küləkdi-buludları hürküdən.
    Bir bənövşə boylanır bir divarın çatından,
    Bir də sınıq qapıdı…nə gələn var,nə gedən…

    Unudulmuş adayam kainatın ovcunda,
    Itirmişəm illərin sayını, hesabını.
    Bu gündən başlayaraq gərək təzədən yazam
    Köhnə-kürüş ömrümün sonuncu kitabını.

    Ha axtardım hər yeri bir ağ varaq tapmadım,
    Batıb baxt gəmisində zamanın sularına.
    Yadımdan çıxır deyə,nə varsa bircə-bircə
    Cızım tənha evimin boz,uçuq divarına.

    Silinib yaddaşımdan,yoxdu bir xatirə də…
    Hərdənbir xatırlayıb barı bir az kövrəlim.
    His basmış bir çıraqdı nə zamandı ürəyim,
    Hovxurub nəfəsiylə parıldadar kim silib…

    * * *

    Hər səhər tezdən durub
    Qaçırsan iş dalınca.
    Axşamlar güclə yetir
    Başın soyuq balınca.

    Tale kəpənək kimi
    Gör necə qovur səni.
    Bu səs-küyün içində
    Axı kim duyar səni?

    Mən də sənin günündə,
    Bəlkə səndən betərəm.
    Qarışıb adamlara
    Küçələrdə itərəm.

    Məni görmək çox asan,
    Məni görmək çox çətin.
    Keçib getdin yanımdan,
    Məni niyə görmədin?

  • Şairə-publisist Nəcibə İLKİN.Seçmə şeirlər

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü,
    “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
    “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    * * *

    Bir məktub yazmışam Allaha o gün,
    Yazmışam haqsızlıq baş alib gedir.
    Aldadan, aldanan çoxalıb yaman,
    Qurumur, gözümü yaş alıb gedir.

    Çoxumuz nökərik, yoxdu qağamız,
    Qanmazlar əlində qalıb yaxamız,
    Sənə üz tutmuşuq, sənsən ağamız,
    ağlımı, başımı huş alıb gedir.

    Amandır, ay Allah düşdük nə günə,
    Susub mərd oğullar, qoymurlar dinə,
    Bürüyüb nahaqdan alıb cənginə,
    Dünyanı kəsiilən baş qalıb gedir.

    Doğrandıq min yere, böldük min yerə,
    Dirildik min kərə, öldük min kərə,
    Haqsızlıq atını çapıb minbərə,
    Gözümü çapılan qaş alıb gedir.

    Acı söz yeməkdən dilim də acı,
    Yerindən dikələn olubdu hacı,
    Şeytanlar burdadı, yoxdu əlacı,
    Kəbəni atılan daş alıb gedir.

    Qarabağ qoxlayır uçan ruhumuz
    Xocalı qanından içən ruhumuz,
    Dərddən dərd yüklənib köçən ruhumuz,
    Yalan, boş vədlərdən “nuş” alıb gedir.

    De, necə məst olaq vəfasız yardan?!
    Qurtarmır könüllər, qurtarmır dardan,
    Astaca çalınan boş havalardan,
    Biçarə Nəcibə “quş” olub gedir…

    * * *

    Aman Allah bir od düşüb canıma,
    Zəli kimi dərd daraşıb qanıma,
    Bu zamanın sərt üzünü tanıma,
    Nə köhləni, nə yorğası bilinmir.,

    Oda düşüm yanar oldum. yanmadım,
    Həqiqəti düz söylədim, danmadım
    Şair gördüm sözlərini qanmadım,
    Nə çobanı, nə qağası bilinmir.

    Tazı gördüm, dovşanına qaç deyir,
    Dovşan gördüm, tazısına köç deyir,
    Bala sərçə anasına uç deyir,
    Nə kiçiyi, nə darğası bilinmir.

    Alovlanır ürəyimdə sözlərim,
    Çox haqsızlıq görüb bu kor gözlərim.
    Qında gördüm, yalan, yaltaq üzləri,
    Nə tülküsü, nə bağası bilinmir.

    Nəcibəyəm, sanki düşmüsəm tora,
    Bu dərd məni nə öldürə, nə yora,
    Bəzi oxuyandan üzümüz qara,
    Nə bülbülü, nə qarğası bilinmir.

  • Şəfa VƏLİYEVA.”Uçur göy üzünə baxışlarımdan”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Uçur göy üzünə baxışlarımdan
    O kiçik, o mavi, əlçim ümidlər…
    Qopur bu dünyanın naxışlarından
    “Atalı-analı yetim” ümidlər…

    Sən heç sevməmisən pəncərələri?!
    Heçmi açılmayıb payız göy üzü?
    Qurub xəyalımda göydələnləri,
    Yarıya bölmüşəm peçenyeləri…-
    Mən belə sevmişəm qaranı, bozu…

    Sən də, Ay İşığım…
    Sən də qucaqla
    Bütün nağılların yaşıl divini…
    Pəri qızlarını göndər bulağa,
    Qoy suya çəksinlər “hilal sevgini”…

  • Şəfa EYVAZ.”Sən, nəmli gözlərimin çəkdiyi yolsan”

    Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi

    sən, nəmli gözlərimin çəkdiyi yolsan,
    sən mənim səssizcə zümzümələrim…
    sən, yorğun qəlbimin son pənahısan,
    sən mənim sonuncu dayanacağım…

    pəncərə önləri sevmədiyimdir,
    soyuq şüşələrdə donar göz yaşım.
    Qış bəhanədir… soyuq nədir ki?!
    Məni üşüdəndir sənli yaddaşım…

    deyirəm dünyanın tonu dəyişsə,
    ürəklər sinədən imtina etsə,
    hər ürək bir qanad taxıb səmada,
    qayğısız, kədərsiz əl-ələ versə…

    bax belə… uşaqca ümidlərim var,
    heç vaxt dinməyəcək susqun taleyim.
    parça-parça olmuş xəyallarım və…
    Və məndən uzaqda yaşayan Sənim…

    2019.

  • Gülnar SƏMA.“Şeir boyda şair”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz Bürosunun Rəhbəri, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Uzun illərdən bəri şirin-şirin qoşmaları, təcnisləri, gəraylıları aşıqların, xanandələrin ifasında, poeziyasevərlərin dodağında qanadlanan Sərraf Şiruyə müasir ədəbiyyatımızın zənginləşməsində payı olan istedadlı şairlərimizdən biri kimi- özünü belə özününkiləşdirir; “Görmürsənmi, saç-saqqalım qırovdu, Mənim yurdum Xan Keytidi, Murovdu”- deyən şairin simasında vətənnüma bir əzəmətin kök saldığını görürük. Ot kökü üstə necə bitibsə, onu yerindən tərpətmək mümkünsüzlüklə uğraşmağa bərabərdi:

    Şəhər gur olsa da, kənd əzəlimdi,
    Süslü qoşmalarım, tər qəzəlimdi,
    Yenilməz ərənim, şux gözəlimdi,
    Mən elsiz yaşaya bilmərəm, qardaş.

    Bu xitab boş-boşuna müraciət deyil. “Pozub bu yaşımda içdiyim andı, Mən elsiz yaşaya bilmərəm, qardaş”- söyləyən şairin şəhərlə kəndi çox ustalıqla ikili standartlarla müqayisəsi diqqəti cəlb edir. Gur şəhərlə müqayisəyə əzəlimiz olan kəndi nümunə göstərir. Sonra da onun orijinal epitetlərini nümayiş etdirir; süslü qoşma, tər qəzəl. Maraqlı janrların ortaq nöqtəsi olmayan ortaqlığını göstərməyə can atır. Belə ki, milli janrımız olan qoşma heca vəznində bəndlərlə yazılır, lakin əcnəbi janr olan qəzəl əruz vəznində beytlərlə yazılır. Bəs, görəsən, şair nədən bu iki janrın oxşarlığını tapmağa can atıb!? Yəqin ki, əsas məsələ onların hər ikisinin son misralarının eyni qafiyəyə tabe olmasıdır. Qoşmada dördüncü, qəzəldə ikinci misralar həmişə öz həmqafiyəsinə sadiqdir. Bu da sübut edir ki, şair ikinci misrada işlətdiyi “qəzəl” sözünü sadəcə “əzəl” və “gözəl”ə qafiyə xatirinə yazmayıb. Kəndlərimiz elə doğma ocaqlardır ki, orada qoşma kimi öz qanımızdan olanlar da, qəzəl kimi bizə pənah gətirənlər də mehribanlıqla yaşaya bilirlər. Şair bölgələrimizə çəkinmədən əsl qiymətini verir. “Cənnət dеdikləri düzdürsə əgər, Cənnətdən səfаlı yеrdi Kəlbəcər”. Vurğulanır ki, əgər həqiqətən də dini dünyagörüşünə əsaslanan cənnətməkan bir yer varsa, onu bu dünyada da görmək olar. Amma birdən yada düşür ki, Kəlbəcər nə vaxtdı əsl cəhənnəmi elə bu dünyada yaşayır. Bu aqibəti yaşayan təkcə bir şəhər olsaydı nə vardı ki…

    Şişdağ Keyti səmtə gözünü dikib,

    Keyti ağı deyib, boynunu büküb.

    Deyirlər ki, Alagöldən perikib,

    Sonam, a Kəlbəcər, sonam, a Göyçə!

    Anam, a Kəlbəcər, anam, a Göyçə!

    Bənddə məqsədyönlü şəkildə zəbt olunmuş toponomik ərazilərin adı çəkilir. “İnan bir bu sözümə: sən üçün göz yaşlarım, Göllənsə ləpələri ətək-ətəkdi, Göyçə”. Şair qoynunda doğulub, boy atdığı ana Göyçəni inandıracağına çətinlik çəkəcəyini zənn edir. Lakin son ümidinin hələ də ümidləndiyini xatırlayır. “Ömrümün son anında ümidim, gümanım var, Yanağım torpağına söykənəcəkdi, Göyçə”.Bu həsrətin sona yetməsinə inamını itirmək istəmir, çünki sonunda onu şirin vüsal gözlədiyindən əmindir:

    Şirin öpüş alım bulaqlarından,
    Sərin meh istəyim yaylaqlarından,
    Tökülüm sinənə yanaqlarından,
    Ağlar gözlərinin yaşına dönüm.

    Doğma torpağının bulaqlarından alacağın öpüşə həsrət qalmağın hüzünlü aqibəti hiss olunur. Hələ özünü istəyə bilmədiyimiz yaylaqların mehini də istəyə biləcəyinə inanır. “Hüsnünə tamaşa eyləmək üçün, Uca qayaların qaşına dönüm” – söyləyir. Bu məqsədin çox yozumları var. Dilimizdə qayaların qaşı anlamında çoxmənalılıq var. Həm də “qaşına dönüm” ifadəsində “dönmək” feili geriyə qayıdım mənasını da verir. Yurd-yuva niskilli şair bu geri dönüşün vacibliyini də nəzərə çatdırır, çünki:

    Müşgülüm düşüb dərinə,
    Bir dərdim həsrət birinə.
    Ər babamın yurd yerinə,
    Gəlib özgə dəyə düşüb.

    Özgələrin dəyə qurub, yurd saldığı yerlərdən bizim izimiz silinməkdədir. Bu elə bir dərinliyə düşmüş müşkildi ki, onu hansı dəli quyuya atıbsa, indi dünyanın bütün ağıllıları yığılır, çıxara bilmir. Bəlkə də, istəsələr o quyuya daş atanların daşlarını çoxdan atardılar, amma nədənsə, dərdlərimiz bir-birinə həsrət qala-qala qalıb. Bu da şairin əhvalına təsirsiz ötüşmür:

    Sərraf Şiruyəyəm, halım pərişan,

    Hər saçım həsrətdən verir bir nişan.

    Gözlərim ağlardı, ürəyim şan-şan,

    Ömrümün sən görən vədəsi deyil.

    Göründüyü kimi, ustad sənətkarın yaradıcılığı yalnız yurd niskilli əsərlərlə məhdudlaşmır. Didaktik məzmunlu şeirlər də novatorluğu ilə seçilir:

    Çoxu əməlinin oldu qurbanı,

    Bir kimsə demədi, günah öldürdü.

    Lənət də yağdırdı çoxu göylərə,

    Dedilər – yazığı Allah öldürdü.

    Etdiyimiz əməlləri törədərkən nəyin günah, nəyin savab olduğunun fərqinə varmırıq. Sən demə, ciddiyə almadığımız bir çox şeylər ömrümüzə günah kimi yazılır. Üzü göylərə ünvanladığımız lənətlərin məhvimizə bədəl olduğunun fərqinə varmırıq. Amma unutmaq lazım deyil ki, hər “yazığın” qismətində Allah tərəfindən müəyyən olunmuş bir ölüm ərməğanı var. Biz sadəcə olum və ölüm anları kəsişənə qədər bizə verilən zaman kəsiyinə məharətlə sahib çıxmalıyıq. “Tənbəl hey söylədi: “Allaha pənah”, Bax, o yazığı da pənah öldürdü”. Bu doğrudan da belədir, lazım olmayan anda həyatdan “tayımaut” götürməyin də nəticəsi ürək açan olmur. “Çoxları özünü atdı meydana, Kürəyi dəyməyən yerə görmədim”-qənaətindən də belə nəticə çıxır ki, uduzacağını bilə-bilə qələbə eşqinə düşmək də məğlubiyyətə aparır. “Yetişməmiş meyvə, dəyməmiş bostan, Zavala düşməsə, dərilər? Yox, yox!”

    Qəm-kədər əlindən ürəyimdə yük,
    Gərgədan yükündən ağır olubdu.
    O qədər barmağım haqdan yazıbdı,
    Qatır beli kimi yağır olubdu.

    Bu bənddə şair çox maraqlı bir bənzətmə verir; haqdan yazan barmaqla yağır olmuş qatır beli. Müqayisə qeyri-adi olsa da, düşündürücüdür. Yəni bu qədər haqqa çağırış missiyalı yazılar yazılır, onların bir xeyri yoxdusa, bu qədər əziyyəti nə üçün çəkirik!? Qəribə budur ki, qatır insanlar üçün işləyirsə, insanlar bundan yetərincə faydalanır, amma insan insanı haqqa dəvət edirsə, bu nəticəsiz qalır. Bu da şairi heyvanların rəftarına da müdaxilə etmək zorunda qoyur:

    Sus! Ey qəlbi təşnə, yaralı bülbül,
    Sənin ki, səsinə biganələr var.
    Dağılma bəxtimtək, ey qara tellər,
    Səni darıyacaq yad şanələr var.

    Deyəsən, bülbül də insanlar üçün haqq nəğməsi oxuyurmuş ona görə də, onun da səsinə biganə qalırlar. Sənətkar cansızlara qədər müraciətlərini davam etdirir. “Yanıb külə dönmə, ey şam, ey çıraq, Yarasa ürəkli pərvanələr var”. Daha tutarlı əsaslara istinad edir. “Caynağı tutanların pulu dağlar oynadır, Fəqir-füqara üçün pul ova dönüb indi”. Əgər vaxtı ilə dahi şairimiz Füzuli eşqin gücündən bir dağı bir dırnaq ilə qoparırdısa, indiki pullular bir dağı bir caynaq ilə də qoparırlar. Kasıb fəqirlər isə pul ovuna çıxsalar da, güllələri boşa çıxır. Bunun da özəl səbəbləri var. “Seyid tamahına satdı cəddini, Axund, molla din-imanı korladı”. Aydınca görünür ki, hər həs öz ixtiyar sahibi olduğu sahəni korlayır:

    Gördükcə yaşılbaş, qırmızı donlu,
    Getdi qulluğuna xonçalı, xonlu.
    Zinalıq eylədi ətəyi unlu,
    Dəyirmançı dəyirmanı korladı.

    Ümumiyyətlə, Sərraf Şiruyənin didaktik fikirləri yetərincədir. Ustad şairin bu cürə əsərlərinin alt yapısında dünyagörmüş bir el ağsaqqalının nurlu siması görünür. “Şamın şöləsinə pərvanə yanar, Yarasa ömründə çıraq görməyib” və ya “Mən yaltağı tanıyıram, Qurumsağın tayı kimi” misraları fikrimizə haqq qazandırır:

    Çay var kükrəsə də, suyu içilməz,
    Sısqa var, damlası baldan seçilməz.
    Elə günah var ki, ondan keçilməz,
    Qan var bağışlanır, üzə çəkilmir.

    Bu nümunədə maraqlı qarşılaşdırmalar verilmişdir. Kükrəyən çayın suyunun içilmək şansı olmaya da bilər. Amma ki, elə sısqa bulaq olar ki, onun bir qətrə suyu baldan da dadlı olar. Şair bu müqayisələrə günahı da əlavə edir. “Günahdan keçilməz” ifadəsi bir neçə cür başa düşülür. Həm günahından keçmək olmaz, həm də elə günahlar var ki, onlardan yan keçmək mümkün olmur. Məsələn: qanı bağışlamq kimi. Bu da iki cür anlaşıla bilər. Bir kimisə tökdüyü qana görə bağışlamaq, bir də kimisə qana salmaq, onu qan tökməyə məcbur etmək. Qanın üzə çəkilməsi də müxtəlif cür anlaşıla bilər. Bu yerdə ikili məna ilə qarşılaşırıq, həm həqiqi, həm də məcazi. Qanı qurban kəsən zaman üzümüzə-alnımıza çəkirik ki, bu da həqiqətən üzə qan çəkilməsidir. Məcazi mənada qanın üzə çəkilməsi isə o deməkdir ki, tökülən qanı kiminsə üzünə gəlmək. Şairin həyati müşahidələri davam edir, “Kömür də qaradı, ancaq sürmətək, Nə qaşa, nə də ki, gözə çəkilmir”. Bu misralarda isə eyni rəngliliyin müxtəlif çalarlılığı üzə çıxır. Bir başqa şeirində isə dilimizdə işləkliyi olmayan sözün işlədilməsi maraq doğurur:

    Düzlükdən dəm vuran yalançı imiş,
    İlandan qorxanlar ilançı imiş,
    Cərrah cərrah deyil, palançı imiş,
    Dünyada nə qədər palançı varmış.

    Bu bənddə diqqəti çəkən “ilançı” sözüdür ki, onun ədəbi dildə və ya xalq danışıq dilində istifadəsinə rast gəlmək olmur. Başqa bir şeirində isə peyzaj lirikasının fərqli rəsmiylə qarşılaşırıq.

    Sərin meh – çöllərin təmiz nəfəsi,
    Yarpaq pıçıltısı, meşənin səsi.
    Duman dərələrin həya pərdəsi,
    Qayalar dağların oğludu, oğlu.

    Bəndin hər misrasında bir yenilik nəfəsi göz oxşayır. Mehin nəfəslə, yarpaq pıçıltısının meşə səsiylə, dumanın həya pərdəsiylə təşbet edilməsi çox uğurlu alınıb. Qayaların dağlarla belə qan qohumu olması fikri isə yeni deyim formasıdır. Bu ata-balalar həmişə bir-birinə dayaq olubdur. Təbiətdən yazdığı şeirlərdəki özünəməxsusluğu onun sevgi tutumlu şeirərində də sezmək mümkündür:

    İlk eşqin həsrəti, ilk eşqin dağı,
    Sevən ürəklərdə xal kimi qalır.

    Dönür xatirəyə ilk görüş günü,
    İlk öpüş dodaqda bal kimi qalır.

    Bu bənddə dörd dənə ilki olan obyektin poetik mənalandırılmasını görürük. Bunlar ilk eşqin həsrəti və dağı, ilk görüş və ilk öpüşdür. Əslində bu ilklər barədə ədəbiyyatda kifayət qədər poetik nümunələr var, lakin bunların hamısının bir arada bu cür əlaqələndirilməsi çox orijinal alınıb. Bu üzdən də yazar vurğulayır ki, “Mən eşq dəlisiyəm, sən rütbə, şöhrət, Mən səni ağlayım, sən məni ağla”. Qəribə burasıdır ki, hərəsi bir şeyin dəlisi olan bu sevgi əhli – necə bir-biri üçün ağlaya bilər? Güman ona qalır ki, “Bəlkə, taleyimə, eşqimə mənim, Bitibsən, yeganə bənövşə gəl, gəl”. O bənövşə misallı gözəl üzünü yan çevirəndə şair düşünür ki, “Fələyin verdiyi dərdlərdən betər, O qız ürəyimi dağladı getdi”. Bu qız üzünü hansı tərəfə çevirdisə, orada bir şeir çiçəklədi.

    Ayın yarısına yar vədə verib,
    Hesablayın görün, ay yarıdımı?
    Buludlu gecələr qoymur görünə,
    Bilinmir Ay bütöv, Ay yarıdımı.

    Sərraf Şiruyə yaradıcılığında sevgi rahiyəli bu cür təcnislər az deyil. Onlardan bir neçəsini maraqlı örnəklər kimi göstərmək olar:

    Gördüm camalını yar Aya dönüb,
    Bir günün çevrilib, yar, aya dönüb!
    Şiruyə, dərmansız yaraya dönüb,
    Az qalır canımı o gözlər ala.

    Yaradıcılığının ümümi mahiyyəti xalq şeirinin gələnəklərindən bəhrələndiyi üçün, başqa janırlara nisbətən təcnis janrında yazmış olduğu şeirlərə şairin poeziyasında daha çox rast gəlinir. Ona görə də, deyə bilərik ki, poeziyasevərlərin sənətkara “Təcnis Şiruyə” adı verməsi heç də təsadüfi deyil. Ümumiyyətlə, təcnis janrı ünlü şairin yaradıcılığında ayrıca bir tədqiqata layiqdi. Bu təcnislər ən müxtəlif mövzuları əhatə edə bilər. Hətta, klassik sənətkarlarımıza ithaf olunanları da var. Nümunə üçün baxaq:

    Üfüqdən qızaran ağ da ban deyil,
    Qədəmi sayalı ağ daban deyil,
    Ağdaban sən görən Ağdaban deyil,
    Məzarı ay girov, ay əsir dədəm.

    Təcnisin mövzusundan şeirin Aşıq Şəmşirə həsr edildiyini anlamaq olur. Bu tipli yetərincə misallar gətirə bilərik. Çoxşaxəli yaradıcılığa malik olan Sərraf Şiruyə öz oxucularını həmişə düşünməyə dəvət edir.

  • Ceyhunə MEHMAN.Yeni şeirlər

    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Gəncəbasar Bürosunun Rəhbəri

    GƏLMƏ…

    Gəlmə, başına dönüm,
    gəlmə, soyuq bir daşam.
    Tərk edilmiş şəhərəm,
    itirilmiş yaddaşam.

    Töküldüm yarpaq-yarpaq,
    söküldüm ilmə-ilmə.
    Gəlmə, dərdim, dərmanım,
    ölüm fərmanım, gəlmə.

    Bilmə, başına dönüm,
    bilmə, kiməm, nəçiyəm.
    Öz dərdini yamayan,
    ən naşı pinəçiyəm.

    Gəlmə, sirrim, söhbətim,
    Qəlbimdə qalanımsan.
    Ən yalan həqiqətim,
    ən gerçək yalanımsan.

    Bilmə, necə yaşayıb,
    sənsiz necə ölürəm.
    Xəbərin yox, a zalım,
    hər gün sənə gəlirəm.

    Bir gün dinəcək inan,
    qəlbindəki ağrılar.
    Səni incitməyəcək,
    Bu naxələf doğrular.

    Biləndə ki, ən doğma,
    ən yaxın, kəsin yoxdur.
    Yəni intihar etsən,
    ipini kəsən yoxdur.

    Biləndə ki, bu dünya,
    Hələ çox dəyişəcək.
    Atmadığın tilova,
    “Qızıl balıq” düşəcək.

    Biləndə ki, səninki,
    Yalquzaq tənhalığı.
    dəryaya atacaqsan
    O gün “qızıl balığı”.

    Səni incitməyəcək,
    işgəncələr zülümlər.
    Adiləşəcək inan,
    Ayrılıqlar, ölümlər..

    Gözlərin dolsa belə
    hönkürüb susacaqsan.
    Bütün peşmanlıqları
    gözündən qusacaqsan.

    Tutacaq əllərindən
    keçmişin əsa kimi
    Çəkiləcək çarmıxa,
    Ürəyin “İsa” kimi.

    Dəyişə bilmədinsə,
    Sən bu “ağ-qara” fonu
    Bağlanacaq pərdələr,
    Bu da filmin sonu…

    * * *

    Saçlarıma gün dəymir,
    Qar yağır, sən gedəli.
    Dilim ,taleyi-baxtı,
    qarğayır, sən gedəli.

    İndi nağıl evimiz,
    sevgimizin gor bağı.
    Gözlərimə təpirəm,
    uyuduğun torpağı.

    Ehh, səni oyatmadı,
    arzum, ümidim, qayıt!
    Qarabağ qayıtmadı,
    Qayıt, Şəhidim, qayıt…

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    ALLAH GÖNDƏRİB

    Götürüb getmisən sən ürəyimi,
    Qaytar qoy yerinə, yaşaya bilim,
    Mən necə unudum gül-çiçəyimi,
    Gülüm ya qayıt gəl, ya çağır gəlim.

    Hamıdan gözəlsən, sular sonası,
    Vallah gözəlliyin ölçüyə gəlmir,
    Eşqimin, sözümün nuru, aynası,
    Bu sirri heç fələk özü də bilmir.

    Ağlımı almısan başımdan inan,
    Yoxdu bu dünyada sənin tək pəri,
    Mən səni sevmişəm gördüyüm andan,
    Nolar insafa gəl, qayıt, dön geri.

    Necə vəsf eyləyim gözəlliyini,
    Qaşın ayparadı, dodağın püstə,
    Güllər səndən alır o xoş iyini,
    Nazın da gözəldi, ay boyu bəstə,

    Həsrətin odunda yandırma məni,
    Sənsiz bu dünyada qəribəm, qərib.
    Unuda bilərmi heç Əziz səni,
    Səni mənim üçün Allah göndərib.

    GÜLÜM

    Qəlbimin, könlümün arzu, istəyi,
    Dilimin əzbəri, sözüsən, gülüm,
    Bağçamın qönçəsi, gülü, çiçəyi,
    İlham çeşməsinin gözüsən, gülüm,

    Gözəllər gözəli sənsən dünyada,
    Sən varsan bilmərəm nə dərd, nə qada,
    Səninlə çatmışam şöhrətə, ada,
    Ömrümün baharı, yazısan, gülüm,

    Gülüşün bal, şəkər, baxışın aləm,
    Sən olan könüldə nə qüssə, nə qəm,
    Səndən özgəsinə baxan deyiləm,
    Sən ayın, günəşin özüsən, gülüm.

  • Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

    Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    ***

    Məndən gül istəmə, gül istəyən qız,
    Gülə əzab verir solmaq qorxusu.
    Bu qədər doğmaykən, bu qədər yadıq,
    Gözümü üşüdür dolmaq qorxusu.

    Eşq bir təmənnadı duyğular üçün,
    Sevda günahıdı mey, ərlər sevir.
    Mən sənə onunçun üz vermirəm ki,
    Bu ağzıgöyçəklər deyərlər: sevir.

    Sən sevgi bağında bir dürr kimisən,
    Ruhun işıq saçır, camalın aydın.
    Bilmirəm, içindən nə keçir indi,
    Kövrək sevda kimi amalın aydın.

    Həyat göz görməyən çəpərdi bəlkə?!
    Soyuq qucaqlarda yaş olmaq çətin.
    Mən sənin yanında daş oldum ancaq,
    Adam ola-ola, daş olmaq çətin.

    Məncə, zülüm yoxdur acizlik qədər,
    Lal duyğu bir namaz daşımı sənə?!
    Desələr, köksünə qəm çöküb, bil ki,
    Allah əsirgəməz başımı sənə.

    Torpaq qoxlayıram əkinçisayaq,
    Eh, toxum səpirəm, zəmim ol, yetər.
    Mən sənin ən susqun adamın ollam,
    Sən mənim ən şıltaq qəmim ol, yetər.

    ***

    Yenə aramızda aralar artıb,
    Mən hansı biçimdə ad verim buna?
    Gör, neçə zamandı məktub yerinə
    Yarpaqlar tökülür poçt qutusuna.

    Sevda qarğışından qurtulmaq olmur,
    Canı ağrıyana pir təsəllimi?!
    Sən elə baxırsan, elə bil daşam,
    Hər qəlbin sığalı bir təsəllimi?!

    Yüz yol selə atdın, sel aparmadı,
    Allahmış qolumdan tutanım bəlkə?!
    Sən mənim yerimə əzab çəkirsən,
    Mən sənin yerinə utanım bəlkə?!

  • Rafiq ODAY.”Qurban verilir”

    İlana yağıştək ələnir lənət,
    Ağı da qaraya qurban verilir.
    Dar gündə çoxları aradan çıxır,
    Qalanlar araya qurban verilir.

    Sırsıra bağlayır yenə ayazlar,
    Sizi kim qurtarar burdan, ay azlar?!
    Getdikcə seyrəlir həzin avazlar,
    Quru bir haraya qurban verilir.

    O kimdi – kəməndə dilindən düşür?
    O kimdi – kəməri belindən düşür?
    Fərhadın külüngü əlindən düşür,
    Xançoban Saraya qurban verilir.

    Yaşamaq bihudə, ölmək bihudə,
    Nədən gəlib çatdıq, Tanrım, bu həddə?!
    Allaha qovuşan bir mücahid də,
    Bilmir ki, haraya qurban verilir.

    Bir çirkab cəngində on saflıq girov,
    İnsaflıq nə qalıb? – insaflıq girov.
    İman, mənəviyyat, din, saflıq girov, –
    Çirkli bir paraya qurban verilir.

  • Gənclər Kamera Orkestri Sumqayıt teatrının səhnəsində çıxış edib

    https://b.radikal.ru/b41/1910/d8/86ab063125da.jpg

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestri Sumqayıtda konsert proqramı ilə çıxış edib. Orkestrə Orxan Həşimov dirijorluq edib. Sumqayıtın 70 illik yubileyinə həsr olunan konsert Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə reallaşıb.
    AZƏRTAC xəbər verir ki, Sumqayıt Dövlət Dram Teatrın səhnəsindən Xalq artisti Azər Zeynalovun, Əməkdar artistlər Nərgiz Kərimovanın, Anar Şuşalının ifasında Azərbaycan və dünyaca məşhur bəstəkarların mahnıları səslənib. Həmçinin Əməkdar artist Sahib Paşazadə tarda, Beynəlxalq müsabiqələr laureatları Nəzrin Aslanlı skripkada, Nicat Məsimov balabanda öz məharətini göstəriblər.

    Mənbə: https://azertag.az/

  • Türk Ocakları Tokat Şübesi-Türkistandan Anadoluya TÜRKLER

    26 Ekim 2019 cumartesi günü saat 19:00’da Gaziosmanpaşa Lisesi Konferans salonunda Tokat Türk Ocağı organizasyonuyla Prof.Dr. Ahmet Taşağıl tarafından verilecek olan Türkistan’dan Anadoluya Türkler başlıklı konferansa tüm Tokat halkı, öğrencilerimiz ve dostlarımız davetlidir. Nurefşan Aydın sunumuyla Sündüs Arslan Akça ve Rasim Yılmaz’ın şiirleriyle ve Seyfi Karslı’nın müziğiyle muhteşem bir geceye biz hazırız.

  • Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

    Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

    Tarix və mədəniyyət abidələrinin mühafizəsi və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 472 nömrəli Fərmanının 7.1-ci bəndinin icrası məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32 ci bəndini rəhbər tutaraq qərara alıram:

    1. Dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət nəzarətini gücləndirmək, idarəetmənin səmərəliliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 5 regional idarəsi yaradılsın.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    2.1. bu Fərmanın 1-ci hissəsinə əsasən yaradılan regional idarələrin ərazi mənsubiyyətini müəyyən etsin;

    2.2. bu Fərmanın 1-ci hissəsinə əsasən yaradılan regional idarələrin işçilərinin say həddinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin abidə mühafizəçisi ştat vahidlərinin optimallaşdırılması hesabına müəyyən olunmasını təmin etsin;

    2.3. tarix və mədəniyyət abidələrinin qorunması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və mədəni sərvətlərin qorunması üzrə tələblərin pozulmasına görə məsuliyyətin gücləndirilməsi ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    2.4. bu Fərmanın 1-ci hissəsinə əsasən yaradılan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin fəaliyyəti ilə bağlı zəruri tədbirlər həyata keçirsin;

    2.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

    3. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti dövlət mühafizəsində olan tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət nəzarətinin gücləndirilməsini, daşınmaz tarix və mədəniyyət abidələrinin, tarix və mədəniyyət qoruqlarının mühafizəsinin müasir səviyyədə təşkilini, tarix və mədəniyyət abidələrinin qorunmasında müasir texnologiyanın və aparıcı beynəlxalq təcrübənin tətbiqini, tarix və mədəniyyət abidələrinin genişmiqyaslı tədqiqini təmin etsin.

    4. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsin.

    5. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 386; 2002, № 1, maddə 14; 2006, № 9, maddə 743, № 11, maddə 943; 2007, № 11, maddə 1115; 2008, № 1, maddə 8, № 6, maddə 498; 2010, № 8, maddə 723; 2013, № 3, maddə 241, № 5, maddə 498; 2015, № 9, maddə 1004; 2016, № 3, maddə 463; 2018, № 11, maddə 2245) 2.3-cü bəndində “Nazirlər Kabineti” sözləri “Mədəniyyət Nazirliyi” sözləri ilə əvəz edilsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 22 oktyabr 2019-cu il.

    Mənbə: https://president.az

  • Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycanın qədim və orta əsrlər tarixi Şərq və Qərb mədəniyyətləri arasında körpü rolunu oynayaraq yüzillər boyu bəşər sivilizasiyasının inkişafına dəyərli töhfələr vermiş İpək Yolu ilə sıx şəkildə əlaqəlidir. Qədim şəhər yerləri, karvansaraylar, körpülər, qoruyucu qalaların qalıqları və memarlıq abidələri ilə zəngin Azərbaycan ərazisi bu gün də İpək Yolunun parlaq izlərini daşımaqdadır.

    Tarixi İpək Yolu dövrünə aid Azərbaycan mədəni irsinin, tarix və mədəniyyət abidələrinin mütəşəkkil qorunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32 ci bəndini rəhbər tutaraq qərara alıram:

    1. “Çıraqqala” və “Şabran şəhəri” tarixi qoruqlarının ərazisi “Çıraqqala–Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilsin.

    2. Azərbaycan Respublikasının Şəmkir rayonunun tarixi ərazisi “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilsin.

    3. Azərbaycan Respublikasının Ağsu rayonunun tarixi ərazisi “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilsin.

    4. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “Nizami Gəncəvi məqbərəsi” kompleksinin Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun tərkibində fəaliyyətini təmin etsin.

    5. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “Çıraqqala–Şabran”, “Qədim Şəmkir Şəhəri” və “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruqlarının idarə olunmasını təmin etsin.

    6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    6.1. “Çıraqqala–Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədlərini və mühafizə zonalarını Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Şabran və Siyəzən rayon icra hakimiyyətləri ilə birlikdə müəyyənləşdirib təsdiq etsin;

    6.2. “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədlərini və mühafizə zonalarını Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Şəmkir Rayon İcra Hakimiyyəti ilə birlikdə müəyyənləşdirib təsdiq etsin;

    6.3. “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədlərini və mühafizə zonalarını Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Ağsu Rayon İcra Hakimiyyəti ilə birlikdə müəyyənləşdirib təsdiq etsin;

    6.4. “Çıraqqala–Şabran”, “Qədim Şəmkir Şəhəri” və “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruqlarının ərazilərinin xüsusi rejimini 3 ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    6.5. “Çıraqqala–Şabran”, “Qədim Şəmkir Şəhəri” və “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruqlarının idarə olunması, qorunması, təbliği və fəaliyyətinin maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər həyata keçirsin;

    6.6. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 22 oktyabr 2019-cu il.

    Mənbə: https://president.az

  • Azərbaycan Respublikasının estrada ifaçılarına “Xalq artisti” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikasının estrada ifaçılarına “Xalq artisti” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan estradasının inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə “Xalq artisti” fəxri adı verilsin:

    Ağayeva Tünzalə Qabil qızı
    Mirbabayev Mir Yusif Mir Heydər oğlu
    Nəcəfova Röyalə Yaqub qızı.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 21 oktyabr 2019-cu il.

    Mənbə: https://president.az

  • Xilasın axtarışında, yaxud XXI əsrə verilən suallar – Elnarə AKİMOVA yazır

    «Ədəbiyyat qəzeti» yayınları silsiləsindən Günel Eyvazlının «İşıq» kitabına ön söz

    Günel Eyvazlının “İşıq” kitabına daxil olan mətnlərin təməl metaforalarını kitab, mədəniyyət, tarix təşkil edir. Bunlar onun yalnız yaradıcılıq axtarışlarının nəticəsi deyil, düşüncə obyektivinin fokuslandığı müstəvidir. Mətnləri arasından tez-tez keçən bir söz var: kitabxana. Bu söz həm də “tarixi apriori”dir kitabda. Günel tez-tez kitablar arasında gəzişdiyini vurğulayır, mətnləri seçir, “mənim həyatım qaçışdır”, – deyən Borxes sayaq zaman və məkanlar arasından ucqarların mifologiyasına, yaxud əksinə gedişlər edir. Ona görə burada mifoloji qəhrəmanların, onların həyat hekayətlərinin eninə-boluna təsvirindən tutmuş ədəbi totemlər, arxetiplərin sıralanmasına qədər “saxlanc mədəniyyəti”nin faktları öndədir. Ərəb nağıllarından tutmuş əfqan romanına, qədim yunan, Çin mistikasından tutmuş çağdaş fəlsəfi fikrin vardığı hüdudlara, Bethoven, Motsart, Paqanini, Lui Armstronq, Vaqif Mustafazadə musiqisindən tutmuş rəssamlıq incilərinə qədər polifonik rəmzlər Günelin mətnlərində iç-içədir və ümumən, dünyanın obrazını özündə əyaniləşdirən bu mətnlərlə Günel kosmoloji dərinlik ölçülərini müəyyənləşdirə bilir. Dünya nizamsızlığına xilas və Xilaskar axtarır:
    “Bəlkə də əsrlərdir gözlədiyimiz xilaskar elə oxumadığımız kitablardır. Bəlkə də Nuhun gəmisi adlandırdığım bu fani dünya qədim kitabxana məbədinin divarına toxunaraq dayanacaq. Sonra yenidən öz oxu ətrafında növbəti dövriyyəsinə qədəm qoyacaq. Bəlkə biz hamımız xilaskara çevrilməklə xilas olacağıq”.
    Bu kitabda Güneli maraqlandıran səbəblər zamanın mahiyyətindən doğan problemlərlə bağlıdır: qloballaşma dövrünün mədəniyyəti, onun milli-əxlaqi dəyərləri üstələyən, laxladan neqativləri, getdikcə ucuzlaşan, tənhalaşan və darıxan insan amili və qadın faktı! Daha başqa məsələlər də var, amma sadaladığım bu amillər dominant təşkil edir.
    Kitabda rastlaşdığım bu fikri, nədənsə, onun açar sözü kimi qavradım: “Sivilizasiyanın qarşısında dayanan əsas məqsəd insana düşünməyi öyrətməkdir (Tomas Edison)”. Bütün düşüncə adamları kimi, Günel də çağımızın, qloballaşma erasının insanı heçə çevirən sürətindən narahatdır və “İşıq” dolu mətnləri ilə daim ünvanlar nişan verir, seçir, təqdim edir. Postmodern dünyanın gətirdiyi hər cür nizamsızlığa qarşı çıxıb yeni mədəniyyət əyyamlarına açılır. Bəzilərində yaradıcılıq enerjisi kimi, bəzilərində manifestasiyaların realizəsi kimi, bəzilərində də səriştə və biliyə çevrilmənin təzahürünü verməklə düşüncə hüdudlarına zəmin yaradır.
    “Biz kitabları rəflərə düzmək üçün alırıq. Vizual görüntü üçün. Oxumamış qərar veririk, oxumamış qamçılayırıq. Bəlkə şeytanın da deyiləsi sözü vardı. Biz isə əsrlərdir ona daş atırıq. Bəs dünya düzənini qaynadan kimdir? Bu vəhşətlərin arxasında şeytan dayanmırmı? Axı o, bu qədər daşın qarşısında o, çoxdan ölməliydi”.

    Bəlkə bəşər övladının darıxması bu üzdəndir?! Günel “Yabançı” essesində Kamyudan, “Həşərat”da Kafkadan bəhs etməklə yeni epoxanın işləklərinə ayna tutur. Qloballaşan, öz oxundan çıxan dünyadan, onun tənhalaşan, darıxan, ağrıyan, həşərata çevrilib dəyərini itirməkdə olan insanlarından bəhs etməklə gələcək üçün həyəcan siqnalı çalır. Hər dövrün öz məhvetmə mexanizmi var, əslində. Cəmiyyət insanın içindəki bütün işıqlı duyğuları məhv edib ondakı əsl “mən”i “mən”dən uzaqlaşdırır, yerdə qalan isə buz kimi soyuq görünüşü olur. Və sonra günahkar olduğu bu “çevrilmə”də onun soyuqluğuna ölüm hökmü kəsir. O zaman ədəbiyyatın missiyası nə ilə səciyyələnir? Sadəcə, reallığın ifadəsini vermək! Fiksiya deyil, reallıqdır ədəbiyyat! Belə olmasaydı, kəsilən ölüm hökmləri ondan yan keçərdi, xalqın və millətin taleyindən keçən dramatik situasiyalar onun da tərcümeyi-halında boşluğu və yoxluğu ifadə etməzdi.
    Günel kitabına çox uğurlu ad seçib: “İşıq”! Yanmadan işıq olmaq mümkündürmü? Bu ad həm müəllif qayəsindəki niyyəti, həm də ümumiyyətlə, ədəbiyyatın məna və tutumunu önə çəkmək baxımından simvolik çalar ehtiva edir. “Cəmiyyəti, xalqı, şüuru, təfəkkürü formalaşdıran, yetişdirən bədii ədəbiyyatın missiyası olduqca müqəddəsdir. Çətin olsa belə, bu missiyanı çiyinləri üzərində daşımaq dünya bədii ədəbiyyatı üçün olduqca məsuliyyətli işdir”.
    Sənətin gücü həm də bundadır. O, dünyanı sarmış kataklik proseslər içində özünün dincliyi, düşünməsi üçün həm də bir huzur, nəfəsdərim məqamıdır. Günel o insanlardan yazır ki, onlar bəşəriyyətin irəliyə doğru inkişafında Tanrıya xidmət ediblər, yəni xaosu kosmosa çeviriblər. Ümumbəşəri bədii təfəkkür hadisələri meydana qoyan bu sənətkarlara qurulan edam kürsüləri isə hər zaman mövcud olub. Bu da həqiqətdir ki, dünyanın hər tərəfində hökm sürmüş total rejimlər, sərt repressiv durumlar belə sənətin həqiqi estetik duyumunu, bədii enerjisini söndürə bilməmişdir. Xeyir və şər, sənətkar və edam, müharibə və həyat, həqiqət və riya arifmetikası hər zaman İsa, Nəsimi, Höte, Bulqakov, Cavid, Müşfiq dühasında qaldırılmış, əbədi qarşı-qarşıya qoyulmuş mübarizə təliminə çevrilmişdir. Bəs düşüncə arsenalından gedən hər zərrə hansı boşluğu ifadə edir, görəsən? Günelin “Pikasso” pyesinin qəhrəmanı Salvador Dalinin dilindən deyildiyi kimi: “gör biz nə qədər Allah öldürmüşük”.
    Günelin məqalələri öz ruhu, mahiyyəti etibarilə estetik ifratlara, total rejimlərin yol verdiyi sənətkar qətliamlarına, edamlara qarşıdır və daş-qalağın, məhdud-nihilist təftişin qurbanına çevrilmiş sənətkarların adını mətnlərindən dönə-dönə keçirir. Bəlkə əsl sənətə, ədəbiyyata xidmət edilən yerdə edam kürsülərinin hər zaman qurulduğunu bildiyi üçün?! Axı böyük istedadla bərabər sənətkara öz yaradıcı enerjisini bütün potensialı ilə sərgiləməsi üçün huzur da gərəkdir. Günelin kitabından adı dəfələrlə keçən Bulqakovun “Master və Marqarita”sında unutmadığım bir fikir var: “Sənətkara işıq lazım deyil. Ona huzur lazımdır”. Gözəl fikirdir, çünki sənətkar olmanın özü artıq işıq deməkdir. Ona, sadəcə, huzur vermək, dəyərli əsərlər yazması üçün imkan yaratmaq lazımdır.
    Günel daha çox yunan mifologiyasına, arxetip yaddaşa nüfuz edir. Ədəbiyyatın, sivilizasiyanın bütöv bioqrafiyasının mənzərəsini cızmağa çalışır. Müəllif, sanki hər addımda oxucuya əyan etməyə çalışır: hər şey, bütün bədiyyat enerjisi ilə daha qədim qatlara bağlıdır. Hər hansı məsələnin, mövzunun Azərbaycan ədəbiyyatı, mədəniyyəti içrə təzahürlərini aramadan öncə onun dünya hadisələri, dünya mənzərələri içrə ünvanını aramaq lazımdır:
    “Niyə bədii ədəbiyyatımız deyil, dünya ədəbiyyatı ifadəsindən istifadə etdim? Əslində, böyük ədiblərin əsərlərini oxuduqda, yaradıcılıq nümunələri ilə tanış olduqda yalnız kitabın üzərində müəllifin adına nəzər salmaqla hansı ölkənin yazıçısı olmasının fərqinə varırsan, yazılan əsərin daxilinə eniş edəndə müəllifin kimliyini unudaraq özünü, qəlbinin səsini əsərdə taparaq bütöv bir orqanizmə çevrilirsən. Bütövə qovuşursan.
    Bütün əsərlər arasında qırılmaz bir bağ var. Hamısı bir-birindən asılıdır. Bir əsər digərinin davamıdır. Tamamıdır. Məgər bu silsiləni səmavi kitablarda hiss etmədinmi? Biri digərini təsdiq etmədimi?”.
    Doğru fikirdir! Arxada yetmiş illik sovet dövrünün acı gerçəkliyi var və bu gerçəklik bizə sübut etdi ki, dünya mədəniyyəti deyilən zəncirdən hansısa halqanı çıxarıb atmaq ədəbi-mənəvi və elmi şüurda necə boşluqlarla nəticələnir. Amma onu da qeyd etmək lazımdır ki, tipoloji baxımdan kəsişən proseslərin tarixən gəlişməsini təsvirə çəkən bu məqalələrdə çağın mənzərələri içrə gəzişmək varsa da, başlanğıc hədəfə – nüvə, kök məqamına həssaslıq daha vacib görünür. Mifoloji yaddaş, dastan kültürü, nağıllar, uşaq ədəbiyyatından başlamış bu günün elmi-fəlsəfi, ədəbi estetik mətnlərinə qədər uzanan magistral xəttin bərpasını və ona qayıdışı müəllif “qloballaşmış dünya qazanında həll olunmağımıza” çəkilən sipər hesab edir. Çünki yaddaş daha çox sənətdə, ədəbiyyatda dərk olunan abstraksiyadır, bu mənada müəllifin etnik-ontoloji yaddaş sayılan sənətə həssaslığının əsasında həm də tək xalqın deyil, ədəbiyyatın da manqurtluğuna olan nigaranlığı dayanır. Ədəbiyyatın keçmişindən imtina edənlərin Aid səltənətinə çevrilməsini istəmir.
    Günel publisist yazılarında, esse-düşüncə məqamına köklənmiş məqalələrində, eləcə də bədii çalarları ilə seçilən mətnlərində əsasən nəyi arayır? Birmənalı şəkildə insan həqiqətini, onun xilasını! Qloballaşma epoxasının iflic etdiyi, başını dumanlandırdığı, yeni paradiqmalara meyil edən insanın nicatı hansı tərəfdədir? Şərqdə, ya Qərbdə? Şəxsən mənə görə bu qarşılaşma çoxdan öz aktuallığını itirib. Çünki Şərq cəmiyyəti öz rituallar bolluğu, didaktika, ənənə sadiqliyi, ilahi eşq məqamı ilə bizi tənhalıqdan qopara bilmədi. Bəs Qərb necə? O da intellekt gücünün, nəhəng elmi kəşflərin, texnoloji sivilizasiyanın qanadında uçuşaraq sonucda dirəndiyi dalanda çilik-çilik olub, ümid puçluğunda gözdən itdi. Müasir insan darıxır! Nə vaxtilə məhəbbət dini yaratmaq istəyən Feyerbaxın çabaları, nə “dünyanı gözəllik xilas edəcək” qənaətindəki inam, nə də aqnostikin “qalib gələcəkmi cahanda kamal” fəlsəfəsi… Bütün yollar sınanıldı. Nə üçünsə insanlıq yaşca böyümədi. İndiki dəbə uysaq, nicat üstinsandadır, – deməliyik! Günelə görə də bu belədir. Çağımızın Qərb intellektuallarını məşğul edən postinsan təlimini Günel öz düşüncəsinə uyğun – mənəviyyatda qorunan əxlaq qanunları ilə şərh edir: “Nitsşenin daima qulağımda səslənən sədaları “Əgər insan meymundan yaranıbsa, demək insan da üst insana çevrilə bilər” sözləri məni yenə də Nəsimi zirvəsinin ətəklərinə gətirir. Bir zaman qədim insan necə ki, Allahların evi olan Olimp zirvələrinə müqəddəs zirvə kimi baxırdısa, mən də ilbəil artmaqda olan və hündürlük ölçüsünü daima dəyişən əlahəzrət Himalay möhtəşəmliyi qədər Nəsimiyə heyranlıqla baxıram”.
    Günel ədəbiyyatı yeni ideologiyanın qurucusu kimi görür. Postinsan anlayışının müasir çözümünü verməyə çalışır. Müasir dünya üçün indi güc amili əsasdır, Günel isə öz qəhrəmanını – üstinsanı təklif edir. Xilası mənəvi yüksəlişdə, ruhun uçuşunda arayır. Harmoniyaya xidmət edən İsa peyğəmbəri, Nəsimini əbədi-bəşəri kamillik yolunun çağırışçıları, mürşidləri adlandırır. Onların missiyasını eyniləşdirir. İsa özünü Allahın oğlu, Nəsimi isə Allah adlandırırdı. Günel üstinsan amilini mənəvi əzabdan keçib nura qovuşmaqda görür. Bu mövqe onu yəsəvi təliminə, hürufilik elminə, sufizm prinsiplərinə yaxınlaşdırır. Ümumtürk miqyasında mənəvi məkanın yaranmasında böyük rolu olan bu təlimlərin gücü, insanın öz batininə enməklə xilas nizamnaməsinə imza atması kimi təcrübədən keçirilmiş Şərq üsulu yenidən təklif edilir:
    “Müasir təlimlər (Hermetik) insanın əzab, emosiya, nifrət kimi keyfiyyətlərini itirən zaman üst insana çevriləcəyini iddia edirlər. Və bu cür transformatik düşüncə tərzi bəziləri tərəfindən Allah qanunlarına qarşı çıxırmış kimi qiymətləndirilir. Halbuki, Allah qanunu deyilən nəsnə elə üst insan olma möhtəşəmliyini bizə dəfələrlə təkrarlayır. Allaha çevrilmə, Allah olma, möhtəşəm olma, üst, post olma sözləri ilə eynilik təşkil edir”.
    Günel yazılarında fenomenoloji estetikanın prinsiplərindən çıxış edir. Edmund Hüsserlin mətnə tətbiqdə uyğun bildiyi metoddan yararlanır, “araşdırma predmetini, bəhs etdiyi mətni mötərizə içinə alır”. Yəni dəyərləndirdiyi mətnin daxili mahiyyətini meydana qoymaqla məşğul olur. Onun bütün qatlarının, semantik, stilistik hissələrinin bir-birinə bağlanan mahiyyətini isə özünün dünyagörüşü əsasında dəyərləndirməyə çalışır. Roman Yakobson “Hər şey mətndirsə, bəs hansı ədəbiyyatdır?”, – deyirdi. Günel də çeşidli mətn bolluğu arasında gəzişmələr edir. Bütün məqamlarda müqayisə mexanizmi funksional görünür. Bu müqayisələrdə gah Şərq önə çıxır, gah da Qərb öyülür. Günel birmənalı olaraq inkişafı nişan verən mətnlərə fokuslanır və harda bunun örnəyini görürsə, hansı ədəbi fakt təzahürlərini gerçəkləşdirirsə, Günel o səmtə, o predmetə işıq salmağı borc bilir. “Fiqaro” məqaləsində Qərbin, hətta öz cizgi filmlərinə belə, klassik musiqini yerləşdirmək, uşağı maarifləndirmək, zövq aşılamaq çabasına biganə qala bilmədiyi kimi, “Təsvirin təkamül prosesi və ya boğazdan yuxarı yazılan vətən şeirləri” yazısında vətənpərvərlik mövzusunda sloqançılıqdan, şüarçılıqdan o yana getməyən mətnləri tənqid predmetinə çevirir. Əslində, qeyd etdiyim sonuncu məqamı mən Günelin özü üçün itirilmiş vaxt hesab edirəm. Çünki ümumən bu hal bütün dövrlərin poeziyası üçün xarakterik olub. Buna baxmayaraq, çoxluq heç zaman bədii təkamülün kriteriyası sayılmayıb. Poeziyanın çevrəsi həmişə bir neçə şairlə qapanır, qalanlar həmin çevrənin ətrafında dolaşırlar. Şeirimizin çağdaş mənzərəsi üçün də səciyyəvi olan bu durumun yenidən heç bir ad çəkilmədən tənqidi heç bir nəticə vermir və bu məqamda obyektivi istedadlı, əsl poetik nümunənin üzərinə salıb ordan çıxış etmək daha məqsədəuyğun olardı.
    Digər bir məsələ, Günel bu gün mifoloji gerçəklik kimi qavranılan və Avropadan milli filoloji arsenalımıza ayaq açan ədəbi ideyalar, fəlsəfi-estetik fikirlər, metodoloji istiqamətlərə diqqət yönəltməklə oxucuları ilə yeni əsr havasını bölüşür. Amma qeyd edim ki, ətraflı nəzəri dərk tələb edən cərəyanlar məsələsi tələsik, ötəri yanaşmanı sevmir. Düzdür, bir neçə məqalə daxilində çağdaş ədəbiyyatı XX əsrin elmi-nəzəri müstəvilərinə otuzdurmaq mümkün deyil. Amma analitikasına varmaq üçün onların ehtiva etdiyi mahiyyət və məntiqi tutmaq gərəkdir.
    Bu baxımdan, Günelin “Ədəbiyyatın inversiyası” məqaləsi mənə mövzunun görüntüsünü yaratmaq, məxsusu aktuallandırma təsiri bağışladı. Bəlkə də məqalədə sərgilənən binar mövqe, B.Y.Lukyanovun “Estetika dünyası” kitabından modernizmlə bağlı müəllif fikirləri ilə Günelin düşüncələri arasında dəqiq ayrıntının olmaması, nümunə gətirilən müəllifin suallarına verilən cavabların qaçaraqlığı bu cür kolossal mövzunun praqmatik həllinə imkan vermədi. Modernizm estetikasını yalnız “gözəlliyin məhv edilməsi” kimi ümumi fikirlə səciyyələndirmək olmaz. Ən azı ona görə ki, onlar gözəlliyin nədə ehtiva olunmasını bilirdilər (yəni “Leonardo da Vinçinin “Cakonda” əsərinə bığ çəkib onu korlayan rəssam” böyük məharətlə o rəsmin surətini də çıxara bilərdi, amma Espen Hovardsholmun yazdığı kimi: “bizim görməyə vərdiş etdiyimizi yalnız qeydə alan sənətin mənası varmı?”), sadəcə, “hamının eyni düşündüyü yerdə heç kəs düşünmür” prinsipi ilə dəyərləri bilərəkdən korlamaq, öz daxili bədii məkanından çıxış edərək, mövcud olan gerçəkliyə münasibətdə subyektiv sənət yaratmağa çalışırdılar.
    Günelin məqalələrində mənim diqqətimi cəlb edən məqamlardan biri də onun qadın məsələsinə, qadın mövzusuna həssaslığıdır. Müstəqillik dönəmindən sonra zamanın ardınca gətirdiyi mövzulardan biri qadındır. Hər zaman işlək olan bu mövzu yeni epoxada daha geniş vurğu qazanmışdır. Səbəbi aydındır: sovet doqmalarının müdaxiləsindən çəkinən ədəbiyyatın bu mövzuda da gərəyincə açmadığı, toxunmaqdan çəkindiyi nöqtələr vardı. Odur ki, kəskin dəyişən ictimai formasiyaların müqabilində, cəmiyyətdə rastlanan qadın mənzərələrini nəsr, poeziya, tənqid və publisistika da daxil olmaqla bütün ədəbi sahələri öz materialı etməyə çalışdı.
    “İşıq” kitabında müəllifin koloritli, natural və psixoloji çalarlarla işlədiyi bir mövzuda qadın ilk növbədə qadının nəzərlərindən açıldığı üçün mənə son dərəcə maraqlı təsir bağışladı. Günel qadını yalnız ekzistensiallığı ilə görməyi vurğulamır, həm də təsvirinə cəhd edir, cəmiyyət münasibətlərinin qarışıqlığından xilas edib emansipə olunmuş səciyyədə dərkinə yetməyə çalışır. Bu sırada dünyanın ilk qadın dramaturqu olan Afra Bendən tutmuş “Nizami əsərlərində karma qanunu – Kişi və qadın münasibətləri” də mövzunun predmetinə çevrilə bilir. Yeni minilliyin bütün metamorfozlarına baxmayaraq, qadın Günel üçün ailə, məişət və əxlaq sferalarında güc və dəyər mənbəyidir. O, natur-fəlsəfi məqamlara diqqət yönəltməklə qadının mənəvi sarsıntı və yaşamını ictimai-psixoloji müstəviyə çıxardır. Problemin prozasını, dramaturji inikasını, fəlsəfəsini, eləcə də poeziyasını yaradır: “Sən Tanrısan”, – deyəcək qədər maksimalist davranıb əvvəlcə sovet ideologiyasının, daha sonra isə postmodernin əli ilə hər cür mənəvi-mədəni təyinatlardan sürüşən qadını klassik pyedestalına qaytarır.
    Günelin “Ədəbiyyat qəzeti”ndə Azərbaycanın tanınmış qadınlarının həyat və yaradıcılığına həsr olunmuş yeni silsilə yazılarını da həvəslə oxuyuram və özünə də bildirdiyim kimi, bu mövzunun ədəbiyyatımızda işlənməsini vacib hesab edirəm. İnanıram ki, Günelin növbəti kitabı bu silsilədən olan mətnlərinin toplusu olacaq və tale məsələlərindən tutmuş sosial-ictimai problematika məsələlərinin çözümünü verən bu kitabda müəllif “qadın həqiqəti” deyilən anlayışın sirlərinə varacaq.
    Günelin özü də müstəqillik dövrü ədəbiyyatımızda istedadlı mətnləri ilə önə çıxan qadın obrazdır. Və daha çox onunla seçilir ki, özünəməxsus olan bir dairə yaradıb ədəbi prosesdə. Öz estetik ərazisi, ədəbi dəyərləri və yanaşma qanunları var. Bir də içinin işığı! Ətraf qaranlıq olsa belə, bu işığa tutunub yol gedə bilir. Ədəbiyyat isə elə burdan – yolunu tapmaqdan, Yol olmaqdan başlayır!

    Mənbə: http://edebiyyatqazeti.az

  • Ceyhunə MEHMAN.Yeni şeirlər

    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Gəncəbasar Bürosunun Rəhbəri

    KEÇƏM KÜÇƏNİZDƏN…

    Keçəm küçənizdən bir qış gecəsi,
    ya adi dost kimi, ya tanış kimi.
    O gecə yuvandan perik düşəsən,
    yuvası dağılan qaranquş kimi.

    Bir “ah” çəkəsən ki, göylər alışa,
    fəryadın dünyanın ucuna düşə.
    Keçəm küçənizdən bir payız günü,
    ürəyin sürüşüb, ovcuna düşə.

    Məni gözləməyi adət edəsən,
    özünə sevimli bir “peşə” kimi.
    Keçəm küçənizdən bir yaz səhəri,
    boynunu bükəsən bənövşə kimi.

    Bütün günahların yuyula o gün,
    günahın olmaya, suçun olmaya.
    Soruşam necəsən? – alışa qəlbin,
    “sənsizəm..!” deməyə gücün olmaya…

    ***

    Yenə soyuqluğun cəllada dönüb,
    Hələ almadığın neçə can durur?!
    Sənin buz ürəyin, qış nəfəsinmi,
    Mənim ürəyimi belə dondurur?!

    Ürəyim o qədər üşüyür hətta,
    İsti göz yaşımı hiss edə bilmir.
    Gözümdə bir soba dərt qalasam da,
    Soyuq ürəyimi isidə bilmir.

    Elə uzaqlaşır getdiyim qatar,
    Arxamca ha səslən, ha yüyür indi.
    Soyuyub arzum da, xəyallarım da,
    Bütün xatirələr üşüyür indi…

    BU GÜN AD GÜNÜDÜR SƏNSİZLİYİMİN

    Bu gün taleyimde yollar dolaşıb,
    Ayrılıq günüdü, həsrət günüdü.
    Bəlkə də, təqvimlər yanılıb, çaşıb,
    Bu gün sənsizliyin il dönümüdü.

    Sənsizlik zülümdə, zillətdə olsa,
    Göz yuma bilmədim bir səhvinə mən.
    Süzdüm göz yaşımı boş badələrə,
    İçdim sənsizliyin şərəfinə mən.

    Silib gözlərimi, gülüm,oynayım,
    Çoxda ki, ömrümü həsrət bürüyür.
    Bu gün ad günüdür sənsizliyimin,
    Bu gün sənsizliyim bir yaş böyüyür

    ***

    Adın düyünlənir dodaqlarımda,
    Dilimdə , sözümdə hecalanırsan.
    Gecə yuxularda tapıram səni,
    Səhər xəyalımda parçalanırsan.

    Elə vuruşuram özüm-özümlə,
    Sinəmə çəkilən dağ oluram mən.
    Hər gecə üz-üzə durub ölümlə,
    Hər gün həsrətinlə doğuluram mən.

    Bütün əzabların yükün çəkməyə,
    Demə, ürək adlı tərəzi varmış.
    Bu dünya qəsdimə dayanıb sanki,
    Hamının mənimlə qərəzi varmiş.

    Deyirsən, sənin də ağırdır yükün,
    Bu ki, sənsizliyi daşımaq deyil.
    Sən elə bilirsən yaşayıram mən?!
    Nəfəs alıb -vermək yaşamaq deyil..

    DEYİRLƏR Kİ…

    Məsafələr yük olubmuş ürəyinə,
    Deyirlər ki, gecə-gündüz içirsənmiş.
    Dodağına düyünləyib siqareti,
    mənsizliyi ciyərinə çəkirsənmiş.

    Daş qəlbindən bir paça ət asılıbmış,
    Dağ qürurun əriyirmiş qıram-qıram.
    Deyirlər ki, bu dünyanın bir küncündə,
    Mən səninlə eyni evdə yaşayıram.

    Deyirlər ki, yaddaşına qırış düşüb,
    Xatirələr üstü-başı toz içində.
    Deyirlər ki, uzaqlaşıb dost-tanışdan,
    Saatlarca danışırsan öz içində.

    Deyirlər ki, üşüyəndə qəm qalayıb,
    Ürəyini “od yeri” tək çatırmışsan.
    Deyirlər, tavana şəklimi döyüb,
    Gecələri gözü açıq yatırmışsan.

    Deyirlər ki, doğulmayan körpəmizi,
    Gözlərinin beşiyində uyudursan.
    Deyirlər ki, itirirsən yaddaşını,
    Deyirlər ki, məni belə unudursan.

    ***

    Elə qəribsəyib sənsiz bu şəhər,
    Elə darıxıb ki, bu küçə sənsiz.
    Elə çarəsizdir sənsiz bu səhər,
    Elə pərişandır bu gecə sənsiz

    Ölüb səni gedəli neçə ümidim,
    Yenə gözləmişəm bəlkə ümid var.
    Elə kövrəlib ki, elə dolub ki,
    Görsə, hönkürəcək səni buludlar.

    Bilmirəm, bilmirəm, nədir bu qəhər
    Hava “sən” qoxuyur, gecə “sən” deyir.
    Yuxusu gözündən tökülən şəhər,
    Bu gecə qayıdıb, gəlmisən deyir.

    Hardansa da ayaq səsini duyub,
    Çinarlar çəkilib yenə bir küncə.
    Əlini gözünün üstünə qoyub,
    Sənin yollarına boylanır Gəncə.

    ***

    Bu ayrılıq yük olurmu sənə də,
    Əzablarım sol çiynini əyirmi?
    Görən məni bitirən bu suallar,
    Sənin bircə cavabına dəyirmi?!

    Nə demədim, sənə, “unut”, “ayrılaq”,
    Nə demədim, “dəli kimi sev məni”.
    Görən yenə tövbə edib gecələr,
    Gündüzləri pozursanmi tövbəni?!

    Fikirlərin qarışırmı ara bir,
    Xəyalların yenə duyuq düşürmü?!
    Mənim burda itirdiyim yuxular,
    Sənin orda yastığını deşirmi?!

    Qaçmaq üçün gecələri kabusdan,
    Verirsənmi yuxularda nəzir sən?!
    Baxışların soyunurmu əksimi
    Yoxsa yenə hamıda mən gəzirsən?!

    ***

    Niyə qayıtmısan, bilmirəm niyə,
    Yeni istəyin nə, yeni arzun nə?
    Niyə qarğıyırsan bu yerə, göyə,
    Söylə, bu dünyaya etirazın nə?

    Xaraba qoyduğun könül evimə,
    Bilmirəm, çıxmağa yiyəmi gəldin?!
    Mənə etdiklərin başqa surətdə,
    Qarşına çıxmışdı deyəmi gəldin?!

    Daha bir addım da yaxına gəlmə,
    Sənə milyon illik uzağam, yadam,
    Mən Tanrı deyiləm, Allah deyiləm,
    Səni bağışlaya bilmirəm, adam!..

  • Xalidə NURAY.Yeni şeirlər

    https://b.radikal.ru/b37/1910/85/d6a72d5040a4.png

    Xalidə Nuray (İsmayılova) Qələndər qızı 1962-ci ildə Naxçıvan MR, Şərur rayon, Oğlanqala kəndində dünyaya göz açıb. 1969-1979-cu ildə orta məktəbi, 1981-1985-ci ildə Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin İTPM (İbtidai Təhsil Pedaqogika və Metodikası) fakültəsini bitirib. Bir neçə il orta məktəbdə sinif müəlliməsi, 5 il Bağça müdirəsi, 2 il Ali təhsil müəsisəsində (Ali Tətbiqi Elmlər Kollecində) müəllimə işləyib.
    2018-cil də nəşr olunan “Xəyallarımın göz yaşı”adlı kitabın müəllifidir. İran İslam Respublikasının Təbriz şəhərində “Ruhum sızlayır”adlı ikinci kitabı əski əlifbasında yaxın zamanda işıq üzü görmək üzrədir.Türkiyədə türk dilli ölkələrin şairlərinin Cukurova Ədəbiyyat Dərnəyinin “Şairlerden bir demet” antologiyasında şeirləri dərc olunmuşdur.
    İraq Türkmen Edebiyyatçı və Yazarlar Birliginin üzvüdür. Ailəlidir, üç övladı,iki nəvəsi var.

    Azərbaycan bayrağı

    Dünya lərzəyə gəlsin üç birliyin rəngindən,
    Alınmış torpaqları qurtaraq yad cəngindən,
    Zəfər marşı çalınsın istiqlal ahəngində,
    Al qoynuna birləşdir parçalanmış torpağı,
    Azərbaycan bayrağı!

    Müstəqillik uğrunda qurban gedib canımız,
    Al rəngin təməlində qaynayır Türk qanımız,
    İlahidən İslama səcdədi hər anımız,
    Tarixə şahid kimi düşmənə ol göz dağı,
    Azərbaycan bayrağı!

    Vətən qibləgahısan ,əbədi şan yerimiz,
    Sabaha doğan günəş,sabaha dan yerimiz,
    Azadlığa səslənən tökülən qan yerimiz,
    Tükənməz varlığınla ol yurdumun dayağı,
    Azərbaycan bayrağı!

    Qızıl şəfəqlərinlə oyat Turan elmizi,
    Bir oxunsun himnimiz,qoruyaq Türk dilmizi,
    Səninlə bir qaldıraq Tanrıya haqq əlmizi,
    Dağılmış ocaqlarda alışdıraq çırağı,
    Azərbaycan bayrağı!

    Qubarlı ürəkləri bir araya səslə sən,
    Sahilsiz ümmanlarda ümidləri bəslə sən,
    Qartal kimi qanad çal, zirvələri süslə sən,
    Dalğalanan dəniz tək, al-əlvan göy qurşağı,
    Azərbaycan bayrağı!Azərbaycan bayrağı!

    Təbrizim

    Türkmənçay imzası böldü tifağı,
    Bölündü ikiyə Vətən torpağı,
    Çəkdi sinəsinə doğma yurd dağı,
    Sağalmaz yaralı oldu Təbrizim.

    Arazla vurdular qandal qoluna,
    Qəriblik çəkdilər doğma yoluna,
    Vətəni itirən dözərmi buna,
    Dilimdən asılı qaldı Təbrizim.

    Haqqı, həqiqəti qəmə büküldü,
    Azadlıq yoluna qanı töküldü,
    Neçə mərd oğullar dara çəkildi,
    Fəryadı göyləri aldı Təbrizim.

    Boğdu Şəhriyarın ana dilini,
    Viranə eylədi doğma elini,
    Saxlaya bilmədi namərd əlini,
    Düşgün xəyallara daldı Təbrizim.

    Baxıram Təbrizə necə həsrətlə,
    Bağlıyam mən ona sözlə, hikmətlə,
    Oyan ey türk xalqım, oyan qeyrətlə,
    Gözləri qan yaşla doldu Təbrizim!

    Xalidə səslənir doğma elinə,
    Vətəni veribdilər yağı əlinə,
    Haydı igidlərim kəhər belinə,
    Novrağı qürbətdə soldu Təbrizim!

    Azərbaycan

    Azərbaycan, ana yurdum!
    Bu kəlmələr yaranışdan,
    Müqəddəslik məbədinin,
    Qibləgahı, zirvəsidir!
    Neçə əsr oyanışdan,
    Zülümlərin, zillətlərin
    Dinən həqiqət səsidir.
    Bu zirvəni fəth etməyə,
    Sevgi gərək, hünər gərək.
    O kəslərin ürəyində vətən eşqi,
    Vulkan kimi aşsın, daşsın…
    Səni sevən, gərək sənlə qoşalaşsın.
    Sinəsini sipər etsin,
    Ağır, çətin günlərində.
    Yad oğullar doğmalaşsın.
    Dağ çəksinlər düşmənlərə.
    Yurdumuzda iz qoymağa,
    Nərə çəksin bircə kərə,
    Yol verməsin yağılara.
    Əsrlərlə parçalanmış torpaqları,
    Qaytarsınlar öz elinə.
    Qərib düşən İrəvanı,
    Zəngəzuru, Drbəndimi,
    Həsrət gözlü Təbrizimi,
    Ozan havalı Göyçəmi…
    De, dərdimin hansın deyim…
    Birdimi?!
    İllərdi düşmənin gözünü oyan
    Cavanşirlər yurdu Qarabağımı,

    Şikəstənin doğulduğu Şuşamı.
    Susan “İsa” bulağımı!
    Şəhid qanlı torpaqlarda
    Qoy çalınsın cəngi səsi,
    Haraylasın vətən üçün,
    Candan keçən,vətənsevər oğulları.
    Azad edək yağılardan torpaqları.
    Düşmənlərdən qisas alaq.
    Təmizləyək Xocalının,
    Ləkələnmiş yaddaşını.
    Əvəzləyək sevinc ilə
    Analarınaxan qanlı göz yaşını.
    Azərbaycan, ana yurdum,
    Türk oğlunun məskənisən!
    Qürurunla, hünər göstər,
    Qeyrətinlə tarixləri yenilə sən!
    Şərəfinlə, şöhrətinlə öyünərək,
    Gələcəyə haqq yoluyla,
    Zəfər ilə irəlləyək!
    Zəfər ilə irəlləyək!

    Şuşaşız vətənim

    Cavanşirlər yurdu Qarabağımın,
    Şuşa dağlarında dumanı azıb.
    Tərlanlar oylağı Cıdır düzündə,
    Könlümü oxşayan gümanı azıb.

    Ərənlər oylağım, nəğməli dilim,
    Əyilməz vüqarım batıbdı yasa.
    Tarixi bağrına basıb yaşadan,
    Gözümdə Şuşamız dönübdü yaşa.

    Natəvan haraylı gücüm-qeyrətim,
    Topxanam adında dərdim od tutur.
    Üzeyrin, Cabbarın, ahı-naləsi,
    Həsrət nəğməsi tək dünyamda yatır.

    Doğma yuvasından didərgin düşən,
    Yurd oğlum, yurd qızım üzgünləşibdi.
    Suşasız can deyən, can verənlərin
    Vətənsiz ruhları küskünləşibdi.

    İgid oğulların şəhid qanından,
    Qan içdi ürəyi qaralmış Şuşam.
    Koroğlu qeyrətli, Nəbi ürəkli,
    Nəfəsi boğulub, dayanmış Şuşam.

    Şuşasız vətənim, Vətənsiz Şuşam,
    Yağıdan qisasın alınacaqdır.
    Vətən sinəsində ucalan bayraq,
    Şuşa qalasına sancılacaqdı.

    Xainlərin hiyləsi

    Bu nə zülmət, bu nə dəhşət,
    Bürüyübdü qəlbimizi.
    Bir kimsəyə deyəmmirik,
    Bizi didən dərdimizi.

    Bəlkə bizim cəzamızdı,
    Allah edir sınağını.
    Yurdu verib düşmənlərə,
    Düşünmədik qınağını.

    Ərənləri itirmişik,
    İtən yurdun döngəsində.
    Qeyrətsizlik damğasının
    Boğulduq məngənəsində.

    Ey yurdumun igidləri,
    Torpağımız göz dağlıyır.
    Düşmənlərin tapdağında,
    Qarabağım qan ağlıyır.

    Parçalanmış torpaqların ,
    Qaçammarıq naləsindən.
    Birləşməsək qurtarmarıq,
    Xainlərin tələsindən.

    Xəyallarımın göz yaşı

    Xəyaldan asılı ümidlərimdən,
    Sevgisiz həyata nifrət doğulur.
    Arzular dalınca qaçan könlümün,
    Gözündə boy atan arzu böğulur.

    Üçan xəyalımda gizlənireşqim,
    Allanır həyalı utanc yanağım.
    Hərdən küskünləşib boynunu bükür,
    Hərdən gülüşüməolur qonağım.

    Nəmli xəyalımın göz yaşı olur,
    Üşüyən ümidin,donan baxışın.
    Könüldə silinməz ilmə toxuyur,
    Qəlbimi oxşayan sevda naxışın.

    Qara xəyallarım azır səmada,
    Zülmətə bürünür,dolur buludlar.
    Qərib duyğularım göz yşlarıyla,
    Əl atıb içimdə köksümü odlar.

    Buludlar içində ötən xəyallar,
    Məni uzaqlara aparır yenə.
    Bir vüsal soraqlı dərd aşiqi tək,
    Məni öz mənimdən qoparır yenə.

    Ruhum sızlayır

    Ruhum sızıldayır, qəlbim ağlayır,
    Həsrətin sazağı dərd sığallayır,
    Sənli xatirələr könül dağlayır,
    Gəl al bu qəhərin əlindən məni…

    Ürəyim gizlədi dərdi özündə,
    Sinəmdə dil açıb, yanan közüm də,
    Səni tapammıram artıq özüm də,
    Gəl al bu kədərin əlindən məni…

    Qurdum ilmə-ilmə taxt sarayımı,
    Uçurdum əlimlə baxt sarayımı,
    Susdura bilmədim eşq harayımı,
    Gəl al bu dərd-sərin əlindən məni…

    Könlümdə qurduğun könül üşüyür,
    Dərib gətirdiyin o gül üşüyür.
    Yanan o dodaqlar, o dil üşüyür,
    Gəl al bu rüzgarın əlindən məni.

    İlahi yazdığı gözəl qismətin,
    Dəyərin bilmədik ilk məhəbbətin,
    Sevda qələmiylə yazdı nifrətin,
    Gəl al bu qədərin əlindən məni..

  • Şairə Adilə NƏZƏR.Seçmə şeirlər

    Filologiya üzrə fəlsəfə doktoru,
    AYB-nin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri

    DÜNYA ÇOX KƏDƏRLİ YERDİ

    Dünya çox kədərli yerdi..
    Qanadlarım heç işə yaramadı burda.
    Qəlbimin ritmindən utandım bəzən.
    Şəhid məzarlarını,
    əsir düşərgələrini görəndə
    utandım sevgi şeirlərimdən…

    Dünya çox kədərli yerdi..
    Hələ uşaq vaxtı elə bilirdim,
    zəlzələ dünyanın yelləncəyidir,
    sən demə insanların biri-birinə
    “evin yıxılsın”ıymış…
    Şəlaləyə təbiətin duşu deyirdim,
    sən demə suların intiharıymış.
    Böyüdükcə nə yelləncəyi sevdim,
    nə də şəlaləni.
    Sevdiklərim ruhumu ağrıdırdı…

    Dünya çox kədərli yerdi..
    İnsan təbiətin bir parçasıydı,
    amma
    parça tamı parçalayırdı…
    Təbiət insanı sevdikcə insan təbiəti azarlayırdı,
    Tanrı ölüm fərmanıyla dünyanı tarazlayırdı.
    Şairlər ağlayrdı dünyanın kədərinə,
    Keçib yerin altından, çıxıb göyün üstündən
    yenidən atlayırdı qədərinə.
    Dünyanı uzaqdan qucaqlayırdı,
    ümid edirdi ki,
    bir zərrəsi qalacaq…
    və nə vaxtsa, haradasa Tanrıyla görüşəcəyi yer
    dünyanın ən gözəl mənzərəsi olacaq…

    Dünya çox kədərli yerdi..
    Şairlər “öldükcə” o yerdə
    qınanırdı…
    Qınayanlar haqq qazandırırdı gizlində şairlərə –
    bir gün dramdan, faiciədən yorulub da komediya yazsalar,
    ya göz yaşımız bitsə, – deyə…
    Bilirdilər ki, ağlamaq ümiddir,
    göz yaşı bitəndə başlayır ağılsız qəhqəhələr…

    Dünya çox kədərli yerdi..

  • Şairə Adilə NƏZƏR.”Günəş doğmaz pəncərəmə”

    Filologiya üzrə fəlsəfə doktoru,
    AYB-nin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri

    * * *

    Günəş doğmaz pəncərəmə
    daha mənə olan oldu.
    Yaşılyarpaq çəmən idim,
    sağdan-sola, soldan-sağa
    nəyim vardı alıb getdin,
    məndən məndə nə qaldısa
    solan oldu…
    Kim vardı ki, məndən gözəl,
    səndən dəli,
    ruhum candan çıxıb getdi,
    əl üzəli.
    Bir çağlayan bulaq idim
    gecə-gündüz zümzüməli..
    o şərqilər, o nəğmələr
    yalan oldu…
    Qızınırsan qollarında
    bilmirəm ki, hansı yadın,
    ürəyimin divarında yara kimi qalıb adın…
    Qəfil gəldin, qəfil getdin, yağmaladın –
    qəfəsdə can
    talan oldu…
    Mən sənə yaradan demirəm –
    günahdı,
    yaşadan bir sənsən, bir də Allahdı,
    alıb-verdiyim nəfəs deyil, quruca ahdı –
    sən verdin, mən
    alan oldum…

    14. 10.2019

  • Şairə Adilə NƏZƏR.”Mənim könül azadlığım”

    Filologiya üzrə fəlsəfə doktoru,
    AYB-nin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri

    Sənə doğru çırpınışım bir ömürdü, bir andı,
    Eh, o da ki, yarı yuxu, yarı ağrı, yarı qəm.
    Bu dünyanı anlayanlar ölümünə oyandı,
    Uca Tanrı, əzəl gündən mənə yaddı bu aləm.

    Sorma, niyə belə qərib, boynu bükük durmuşam,
    Bu yazını sən yazıbsan var olandan alnıma.
    Mən vaxtımı sənə doğru can atmağa qurmuşam,
    Səndən başqa kimim var ki, məlhəm ola ağrıma.

    Mən bu ömrü bəyənmədim, zinət kimi heç, inan,
    Yelkənləri küləklərə açıb getmək dəmidir.
    Mənim könül azadlığım doğulduğum zamandan,
    Cövlan edən küləklərin azadlığı kimidir.

  • Şairə Adilə NƏZƏR.”Mən susuram…”

    Filologiya üzrə fəlsəfə doktoru,
    AYB-nin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri

    Dağ danışır, daş danışır,
    Quru dinir, yaş danışır.
    Göz danışır, qaş danışır,
    Mən susuram, amin deyin.

    Bu göyün işığı itib,
    Bu yurdun aşiqi gedib,
    Gözümün yağışı bitib,
    Mən susuram, amin deyin.

    Kimə çatar ağıtlarim,
    Göyərərmi ümidlərim?
    İslanıbdır qunutlarım,
    Mən susuram, amin deyin.

    20.10.2019

  • Ədalət RƏSULOVA.”İsmayıl Şıxlının yaradıcılığında müharibə mövzusu”

    Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı

    Azərbaycanın çox oxunan yazıçılarından biri də İsmayıl Şıxlıdır. Oçerk, hekayə, povest və romanlarında hiss və düşüncələrini təsvir edən yazıçı xalqımızın keçmişinə müraciət etmiş, tarixi hadisələri obyektiv işıqlandırırmışdır.
    İsmayıl Qəhrəman oğlu Şıxlı 1919-cu il martın 22-də Azərbaycanın şeir-sənət ənənələri ilə tanınan Qazax mahlının İkinci Şıxlı kəndində doğulmuş, lakin ilk təhsilini Kosalar kənd məktəbində almışdır. Qazaxda Pedaqoji texnikumu bitirmişdir. Bir neçə il sonra Bakı Dövlət Pedaqoji İnstitutunda oxuyarkən Böyük Vətən Müharibəsi başlanmış, təhsilini yarımçıq qoyaraq cəbhəyə getmişdir.
    Bir çox yazıçılarımız kimi o da yazmağa şeir ilə başlamışdır. Mətbuatda ilk şeiri “Quşlar” adı ilə çap edilmişdir. (1938-ci il Ədəbiyyat qəzeti 24 noyabr) Qoşma janırında olan şeirlərində yazıçının duyğuları səmimi olsa da, bunlar heç də sənət uğuru hesab edilməmişdir.
    İsmayıl Şıxlı Kür qırağı obalarda, Xəzər sahilindəki paytaxt şəhərdə, tələbə ikən mütaliə etdiyi saysız-hesabsız bədii və elmi əsərlərdə, müharibə zamanı iştirakçısı olduğu çoxlu cəbhə hadisələrində, insanların talelərində bir yazıçı kimi həmişə axtarışda olmuşdur. Şeir yazmaqdan əl çəkməsi həyatın geniş lövhələrini hərtərəfli səmərəli axtarışları ilə əlaqələndirirdi. İsamayıl Şıxlı orduya getdiyi vaxtdan qələbədən sonra doğma kəndlərinə qayıtdığı günədək həyatında baş vermiş ən vacib hadisələri öz gündəlik dəftərində qeyd etmişdir.
    “Cəbhə gündəlikləri” nin əsas qəhrəmanı yazıçı özüdür. O, təmkinli qorxu bilməyən cəsur bir əsgərdir. Müharibənin dəhşətlərini, saysız qanlı faciələri hər gün cəbhə yollarında gorsə də, onun zərif qəlbi daşa dönmür. Mərhəmət hissi, insanın yaşamaq hüququna dərin hörmət onu bir an olsa belə tərk etmir. Səngərdə, çayları keçəndə, düşmən üzərinə cumanda həlak olan hər bir əsgərin arxasında təkcə onun özünü yox, min bir əzabla, əziyyətlə ərsəyə gətirmiş ata-anasını, yaxınlarını, puç olmuş xəyalları görür.
    Müharibə onun üçün insani olan hər şeyin: xoşbəxt həyat arzularının, yaxınlara məhəbbətin, sədaqət və əxlaqın, xeyirxahlıq və gözəlliyin faciəsidir. O, dəhşətlə anlayır ki, müharibə də həyatdır, yaşamaq tərzidir. Müxtəlif millətlərin nümayəndələri olan silah yoldaşları ilə vətəni həmişə göz önündə saxlayır. Bilir ki, hissə qapılmaq, müdhiş faciələr qarşısında zəifləmək daha böyük faciələrə səbəb ola bilər. Ona görə də mətinliyini itirmir, doğma Kosalar kəndindən Almaniya torpaqlarına qədər öz əsgər borcunu qorxu və yorğunluq bilmədən, dözüm və səbrlə, yerinə yetirir.
    Yazıçı hər bir əsgər kimi keçdiyi yerin, azad edilən kəndlərin, şəhərlərin qan bahasına üzüb keçdikləri çayları tikdikləri körpüləri nəzərdən qaçırmır. Onları yığcam detallarla təsvir edir, çünki əsgər taleyindəki qaçılmazlığı bilir. Müharibə davam etdikcə öldürülən insanların sayı da artıq çoxalır.
    Yazıçı cəbhədə əsgər iynə-sapı ilə tikib düzəltdiyi dəftərçələri odlu-alovlu günlərin qiymətli yadigarı kimi qoruyub saxlamışdır. Üç ildən artıq zamanı əhatə edən gündəliklərin saralmış, bəzən də pozulub getməkdə olan sahifələrini çevirdikcə Qafqaz dağlarının uçurum dərələri, Kuban çayının qəzəbli ləpələri, Qara dənizin qırmızı qan rənginə çalan mavi dalğaları, Belarusiya meşələrinin şaxtası, hər addımı uğrunda ölüm-dirim mübarizəsi gedən Litva şəhərinin küçələri, istehkamları göz önündə canlanırdı. İsmayıl Şıxlının dəniz desantçısı kimi xidmət etdiyi batalyon 1945-ci ilin 9 mayında Almaniyanın Friş-qaf körfəzində, Baltik sularında qələbə ilə sona yetmişdir.
    Yazıçı məqalələrinin birində yazırdı: “Cəbhə yolları çox ağır və uzun olur. Hər dəqiqə bir ilə dönür, torpağın hər qarışı sonu görünməyən məsafəyə çevrilir. Getdikcə gedirsən, dizin-dizin sürünürsən, qara-çovğuna düşürsən, mərmilər diksindirir, bombalar partlayır, yanında insan nəfəsi, insan hənirtisi axtarırsan. Səngər dostun yarı yolda qalır, onun isti əli ovcunda soyuyur, kömək edə bilmirsən”.
    Aradan illər keçib, fəsillər dolansa da nəmli səngərlərin acısı unudulmur. Bəzən yuxuda işıqlı pulemyot güllələri üstünə uçuşur, göyə sovrulan torpağın altında qalırsan. Yer lərzəyə gəlir, kim isə üstünə atılır, kimi isə vurub yerə sərirsən, qulaqlarında minamyot, barıt tüstüsü səni boğur, yuxudan hövlanak ayılırsan…
    Bəzən döyüş yoldaşlarının tapşırıqlarını nümunəvi yerinə yetirdiyinə görə komandanlıqdan aldığı “təşəkkürnamələr”, döş nişanı, medallar, qırmızı ulduz ordeni; bir də sağında-solunda vuruşan, həlak olan silah və məslək dostlarının əziz xatirəsi gözlərinin önündən getmir.
    (İ.Şıxlı. “Cəbhə yolları”. “Ədəbiyyat və incəsənət”, 1968-ci il 17 fevral).
    Müharibədən sonrakı bir sıra hekayələri və “Kerç suları” adlı povestini də İsmayıl Şıxlı Böyük Vətən Müharibəsinə həsr etmişdir. Yazıçı bu əsərində cəbhə yoldaşlarının əhval-ruhiyyəsini, müharibə həqiqətlərinin kiçik bir parçasını şəxsi müşahidələri əsasında əks etdirmişdir. Qara dəniz sularında şiddətli döyüşlər, faşist işğalına məruz qalmış Krım sahillərinə od-alov içərisinə desant çıxarılması; insan iradəsinin üz-üzə gəldiyi ağır sınaqlar əsərdə açıq şəkildə əks olunur. Yazıçı ölümün dəhşətini, çoxlu qanların töküldüyünü, lakin döyüşlərdə xırdaca üstünlüyün belə böyük mərhumiyyətlər və qurbanlar bahasına başa gəldiyini geniş şəkildə qələmə almışdır. Əsərdə adları qeyd olunanlar işərisində topçu İlyas, kapitan Aslan, dükançı Dimitriyev və miçman Abbasın bu döyüşlərdə göstərdikləri şücaətləri haqqında geniş məlumat verilmişdir. Lakin nə adı çəkilən surətlər nə də “Kerç suları” əsəri Böyük Vətən Müharibəsi haqqında düşüncələri yazıçını kifayətləndirməmişdir.
    Ədib daha sonralar “Odlu çarpazlar” adlı pyes yazmış, və həmin əsər 1985-ci ildə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatırında tamaşaya qoyulmuşdur. Onun müharibə təəssuratlarına əsaslanan əsərləri mənəvi saflıq, əxlaqi ucalıq, vicdani paklıq kimi məsələləri ön plana çəkməsindədir.
    Yazıçının üslubi keyfiyyətləri hekayələrində də qabarıq şəkilində özünü göstərir. Yığcamlıq, dilin obrazlılığı, rəvanlığı, təsvirlərin əlvanlığı ədibin ilk fəaliyyət illərinə məxsus “Ayrılan yollar”, “Dəli kür” romanında da görürük. İsmayıl Şıxlının bir yazıçı kimi formalaşması demək olar ki, iri həcmli əsərləri ilə bağlıdır. “Dəli kür” əsəri ilə bağlı yazıçı Azərbaycan hüdudlarından uzaqlarda da yaxşı tanınmışdır.
    “Ayrılan yollar” romanının mərkəzində gənc qəhrəmanların mənəvi aləmini açıb göstərmək baxımından oxucular və tənqidçilər tərəfindən qiymətləndirilmişdir. Əsərdə pambıqçı Zeynəblə traktorçu Əlinin, aqranom İmranla kənd müəllimi Nərgizin qarşılıqlı məhəbbəti təbii təsvirlər vasitəsi ilə verilmişdir.
    “Ayrılan yollar” əsəri 50-ci illərin bir çox roman və povestləri kimi kolxoz kəndinə, məhsuldarlıq uğrunda mübarizə məsələlərinə həsr olunmuşdur.
    XIX əsrin ikinci yarısındakı Azərbaycan kəndindən bəhs edən “Dəli kür” əsəri təbii şəkildə verilmişdir. Əsərdəki Cahandar ağa, Mələk, Şamxal, Güləsər, Şahnigar, Pristav, Əhməd, Qoca dayı, Çərkəz surətləri ahəngdar şəkildə bir-birini tamamlayır. Tarixi faktların romanın hər səhifəsində hiss olunması yazıçı qələminin zənginliyini bildirir. Roman Azərbaycanın Kürqırağı kəndində baş vermiş hadisələrin motivləri əsasında qələmə alınmışdır. Əsərdə bir yanda Molla Sadıq və onun müridləri, digər tərəfdə isə anbarlarına iyirmi kəndin gəliri toplanan Cahandar ağa kəndin ən nüfuzlu adamlarından idi. Cahandar ağa son dərəcə bitgin obrazdır. O, səhərə qədər at belində əli silahlı dolaşmağı, öz ailəsini təcavüz və basqınlardan qorumağı bacarırdı. Yeri gələndə çar hökumətini təmsil edən pristavla onun silahlı adamları yanında sərt danışmaqdan da çəkinmirdi. Qonaqsevərliyi ilə kəndə yeni gəlmiş insanlara da hörmətlə yanaşırdı. Kənd məktəbinə yeni təyin olunmuş müəllimlər, Çernyaevski və Əhmədi öldürmək istəyən kənd qoçularını Cahandar ağanın tərki-silah etməsi əsərin ən gərgin epizodlarındandır.
    Əsərdə molla Sadığın fırıldaqlarına qarşı ayıq olan Cahandar ağa kənd ruhanisinin əməllərini özbaşınalıq adlandırırdı. Cahandar ağanın özünə məxsus çox mübahisəli olan bir qeyrət anlayışı vardı. İstəkli bacısı Şahnigarı mahiyyətini belə anlamadığı müridlər məclisində iştirak etdiyi üçün öz əli ilə güllələyən, cavab qaytardığı üçün əziz oğlu Şamxalı döyüb evdən qovan Cahandar ağa bu cür hadisələrə laqeyid qala bilmir, həyacan keçirirdi. Lakin bu deyilənlərin heç biri onu atının yalının və quyruğunun qırxılması qədər yandırıb yaxmır. Qəzəbindən az qala ürəyi prtlaya Cahandar ağa gözündən artıq istədiyi Qəmər atını özgələrin o kökdə görməsini və tənə vurmasını eçitməmək üçün səhər alatorandan sis-duman çəkilməmiş uçuruma aparıb güllə ilə vurur.
    Cahandar ağa dəliqanlı və zalım mülkədardır. Kasıb gəmiçi oğlu tərəfindən qızının qaçırıldığını eşidəndə qəzəbindən bağırır, dönə-dönə təkrarladığı bu sözlər dediyimizi sübut edir: “Sümüyümüzü it sümüyünə caladın!..”
    Cahandar ağa surətini müəllif bütün daxili ziddiyyətləri ilə təsvir etmişdir. Xırdaca bir ehtiyyatsızlıq üstündə bacısı Şahnigarı öldürməklə namusunu ləkədən qoruyan Cahandar ağa özgənin kəbinli arvadını götürüb qaçanda kiminsə namusuna ləkə vurduğunun fərqinə varmır…
    Əsərdə Cahandar ağanın həyatı güclü sarsıntılar və təlatümlər içərisində keçir. Şahnigarın qətli bəzi ailə üzvlərinin onunla yadlaşmasına, doğma qızının qaçırılması, rəsmi hökümət nümayəndələri ilə baş verən ixtilaflar vaxtıilə bir sözünü iki eləməyənlərin indi üzünə durması Cahandar ağaya öz təsirini göstərir. Cahandar ağa artıq zəmanənin dəyişdiyini adət etdiyi əlçatmaz, ünyetməz igidlik, mülkədar həyat tərzinin sarsıldığını hiss edir.
    İsmayıl Şıxlı Cahandar ağa obrazını öz mövqeyindən əl çəkən, qorxan adam deyil; lakin Rusiya İmperiyasının Qafqazı mənimsəməsi ilə araya gələn maneələrə, onları doğuran ictimai-siyasi səbəblərə qarşı mübarizədə tək qaldığını göstərirdi.
    Cahandar ağanın bir xarakter kimi faciəsi də bundan doğurdu.
    Öz sonbeşiyi Əşrəfi Qori seminariyasında rusca təhsil almağa qoyması da xarakderindəki ziddiyyətli fikirlərindən qaynaqlanırdı. Cahandar ağa bir tərəfdən görür ki, rusca savadlı olmağın əhəmiyyəti çox böyükdür, bunu zəmanə özü tələb edir; digər tərəfdən də davranışında və hərəkətlərində zəriflik, adamlara qarşı münasibətində həssaslıq müşahidə etdiyi Əşrəfin davranışları onun ürəyini açmır. Cahandar ağa oğlunun simasında hər şeydən əvvəl polad kimi əyilməz, atıb-tutan bir oğul görmək istəyirdi.
    Yazıçının “Dəli Kür” əsərində keçən əsrin sonlarında Azərbaycan kəndinin ictimai vəziyyəti maraqlı bədii təsvirlərlə verilmişdir. İlk səhifələrdən əsas hadisələrin cərəyan etdiyi Göytəpə kəndinin torpaqdan güclə seçilən qara damlar arasında gözə dəyən kirəmidli evlər, əsərdə canlı şəkildə təsvir edilir. Ayağına geyməyə bir cüt çarıq tapa bilməyən Qoca dayı, maddi çətinliklər üzündən evlənə bilməyən Çərkəz, yaylaq yerində xəcalətli görünməmək üçün xörək əvəzinə bulaq suyu qaynadan Güləsər, uzaq səfərə yola saldığı oğluna cib xərcliyi tapa bilməyən Əminə xala, “bəylə bostan əkib tağı çiynində bitən” Rüstəm kişi və başqaları kənddəki qara torpaq damların sakinləridir.
    Gəzdikcə qurtarmayan əkin yerlərinin, qoyun sürülərinin, mal-qaranın sahibi Cahandar ağa halal-haramı çoxdan qarışdırmış Molla Sadıq kimilər isə həmin tək-tək gözə dəyən kirəmidli daş evlərin sakinlərdir. Beş-altı metrlik əkin yeri arzusu ömürlük ürəyində qalan Qoca dayı ilə, ətrafda baş verən hadisələrin mahiyyətini bilməyən Əşrəf arasındakı dialoq çox səciyyəvidir:
    – Torpaq tapılar, ay qoca dayı, fikir eləmə.
    – Hardan tapılar, ay bala?
    – Nə çoxdur allahın torpağı…
    – Allahın torpağını bəndələr çoxdan qamarlayıblar. Ölsələr də əllərindən bir qarış da verməzlər…
    Yazıçı əsərdə dövrün mürəkkəb tarixi şəraiti haqqında bədii təsəvvür oyadır. Rus işğalından sonra Azərbaycan tarix boyu dəfələrlə vuruşan qonşu dövlətlərin hərb meydanı olmaqdan göz aça bilmir. Rus iperiyasının qayda-qanunları Azərbaycanda özbaşınalığı məhdudlaşdırsada digər tərəfdən xalq ikiqat ictimai zülmə məruz qaldı. Bir çox əkin yerləri, meşə və qoruqlar ov yeri elan edildi. Sadə camaatın bu yerlərə daxil olması yasaq edildi. İnsanların arzulamadıqları bir həyat başlandı. Qabaqcıl rus, avropa yazıçıları və alimlərinin ictimai bərabərlik haqqında fikirləri müxtəlif kanallar vasitəsiilə Qafqaza, Azərbaycana yol tapdı.
    Əsərdə maraqlı epizodlar əsasında göstərildiyi kimi, hökumətin hər cür qadağan tədbirlərinə baxmayaraq qabaqcıl fikirlərin yayılması işində xüsusən Qori müəllimlər seminariyası əsas rol oynayırdı.
    Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Azərbaycanın ədəbiyyatı, mədəniyyəti tarixində görkəmli xidmətləri olmuş Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Firuddin Köçərli və başqaları həmin seminariyada təhsil almışdılar.
    “Dəli Kür” romanındakı Çernyayevski, Kipyani, Semyonov bu seminariyanın işıqlı tərəfləri, Petrov isə çarizmin yeritdiyi mürtəce siyasətin təmsilçiləridir. Seminariyanın direktoru tərəqqipərvər maarif xadimi Semyonov qaranlıq bir gecədə dostu və məsləkdaşı Çernyayevskiyə səmanı göstərərək deyir: “Orada zülmət içində parıldayanları görürsünüzmü? Bir baxın necədə sayrışırlar. Belə bir qaranlıq gecə yer kürəsi üzərinə qara pərdə salmaq, onu ört-bastır etmək istəyir. İşıq isə onu deşir? Ordan-burdan süzülüb parıldayır, özünə yol açır kimə isə işıq saçır”…
    Seminariyanın direktoru Semiyonov ən yaxşı müəllimlərini onların müxtəlif millətlərdən olan ləyaqətli şagirdlərini zamanının qaranlıq göylərindəki ulduzlarla, ordan süzülən işıq zolağı ilə müqaisə edərək oxucuların yeni tipli ziyalılarına qarşı rəğbətini artırır.
    Yuxarıdakı qeydlərdən göründüyü kimi “Dəli Kür” romanı dramatik toqquşmalar, qüvvətli xarakterlərlə əhatə edilmişdir.
    “Dəli kür” əsərində (1957-1967) təsvirlər daha canlı, hadisələrin təqdimi daha qabarıq şəkildə verilmişdir. Buna görə də təqribən on il davam etmiş yaradıcılıq əməyinin bəhrəsi olan “Dəli kür” İ.Şıxlının həcmcə ən böyük və əhəmiyyətli əsəri olaraq qalmayıb, həm də Azərbaycan ədəbiyyatının çox qiymətli nümunələrindədndir. Bu əsər yazıçının dərin psixoloji, güclü xarakter yaratmaq bacarığını nümayiş etdirən keyfiyyətlərlə zəngindir.
    Cəfər Cabbarlı adına “Azərbaycanfilm” studiyası 1970-ci ildə İsmayıl Şıxlının ssenarisi əsasında eyni adlı bədii film çəkmişdir.
    İ.Şıxlı “Dəli Kür” dən əvvəl də, sonra da bir sıra maraqlı əsərlər yazmış, onların bir qismini mətbuatda “Mənim rəqibim”, “Məni itirməyin”, kitablarında nəşr etdirmişdir.
    “Köynək”, “Qızıl ilan”, “Sapı özümüzdədir”, “İlğım” və sair əsərləri sübut edir ki, ədib xırda formalı əsərlərində də həyati problemlər qaldırmaq, onları canlı insan surətləri əsasında həll etmək sahəsində yüksək bacarıq sahibi olmuşdur.
    İ.Şıxlının həyatı bilavasitə məktəblə, institutla, ümumiyyətlə tədris prosesi ilə bağlı olmuşdur. O, on illər boyu ali məktəbdə dərs demişdir. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Xarici ölkələr ədəbiyyatı kafedrasının təşkilatçısı və müdiri olmuşdur.
    Ədib elmi işlərlə də məşğul olmuş, tədqiqat işləri aparmışdır. Xalq yazaıçısı Mehdi Hüseynin yaradıcılığı mövzusunda namizədlik dissertasiyayı yazmış, ədibin on cildlik külliyatının tərtibçisi və elmi şərhçisi olmuşdur.
    İsmayıl Şıxlı ali məktəblərimizin ehtiyyacını nəzərə alaraq “xarici ədəbiyyat tarixi” (1970) və “XX əsr xarici ədəbiyyat tarixi” (1974) dərsliklərini yazmışdır.
    O, müxtəlif illərdə Azərbaycan Yazıçılar İttifaqının birinci katibi olmuşdur. Milli ədəbiyyat və mədəniyyətimizin inkişafındakı xidmətləri nəzərə alınaraq 75 illik yubileyi münasibətiilə Respublikanın “Şöhrət ordeni” ilə təltif edilmişdir.
    İsmayıl Şıxlı bəzi qələm dostları ilə müqayisədə əsərləri az çap olunan yazıçıdır. Lakin onun əsərlərinin bədiiliyi və əlvanlığı oxucular tərəfindən sevilərək oxunur, ssenarisi əsasında çəkilmiş filmlərinə maraqla baxılır.

    AMEA Ədəbiyyat İnstitutu XX əsr şöbəsi

  • İradə AYTEL.”Tumarına sığınıram”

    ***

    Tumarına sığınıram
    Bilə-bilə, gün oğrudur!
    Məndə qalan, səndə qalan,
    Onda qalan da ağrıdır.

    Saçım telimnən incidi,
    İçim çölümnən incidi,
    Gözüm dərdin sevincidi,
    Qəhqəhəsi göz ağrıdır!.

    Duruydum…
    Elə duruydum…
    Arzularıma darıydım.
    O zaman ki sən varıydın –
    Mən varıydım! Bu doğrudur!

  • İradə AYTEL.”Mən yoxam!”

    Mən yoxam!
    Doğulmamışam!
    Məni sən uydurmuşdun!
    Görən gözlü,
    Sevən qəlbli bir mən!
    Mən yoxam!
    Doğulmamışam!
    Məni sən uydurmuşdun!
    Bir mən uydur yenə də –
    Görən gözlü,
    Sevən qəlbli bir mən!
    Amma…
    Təkcə səni sevən!!!

  • Gənc yazar Əyyub MƏMMƏDOV.Yeni şeirlər

    Məzarlar da danışır…

    Məzarlar da zamanla,
    Dostlaşıb tanış olur.
    Bəzi daşlar orda da,
    Fəhləyə məmur olur.

    Məzar var ki, başında
    Bir abidə ucalır.
    Məzar var ki, başında,
    Adi bir daş dayanır.

    Məzar var, il boyu
    Həmişə yada düşür.
    Məzar var, tarix boyu,
    Heç ora yolun düşmür.

    Məzar var, yanı hasar
    Bir qoruğa bənzəyir
    Məzar var, kol-kos basır,
    Kim olduğu bilinmir.

    Adama elə gəlir,
    O daşlar da danışır
    Ona yaxın məzarla,
    Öz dərdini paylaşır.

    Gecikirsən ay ürək

    Arzuları bir-bir gerçək etməyə
    Vaxt azalıb, gecikirsən ay ürək.
    Bu həyatda əməl qoyub getməyə,
    Gecikirsən bir az tələs ay ürək.

    Çoxdandır heç yoxlamırsan özünü
    Bəlkə sağlam, bəlkə xəstəsən bilək
    Deyirdin ki, qəm bağlayıb üzünü
    Gecikirsən sil dərdini ay ürək.

    Hiss edirəm içində bir boşluq var
    Vaxt ötsə də dola bilmir bu ürək.
    Çox sakitsən bilirəm ki, sözün var
    Töküb, boşalt öz içini ay ürək.

    Pünhan tutmusan neçə sirrini,
    Bilirəm vəfada tayın yox ürək.
    Hərçənd bilməsələr bəzən qədrini,
    Gecikirsən üsyan elə ay ürək.

    Əvvəlkitək zövq almaqda acizsən
    Əl-qolunu itirmiş bir əlilsən.
    Son mənzilin uzaq deyil bilirsən
    Gecikirsən aman yoxdur ay ürək.

    Alov kimi

    Bu bahar da payız kimi,
    Sarı, qırmızı keçdi..
    Yaşıllığı görmədim
    Ya da gördüm, hiss etmədim.
    Çoxdandı fəsilləri,
    Yaman qarışdırmışam
    Bircə sən qarışmırsan.
    Beynimə qoyduğum kimi,
    Yerində dayanmısan.
    Dünən küləklə qar,
    Yaman çovğun yaratdı
    Bütün cismim üşüdü.
    Təkcə başımdan başqa
    Orda elə qalmısan,
    İsti daş kömür kimi
    Məni yaman qızdırır,
    Xəyalın alov kimi…

    Yarımçıq sevgilər

    Məhəbbət yolunda yıxılmaq olar
    Yetər ki, qalxmağa bir yolun olsun
    Ayrılıb yenidən sevmək də olar
    Yetər ki, sevməyə bir üzün olsun

    Bir ürək nə qədər sevgi daşıyar
    O olar, bu olar, o biri olar
    Qəlb boxça deyil kim gəldi tuta
    Axırda cırılıb, partlayıb daşa

    Demə sevənlərim günahkar idi
    Yarı yolda qoyub tərk etdi məni
    De mən qəlbimi açıq qoymuşam
    Hər gələn atını oynadıb getdi

    Bir gün geriyə dönüb baxanda
    Alnının qırışı çaşdırar səni
    Yarımçıq sevgilər bir alov kimi
    İçində qaynayıb yandırar səni

    Mərhum şairə Rəhilə Elçinin xatirəsinə

    Bir çiçək idin ki, ömürlük təzə
    Araz yadigarı qalmışdın bizə
    Qəlbində nə böyük gözəl arzular,
    Heyf xəyalların düşdü dənizə.

    Səndən bizə qalan dəyərli miras,
    Təmiz duyğuların, hisslərin oldu.
    Yazdığın alovlu, odlu şeirlər,
    Bir də kitab dolu xatirən oldu.

    Gözəl nümunədir həyat yolların
    Vaxtsız yol çıxdı ömür karvanın.
    Bilməzdik Rəhilə ziyarətinə,
    Şahidlik edəcək nurlu məzarın.

    Nə xoşbəxt insansan sevənin çoxdur
    Sənin ürəklərdə heykəlin tuncdur.
    Uzanır cənnətə indi qolların,
    Qovuşar ruhuna Məmməd Arazın.

    “Şəhriyar”

    Bir dahi uyuyur qonşu torpaqda
    Adı Şəhriyardı, özü dəryadır.
    Sözü, kəlməsi dürri-yektadır
    Amalı türk olan bir bəxtiyardır.

    Bir görmək istədi, öz millətini
    Çəkdi daxilində acı zilləti.
    Qəlbi bu eşqlə hey çırpınırdı,
    Gözündə qor kimi şimşək çaxırdı.

    Yanıb odlanırdı,sözdə,sətirdə
    Bir xalq,dövlət,torpaq üstündə
    Vahid birliklə,ulu vəhdətlə,
    Şamtək əriyirdi şei,qəzəldə.

    Azadlıq məlhəmin çəkib yaraya
    Vətən nisgilinə dərman edirdi
    O taylı-bu taylı doğma elinə,
    Ürəyi qubarlı salam deyirdi.

    Heydərbaba onsuz qalıb gileyli
    Öz elində olub indi yadelli
    Sarıbaba düşüb xeyli aralı,
    Səsi gəlmir qəlbi olub yaralı.

    Neçə əsər yazılıbdır şəninə
    Mahnı qoşub, söz deyiblər şeirinə
    Adı düşmür cavan, qoca dilindən,
    Öyrənirlər daim onu dərindən.

    Yaşım çatmadı, görəm mən sizi

    Gəzdim ölkəmi mən qarış-qarış
    Görmədim Zəngilan, Laçın, Şuşanı.
    Bir də Cəbrayılı, o Qubadlını,
    Hələ Kəlbəcərtək gözəl məkanı

    Yaşım çatmadı, görəm mən sizi
    Bir gəzib dolanam hər tərəfinizi.
    Necə qurban getdiz yağı düşmənə?
    Heç kimsə bilmədi aqibətinizi.

    Yurddan ayrı düşdüz tarimar olduz
    Gözlərdə durub, bədgüman olduz.
    Günah kimdədir, necə oldu ki?
    Qoruya bilmədik, tamam yox olduz.

    Gərək deyil şuşalı, laçınlı olam
    Təəssüb çəkən vətən oğluyam.
    Keçdikcə illər, hey aram-aram,
    Qorxuram sizə heç qovuşmaram.

    Düşmən torpağımda gəzib əylənir
    Badələr qaldırıb, yallı da gedir.
    De necə dözüm, mən bu halətə?
    Göz dağı verir mənə heyvərə.

    Düyünlər açılsın, simlər qırılsın
    Sülh sazişləri bir yana qalsın.
    Hər gün sinəmə, od qoyan düşmən,
    Silahın gücündən yanıb dağılsın.

    İllər də aşiqtək sevişə bilir

    İllər də darıxır bir-biri üçün
    Rəqəmlər artdıqca uzaq düşürlər.
    Hər ötən ildəki o xatirələr,
    Uzaq tarixlərdə solub, ölürlər.

    Sən sanma ötənlər səni yandırır
    Şirin nağılların keçmişdə qalır.
    Bir ildə baş vermiş, bədbəxt hadisə
    Daim o ildə kədər saxlayır.

    İllər də aşiqtək sevişə bilir
    İnciyib, yenə də barışa bilir
    Bir canlı kimi, gözlər önündə
    Tərpənib, yeriyib, danışa bilir

    Bəzən illəri vurub, döyürük
    Nədir ki, bir acı xatirəsi var
    Elə il var ki, hey öyünürük
    Çünki o ilin xoş tarixi var

    İllər də fərz elə insan kimidir
    Onun da xeyirli, xeyirsizi var.
    İllər də adamtək ya xoşbəxt olur,
    Ya da talesiz, bir bədbəxt olur.

    Dəniz boyda sevgim…

    Gəlmişəm yenə də dəniz seyrinə,
    Qəmli fikirlərlə həsrət ötürüm.
    Baxıram dənizin ucqar yerinə
    Deyirəm təəssüf mənim sevgimə.

    Bir vaxtlar dənizi birlikdə sevdik
    Gəlib kənarında, qışı yay etdik.
    İndi bu yerlərə yalnız gəlirəm
    Çılğın dalğalarla köks ötürürəm.

    Gələrdik dənizə görüşmək üçün
    Qol-boyun olub, sarılmaq üçün.
    İndi tək-tək gedirik düşünmək üçün
    Oturub kənarda ağlamaq üçün

    Dəniz boyda sevgim deyərdin mənə
    Mən də can deyib, baxardım sənə
    İndi bu sularda üzün görünür,
    Böyük ləpələrdə səsin duyulur.

  • Afət VİLƏŞSOY.”Oyuncaq”

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü

    Mənlə oynamaq olmaz.
    Mən ən pinti,ən dəcəl
    Ən qədirbilməz uşağın
    üst-başını kirlədib,sürüm-sürüm sürüyüb
    ta beşinci mərtəbədən palçıqlı yola tolazladığı oyuncağam.
    Daha mənlə kimsə oynamaz,
    oynaya bilməz mənlə daha kimsə…
    Kimsənin nağılını bəzəyə bilmərəm daha.
    Mən göydən yerə 3 alma yerinə
    enməyi bacaran “oyuncağam”…
    Daha mənim əynimi də dəyişsən,
    Beynimi dəyişə bilməzsən.
    Daha kimsənin xəyalını bəzəməz
    Əlim,qolum,sarı gəlin hörüklərim.
    Kimsənin nağılı olmaz bildiklərim.
    Mən daha kimsənin oyuncağı ola bilmərəm.

  • Kamran MURQUZOV.”Heydər Əliyev-Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin hamisi”

    10730926_708473925888118_1815156677351752954_n

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

    Dünyanın müxtəlif ölkələrində yaşayan və bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olan şəxslər, xüsusilə də yazarların böyük bir qisminin dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunması, ədəbiyyata göstərilən qayğı kimi qəbul olunur. Hətta bəzən dövlət başçılarının özləri belə bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olurlar. Məsələn, Osmanlı dövlətinin başçısı Sultan Süleyman Qanuni dövləti idarə etməklə yanaşı, həm də vaxt və imkan daxilində könül duyğularını varağa köçürməyə də müəssər olmuşdu. Bəzi dövlət başçıları isə rəhbərlik etdiyi ölkədə bədii yaradıcılıq fəaliyyət ilə məşğul olan şəxslərə-yazarlara diqqət və qayğı göstərməkdən məmnunluq hissi duyur. Mədəniyyət və incəsənət xadimlərinin fəxri adlara və təqaüdlərə layiq görülməsi dövlət tərəfindən uğurla gerçəkləşdirilən daxili siyasətin tərkib hissəsidir.

    Doxsanıncı illərin əvvəllərində öz müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan mədəniyyətin, incəsənətin, ədəbiyyatın inkişaf səviyyəsinə görə dünyanın ən inkişaf etmiş ölkələri sırasında özünəməxsus yer tutan müasir və gənc dövlətlərdən hesab olunur.Gündən-günə qloballaşan dünyada baş verən hadisələr deyilənləri bir daha sübut edir. Müasir standartlara cavab verən və mədəniyyət, incəsənət, ədəbiyyat sahəsində baş verən ən son yeniliklərlə ictimaiyyət nümayəndələrini yaxından tanış edən media təmsilçiləri dövrümüzdə informasiya mübadiləsi aparmaqla, mədəniyyət və incəsənət xadimlərini təbliğ etmiş olmuş olurlar.

    Çağdaş dönəmdə öz müstəqilliyini qoruyub, saxlayan dövlətimiz Azərbaycan keçən əsrin 90-cı illərinin sonlarına qədər gərginlik şəraitində şərəfli bir ömür yolu keçmişdir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan xalqının ümummilli lideri, ictimai-siyasi xadim Heydər Əliyev hətta sovet hakimiyyətinin ən çətin günlərində belə dünya mədəniyyətinə, incəsənətinə Müslüm Maqomayev, Polad Bülbüloğlu kimi daha çox xalq ruhunda mahnı ifa edən və milyonların rəğbətini qazanan korifey sənətkarları, Fikrət Əmirov, Qara Qarayev kimi dahi Azərbaycan bəstəkarları, Məmməd Araz, Cabir Novruz, Xəlik Rza ULUTÜRK kimi ədəbiyyat aləmində daha çox əsərləri oxunan şairlər yetişdirmiş Ulu bir xalqın-AZƏRBAYCANIN istedadlı övladlarının fəaliyyətini böyük məmnunluq və fəxr hissi ilə izləmiş, diqqət və qayğısını əsirgəməmişdir.Xalq şairi, Əməkdar mədəniyyət işçisi, tərcüməçi-şairə Mirvarid Dilbazini “Əsrimizin anası” adlnadırmaqla, qucaqlayıb, bağrına basması ən gözəl nümunə kimi qeyd oluna bilər. Məmməd Araz, Cabir Novruz, Xəlik Rza ULUTÜRK kimi istedadlı şairlərin geniş və zəngin yaradıcılıq yolu keçməklə, ədəbiyyatımızın inkişafındakı xidmətlərinə görə, Azərbaycan Respublikasının “Xalq şairi” fəxri adlarına layiq görməsi ümummilli lider Heydər Əliyevin Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə göstərdiyi diqqət və qayğının təzahür forması kimi qəbul olunmalıdır.

    Ümummilli lider, ulu öndər Heydər Əliyevin 1997-ci ilin noyabr ayının 24də imzaladığı “Azərbaycan yazıçılarına dövlət qayğısının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yazıçılara-ədəbiyyat xadimlərinə göstərilən diqqət və qayğı bir az genişləndi.Fərmana uyğun olaraq, Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanları dövlət büdcəsinin hesabına nəşr olunmağa başlandı, fərdi təqaüdlər müəyyən olundu.

    1998-ci ilin fevral ayının 19-da Azərbaycan Yazıçılar Birliyinin X qurulyatında gözəl və səlis nitqi ilə çıxış edən ümummilli lider, ictimai-siyasi Heydər Əliyev Azərbaycan yazıçılarının uğurlarından ürəkdolusu danışdı. Azərbaycan Yazıçılar Birliyinin qərarı ilə, Azərbaycan yazıçılarını dövlət qayğısı ilə əhatə edən Heydər Əliyev Azərbaycan ədəbiyyatı tarixində ilk dəfə olaraq, Azərbaycan Yazıçılar Birliyinin Fəxri üzvü seçildi.

    Dövlət müstəqilliyimizin bərpasının 13-cü ili tamam olmamışdan öncə-2004-cü ilin yanvar ayının 12-də Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev tərəfindən imazalanmış “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncama uyğun olaraq, Azərbaycan ədəbiyyatının ən qədim dövrlərindən ən yeni dövrünə qədər yaşayıb, bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olan söz sənətkarlarımızın-şair və yazıçılarımızın əsərləri kütləvi tirajla-25000 çap olunmaqla, respublikada fəaliyyət göstərən müxtəlif ali təhsil müəssələrinin və orta məktəblərin kitabxanalarına hədiyyə edildi.

    Azərbaycan Respublikasının Prezidenti, Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı cənab İlham Əliyevin 12 iyul 2005-ci il tarixli “Azərbaycan Yazıçılar Birliyi üzvlərinin təltif edilməsi haqqında” sərəncama uyğun olaraq, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə, Nəriman Həsənzadə, Zəlimxan Yaqub və Sabir Rüstəmxalı Azərbaycan Respublikasının “Xalq şairi”, Çingiz Abdullayev isə Azərbaycan Respublikasının “Xalq yazıçısı” fəxri adına layiq görüldülər.

    Çağdaş Azərbaycan ədəbiyyatının ideya-məzmun, forma-sənətkarlıq baxımından inkişafındakı xidmətlərinə görə, görkəmli söz sənətkarlarımızın-Xalq şairi və Xalq yazıçılarımızın da həmçinin yubileylərinin dövlət səviyyəsində qeyd olunması, “Şərəf”, və “Şöhrət” ordenləri ilə təltif olunmaları, Azərbaycan Respublikası Prezidnetinin Təqaüd Fondunun fərdi təqaüdünə layiq görülmələri cənab Predient İlham Əliyev tərəfindən yubilyarlara göndərilən təbrik məktubları (Məsələn, cari ilin fevral ayında Xalq şairi Nəriman Həsənzadənin anadan olmasının 85 illik yubileyində göndərməsi), əsərlərinin kütləvi tirajla çap olunması əsası və bünövrəsi Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan xalqının ümummilli lideri, ulu öndər, ictimai-siyasi xadim Heydər Əliyev tərəfindən qoyulan söz sənətkarlarına-şair və yazıçılarımıza göstərilən dövlət qayğısının davamı kimi xarakterizə olunmalıdır.

  • Kənan AYDINOĞLU.”Azərbaycanın”

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Azərbaycanın

    Müstəqil müasir Azərbaycan dövlətinin müstəqilliyinin bərpası münasibətilə

    Ruhuma dopdoğma duyğular kimi,
    Sevinir Xəzəri Azərbaycanın.
    İslam dünyasında sülh tərəfdarı,
    Tanınır səfəri Azərbaycanın.

    Günü başlayasan Haqqın sözündən,
    Aləm yaradasan, dünya, özündən.
    Şükürlər olsun ki, yenə gözündən,
    Dağılır kədəri Azərbaycanın.

    Yenə dilə gəldi könlümün simi,
    Dar günə düşəndə çağırım kimi?!
    Gözümün önündə qapılar kimi,
    Açılır səhəri Azərbaycanın.

    Danışma sən mənə o Şah Qacardan,
    Könlümü oxşayan bu ilk bahardan.
    Bu doğma torpaqdan, doğma diyardan,
    Duyulur zəfəri Azərbaycanın.

    Bax, sevinc sevincə qarışır bu gün,
    Küsülü qalanlar barışır bu gün,
    Körpətək dil açıb danışır bu gün,
    Kəndi və şəhəri Azərbaycanın.

    Qan tökmək Vətənçün-ömrə yazılıb,
    Dünya xəritəsi çoxdan cızılıb.
    Unutma, dünyada dərin qazılıb,
    Cəbhəsi, səngəri Azərbaycanın.

    Haqqın ünvanıdı-könlü ahadı,
    Xitabı, nidası vəzir, şahadı.
    Hər sözü gövhərdən, ləldən bahadı,
    Yoxdu ki, zəhəri Azərbaycanın.

    Köksünü ötürdü həftələrlə il,
    Qərib bir diyara olmaz ki, meyil,
    Dünya dağılsa da, soyuyan deyil,
    Qəlbinin təpəri Azərbaycanın.

    Gerçəyə çevrilən diləyim kimi,
    Səcdəyə qapanan mələyim kimi,
    Köksümdə döyünür ürəyim kimi,
    Obası, elləri Azərbaycanın.

    Göz yaşım süzülüb qarışır selə,
    Bu qara yellər də əsməsin belə,
    Qoşqartək vüqarlı boylanır elə,
    Dənizi, gölləri Azərbaycanın.

    Mayası yoğrulmaz qəmdən, kədərdən,
    Razıdı yazılan ömür, qədərdən,
    Şükür ki, ötməyib bu gün hədərdən,
    Ayları, illəri Azərbaycanın.

    Mən hələ Gəncədən söhbət açmıram,
    Sözümü ortada qoyub, qaçmıram.
    Süleyman mülkündən hələ köçmürəm,
    Gözəldi gülləri Azərbaycanın.

    Dünyanın yolunu Haqqa döndərin,
    Sevgidən bir pay da mənə göndərin.
    Çiçəklər ölkəsi-ULU ÖNDƏRİN,-
    Möhtəşəm əsəri-Azərbaycanın.

    Haqqın vergisinə Haqq kimi baxan,
    Dağılmış evlərdə min büsat quran.
    Elə arxalanan, elə inanan,
    Yaşasın RƏHBƏRİ Azərbaycanın.

  • Rahilə xanım DÖVRAN.Seçmə şeirlər

    Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı

    NAXÇIVANIN GECƏLƏRI

    /”Vətənimdir”- silsiləsindən/

    Gündüz Ona hamı aşiq,
    Axşam başqa bir yaraşıq.
    Çil- çıraqdır, nur qarışıq,
    Naxçıvanın gecələri.

    Hər köşədə bir çal- çağır,
    Bayram edir zəfər, uğur.
    Sanki göydən ulduz yağır,
    Naxçıvanın gecələri.

    Alqışlayır dostu, yarı,
    Vəfadarı, düz ilqarı.
    Könül açan “Arazbarı”,
    Naxçıvanın gecələri.

    Tərk edibdir qəm, kədəri,
    Firəvanlıq bəzək, zəri.
    Alqışlayır xoş səhəri,
    Naxçıvanın gecələri.

    Əcəminin ruh, nəfəsi,
    Ana Xatun məqbərəsi.
    Atabəylər əfsanəsi,
    Naxçıvanın gecələri.

    Nazlanır “Qızlar bulağı”,
    Aşiqlər olur qonağı.
    Allanır üzü, yanağı,
    Naxçıvanın gecələri.

    Ay şövq ilə yana- yana,
    Sığal çəkir həyəcana.
    Ilham, təb gəlir Dövrana,
    Naxçıvanın gecələri…

    OLASAN

    /”könül dəftərim” – silsiləsindən/

    Səni sevdim gözəlim, bəlkə mənə yar olasan,
    Hər ağır, dar günümdə qəlbimə qəmxar olasan.

    İstədim sənlə qoşum həyatımın şən nəğməsin,
    Köksümə sıxam sənı, sarı simli tar olasan.

    İlk bahar zənn elədim eşqimizin hər fəslini,
    Sanmazdım yaz günündə şaxta, dolu, qar olasan.

    Təmannam oldu Rəbbdən tez yetirsin sevdiyimi,
    Demədim ta dönəsən, sevginə əğyar olasan.

    Bilməzdim bu sevdanı sarar riya, məkri- yalan,
    Sən də ki, bir vəfasız, qaniçən, qəddar olasan.

    Yaradan etsin islah, tez dönəsən haqq yoluna,
    Rahilə Dövran kimi, eşq üçün zəvvar olasan.

    QƏDİM NAXÇIVAN
    / 2-cı kitabından bir nümunə/

    Görənlər bir daha geriyə dönməz,
    Vətən məhəbbəti alışar,sönməz.
    Azman qayaları dayanıb dinməz,
    Həmişə gəncləşən, həmişə cavan,
    Cənnətə dönübdür qədim Naxçıvan!

    Babəkim daşıyır mərdimin adın,
    Sərkərdəmtək igid hər kişi,qadın.
    Burnunu ovubdur yağının,yadın,
    Bunu gözəl bilir hər gənc, hər cavan,.
    Cənnətə dönübdür qədim Naxçıvan!

    Culfa ,İlanlı dağ, Kəmki, Əlincə,
    Oğlanlar bahadır, qızları incə.
    Ürəyi atlanır insan bilincə,
    Tutubdur hər zaman düşmənə divan,
    Cənnətə dönübdür qədim Naxçıvan!

    Ordubad elimin cənnət bağıdır,
    Ən yüksək zirvəsi Soyuq dağıdır.
    Hər zaman burada bahar çağıdır,
    Səidim,Yusifim yenə novcavan,
    Cənnətə dönübdür qədim Naxçıvan!

    Şahbuz əzəmətdir, bir tacdır başda,
    Canlı salnamədir yazılıb daşda.
    Yağı oxları var qayada, daşda,
    Ərənlər tutubdur düşmənə divan,
    Cənnətə dönübdür qədim Naxçıvan!

    Şərur düzlərində tarixin izi,
    Bükülüb burada düşmənin dizi.
    Şanlı keçmişimə qaytarır bizi,
    Təzə gəlin kimi çiçəklər əlvan,
    Cənnətə dönübdür qədim Naxçıvan!

    Sədərək vətənin qeyrət qalası,
    Şəhid qanındandır gülü, lalası.
    Qədim Naxçıvanın igid balası,
    Düşmənə verməyib meydanda aman,
    Cənnətə dönübdür qədim Naxçıvan!

    Kəngərli tarixin daş səhifəsi.
    Yaradan əllərin gözəl töhfəsi.
    Burda insanların gülür çöhrəsi.
    Saza öz yerini veribdir kaman,
    Cənnətə dönübdür qədim Naxçıvan!

    SÖZÜ ÇOX
    / 9- cu kitabından bir nümunə/

    Dinsizlərdən din, mərhəmət umuruq,
    Gerçəklərə gözümüzü yumuruq.
    Görmürük ki, kimə dəyir yumuruq,
    Ocaq yanır odu bizim, közü yox.

    Hamı duyur, hamı görür hər halı,
    Bazarında iti atdan bahalı.
    Bəxtə düşüb armudların ən kalı,
    Kor fələyin baxışı var, gözü yox.

    Günümüzdür, günü- gündən qaralan,
    Gözümüzdür, öz- özünə toralan.
    Yoxsa azmı kirpiyilə qor alan?
    Ev- eşiyə boş getməyə, üzü yox.

    Həkimləri günlük çörək peşində,
    Müəllimləri kərpickəsən işində.
    Azmı insan, ruhu- canı dişində?
    Ruh ölüdür, can çalışır, özü yox.

    Çox kitabım sandıqdadır, əlyazma,
    Çoxu deyir bu halları, gəl yazma.
    Heçalarda, qafiyədə çox azma,
    Çərx fırlanır, Dövran dönür, sözü çox..

  • Şairə-publisist Nəcibə İLKİN.Seçmə şeirlər

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü,
    “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
    “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    MƏN SƏNİ SEVƏN DEYİLƏM

    Bir sevgisən, öz içimdə,
    Lal olubdu söz içimdə,
    Yanar köz olsan içimdə,
    Mən səni sevən deyiləm.

    Bu eşqin baxıb dadına,
    Heç yaraşdırma adına,
    Gəl məni salma oduna,
    Mən səni sevən deyiləm.

    Xəyal olub düşdüm yola,
    Yenə də sənlə qol-qola,
    Milyon varın, sözün ola,
    Mən səni sevən deyiləm.

    Əlim əlindən asılı,
    Könlüm könlünə qısılı,
    Desələr bu baxt yazılı,
    Mən səni sevən deyiləm.

    Mən bir azca utancağam,
    Könül isitməz ocağam,
    Yaxın dursanyanacağam,
    Mən səni sevən deyiləm.

    Deyən, çox etdim ərkimi,
    Sözüm yandırsın hər kimi,
    Sən məni sevdiyin kimi,
    Mən səni sevən deyiləm.

    ÖZÜMÜZƏ TALE YAZDIQ

    Üzülməyən sevgimizin,
    Ürəyini niyə üzdük,
    Özümüz də heç bilmədən,
    Yolumuzu tərsə düzdük.

    Yol gözləyən izimizin,
    Dedik həsrət, kədər bizim,
    Şirin dadan sevgimizin,
    Badəsinə acı süzdük.

    Kim uduzub, kim nə udub,
    Şirin anları unudub,
    Fələyin əlindən tutub,
    Özümüzə tale yazdıq.

    DUYĞULARIN QANADIYAM

    Buz bağlayan yollarını,
    Nəfəsimlə əridəydim,
    Bu ağlayan sevdamızı,
    Gücüm çata, kiridəydim.

    Bir dünyalıq can oduyam,
    Duyğuların qanadıyam,
    Mən sevginin öz adıyam,
    Göydə sevib, yerə dəydim.

    Yaz dərdimi, yaz aramla,
    Nə yaşıyım bu yaramla,
    Vüsalımı damla-damla,
    Ürəyinə yeridəydim.

  • Xatirə FƏRƏCLİ.Yeni şeirlər

    Göylərdən gəlmişdi

    Demişdim soyutma özündən məni,
    hədər deməmişdim,
    hədə deyildi.
    Bir yolda ki,
    yoldaşın eşq olarsa,
    Fərq etməz, yolçuluq an, ya yüz ildi.

    Mən ürək quluyam, mən ruh adamı,
    Mən bu eşqi arzum kimi yaşadım.
    Tam təslim olmuşdum duyğularıma,
    Ürəklə, istəklə mən baş-başaydım.

    Dünyama gün kimi doğmuşdu bu eşq,
    Göylərdən gəlmişdi bu hiss, bu istək.
    Ürək olan yerdə hər şey səadət,
    Pərvanə olardın bu eşqə gərək.

    ***
    Könlüm
    yaşanmamış sevgilər,
    yalançı sevdalar məzarlığı,
    baş daşları fərqli,
    sən də qoşuldun onlara,
    elə bil
    çox illər öncə çıxmışdın qarşıma,
    elə bil
    çox illər öncə
    bu sevgi yaşanıb və bitib,
    mamır basıb o günləri,
    mamır basıb sənli xatirələri,
    heyif, çox heyif,
    qəlbimdə sənə qurduğum
    o boyda taxtı
    dəyişdin baş daşına.

    Bəlkə

    Elə narahatam, elə gərginəm,
    Görəsən, nədir bu içimə dolan?!
    Belədə, deyirlər, darıxanın var,
    Doğruysa, odurmu düşünən, anan?

    Mənim andığımtək anıb adımı,
    O da mənim kimi darıxır bəlkə?!
    Bir ad qoya bilmir baş verənlərə,
    Qırılan bağlara yanıxır bəlkə?!

    Bəlkə dar ağacı qurub içində,
    Edam kötüyünə qoyub başımı?!
    Yarıb,
    yarğılayır duyğularını,
    Bu çökən bir eşqin son təlaşımı?!

    Canım dar qəfəsdə girinc,
    giriftar,
    Gümanlar, şübhələr çapır azad, hürr.
    Bu kömköhnə dünya, təzə dünyada
    Çox gizlinlər aşkar, hər aşkarda sirr.

    Bir qucaq açmışdım

    Özüm də bilmirəm nədən küsmüşəm,
    Ömrəmi, bəxtəmi, şəxsəmi küsdüm?!
    Bir qucaq açmışdım ürəyim boyda,
    Elə o boyda da boşluğa düşdüm.

    Mən hansı zamana, hansı məkana,
    Hara aid olub, düşmüşəm hara?!
    Bu dünya mənə yad, o dünya yalan,
    Başqa dünya varmı, köç edəm ora?!

    Yaşayıb keçdiyim yırtıq günləri,
    Bu yamaq həyatı boşlayıb gedəm.
    Ancaq acı verən bu karsız ömrü
    Bircə bayatıyla oxşayıb gedəm.

    Özüm də bilmirəm nədən küsmüşəm,
    Əslində səbəb var, əslində heç yox.
    İynə ucu boyda işıq gəzirəm,
    Olmayan işığa pərvanəyə bax.

  • İradə AYTEL.”Aləm Kəngərlinin “Qatarda 18 əhvalat”ı…”

    “Həyatdakı insanlar sırf yaxşı və pis adamlardan ibarət deyil. Biz hamımız yaxşılığa meylli olsaq, inanın ki, mənəvi deqradasiyaya son qoya bilərik”.
    Aləm Kəngərli

    Ədəbiyyat dünənin aynasında bu günü görmək və sabahı bədii dillə göstərməkdir. Sabahı isə yazarın işığı ilə görürük. Sabaha gedən yolu yazar daşdan-kəsəkdən elə təmizləməlidir ki, gələn nəsil o yolla addımlayanda büdrəməsin. Əgər dünyamız bü günə qədər ali hissləri – sevgini, sayğını, insanlığıözündə saxlamağı bacarıbsa, bunun üçün ədəbiyyata, incəsənətə borcluyuq. Elm-texnika əsrindəşeir, mahnı, rəsm yazan, yazdıqca sevən, sevilənlər varsa, deməli dünya boşuna fırlanmır, deməli insanlıq yaşayır. Ürəyində sevgi bəsləyən, böyüdən birisi bütün pisliklərdən uzaq olar, ən çoxu, zamana, məkana, zaman hakimlərinə, özünə asi çıxar… şeir, mahnı, roman, rəsm … yazar… Təki belə asilərdən xali olmasın dünya! Təki belə asilərimiz çox olsun.

    Sizə bir kitabdan söz açacağam: Aləm Kəngərlinin “Qatarda 18 əhvalat” adlı hekayələr toplusundan.

    Aləm Kəngərli (Əkbərov) Naxçıvanda doğulub, boya-başa çatıb. Naxşıvan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib. Bədii yaradıcılığa orta məktəb illərindən başlayıb. “Şərur qönçələri” ədəbi birliyinin üzvü olub. Şeirləri, hekayələri, publisistik yazıları dövri mətbuatımızda daim işıq üzü görüb. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Məmməd Araz “ mükafatı laureatıdır. “Qatarda 18 əhvalat” müəllifin sayca ikinci kitabıdır. Bundan əvvəl “Naməlum adam” hekayələr toplusu işıq üzü görmüş və oxucuların diqqətini cəlb etmişdir.

    “Qatarda 18 əhvalat” (“Qanun nəşriyyatı” 222 səh) 18 əhvalatdan, hekayədən ibarətdir. Kitabın başqa kitablardan ilk nəzərəçarpan fərqi, hər bir hekayənin proloqunda sujet xəttinə (hadisələri bir yerə cəmləşdirərək, xarakterlərin bədii portretini çəkmək) fərqli yanaşmasıdır. Təhkiyəçi oxucunu əsəri ilətəkbətək qoymur, özü oxucu iləüzbəüz oturaraq, əsərin incəliyinə varır. Bu, oxunacaq əsərə hazırlıq məqsədiylə olsa da, dinləyiciyə (oxucuda) qarşıdakı hadisələrin (hekayələrin) daha maraqlı olacağı proqnozunu verir və diqqəti birbaşa hekayəyə yönləndirir.

    Kitabda ən çox sevdiyim “Missiya” adlı hekayə ilə söhbətimə başlamaq istəyirəm. Sokrat deyir ki: “Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinəəsla dəyər verilə bilməz”. “Missiya” da Aləm Kəngərli müəllim əməyinə olan ölçüsüz dəyərini məzmunlaşdırıb. O, Sevil müəllim obrazında bütün həqiqi müəllim adını daşıyanlara bu hekayə ilə minnətdarlığını bildirir.

    Əsərin qəhrəmanı Sevil müəllimin bədii portretinə nəzər saldıqca, oxucunun qəlbi fərəhlə dolur, öz öyrətmənlərini xatırlayır. Bu əsəri oxuduqca sevimli müəllimlərim: Qərənfil müəllim, İsa müəllim, Firad müəllim… Sevil müəllim şəklində sətirlərin arasından boylandı mənə. Və bu məmnuniyyət dolu nastalji hisslərə kökləndikcə, müəllifə minnətdarlığım gücləndi.

    Sevil müəllim öz işini sevir, şagirdlərini sevir, ölkəsini sevir, Vətəninin gələcəyini sevir vəüzərinə düşən missiyanı vicdanının qəlibində cilalayaraq həyata keçirir. Dərsi buraxan ən qabaqcıl şagirdinin taleyi onu o qədər narahat edir ki, hətta: “Əşi, bəsdir də, bezdim daha, sən bu xarabaya bir gün vaxtında gələcəksən, ya yox?! Qabağıma qoyacağın bir tikəçörəyi də zəhərə döndərirsən. O məktəbdə səndən başqa da müəllim yoxdu?! Bu uşaqların qayğısınıçəkmək təkcə sənəmi qalıb?! Bəsdir qapıları gəzdin! Qurtar bu oyunu! Qurtar! Başa düşdün məni?” deyən ərinə də məhəl qoymadan öz missiyasından qalmır. Bu epizodda ərinin danlaq dolu sözləri əslində Sevil müəllimi oxucu gözündə pillə-pillə qaldırır. Bu hirsli sözlərdə qəhrəmanın içüzü tam açıqlığı ilə görüntülənir. Vəzifə və vicdani borcunu layiqincə yerinə yetirən hər bir insan kimi Sevil müəllim də: “…Bir ailəni dağılmaqdan, iki gül balanın da dağıntıların altında qalmasından xilas edəcəyinəəmin idi”.

    “Qəfil görüş”ün adıəsər barədə ilk məlumatı verir. Hekayədə uzun illər bir-birindən ayrı düşən sevgililərin – Taleh və Könülün qəfil görüşündən söz açılır. Əsərin girişi baharın gəlişini (həm də könüllərə) bədii bir dildə oxuculara çatdırır: “Sanki quşlar həmişəkindən daha canfəçanlıqla cəh-cəh vururdular. Səhər yenicə açılırdı. Taleh pəncərənin şüşəsində oynaşan yaz günəşinin işartılarını görüb ehmalca yerindən qalxdı”. Bu ekspozisiya nəsrdə təcrübəsi olan müəllifin əsərindən xəbər verir. Müəllif sadə və bitkin şəkildə oxucuda təbiət təsviri yaradır və bundan sonra əsərin qəhrəmanı Talehlə tanış oluruq: O qəfil görüşdə Taleh: “…qayğılı gözləri ilə Könülə iki metrlik məsafədən deyil, sanki on illik tarixi olan şirin xatirələrlə dolu uzaq keçmişdən baxırdı”. Onlar ayrılsalar da, Könül Talehi sevir, Taleh də Könülü sevir(?)!

    Taleh səhhəti iləəlaqədar həkim qəbuluna gedir və bu həkim illərin o tayında qalan sevgisi Könüldür. Lakin Talehin Könülə: “Vallah, yazıya-zada fikir verməmişəm(həkimin qapısına yazılan ada.İradə Ay), bilsəydim burada işləyirsən, qayıdıb gedərdim”, deyərək, oxucuda Talehə qarşı ikrah oyadır. Düşünürsən, necə olur ki, illərin keçməsinə baxmayaraq qadının sevdiyi, cəsarətlə yaxınlaşdığı bir kişi bu qədər laqeyd olsun?.. Bu laqeydliyi oxucu dərk etdikcə, qadına olan sevgi öləziməyə başlayır. Bütün bunlar isə hekayənin ritmdən düşməməsinə zəmin yaradır.

    “Qəfil görüş” zamanımızla ayaqlaşmağı bacarır – hadisələr gözlənildiyindən tez cərəyan edir. Necə ki, texnika əsrinin adamları səbrsiz, hövsələsiz, tələskəndir, eləcə də hekayədəki hadisələr qabaqdan gəlir. Şəxsən mən, bir qadın olaraq, hekayənin qadın qəhrəmanının illər sonrası Talehin qollarına can atmasını birmənalı qəbul etmədim. Talehin bir an öncə Könülün otağından çıxıb getmək cəhdinə rəğmən Könül deyir: “Taleh, əgər gerçəkdən məni sevirsənsə, çəkdiyim əzabları bir an mənə unutdur. Bas bağrına, öp məni. Gənclik illərində olduğu kimi: ürəkdən, çılğınlıqla, var gücünlə…”.Əsərin bu yerindəözümə sual verirəm, belə qadınmı olar?Ər bir aylıq da olsa, harasa gedib dönən zaman heç bir qadın bu qədər cəsarətləərinə “məni öp, bağrına bas” deyə bilməz. Hər ayrılıq sonrası qadın sevdiyi kişi ilə ilk dəfə görüşürmüş kimi görüşür, utancaq, titrəyə-titrəyə… Belə məqamları hekayədə qəbul etməsəm də, əsərin daha çox görünməyən tərəflərindəki reallığa heyran qalıram. Talehlə Könülün qarşılaşması onu göstərir ki, qadınlar sevən zaman kişilərə nisbətdə daha cəsarətlidir. Və müəllif bu bir epizodlu hekayə ilə acımasızca oxuculara mesaj verir: bütün platonik hisslər reallığın ayaqları altındadır, reallıq istəsə onu əzər, istəsə başa çıxarar. Və o hisssiz, duyğusuz reallıq adətən xəyalları tapdalamağı, əzməyi sevir. Necə ki, Könülün illərlə qoruyub saxladığı ilahi sevgisi Talehin qapınıörtüb getməyi iləəzildi…

    “Qürbətdə” və “Qonaq” hekayələri ideyaya tam adekvat olan əsərlərdəndir. Elə bu baxımdan bu əsərləri (Tur Xəndan: “Ən kamil əsər ideyaya adekvat olan əsərdir”) kamil bir əsər adlandırmaq olar. Müəllif Səfər kişinin və Allahverdinin obrazları ilə bu günümüzün ən böyük sorunu olan qürbət adamlarının çətinliklərindən məharətlə söz açıb. Bir tikəçörək pulu ucbatından elindən-günündən, balalarından uzaq düşən Səfər kişi Vətən həsrəti ilə qovrulsa da, evinə dönməyəözündə cəsarət çatmır: “Hər cür məhrumiyyətlərə dözən, iztirablara sinə gərən, atalarını sifətdən tanımayan qəlbiqırıq, boynubükük qızlarına özünü necə təqdim edəcək”. Bax, burada əsər elə bir zavyazkaya uğrayır ki, bu düyün oxucunun boğazında çiləkənləyir, ailəsini atıb gedən eloğlusuna qarşı məhrəm hisslər oyadır. Əsərin sonunda gəncliyini uzaq eldə qoyub gələn Səfər kişi çiyinlərində Vətənin (eloğlusunun) “əlini” hiss edir. Nə gözəl məqamdır deyilmi?! Böyük – Vətən! Ali – Vətən! Güvənc yerimiz – Vətən! Anamız – Vətən! Son evimiz – Vətən!

    “Qaş düzəldən yerdə” satirik bir hekayədir. Burada müəllif acı bir yumorla zamanımızdakı eybəcərliklərdən söz açır, böyük iş adamı Cəbrayıl müəllimlə sadə, kasıb ailənin başçısı Bəhlul kişini qabaqlaşdırır. Bu qabaqlaşmanı maraqlı bədii priyomlarla qələmə alan müəllif, təkcə bu iki nəfərin deyil, onların həyat yoldaşlarının da sosial şəraitlərinə, zamanlarına, məkanlarına necə bənzədiyini məharətlə göstərir.

    “Seçim”, “Kupedə” və “Ənənə” hekayələrində müəllif oxuculara “iş və eşi kəndin seçməlisən və zamanında” ismarışını verir. “Seçim”də zamanında evlənməyən əsərin qəhrəmanı Nicatın başına gələnlər yumoristik bir şəkildə qələmə alınıb.

    “Ehsan” hekayəsinin sujet xətti adi kənd həyatından rişələnsə də, məzmun məkansızdır, dünyəvidir. İnsanların axirət dünyasınıözləri qazandıqlarından və axirətin görünməz dərinliklərinin əslində elə burada – fani dünyada çizildiyindən söz açılır.

    “O olmasın, bu olsun”, “Sanatoriyada” hekayələri gender bərabərliyini pozan kişilərin içüzünü göstərir. “Sanatoriyada” adlı hekayədə uzun illər işinə və evinə bağlı olan Həsən kişinin timsalında bütün kişilərin içüzü açılır. Vəəsərdəki qəhrəmanla yanaşı addımlayan obrazların simasından niqab pərdə-pərdə götürüldükcə, idealarımızı içdən didən rüşvət xərçəngi (xərçəng də qurbanını içdən, gizlin yeməyə başlayır) göz önündə canlanır. Mövzu sanatoriyaya dincəlmək, eyş-işrət yaşamaq üçün gedən Həsən kişinin ətrafında dolaşsa da, oxucu rüşvət rüşeyminin köklərini görür. Ümumiyyətlə, bədii priyomları və hadisələri mərhələli qələmə almaq nəsrin vacib elementlərindəndir (Aristotel: “Hər bir kamil sujetin başlanğıcı, ortası və sonu olmalıdır”). Müəllif mərhələylə oxucunu əsərə elə adekvat edir ki, oxucu əsərdəki zamanı, məkanı, hadisələri, insanları görür, zaman və məkanda baş verənləri addım-addım çözür və hər epizodda özüəsərin qəhrəmanı olur. Yəni bədii əsər reportaj incəliklərinin ştrixlərinə də varır: gəzdirir, maarifləndirir, həyəcanlandırır…

    “Oğru”, “Qayda”, “Velosiped sevdası”, “Dilənçi”, “İkili yanaşma” hekayələri də müəllifin bədii bir dillə zamana baxışı və oxucuya aşılayacağı dəyərli həyat normaları ilə yazılan əsərlərdəndir. “İkili yanaşma”da qələm adamlarının – doğrunu yazan, həqiqəti göstərən, halal əməyi ilə yaşamağa üstünlük verənlərin savadsız məmurların gülüş obyekti olduğunu və qarşılaşdığıçətilnlikləri göstərir.

    “Səninləyəm” hekayəsində sufizm elementləri nəzərəçarpır. Burada müəllif Murad obrazını o qədər kamil yaradıb ki, ali təhsilli, intellektli, müasir düşüncəli bir gəncin, əslində maddi aləmdə gözünün olmadığını, insanlara olan təmənnasız münasibətini, ali varlığın cisimdən deyil, iç dünyasını işıqlandıran zərrələrdən ibarət olduğunu göstərir. Əsərin razvyazkasında Muradın tələbə yoldaşı Zümrüdə olan ilahi sevgisinin pərdələri açılır. Murad Zümrüdün fiziki qüsuruna yox, mənəvi kamilliyinə aşıqdir və bu eşq hekayənin finalında Tanrıya yüksəlir…

    Aləm Kəngərli qələmində sevdiyim bir özəlliyi də qeyd edim: müəllif bütün əsərlərində yad dillərdən götürülmüş sözlərə yox, öz əski türkçəmizəüstünlük verir və dilimizin daha rəvan, daha anlayışlı olmasıüçün əlindən gələni əsirgəmir. Məhz “Səninləyəm” hekayəsində hamının “ofisiant” deyə, qələmə aldığı obrazı“süfrəçi” adlandırmağıçox xoşuma gəldi. Necə gözəl səslənir bu ad – doğma, sadə və səlist…

    On dördüncüəhvalatın proloqunda müəllif yazır: “”33 il sonra” hekayəsindən başqa yerdə qalan bütün hekayələrimin qəhrəmanları uydurma deyil, həyatdan götürülmədir. Onların az qala hamısının həyatda prototipi var”. Əlbəttə, yazıçı zamanını yazır ilk növbədə və müəllifin oxucunu inandırmaq məharəti zamandakı insanların (oyunçuların, personajların, obrazların) nə dərəcədə həqiqi olmasından asılıdır. Bu həqiqət nə qədər qabarıqdırsa, təxəyyül süzgəcindən keçən əsər o qədər canlı olacaq. Bütün bunlara rəğmən müəllif “33 il sonra” fantastik hekayəsindəki robortlara da maraq oyatmağı bacarır, sürətlə inkişaf edən XXI əsrin ən böyük kəşfi robortların 33 il sonra bütün sahələrdə insanlığı geridə qoyacağına inandırır. Robortlar ixtiralar edir, robortlar elmi məqalələr hazırlayır, robortlar evlənir, robortlar şeir yazır… Amma bütün bu fantastik hadisələrin fonunda bir həqiqət dayanır: əsrimiz robortlaşmaya doğru gedir, texnika əsri dünyamıza gətirdiyi yeniliklərlə birgə böyük bir bəlaya – insanların robortlaşmasına qapı açır. Küçələrdə qulaqcıqlar geymiş adamlar hansısa musiqinin, filmin, qaragüruh səs-küyün təsiri altında necə də roborta bənzəyirlər – vecsiz, hissiz, duyğusuz, proqramlaşdırılmış robortlara. O qulaqcıqlar insanlığı öldürmək üçün yaradılıbdı sanki. İfadəsiz üzlər, öz dünyasına qapılmış gənclər, yanından ötən işığa göz yuman xoşbəxtlik axtaranlar, ailə içində vaxtını övladları ilə nahara, söhbətə ayırmaq əvəzinə kompüter arxasındakı robort adamlara ayıranlar, təmasla, gözlə, hərəkətlə, nəfəslə oxumağı, sevməyi arxada qoyub monitorla oxuyanlar, sevənlər və s…

    Bəli, mən inanıram ki, 33 il sonra bu robort insanlar Aləm Kəngərlinin yazdığı kimi insan robortlara çevriləcək və çizəcək, pozacaq, mübahisə edəcək, şeir yazacaq, evlənəcək… Tanrının yaratdığı ali varlıqları – insanlığı ələ keçirəcəklər! Bax, o zaman Tanrı öz yaratdığı bəndəsinə, bəndə öz yaratdığı elmin zirvəsinə uzaqdan boylanacaqdır…

    “33 il sonra” hekayəsi həm də onu göstərdi ki, Aləm Kəngərli ədəbiyyatın çox az rast gəlinən janrında – fantastik ədəbiyyatda da qələmini uğurla sınamış, bu janrda böyük əsərlər yazacağına oxucu əminliyi qazanmışdır.

    Qeyd: Dəyərli ədəbiyyat nümunəsi barədə yazmağı həmişə özümə borc bilmişəm. Və yazdıqlarımın arasında müəllifini birbaşa tanıdığım əsər çox az olub. Sevindirici haldır ki, Aləm Kəngərlini həyatdan tanıyıram. Yaradıcı insanın şəxsiyyəti ilə yazdıqları harmonik olanda, bir-birini tamamlayanda oxucu məmnuniyyəti daha da qabarır. Aləm Kəngərli də belə yazarlardandır – dəyərli şəxsiyyət, hörmətli ziyalı, cəmiyyət və bəşəriyyət üçün təmənnasız xidmət göstərənlərdən…

    Əlbəttə, haqqında danışdığım bu nəsr əsəri tənqidçi süzgəcindən keçən zaman “belə olsa, daha yaxşı alınardı” kimi fikirlərdən xali deyil. Kitabda müəlliflə razılaşmadığım məqamlar yer alsa da, bu məqamlardan çox az söz saldım. Klassik ədəbiyyata köklü adamlardanam axı mən, müasir ədəbiyyat isə çevikliyi, lakonikliyi, məntiqi ilə seçilir, bədii və estetik ritorikaya yol vermədən, məğzi bu tələskən dünyanın ötərgi adamlarına çatdırmağı sevir.

    Kitabın epiloqunda müəllif yazır: “İnşallah,gələcəkdə sizi digər qəhrəmanlarımla da tanış edəcəyəm. Onlar da bu 18 hekayədə tanış olduğunuz qəhrəmanlarım kimi müsbət və mənfi ampuladadırlar. Həyatdakı insanlar sırf yaxşı və pis adamlardan ibarət deyil axı. Amma biz hamımız yaxşılığa meylli olsaq inanın ki, mənəvi deqradasiyaya son qoya bilərik”.

    İnsanları mənəvi deqradasiyadan qorumaq yolunu özünə missiya edən müəllifə yeni-yeni əsərlər arzulayır, yolunuz işıqlı yoldur, işığınız sönməsin, deyirəm!

  • Xatirə FƏRƏCLİ.Yeni şeirlər

    Bu nədi?

    Sən niyə baxırsan yollara, niyə,
    Kimi gözləyirsən,gözüm, bu nədi?
    Ürəyim, köksümü dağıtma, toxta,
    Yoxsa tükənibdi dözüm, bu nədi?

    Nədir bu intizar, bu qüssə, ələm?
    Könlümü uçurur boğulan naləm.
    Çökübdür çöhrəmə qəlbimdəki qəm,
    Solub yanaqlarım, üzüm, bu nədi?

    Köçüm uzaqlarda, ömür də yarı…
    Yağır çalınçarpaz taleyin qarı.
    Yeriyir üstümə qəm karvanları,
    Bəs hanı təpərin, dizim, bu nədi?

    Bu darıxmaq

    Bu darıxmaq, aman Tanrım,
    Buraxmır yaxamı nədən,
    Darıxıram, darıxıram,
    Dar gəlir ruhuma bədən.

    Qara qarışqalar kimi
    Yol gedirik, yön fələyin.
    Yolumuz bir mənzilədir,
    Kimi asta, kimi yeyin.

    İçimizdən alışırıq
    Kül olub sönənə qədər.
    Heçdən gələn darıxacaq
    Heçliyə dönənə qədər.

    Qatar gözləyirəm

    Bu qatar da ötüb getdi,
    Ünüm yetmədi, yetmədi.
    Gedib, gedib gözdən itdi,
    Güman itmədi, itmədi.

    Bir dəli inada qulam,
    Könlümdə dağıntı, savaş.
    Nagüman qatar gözləyib,
    Nə çəkirəm, biləydin kaş.

    Söykənib tənha söyüdə,
    Budaqdan bar gözləyirəm.
    Qatarlanıb illər gedir,
    Mənsə qatar gözləyirəm.

    İNDİ

    Bir ömrün səadət payına həsrət,
    Yarımı itirmiş yarıyam indi.
    İnanma, kimisə xoşbəxt eyləyəm,
    Kiminsə bəxtinə yarıyam indi.

    Bir küskün ovqatam, kədərli çağam,
    Səhra dolaşıram, gülzarım vağam.
    Hərdən Tanrıma da asiyəm, ağam,
    Sancmağa can gəzən arıyam indi.

    İçimdə payızdı,çölümdə yazdı,
    Deyirlər, bəxtəvər işvədi, nazdı.
    Bir üzüm gəlindi, bir üzüm qızdı,
    Fikrimdə yüz yaşlı qarıyam indi.

    Dərdimə girovdur məhəbbət, həvəs,
    Bu bəxtlə dünyaya gəlmişəm əbəs.
    Ay məni özünə yar istəyən kəs,
    Mən dərdin, kədərin yarıyam indi.

  • Şəfa VƏLİYEVA.Yeni şeirlər

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    ***

    sığındığım köşəyə
    rəsmini Tanrı çəkmiş…
    qorxma dərdim üşüyə,
    dərdə qoxunu səpmiş…

    Bəlkə unutdun sən də
    mənim kimi o toyu?
    bəxtmi unutdu səndə
    o buxunu, o boyu?

    saçındakı dənləri
    bağla qızıl üzüyə…
    göndər gələn-gedənlə
    bəlkə ömrü bəzəyə…

    * * *

    bütün ayrılıqlar doğma…
    bütün xoşbəxtliklər yad…
    səninlə yaşanan hər nə varsa
    adını qoymağa çalışma…
    heç məndən də soruşma…
    adı üstündə yazılı: HƏYAT…

    bağırma, çağırma…
    sükutunu qucaqla…
    dərdini bas bağrına…
    bir də görərsən ki,
    qapın döyülür…
    pəncərəndən pıçıltılar tökülür-
    gecikmiş “Bağışla” adıyla…

    yalan demirəm sənə…
    İnanmasan da olur…
    daha eynimə gəlmir
    məni necə bilirsən…
    daha əynimə gəlmir
    “qadın nazı”… Bilirsən…

    bütün səssizliklər haray…
    bütün anlayışlar fəryad…
    səninlə yaşanan hər nə varsa
    adı üstündə yazılı: HƏYAT…

  • Şəfa EYVAZ.”Hopur”

    Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi

    Ürək sızıldayır, gözdən yaş gəlmir,
    İnsan taleyində qiyamət qopur.
    Bahar taleyini yaşaya bilmir,
    Payızın kədəri yarpağa hopur.

    Sevinc köçəridir ömür evində,
    Bir anlıq qonaqdır yükü belində.
    Kədər yuva salır elə dərində,
    Gəlir ətə hopur, dırnağa hopur…

    Ömrə iz salmayan “nağıl” dərdləri,
    Gəlir unutdurur mağıl, dərdləri,
    Dünyanın çəkilmiş ağır dərdləri,
    Dönür bir şairə torpağa hopur.

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    HARA GEDİRSƏN

    Hələ yol gözləyir o görüş yeri,
    Bizi bir görüblər əzəldən bəri,
    Qayıt, yalvarıram, qayıt, dön geri,
    Məni tənha qoyub, hara gedirsən?

    İnsafın yoxdurmu ay zalım qızı,
    Qışa döndərmisən baharı, yazı,
    Qaytar qoy yerinə ayı,ulduzu,
    Məni tənha qoyub, hara gedirsən?

    Ürəyim dalınca yeriyər , gedər,
    Qoymaz göz açmağa, qoymaz qəm, kdər,
    Sənsiz ömür hədər, sənsiz gün hədər,
    Məni tənha qoyub, hara gedirsən?

    Neyləyim mən yazıq boş ürək ilə,
    Bacara bilmirəm mən fələk ilə,
    Ürəyim danışmaz hər mələk ilə,
    Məni tənha qoyub, hara gedirsən?

    Mən Əziz Musayam yox idi dərdim,
    Eşqinlə şam kimi yandım, əridim,
    Ağlayan ürəyi necə kiridim,
    Məni tənha qoyub,hara gedirsən?

    QARABAĞDAN DANIŞIN

    İnciməsin qoy nə ata, nə ana,
    Ay el-oba, siz baxmayın ad, sana,
    Çörək qalsın, Quran qalsın bir yana,
    Danışanda Qarabağdan danışın.

    Məclislərdə yada salın dağları,
    Unutmayın cənnət,məkan bağları,
    Yada salın Şuşa adlı ağları,
    Danışanda Qarabağdan danışın.

    İncitməyin şəhidlərin ruhunu,
    Biz deyəsən unutmuşuq çoxunu,
    Hazır tutun əldə qəzəb oxunu,
    Danışanda Qarabağdan danışın.

    Qoymayın ki gor yerləri dağılsın,
    Yolu, izi, duman alsın, çən alsın,
    Qoymayın ki qanlı yara sağalsın,
    Danışanda Qarabağdan danışın.

    Aldanmayın yağlı vədə, xoş sözə,
    Kömək olmaz özgə bizə, yad bizə,
    Durmalıyıq düşmənlərlə üz-üzə,
    Danışanda Qarabağdan danışın.

    Yaralıdı sevən ürək, sevən can,
    Qarabağdan qoy oxusun oxuyan,
    Döyüşlərə hazır olun hər zaman,
    Danışanda Qarabağdan danışın.

    Yadlar orda binə salır , yol çəkir,
    Bizim hələ gözlərimiz yol çəkir,
    Cəbrayılım qan ağlayır, ah çəkir,
    Danışanda Qarabağdan danışın,

    Yurd-yuvanı yaddaşlardan silməyin,
    Məzar yeri tapılmırsa ölməyin,
    Demirəm ki, oynamayın, gülməyin,
    Danışanda Qarabağdan danışın.

  • Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

    Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Biz zülmün atdığı daşa bələdik…

    Qəfil tindən çıxan kölgədi ölüm,
    Əcəl bir kimsədə xətir saxlamaz.
    Biz zülmün atdığı daşa bələdik,
    Haqdan gələn daşı çətir saxlamaz.

    Tale əl çatmayan pillədi, getmə,
    Mən belə itirdim atamı, dəli.
    Mən sənə baxıram, sən uzaqlara,
    Tez-tez sənə baxmaq xatamı, dəli?

    Hər fikrin altında bir təmənna var,
    Libasın soyunub çəmən, deyən qız.
    Daha güvənməyək bir-birimizə,
    Nə sən deyən oldu, nə mən deyən, qız.

    Yeməli deyil ki,
    qəmdən dadasan…

    Beş deyil, on deyil, min kilodu eşq,
    Ürək necə çəksin, dayağı yoxdu.
    Nədən qınayırsan bu çılpaq ruhu,
    Görmürsən çolaqdı – ayağı yoxdu?!

    Elə bil doqqaza ipək səriblər; –
    Hər qoyun köçündən yun qalıb burda.
    Yeməli deyil ki, qəmdən dadasan,
    Qorxma, bir kündəlik un qalıb burda.

    Bir az rəng dağılıb masanın üstə,
    Qoy şərnən xeyirin davasın çəkim.
    Dünəndən arxamca iki göz baxır,
    Fikrim kürt düşmür ki, havasın çəkim.

    Sevgi bu qədərmi sərt?

    Sevgi bu qədərmi sərt?
    Bax, sevənlər mum kimi…
    Kim onu, bezib atıb
    Ac quşlara, tum kimi?

    Gözlərini günə ver,
    Duyğular nəm, – yaş olur.
    Sevmədiyim o qız da
    Mənimlə həmyaş olur.

    Sən də, ey könül, uyu,
    Bir də bu sapı açma…
    Yuxunda görmədiyin
    Adama qapı açma.

  • Eldar Nəsib SİBİRYEL.Seçmə şeirlər

    12962488_1518521525123844_528584684_o

    Torpaq nəğməsi

    Ana torpaq, ilk məskənim, son yerim
    Dağın, dərən mənə arxa, həyandı.
    Boynubükük bənövşələr-kədərim,
    Alovlanan lalələrin-həyamdı.

    Üfüqlərin xəyalımın yoludu,
    Hər qarışın müqəddəsdi, uludu,
    Yanğım olsa, göylərinin buludu,
    İstəyimi bir baxışdan duyandı.

    Bir zərrən də səni məndə yaşatdı,
    Yaddan çıxsa bir yer adı, daş adı-
    Küləklərin yaddaşıma daş atdı,
    Mürgüləyən xatirələr oyandı.

    Min il keçsə ömür sənə yad olmaz,
    Sənsiz bir gün ürəyimdə od olmaz,
    Nəm duyğular atəşindən od almaz,
    Ha yelpiklə, ha alışdır, ha yandır.

    Baş açmadım, heç bu necə sirr idi?
    Eşqim dəcəl uşaq kimi kür idi.
    Bir gözəli görən kimi kiridi,
    Axşam, səhər yollarında dayandı.

    Ana torpaq susdurmaqçün düşməni,
    Al, güllətək sinəsinə sıx məni.
    Bir saz üstə zəfər adlı nəğməni,
    Sazım, sözüm bu dünyaya yayandı.

    Məni

    Ömür keçdi, getdi …ulu təbiət
    İnanma, təzədən yoğura məni.
    Bir bulud ömründə yağış eyləyib,
    Çiləyə yar gələn cığıra məni.

    Yadda yox, özümdə axtardım eyib.
    Haqq gəzdim, dəmirdən çarıq da geyib.
    Tale gecikdirdi hər zaman, heyif…
    Həyatda qismətə, uğurla məni.

    Bəxtim də mənimlə kəcinə çəkdi.
    Mən kölgəyə çəkdim, o, günə çəkdi.
    Həyatda bir dəfə nə önə çəkdi,
    Nə də ki saxladı axıra məni.

    Sənin ürək adlı mülkün var – deyə,
    İldırımdan ağır yükün var – deyə,
    Öndə torpaq altı çəkin var – deyə,
    Bölmədi yüngülə, ağıra məni.

    Həsrəti, möhnəti yorub gələrəm,
    Bütün bənd-bərəni qırıb gələrəm,
    Ölsəm, məzardan da durub gələrəm,
    Təki ilk məhəbbət çağıra məni.
    Sibirel, dünyanın nəyini bölək?!

    Bir üzü iblisdir, bir üzü mələk.
    Əgər dar etməsə yerimi fələk,
    Bəndə döndərəmməz fağıra məni.

    Bu gecə

    Bu gecə pərvanə işığa gəlməz,
    Bu gecə işığım soyuq kimidir,
    Bu gecə ürəyim rahatlıq bilməz,
    Tufanlar qoynunda qayıq kimidir.

    Bu gecə qaranlıq gümanlarımı,
    Nurlandıra bilməz ay işığı da.
    Bu gecə təsəlli umanlarımın,
    Mənəm böyüyü dəcəl uşağı da.

    Bu gecə tüstümü içəri təpən
    Küləklər bayırda narahat gəzər.
    Şirin xatirəmə göz yaşı səpən
    Buludlar bu gecə duzlu dad gəzər.

    Bu gecə tale də yazımı bilməz,
    Salar bədxahlığın boran, qarına,
    Üşüyən ürəyim qızına bilməz,
    İlk eşqin ilahi baxışlarına.

    Bu gecə qayatək susar harayım
    Boğulub bataram bu sukutda mən.
    Bu gecə özümü necə arayım
    Doğma ünvanda mən, doğma adda mən?

    Bu gecə – önümdə qaralan hasar,
    İşığa tutaram, hörgüsü uçmaz.
    Bu gecə bələdçi yollarım azar,
    Sayıq gözlərinin mürgüsü uçmaz.

    Bu gecə çəkdiyim qəmlər, əzablar
    Baş aça bilmərəm, kimə xoş gələr.
    Bu gecə istəyi çətin tapılar.
    Əlidolu ilham əliboş gələr.

    Bu gecə göylər də sərxoş kimidir,
    Bir qədəh ulduzu salar əlindən.
    Bircə dan yerinə dönüb ümidim
    Məni bu gecənin alar əlindən.

    Mən köhnə kişiyəm…

    Mən köhnə kişiyəm, bala,
    Nuh adlı sirdən gəlmişəm.
    Hara türk ayağı dəyib,
    Mən həmin yerdən gəlmişəm.

    Bir az şaman duasıyam,
    Bir az günəş şüasıyam,
    Gələn əsrin havasıyam,
    Ötən əsrdən gəlmişəm.

    Dodağımda türkü, şərqi,
    Dolanmışam qərbi, şərqi.
    Ya cüt, ya tək, eh…nə fərqi
    Hansı səbrdən gəlmişəm.

    Bu dağlar tərs, avand yerim.
    Qayaları sapand yerim.
    Hər şəhid qəbri – and yerim…
    Gör neçə pirdən gəlmişəm?!

    37 ağrım, acım.
    Bu taledən hara qaçım?!
    Qalmayıb özgə əlacım,
    Adsız qəbirdən gəlmişəm.

    Təbrizim arzum, murazım.
    Taleyimdə qara yazım.
    Bir az səbr et, xan Arazım,
    Mən dəli Kürdən gəlmişəm.

    Sibirel, sənə yaxınam.
    Gözündən qaçan yuxunam,
    Sürgündə qalan ruhunam,
    Qarlı Sibirdən gəlmişəm.

  • Şair Oqtay Rzanın “Rübai karvanı – dördlük çələngi” adlı şeirlər kitabı işıq üzü görüb

    https://b.radikal.ru/b39/1910/ac/aff8cd54572a.jpg

    Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən gerçəkləşdirilən “aybKitab” layihəsi çərçivəsində çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (AYB), Mikayıl Müşfiq və “Qızıl qələm” mükafatları laureatı, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Coğrafiya kafedrasının əməkdaşı, Əməkdar müəllim, şair Oqtay Rzanın “Rübai karvanı – dördlük çələngi” adlı şeirlər kitabı işıq üzü görüb.

    Layihənin rəhbəri və müəllifi Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, AYB İdarə Heyətinin üzvü, İLESAM (Türkiye İlim ve Edebiyat Eseri Sahibleri Meslek Birliği) Azərbaycan təmsilçisi, şair-publisist Xəyal Rzadır.

    Qeyd edək ki, bundan öncə Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən gerçəkləşdirilən “aybKitab” layihəsi çərçivəsində Qazaxıstan Yazıçılar Birliyinin sədri, Qazaxıstan Dövlət Mükafatı laureatı Uluqbəy Esdövlətin “Uluqbəy küçəsi”, feodal dövrü yapon ədəbiyyatının son klassiklərindən biri Ueda Akinarinin “Duman sis içində ay” adlı novellalar silsiləsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı, şair, nasir, tərcüməçi Seyran Səxavətin Xalq yazıçısı Yusif Səmədoğlunun əziz xatirəsinə həsr olunmuş “Kenquru” adlı povest və hekayələr toplusu kitabları nəşr olunmuşdu.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Tanınmış türk şairi Mehmet Nuri Parmaksızın “Süveydaya məktublar” adlı yeni şeirlər kitabı işıq üzü görüb

    https://c.radikal.ru/c02/1910/d0/61ef0995a5b5.jpg

    Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən gerçəkləşdirilən “aybKitab” layihəsi çərçivəsində çağdaş Türkiyə ədəbiyyatının görkəmli nümayəndəsi, İLESAM (İlim ve Edebiyat Sahipleri Meslek Birliği), MSG (Musiki Eseri Sahipleri Grubu Meslek Birliği), ESKADER (Edebiyat Sanat ve Kültür Araştırmaları Derneği), Ankara Kulübü, TÜRKSAV (Türk Dünyası Sanatçılar ve Yazarlar Vakfı) ve Türkiye Yazarlar Birliği Derneğinin üzvü, şair Mehmet Nuri Parmaksızın “Süveydaya məktublar” adlı yeni şeirlər kitabı işıq üzü görüb.

    Layihənin rəhbəri və müəllifi Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, AYB İdarə Heyətinin üzvü, İLESAM (Türkiye İlim ve Edebiyat Eseri Sahibleri Meslek Birliği) Azərbaycan təmsilçisi, şair-publisist Xəyal Rzadır.

    Qeyd edək ki, bundan öncə Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən gerçəkləşdirilən “aybKitab” layihəsi çərçivəsində tanınmış türk şairi Mehmet Nuri Parmaksızın “Həsrət, eşq və sükut” adlı kitabı oxucuların ixtiyarına verilmişdi.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Tanınmış həkim, şair-bəstəkar Şahin Musaoğlunun “Güllədən biçilən köynək” adlı yeni şeirlər kitabı işıq üzü görüb

    https://a.radikal.ru/a16/1910/bb/b71de102bf5b.jpg

    Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən gerçəkləşdirilən “aybKitab” layihəsi çərçivəsində çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin (AYB), üzvü İLESAM (Türkiyə Elm və Ədəbiyyat Əsərləri Sahiblər Məslək Birliyinin üzvü, AYB Hərbi-Vətənpərvərlik Komissiyasının sədri, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, tanınmış həkim, şair-bəstəkar Şahin Musaoğlunun “Güllədən biçilən köynək” adlı yeni şeirlər kitabı işıq üzü görüb.

    Kitaba müəllifin son illərdə qələmə aldığı ədəbi-bədii nümunələri, poeziya örnəkləri daxil edilib. Kitab oxucularla müəllifin sayca beşinci görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Ədəbiyyatsevərlər, poeziya həvəskarları tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

    Qeyd edək ki, layihənin rəhbəri və müəllifi Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, AYB İdarə Heyətinin üzvü, İLESAM (Türkiye İlim ve Edebiyat Eseri Sahibleri Meslek Birliği) Azərbaycan təmsilçisi, şair-publisist Xəyal Rzadır.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Gənc xanım yazar Aygün Toğrulqızının “Sənə gecikməyə zaman tələsdi” adlı yeni şeirlər kitabı işıq üzü görüb

    https://c.radikal.ru/c15/1910/f4/8bafcfd5b778.jpg

    Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən gerçəkləşdirilən “aybKitab” layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, gənc xanım yazar Aygün Toğrulqızının “Sənə gecikməyə zaman tələsdi” adlı yeni şeirlər kitabı işıq üzü görüb.

    Kitaba müəllifin son illərdə qələmə aldığı ədəbi-bədii nümunələri, poeziya örnəkləri daxil edilib. Kitab oxucularla müəllifin sayca birinci görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Ədəbiyyatsevərlər, poeziya həvəskarları tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

    Qeyd edək ki, layihənin rəhbəri və müəllifi Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, AYB İdarə Heyətinin üzvü, İLESAM (Türkiye İlim ve Edebiyat Eseri Sahibleri Meslek Birliği) Azərbaycan təmsilçisi, şair-publisist Xəyal Rzadır.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Tanınmış şair Paşanın “Sən mənim tanrım deyilsən” adlı yeni şeirlər kitabı işıq üzü görüb

    https://b.radikal.ru/b27/1910/72/441903798719.jpg

    Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən gerçəkləşdirilən “aybKitab” layihəsi çərçivəsində Azərbaycan ədəbi mühitində özünəmxsus yer tutan, dəsti-xətti ilə seçilən istedadlı Azərbaycan şairi Paşanın “Sən mənim tanrım deyilsən” adlı yeni şeirlər kitabı işıq üzü görüb.

    Kitaba müəllifin son illərdə qələmə aldığı ədəbi-bədii nümunələri, poeziya örnəkləri daxil edilib. Kitab oxucularla müəllifin sayca ikinci görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Ədəbiyyatsevərlər, poeziya həvəskarları tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

    Qeyd edək ki, layihənin rəhbəri və müəllifi Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, AYB İdarə Heyətinin üzvü, İLESAM (Türkiye İlim ve Edebiyat Eseri Sahibleri Meslek Birliği) Azərbaycan təmsilçisi, şair-publisist Xəyal Rzadır.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Şair, jurnalist Rəşad Məcidin “Səbəbi sənsən” adlı yeni şeirlər kitabı işıq üzü görüb

    https://b.radikal.ru/b08/1910/d9/264b1976d15e.jpg

    Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən gerçəkləşdirilən “aybKitab” layihəsi çərçivəsində çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin Gənclərlə iş üzrə katibi, “525-ci qəzet”in baş redaktoru, şair, jurnalist Rəşad Məcidin “Səbəbi sənsən” adlı yeni şeirlər kitabı işıq üzü görüb.

    “aybKitab” layihənin rəhbəri və müəllifi Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, AYB İdarə Heyətinin üzvü, İLESAM (Türkiye İlim ve Edebiyat Eseri Sahibleri Meslek Birliği) Azərbaycan təmsilçisi, şair-publisist Xəyal Rzadır.

    Qeyd edək ki, cari ilin sentyabr ayının 28-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Əl Oyunları İdman Sarayında VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında şair-publisist Rəşad Məcidin “Səbəbi sənsən” adlı yeni şeirlər kitabının təqdimat mərasimi və imza günü keçirilmişdi.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Ədəbi tənqidçi Vaqif Yusiflinin “Qanadlandıq uçmağa” adlı yeni bədii-publisistik məqalələr toplusu işıq üzü görüb

    https://d.radikal.ru/d19/1910/5d/4170a9f9e5bf.jpg

    Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən gerçəkləşdirilən “aybKitab” layihəsi çərçivəsində çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Azərbaycan” jurnalının baş redaktor müavini, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor, ədəbi tənqidçi Vaqif Yusiflinin “Qanadlandıq uçmağa” adlı yeni bədii-publisistik məqalələr toplusu işıq üzü görüb. Kitabda müəllifin “aybKitab” layihəsi çərçivəsində nəşr olunan kitablar haqqında məqalələri yer alıb.
    “aybKitab” layihənin rəhbəri və müəllifi Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, AYB İdarə Heyətinin üzvü, İLESAM (Türkiye İlim ve Edebiyat Eseri Sahibleri Meslek Birliği) Azərbaycan təmsilçisi, şair-publisist Xəyal Rzadır.

    Qeyd edək ki, bundan öncə adıçəkilən layihə çərçivəsində işıq üzü görən kitablar Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Əl Oyunları İdman Sarayında VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında sərgilənmişdi.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Ədəbiyyatşünas-alim Rüstəm Kamalın “Uzaq kölgələrin səsi” adlı esselər kitabı işıq üzü görüb

    https://a.radikal.ru/a26/1910/81/c49d9276a670.jpg

    Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən gerçəkləşdirilən “aybKitab” layihəsi çərçivəsində çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin və Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor, “Qızıl qələm” və Həsənbəy Zərdabi mükafatları laureatı, tənqidçi, ədəbiyyatşünas, esseist, istedadlı qələm sahibi Rüstəm Kamalın “Uzaq kölgələrin səsi” adlı esselər kitabı işıq üzü görüb. Kitabda müəllifin ən yeni dövr Azərbaycan ədəbiyyatının və müasir Azərbaycan poeziyasının banisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Xalq şairi, Əməkdar incəsənət xadimi, Stalin mükafatı laureatı, şair-dramaturq Səməd Vurğun, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Xalqyazıçısı, Əməkdar incəsənət xadimi, Azərbaycan Komsomolu mükafatı laureatı, yazıçı-nasir Yusif Səmədoğluna həsr olunmuş esselər yer alıb.

    “aybKitab” layihənin rəhbəri və müəllifi Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, AYB İdarə Heyətinin üzvü, İLESAM (Türkiye İlim ve Edebiyat Eseri Sahibleri Meslek Birliği) Azərbaycan təmsilçisi, şair-publisist Xəyal Rzadır.

    Qeyd edək ki, bundan öncə AYB tərəfindən gerçələşdirilən“aybKitab” layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı, şair, nasir, tərcüməçi Seyran Səxavətin Xalq yazıçısı Yusif Səmədoğlunun əziz xatirəsinə həsr olunmuş “Kenquru” adlı povest və hekayələr toplusu işıq üzü görmüşdü.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Yunus OĞUZ.”İşverən” (Felyeton)

    Ölkədə hamı bir-birinə iş verir. Kimisi iş verir, kimisi də işlə yüklənir. Məni ali şüur maraqlandırır. Xırım-xırda işlərlə heç aram yox. Amma, çox nahaq. Sən demə ən böyük işlər elə xırdalıqlardan başlayırmış. Xırdalar birləşib (əgər birləşə bilsələr) nəhəng işlərin təməlini qoyurlarmış.
    Yenə qəzet almağa gedirdim. Səhər-səhər özümçün dünyanı fikirləşə-fikirləşə evdən çıxdım. Qələbə meydanından “İnşaatçılar” metrosuna doğru addımlamaq istədim, bacarmadım. Baho… o… o… sokakda küçə ticarətinin əlindən tərpənmək olmurdu. Bəs deyirdilər ki, bununla mübarizə aparırıq, hamısı da möhtəkirlər. Gedib “Meyvəli”dən alıb gətirirlər, üstünə də nə qədər qoyurlar bir Allah bilir. Yaxınlaşdım bir möhtəkir qardaşa və dedim ki, mənə beş səbəb göstər ki, burada yolu kəsib ticarət edə bilərsən. Meyvə-tərəvəz və puldan başqa heç nə fikirləşməyən bu dəllalın gözlərinin böyüyüb döyüklüklə mənə baxmasından başa düşdüm ki, bununla ali şüur dilində danışmaq əbəsdir. Vallah gülməkdən özümü güclə saxladım. Elə bil mən onun gözlərinə lupa altından baxırdım. İrişə-irişə dedi:

    – Başa düşmədim müəllim, nə beş səbəb, nə ticarət?
    Dedim ki, mən sənə ən azı beş səbəb göstərərəm ki, sən burada küçə ticarəti apara bilməzsən.
    Möhtəkir qardaş özünü yığışdırdı. Elə bildi ya vergidənəm, ya da haranınsa müfəttişiyəm. Yekə başı sağ çiyninə doğru əyildi. Məzlum görkəmi aldı.
    Dedim:
    1. Sənin küçə ticarəti etmək haqqında icazən yoxdur;
    2. Vergi qeydiyyatın olmadığından vergi vermirsən;
    3. Sanitar epidemioloji stansiyadan məhsulun keçməyib;
    4. Gətirdiyin məhsulların haradan gəldiyi mə…
    O məni daha danışmağa qoymadı.
    – Müəllim, nə qədər verim?
    İndi də mənim gözlərim bayaq onun böyüyən gözlərinə oxşadı. Özümü ələ alıb dedim:
    – Adə, vələdüzna, mən pul alana oxşayıram?
    Möhtəkir qardaş qəddini bir az da yığdı. Ürəyində qalan sözü mənə tərəf şappıltı ilə atdı.
    – Pul almırsansa, deməli işverənsən.
    Dedim:
    – Ay qırışmal, əvvəla iş verən mən deyiləm.
    Polis düzüb qoşur, toxuyur, prokuror iş istəyir, oxuyur, hakim də iş verib içəri soxur, bildin? Get kağız-kuğuzu düzəlt.
    Amma söz məni tutmuşdu. İşverən, işverən deyə-deyə getdim qəzet almağa.
    Doğurdan hakim iş verir? O gün qəzetdə oxuyuram ki, hakim hindquşu oğurlayana altı il iş verib. Di get, yat. Amma milyon mənimsəyəni üç il yarımla cəzalandırıb. Rəhmətliyin oğlu, bu yazıq ömründə altı il yeyəcək bir quş oğurladı, özü də ilk dəfə. Görürsən ki, milyon oğurlamağa şərait və imkanı yoxdur. Deməli, məhkəmə də iş verir, özü də necə. Yox mən demirəm ki, o milyon oğurlayan hakimə nəsə pay-püş ayırıb. Əksinə, bu hindquşunu oğurlayana acığım tutur. Zalım oğlu gəlib bunun kababını ya rəislə, ya da hakimlə yeyərdin. Day bundan sonra hakim qardaş özünə iş kəsməyəcəkdi ki?
    Bir dəfə bərk küləkdə yol gedirəm. Elə külək əsir ki, az qalır adamı qucağına alıb qaçırsın. Görürəm qabaqdan ətəyi gen tuman geyinən bir qadın gəlir. Mənə çatanda külək bir az da güclənib bu xanımın gen ətəyini qaldırıb başına şal kimi saldı.
    Bu xanım da Merlin Monro kimi bir əlini arxasına, o birini də qabağına tutub həyəcanla dedi:
    – Vay, biabır oldum.
    Dedim:
    – Bacı, səndə heç bir günah yoxdur, günah küləkdədi, işverənlik eləyir. Evdən çıxanda pəncərədən bir boylanardın da.
    İşverənlər deyəsən çoxdur. Hamı hamıya iş verir, bircə iş adamlarından başqa.
    Bir bərk gedən iş adamından o gün bir məclisdə soruşuram ki, neçə adama iş vermisən indiyə qədər?
    Ədalı-ədalı dilləndi:
    – Biz iş vermirik, işçimizə çörək veririk. Adam işləyir, evinə çörək aparır.
    Zarafatla söylədim:
    – Yaxşı ki, arpa vermirsən, çörək verirsən.
    Qayıdıb mənə nə desə yaxşıdır:
    – Elə çörəyi apadan bişirtdirib veririk, hər gün evinə hər kəs iki arpa çörəyi aparır.
    Day söz deyə bilmədim, əlim üzümdə qaldı. Hələ mənim Mirzə dostuma bax. Bir neçə gün bundan öncə “Mişar daşı” adlı məqalə yazmışdı. Məğzi bu idi ki, könüllər yaxın olsun deyə həm qəlbinizdəki, həm də həyəti hasarla mühasirəyə aldığınız mişar daşlarını söküb atın. Qardaş, ay Mirzə, sən neyləyirsən, nə təklif verirsən? İndi işsizliklə mübarizə gedir. Çalışırıq ki, ölkədə heç kim işsiz qalmasın. Sən də deyirsən mişar daşlarından istifadə etməyin. Nədi daş karxanalarının işini dayandıraq? Ay Mirzə, incimə, sən iş verən olmadın, iş dayandıran oldun. Bax, hasarlar tikilməsə gör neçə adam evinə çörək apara bilməyəcək? Karxanalar dayanacaq, sement lazım olmayacaq, deməli qum da getdi işinin dalınca. Bunun fəhləsi, ustası, sürücüsü, məmuru, canım sənə desin, lap yol polisi qaldı işsiz. Yox Mirzə, mən buna qol qoya bilmərəm. Buradan inqilab iyi gəlir. Elə yerlərdə də mən yoxam. Bax, o gün hörmət etdiyim bir deputat çıxış etdi və dedi ki, ey sabiq nazirlər, məmurlar, bizim sayəmizdə bu qədər pul yığmısız, var-dövlət əldə etmisiniz. Oturub xımır-xımır yeyirsiniz, arada bizdən küsdüyünüzdən müxalifətə də pul buraxıb iş, çörək verirsiniz. Mövqeyinizi bildirin. Yaman deyib, ha. O demək istəyib ki, təkcə müxalifətə iş verməyin, fəaliyyətinizi bir az da genişləndirin. Jurnalistlərə də bir az yığdınızdan xərcləyin, onlar da sizin piarınızı aparsınlar. Onsuz da nə qədər xərcləsəniz qurtaran deyil. Hamıya iş vermək lazımdır. Ancaq, sayın deputat mövqesiz sabiq olmayan nazirlərə, məmurlara, şöbə müdirlərinə, sektor yiyələrinə toxunmayıb. Onların da “dosye”lərini masanın üstünə qoymaq lazımdır. Elələri var ki, ortada yeyib qıraqda gəzir. Lazım olanda köpək uşaqları buqələmun kimi rənglərini dəyişirlər. İstəsələr iqtidar, istəsələr müxalifət, lap bədhəbəddə kosmopolit olurlar. Hələ mən cinsi azlıqlar müstəvisinə keçmirəm. Təklif edirəm, qoy o mövqesizlər, saat altıdan sonra mövqelərini ortaya qoysunlar. İş qurtardı məmur mövqesizliyi qurtardı. Bundan sonra, qoy vətəndaş mövqeyini ortaya qoysunlar. Qoymazlar. O məmurlardan vallah elələrini tanıyıram ki, ortalığa mövqe qoysa, şəxsi büdcəsi hesabına Qarabağ haqqında on dənə bədii film çəkdirər, uf da deməz. Deyəsən mən də işverənliyə başladım. Gör hardan hara gəldim. Bir sözlə işverən olun, o zaman yaxşı həyat tərzinə təminat verilir.
    19.09.19

    Mənbə: http://olaylar.az

  • Yunus OĞUZ.”Üç İsa” (Esse)

    Akademik İsa Həbibbəylinin yetmiş illiyinə

    Mənim həyatımda İsa peyğəmbər rol oynamayıb. Bəlkə də dolayısı ilə təzahürü olub, amma əlimdə bilgilər yoxdu. Düzdür, istəsəm telepatiyanın gücünə öyrənə bilərəm. Amma zamanı və məkanı dəyişdirməyə ehtiyac duymadığımdan bunu lüzumsuz saydım. Həyatımda Məhəmməd peyğəmbər (c) rol oynayıb, çünki hal-hazırda bu islam dininin daşıyıcılarından biriyəm. Onun (salavutallahın) şəhadətinə görə İsa peyğəmbər peyğəmbərlərin ən önəmlisi idi və İsanın (ə) İncildə dediyinə görə “məndən sonra sonuncu peyğəmbər “Əhməd” gələcək”. Məhəmməd peyğəmbər (c) ondan öncə olan peyğəmbərlər arasında vəsilə yaratdı və bunu da “Qurani- Kərim”də möhür kimi qeyd etdi. Müsəlmanlar yaxın tarixə qədər övladlarına digər peyğəmbərlərin də adını verirdilər. Bunu niyə keçmiş zamanda yazdım? Təəssüflər olsun ki, son zamanlar xurafat və cahillik artıq buna imkan vermir, hətta bir yas yerində “başqa peyğəmbərlərin adını bilirsənmi” sualıma cahillərdən biri “başqa peyğəmbərlər olubmu?” cavabını verdi. XXI əsrdə hansı zamana gəlib çıxdıq? Yüz illərdir atalarımız övladlarına demək olar ki, bütün peyğəmbərlərin adlarını veriblər: Adəm, Nuh, Lut, Saleh, Yunus, İsa, Davud, Süleyman, Məhəmməd və sairə, sairə… 124 min.

    İsa peyğəmbər bizə çox doğmadır, çünki sonuncudan əvvəlkidir. Buna görə yüz illərdir atalarımız övladlarına “İsa”adı verməkdə yanılmayıblar.

    Mənim həyatımda üç İSA var. Bəlkə bu təsadüfdən, bəlkə də zərurətdəndir.

    Birincisi atam İsaxandır. Bilmirəm, türk əsilli olduğumuz üçün, xristianlığa nə vaxtsa tapındığımız üçün, tanrıçılığı dinimizin əzəlində hesab etdiyimiz üçün məndən öncə olan soy-köküm dünyanın bütün məşhur peyğəmbərlərinin adlarını övladlarına isim kimi verirdilər, amma köklərini, hardan gəlib, hara getdiklərini yaddan çıxartmamaq şərtilə. Bizim tərəflərdə etnik kimlik əsas şərtlərdən biri idi. İllah da sovet vaxtında. Baxın! Babam Babaxanın üç oğlu olub: Əmirxan, Mirzəçan, İsaxan.

    Məhz üçüncünün, yəni atam İsaxanın daima məni kitaba, sonralar elmə həvəsləndirdiyini nə zamansa xatirələrimdə yazacam.

    İkinci isə adı İsa olan qayınatamdır. Düşünürəm, İsa kişi elmə, təhsilə, bu qədər qiymət verməsəydi, kim bilir, ailə qurduqdan sonra haralardaydım… “Hər güclü erkəyin arxasında, onu başa düşən güclü qadın var” deyimi tamamilə doğrudur. Hələ mən bizim, iki insanın davamçısı olan mükəmməl qızımız haqqında yazmaq istəmirəm. Bu da başqa mövzudur.

    Üçüncü İsa isə mənəvi dünyası zəngin, mərifət və şərafətinə görə akademik İsa Həbibbəylidir. Qabaqcadan deyim ki, birinci iki İsaya sonsuz sevgim olsa da, mənə mənəvi dünyanın ənginliklərinə baş vuran, hər sözündən, sətrindən yüzlərlə İSA doğulan İsa Həbibbəyli daha yaxındır. İsa Həbibbəyli maddi dünya deyil, vücud deyil, bu böyük İNSAN SÖZ-dür. Sözdən yoğrulan İNSAN , sonra da ALİM-ə çevrilən İNSAN.

    Bu tərif deyil. Onun içində bir can var. Canın içində can! Bəzən çoxları başa düşmürlər ki, bu İNSAN-ı, bu CAN-ı bizə sevdirən nədir? Sözünün içində bir CAN var. Canın içində od var, alov var, enerji var. Heç kimə baxmaz, heç kimə SÖZ-ün qüdrətini çatdırmaz, amma elə yazar ki, SÖZ-ün arxasından SÖZ-ün qüdrəti özü görünər. İNSANIN arxasından SÖZ görünər, boy verən SÖZ böyüklüyü görünər. Yalnız bunun arxasından şəxsiyyət görünər, elə üçüncü İSA görünər.

    Candan yazdıq. Can mühərrikdi. Sözdən yazdıq. Söz mühərrikdi. Cismin mühərriki (motoru) istənilən insanda nə zamansa dayanacaq, amma CAN-ın və SÖZ-ün mühərriki əbədidir. Bunlar dayanan deyil. Onların enerjisi gələcək nəsillərə ötürülür. İncildə və Quranda yazıldığı kimi; öncə SÖZ gəldi dünyaya, yalnız bundan sonra on səkkiz min aləm yarandı.

    SÖZ-ün qədrini və qüdrətini bilən İSA Həbibbəyli hər yeni sözə ruh verir, istiqamət verir. İstedadları yönəldir, arxasında durur.

    Bilirəm bədxahlarımız mənim müqayisə üçün yazdıqlarıma ağız büzəcək, küfrlə günahlandıracaq. Olsun, amma ölmüş SÖZ-ü kimsə dirildəcəksə, ona yeni həyat verəcəksə, o elə İSA-dır!

    Nə qədər ki, SÖZ-ün mahiyyətini, zatını, sifətini cəmiyyət anlamayacaq, İsa Həbibbəyli kimi alimlər elə İSA-dır. Təəssüflər olsun ki, belə İSA-lar çox azdır.

    Onun canında bir CAN da var. Bu AZƏRBAYCAN-dır. İliyinə qədər işləyən bu sözün adı çəkiləndə hər şeyini unudan bir CAN. Çoxları bunu anlamırlar, başa düşmürlər. Arada bir sual da verirlər: bizim canımızdan onun CAN-ı nə ilə fəqlənir? Onun CAN-ı SÖZ-ünün qüdrətindədir. Azərbaycan sözünün içində qüdrətini, möhtəşəmini gözləyən bir CAN.

    Kimsə ehtiramını, möhtəşəmləyini, faniliyini bu dünyaya dəyişir. Dünyanın sözünü dünyaya çatdırır. İSA isə o dünyadakı sözün möhtəşəmliyini və həşəmətini bu dünyaya çatdırır. Anlayan anlasın, anlamayan isə yenə “alim”liyini etsin.

    İçində Azərbaycan, millət, xalq, kökünə və törəsinə, dövlətinə bağlı olan nə qədər İSA-mız var? Barmaqla sayıla bilər. Elə günümüzdə yaşayan belə Məhəmmədlər, Salehlər, Süleymanlar, Yunuslar, Davudlar, Lutlar, Nuhlar nə qədərdir? Yenə barmaqla saymaq olar.

    Can enerjidir. əbədi mühərrikdir. Canın istədiyini, bildiklərini SÖZƏ çevirib CİSMƏ ötürmək çox ağır məsələdir, çoxları üçün arximüşküldür. Bu seçilmişlərə aiddir.

    Sözü cismə ötürmək, cismi SÖZ-ə və CAN-a çevirmək hər adama müyəssər olmur. İSA bunu bacarır, çünki o seçilmişlərdəndir. Cismi CANa, sonra isə əksinə CANı cismə çevirmək onun qismətinə yazılıb. Ortada isə SÖZ var. Dünyanın ən böyük xalqı o xalq olacaq ki, o SÖZ-ünə sahib olacaq, SÖZ-ün dəyərini biləcək. İsa Həbibbəyli xalqının söz sahibi olması uğrunda canını və qanını ortalığa qoyan bir insandır. Alimliyi sonradır, əsas İNSAN-lığıdır.Əsas İSAlığıdır!

    SÖZ-ün mübarək, USTAD!

    …Üç İSA-m var. Biri qanım, biri sümüyüm, biri isə canım.

    Canım əbədi olmasa, qanım və sümüyüm sonradan unudulacaq, kiməsə yamaq olacaq, necə ki, indi bunun çox zaman şahidi oluruq.

    İsa Həbibbəyli canımızdır. Canımızın vasitəsilə qanımızı, sümüyümüzü özündə birləşdirən Azərbaycanımız!

    P. S. Duydum ki, çevrəmizdə dördüncü İsa da var. İsa Həbibbəylinin nəvəsi İsa. Qanımız, sümüyümüz, canımız olacaq, bunu zaman göstərəcək. Hər üçünün babasındakı kimi vəhdətdə olmasına heç də şübhə etmirəm. Axı kiçik İsa SÖZ-ün nəvəsidir.

    12.10.19

    Mənbə: http://olaylar.az

  • Yunus OĞUZ.”Cızığından çıxan” (Felyeton)

    Bir gün Molla Nəsrəddinin evinə oğrular girir. Kişini arvadı ilə bir yerdə evin ortasına qoyub bir cızıq çəkir və hədələyirlər ki, nəbadə ayağınızı bu cızığdan kənara qoyasınız, yoxsa başınıza elə oyunlar açarıq ki, dəymişiniz dura-dura kalınız tökülər.

    Nə isə oğrular evi yığıb-yığışdırır, gözə dəyən nə varsa kürəklərinə şələləyib aparırlar. Evin ortasında qorxudan heykəl kimi donub qalan arvad birdən özünə gəlir və mollanın başına taraz qapaz ilişdirir.

    – Kül sənin kişi başına, – deyir, – adını da kişi qoymusan. Oğrular evi silib-süpürdülər, sənsə cızığdan çıxa bilmirsən.

    Molla gülə-gülə cavab verir:

    – Arvad, səs salma, oğruların dədəsini yandırmışam.

    – Nətəhər yandırmısan?

    Molla qayıdır ki, arvad, sən belə usta şeyləri bilməzsən. Onlar evin yükünü bellərinə şəlləyəndə mən ayağımı cızığdan üç dəfə kənara qoymuşam…

    Molla Nəsrəddinin bu lətifəsini niyə yazdım? Son vaxtlar molla kimi cızığından çıxan adamlar peyda olub, özü də adamın üzünə dururlar ki, yaxşı eləyib cızığımızdan çıxırıq. Allah vurmuşdu sizi! Bəs bilmirdiniz o cızığı çəkən var? Bax elə biri son vaxtlar qəttəzə ad almış “söyüş müxalifəti”. Guya mitinq etmək istəyirlər, guya demokratiyadan, söz azadlığından adamın canına yağ kimi yayılan “mərifətli” sözlər deyəcəklər. Yox balam, bu hökumət sizin dabbaqda gönünüzə bələddir. Bilir ki, bir yerə yığışan kimi cızığınızdan çıxıb söyüşə, təhqirə keçəcəksiniz, necə ki, bunu sosial şəbəkədə eləyirsiniz. Ona görə də heç “Məhsul”u da sizə qıymadılar. Di gedin, mişar daşı ilə hasara alınmış Qaradağ stadionuna. Orada hər şey qəttəzədir.

    Həm də bu iqtidar sizi yoxlayır ki, görüm bunların gerçəkdə nə qədər tərəfdarları var. Yoxsa day 20 yanvardakı kimi olmasın. Xalq anım tədbirinə gedir, bunlar camaatın içinə girib selfi eləyirlər, sonra lazım olan yerə göndərib pul-para istəyirlər ki, bəs bunlara heç nə çatdırmaq olmur. Əjdaha kimi ağızlarını açıb elə “ver-ver” deyirlər. Onlar da belə selfini görüb fikirləşirlər ki, aha, deməli bu hökumətin axırıdır. Eləcə torbalarının ağızlarını açırlar. Pulnan yanaşı o torbalardan söyüş müxalifəti də çıxır. Bax yenə deyirəm. Cızığınızdan çıxmayın. Gördünüz türmədən çıxan o Fuad əkənin başına nə gəldi? Day dalısını yazmıram. Onsuz da hər kəs ağcaqanadın nə etdiyini gözəl bilir.

    Mişar daşından yazmışkən. Bu barədə məqalə yazan Mirzə dostum lap cızığından çıxıb. Qələmini dərzi iynəsi kimi yaxasına taxıb, deyir ki, “Vətən namusdur, vətən qürurdur,vətən sonuncu qorunacaq tək hədəfdir” və bu barədə prezident yanındakı qeyri-hökumət təşkilatından layihə keçirib. Pah, peşiman olub e… Elə canfəşanlıq eləyib ki, az qalıb cızığından çıxsın. Lənkəranda bunu qoymayıblar cızığından çıxsın. Deyiblər a kişi, nə vətən, nə qürur, nə namus? Rayonda bunların hamısı elə özümüzük.

    Yox, Bakıdan gəlib Lənkəranda qızışıb söz deyəcəksən? Mirzə, sənə bu lazımdır? Az qalmışdı gecə Prezident Aparatından səlahiyyətli kişiləri yuxuda oyadıb deyəsən ki, mənə Lənkərana getməyə izn verin. A kişi, get də. Bəlkə ora getmək üçün diplomatik pasport düzəldək? Axırda Lənkəranda buna dedilər ki, get, vətəni sonuncu hədəf kimi, qoru, amma cızığından çıxma.

    Görürsənmi hörmətli Mirzə, hər kəs üçün bir cızıq çəkilib.

    Redaksiyaya hərdən universitetin jurnalist tələbələri bir aylığa təcrübəyə gəlirlər. O gün görürəm birinin dəftərçəsi masamın üstündə qalıb. Dedim görüm bunlar tələbə ikən nə ilə nəfəs alırlar? Açdım dəftərçəni baxdım. Bu qırışmal tələbə, gələcəyin müxbiri olmaq istəyənlər hər şeyə necə də kreativ, yaradıcı yanaşırlar. Dəftərçədə guya abbreveturanı öyrənirlər. Lap cızığlarından çıxıblar. Gör nə yazırlar.

    Milli Məclis (MM) – Mənə də məmə,

    Post Patrul Xidməti (PPX) – pulu püflə xarala,

    Yol Polis Xidməti (YPX) – yığ pulu xarala,

    Mətbuat Şurası (MŞ) – Amaşov

    Kütləvi infortmasiya vasitələrinə dəstək fondu (KİVDF) – yox, bunu yazmıram, bakanımız məndən inciyər.

    Qafqaz Müsəlmanları İdarəsi (QMİ) – qayıt mollalığa, istəsən

    Daxili İşlər Nazirliyi (DİN) – dinmə

    Milli Şura (MŞ)- mənə də şans

    Azərbaycan Xalq Cəbhəsi (AXC) – axtar xeyiri cibimdə

    Azərbaycan Yazıçılar Birliyi (AYB) – ancaq yanımdakı bilir

    Avropa Şurasının Parlament Assembleyası (AŞPA)- aş şüyüdlü, plov alçalı

    Birləşmiş Millətlər Təşkilatı (BMT) – başlarını məclisdə tovla

    Azərbaycan Respublikasının Prezident Administrasiyası (AR PA) – yox bunu heç yazmaram, olmaz, cızığımdan çıxaram…

    Bu kreativ tələbələr bir yana, bunlara olar. Bunlar hər şeyə qapıları bağlı auditoriyadan baxırlar. Bəs bu deputatlar niyə tez-tez cızığlarından çıxırlar?

    O dee, o gün Rəfail polkovnikimiz deputat mandatını qoyub, nə az, nə çox, yarım milyon biznes üçün pul götürüb. Bu bizneslə məşğul olur, başa düşdük. Bəs o müəllimə pulu hardan götürüb, hələ qozu-qozu da deyir ki, bəlkə kommunistləri geri qaytardılar. O üçrəngli bayrağın altında necə oturursan? Bəs o üçrəngli bayrağı ilk dəfə dövlət səviyyəsində Naxçıvanda qəbul edən rəhmətliyə nə deyəcəksən?

    Cızıqdan çıxmaq budur e…

    “Relax”da hələ də rahatlanan o İqbalı demirəm. Deyəsən onun cızığını geri çəkiblər, day səsi çıxmır. Qədeş, o zonada səndən də güclü “Palıd”lar, “Bəşəru”lar var, e. Gör, deputat da olsalar səsləri çıxır? Yox, çünki, cızığlarını çoxdan müəyyənləşdiriblər.

    Bu deputatlardan səliqə ilə beş-on nəfər götürsək ticarətdir, biznes nədir bilməzlər. Amma deməyin ki, bu beş-on nəfərin içində Tahir kimilər də var. Ət- tövbə. Siyasi dəllallıq elə biznesin ən böyüyüdür də. Ona da elə cızıq qoyulub.

    Qalan deputatlar qaz vurub qazan doldurur, hələ mən xəlilovları demirəm. Onlardan birinin cızığı Çexiyada kazinoya qədər cızılıb.

    Nə isə, deputat cızığından bu qədər. Onsuz da seçkilərə az qaldığından ürək-göbəklərini yeməyə başlayıblar. Gül ləçəklərilə fala baxırlar:

    “Olacam, olmuyacam” Sevir, sevmir?” Hələ bundan sonra cızıq tamaşaları çox olacaq.

    Deyəsən, o Koka-kola da cızığından çıxıb. Bizdən bu qədər pul basıb yeyir, ancaq Qarabağda xəbərsiz tədbir keçirir. Burda deyəsən kuratoru güclüdür. Yoxsa, çoxdan şələ-küləsini qoltuğuna verib deyərdilər ki, bəsdi bu xalqı zəhərlədin.

    Cızıqdan birini də yazım, ta bəs deyim.

    Bir tanışım danışıb bunu. Deyir, çox varlı iş adamı məni apardı beş mərtəbəli villasında həddən artıq kitablarla dolu bir otağa. Nadir kitablar hündürlüyü beş metrlik olan otağın tavanına dirənmişdi. O qədər oxunmalı kitab var idi ki… Nə isə bu iş adamı kitabların içində mənim sağlığıma yüz viski vurub soruşdu:
    – Necədir, kitab kabinetim xoşuna gəldimi?

    Dedim: “Əladır.”

    Dedi ki, o zaman düzünü söylə, mən ziyalıya oxşayırammı?

    Əlim üzümdə qaldı. İndi bu da özünə ziyalı cızığı çəkib. Kitab yığmaqla guya aydın, nə bilim ziyalı olacaq. Ay- hay!

    Ay qardaş, çoxları elə bilir ki, cızığı buralarda çəkirlər. Yox canım, nə danışırsan? Cızıq göylərdə çəkilir. Sadəcə olaraq sən yerdə ya onu irəli, ya da geri çəkə bilərsən. Cızığınızdan çıxmayın! Bilirsiniz də sonra nə olur?..

    4.10.19

    Mənbə: http://olaylar.az

  • YUNUS OĞUZ.”Eşşək otaran” (Felyeton)

    Deyirəm “eşşək” ismindən “ş” hərfinin birini götürsək, söz “eş” və “ək” felinə çevriləcək. Torpağı eş, sonra isə ək. Yəni, bu bir tarlaya arpa, buğda, qarabaşaq əkmək deyil ha! Buralarda əvvəl şumlayırsan, sonra torpağa səpirsən, əkirsən. Görün nə gözəl dilimiz var. Zənginlik içində itib-batır. Pulumuz olmasa da, dilimiz var-dövlətimizdir. Ona görə də sənətkarlar sözü sözdən, tükü tükdən seçir, yumurtadan yun qırxırlar. “Eş” və “ək” bir növ heyvani anlamdadır, instinkt onlarda, şəhvət də insanlardadır. Özünüz başa düşdünüz də.., daha dərinə getmirəm. Bütün canlılarda bu var, amma nədənsə biz bunu “eş” …ş… “ək” ə şamil etmişik. “Eş və ək”, nəslini artır, çoxalt, yəni eşşək. Ondan başqa bir şey haqqında fikirləşmə: Ye, iç, çoxal, “eş” və “ək”…

    Girişi nəyə görə bu qədər uzatdım? Mən yazım, siz də oxuyun.

    Deməli, varlı-kallı bir dostum var, özü də məmurdur. Məmur işindən savayı nə işlə deyirsən məşğul olur. Arada deyirəm ki, get biznesinlə məşğul ol, qoy bir yer boşalsın. Sənin yerinə can atanlar qoy dövlət imtahanı verib o BOŞ yeri tutsunlar. Gülə-gülə deyir ki, ay-hay! O BOŞ yerə heç kim imtahan verib keçə bilməz. Müqəddəs yerlər Boş qalmır. Belə yerlər mənimkimilər üçündür. Birdə ki, mənim biznesim elə məmur olmağımdadır…

    Xülasə, bir gün əl telefonuma zəng gəldi. Nömrəyə baxdım, biznesmen məmur dostum idi.

    -Mirzə, salam! – Əleykdən sonra keçdi mətləbə. – Mirzə, məmurlara yaman sataşırsan, ha! Arada ad çəkmədən mənə də söz şilləsi çəkirsən. And olsun oxuduğum kitaba (bilmədim hansı kitabı deyir, çünki o, puldan başqa heç nə oxumur. Bəlkə də sayıb kitab halına gətirdiyi qat-qat paraları nəzərdə tutur) mənə ləzzət eləyir, amma ona görə zəng etməmişəm.

    – Buyur, eşidirəm! – Səsim bir az quru çıxsa da, dostum sözün tonuna fikir vermədən dilləndi:

    – Mirzə, körpüdən keçən tanış ortağım var.

    Termin mənə qəribə gəldi – “körpüdən keçən”

    Soruşdum:

    – Nə işlə məşğul olur o körpüdən keçən tanış ortağın?

    – Eşşək başıdır.

    Düşündüm ki, yəqin bu mənimlə məzələnir. Keçdim zarafata:

    – Yəqin sizləri də qatıb qabağına otarır, – dedim.

    – Ə, canınçün zarafat etmirəm, eşşək başıdır, yəni eşşək ferması var. Özü də böyük ferma. Mən də arada-sırada ondan eşşək südü alıram. Bir oğlu var, instituta (belə də dedi) girmək istəyir. Dedim mənim bir Mirzə dostum var, qoy onunla söhbət etsin, görək başında nə var, nə yox?

    Day məzələnmək damarım tutmuşdu deyə atmacamı atdım:

    – Öz başını eşşək sürüsünə bağlamısan, məni də yanına həmtay aparırsan?

    – Yox, canınçün, düz sözümdür, qoy yanına gəlsin, bir az söhbət elə, sonra fikrini deyərsən.

    Əlimə yaxşı girəvə düşmüşdü, fürsəti qaçırsaydım, Mirzə olmazdım ki, “Gəlsin” dedim.

    İki saatdan sonra yanıma cılız, günəşin altında yanan, amma gözlərindən cin yağan, kömür kimi bir qarabala gənc gəldi.

    Bilmirəm bu millətə nə olub (getdikcə cırlaşır. Mənim boyum bir səksəndir, amma mən atalarımızın yanında cırtdan sayılırdım. Köhnə kişilər hər mənada nəhəng idilər. İndi mən bunların yanında nəhəng görünürəm. Hamısı elə bil standart doğulur- bir əllidən bir altmış beşə qədər. Bunların geni nədən dəyişir, qoy baş doxtorumuz və ərzaq təhlükəsizliyinə cavabdeh olan kişi açıqlasın.

    Əlqərəz, bu gəncə yer göstərib soruşdum:

    Oxuduğun bir şey varmı, yaxud dil bilirsənmi? İndi dil bilmək çox vacibdir. Bunsuz karyera qurmaq mümkün deyil. (Elə danışıram ki, elə bil fəlsəfə elmləri namizədi ilə söhbət eləyirəm)
    Bu vələdizna irişə-irişə, özü də parıldayan gözlərini məndən çəkmədən nə desə yaxşıdır?

    Müəllim, düz on dörd ildir eşşək otarıram. İndi iyirmi dörd yaşım var. Heç əsgərlikdə də olmamışam. Atam o zaman nazirliyə dörd-beş eşşək verdi, adımı hərbiyyə yazdılar, özümsə eşşək otarırdım. Hərbidə eşşəklər çox qiymətlidir Bilirsən də? Qaldı dilə, eşşək dilindən başqa heç bir dil bilmirəm.
    Bahoo, işə düşmədik! Düşündüm bunun dalınca deyəcək ki, atam instituta da beş-on eşşək verib diplom alar. İnsafən demədi.

    Yaxşı, bir halda ki, eşşəklərin dilini bilirsən, o zaman sənə elə onlardan bir neçə sual verəcəm, görüm qabiliyyətin nəyə çatır.
    Gədə qulaqlarını şəkləyib sualı gözlədi.

    De görüm, iki eşşəyin arpasını bölə bilərsənmi?
    Bundan asan nə var ki, müəllim? – Pəncəyinin cibindən on kiloluq əl tərəzisi çıxartdı. – Bununla elə bölürəm ki, bir artıq arpa o birisinə keçmir. Atam da, mən də razı, o iki eşşək bizdən daha çox razı.
    Ürəyimdə “bərəkallah” deyib ikinci sualı verdim:

    Yaxşı, “get anqır tayını tap” nə deməkdir?
    Gədənin qara üzünə işıq gəldi:

    Anqırmaq daha çox erkək eşşəklərdə olur. Dişi eşşəklə cütləşmək istəyəndə… müəllim, göstərim? Mən elə anqıra bilirəm. – Az qaldı əlini qulağının dibinə atsın.
    Adə, bizi biabır eləmə! Saxla görək! Bura çöllük deyil. Onu güclə sakitləşdirdim.
    Allah, bu cılız qarabalanın içində nələr varmış? Eşşək haqqında nələr bilirmiş… Daha çox danışmağa qoymadım, soruşdum:

    A bala, səndəki bu keyfiyyətlər var, daha oxumağı neynirsən, elə atanın eşşək işini davam etdir də.
    Sıxılaraq cavab verdi:

    Müəllim, eşşəklərin bir gözəl işi də var. Girdiyi palçığa ikinci dəfə öldür, girməzlər. İndi mən oxumaqla o qoduqluqdan çıxmaq istəyirəm.
    İstədim deyəm ki, a bala, Quran oxumaqla donuzu samanlıqdan çıxartmaq olmaz. Gərəkdir ki, onu kötəkləyib çıxarasan, elə eşşəyi çırpdığın kimi. Daha heç nə demədim. Bu eşşəyi birtəhər yola saldım.

    Səhərisi gün dostum mənə telefon açdı:

    -Nətəhərdi, bir işə yarayar?

    Deyəsən mən də eşşək dilini əxz etməyə başlamışdım:

    Get anqır, tayını tap, eşşək otaran!
    Telefonda onun yalnız qəhqəhəsini eşitdim…

    27. 06. 19

    Mənbə: http://olaylar.az